1 Atropatena dövlətinin qonşu dövlətlərlə münasibəti
2. Atropatenanın təsərrüfatı və mədəniyyəti Bu ərazidə iqtisadi və mədəni cəhətdən geridə qalmış tayfalarla yanaşı, yüksək sənətkarlıq mədəniyyətinə, şəhərlərə, ticarət mərkəzlərinə, maarif ocaqlarına malik olan tayfalar da yaşamışdır. İstər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropat sülaləsinin fəaliyyəti zamanı bu ərazi iqtisadi-ictimai və mədəni həyatın inkişafı nöqteyi-nəzərdən qonşu ölkələrdən xeyli öndə idi. Bu göstərdiyimiz iqtisadi-ictimai inkişafı yazılı mənbələr, habelə, Ərdəbil, Maku, Təxt-e Süleyman və Xəzər dənizinin cənub və qərb rayonlarında aparılmış arxeoloji qazıntıların nəticələri də təsdiq edir.
Atropatena ərazisi hələ qədimdən faydalı metalların bolluğu ilə şöhrət tapmışdı. Bu ərazidə qızıl, gümüş, mis və dəmir mədənləri mövcud olmuşdur. Urmu gölündən əldə edilmiş duz qonşu ölkələrə də ixrac edilirdi. Atropatena ərazisində zeytundan hazırlanmış məhsul, ipək və yun parçalar, xüsusən, atçılıq olduqca inkişaf etmişdir. I Atropatenada müstəqil dövlətin yaranması ölkənin təsərrüfatının canlanmasına, məhsuldar qüvvələrin, həmçinin, ticarət və sənətkarlığın inkişafına olduqca müsbət təsir göstərmişdir. Bir sıra mənbələrdə göstərildiyi kimi, qədim dövrlərdə bu ərazidə məbəd təsərrüfatı inkişaf etmişdi. Ən məhsuldar torpaqlar Zərdüşti kahinlərin əlində idi. Atropatena ərazisində quldarlıq quruluşu inkişaf səviyyəsinə görə, hələ Atropatena dövlətinin təşkilindən əvvəl qonşu əyalətlərdən irəlidə idi. Ölkənin iqtisadi-ictimai inkişafı ilə bilavasitə əlaqədar olaraq, orada yeni-yeni şəhərlər salınırdı.
Strabonun göstərdiyinə görə, Atropatena hakimlərinin Qazaka və Verra adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada bu sülalənin yay, Verrada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində hələ Midiya dövləti dövründən daha əvvəl müqəddəs sayılan Şərqin ən mühüm atəşpərəstlik məbədlərindən biri mövcud idi.
Atropatena qonşu Zaqafqaziya xalqları, Şimali Qafqaz, Volqaboyu xalqları, Qara dəniz sahili, Kiçik Asiya ölkələri, Mesopotamiya, İran, Hindistan və s. yerlərdə ticarət əlaqələri saxlayırdı. Atropatena dövlətinin möhkəmlənməsi və inkişafı ellinizm dövrünə aiddir. Bu dövrdə ayrı-ayrı ölkələr arasında iqtisadi və ticarət əlaqələri daha da canlanırdı.
Şərq ölkələrində müxtəlif yunan təsisatları, yunan dili, elmi, təhsili, ədəbiyyat və incəsənəti geniş yayılmışdı. Bunu, Avromanda (İran Kürdüstanı) aşkar edilmiş yunan dilindəki sənədlər də sübut edir. Bu sənədlər yunan hüquq normalarının Atropatenada da işlədildiyini göstərir.
III əsrin əvvəllərində İranda hakimiyyəti Sasanilər ələ keçirdilər. Sasanilərin dövründə Atropatena siyasi müstəqilliyini tamamilə itirib İran şahənşahının dastakertinə çevrildi. Lakin Sasanilər dövründə Atropatenanın mədəni və dini mərkəz kimi rolu daha da gücləndi.
Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və möhkəmlənməsi dövrü idi. V əsrin son rübündə başlanmış Məzdəkilər hərəkatı Atropatenanın, eləcə də, bütün İranın daxili həyatında ən mühüm hadisə oldu. IV-VI əsrlərdə Atropatena ərazisi dəfələrlə köçərilərin basqınlarına məruz qaldı və müharibə meydanına çevrildi. VII əsrdə Atropatena ərəblər tərəfindən işğal edildi.
Atropatenada müstəqil dövlətin meydana gəlməsi və onunla bağlı olan hadisələrin həmin ərazinin tarixi taleyində böyük rolu olmuşdur. Təkcə Azərbaycanın deyil, hətta Asiyanın xeyli hissəsinin qədim dövr və erkən orta əsrlər tarixinə Atropatenanın təsiri şəksizdir. Məhz Atropatena dövründə "Azərbaycan" məfhumunun formalaşmasının, habelə, onunla əlaqədar olan digər hadisələrin başlanğıcı qoyulmuşdur. Burada ilk dəfə xalq təşəkkül tapmışdır.
Atropatenada dövrün ən görkəmli atəşgədələrindən biri olan Azərgəşəsp atəşgədəsinin mövcud olması və Sasani şahlarının Mədaindən buraya piyada gəlib müqəddəs odu ziyarət etmələri, sonra tac qoymaları bu diyarın hörmət və nüfuzunu bir daha artırmışdı.
Digər tərəfdən müqəddəs dini külliyyat olan "Avesta"nın Atropatena kahinləri tərəfindən toplanıb külliyyat halına salınması təkcə Atropatena deyil, bütün İranda bu ərazinin mənəvi mərkəz olmasına canlı sübutdur. Bu ərazi hələ parfiyalılardan əvvəl və onların dövründə dini və mədəni mərkəz olmuşdur.
Sasanilərin hakimiyyəti dövrünə gəldikdə, bu dini mərkəz Zərdüştiliyin ibadətgahına çevrilmişdir. Ərəb işğallarından sonra Zərdüştilər "gəbr" adlandırılaraq təqib edilmiş, atəşgədələr isə məscidə çevrilmişdir.
İ.Əliyevin redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında göstərilir ki, beləliklə, faktiki olaraq, Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan ərazisinin xeyli hissəsi (bəlkə də hamısı) Atropata tabe olmuşdur. Mada satraplığına daxil olmuş digər vilayətlər də (Böyük və ya Aşağı Mada, bəzi digər torpaqlar) ona tabe idi. Güman etməyə əsas vardır ki, Mada satraplığı hakimlərinin siyasi varisi kimi ənənəyə görə, Atropat, hətta Cənubi Qafqazın qərb hissəsinin bəzi ərazilərinə, xüsusilə, tarixi Gürcüstan vilayətlərinə (güman edildiyi kimi, hələ Mada çarlarının hakimiyyəti bu vilayətlərə də yayılmışdı) də sahiblik edirdi.
Fars imperiyasının dağılmasından sonrakı dövrün əvvəlində Aleksandrın Atropatla münasibətlərinin xarakteri haqqında bizə heç nə məlum deyildir. Güman etmək olar ki, bu münasibətlər öncə düşmənçilik xarakteri daşımışdır. Atropat Aleksandrın hüzuruna gəlməmişdi. Aleksandr isə onu vəzifəsindən kənar etdi. Atropatın yerinə Oksodat adlı şəxsi təyin etdi. Əvvəlcə Atropatın, hətta Aleksandr ilə mübarizəyə girişmək fikrində olduğunu da güman etmək olar. Strabonun məlumatında buna işarə vardır. O deyir ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın - red.)... makedoniyalılara tabe olmasına yol vermədi".
Lakin tezliklə Atropata makedoniyalılarla sabit münasibətlər yaratmaq müyəssər oldu. Er. əv. 328-ci ildə Atropat Mada satrapı vəzifəsinə bərpa edildi. Lakin əməli olaraq, Atropatın hakimiyyəti yalnız Kiçik Madaya (Cənubi Qafqazın ondan asılı olan vilayətləri ilə) yayılırdı, çünki Aşağı (Böyük) Madada o dövrdə yunan makedoniyalılar ağalıq edirdilər.
Atropat görkəmli dövlət xadimi idi. İstedadlı insan, mahir siyasətçi və uzaqgörən diplomat olan Atropat Aleksandrla hərbi mübarizənin əbəs olduğunu yaxşı başa düşürdü. Buna görə də, o, müdrikcəsinə danışıqlar və yunan-makedoniyalılarla yaxınlaşma yolunu seçdi. Şərqin yeni hökmdarının müxtəlif tədbirlərində iştirak etməyə başladı. Atropat müxtəlif vasitələrlə qəsbkarları Atropatena ərazisinə "buraxmadı".
Z.Bünyadovun fikrincə, Polibi buradaca qeyd edir ki, bu padşahlıq hələ farsların (Əhəmənilərin) dövründən mövcuddur, lakin İsgəndər onu nəzərdən qaçırmışdı. Bu məlumatdan bir neçə nəticə çıxarmaq olar: 1) Adərbayqan dövləti hələ Əhəmənilər dövründə öz varlığını saxlayırdı və İsgəndər bu əraziyə laqeyd yanaşmışdı; 2) Bu ərazi Midiya anlayışına daxil deyildi və Atropatena da adlanmırdı; 3) Ərazinin dəqiq adı işlək olmadığından, onu "Artabazanın vilayəti" adlandırırdılar. Əslində, Midiya satrapı olmuş Atropatın burada hökmdar olmasına heç bir işarə yoxdur; 4) Adərbayqanın hakimiyyəti Xəzər dənizindən tutmuş Qara dənizə qədər çatırdı, lakin bu haqda başqa məlumat qalmamışdır; 5) Adərbayqan əhalisi döyüşkən və cəsur olmuşdur. Artabazanın hakimiyyəti illərində çox güman ki, Adərbayqanın tərkibinə sonrakı Şərqi Ermənistan və Şərqi Gürcüstanın ərazisi də daxil imiş.