1 Beynəlxalq iqtisadi hüquq anlayışı 2 Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 5.01 Kb.

səhifə1/29
tarix16.06.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

 
 
Mövzu 1. Beynəlxalq iqtisadi hüququn anlayışı, predmeti və sistemi 
 
 
1.1.Beynəlxalq iqtisadi hüquq anlayışı 
1.2 Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti 
1.3  Beynəlxalq iqtisadi hüquq beynəlxaq hüququn sahəsi kimi 
1.4.  Beynəlxalq iqtisadi hüququn sistemi 
1.5. Beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi 
 
 
 
1.1.Beynəlxalq iqtisadi hüquq anlayışı 
XX  əsrin  ortalarından  başlayaraq,  beynəlxalq  hüquq  doktrinasında
  (elmində) 
«beynəlxalq  iqtisadi  hüquq»  terminindən  istifadə  olunması  geniş
  xarakter  almışdır. 
Bu termin həm də beynəlxalq hüquqi sənədlərdə işlədilir. 
Bəs,  beynəlxalq  iqtisadi  hüquq  dedikdə,  biz,  nə  başa  düşürük?
  Beynəlxalq 
iqtisadi  hüquq  (BİH)  müxtəlif  variantlarda  işləndiyinə  görə
  çoxcəhətli  anlayışdır. 
Belə ki, o, aşağıda göstərilən dörd əsas mənada işlədilir: 
-elm mənasında; 
-tədris kursu mənasında; 
-beynəlxalq iqtisadi qanunvericilik mənasında; 
-obyektiv mənada.
 
Elm  mənasında beynəlxalq  iqtisadi  hüquq dedikdə beynəlxalq  iqtisadi  hüquqa 
aid  olan  məsələlər  (beynəlxalq  iqtisadi  hüququn  subyektləri,  beynəlxalq  iqtisadi 
münasibətlər  və  digər  məsələlər)  barədə  fikirlərin,  ideyaların,  nəzəriyyələrin, 

konsepsiyaların  və  s.  mülahizələrin  məcmusu  başa  düşülür.  Elm  mənasında  o, 
beynəlxalq  iqtisadi  hüquq  elmi  adlanır.  Beynəlxalq  iqtisadi  hüquq  elmi  BİH-ə  aid 
olan  məsələləri  tədqiq  edir,  öyrənir.  Dərsliyin  bu  fəslinin  növbəti  paraqraflarının 
birində beynəlxalq iqtisadi hüquq elmi barədə ətraflı söhbət açılacaqdır. 
Tədris kursu mənasında beynəlxalq iqtisadi hüquq dedikdə tələbələrə və oxucu 
auditoriyasına BİH barədə biliklər və sistemləşdirilmiş informasiya verən tədris fənni 
başa düşülür; bu  mənada ona beynəlxalq  iqtisadi hüquq tədris  fənni deyilir. Növbəti 
paraqrafların birində beynəlxalq iqtisadi hüquq tədris fənni barədə söhbət gedəcəkdir. 
Ona  görə  də  sözü  gedən  məsələ  haqqında  qabaqcadan  danışmağı  zəruri  hesab 
etmirik. 
Beynəlxalq  iqtisadi  qanunvericilik  mənasında  beynəlxalq  iqtisadi  hüquq 
dedikdə beynəlxalq  iqtisadi  münasibətləri tənzimləyən beynəlxalq  hüquqi sənədlərin 
–  beynəlxalq  müqavilələrin  məcmusu  başa  düşülür.  Ticarət  müqavilələri,  mal 
dövriyyəsi və ödənişlər, iqtisadi və elmi əməkdaşlıq, kredit, vergi və digər məsələlər 
haqqında beynəlxalq sazişlər beynəlxalq iqtisadi qanunvericiliyə daxildir. 
Obyektiv  mənada  beynəlxalq  iqtisadi  hüquq  dedikdə,  bir  qayda  olaraq, 
beynəlxalq  iqtisadi  münasibətləri  tənzimləyən  hüquq  normalarının  sistemi  başa 
düşülür;  onlara  beynəlxalq  iqtisadi  hüquq  normaları  deyilir.  Buna  görə  də  obyektiv 
mənada beynəlxalq iqtisadi hüquq müvafiq beynəlxalq iqtisadi hüquq normalarından 
ibarətdir;  bu  normaların  əsas  təyinatı  və  başlıca  funksiyası  beynəlxalq  iqtisadi 
münasibətləri tənzimləməkdir. 
Beynəlxalq  iqtisadi  hüquq  dedikdə  dövlətlərarası  beynəlxalq  iqtisadi 
münasibətləri nizama salan hüquq normalarının sistemi başa düşülür. 
 
1.2.Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti 
Hüquq sisteminin hər bir tərkib hissəsinin özünəməxsus nizamasalma predmeti 
vardır.  Bu  sözləri  eynilə  BİH  barədə  də  söyləmək  olar.  Belə  ki,  BİH  özünəxas 
nizamasalma  predmetinə  malikdir;  onun  nizamasalma  predmeti  belə  bir  suala  cavab 
verir: beynəlxalq  iqtisadi  hüquq  nəyi  –  hansı  növ  ictimai  münasibətləri tənzimləyir? 
Qeyd  etməliyik  ki,  BİH  vasitəsi  ilə  hansı  ictimai  münasibətlər  tənzimlənirsə,  o 
münasibətlər  də  məhz  onun  nizamasalma  predmetini  təşkil  edir.  Bu  münasibətləri 
müəyyənləşdirmək  üçün,  ilk  növbədə,  «beynəlxalq  münasibətlər»  anlayışı  ilə  tanış 
olmaq,  onun  mahiyyətinə  aydınlıq  gətirmək  lazımdır.  «Beynəlxalq  iqtisadi  hüquq» 
anlayışında «beynəlxalq» ifadəsinin işlədilməsi də onu göstərir ki, beynəlxalq iqtisadi 

hüququn əsas «işi»  məhz beynəlxalq  münasibətlərdir.  Lakin o, şübhəsiz, beynəlxalq 
münasibətlərin bütün spektrini tənzimləmək iqtidarında deyildir. Məsələ burasındadır 
ki,  beynəlxalq  münasibətlər  kifayət  dərəcədə  geniş  anlayış  olub,  özündə  subyekt 
baxımından  həm  beynəlxalq  dövlətlərarası  münasibətləri,  həm  də  beynəlxalq  qeyri-
dövlətlərarası münasibətləri birləşdirir. 
Beynəlxalq münasibətlər dedikdə dövlətlərin sərhədlərindən kənara çıxanbütün 
ictimai  münasibətlər  başa  düşülür.  Həmin  münasibətlər  müxtəlif  sahələrdə  (siyasi, 
hərbi,  mədəni,  elmi  və  digər  sferalarda)  əmələ  gələ  bilər.  Əgər  beynəlxalq 
münasibətlər  siyasi  sahədə  əmələ  gələrsə,  onlara  beynəlxalq  siyasi  münasibətlər, 
hərbi  sferada  yaranarsa  –  beynəlxalq  hərbi  münasibətlər  və  s.  deyilir.  Beynəlxalq 
münasibətlərin  xarici  əlaqələr,  humanitar,  beynəlxalq  təhlükəsizlik,  dəniz,  kosmos, 
hava,  beynəlxalq  cinayətkarlıq,  ətraf  mühit  və  digər  sahələrdə  də  yaranması 
mümkündür.  Beynəlxalq  münasibətlər  həm  də  iqtisadi  sahədə  əmələ  gələ  bilər  ki, 
onlara  beynəlxalq  iqtisadi  münasibətlər  deyilir;  məhz  bu  münasibətlər  BİH  ilə 
tənzimlənərək  onun  nizamasalma  predmetinə  daxildir.  Bu  isə,  öz  növbəsində,  bizə 
belə  bir  fikir  söyləməyə  əsas  verir  ki,  beynəlxalq  iqtisadi  hüququn  nizamasalma 
predmetini beynəlxalq iqtisadi  münasibətlər təşkil edir. Lakin söylədiyimiz bu fikrin 
daha  konkret  və  dəqiq  formulə  edilməsinə  ehtiyac  vardır.  Məsələ  burasındadır  ki, 
geniş  anlayış  olan  beynəlxalq  iqtisadi  münasibətlərin  hamısı  BİH  vasitəsi  ilə 
tənzimlənmir və onun nizamasalma predmetinə daxil olmur; buna görə də beynəlxalq 
iqtisadi  münasibətlərin  müəyyən  sahəsi  BİH-in  nizamasalma  predmetindən  kənarda 
qalır.
 
Beynəlxalq  iqtisadi  münasibətlər  dedikdə  aryı-ayrı  ölkələrin  milli 
iqtisadiyyatları  (təsərrüfatları)  və  təsərrüfat  subyektləri  arasında  yaranan  təsərrüfat 
əlaqədəri başa düşülür. 
Beynəlxalq  iqtisadi  münasibətlər  öz  məzmununa  görə  son  dərəcə  müxtəlifdir. 
Belə  ki,  həmin  münasibətlər  ticarət,  maliyyə-kredit,  valyuta,  investisiya,  nəqliyyat, 
əqli mülkiyyət və beynəlxalq iqtisadi əməkdaşlığın digərsahələrində yarana bilər. Bu 
baxımdan, yəni məzmununa görə beynəlxalq iqtisadi münasibətləri aşağıdakı növlərə 
(qruplara) bölmək olar: 
-beynəlxalq ticarət münasibətləri; 
-beynəlxalq investisiya münasibətləri; 
-beynəlxalq nəqliyyat münasibətləri; 
-beynəlxalq maliyyə-kredit münasibətləri; 
-beynəlxalq valyuta münasibətləri; 

-beynəlxalq əqli mülkiyyət münasibətləri və s. 
Göstərilən  beynəlxalq  iqtisadi  münasibətlər  qrupu  məcmu  halında  birləşərək 
BİH-in  nizamasalma  predmetini  təşkil  edir.  Elə  buradaca,  dərhal  qeyd  etməliyik  ki, 
həmin  münasibətlər  yalnız  dövlətlər  və  beynəlxalq  hüququn  digər  subyektləri 
arasında  yarandığı  hallarda  beynəlxalq  iqtisadi  hüququn  nizamasalma  predmetinə 
daxil  olur.  Belə  ki,  beynəlxalq  iqtisadi  münasibətlərdə  öz  hüquqi  statusuna  və 
xarakterinə  görə  müxtəlif  subyektlər  iştirak  edirlər;  subyekt  tərkibindən  asılı  olaraq, 
həmin  münasibətləri  ənənəvi  şəkildə  iki  növ  (qrup)  halında  fərqləndirmək 
mümkündür: 
-dövlətlərarası beynəlxalq iqtisadi münasibətlər; 
-qeyri-dövlətlararası beynəlxalq iqtisadi münasibətlər. 
Dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətlər  dedikdə  dövlətlər  arasında, 
habelə  dövlətlərlə  hökumətlərarası  beynəlxalq  təşkilatlar  arasında,  eləcə  də  belə 
təşkilatların  öz  aralarında  beynəlxalq  iqtisadi  əməkdaşlığın  ayrı-  ayrı  sahələrində 
(ticarət,  investisiya,  nəqliyyat,  maliyyə-kredit,  valyuta  və  digər  sahələrdə)  yaranan 
hakimiyyət  xarakterli  münasibətlər  başa  düşülür;  bu  münasibətlərin  əsas  və  başlıca 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  onlar  hakimiyyətlərarası,  hakimiyyət  xarakterli 
münasibətlərdir.1  Ona  görə  ki,  belə  münasibətlər,  bir  qayda  olaraq,  adətən, 
hakimiyyət subyekti olan suveren dövlətlər arasında əmələ gəlir. Dövlət – hakimiyyət 
səlahiyyətinə  malik  olansiyasi  təşkilatdır;  o,  hakimiyyət  funksiyasını  yerinə  yetirir. 
Məhz  bu  səbəbdən  dövlətlər  arasında  yaranan  istənilən  münasibət  hakimiyyət 
xarakteri daşıyır. 
Hökumətlərarası  beynəlxalq  təşkilatlara  gəldikdə,  qeyd  etməliyik  ki,  belə 
təşkilatların  üzvləri,  əsasən  və  başlıca  olaraq,  dövlətlərdən  ibarət  olur.  Üzv  olmaqla 
dövlətlər  öz  suveren  hakimiyyət  səlahiyyətlərinin  bir  qismini  həmin  təşkilatlara 
verirlər. Buna  görə də  hökumətlərarası beynəlxalq təşkilatların öz aralarında,  habelə 
onlarla dövlətlər arasında yaranan hər hansı münasibət hakimiyyət xarakterinə malik 
olur. 
Digər  tərəfdən,  hər  bir  hökumətlərarası  beynəlxalq  təşkilat  dövlətlərin  birlik 
formasıdır.  Buna  görə  də  bu  kimi  təşkilatların  iştirak  etdikləri  münasibətlər  (bu 
təşkilatların  öz  aralarında,  habelə  onlarla  dövlətlər  arasında  yaranan  münasibətlər), 
mahiyyətcə, dövlətlərarası münasibətlərdir. 
Dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərin özü üç növə (qrupa) ayrılır: 

-dövlətlərin öz aralarında yaranan beynəlxalq iqtisadi münasibətlər; 
-dövlətlərlə hökumətlərarası beynəlxalq təşkilatlar arasında yaranan beynəlxalq 
iqtisadi münasibətlər; 
-hökumətlərarası  beynəlxalq  təşkilatların  öz  aralarında  yaranan  beynəlxalq 
iqtisadi münasibətlər. 
Dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətlər  beynəlxalq  iqtisadi  hüquqla 
tənzimlənir.  Buna  görə  də  onun  nizamasalma  predmeti  yalnız  dövlətlərarası 
beynəlxalq iqtisadi münasibətlərdən ibarətdir.  
Qeyri-dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətlərə  gəldikdə  isə,  qeyd 
etməliyik  ki,  bu  münasibətlər  BİH  vasitəsi  ilə  tənzimlənmir  və  buna  görə  də  onun 
nizamasalma predmetinə daxil olmur; onlara beynəlxalq mülkimünasibətlər də deyilir 
ki, həmin münasibətlər qeyri-hakimiyyət xarakteri daşıyır. 
Beynəlxalq  mülki  münasibətlər  dedikdə  ayrı-ayrı  ölkələrin  fiziki  və  hüquqi 
şəxsləri,  habelə  onlarla  xarici  dövlət  və  beynəlxalq  təşkilatlar  arasında  yaranan 
münasibətlər  başa  düşülür;  bu  münasibətlər  beynəlxalq  mülki  (xüsusi)  hüquqla 
tənzimləndiyindən  onun  nizamasalma  predmetinə  daxil  olur.  Bəzi  Qərb  müəllifləri 
BİH-in  nizamasalma  predmetini  genişləndirərək  beynəlxalq  mülki  münasibətləri  də 
(məsələn,  ayrı-ayrı  ölkələrin  şəxsləri  arasında  beynəlxalq  alqı-satqı  münasibətlərini 
və s.) buraya daxil edirlər və bununla onlar beynəlxalq iqtisadi hüququ geniş mənada 
işlədirlər. Məsələyə bu cür yanaşma ilə, çətin ki, razılaşmaq olar. 
Beləliklə,  beynəlxalq  iqtisadi  hüquq  dedikdə  dövlətlərarası  beynəlxalq 
iqtisadi  münasibətləri  tənzimləyən  hüquq  normalarının  sistemi  və  məcmusu 
başa düşülür. 
 
 
1.3  Beynəlxalq iqtisadi hüquq beynəlxaq hüququn sahəsi kimi 
Beynəlxalq  iqtisadi  hüquq,  qeyd  etməliyik  ki,  hüquq  sisteminin  tərkib 
hissəsidir.  Təbii  ki,  burada  belə  bir  sual  yaranır:  beynəlxalq  iqtisadi  hüquq  tərkib 
hissəsi  kimi  hüquq  sistemində  hansı  statusa  malikdir?  Bu  suala  cavab  verməmişdən 
əvvəl aydınlaşdırmalıyıq ki, o, hansı hüquq sisteminə aiddir. 

Bildiyimiz  kimi,  müasir  dünyada  hüququn  iki  sistem  növü  mövcuddur  ki, 
bunlardan  biri  milli  hüquq,  digəri  isə  beynəlxalq  hüquq  sistemi  adlanır 
(A.P.Movçan). 
Milli  hüquq  sistemi  (və  ya  sadəcə  olaraq,  milli  hüquq)  dedikdə  ayrı-ayrı 
dövlətlərin  daxili  hüquq  sistemi  başa  düşülür.  Yer  Kürəsində,  başqa  sözlə,  planetdə 
sayca nə qədər dövlət mövcuddursa, bir o qədər də milli (dövlətdaxili) hüquq sistemi 
vardır.  Bu,  aydın  məsələdir.  Belə  ki,  hər  bir  dövlət  öz  daxili  hüquq  sisteminə 
malikdir.  Hal-hazırda  dünya  dövlətlərinin  sayı  200-ə  yaxındır  (qeyd  etməliyik  ki, 
bəzi proqnozlara  görə, bir  neçə onillikdən  sonra planetimizdə  dövlətlərin sayı 300-ə 
çatacaqdır).  Buna  uyğun  olaraq,  Yer  Kürəsində  200-ə  yaxın  milli  hüquq  sistemi 
mövcuddur.  Məsələn,  Almaniyanın  milli  hüququ,  Fransanın  milli  hüququ, 
Azərbaycan Respublikasının milli hüququ və s. 
Beynəlxalq  hüquq  sisteminə  (və  ya  sadəcə  olaraq,  beynəlxalq  hüquqa,  yaxud 
beynəlxalq  ümumi  hüquqa)  gəldikdə  isə,  qeyd  etməliyik  ki,  o,  milli  hüquq 
sistemindən  (milli  hüquqdan)  fərqli  olaraq,  dövlətdaxili  deyil,  dövlətlərarası  hüquq 
sistemidir. Buna görə də bütün dünya dövlətlərinin hamısı üçün ümumi və vahid olan 
bir  hüquq sistemi  mövcuddur ki,  ona beynəlxalq  hüquq deyilir. Odur ki, beynəlxalq 
hüquq  universal  dövlətlərarası  hüquq  sistemihesab  olunur.  Bu  səbəbdən  heç  bir 
dövlət öz beynəlxalq hüquq sisteminə malik deyil və buna görə də ayrı-ayrı ölkələrin 
(məsələn, Almaniyanın, Fransanın, Azərbaycanın və s.) beynəlxalq hüququ haqqında 
danışmaq məntiqsizlik olardı.  
Beynəlxalq iqtisadi hüququn milli və beynəlxalq hüquq sistemlərindən hansına 
aid edilməsi məsələsinə gəldikdə isə, qeyd etməlyik ki, obyektiv olaraq mövcud olan 
dövlətlərarası  münasibətlər  beynəlxalq  hüquqla  tənzimlənir;  bu  münasibətləri 
tənzimləmək beynəlxalq hüququn başlıca funksiyası sayılır.3 
BİH-in  nizamasalma  predmetinə  daxil  olan  dövlətlərarası  beynəlxalq  iqtisadi 
münasibətlər  isə  dövlətlərarası  beynəlxalq  münasibətlərin  bir  hissəsini  təşkil  edir. 
Müəlliflərdən Q.İ.Tunkin düzgün olaraq yazır ki, dövlətlər arasındakı ticarət və digər 
iqtisadi  münasibətlər  beynəlxalq  hüquq  normaları  ilə  tənzimlənir  və  bu  normaların 
həcminin  genişlənməsi, öz növbəsində, beynəlxalq  iqtisadi  hüququn  formalaşmasına 
gətirib  çıxarır.4  Buna  görə  beynəlxalq  iqtisadi  hüquq  özünə  milli  hüquq  sistemində 
deyil, beynəlxalq hüquq sistemində yer tapmalıdır. Həm də ona görə ki, dövlətdaxili 
hüquq  olan  milli  hüquq  dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətləri 
tənzimləməyə  qadir  deyildir;  bu  münasibətləri  yalnız  universal  dövlətlərarası  hüquq 
sistemi  olan  beynəlxalq  hüquq  nizamlamaq  iqtidarındadır.  Buna  görə  də  BİH 

beynəlxalq  hüquq  sisteminə  daxildir.  Hüquq  sistemində,  istər  beynəlxalq  hüquq 
sistemi  olsun,  istərsə  də  milli  hüquq  sistemi,  fərqi  yoxdur,  bu  və  ya  digər  hüquqi 
hissənin hüquq sahəsi kimi tanınması üçün həmin hissə dörd şərtə cavab verməlidir; 
əgər  o,  bu  şərtlərə  cavab  verərsə,  hüquq  sistemində  hüquqi  sahə  kimi  «status»  əldə 
edir. 
Birinci şərt ondan ibarətdir ki, hüquq sahəsinin özünün ayrıca olaraq, müstəqil 
nizamasalma  (tənzimetmə)  predmeti  olmalıdır.  Bu,  beynəlxalq  hüququ  ayrı-ayrı 
sahələrə  bölmək  üçün  nəzərə  alınan  əsas  və  başlıca  şərtdir.  Təsadüfi  deyil  ki, 
beynəlxalq  hüquq  döktrinası  (elmi)  həmin  şərti  həlledici  meyar  hesab  edir. 
Beynəlxalq iqtisadi hüquq göstərilən şərtə cavab verir. Belə ki, onun ayrıca olaraq, öz 
nizamasalma  predmeti  vardır.  Bir  az  əvvəldə  bu  məsələyə  ətraflı  şəkildə  aydınlıq 
gətirildiyi üçün yenidən həmin məsələyə toxunmağı lazım bilmirik. 
İkinci  şərtə  görə,  hüquq  sahəsinin  özünün  ayrıca,  yəni  özünəxas  hüquqi 
tənzimetmə metodu olmalıdır; bu şərt həlledici olmasa da, hüquq sisteminin ayrı-ayrı 
hüquq  sahələrinə  bölünməsinin  əsas  meyarlarından  və  əlamətlərindən  biridir.  Məhz 
həmin  şərtə  cavab  verdiyinə  görə  beynəlxalq  iqtisadi  hüquq  beynəlxalq  hüququn 
sisteminə  müstəqil  hüquq  sahəsi  kimi  daxil  olur.  Beynəlxalq  iqtisadi  hüququn 
tənzimetmə  metodunun  bir  neçə  xüsusiyyəti  mövcuddur.  Birinci  xüsusiyyət 
beynəlxalq  iqtisadi  münasibət  iştirakçılarının  hüquqi  vəziyyəti  ilə  bağlıdır.  Belə  ki, 
beynəlxalq  iqtisadihüquqla  tənzimlənən  ictimai  münasibətlərin  iştirakçıları  hökmən 
və  mütləq  beynəlxalq  hüquq  subyektliyinə  malik  olmalıdır.    İkinci,  beynəlxalq 
iqtisadi  münasibətlərin  iştirakçıları bu  münasibətləri rəsmiləşdirmək  üçün, əsasən və 
başlıca 
olaraq, 
beynəlxalq 
müqavilədən 
(kredit 
sazişlərindən, 
ticarət 
müqavilələrindən,  investisiya  sazişlərindən  və  s.)  istifadə  edirlər;  bu  müqavilələr 
onlar  üçün  iqtisadi  hüquq  və  vəzifələr  müəyyənləşdirir.  Beynəlxalq  iqtisadi 
münasibətin  iştirakçıları  iqtisadi sahədə beynəlxalq  müqavilə bağlamaqda sərbəst  və 
müstəqildirlər.  Bu  isə  onu  ifadə  edir  ki,  onlara  beynəlxalq  hüquq  çərçivəsində  iradə 
sərbəstliyi  verilmişdir.  Üçüncü,  beynəlxalq  hüquq  münasibəti  iştirakçılarının 
pozulmuş  hüquqları  müdafiə  edilir.  Belə  ki,  beynəlxalq  iqtisadi  münasibət 
iştirakçıları  arasında  yaranan  beynəlxalq  iqtisadi  mübahisələr  dinc  yolla  həll  edilir. 
Əgər  iqtisadi  hüquqların  pozulması  nəticəsində  zərər  vurularsa,  hüquq  pozuntusu 
törədən tərəf həmin zərərin əvəzini ödəməlidir. 
Üçüncü  şərtə  görə,  hüquq  sahəsinin  özünəməxsus  sahəvi  prinsipləri  olmalıdır 
ki, onlara xüsusi prinsiplər deyilir. BİH-in bir neçə belə, yəni xüsusi (sahəvi) prinsipi 
vardır; bu prinsiplər barədə bir az sonra danışacağıq. 

Dördüncü  şərtə  görə,  hüquq  sahəsinin  «ümumi  hissəsi»  olmalıdır;  «ümumi 
hissə»də  ümumi  müddəalar  formulə  edilir  ki,  həmin  müddəalar  konkret  növ  ictimai 
münasibətlərə  tətbiq  olunmaq  xüsusiyyətinə  malikdir.  BİH-də  «ümumi  hissə» 
mövcuddur  ki,  onun  barəsində  dərsliyin  bu  fəslinin  növbəti  paraqraflarının  birində 
söhbət açılacaqdır. 
Beynəlxalq iqtisadi hüquq göstərilən dörd şərtə cavab verdiyi üçün beynəlxalq 
hüququn sisteminə müstəqil hüquq sahəsi kimi daxil olur. 
Beynəlxalq  hüquq  isə,  öz  sisteminə  görə,  iki  hissədən  ibarətdir:  ümumi  hissə, 
xüsusi hissə. Bu cür bölgü beynəlxalq hüquq doktrinasında (elmində) hamılıqla qəbul 
olunmuşdur. 
Beynəlxalq hüququn ümumi hissəsi özündə ümumi məsələləri, yəni beynəlxalq 
hüququn  əsas  anlayışlarını  müəyyənləşdirən  normaları  birləşdirir.  Bir  qayda  olaraq, 
«beynəlxalq  hüququn  xüsusi  hissəsi»  anlayışı  işlədilmir;  bu  anlayışın  əvəzində  və 
müqabilində,  ona  sinonim  olan  «beynəlxalq  hüququn  sahələri»  terminindən  istifadə 
edilməsi  dəbdədir.  Buna  görə  də  beynəlxalq  hüququn  xüsusi  hissəsi  dedikdə  onun 
sahələrinin  məcmusu  başa  düşülür.  Bunu  nəzərə  alsaq,  qeyd  etmək  olar  ki, 
beynəlxalq  hüququn  sahələri  onun  xüsusi  hissəsinə  daxildir.  Belə  ki,  beynəlxalq 
hüququn xüsusi hissəsi bir neçə sahədən (məsələn, beynəlxalq müqavilə hüququndan, 
beynəlxalq  cinayət  hüququndan,  xarici  əlaqələr  hüququndan  və  s.),  o  cümlədən 
beynəlxalq iqtisadi hüquqdan ibarətdir.  
Deyilənlərdən  belə  nəticə  çıxara  bilərik  ki,  BİH  beynəlxalq  hüququn  xüsusi 
hissəsinə aiddir. 
 
1.4.  Beynəlxalq iqtisadi hüququn sistemi 
 
Beynəlxalq iqtisadi hüququn sistemi dedikdə, dövlətlərarası beynəlxalq iqtisadi 
münasibətləri  tənzimləyən  beynəlxalq  hüquq  normalarının  öz  aralarında  qarşılıqlı 
əlaqə  nəzərə  alınmaqla,  onun  institut  və  yarımsahələr  üzrə  qruplaşdırılması 
(bölüşdürülməsi) başa düşülür. 
BİH-in  nizamasalma  predmetinə  daxil  olan  dövlətlərarası  beynəlxalq  iqtisadi 
münasibətlərin  eyninövlü  olması  elə  normaların  ayrılmasına  imkan  verir  ki,  həmin 
normaları  istənilən  dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibəti  tənzimləməkdən 
ötrü  tətbiq  etmək  mümkündür.  Belə  normaların  məcmusuna  beynəlxalq  iqtisadi 

hüququn  ümumi  hissəsi deyilir.
 
Beynəlxalq iqtisadi  hüququn  ümumi  hissəsi dedikdə 
ümumi  məsələləri  tənzimləyə  bilən,  ümumi  qaydalar  müəyyənləşdirən  beynəlxalq 
hüquq normalarının məcmusu başa düşülür. 
BİH-in ümumi hissəsinə daxil olan normalar onun xüsusi hissəsi üçün ümumi 
əhəmiyyətə  malikdir.  Belə  ki,  xüsusi  hissə  ilə  tənzimlənən  ayra-ayrı,  konkret 
münasibətlər (məsələn, beynəlxalq ticarət, maliyyə-kredit, valyuta və digər sahələrdə 
yaranan  münasibətlər)  hüquqi  cəhətdən  nizamlanan  zaman  həmin  normalardan 
istifadə  etmək  mümkündür.  Bu  isə,  əlbəttə,  beynəlxalq  iqtisadi  qanunvericiliyin 
həcmini  xeyli  dərəcədə  azaldır,  onun  praktiki  tətbiqini  asanlaşdırır,  dövlətlərarası 
beynəlxalq  iqtisadi  münasibətlərin  hüquqi  cəhətdən  eyni  cür  tənzimlənməsini  təmin 
edir, beynəlxalq iqtisadi hüququn ayrı-ayrı struktur bölmələrində hüquq normalarının 
təkrarlanmasının qarşısını alır. 
Bunlar onu deməyə əsas verir ki, ümumi hissənin beynəlxalq iqtisadi hüquqda 
vacib  əhəmiyyəti  vardır.  BİH-in  ümumi  hissəsinin  özü  bir  neçə  hüquq  institutundan 
ibarətdir. Həmin institutlara aiddir:  
ümumi müddəalar institutu;  
hüquq subyektliyi institutu;  
beynəlxalq iqtisadi hüquqda məsuliyyət institutu;  
beynəlxalq iqtisadi inteqrasiya institutu. 
BİH-in  nizamasalma  predmetinə  həm  də  elə  münasibətlər  daxildir  ki,  həmin 
münasibətlər  özünəxas  əlamətlərlə,  spesifik  cəhətlərlə  xarakterizə  olunur.  Belə 
münasibətlər  bu  səbəbdən  də  ümumi  deyil,  xüsusi  (konkret)  xarakterli  münasibətlər 
hesab edilir. Buna görə də BİH-in nizamasalma predmetinə dövlətlərarası beynəlxalq 
iqtisadi münasibətlərin aşağıdakı növləri daxildir:  
beynəlxalq ticarət münasibətləri,  
beynəlxalq investisiya münasibətləri, 
beynəlxalq maliyyə-kredit münasibətləri,  
beynəlxalq valyuta münasibətləri, 
beynəlxalq nəqliyyat münasibətləri, 
 beynəlxalq əqli mülkiyyət münasibətləri və s.  

Bu  münasibətlərdən  hər  biri,  ayrıca  olaraq,  konkret  beynəlxalq  hüquq 
normaları  ilə  tənzimlənir.  Həmin  normaların  məcmusuna  beynəlxalq  iqtisadi 
hüququn xüsusi hissəsi deyilir. 
Beynəlxalq  iqtisadi  hüququn  xüsusi  hissəsi  dedikdə  onun  nizamasalma 
predmetinə  daxil  olan  konkret  növ  dövlətlərarası  beynəlxalq  iqtisadi  münasibətləri 
tənzimləyən beynəlxalq hüquq normalarının məcmusu başa düşülür. 
BİH-in  xüsusi  hissəsi  onunla  tənzimlənən  dövlətlərarası  beynəlxalq  iqtisadi 
münasibətlərin  konkret  növlərinə  uyğun  olaraq,  bir  neçə  yarımsahəyə,  yarımsahələr 
isə, öz növbəsində, hüquq institututlarına bölünür. Həm yarımsahələr, həm də hüquq 
institutları BİH-in xüsusi hissəsinin ayrılmaz  tərkibləridir. 
BİH-in  xüsusi  hissəsi  dedikdə  onun  yarımsahələri  başa  düşülür;  buna  görə  də 
xüsusi  hissə  özünün  yarımsahələri  –  beynəlxalq  iqtisadi  hüququn  yarımsahələri  ilə 
təmsil  olunur.  Odur  ki,  çox  vaxt  və  əksər  hallarda  BİH-in  xüsusi  hissəsi  əvəzinə 
«yarımsahələr» anlayışından istifadə olunur. 
BİH-in hansı yarımsahələrdən ibarət olmasına gəldikdə, qeyd etməliyik ki, bu, 
beynəlxalq  hüquq,  eləcə  də  beynəlxalq  iqtisadi  hüquq  elmində  (doktrinasında) 
mübahisə  predmeti  olan,  diskussiya  doğuran  məsələdir.  Belə  ki,  bu  məsələdə 
müəlliflərin mövqeləri üst-üstə düşmür. 
BİH-in  tərkibində  aşağıdakı  yarımsahələrin  olmasını  müəyyənləşdirmək 
mümkündür: 
-beynəlxalq ticarət hüququ; 
-beynəlxalq nəqliyyat hüququ; 
-beynəlxalq investisiya hüququ; 
-beynəlxalq maliyyə-valyuta hüququ; 
-beynəlxalq əqli mülkiyyət hüququ və digər yarımsahələr. 
Nəzəri  ədəbiyyatda  belə  bir  fikir  söylənilir  ki,  hüquq  sahəsinin  yarımsahəsi 
dörd şərtə cavab verməlidir: 
-birinci, yarımsahənin özünün ayrıca nizamasalma predmeti olmalıdır; 
-ikinci, yarımsahənin hüquqi tənzimetmə metodu olmalıdır; 
-üçüncü, yarımsahənin özünəxas hüquqi prinsipləri olmalıdır; 

-dördüncü, yarımsahənin ümumi hissəsi olmalıdır. 
Fikrimizcə,  yuxarıda  sadaladığımız  beynəlxalq  ticarət  hüququ,  beynəlxalq 
nəqliyyat hüququ və digərləri göstərdiyimiz hər dörd şərtə cavab verir. Buna görə də 
onlar BİH-in yarımsahəsi kimi tanınırlar. 
Beynəlxalq  ticarət  hüququ  dövlətlərarası  ticarət  münasibətlərini  tənzimlə-  yən 
beynəlxalq  hüquq  normalarının  məcmusuna  deyilir.  Maliyyə-valyuta  sahəsində 
dövlətlərarası  münasibətləri  nizama  salan  beynəlxalq  hüquq  normalarının  sisteminə 
beynəlxalq  maliyyə-valyuta  hüququ  deyilir.  Nəqliyyat  sahəsində  dövlətlərarası 
əməkdaşlıq  məsələlərini  qaydaya  salan  beynəlxalq  hüquq  normalarının  məcmusu 
beynəlxalq nəqliyyat hüququ adlanır. 
Beynəlxalq  investisiya  hüququ  dedikdə,  əsasən,  özündə  investisiya  sahəsində 
dövlətlərarası  münasibətləri  tənzimləyən  beynəlxalq  hüquq  normalarının  məcmusu 
başa  düşülür.  Beynəlxalq  əqli  mülkiyyət  hüququ  dövlətlərarası  beynəlxalq  əqli 
mülkiyyət münasibətlərini tənzimləyən beynəlxalq hüquq normalarından ibarətdir və 
s. 
 

: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə