Bölmədə əhalinin sayı, əmək ehtiyatları, işçi qüvvəsi haqqında və sair məlumatlar əks etdirilmişdir.
Əhali haqqında məlumatların əldə edilməsi üçün ilk mənbə əhalinin siyahıyaalınmalarıdır.
Əhalinin sayının cari hesablanması 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilmiş, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılmışdır. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekunları hazır olduqdan sonra isə əvvəlki siyahıyaalmadan ötən dövrlər üzrə əhalinin sayı və tərkibinə dair müvafiq dəqiqləşdirmələr aparılacaqdır.
Əmək ehtiyatları - əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhalinin, ölkə qanunvericiliyi ilə müəyyən olunmuş yaş həddinə uyğun olaraq əmək qabiliyyətli yaşdan yuxarı olan və əmək qabiliyyətli yaş həddinə çatmamış işləyən şəxslərin ümumi sayıdır.
Əmək qabiliyyətli yaşda olanlar – 2005-ci ildə - kişilər 15-61, qadınlar 15-56 yaşda; 2010-cu ildə - kişilər 15-61,5, qadınlar 15-56,5 yaşda; 2013-cü ildə - kişilər 15-62, qadınlar 15-58 yaşda; 2014-cü ildə - kişilər 15-62, qadınlar 15-58,5 yaşda; 2015-2016-cı illərdə - kişilər 15-62, qadınlar 15-59 yaşda; 2017-ci ildə - kişilər 15-62,5, qadınlar 15-59,5 yaşda; 2018-ci ildə - kişilər 15-63, qadınlar 15-60 yaşda; 2019-cu ildə - kişilər 15-63,5, qadınlar 15-60,5 yaşda.
Əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali - Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəaliyyətini həyata keçirmək iqtidarında olan şəxslərdir.
İqtisadi fəal əhali (işçi qüvvəsi) - məşğul və işsiz əhalinin ümumi sayıdır.