1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi Hüquq normaları Hüququn mənbələri



Yüklə 31,33 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#44928
1   2   3   4   5   6   7   8   9
muh -1

3. Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar

Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır.

Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür.

Belə orqanlara məsələn, - Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir.

Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Məsələn, prezidentin müxtəlif fəxri adların konkret elm, incəsənət xadimlərinə və başqalarına verilməsi haqqındakı sərəncamları hüququn mənbəyi hesab olunmur, baxmayaraq ki, onun dövlət-hüquq xarakteri göz qabağındadır. Onlar hüquq mənbələri kimi çıxış edə bilməzlər, ona görə ki, onlarda ümumi qaydalar, yəni hüquq normaları yoxdur. Belə fərdi, konkret məsələləri müəyyən edən aktlar fərdi aktlar adlanır. Onlar öz səlahiyyətləri daxilində bütün dövlət orqanları tərəfindən verilir (məsələn, hakimiyyətin müvafiq strukturu vətəndaşa mənzil sahəsinin verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul edir), lakin bunlar hüquq mənbəyi ola bilməzlər.

Bu hüquq mənbələri məsələsinə bir yanaşmadır. Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir.

Hüquqi adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur (məsələn, ticarət məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır.

Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Bizim ölkədə məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Bəzi ölkələrdə hüquq mənbəyi kimi dini müddəalar və baxışlar əsas götürülür. Məsələn, müsəlman hüququ (fiqh) islam dininin tərkib hissəsini təşkil edir. Müsəlman hüququnun əsasında Allahın öz rəsulu və peyğəmbərlərin axırıncısı olan Məhəmmədə müraciətlə dediyi sözlərdən ibarət olan müqəddəs Quran və Məhəmməd peyğəmbərin dedikləri və hərəkətlərinə və s. aid olan ənənəvi qaydaların toplusu olan sünnə durur.

Azərbaycan Respublikasında hüququn mənbələrini normativ hüquqi aktlar təşkil edir.

1. Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında qanunlar Azərbaycan Respublikasının parlamenti - Milli Məclis tərəfindən Konstitusiyaya uyğun olaraq qəbul olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən - referendum (ümümxalq səsverməsi) yolu ilə də qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası - dövlətin ali qanunu 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir.

Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür:


  1. Azərbaycan Respublikasının Konstitusiyası (Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunan Konstitusiya qanunları Konstitusiyanın tərkib hissəsi hesab olunduğuna və onların hüquqi qüvvəsi Konstitusiyanın hüquqi qüvvəsinə bərabər tutulduğuna görə ayrıca qanunlar kateqoriyası kimi qanunvericilik sisteminə daxil edilməmişdir);

  2. referendum yolu ilə qəbul olunmuş qanunlar;

  3. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş məsələlər üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.

2. Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası Prezidentinin fərmanları mühüm yer tutur. Hüquq mənbəyi - prezidentin o fərmanları hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai münasibətləri nizamlamağa xidmət edir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qanunvericilik sisteminin tərkib hissəsi hesab edilməsi və hüququn mənbəyini təşkil etməsi Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı və Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsini təşkil edən beynəlxalq hüquqi aktlarla Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvə baxımından qarşılıqlı əlaqəsi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq olaraq 12-ci və 151-ci maddələrində müəyyən olunur.



Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin