Məhəmməd peyğəmbər gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd –
nəsihətlərini eşitməyə çağırırdı. Həqiqətən, böyüklərin məsləhəti ilə iş görmək
adamı xoşbəxtliyə çağırar.
Savab işdən söz açılarkən ehtiram və qohumlara mərhəmət göstərilməsi, şər əməl
kimi zülm və qohumluq tellərinin qırılması xatırladılır. Peyğəmbər qohumluğu
yaxın adamlar arasında sevgi və uzun ömür sayırdı.
Hədislərdə insanları incidən onları əzab - əziyyət və iztirab çəkməyə vadar edən
şəxslər pislənir və belələrinin əvvəl – axır öz cəzalarına çatacaqları göstərilir.
Peyğəmbər fikri – zikri sərvət toplamaq olan şəxsləri tənqid atəşinə tutur, onları
ağılsız hesab edir. Ölüm haqdır. İnsan dünyadan köçəndə özü ilə heç nə aparmır.
Məhəmməd peyğmbər tamahkar, gözü onun – bunun əlində olan, tənbəl və
yatağan, arsız və düşük şəxsləri lənətlə damğalayırdı. Bunun əsası vardı. Axı belə
bir adamdan xeyirdən çox ziyan dəyər. Onlar ailənin də, cəmiyyətin də boynunda
yükdür. Ona görə də peyğəmbər mənəviyyatı məhv edən mühitdən narahatlıqla
söz açırdı.
Həzrəti Məhəmməd insanlarda vətənpərvərlik hissini yüksək qiymətləndirirdi.
Həm də vətənə sevgini sözdə deyil, əməldə görürdü.
Hədislərdə qonşuluq münasibətlərinə də toxunulur, qonşunun xeyir – şərindən
vaxtında xəbər tutmağın, qonşu ilə mehriban dolanmağın zəruriliyindən söz
açırdı.
Peyğəmbər həsəd, paxıllıq haqqında dediyi sözlərdə maraq doğurur. “Od ağacı
yandırıb yediyi kimi, həsəd də yaxşılığı yeyər”.
Həzrəti Məhəmməd mərhəmət və yaxşılıq haqqında söz açarkən məzlumlara əl
tutmağın vacibliyini göstərir. Qeyd edir ki, Allahın ən çox sevdiyi ev yetimə
hörmət bəslənilən evdir. Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənə
Allah da mərhəmət edər.
Peyğəmbərimiz mənəviyyat, davranış, rəftar və ədəb qaydalarına xüsusi diqqət
yetirirdi.
O, insanlara tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini
düşünməyi məsləhət bilirdi. O, vətənpərvərliyi xüsusilə yüksək qiymətləndirirdi.
Məlum olduğu kimi, şəxsiyyətin təşəkkül tapıb formalaşmasında irsiyyətin,
tərbiyənin və sosial mühitin rolu böyükdür. Alimlər neçə əsrlərdir ki, bu üç
amildən birinə üstünlük verirlər. Bu məsələyə Həzrəti Əli də öz münasibətini
bildirmişdir. O, hər üç amilin rolunu yüksək qiymətləndirirdi. Əsrlər keçmiş,
bəşəriyyətin tarixində köklü dəyişikliklər olmuşdur. Əxlaq inkişaf etmiş, forma
və məzmunca dəyişmişdir. Hər dövrün öz hökmü vardır. Təlim – tərbiyəyə də
yeni nəzərlərlə baxılır. Lakin ötən əsrlərdə Məhəmməd peyğəmbərin, Həzrəti
Əlinin tərbiyəvi fikirlərinin önəmi heç də azalmamışdır.
Dostları ilə paylaş: