1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu


Mülki hüquq münasibətlərinin obyektləri



Yüklə 256.5 Kb.
səhifə3/3
tarix23.06.2017
ölçüsü256.5 Kb.
1   2   3

Mülki hüquq münasibətlərinin obyektləri. Mülki hüquq münasibətlərinin mühüm ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq münasibətlərinin obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı yönəldiyini başa düşmək lazımdır. Mülki hüquq subyektlərinin öz aralarında hüquq münasibətlərinə daxil olmalarına səbəb olan maddi və mənəvi nemətlər mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin (obyektlərin) dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir:



  1. əşyalar;

  2. yaradıcılıq fəaliyyətinin nəticələri;

  3. işlər və xidmətlər;

  4. qeyri-maddi nemətlər.

Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur. Bu, mülki dövriyyədə onların daha çox yayılması və mülkiyyət hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır.

Əşyalar insanlar arasındakı münasibətlərə görə müəyyən edilən zahiri maddi predmetlərdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə, əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Əşyalar maddi və mənəvi mədəniyyətin predmeti kimi insan əməyinin məhsulu, yaxud da təbiətin özü tərəfindən yaradılmış və insanların öz həyat fəaliyyəti üçün istifadə etdiyi - torpaq, faydalı qazıntılar, bitkilər və s-dən ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən mühüm əlaməti insanların bu və ya digər tələbatlarının ödənilməsində özünü göstərir.

Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir:


  1. istehsal vasitələri və istehlak predmetləri;

  2. daşınar və daşınmaz əşyalar;

  3. dövriyyədən çıxarılmamış, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyədən çıxarılmış əşyalar;

  4. istehlak edilən və istehlak edilməyən əşyalar;

  5. fərdən və cinsən müəyyən edilən əşyalar;

  6. bölünər və bölünməz əşyalar;

  7. əsas və yardımçı əşyalar;

  8. cüt və tək əşyalar;

  9. bəhər, gəlir və məhsul.

Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi qəbul edilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsində göstərilir ki, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara şamil edilir.

Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus hüquqi vəziyyəti müəyyən olunur. Əşyaların hüquqi vəziyyəti dedikdə, mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə edilməsini və onlar üzərində sərəncam verilməsini tənzim edən hüquq normalarının məcmusu başa düşülür.

Əşyaların xüsusi qrupunu pul və qiymətli kağızlar təşkil edir. Mülki hüquq münasibətlərinin obyekti kimi pulun əsas xüsusiyyəti onun ümumi əvəzedici olması və bu xüsusiyyətinə görə digər əşyalardan əhəmiyyətli dərəcədə fərqlənməsindən ibarətdir. Başqa sözlə, əgər qanun qadağan etmirsə, yaxud da kreditorun buna etirazı yoxdursa, istənilən əmlak borcunu praktiki olaraq pul ilə ödəmək olar.

Öz təbiətinə görə pullar cinsən müəyyən edilən, əvəz olunan və bölünər əşyalara aid edilir. Bunlar öz təbii xüsusiyyətlərinə və xüsusi mal dəyərinə görə yox, onda ifadə olunan pul məbləğinə görə digər cinsən müəyyən edilən əşyalardan fərqlənir.

Mülki dövriyyədə istifadə olunan materiallar içərisində qiymətli kağızlar da mühüm yer tutur. Qiymətli kağızlar özündə əmlak hüquqlarının vacib şərtlərini əks etdirən, müəyyən formada yerinə yetirilməsi ilə təsdiq edilən və yalnız təqdim olunması ilə həyata keçirilən qiymətli sənədlərə deyilir.

Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir:



  1. Təqdimedici (adsız) qiymətli kağızlar;

  2. Adlı qiymətli kağızlar;

  3. Orderli qiymətli kağızlar.

Təqdimedici qiymətli kağızlar dedikdə, təqdim olunması ilə icra edilən və orada göstərilmiş hüquqların konkret olaraq kimə məxsus olması qeyd edilməyən kağızlar başa düşülür. Onlara səhmlər, lotereya, adsız istiqrazlar, özəlləşdirmə çekləri və s. daxildir.

Adlı qiymətli kağızlar müəyyən şəxsin adına yazılmış qiymətli kağızlardır. Yəni kağızda adı qeyd olunan şəxsin özü və ya onun nümayəndəsi tərəfindən təqdim olunduqda orada göstərilən hüquqlar həyata keçirilə bilər. Adlı qiymətli kağızlara əmanət kitabçaları, adlı istiqrazlar və s. misal ola bilər.

Orderli qiymətli kağızlarda isə icranın kimin üçün yerinə yetirilməsi göstərilir. Bu qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir.

Mülki hüquq münasibətlərinin böyük bir hissəsi yaradıcılıq fəaliyyətinin nəticələri - elm, ədəbiyyat, incəsənət əsərləri, kəşf, sənaye nümunələri və i.a. yaradılması və istifadəsi ilə əlaqədar əmələ gəlir. Yaradıcılıq fəaliyyətinin bu məhsulları əqli mülkiyyətin obyektini təşkil edir. Əqli mülkiyyət - bu, şərti ümumiləşdirilmiş anlayış olub, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin qanunvericiliklərində və beynəlxalq konvensiyalarda istifadə olunmaqla əqli, hər şeydən əvvəl yaradıcılıq fəaliyyətinin nəticələrinə olan xüsusi hüquqların məcmusunu ifadə edir.

Yaradıcılıq fəaliyyətinin nəticələri əşyalardan fərqli olaraq özündə qeyri-maddi nemətləri əks etdirir. Belə ki, elm, ədəbiyyat, incəsənət əsərləri - yeni ideyaların, obrazların, anlayışların məcmusu; ixtira, faydalı nümunə və səmərələşdirmə təklifləri - məsələlərin texniki həlli; sənaye nümunələri - məmulatların xarici görünüşlərinin bədii-konstruktor həllini və s. əks etdirir. Onlar mülki hüquq münasibətlərinin obyekti onda ola bilərlər ki, digər şəxslərin onları mənimsəmələrini təmin edən hər hansı bir obyektiv formada ifadə olunsunlar. Belə ki, ədəbiyyat əsərləri əlyazma şəklində mövcud ola bilər, maqnit lentinə yazıla bilər və i.a; ixtira çertyojlar, sxemlər formasında ifadə oluna bilər və i.a.

Yaradıcılıq nəticəsinin maddi daşıyıcıları (əlyazma, maqnit lentinə yazılma, çertyoj və i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf oluna bilər və i.a. Yaradıcılıq fəaliyyətinin həmin nəticələri qeyri-maddi nemətlər olmaqla onun müəlliflərinin razılığına əsasən digər şəxslər tərəfindən ancaq müəllifliyi saxlanılmaqla istifadə oluna bilər (qanunda nəzərdə tutulan hallar istisna olmaqla).

Mülki hüquq münasibətlərinin obyektinə yaradıcılıq fəaliyyətinin nəticələri ilə yanaşı, digər fəaliyyətlərin nəticələri də daxildir. Belə ki, podrat müqaviləsinin predmetini podratçının sifarişçi üçün yerinə yetirdiyi işin nəticələri təşkil edir. Podrat müqaviləsində və podrat tipli digər müqavilələrdə nəticə maddi forma alır, yəni yaradılmış, təmir olunmuş, hazırlanmış əşyalarda maddiləşdirilir. Bu nəticə həmin fəaliyyətlərdən ayrılmaqla mülki hüquq münasibətlərinin müstəqil obyekti hesab oluna bilər.

Mülki hüquq münasibətlərinin xüsusi qrupunu qeyri-maddi nemətlər təşkil edir. Qeyri-maddi nemətlər dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan və mühafizə edilən, şəxsiyyətdən ayrılması qeyri-mümkün olan və iqtisadi məzmuna malik olmayan nemət və azadlıqlar başa düşülür. Onlara həyat və sağlamlıq, şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, işgüzar nüfuz, şəxsi və ailə sirri, ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir.



4. Əqdlər

Əqdlərin anlayışı və əlamətləri. Əqdlər hüquqi faktların ən geniş yayılmış növlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində əqdin anlayışı verilmişdir:

«Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur:



  1. əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir;

  2. əqd hüquqauyğun hərəkətdir;

  3. əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir;

  4. əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.
    Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. Demək, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir.

Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür:

  1. düzünə iradə ifadəsi. Bu, şifahi və yaxud yazılı formada yerinə yetirilir. Məsələn, müqavilənin bağlanması, zərərin əvəzinin ödənilməsi haqqında razılığın bildirilməsi və s.

  2. dolayı iradə ifadəsi. Əgər şəxsin hərəkətlərindən onun iradəsini müəyyən etmək mümkündürsə bu, dolayı iradə ifadəsi adlanır. Mülki hüquqda, adətən buna konklyudent (latınca concludere - nəticə çıxartmaq, nəticəyə gəlmək mənasını bildirir) iradə ifadəsi deyilir. Məsələn, elektrik qatarında getməyə bilet almaq və yaxud mağazaların piştaxtalarında qoyulmuş mallar şəxslərin əqd bağlamaq arzularını özündə əks etdirir və s.

3) susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi. Bu üsulla iradənin bildirilməsinə yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin razılığı ilə yol verilir. Məsələn, iştirakçılarından birinin müqavilənin şərtlərinin dəyişdirilməsi haqqında verilmiş təklifinə digər tərəfin susması onun razılığını göstərir.

Əqdlər üçün ən mühüm əhəmiyyət kəsb edən psixoloji amillərdən biri də motivdir. Motivi, əqdin əsasından fərqləndirmək lazımdır. Əqdin əsasını hüquqi məqsəd, hüquqi nəticə təşkil edir. Məsələn, alqı-satqı müqaviləsində məqsəd əşyanı alıcının mülkiyyətinə verməkdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, əqdin əsası təsadüfi məqsəd olmayıb, həmin əqd üçün tipik və daimi xarakter daşıyır. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır.

Motiv isə şəxsi hər bir halda müqavilə bağlamağa sövq edən psixoloji amildir. Buna görə də əqdin motivləri çoxsaylı, əsas isə bir dənədir. Motivlər əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası daşımır. Məsələn, əgər şəxs ad günündə hədiyyə vermək üçün hər hansı bir əşya alırsa, onda bu motiv alqı-satqı müqaviləsinin hüquqi tərkibinə daxil edilmir.

Əqdlərin növləri. Mülki hüquqda əqdlər müxtəlif əsaslara görə təsnifləşdirilir.

İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli əqdlərə bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Vəsiyyətnamənin tərtib edilməsi, etibarnamənin verilməsi və s. birtərəfli əqdlərə misal ola bilər. Adətən, birtərəfli əqd bir şəxs tərəfindən bağlanılır. Birtərəfli əqddə iradə bir neçə şəxs tərəfindən ifadə oluna bilər. Məsələn, ümumi etibarnamənin verilməsi və s.

Bəzən birtərəfli əqdin hüquqi nəticələr yaratması üçün iradə ifadəsinin ünvanlanmış şəxs tərəfindən qəbul edilməsi lazım olur. Əgər bu şəxs, belə iradə ifadəsinin mövcudluğunu bilmirsə, onda birtərəfli əqd hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, əgər müqavilənin pozulması haqqında xəbərdarlıq digər tərəfə çatmayıbsa, onda o, hüquqi nəticələr yarada bilməz.

İki tərəfin qarşılıqlı iradə ifadəsinin razılaşdırılması ilə yaranan əqdlərə ikitərəfli əqdlər deyilir. İkitərəfli əqdlər müqavilə adlanır. İkitərəfli əqdlər, əqdin ən geniş yayılmış növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta və s. müqavilələr misal ola bilər.

Üç və ya daha çox tərəf arasında iradə ifadəsinin razılaşdırılmasından yaranan əqdlərə çoxtərəfli əqdlər deyilir. Məsələn, bir neçə hüquqi şəxsin yeni binalar tikməsi üçün müqavilə bağlaması.

Əqdlər əvəzli və əvəzsiz olmaqla iki yerə bölünürlər. Əvəzli əqddə bir tərəfin etdiyi hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı olaraq müəyyən hərəkət edir və yaxud əmlakın dəyərini ödəyir. Məsələn, alqı-satqı müqaviləsində satıcının vəzifəsi əşyanı vermək, alıcının vəzifəsi isə müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir.

Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir.

Bundan fərqli olaraq əvəzsiz əqdlərdə tərəfiər bir-birilərindən qarşılıqlı təminat almırlar. Məsələn, bağışlama, əmlakdan əvəzsiz istifadə müqavilələri əvəzsizdir. Bəzi əqdlər həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi belə əqdlərə misal ola bilər. Əvəzsiz əqdlər əsasən, fiziki şəxslər arasında bağlanır. Hüquqi şəxslər arasında bağlanan əqdlər bir qayda olaraq əvəzlidir.

Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual (latınca consensus - razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki dövriyyədə bağlanan əqdlər konsensual xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s.

Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s.

Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə bölünürlər. Həqiqiliyi (etibarlılığı) əqdin əsasından asılı olan əqdlərə kauzal (latınca causa - səbəb) əqdlər deyilir. Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal xarakter daşıyır. Kauzal əqdin əsas cəhəti onun hər hansı bir hüquqi məqsəd güdməsindədir. Məsələn, əmlak kirayə müqaviləsinin məqsədi əşyanı istifadəyə qoymaq, borc müqaviləsinin məqsədi isə pulu və ya əşyanı verməkdir. Kauzal əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir.

Həqiqiliyi əqdin əsasından asılı olmayan əqdlərə mücərrəd əqdlər deyilir. Mücərrəd latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir. Mücərrəd əqd öz məqsədindən ayrılmış olur. Bu əqdlərə vekseli misal göstərmək olar.

Mülki qanunvericilikdə əqdlər müddətli və şərti əqdlərə bölünürlər. Əksər hallarda əqdlərdə müddət göstərilir. Belə hallarda əqdin hüquqi nəticələri müəyyən vaxtın kəsilməsi ilə bağlı olur. Əqddə müddət üç məna daşıyır. Başlanğıc müddət əqdin tərəflərinin hüquq və vəzifələrinin yarandığı anı, icra müddəti əqdin yerinə yetirilməsi vaxtını, sonuncu müddət isə əqdin xitam olunduğunu göstərir.

Əqddə müddət müəyyən və qeyri-müəyyən ola bilər. Əgər vaxt dəqiq göstərilməyibsə, onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb edə bilər. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Əqdlər aşağıdakı şərtlərlə bağlana bilər:



  1. pozitiv şərt;

  2. neqativ şərt;

  3. təxirəsalıcı şərt;

ç) ləğvedici şərt.

Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər (Mülki Məcəllənin 328.4-cü maddəsi).

Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi şərtilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə baş verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü müddət bitənədək aydın olarsa, şərt yerinə yetirilmiş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş verməyəcəyinin aydın olduğu vaxt yerinə yetirilmiş sayılır (Mülki Məcəllənin 328.5-ci maddəsi).

Əqdlərin formaları. Əqd bağlanarkən iradənin ifadə üsulu əqdin forması adlanır. Əqdin etibarlı olması üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər. Əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə, bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş əqdlər və sadə yazılı formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir.

Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır:

1.Yazılı formada bağlanması şifahiyə nisbətən əqdin məzmununu daha geniş açır;


  1. Mülki dövriyyənin işirakçılarına öz iradələrini dəqiq ifadə etməyə və müqaviləni dəqiq yerinə yetirməyə imkan verir;

  2. Əqddən irəli gələn öhdəliklərin tərəflərdən birinin yerinə yetirməməsi hallarını aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir.

Yazılı əqdlər də iki cür olur: sadə əqdlər və notarial qaydasında təsdiq edilməli olan əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım olan bütün rekvizitlər – tərəflərin adları, əqdin məzmunu, iştirakçıların imzaları göstərilməlidir. Bu cür əqdlərin etibarlı olması üçün əqddə iştirak edən şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir.

Elə dövlət hüquqi şəxsləri var ki, onların bağladığı əqdlər iki imza ilə - müdirin (direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır. Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi də sadə yazılı əqdlərə aiddir.

Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Qanunvericiliklə müəyyən edilmiş hallarda əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.

Notarial formanın sadə yazılı formadan fərqi ondan ibarətdir ki, əqdin notariat qaydasında təsdiqlənməsi yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

Mülki Məcəllənin 334.3-cü maddəsinə əsasən, əqdlərin notariat qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:


  1. bu Məcəllədə göstərilmiş hallarda;

  2. bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə.

Hər şeydən əvvəl yaşayış evinin və s. daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən, vəsiyyətnamə tərtib edilərkən bu qaydalara riayət olunmalıdır.

Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.

Bir sıra hallarda yazılı formaya riayət etməkdən başqa, həm də əqdin müəyyən dövlət orqanında qeydiyyata alınması tələb olunur. Qeydiyyatdankeçmə başlıca olaraq əqdin məzmununun qanuniliyini yoxlamaq, həmçinin, əqddən əmələ gələn hüquqların qeydiyyata alınması məqsədi daşıyır. Əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.

Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır (Mülki Məcəllənin 336.2-ci maddəsi).



Əqdlərin etibarsızlığı. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir:

1) subyekt tərkibinə görə;



  1. məzmununa görə;

  2. formasına görə;

  3. iradə və iradə ifadəsinə görə.

Subyekt tərkibinə görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, əqd onu bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə əqdlərin etibarsızhğı çox zaman onların fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər tərəfindən bağlanılması ilə izah olunur. Mülki Məcəllənin 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eynilə qaytarmalı, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.

Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə qayda yetkinlik yaşına çatmayanlar tərəfindən bağlanmış əqdlərə də şamil edilir. Bu şəxslər yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər.

Hüquqi şəxslərin bağladığı əqdlər aşağıdakı əsaslara görə etibarsız hesab olunur:


  1. hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı əqdlər;

  2. hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər.

Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd və ya müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisenziyası) olmayan hüquqi şəxsin bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxsin, onun təsisçisinin və ya hüquqi şəxsin fəaliyyətinə nəzarət edən orqanın iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 349-cu maddəsi).

Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun tələblərinə uyğun gəlməməsi ilə müəyyən olunur. Burada «qanun» dedikdə, respublikanın qanun və qanun qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv və subyektiv əlamətlərlə xarakterizə olunur. Əqdin hüquqazidd (qanunazidd) xarakteri onun obyektiv əlamətidir. Subyektiv əlamət isə - tərəflərin əqdin hüquqazidd (qanunazidd) olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması ilə əlaqədardır.

Formasına görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, qanunla müəyyən olunmuş formaya riayət edilmir. Formanı pozmaqla bağlanmış əqdlər bilavasitə qanunda göstərilmiş hallarda etibarsız sayılır.

İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir:



  1. daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir.

  2. iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Məsələn, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər və s.

  3. daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu cür etibarsız əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə nəticəsində bağlanan əqdləri misal göstərmək olar.

  4. iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: uydurma və yalan əqdlər.

Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd isə başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid iddianın qaldırılmasından və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisəli əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onlar tərəfindən etibarsız sayılmamışdırsa, qüvvədə qalır. Əqdi, həmin hissə daxil edilmədən bağlamağın mümkünlüyü güman edilərsə, əqdin bir hissəsinin etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına səbəb olmur.

Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir.

Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə onda məsələ bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio – bərpa deməkdir) tətbiq olunur.

Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması restitusiya adlanır.

Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur:


  1. ikitərəfli restitusiyanın tətbiq edilməsi;

  2. birtərəfli restitusiyanın tətbiq edilməsi;

  3. restitusiyanın rədd edilməsi.

Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan, habelə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxslərin bağladıqları əqdlər üzrə məhz ikitərəfli restitusiyaya yol verilir. Mülki hüquqda bir qayda olaraq, ikitərəfli restitusiya tətbiq olunur.

Əqd bağlayarkən tərəflərdən biri qəsdən digər tərəfin zərərinə, onun hüquqlarını və qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin mənafeyinə zidd hərəkət etdiyi halda yalnız birtərəfli restitusiya tətbiq edilir. Birtərəfli restitusiyaya zərər çəkən barəsində yol verilir. Aldatma, zorakılıq, hədə təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər üçün məhz birtərəfli restitusiya nəzərdə tutulur. Bu zaman yalnız təqsirli tərəf aldığını bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən aldığı isə dövlət mədaxilinə tutulur.

Əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitusiyanın rədd edilməsi dedikdə, tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa düşülür. Bu zaman hər iki tərəfin icra etdiyi və ya icra etməli olduğu dövlət mədaxilinə keçir. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində qəsd olduğu hallarda tətbiq olunur.

Bəzi hallarda əqdin etibarsız sayılması, əqdin etibarsızlığında təqsirli tərəf üçün digər tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir.

Göründüyü kimi mülki hüquqda əqdin etibarsız sayılmasının mühüm əhəmiyyəti vardır. Bu, hüquq qaydalarının qorunmasına, qanunazidd olan hüquq və vəzifələrin yaranmasının qarşısını almağa yönəldilməklə mülki dövriyyənin normal inkişafına şərait yaradır.

5. İddia müddəti.
Mülki hüquqda müddətlərin xüsusi qrupunu mülki hüquqların müdafiəsi müddətləri təşkil edir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.

Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi lazımdır. Məcburetmə tədbirləri qanunla mülki hüquqların müdafiəsi üçün səlahiyyəti olan orqanlar (məhkəmə və s.) tərəfindən tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir.

Pozulmuş subyektiv mülki hüquqların məcburi həyata keçirilməsi imkanı maddi mənada iddia hüququ, bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ isə prosessual mənada iddia hüququ adlanır. İddia müddətinin ötürülməsi məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır. Subyektiv mülki hüququn pozulmasından nə qədər vaxt keçərsə keçsin, maraqlı şəxs istənilən vaxt iddia qaldıra bilər. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hətta maddi mənada iddia hüququ aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

Tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Bəzən elə hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddətdə iddia verə bilmir. Belə hallarda iddia müddətinin dayandırılması müəyyən edilmişdir.

İddia müddətinin dayandırılmasının mahiyyəti ondan ibarətdir ki, şəxs qanunda göstərilən səbəblərə görə iddia qaldıra bilmək və ya öz hüquqlarını müdafiə etmək imkanından məhrum olduğuna görə iddia qaldıra bilmədiyi vaxt kəsiyi iddia müddətinə daxil edilmir. İddia müddətinin dayandırılması üçün əsas olan halların mövcud olduğu vaxt kəsiyi iddia müddətinə hesablanmır. Göstərilən hallar aradan çıxdıqdan sonra iddia müddəti öz axımını davam etdirir.

Mülki Məcəllənin 379.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:



  1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;

  2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;

  3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;

  4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;

  5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ-hüquqi aktın qüvvəsi dayandırıldıqda.

İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılması üçün əsas olan maneələr aradan götürüldüyü gündən müddətin axımı davam edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır. Iddia müddəti altı aydan az olduqda isə iddia müddəti həmin müddətə çatdırılır.

Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Borclu öz öhdəliyini iddia müddəti keçdikdən sonra icra edibsə, icraedici etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb etməyə haqlı deyildir.

İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər vəziyyət obyektiv xarakter daşıyırsa və o, iddianın vaxtında qaldırılmasına mane olmuşsa, onda onlar üzrlü səbəb hesab edilə bilər. Əgər iddia müddətinin buraxılmasında öz təsərrüfatsızlığına, səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir.



Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, əmanətçilərin banka qoyulmuş əmanətlərinin verilməsi, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması və s. bu kimi tələblər istisna olmaqla iddia müddəti bütün əmlak tələblərinə aid edilir.






Каталог: images -> muhazireler
muhazireler -> 1. F. Listin məhsuldar qüvvələr nəzəriyyəsi Y. Şumpeterin sahibkar-novator nəzəriyyəsi Q. Bekkerin insan kapitalı nəzəriyyəsi
muhazireler -> MÖvzu 8: BİLİKLƏRİn təQDİm ediLMƏSİNİn produksion modeli Plan
muhazireler -> MÖvzu 12: genetik alqoritmləR
muhazireler -> Азярбайъан Дювлят Игтисад Университети
muhazireler -> 1. Əmək hüququnun anlayışı və mənbələri. Kollektiv müqavilə və saziş. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
muhazireler -> Mövzu Firmanın (müəssisənin) inkişafı: məqsəd, mühit və təsir amilləri. Kursun predmeti və vəzifələri
muhazireler -> Азярбайжан дили və Nİtq məDƏNİYYƏTİ
muhazireler -> 1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi. Hüquq normaları


Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə