1.2. Geoloji quruluşu və inkişafının əsas mərhələləri.
Avropanın geoloji quruluşu olduqca mürəkkəbdir. Qitənin müxtəlif sahələri ayrı- ayrı geoloji eralarda geosinklinal inkişafı başa vurub platforma rejiminə keçmişdir. Qitənin geoloji inkişafı tarixində iki əsas dövrü: kembridən əvvəlki və kembridən sonrakı dövrlər ayrılır.
Arxey və proterozoy eralarını əhatə edən kembridən əvəlki dövrdə qitə müxtəlif qırışıqlıq və orogenez hadisələrinə məruz qalmışdır. Avropada Saam qırışıqlığı adlanan ən qədim qırışıqlıq 2200 mln il əvvəl qurtarmışdır. Saam qırışıqlığı zonalarında geosinklinal şərait 500-600 mln il davam etmişdir. Saam qırışıqlığı nəticəsində Kareliya, Murmansk və Ukrayna kristallik massivləri (Rus platformasının ən qədim sahələri)yaranmışdır. Saam qırışıqlığından 350-400 mln il sonra Ağ dəniz kompleksi qırışıqlığı başa çatır. 1500-1800 mln il əvvəl Skandinaviya və Finlandiyada çox geniş yer tutan (Baltik dənizi və Botnik körfəzləri ətrafında) Kareliya qırışıqlığı baş vermişdir.
Rus platformasının kembriyəqədərki dövrdə inkişafı Baykal qırışıqlığı mərhələsi ilə qurtarır. Baykal qırışıqlığının inkişaf etdiyi Rifey qırışıqlığı 550-600mln il əvvəl inkişafını başa vurmuşdur.
Taman təpəliyində üzə çıxan Baykal qırışıqlığı kompleksi süxurları Tetis geosinklinalının əsasını təşkil edir.
Arxey və proterezoyda olan bu qırışıqlıq hərəkətlərinin yaratdığı dağlar, tirələrvaxt keçdikcə denudasiya prosesi təsiri altında alçalıb, səthi hamar düzənlik və alçaq yüksəkliklərə çevrilmişdir. Avropanın platforma əsası sonrakı geoloji dövrlərdə artıq qırışıqlıq və dağəmələgəlmə hadisəsinə məruz qalmışdır.
Paleozoyun başlanğıcına yaxın müxtəlif yaşlı platforma üzərində böyük əyilmələr baş verir və Qərbi Avropanın orta və cənub hissələriini əhatə edən böyük Tetis geosinklinal dənizi yaranır. Tetis geosinklinalının müxtəlif sahələrində paleozoy, mezozoy və kaynozoyda baş verən güclü qırışıq əmələ gətirən və orogenez hərəkətlər Qərbi Avropanın geoloji və tektonik inkişafının ümumi istiqamətini müəyyən etmişdir.
Avropanın geoloji inkişafında alt paleozoy mərhələsi qədim platforma əsası üzərində Tetis geosinklinalının yaranması ilə başlayır. Alt paleozoyda tektonik əyilmə çox güclü olmaqla Rus platformasının böyük bir hissəsini də tutur və nəticədə platforma üzərində dayaz dəniz hövzəsi yaranır. Budayaz dəniz Tetis dənizi ilə əlaqədar idi. Tetisin ayrı-ayrı hissələrinin dibi çox sürətlə çökür və bu əyilmələrdə çökmə və vulkanogen süxur qatları toplanırdı.
Beləliklə, kaledon qırışıqlığı adı ilə məşhur olan alt pleozoyun qırışıqlı tektonik hərəkətləri Qərbi Avropada böyük tektonik zonalar,dağlıq sahələr, Tetis dənizi daxilində isə böyük adalar əmələ gətirir.
Alt paleozoyda Rus platforması zəif əyilməyə məruz qalır və burada platformanın çöküntü süxur örtüyü toplanır. Həmin süxur qatları gesinklinal sahələrdə çox mürəkkəb şəkildə qırışıqlıqda yayıldığı halda, platformada qeyri-uyğun şəkildə onun qırışıqlı kristallik süxurlarını üfüqi laylarla örtür.
Kaledon qırışıqlığı hərəkətlərinin başa çatması ilə Qərbi Avropanın inkişafında alt paleozoy mərhələsi qurtarır və yeni mərhələ - yuxarı paleozoy (hertsin, yaxud varissi) mərhələsi başlayır.
Paleozoy erasının ortalarında (Devon və Karbon dövrlərində) Orta və Cənubi Avropada geosinklinal şərait davam edir. Əyilmədə olan dəniz çökəklərində devon və daş kömür dövrlərinin qalın çökmə süxur qatları əmələ gəlir(qumdaşı, gil, əhəngdaşı vəs.). Bu dövrdə Rus platforması da böyük dəniz transqressiyalarına məruz qalır. Onun geniş bir hissəsində orta və yuxarı paleozoy çöküntüləri platformanın çöküntü süxur örtüyünü əmələ gətirir. Platformada ən çox əyilmə sineklizlərdə gedir, anteklizlər zəif əyilir.
Karbon dövrünün ortasından və xüsusilə axırlarından başlamış, Qərbi Avropanın genniş bir hissəsində (İrlandiyanın cənubu, Böyük Britaniyanın mərkəz və cənub hissəsi, Pireney yarımadasından Kiçik Polşa yüksəkliyinə qədər, Alp və Karpat dağlarından şimalda yerləşən bütün orta Avropada) olduqca qüvvətli tektonik hərəkətlər baş verir, qalxma, qırışıq və dağəmələgəlmə prosesləri gedir. Bu mürəkkəb proseslər Hertsin, yaxud Varissi qırışıqlığı adlanır.
Karbon dövrünün axırlarında dağların yamaclarında, düzənliklərdə və dağarası çökəklərdə nəhəng ağaclardan ibarət olan olduqca zəngin və sıx meşələr inkişaf etmişdir. Hertsin qırışıqlığı hərəkətləri nəticəsində qitənin geniş bir sahəsinin qalxması dənizin böyük reqresiyasına səbəb olur. Rus platformasını örtən dayaz dənizlər çəkilir. Orta Avropada Hertsin qırışıqlığı nəticəsində əmələ gəlmiş dağlar eroziya və denudasiya təsiri altında aşınıb dağılır və alp dövrünün başlanğıcına qədər cavan platforma sahəsinə çevrilir.
Avropanın geoloji və tektonik inkişafında, mezozoy erası xüsusi bir mərhələ kimi ayrıla bilər. Mezozoy erasında Qərbi Avropanın hertsin qırışıqlığı zonası çox aşınıb alçalır, cavan platormanın antekliz və sineklizləri müxtəlif istiqamətli tektonik hərəkətlərə məruz qalır. Anteklizlər qalxma sahəsi olduğundan denudasiya təsiri ilə onların tağ hissələrindən paleozoy çöküntü süxurları yuyulur və kembriyəqədərki dövrün kristallik süxurlarının səthi açılır (Armorikan, Mərkəzi Fransa, Reyn, Çexiya-Moraviya massivləri). Sineklizlər əyilməkdə davam edir və mezozoy dənizlərinin transqressiyasına məruz qalır (Paris, Akvitaniya, London, Turingiya-Şvab hövzələri və s.)
Qərbi Avropanın geoloji inkişafında kaynozoy erası hadisələrdə daha zəngindir. Bu erada Alp geosinklinalında olduqca intensiv inversiya və qırışıqlıq baş verir. Paleogendə alp qırışıqlığı zonasında yerləşən böyük dağ sistemləri sahəsində güclü qırışıqlıq və qalxma gedir (Pireney, Əndəlis, Alp, Karpat, Stara-Planina, Dinar dağları və s.). Dağətəyi və dağarası çökəklər əyilir və burada dağlardan yuyulan iri qırıntı kontinental çöküntülər toplanır (Molass çöküntüləri). III dövrdə Avropanın cənubunda yerləşən böyük ortalıq massivlərin bir neçəsi intensiv əyilir (Tirren, Qara dəniz vəs. yerində olan qədim massivlər), bəziləri çox parçalanır və onların yerində adalar, arxipelaqlar qalır. Aralıq massivlərlə qalxmaqda olan meqantiklinoriumlararasında dərin tektonik qırılmalar əmələ gəlir və bu qırılmalarüzrə vulkan fəaliyyəti baş verir.
Alp geosinklinalı zonasında gedən gərgin tektonik hərəkətlər öz təsirini Avropanın digər yerlərində də göstərir. Orta Avropanın hertsin qırışıqlığı sahəsi də (cavan platforma) xeyli fəallaşır. Burada anteklizlərin tağ hissəsi qalxır, dərin tektonik qırılmalarla parçalanır, horst və qrabenlər yaranır. Qırılmalar üzrə intruziv və effuziv vulkanlar fəaliyyət göstərir.
Paleogenin axırları və neogenin əvvəllərində alp qırışıqlığı zonasında tektonik hərəkətlər xeyli zəifləyir, dağlar aşınır, böyük sahələrdə hamarlanma səthləri yaranır, relyefin mütləq və nisbi amplitudası xeyli azalır. Neogenin ikinci yarısında alp qırışıqlığı zonasında qüvvətli orogen (dağəmələgəlmə0 mərhələsi başlayır. Dağların hündürlüyü 1500-3500 m-ə qədər artır. Bu zaman dağətəyi və dağarası çökəklərin bəzilərinin kənarlarında qırışıqlar əmələ gəlir və bu sahələr dağlarla birlikdə qalxmağa məruz qalır.
Neogendə və IV dövrdə Avropanın başqa tektonik sahələrində də hərəkətlər qüvvətlənir. Skandinaviya intensiv qalxmağa başlayır, Almaniya-Polşa ovalığı və hertsin qırışıqlığında yerləşən çökəklər əyilməkdə davam edir. Böyük Britaniya adalarını hər tərəfdən əhatə edən dayaz şelf sahəsi zəif çökməyə məruz qalır və IV dövrdə dəniz suları ilə örtülür. La-Manş və Pa-de-kale boğazlarının əmələ gəlməsi ilə Britaniya adaları qitədən ayrılır.. Neogen – IV dövrdə dərinlik qırılmaları fəallaşır. İslandiyada, Tirren dənizini əhatə edən qırıılmalar sahəsində, Mərkəzi Fransa massivində və s. qüvvətli vulkan püskürmələri baş verir.
Avropanın geoloji inkişafının IV dövr mərhələsinin ən görkəmli hadisəsi qitənin şimalında örtük buzlaqların, dağlarda isə dağ-dərə buzlaqlarının yaranmasıdır. Alp dağlarında IV dövr buzlaşmalarını öyrənən A.Penk və Brikner burada dörd buzlaşmanın olmasını göstərirlər. (Güns, Mindel, Riss, Vürm). Güns buzlaşmasının üst pliosendə (Abşeron əsrində), Mindel buzlaşmasının IV dövrün əvvəlində, Riss buzlaşmasının həmin dövrün ortaalarında, Vürmün isə axırlarında olması müəyyən edilmişdir. Maksimal buzlaşma IV dövrün ortalarında Riss buzlaşmasıdır. Bu zaman buzlaqlar dağların dağların yüksək hissələrində örtük əmələ gətirmiş və dərələrlə dağ ətəklərinə qədər enmişdir.
Skandinaviya Örtük buzlağı daha güclü olmuş, Avropanın böyük bir hissəsini dəfələrlə örtmüşdür. Skandinaviyada buzlağın qalınlığı 2000 m-ə çatması güman edilir.
Qərbi Avropanın geoloji inkişaf tarixinə yekun vuraraq aşağıdakı qanunauyğunluğu qeyd etmək olar:
1. Geoloji vaxt keçdikcə hər bir mərhələdə Rus platformasını qərb və cənub-qərbdən, habelə şərqdən əhatə edən geosinklinallarda inversiya başlayır, yeni əmələ gələn qırışıq və faylı-qırışıq dağlar hesabına qitənin sahəsi genişlənir.
2. Bu genişlənmə əsasən şimaldan cənuba doğru quru sahəsinin artması hesabına olur.
3. Qitənin müasir tektonik və böyük morfostruktur vilayətləri qədim platformanı cənubdan əhatə edən Tetis geosinklinalında kaledon, hertsin və alp qırışıqlığı nəticəsində yaranmışdır.
4. Geoloji imkişafın bu xüsusiyyətlərinə uyğun olaraq Avropada Ural silsiləsi daxil edilməklə dörd böyük tektonik sahə əmələ gəlmişdir;
a) paleozoydan əvvəl yaranmış Rus platforması
b) qitənin şimal-qərb kənarını təşkil edən kaledon qırışıqlığı sahəsi
c) əsasən Orta Avropada geniş sahə tutan hertsin qırışıqlığı sahəsi
ç) cənubi Avropa və Orta Avropanın Alp-Karpat zonasını təşkil edən Alp qırışıqlığı sahəsi
5. IV dövr buzlaşmaları qitənin istər düzənlik və istərsə də dağlıq sahələrində landşaftın inkişafına böyük təsir göstərmişdir. Buzlaq örtüyü altından çıxan sahələrin landşaft zonaları daha cavan olmaları ilə başqa sahələrdən çox fərqlənir..
6. Neogenin axırı və IV dövrdə Alp-Karpat zonasında yerləşən dağlarda qüvvətli tektonik qalxma nəticəsində dağların yüksəkliyi çox artır və şaquli landşaft qurşaqları spektri genişlənir.
7. Yüz milyon illər davam edən mürəkkəb geoloji hadisələr –tektonik hərəkətlər, maqmatik proseslər və akkumulyasiya nəticəsində Avropa qitəsinin materik tipli yer qabığı yaranmışdır.
Dostları ilə paylaş: |