58. SSRİ L.İ.Brejnevin Sov.İKP MK-nın baş katibi olduğu dövrdə: xarici və daxili siyasət Sovet İKP MK-nın 1964-cü ilin oktyabr plenumunda Leonid İliç Brejnev Sov. İKP MK-nın birinci katibi seçildi. Aleksey Nikolayeviç Kosıgın isə SSRİ Nazirlər Sovetinin sədri təyin edildi. 1964-cü ilin noyabrında yeni bir plenum çağrılaraq şəhər və kənd partiya təşkilatları yenidən birləşdirildi. Böyük islahatçı olan Kosiginin başçılığı ilə sənaye və kənd təsərrüfatında köklü dəyişikliklərin zəruriliyi ilə əlaqədar islahatlar keçirilməyə başlandı. 1965-ci ilin martında Mərkəzi komitənin xüsusi plenumunda kənd təsərrüfatının inkişafının ləng getməsinin səbəblərini aşkara çıxartdı. kənd təsərrüfatındakı geriliyin səbəblərini aradan qaldırmaq üçün qərarlar qəbul etdi. Taxılın satın alınmasına dair 1965-ci il üçün müəyyən edilmiş plan azaldıldı.Kəndlilərə istədiyi kimi mənzil tikmək, istədiyi qədər mal-qara saxlamaq icazəsi verildi. Kəndlilərdə maddi maraq yaratmaq üçün kolxozların dövlətə olan borcları silindi. Belə bir yeni qayda qoyuldu ki, kolxozlardan gəlir vergisi heç də əvvəllər olduğu kimi, ümumi gəlirdən deyil, xalis gəlirdən tutulsun. Kənd yerləri, şəhərlər və şəhərətrafı zonalarda yardımçı şəxsi təsərrüfatlar üzərinə əvvəlki illərdə qoyulmuş lüzumsuz və əsassız məhdudiyyətlər aradan qaldırıldı. Mal-qarası olan şəxslərdən vergi tutulması ləğv edildi, mal-qara sahiblərinə qüvvətli yem satmağa icazə verildi. Kəndlilər yük avtomobilləri ilə yanaşı həm də digər avtomobilləri dövlətdən ala bilərdilər. Kənd təsərrüfatına əsaslı vəsait qoyuluşu artırıldı, kənd təsərrüfatının texniki bazası möhkmələndirildi. Artıq qalan məhsul 50%, bəzən də 100% artıq qiymətlə dövlətə satıla bilərdi. Kolxozçulara pul və kənd təsərrüfatı məhsulu şəklində təminatlı əmək haqqı verilməsi qaydasının tətbiq edilməsi məsləhət görüldü. Kənd təsərrüfatı mütəxəssislərinin və kənddə işləyən müəllimlərin, həkimlərin imtiyazları artırıldı. Onlar mənzillə təmin edilməli, onlara elektrik enerjisi pulsuz verilməli idi. Onların maaşları da çox olmalı idi. Bütün bu tədbirlərdən məqsəd kənd təssərrüfatını, onun məhsuldarlığını sabit sürətlə yüksəltmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın maddi vəziyyətini yaxşılaşdırmaq idi. Sov. İKP MK-nın 1965-ci ilin sentyabr plenumunda isə sənaye ilə əlaqədar məsələ müzakirə edildi. Yüngül, yeyinti, kimya, meşə, kağız, tikinti materialları ölkənin tələbatını ödəmirdi. İdarəetmə işində sahə prinsipinin pozulması sənayenin inkişafına mənfi təsir göstərirdi. Bu plenumda sənayeni idarə etməyin ərazi-istehsalat prinsipindən yenidən sahə prinsipinə keçirildi, xalq təsərrüfatı şuraları ləğv edildi, yenidən nazirliklər yarandı. Müəssisələrdə xüsusi həvəsləndirmə, ictimai-mədəni tədbirlər və mənzil tikintisi fondları təşkil edildi. On üçüncü əmək haqqı verilməyə başladı. Plenum iqtisadiyyata planlı rəhbərlik formalarını və müəssisələrdə təsərrüfatçılığı təkmilləşdirmək işinin üç əsas istiqamətini müəyyən etdi. Bu istiqamətlər aşağıdakılar idi: iqtisadiyyatın dövlət xətti ilə planlaşdırılmasının elmi səviyyəsini yüksəltmək; müəssisələrin təsərrüfat müstəqilliyini və təşəbbüsünü genişləndirmək, təsərrüfat hesabını möhkəmlətmək; qiymət, mənfəət, kredit kimi vasitələrin köməyi ilə istehsalatda iqtisadi həvəsləndirməni gücləndirmək.
Əhalinin asudə vaxtının təşkilinə, onun dispanserləşdirilməsinə, kütləvi bədən tərbiyəsi və idmana xüsusi diqqət yetirilməyə başlandı. Ümumiyyətlə, 1965-ci il plenumlarında irəli sürülürdü ki, iqtisadiyyatı inkişaf etdirməyin ekstensiv metodlarından daha çox intensiv metodlarına üsütünlük verilsin, elmi nailiyyətlərin istehsala tətbiqi gücləndirilsin. Ölkədə sosial sahədə də tədbirlər görüldü. 1966-cı ildə məcburi orta təhsilə keçmək haqqında SSRİ Nazirlər Soveti xüsusi qərar qəbul etdi. Təhsil və səhiyyəyə, təqaüdlərə ayrılan vəsait artırıldı. 1966-cı ildə olmuş Sovet İKP XXIII qurultayında 1966-1970-ci illəri əhatə edən səkkizinci beşillik plan qəbul edildi. Bu beşillik plan SSRİ tarixində «qızıl beşillik» adlandı. Bu beşillikdə SSRİ iqtisadiyyat özünün ən yüksək inkişaf göstəricilərini nümayiş etdirdi.
70-ci illərdə SSRİ artıq xammal və material, enerji və əmək ehtiyatları problemi ilə üzləşməyə başladı. Lazım gəlirdi ki, iqtisadiyyatı inkşaf etdirməyin intensiv yollarına (elmi nailiyyətlərdən istifadə etmək) keçilsin. 1971-ci ildə olmuş partiyanın XXİV qurultayında bu məsələlər öz geniş əksini tapdı. Qurultayda həm də sosial sahəni əhatə edən mühüm qərarlar qəbul edildi. Qurultay partiyanın nizamnaməsində də dəyişiklik edərək «Birinci Katib» sözünü «Baş Katib» sözü ilə əvəz etdi. 70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişafında durğunluq özünü göstərməyə başladı. Ölkənin durğunluq vəziyyətinə düşməsinin səbəbi ilk növbədə iqtisadi vəziyyətin dəyişməsinə vaxtında siyasi qiymət verilə bilməməsi idi. SSRİ-nin silahlanmaya öz büdcəsinin yarıdan çoxunu sərf etməsi də səbəblərdən biri idi.
SSRİ - də olan alimlərin 1/ 3 hissəsi hərbi sahədə çalışırdı. Həmçinin əsrin ən böyük tikintisi hesab edilən Baykal – Amur magistralının (BAM) çəkilişi də ölkəyə çox böyük xərcə başa gəlirdi. Vəziyyəti çətinləşdirən amillərdən biri də SSRİ–nin Şərqi Avropa ölkələrində qoşun saxlaması idi. Digər təsiredici amillərdən biri SSRİ–nin Yaxın və Orta Şərqdə baş verən hadisələrə qarışması, Ərəb ölkələrinə və azadlıq uğrunda mübarizə edən digər ölkələrə kömək etməsi idi. Ölkə daxilində sosial xərclərin artması da durğunluğu səbəb olan amillərdən idi. 1980-ci illərin əvvələrində durğunluq böhran qabağı vəziyyətlə əvəz olundu.
Leonid İliç Brejnev dövrünü bəzən ədəbiyyatda «Neostalinizm», «qızıl əsr» dövrü kimi də qiymətləndirirlər. Bu dövrdə inzibatı amirlik sisteminin yerini inzibatı-bürokratik sistem tutdu. «Kadrların sabitliyi» xətti irəli sürüldü «Partiyanın birliyi uğrunda mübarizə» şüarı altında baş xəttə uyğun gəlməyən hər bir hərəkət heçə endirilirdi. 1976-cı ildə olmuş Sov. İKP-nin XXV qurultayında 1976-1980-ci illəri əhatə edən X beşillik planın direktivləri qəbul edildi. Bu qurultayda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. Partiya aparatı sürətlə şişməyə başladı. Kommunist partiyasının diktaturası hökm sürməyə başladı. Bu, 1977-ci ildə qəbul edilən SSRİ-nin üçüncü konstitusiyasında da öz əksini tapdı. 1982-ci ilin noyabrında L.İ.Brejnev vəfat etdi.
L.İ.Brejnevin Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. L.İ.Brejnevin dövründə SSRİ-nin xarici siyasətində də inzibati-amirlik metodları özünü göstərirdi. SSRİ sosialist ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu ölkələri öz təsiri altında saxlayırdı. 1968-ci ilin avqust ayında SSRİ Varşava müqaviləsinin, Ruminiyadan başqa, iştirakçısı olan dövlətlərin hamısını Çexoslovakiyaya qoşun yeritməyə məcbur etdi. Orada antisosialist qüvvələr zərərsizləşdirildi. Yenidən sosialist sistemi bərqərar oldu. Bu “Praqa baharı” adlandı. 1969-cu ilin martında Çinlə SSRİ arasında münasibətlər kəskinləşdi. Amur çayında yerləşən Damansk adasında silahlı toqquşma baş verdi. Lakin SSRİ 80 dəqiqə ərzində bu toqquşmaya son qoydu. Lazer şüasından istifadə edərək Çin hərbçilərini geri oturtdu. 60-cı illərin sonunda SSRİ ilə ABŞ arasında silahlanmada hərbi paritet yarandı. Dünyanın taleyini həll edən iki dövlət - ABŞ və SSRİ 1972, 1979-cu illərdə strateji silahları məhdudlaşdırmaq haqqında SSM-1 və SSM-2 sazişlərini bağladılar. Sov. KİK-nin 1971-ci ilin mart-aprel aylarında olmuş XXIV qurultayında sovet dövləti öz sülh proqramını elan etdi ki, bunun da əsas müddəaları aşağıdakılardan ibarət idi: - Cənub-Şərqi Asiyada və Yaxın Şərqdə müharibə ocaqlarını ləğv etmək, təcavüzə məruz qalan dövlətlərin və xalqların qanuni hüquqlarına hörmət əsasında bu rayonlarda vəziyyətin siyasi yolla nizama salınmasına kömək göstərmək; - İkinci dünya müharibəsi nəticəsində dünyada əmələ gəlmiş ərazi dəyişikliklərinin qəti şəkildə qəbul edilməsini əsas tutmaq, bu qitədə gərginliyin zəiflədilməsinə və sülhə doğru əsaslı dönüş yaratmaq, Sovet dövləti nüvə silahına malik olan bütün dövlətlərin nüvə silahını tərk etməsinə, nüvə silahına malik olan beş dövlətin – SSRİ, ABŞ, ÇXR, Fransa və İngiltələrinin bu məqsədlə konfranslarının çağırılmasına tərəfdardır. - Sovet İttifaqı əməkdaşlıq etmək istəyən dövlətlərlə bütün sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlıq münasibətlərini dərinləşdirməyə hazırdır, və s… Lakin bu proqram heç də bütün dünya dövlətləri tərəfindən birmənalı qarlışanmadı. 1970-ci ildə nüvə silahını yaymamaq haqqında müqavilənin qüvvəyə minməsində SSRİ-nin böyük rolu oldu. 1971-ci ildə Berlinə dair 4 dövlət sazişi bağlandı. Qərbi Berlinin müstəqilliyi təmin olundu. 1973-cü ilin oktyabrında SSRİ-də ümümdünya sülh konqresi keçirildi. SSRİ 1973-1974-cü illərdə İsrail-Ərəb müharibələrində Ərəb ölkələrinə yaxından kömək etdi. 1975-ci ildə SSRİ-nin fəal iştirakı ilə Helsinki müşavirəsində Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi (ATƏM) təşkilatı yarandı 1994-cü ildən bu təşkilat ATƏT adlandı. 1978-ci ilin sonu 1979-cu ilin əvvəllərində Çin Vyetnama qarşı hərbi müdaxiləyə başlasa da, SSRİ buna imkan vermədi, Vyetnamı müdafiə etdi. 70-ci illərdə SSRİ ilə sosialist ölkələri arasında iqtisadi əməkdaşlıq sahəsində müəyyən müvəffəqiyyətlər qazanıldı. Bu məqsədlə birgə obyektlər tikildi ki, «Dostluq» qaz kəməri onlardan birincisi oldu. «Sülh» energetika sistemi yaradıldı. Əməkdaşlığın genişləndirilməsində QİYŞ mühüm rol oynayırdı. 1971-ci ildə QİYŞ üzvü olan ölkələr 15-20 il üçün nəzərdə tutulmuş sosialist inteqrasiyasının kompleks proqramını qəbul etdilər. 70-ci illərin axırlarında əməkdaşlığın bir sıra sahələrində uzunmüddətli məqsədli proqramlar işlənib hazırlandı və qəbul olundu. 70-ci illərin ikinci yarısında SSRİ-nin və digər sosialist ölkələrinin həyatında çətinliklər artmağa başladı. Bu dövrdə SSRİ inkişaf etməkdə olan «üçüncü dünya» ölkələrinə müxtəlif sənaye, tədris, kənd təsərrüfatı müəssisələrinin tikilməsində, milli kadrlar, həkim, müəllim və başqa mütəxəssislər hazırlanmasında yardım göstərirdi. Lakin Sovet İttifaqı ilə bu ölkələr arasındakı münasibətlərə bir çox amillər mane olurdu. Əgər 60-cı illərin sonundan və 70-ci illərin sonuna qədər olan dövr beynəlxalq gərginliyin zəifləməsi ilə əlamətdar idisə, 70-ci illərin sonundan 80-ci illərin ortalarına qədər olan dövr isə silahların sürətlə artırılması, hələ tarixdə görünməmiş hərbi qarşıdurma ilə yadda qaldı. Bu isə ilk növbədə SSRİ və ABŞ tərəfindən əmələ gəlmiş reallıqlara yeni yanaşmanı tələb edirdi. Beynəlxalq gərginliyin kəskinləşməsinin səbəblərindən biri SSRİ və kapitalist ölkələrinin siyasəti idi. Bu dövrdə Brejnev rəhbərliyi xarici siyasətdə çox böyük səhvlərə yol verdi ki, bu da sovet xalqına olduqca baha başa gəldi. Qarşı tərəfə cavab «raketə raket», «təyyarəyə təyyarə», «tanka tank» xarakteri kəsb etdi. SSRİ silahlı qüvvələri ABŞ-ı ötüb keçdi.
1979-cu ilin dekabrında SSRİ Əfqanıstanda qoşun yerləşdirdi. Bunun üçün öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyin, həmçinin Əfqanıstanda demokratiyanın müdafiə etməyin zəruriliyi «səbəb» kimi irəli sürülürdü. 70-ci illərin sonlarında SSRİ-nin Avropanın sosialist ölkələrində orta mənzilli raketləri yerləşdirməsi, həm də Əfqanıstana qoşun yeritməsi onu dünya ictimaiyyətinin nəzərində nüfuzdan saldı, onun sülh səylərinə inamı ciddi surətdə sarsıtdı. O artıq demokratiyanın dayağı kimi öz mövqeyini itirdi. Bu hadisələrdən sonra 1980-ci ildə Moskvada keçirilən ümumdünya olimpiadasında bir çox dövlətlər iştirak etmədi