10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu


Orta okean silsilələrinin relyefi



Yüklə 60,59 Kb.
səhifə8/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Orta okean silsilələrinin relyefi. Dünya okeanı relyefinin ən əlamətdar elementlərindən biri orta okean silsilələridir. Orta okean silsilələri Dünya okeanı sahəsinin 15,3 faizini tutur. Bu silsilələrə ən tipik misal Atlantik okeanın ortası ilə şimaldan cənuba və ümumiyyətlə, okeanın sahil xətti konfiqurasiyasına paralel uzanan Orta Atlantik silsiləsidir. Bu silsilə şimalda Şimal Buzlu okeanına, cənubda isə şərqə meyl edərək Hind okeanına davam edir. Hind okeanında bu sualtı silsilə öz istiqamətini bir qədər dəyişir. Avstraliya ilə Antarktida arasından keçib qərbdən Sakit okeana daxil olur və Kaliforniya sahillərinə qədər uzanır. Buradan görünür ki, Orta okean silsilələri Yer kürəsində ən böyük məsafədə uzanan (80 min km-dən çox) nəhəng və vahid sualtı dağlar qurşağı yaradır.

Orta okean silsilələrinin vahid oroqrafik-tektonik bir sistem yaratması fikri birinci dəfə sovet alimləri tərəfindən söylənmişdir. Hələ 1954-cü ildə V.V. Belousov, bir qədər sonra Rote Orta Atlantik və Orta Hind okeanı silsilələrinin vahid olmasını güman etmiş, O.K.Leontiyev isə 1955-ci ildə göstərmişdir ki, Şimaldan cənuba uzanan Orta okean silsilələri öz cənub qurtaracağında enlik istiqamətdə uzanan sualtı silsiləyə qovuşaraq, vahid planetar Orta okean silsilələri sistemi yaradır.

Sonrakı illərdə Orta okean silsilələrinə dair zəngin məlumat toplanmış, onların bir çox relyef və geofizik xüsusiyyətləri aşkar edilmişdir.

Orta okean silsilələrinin nisbi hündürlüyü 3-4 km-ə, eni 1000-2000 km-ə çatır. Bu silsilələrin ən xarakter geomorfoloji xüsusiyyətlərindən biri onların oxu boyu rift dərələrinin uzanmasıdır. Bu xüsusiyyət Orta Atlantik və Orta Hind okeanı silsilələri üçün daha səciyyəvidir.

Rift dərəsinin yamacları dik olub tektonik qırılmalara uyğun gəlir. Onlar hər iki tərəfdən asimmetrik quruluşda tirələrlə əhatələnir. Bu tirələrin rift dərəsinə baxan yamacları çox dik, əks yamacları isə mailidir. Bəzən rift dərəsinin quruluşu daha mürəkkəb olur. Nisbətən enli rift dərəsinin oxu boyu daha ensiz ikinci rift dərəsi uzanır. Bu dərə əsas rift dərəsində olduğu kimi, kənarlardan hündürlüyü 100-200 m-ə çatan tirələrlə əhatələnir.

Rift dərələrinin dərinliyi 400-500 m-ə, eni isə 1-2 km-ə çatır və bəzən bundan az, yaxud çox olur.

Rift dərələri zonası daha aktiv vulkanizmi, seysmikliyi və yerin daxilindən gələn istilik cərəyanının böyüklüyünə görə okean yatağından çox fərqlənir.

Orta okean silsilələrinin yamaclarının meyilliyi rift zonasından aralandıqca azalır və çox yerdə tədricən abissal düzənliklərə keçir. Rift zonasında çökmə süxurlara ya rast gəlinmir, yaxud olduqca nazikdir, ondan kənarlara tərəf həmin süxurların qalınlığı bir qədər artır.

Müəyyən edilmişdir ki, rift zonasını təşkil edən maqmatik və mantiya mənşəli süxurların yaşı bir milyon ildən artıq deyil və ondan kənara getdikcə təxminən rift zonasına simmetrik (paralel) şəkildə həmin süxurların yaşı artır və orta okean silsilələrinin ətəyində 20-30 milyon ilə çatır (bəzən bundan artıq olur).

Orta okean silsilələri qurşağında vulkanik dağlar rift zonasında, yamaclara nisbətən daha çoxdur. Zəlzələlərin episentri də ən çox bu zonada cəmlənmişdir. Bu faktlar rift zonasının tektonik cəhətdən daha fəal olmasını göstərir.

Orta okean silsilələri quruluşunun əlamətdar xüsusiyyətlərindən biri də onların bir çox transform qırılmalarla ayrı-ayrı qaymalara parçalanmasıdır. Bu qırılmalar bir qayda olaraq silsilələrə perpendikulyar istiqamətdə uzanaraq, onları tamamilə kəsir, bəzən qonşu abissal düzənliyində davam edir. Transform qırılmalar arasında yerləşən qaymalar silsilələrin ümumi uzanma istiqamətindən bu və yaxud başqa tərəfə meyl edir. Buna görə də istər silsilələrin oxu və burada yerləşən rift dərələri zonası, istərsə də uzaq ətəkləri silsilə boyu bir xətt üzrə yerləşmir. Bu hal demək olar ki, bütün orta okean silsilələrində, xüsusilə Orta Atlantik silsiləsində özünü daha kəskin göstərir. Ayrı-ayrı qaymaların ümumi silsilə planında bir-birinə nisbətən yerdəyişməsi amplitudu 200-300 km-ə çatır, bəzən bundan artıq olur.

Transform qırılmalar quruda olan qırılmaların böyük əksəriyyətindən fərqli olaraq relyefdə özünü aydın göstərir. Onlar silsilələri dərin yarıq kimi kəsib keçir və qraben tipli çox ensiz çökəklər əmələ gətirir. Bu qraben tipli köndələn yarıqlar bəzən nisbi dərinliyi (silsilənin ox hissəsində) 5-6 km-ə çatan, hətta bundan çox olan depressiyalar yaradır. Belə dərin depressiyalara ən tipik misal olaraq Orta Atlantik silsiləsində Romanş (dərinliyi 7 km, Liberiya qarşısındadır), Keyn (dərinliyi 6,1 km, 24° şm.e. dairəsində) qırılmalarını, Cənubi Sakit okean qalxmasında Udinsev (5273 m), Eltanin (5276 m) və s. göstərmək olar. Silsilələrdə, xüsusilə onların ox hissəsində, daha dərin olan bu depressiyalar abissal düzənliklərə davam etmir.

Orta okean silsilələrinin ən yüksək ox hissələrində okeanın dərinliyi əksər halda 500-1500 m-ə qədərdir, lakin bəzən silsilənin səthi bundan da dərində (2-2,5 km) yerləşir. Silsilələrin üzərində yerləşən vulkanların bir qismi su səthindən xeyli ucalan adalar əmələ gətirir. Atlantik okeanın şimal hissəsində isə silsilənin ox hissəsi sanki dəniz səviyyəsindən yuxarı qalxaraq İslandiya adasını yaradır. Rift dərəsi adanın mərkəz hissəsi ilə şimala uzanır. Burada böyük qırılmalar və çat püskürməsi sahələri yerləşir.

Atlantik və Hind okeanlarındakı Orta okean silsilələrindən fərqli olaraq Cənub və Şərq Sakit okean silsilələrində rift dərəsi özünü göstərmir, bəzən silsilənin ox hissi tirələrdən ibarətdir, çox yerdə isə silsilənin səthi hamardır və burada ara-sıra sualtı vulkanlar ucalır.




Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin