10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu



Yüklə 60,59 Kb.
səhifə9/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Okean yatağının relyefi.Dünya okeanın orta dərinliyi 3-4 km-ə qədər olan geniş abissal düzənlikləri okean yatağı adlanır. Bunun sahəsi Yer səthinin təxminən yarısına bərabərdir. Okean yatağı bir sıra çökəklər, yaylalar və silsilələrdən ibarətdir. Orta okean silsilələri Atlantik və Sakit okean yataqlarını iki, Hind okean yatağını isə üç böyük hissəyə bölür.

Beləliklə okean yatağı orta okean silsilələri ilə okeanları əhatə edən materik yamacları arasında yerləşən geniş sahələri tutur. Bundan əlavə okean yatağı, onun üzərində ucalan bir sıra silsilələr ilə ayrı-ayrı çökəklərə bölünür.

Okean yatağının ayrı-ayrı çökəklərə bölünməsi bəzən şərti olur. Bəzi qonşu çökəklər arasında ciddi təbii sərhəd yoxdur. Hind okeanında isə okean yatağının çökəkləri bir-birindən yüksək sualtı silsilələrlə ayrılır.

Okean yatağında ən geniş yer tutan və onun ümumi morfoloji fonunu yaradan abissal düzənliklərdir. Müəyyən edilmişdir ki, qalın yumşaq çöküntü örtüyü olan hamar düzənliklər okean yatağı sahəsinin yalnız 8 faizini tutur. Abissal düzənliklərin sahəsi ya hamar, yaxud dalğalı–təpəli olur. Təpələrin əksəriyyəti vulkan mənşəlidir. Q. Menardın hesablamalarına görə, Sakit okeanda abissal düzənliklər sahəsinin 85 faizə qədəri təpəliklərdən ibarətdir. Təpələrin yüksəkliyi 500 m-ə qədər, ətəyinin diametri isə 5 km-ə qədərdir. Onlar dairəvi, yaxud uzunsov formada olur. Bəzi təpələrin bir neçə zirvəsi var. Uzunsov təpələr bir xətt üzrə yerləşdikdə təpəli tirə, yaxud təpələr cərgəsi əmələ gətirir. Bundan əlavə abissal düzənliklər üzərində xeyli yüksək vulkan massivləri və dağları da ucalır. Vulkan dağlarının bir çoxu su səthindən yuxarı qalxaraq tək adalar, yaxud adalar qrupu əmələ gətirir. Bəzən isə vulkan dağlarının zirvəsi su səviyyəsindən cəmi bir neçə on metr aşağıda yerləşir. Okeanın tropik enliklərində səpələnmış mərcan adalarının bir çoxu bu vulkanların zirvəsində əmələ gəlmişdir.

Okean yatağındakı qalxmalar morfologiyası və mənşəyinə görə bir neçə tipə bölünür:

1. Gümbəzvari qalxmalar və vulkanik silsilələr, 2. Kənar tirələr, 3. Qaymavari silsilələr və massivlər. 4. Akkumulyativ dağlar və tirələr. 5. Mikrokontinentlər.

Gümbəzvari qalxmalar çox uzun, xətti qalxmalardır. Onlar çox hündür olmur. Bu qalxmalar üzərində vulkanik dağlar cərgəsi yerləşir və buna görə də onlar hündürlüyü bir neçə kilometrə çatan sualtı silsilələr əmələ gətirir (Sakit okeanda Havay silsiləsi və s.). Abissal düzənliklərlə keçid zona arasındakı dərin depressiyaları okean tərəfdən əhatə edən, ensiz və səthi qabarıq, geniş (300-500 km-ə qədər), lakin o qədər də hündür olmayan tirələr yerləşir. Bu əslində depressiyalara gömülən bazalt qatın əyilmə zonası qarşısında yaranan qabarıqlığıdır. Bu tirələr yalnız Sakit okean kənarlarındakı depressiyalar qarşısında əmələ gəlmışdir.

Qayma silsilələr okean dibində az yayılmış morfostrukturlardandır. Onlar tektonik qırılmalarla əhatələnən, yamacları dik, düz xətt boyu min kilometrlərlə məsafədə uzanan silsilələrdən ibarətdir (Şərqi Hindistan silsiləsi). Qayma (qaymavari) silsilələrin nisbi hündürlüyü 2-3 km-dən artıq, eni isə on kilometrlərlədir. Yamacları asimmetrik və dikdir, səthi əksər hallarda hamardır. Qayma massivlər, adətən eyni tipli silsilələrdən çox qısa və alçaq olur. Bunlara Sakit okeanda Obruçev və Borodino yüksəklikləri tipik misaldır. Mikrokontinentlər abissal düzənliklər səthindən ucalan, qırışıqlı-faylı quruluşda uzunsov, səthi hamar, yamacları dik, geniş sualtı qalxmalardır. Bu qalxmalar materik tipli yer qabığına malik olduğundan mikrokontinent adlandırılmışdır.

Mikrokontinentlər , aseysmik sahələr olub, əsasən Hind okeanında müəyyən edilmişdir (Kergelen və Qərbi Avstraliya silsilələri, Aqulyas yüksəkliyi).

Okean yatağı səthində suyun dib sirkulyasiyası fəaliyyəti ilə, müəyyən sahələrdə yumşaq çökmə süxurların toplanması nəticəsində, alçaq və qısa akkumulyativ düzənliklər əmələ gəlir. Belə tirələr son zamanlar Atlantik okeanında aşkar edilmişdir.

Yuxarıda göstərilən böyük relyef formaları ilə yanaşı, okean dibində bir sıra müxtəlif mənşəli başqa relyef formaları da aşkar edilmişdir. Bunlara özünü relyefdə aydın göstərən qırılmalar, kiçik depressiyalar, sualtı dağlar, suspenziya axını yatağı və s. misal göstərmək olar. Bu formalardan ən geniş yayılanı sualtı dağlardır. Son zamanlara qədər okean dibində on mindən artıq sualtı dağ aşkar edilmişdir. Bunların əksəriyyəti vulkan mənşəli, bir qismi isə qaymalı dağlardır. Bu dağların da çox hissəsi okean yatağında yerləşməklə, onun relyefini kələ-kötür hala salır. Dağların mütləq yüksəkliyi çox müxtəlifdir (1 km-dən 3 km-ə qədər). Sakit okeanın abissal düzənliklərində bunlar xüsusilə geniş yayılmaqla, bəzən başqa sahələrdən kəskin fərqlənən sualtı relyef əmələ gətirir. Onlar ya pərakəndə halda səpələnmiş, yaxud müəyyən xətt üzrə yerləşmişdir.

Abissal düzənliklərdəki qırılmalar relyefdə ensiz qalxmalar, pillələr, yaxud depressiyalar əmələ gətirir. Atlantik və Sakit okeanlarda bunlar daha çox rast gəlinir. Atlantik okeanda abissal düzənliklərdəki qırılmaların demək olar ki, hamısı orta Atlantik silsiləsini köndələn kəsən transform qırılmalardır. Sakit okeanın geniş şimal-şərq çökəklərindəki qırılmalar bir-birinə paralel istiqamətdə min kilometrlərlə uzanır. Onlar şərqdə Şimali Amerika materiki sahillərinə qədər uzanır (Mendonsino, Merrey, Klarion, Molokon və i.a.), bəziləri isə qurudakı fəal qırılmalara keçir.

Dünya okeanının ayrı-ayrı hissələri (okeanlar) arasında relyefin morfogenetik cəhətdən oxşar cəhətləri olmasına baxmayaraq fərqli cəhətləri də çoxdur.

A t l a n t i k o k e a n ı başqa okeanlardan böyük relyef formalarının yerləşməsinə görə kəskin fərqlənir. Burada okean dibi relyefinin böyük formaları simmetrik şəkildə yerləşir. Okeanın uzanma oxu boyunca Orta Atlantik silsiləsi və onun hər iki tərəfində silsiləyə paralel uzanan okean yatağı çökəkləri yerləşir. Okean yatağı çökəkləri bir-birindən sualtı astanalar, yayla və yüksəkliklərlə ayrılır

Orta Atlantik silsiləsi şimalda İslandiya adasından cənubda yerləşən və cənuba tərəf bir qədər ensizləşən Reykyanes silsilələrindən (bu relyefinin nisbətən sadəliyi ilə seçilir) ibarətdir. Bu silsilə cənubda eyni adlı dərin köndələn qırılma zonasında qurtarır. Bu qırılma zonasından cənubda silsilənin davamı Reykyanes silsiləsinin qurtaracağından 500 km şərqdə başlanır. Buradan Ekvatora qədər silsilə Şimali Atlantik silsiləsi, Ekvatordan cənubda isə Cənubi Atlantik silsiləsi adlanır. Silsilənin ən xarakter əlamətləri onun ox zonası üzrə rift dərəsinin yerləşməsi və çoxlu miqdar transform qırılmalar arasında bir-birinə nisbətən şərqə, yaxud qərbə tərf öz yerini (üfüqi hərəkət nəticəsində) dəyişən iri qaymalardan ibarət olmasıdır. Silsilə üzərində çoxlu vulkan dağları ucalır. Bəzi vulkanlar su səthindən yuxarı qalxaraq adalar əmələ gətirir (San-Paulu, Voznesenski və s. adalar).

Orta Atlantik silsiləsi ilə Şimali və Cənubi Amerika materikləri arasında Labrador, Nyufaundlend, Şimali Amerika, Qviana, Braziliya, Argentina çökəkləri (abissal düzənlikləri) yerləşir. Bunlardan ən böyükləri Şimali Amerika, Braziliya və Argentina çökəkləridir. Axırıncı iki çökəklik arasında sərhəd daha aydındır (bu sərhəd sualtı Riu-Qrandi yüksəkliyi üzrə keçir). Orta Atlantik silsiləsindən şərqdə Qərbi Avropa, Kanar, Yaşıl Burun və Qvineya, Anqola və Kap çökəkləri yerləşir. Yaşıl Burun və Qvineya çökəkləri arasında Syerra-Leone yüksəkliyi, Anqola və Kap çökəkliyi arasında Balina sualtı silsiləsi uzanır. Abissal düzənliklərin əksəriyyətinin relyefi sualtı dağlar, yüksəkliklər və tirələrlə çox parçalanmışdır. Yalnız Argentina çökəkliyinin dibi xeyli hamardır.

H i n d o k e a n ı n dib relyefi daha mürəkkəbdir. Burada bir sıra sualtı silsilə və çökəklər aşkar edilmişdir. Cənubi Atlantik silsiləsi 40-60 dərəcə cənub enlikləri arasında tədricən cənub-şərqə meyl edərək enlik istiqamətdə uzanan Afrika-Antarktida silsiləsi ilə əvəz olunur. Bu silsilə şimal-şərq istiqamətdə uzanan Qərbi Hind silsiləsinə keçir. Bir neçə paralel silsilədən ibarət olan Qərbi Hind silsiləsi cənub tropiki altında (75° şərq en dairəsi rayonunda) Mərkəzi Hind dağlarına keçir. Ərəb-Hind sualtı silsiləsi Mərkəzi Hind silsiləsinin şimal-qərbə davamıdır. Bu Ədən körfəzinə qədər uzanır. Mərkəzi Hind silsiləsi isə cənub-şərqdə enlik istiqamətli Avstraliya-Antarktida qalxmasına qədər uzanır.

Ərəb-Hind və Mərkəzi Hind silsilələrində transform qırılmalar bir-birinə o qədər yaxın yerləşmişdir ki, onların arasında qalan qaymalar, sanki ümumi silsilə istiqamətinə köndələn silsilələr əmələ gətirmişdir. Buna görə həmin silsilənin ümumi uzanma istiqaməti boyu az-çox böyük məsafələrdə davam edən boyuna silsilələr yalnız ayrı-ayrı yerlərdə nəzərə çarpır. Bütün Orta okean silsilələri arasında Orta Hind okeanı silsiləsi qırılmalarla daha çox parçalanmışdır. Okeanın şərq hissəsində 90° şərq uzunluğu üzrə, şimaldan cənuba 3000 km məsafədə Şərqi Hind silsiləsi uzanır. Göstərilən silsilələr Hind okeanı yatağını bir sıra çökəkliklərə ayırır. Bunlar cənub-qərbdə və qərbdə Aqulias, Mozambik, Madaqaskar, Maskaren və Somali çökəklərindən ibarətdir. Çökəklər bir-birindən sualtı silsilələr (Mozambik və Madaqaskar silsilələri), yüksəkliklər və vulkanik dağlar cərgəsi ilə ayrılır.

Ərəb-Hind silsilələrindən şimalda Ərəbistan çökəkliyi, Maldiv və Şərqi Hind silsilələri arasında Mərkəz çökəklik, okeanın şərq hissəsində isə Kokos və Qərbi Avstraliya çökəklikləri yerləşir. Göstərilən çökəkliklərin bir sırasında abissal düzənliklərin xeyli hissəsi, əsasən hamar səthə malikdir. Bununla yanaşı çökəklər daxilində ara-sıra vulkan dağlarına, nisbətən qısa silsilələrə və geniş təpəlik sahələrə rast gəlmək mümkündür. Kokos və Qərbi Avstraliya çökəkliklərinin geniş sərhəd sahəsi silsilələr və vulkan dağları ilə daha çox kələ-kötür vəziyyətə salınmışdır.

Atlantik və Hind okeanlarının cənub bölməsində bir-birindən Kergelen silsiləsi ilə ayrılan Afrika-Antarktida və Avstraliya-Antarktida çökəkləri yerləşir. Bu çökəklərin dibi əsasən hamar abissal düzənliklər olsa da, onların ayrı-ayrı hissələrində sualtı yüksəkliklər və vulkan dağları var.

S a k i t o k e a n ı n yatağı, burada yerləşən yüksəkliklər və çökəkliklərlə birlikdə, onun sahəsinin yarıdan çoxunu (63%) tutur. Orta okean silsiləsi və başqa silsilə və yüksəkliklər sistemi okean yatağını bir sıra çökəklərə bölür.

Sakit okeana orta okean silsiləsi, Hind okeanında olduğu kimi, cənub-qərbdən daxil olur və şimal-şərq istiqamətdə Kaliforniya sahillərinə qədər davam edir.

Buna görə okean yatağı birinci növbədə iki böyük hissəyə bölünür. Orta Sakit okean çökəkliyindən qərbdə bu okean yatağının 70 faizdən çoxu, cənub-şərqdə isə qalan hissəsi yerləşir. Cənub-şərqdə ən böyük relyef formaları Bellinshauzen, Çili və Peru çökəkləridir.

Bellinshauzen çökəkliyinin dibi nisbətən parçalanmış abissal düzənliklərdən ibarətdir. Bu Çili çökəkliyindən enlik istiqamətdə uzanan qalxmalar, dağlar və nisbətən kiçik çökəklər qurşağı ilə ayrılır. Sahəsi xeyli kiçik olan Çili çökəkliyi eyni adlı böyük sualtı yüksəkliklə Pasxi qırılması zonası boyunca uzanan yüksək (3000-4000 m-ə qədər) Sala, Homes və ondan şimal-şərqdə uzanan Naska silsilələri arasında, Peru çökəkliyi isə bu axırıncı iki silsilədən şimalda yerləşir. Yüksəkliklər və silsilələr üzərində bir sıra sualtı vulkan dağları ucalır. Pasxi adası belə uca sualtı vulkan dağlarından biridir.

Sakit okeanda ən böyük çökəklik şimal-şərq çökəkliyidir. Bu Şimali Amerika ilə Havay silsiləsi, Layn və Tuamotu qalxması arasındakı olduqca böyük sahəni tutur. Şimal-şərq çökəkliyi relyefinin əsas elementləri, əsasən enlik istiqamətdə uzanan bir sıra paralel qırılmalar sistemi zonasında yerləşən qaymavari silsilə və depressiyalar, vulkanik dağlar qrupu və silsilələridir. Bunlar çökəkliyin şimal hissəsində saysız-hesabsız olub, abissal düzənliyin səthini çox kələ-kötür hala salmışdır.

Sakit okeanın cənub hissəsində Cənub çökəklik, orta hissəsində Mərkəz çökəklik, şimal-qərbində isə Şimal-qərb çökəkləri yerləşir. Mərkəz çökəklikdən qərbdə sahəsi xeyli kiçik olan Melaneziya, Şərqi Marian, Qərbi və Şərqi Karolina çökəkləri yerləşir. Cənub çökəklik müstəsna olmaqla, çökəklərin relyefi olduqca mürəkkəbdir. Çökəklərin əksəriyyəti bir-birindən, zirvələrində mərcan adaları qrupu yerləşən sualtı silsilələr, yayla və tirələrlə ayrılır.

Ş i m a l B u z l u o k e a n sahəsinin yarıdan çoxu materik tipli yer qabığına malik olan şelfdən və dərinliyi 500-600 m-ə çatan kənar dənizlərdən ibarətdir. Bu dənizlərdə okean yatağına yaxın bir sıra böyük adalar qrupu (Şpisbergen, Frans İosif torpağı, Severnaya Zemlya) yerləşir. Materik tipli yer qabığı sahəsi əsasən bu okeanın Avrasiya bölməsindədir.

Okean yatağı Şimal Buzlu okeanın Mərkəz və Kanada bölməsi sahələrini tutur. Burada okean dibi strukturu mürəkkəb olmaqla bir sıra morfostrukturlardan ibarətdir.

Islandiya adasından şimalda, Orta Atlantik silsiləsi şimala davam edərək, sualtı İslandiya silsiləsinə keçir. Silsilə şərqdən dib relyefi çox kələ-kötür olan Norveç çökəyi ilə (bu o qədər də dərin deyil, 3-3,9 km), qərbdən Qrenlandiya dənizindəki ensiz depressiya və sualtı qalxmalar zonası ilə əhatələnir.

Islandiya sualtı silsiləsinin şimala davamı Yan-Mayen köndələn qırılma zonasında 300-400 km şərqə meyl edərək Yan-Mayen adası sahəsinə qədər yerini dəyişmişdir. Buradan şimala Orta okean silsiləsi şərqə çıxıntısı olan dirsək əmələ gətirir və Şpisbergen adalarından cənub-qərbdə Şpisbergen transform qırılmasında qurtarır. Yan-Mayen adasından Şpisbergen yaxınlığına qədər sualtı silsilənin cənub hissəsi Mon, şimal hissəsi Knipoviç silsiləsi adlanır. Hər iki silsilə rift dərəsi və transform qırılmalarla parçalanmışdır. Burada silsilənin oxuna paralel uzanan yan silsilələr də relyefi xeyli kələ-kötür hala salır. Mon və Knipoviç silsiləsinin nisbi hündürlüyü 2,5-3,5 km-ə çatır. Şərqdən və qərbdən silsilələr dibi parçalanmış çökəklərlə əhatə olunmuşdur.

Şpisbergen transform qırılması üzrə Şimali Atlantik sualtı silsiləsinin şimal davamı 1000 km-dən artıq bir məsafədə qərbə (şimal-şərqi Qrenlandiya sahilinə tərəf) meyl etmişdir. Bu qırılmadam şimala silsilə Şimal Buzlu okeana daxil olur və Novosibirsk adaları istiqamətində uzanaraq, Orta Şimal Buzlu okean silsiləsini əmələ gətirir.

Morfoloji əlamətinə görə bu silsilə Orta Atlantik silsiləsindən o qədər də fərqlənmir. Burada silsilə oxu üzrə rift dərəsi uzanır. On-on iki böyük və bir çox kiçik amplitudlu transform qırılmalar silsiləsini bir çox qaymalara bölür. Silsilənin nisbi hündürlüyü 2,5-3 km-dən artıqdır. Onun mərkəz hissəsində sovet tədqiqatçılarının aşkar etdiyi rift dərəsi, Sedov dərəsi, bütün silsilə ilə Qakkel silsiləsi adlanır. Materik dayazlığında silsilənin rift zonası davamı cavan çöküntülərlə dolmuş və Lena çayı deltasına qədər uzanan qraben sisteminə keçir.

Yuxarıda göstərilən bütün silsilələr yüksək seysmikliyi ilə seçilir. Burada həmçinin sönmüş və fəaliyyətdə olan sualtı vulkanlar da çoxdur.

Qakkel silsiləsi hər iki tərəfdən nisbətən ensiz okean yatağı çökəkləri ilə əhatə olunur. Cənubdakı Nansen çökəkliyi (3975 m), şimaldakı Amundsen çökəkliyindən (4354 m) bir qədər dayazdır. Hər iki çökəkliyin dibi az kələ-kötürdür.

Amundsen çökəkliyi Qrenlandiya-Novosibirsk adaları istiqamətində düzxətt boyu uzanan Lomonosov silsiləsi ilə əhatələnir. Bu silsilə Şimal qütbündən keçir. Orta okean silsilələrindən istər strukturuna, istərsə də morfolofiyasına görə kəskin seçilir.

Lomonosov silsiləsində yer qabığı xeyli qalın olub (20 km) materik tipinə yaxındır. Burada transform qırılmalar, rift dərəsi, vulkanlar müşahidə edilmir. Silsilədə zəlzələ ocaqları da qeydə alınmamışdır.

Lomonosov silsiləsi onu əhatə edən Amundsen və Makarov çökəkləri dibindən orta hesabla 3 km hündürə qalxır.

Makarov çökəkliyi ilə, Şimal Buzlu okeanda sahəsinə görə ən böyük çökəklik olan Kanada çökəkliyi arasında əsasən bir sıraya düzülmüş, uzunsov sualtı qalxmalardan (yayla və qısa dağlardan) ibarət olan Mendeleyev silsiləsi uzanır. Bu silsilədən Kanada abissal düzənliyi istiqamətdə bir sıra enli və nisbətən qısa tirələr ayrılır.

Başqa okeanların abissal düzənliklərindən fərqli olaraq Şimal Buzlu okeanı abissal düzənliklərinin və xüsusilə Kanada çökəkliyinin səthi əsasən hamardır. Burada təpələr, vulkan dağları, tirələr çox seyrəkdir, geniş sahələ isə heç rast gəlinmir.


112. Postvulkanik (vulkanizmdən sonrakı) hadisələr

Vulkanik sahələrdə relyefin destruksiya formaları. Vulkan mənşəli relyef, müsbət relyef forması kimi formalaşmağa başladığı andan müxtəlif xarici amillərin təsirinə məruz qalır. Vulkan yerləşdiyi qurşağın iqlimindən asılı olaraq eroziyaya, deflyasiyaya, abraziyaya, qar və buzların təsirinə məruz qalır. Lakin vulkan fəaliyyətinin aktiv mərhələsində bu amillər nə qədər qüvvətli olsalar da, onun morfologiyasında əhəmiyyətli bir dəyişiklik yarada bilmir. Bu mərhələdə vulkan konusu yamacında əmələ gəlmiş kiçik radial şırımlar və böyük barrankolar təkrar püskürmə zamanı lava, vulkan külü, bombaları, ləpilli və başqa qırıntı məhsulları ilə dolur.

Püskürmə partlayışla baş verdikdə konus üzərinə atılan külli miqdarda qırıntı məhsullar konusun yamacındakı erozion formaları ani bir vaxtda dolduraraq, onların izlərini tamamilə itirir, vulkan konusu yenidən öz tipik vulkonogen formasını bərpa edir. Bu hal, əlbəttə, kiçik fasiləli sakitlik dövrü keçirməklə, aktiv fəaliyyətdə olan vulkanlar üçün xasdır. Fasilə çox uzun, təkrar püskürmənin yer səthinə atdığı qırıntı məhsulun və lavanın həcmi az olduqda, iri və dərin erozion şırımların izi tamamilə itmir. Vulkan konusu tədricən öz tipik vulkonogen formasını dəyişir.

Xarici amillər müxtəlif olduğuna görə, onlar vulkan konusu üzərində müxtəlif destruksiya mikrorelyef formaları əmələ gətirir və ayrı-ayrı iqlim şəraitində vulkan konusunun əks təkamülü müxtəlif yollarla gedir. Lakin bu yollar nə qədər müxtəlif olsa da, sabit tektonik şəraitdə və vulkan fəaliyyəti təkrarlanmadıqda, onun tamamilə dağılıb məhv olması ilə nəticələnir



Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin