13 iyun 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi
Nümayəndəliyində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi Bəxtiyar
Əsgərov ulu öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıtmasından başlamış, 1993-
cü ilin iyununda xilaskar missiyası ilə Naxçıvandan Bakıya gəlməsinədək olan dövrlər haqqında ətraflı
məlumat vermişdir.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müasir müstəqil dövlətimizin qurulmasında və
möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən B.Əsgərov
xatırlatmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana rəhbərlik etmiş qüvvələrin səriştəsizliyi
və bacarıqsızlığı müstəqilliyini yeni bərpa etmiş ölkəmizi uçuruma doğru aparırdı. 1993-cü ilin iyununda
böhran son həddə çatmış, ölkə parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır,
taleyüklü məqamda xalqımız birləşərək öz iradəsini ortaya qoymuş, təkidlə Ümummilli Liderin hakimiyyətə
qayıdışını tələb etmişdi. Azərbaycan xalqının səsinə səs verən Ulu Öndər iyunun 15-də hakimiyyətə qayıdışı
ilə ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoydu. Öz uzaqgörən və müdrik siyasəti ilə xalqı düşdüyü
ağır vəziyyətdən, Azərbaycanı isə dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək böyük tarixi
missiyanı şərəflə yerinə yetirdi.
B. Əsgərov qeyd etmişdir ki, Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən dərin siyasi
böhrandan qurtulması məhz Ulu Öndərin hakimiyyətə qayıdışı sayəsində mümkün olmuşdur. Ümummilli
lider Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq istinad etdiyi rasional seçim strategiyası və
bunun fonunda atdığı mühüm strateji addımlar hesabına ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli
şəkildə neytrallaşdıra bildi. Çox keçmədən respublikamızda ictimai-siyasi sabitlik bərpa olundu, vətəndaş
müharibəsinin qarşısı alındı, separatçı qüvvələr zərərsizləşdirildi, demokratik dövlət quruculuğu prosesinə
başlanıldı. Ölkəmizin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı.
Müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə
söykənən qabaqcıl ideologiya dövlət quruculuğu prosesinin aparıcı siyasi xəttinə çevrildi. Dahi şəxsiyyətin
xarici siyasətdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, ən mühüm
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti
dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-
normativ sənədlərdə öz əksini tapdı. Azərbaycan dünya birliyinin layiqli üzvünə çevrildi.
Vurğulanmışdır ki, Ulu Öndər hakimiyyətinin hər iki dövründə ümumxalq mənafeyindən çıxış etmiş
və bu amal uğrunda əlindən gələni əsirgəməmişdir. Məhz buna görə də Heydər Əliyev hələ sağlığında
Azərbaycan xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir.
1993-cü il 15 iyun gününün müstəqillik salnaməsinə şanlı və parlaq səhifə kimi yazıldığını vurğulayan
B.Əsgərov bu tarixi, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günü kimi səciyyələndirmişdir. O
qeyd etmişdir ki, Heydər Əliyev irsinə müasir dövrümüzdə böyük maraq və məhəbbətin yaranması, Ulu
Öndərin siyasi fəaliyyətinin daha dərindən araşdırılması məhz bu amillərdən qaynaqlanır.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi diqqətə çatdırmışdır ki,
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.
B.Əsgərov, həmçinin Naxçıvan Muxtar Respublikasının inkişafının hər zaman ümummilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulamışdır. O, son vaxtlar muxtar
respublikanın sürətlə inkişafının təmin edilməsi istiqamətində Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə
həyata keçirilən tədbirlər, irimiqyaslı quruculuq işləri barədə də ətraflı məlumat vermişdir.