14 noyabr 2022-ci il məlumatı: İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.
Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Eyni zamanda müəyyənləşdirilib ki, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.
Həmçinin müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.
Azərbaycan Respublikasının vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İran adlanan dövlətin Azərbaycana qarşı açıq düşmənçilik siyasəti, təxribatları, mənfur əməlləri davam edir. Görünən budur ki, şovinist fars rejimi dayanmaq niyyətində deyil. İran rəhbərliyi səfirliyimizdə yanvarın 27-də törədilən, mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, iki əməkdaşın isə hücumun qarşısını alarkən yaralanması ilə nəticələnən terror aktına görə Azərbaycandan üzr istəmək əvəzinə, ölkəmiz əleyhinə yeni-yeni planlar qurur. Azərbaycana zərər vurmaq üçün bütün vasitələrə əl atır. Səfirliyimizdə törədilən terror aktı da molla rejiminin ölkəmizə qarşı uzun müddətdir davam edən xain, mənfur siyasətinin nəticəsi idi. Fars rejimi hansı donu geyindirməyə çalışmasından asılı olmayaraq bu silahlı hücum tamamilə siyasidir, dövlət terrorudur və məsuliyyətini də birbaşa İran hakimiyyəti daşıyır. Molla rejiminin Azərbaycanda təsir rıçaqları yaratmaqla daxildə iğtişaşlar, qarşıdurma, terror aktları törətməyi hədəfləməsi də heç kimə sirr deyil. Son bir neçə gün ərzində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində İranın casus şəbəkələrinin ifşası bir daha bunu sübut edir. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Rəsmi məlumatlara əsasən, əməliyyat keçirilən məkanlar arasında "SalamNews" informasiya agentliyi və "İnterAz" da var. Saxlanılanlardan biri də "Hacı Mətləb" kimi tanınan qeyd edilən media qurumlarının sahibi Mətləb Bağırovdur.
Adıçəkilən media vasitələrinin İranın təsiri altında olduğu, bu ölkənin təbliğatçısına çevrildiyi bəlli idi. Amma görünür, onlar bir qədər də "irəli" gedərək molla rejiminin xain planlarına ortaq olublar. Qeyd edilən faktlar molla rejiminin ölkəmizdə media sahəsində təsir imkanlarını və fəaliyyətini genişləndirmək niyyətlərindən xəbər verir. Azərbaycanda fəaliyyət göstərən İranın casus şəbəkəsinin bütün üzvləri aşkar edilərək cəzalarını almalıdırlar. Bu sıraya İranla bağlı olan, terror dövlətini dəstəkləyən, onun təbliğatçısına çevrilən bəzi media qurumlarındakı şəxslər də daxildir. Çünki faktlar göstərir ki, İranın casus şəbəkələrinin kökləri dərinə gedir, terror dövləti regionlarımıza da nüfuz edə bilib.
İranın Azərbaycanda casus şəbəkələri yaratması, onların vasitəsilə terror aktları həyata keçirmək, iğtişaşlar yaratmaq niyyəti birinci dəfə deyil. Dəfələrlə belə qanlı planların qarşısı Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığı, sayıqlığı nəticəsində alınıb. Təkcə ötən ilin noyabrında Azərbaycanda İranın iki böyük casus şəbəkəsi aşkarlanaraq, zərərsizləşdirildi. Rəsmi məlumatlardan aydın oldu ki, İran rejimi Azərbaycanın əsas strateji obyektləri, hərbi imkanları və s. haqqında məlumatlar əldə etmək, gələcəkdə bu məlumatlar əsasında təxribatlar törətmək üçün planlar hazırlayırmış. İranın məlum terror fəaliyyətinin, casus şəbəkələrinin qarşısının alınması, vaxtında aşkarlanması dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. İranın əməlləri, ölkəmizdə qarışıqlıq yaratmaq üçün qurduğu planlar, casus şəbəkələri yaratması bu dövlətin nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoyur. İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən çıxış etməyib. Dindən öz çirkin məqsədləri üçün istifadə edib, gənclərin beyinlərini yumaqla, məzhəb ayrımçılığı yaratmağa çalışmaqla Azərbaycanı təhlükəli vəziyyətə salmağa cəhd göstərib. Təəssüf ki, Azərbaycanın bəzi vətəndaşları pula, yaxud dini duyğularını, hisslərini istismar etməklə İran tərəfindən ələ alınır. Bu, da olduqca narahatlıq doğuran məqamdır.
Xarici medialar da bu məqamlara diqqət çəkir. Məsələn, Türkiyənin "Diriliş Postası" nəşri yazır ki, İran Azərbaycana "şiş informatorları" adı altında 3500 agenti sızdırıb. Onlar ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki, hərbi və diplomatik sahələrdə Tehrana xidmət etməli olan şiə agentləri idi. Azərbaycan kəşfiyyatı 1997-2011-ci illər üçün fəaliyyəti xüsusi proqram çərçivəsində həyata keçirilən agentləri müəyyən edib. Lakin 700 agent Azərbaycanı tərk edə bilib. 1996-cı ildə İranda "Azərbaycan masası" adlı xüsusi bölmə yaradılıb. İlk addım olaraq İran xüsusi xidmət orqanlarının "Şaziman-ı İttilaat" və İran İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşlarından Azərbaycanın coğrafiyası, dili və mədəniyyəti üzrə xüsusi təlim keçmiş 4000 kəşfiyyatçı seçilib. Onların hamısı Bakıya azərbaycanlı qadınlarla evlənərək daxil olublar. Azərbaycan qanunlarına əsasən, evləndikdən 5 il sonra vətəndaşlıq almaq hüququ sayəsində daha çox imkanlar əldə edən İran agentlərinin vəzifə təlimatları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji yerlərə göndərilib. Bəzi agentlər kommersiya sferasında işlədilsə də, digərləri mülki və hərbi diplomatiya, siyasət, QHT-lər, mədəniyyət, incəsənət və ilahiyyat kimi sahələrə nüfuz ediblər. Azərbaycanın Tehrandakı səfirliyinə qanlı basqın həyata keçirən Yasin Hüseynzadənin də həmin komandadan olduğu müəyyənləşib. Urmiyada kitab satıcısı olan qardaşı Rəhman Hüseynzadənin İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatında xüsusi vəzifələri var. Səfirliyə hücum planında bütün əməkdaşların öldürülməsi nəzərdə tutulurdu. Azərbaycan diplomatlarının və təhlükəsizlik qüvvələrinin müqaviməti bu planı alt-üst etdi.
İran daim Azərbaycan əleyhinə xain planlar hazırlayır, ölkəmizə, insanlarımıza zərər vurmağa çalışır. Amma öz vətəndaşlarımız bu planın bir hissəsi olub, vətənə xəyanət etməməlidirlər. Çünki heç bir səbəb insanı vətənə xəyanət etməyə, başqa ölkənin casusuna çevrilməyə vadar edə bilməz. Azərbaycanın xüsusi xidmət, hüquq mühafizə orqanları nə dərəcədə peşəkar, ayıq-sayqı olmalarına baxmayaraq, bu terror dövlətinin ölkəmizə ziyan vurmaması üçün bütün vətəndaşlarımızın gözü açıq olmalı, şeytan rejiminin fitnə-fəsadına aldanmamalı, hər hansı şirnikləndirici təklifi dövlətin, vətənin maraqlarından, mənafeyindən üstün tutmamalıdırlar.