173 Tarix və onun problemləri, №3 2013



Yüklə 136.74 Kb.
PDF просмотр
tarix16.07.2017
ölçüsü136.74 Kb.

Müasir dövr                                                                      173 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



NƏSIMI RZAYEV 

BDU-nun Tarix fakultəsinin doktorantı 

E-mail: rz.nasimi@yahoo.com 

 

1951-52-CI ILLƏRDƏ İRAN NEFTI ILƏ BAĞLI 

BEYNƏLXALQ BÖHRAN VƏ ABŞ HÖKUMƏTININ TƏDBIRLƏRI 

 

Açar sözlər: Milliləşdirmə, İngiltərə-İran neft şirkəti, Müsəddiq, beynəlxalq böhran 

Ключевые слова: национализация, Англо-Иранская нефтяная компания, Мусаддиг, 

международный кризис 



Key words: Nationalization, Anglo-Iranian Oil Company, Mosaddeg, international crisis 

 

İranda  1949-cu  ildən  başlayan  milli  hərəkat  1951-ci  ilin  əvvəllərindən  etibarən  daha 



ciddi bir mərhələyə daxil oldu. Milli Cəbhə təşkilatının yaradıcısı və milliləşdirmə hərəkatının 

lideri  Məhəmməd  Müsəddiqin  Baş  nazir  təyin  olunmasından  sonra  əvvəlki  dövrlərdə  sadəcə 

ideya  olaraq  ortaya  atılan  İran  sərvətlərinin,  xüsusilə  neftin  milliləşdirilməsi  məsələsi  artıq 

reallığa çevrilməyə başlamışdı. Britaniya hökuməti İngiltərə-İran neft şirkətinin milli hökumət 

tərəfindən  milliləşdirilərək  “İran  milli  neft  şirkəti”nin  yaradılmasına  etiraz  olaraq  İrandan 

Beynəlxalq Məhkəməyə şikayət etmişdi. Britaniyanın İrandan beynəlxalq bir quruma şikayət 

etməsi ilk dəfə baş vermirdi. Belə ki, hələ 1901-ci ildə britaniyalı Uiliam Noks Darsy və İran 

şahı  Müzəffərəddin  arasında  bağlanmış  neft  konsesiya  müqaviləsini  İran  hökuməti  1932-ci 

ildə  ləğv  etdiyi  zaman  da  Britaniya  hökuməti  İrandan  Millətlər  Cəmiyyətinə  şikayət  etmişdi. 

[1,  s.111]  Beynəlxalq  Məhkəmənin  çıxardığı  qərara  görə  İran  bu  tədbirləri  dayandırmalı  idi. 

Lakin  Müsəddiq  hökuməti  həmin  qərara  etiraz  edərək  Məhkəmənin  bu  məsələyə  dair  qərar 

vermək  səlahiyyətinə  malik  olmadığını  bəyan  etdi.  İranın  Beynəlxalq  Məhkəmənin  qərarına 

əhəmiyyət verməməsi onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirdi. Britaniyanın 

Xarici  İşlər  naziri  Herbert  Morrison  İrandakı  vəziyyətin  dözülməz  olduğunu  bildirərək, 

Birləşmiş Krallıq donanmasının Abadanın çox yaxınlığında olduğunu, iranlıların öhdəliklərini 

yerinə  yetirmədiyi  təqdirdə  hərəkətə  keçəcəklərini  bəyan  etmişdi.  Morrisonun  bu  açıqla-

masından  sonra  ABŞ  prezidenti  Trumenin  narahatlığı  daha  da  artmışdı.  Onu  ən  çox  narahat 

edən ABŞ ilə Britaniya arasında “Müsəddiqlə necə razılığa gəlməli” məsələsi üzərində muza-

kirələrin  gərginləşməsi  idi.  Aradakı  narazılıq  üzündən  Şimali  Atlantika  İttifaqı  iki  hissəyə 

parçalana  bilərdi.  Britaniya  hökuməti  Morrison  başda  olmaqla  ABŞ-ı  İranla  bağlı  məsələdə 

kifayət  qədər  qəti  mövqe  tutmamaqda  ittiham  edirdi.  İki  ölkə  arasında  bu  məsələ  ilə  bağlı 

dərin  fikir  ayrılıqları  var  idi.  Trumen  Britaniya  nümayəndə  heyətinin  İran  hökuməti  ilə  baş 

tutan  danışıqlarının  uğursuzluğundan  təəssüflənsə  də  danışıqlar  prosesinin  davam  etdiril-

məsində  israr  edirdi.  Daha  bir  cəhd  olaraq  Prezident  Müsəddiqə  ABŞ-ın  vasitəçiliyini  təklif 

etdi.  Bu  məqsədlə  iyul  ayının  8-də  Müsəddiqə  məktub  ünvanlayaraq  İran-Britaniya  arasında 

olan ziddiyyətlərin nə dərəcədə ciddi xoşagəlməz nəticələr verəcəyini qeyd etmişdi. Dövlətlər 

arasında  danışıqlar  prosesinin  dayandırılmasından  təəssüfləndiyini  vurğulayan  Prezident 

Beynəlxalq  Məhkəmənin  önəmli  qərarının  icrasını  tövsiyyə  edirdi.  Məktubun  sonunda  Tru-

men yazırdı: “Cənab Baş nazir, sizə bu vəziyətdə kömək edəcək səmimi bir təklifim var. Bu 

məsələni  sizin  də  tanıdığınız,  mənim  ən  yaxın  məsləhətçilərimdən  və  görkəmli  şəxsiyyətlə-

rimizdən  biri  olan  cənab  Avril  Harriman  ilə  uzun-uzadı  müzakirə  etdik.  Onu  qəbul  etməyə 

razısınızsa  mənim  xüsusi  təmsilçim  olaraq  bu  həyəcanlı  vəziyyət  barədə  məsləhətləşmələr 



174                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

üçün  məmnuniyyətlə  Tehrana  göndərərəm.”[2,  s.84,  85]ABŞ  prezidentinin  məktubunu 



Müsəddiqə  çatdırmaq  üçün  səfir  Qreydi  iyul  ayının  9-da  onun  evinə  getdi.  Səfirlikdə  farsca 

tərcümə olunmuş məktubu oxuduqdan sonra Müsəddiq 30 saniyə gülərək “buçox gecikib, biz 

artıq  Haaqa  Məhkəməsinin  cavabını  göndərmişik”  dedi.[3,  s.86,  87]Trumenin  məktubu 

mülayim və dostcasına yazılmış olsa da Müsəddiq ABŞ-ın Beynəlxalq Məhkəmənin qərarına 

riayət  etməklə  bağlı  prezidentin  təklifinə  kifayət  qədər  sərt  reaksiya  verdi.  Baş  nazir  Harri-

manın Tehrana göndərilməsinə etiraz etmədi. Qreydi bunu Müsəddiqin mövqeyində baş verən 

yumşalma kimi qəbul edirdi. Müsəddiqlə Harrimanın ilk  görüşü 1951-ci il iyul ayının 16-da 

Baş  nazirin  evində  baş  tutdu.  Harriman  üçün danışıqlar  ürəkaçan  deyildi.  Lakin  Müsəddiqin 

mövqeyində  azacıq  da  olsa  yumşalma  hiss  olunurdu.  Sonrakı  görüşmələrdə  isə  amerikalı 

tərcüməçi  Vernon  Ualtersin  dediyi  kimi  Müsəddiqin  “iki  addım  geri  atmaq  üçün  bir  addım 

irəli atmaq” gedişindən istifadə etdiyi aydın oldu. Müsəddiqə britaniyalılarla təkrar görüşmək 

təklif  etdikdə  Harriman  onu  əvvəlki  iddiasından  (iddia  edirdi  ki,  britaniyalılar  milliləşdirmə 

haqqında 9 maddə qanununu tanısınlar bundan sonra danışıqlar başlasın) əl çəkmədiyini gör-

dü. Harriman bunda israr etdikdə Baş nazir başını yelləyərək dedi: “Siz onların necə hiyləgər 

olduqlarını bilmirsiniz. Siz onların necə şeytan olduğunu bilmirsiniz. Siz onların toxunduqları 

hər şeyi necə çirkləndirdiyini bilmirsiniz.”[4, s.105]  

Harrimanın səyləri nəticəsində Britaniya hökuməti danışıqlar üçün Tehrana nümayəndə 

göndərmək  təklifini  qəbul  etdi.  Bu  vəzifəni  yerinə  yetirmək  üçün  Britaniyanın  Baş  naziri 

Klement  Ettli  Orta  Şərq  sahəsi  üzrə  heç  bir  təcrübəyə  malik  olmayan  Riçard  Stoks  və  Lord 

Priv  Sili  göndərmək  qərarına  gəldi.  Britaniya  nümayəndə  heyəti  avqust  ayının  4-də  Tehrana 

çatdı.  Bir  gün  sonra  qısa  müddətliyinə  şah  və  Baş  nazirlə  görüşdülər.  Nümayəndə  heyəti  ilə 

İran hökumətinin nümayəndə heyəti arasında ilk müzakirələr avqust ayının 6-da başlandı. İran 

nümayəndə  heyəti  Maliyyə  naziri  Varəstə,  Təhsil  naziri  Səncabi,  maliyyə  işləri  üzrə  katib 

Hasibi və parlamentin Neft Komitəsinin dörd üzvündən təşkil olunmuşdu. Avqust ayının 15-

də Müsəddiqin müavini Hüseyn Fatemi Britaniya nümayəndə heyətinin irəli sürdüyü təkliflə-

rin  məzmununu  keçirdiyi  mətbuat  konfransında  açıqladı.  Britaniya  nümayəndə  heyətinin 

təkliflərinə görə İİNŞ İrandakı öz müəssisələrini müvafiq məbləğ müqabilində İran  milli neft 

şirkətinə (İMNŞ) verməyə razı idi. Daha sonra alıcı təşkilat yaradılmalı idi ki, bu təşkilat nefti 

satın  almaq,  ixrac  etmək  və  daşımaq  haqqında  İran  Milli  Neft  Şirkəti  ilə  uzun  müddətli 

(təxminən 25 il müddətinə)  müqavilə bağlamalı idi. Bundan başqa, alıcı təşkilatın razılığı ilə 

operativ  təşkilat  yaradılmalı  və  bu  təşkilat  İMNŞ-nin  vəkalətnaməsinə  əsasən  İranda  neft 

yataqları  kəşf  etmək,  neftin  çıxarılması  və  təmizlənməsi  məsələləri  ilə  məşğul  olmalı  idi. 

İMNŞ alıcı təçkilata elə ucuz qiymətlə neft verməli idi ki, hər iki təşkilat neftin satışından eyni 

məbləğdə gəlir əldə etsin. Kirmanşah neftayırma zavodu, habelə İİNŞ-nin İran daxilində neft 

məhsulları  satan  bütün  aparatı  hər  iki  tərəf  üçün  münasib  şərtlərlə  İran  hökumətinə  verilməli 

idi.[5]  Avustun  14-də  Qarışıq  Komissiyanın  üzvləri  İran  hökumət  rəsmiləri  ilə  öz  aralarında 

keçirdikləri  toplantıda  bu  təklifləri  müzakirə  etdikdən  sonra  İran  nümayəndə  heyəti  Stoksa 

cavab  verərək bildirmişdi  ki, onun bu təklifləri danışıqlara yenidən başlamaq üçün Harriman 

vasitəsilə  İran  hökumətinin  Britaniya  hökumətinə  bildirmiş  olduğu  düstura  uyğun  gəlmir. 

Müsəddiqin Stoksla sonrakı  görüşlərinin birində kiçik bir irəliləyiş qeydə alınmışdı. Belə ki, 

Baş  nazirin  Stoksa  təqdim  etdiyi  təklifdə  göstərilirdi  ki,  əgər  britaniyalılar  iranlıların  neft 

sənayesini  idarə  etmək  haqqını  qəbul  edərdilərsə  o  da  təzminat  üçün  şirkətin  (İİNŞ-nin) 

tələblərini  bütünlüklə  və  uyğun  bir  şəkildə  müzakirə  edəcəkdi.  [6,  s.141]  Müsəddiqin  bu 

təklifindən  ümidlənən  Stoks  öz  Xarici  İşlər  Nazirliyinə  teleqram  ünvanlayaraq  vəziyyəti 

təfsilatı  ilə  bildirdi.  Britaniya  hökuməti  onun  teleqramına  cavab  olaraq  artıq  heç  bir  imtiyaz 


Müasir dövr                                                                      175 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

tanımayacağını  kifayət  qədər  sərt  şəkildə  vurğuladı.  Hökumətinin  tələblərinə  görə  Stoks 



dərhal  danışıqları  dayandırıb  Londona  qayıtmalı  idi.  Avqust  ayının  22-də  Stoks  Müsəddiqlə 

görüşərək  danışıqların  davam  etdirilməsinə  razılıq  verməsi  barədə  1  gün  vaxt  verdi.  Bildirdi 

ki,  əks  təqdirdə  o,  Londona  qayıtmaq  məcburiyyətində  qalacaqdı.  Müsəddiq  yenə  də  əvvəlki 

tələblərininin  üstündə  dayanaraq  Stoksa  yazdığı  məktubda  ondan  neft  sənayesində  çalışan 

Britaniya işçilərinin İranda qalmasını təmin etməsi üçün xahiş etdi. Lakin Stoksun bu xahişə 

cavabı müsbət olmamışdı. Avqust ayının 22-də Britaniya hökuməti İrana qarşı bir sıra iqtisadi 

sanksiyalar tətbiq etməyə başladı. Bütün Britaniya mallarının İrana ixracına qadağa qoyuldu. 

Daha sonra bütün britaniyalı işçilərin İran neft sahələrindən, təxminən 300 nəfərlik vacib idarə 

işlərində  çalışan  idarəçinin  Abadandan  çıxmasını  əmr  etdi.  Bununla  da  kifayətlənməyərək, 

İranın Britaniya banklarındakı hesablarını dondurdu. 1951-ci il avqust ayının 23-də Baş nazir 

Klement  Etli  prezident  Trumenə  məktub  ünvanlayaraq  ABŞ  hökumətinə  İranın  kommunist 

təsiri  altına  düşməsi  təhlükəsini  xatırladaraq  hər  iki  dövlətin  bu  məsələdə  birgə  fəaliyyətini, 

Amerikanın  Britaniyaya  daha  ciddi  dəstək  verməsini  tələb  edirdi.  Britaniya  bankı  İrana 

məxsus  olan  funt  sterlinq  ehtiyyatının  dollara  dəyişdirilməsi  haqqında  İran  hökumətinin 

tələbini rədd etdi. Britaniya hökuməti bu yolla İrana təzyiqləri artırmağa çalışırdı.  

Vaşinqtondakı Britaniya səfiri Frankiz ABŞ rəsmilərini inandırmağa çalışırdı ki, İranın 

cənubuna kiçik bir ingilis silahlı qüvvəsinin çıxarılması vəziyyəti xeyli yaxşıladıra bilər. Lakin 

ABŞ hökuməti qəti şəkildə bunun əleyhinə idi. Britaniya tərəfinin  ABŞ hökumətindən  İrana 

qarşı sanksiyalar tətbiq etməsi barədə tələbləri də rədd edildi. ABŞ Dövlət Katibi bu  məsələ 

ilə bağlı bildirirdi: “İrana qarşı heç bir sanksiya tətbiq edilməməli, eləcə də bu ölkənin müstə-

qilliyinin  qorunması  vacib  şərtdir.”  [7,  s.  162,  163]  Hələ  1951-ci  ilin  mayında  britaniyalılar 

İranın istilası üçün iki plan hazırlamışdılar. “Dəniz qulduru” və ya “Y planı” adlı birinci plana 

görə  neft  sahələrini  və  mədənlərini  ələ  keçirərək  nəzarət  altına  almaq  üçün  70  minlik  bir 

qüvvənin İranın cənubuna çıxarılması nəzərdə tutulmuşdu. “Mini Hərəkat” adlı ikinci planla 

mədənlər  iki  həftəliyə  ya  da  naməlum  müddətə  ələ  keçirilməli,  tankerlər  anbarlardakı  nefti 

daşıyaraq  körfəzdə  və  ya  başqa  bir  yerdə  toplanmasını  təmin  etməli  idi.  ABŞ  bu  planlardan 

səfiri  Gifford  vasitəsilə  xəbər  tutduqda  Açison  dərhal  Britaniya  səfirini  çağıraraq  ingilislərin 

İrana qarşı güc tətbiqinin qəti şəkildə əleyhinə olduğlarını bəyan etmişdi. ABŞ mətbuatı Brita-

niyanın  bu  planlarına  qarşı  kəskin  tənqidi  mövqe  tutdu.  Həmin  dövrdə  Britaniya  hökuməti 

Birləşmiş  Ştatların  dəstəyi  olmadan  Sovet  İttifaqı  ilə  sərhəd  olan  bir  dövlətdə  hərbi  əməliy-

yatlar keçirəcək qədər güclü deyildi.[8, s.523, 524] 

Getdikcə çətinləşən  vəziyyət  Müsəddiqə qarşı müxalif qüvvələrin fəallığını  artırmışdı. 

1951-ci  ilin  sentyabrında  britaniyalıların  “daha  çox  İran  millətçilərini  dəstəkləyən”  biri  kimi 

ittiham  etdikləri  səfir  Qreydi  vəzifəsindən  azad  edildi.  Açison  onun  yerinə  ABŞ-ın  İrandakı 

səfiri  vəzifəsinə  Loy  Hendersonu  təyin  etdi.  Bu  zaman  Britaniya  hökuməti  məcburiyyət 

qarşısında qalaraq hərbi müdaxilə fikrindən vaz keçmişdi. Yeni bir istiqamət götürən Britaniya 

hökuməti  İranla  bağlı  məsələni  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurasının 

müzakirəsinə  çıxarmaq  qərarına  gəlmişdi.  Lakin  BMT  Təhlükəsizlik  Şurasında  Britaniya 

lehinə  veriləcək  qərarlara  Sovet  İttifaqının  veto  qoyacağı  heç  kəsdə  şübhə  oyatmırdı.  İran 

hökuməti  Britaniyanın  bu  addımını  beynəlxalq  hüquq  normalarına  zidd  hərəkət  kimi 

dəyərləndirirdi.  Beynəlxalq  Məhkəmənin  qərarına  göstərdiyi  reaksiyanı  eynilə  İranın  neft 

məsələsinin  Təhlükəsizlik  Şurasında  müzakirəsinə  də  göstərən  İran  hökumətinə  bu  məsələdə 

SSRİ-nin tutacağı mövqeyi bilmək son dərəcə əhəmiyyətli idi. Buna görə də oktyabr ayının 2-

də  İranın  Moskvadakı  səfiri  Nadir  Arastə  bunu  aydınlaşdırmaq  üçün  SSRİ  Xarici  İşlər 

Nazirinin müavini  A.E.Boqomolovla görüşərək bu məsələdə SSRİ-nin mövqeyinin nə olaca-


176                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

ğını  soruşduqda  o,  cavabında  demişdi:  “SSRİ-nin  Təhlükəsizlik  Şurasındakı  nümayəndəsi 



Çarapkin ingilislərin  İİNŞ haqqında şikayətinə əks  mövqedən çıxış edərək, bu addımı  İranın 

daxili  işlərinə  qarışmaq  kimi  qiymətləndirmişdir.  Çarapkin  Təhlükəsizlik  Şurasının  bu 

məsələyə  baxmasının  BMT  Nizamnaməsinin  2-ci  maddəsinin  7-ci  bəndinin  tələblərinə  zidd 

olduğunu da qeyd etmişdir.” [9, s.5] Arastə SSRİ-nin bu məsələyə veto qoyacağı ilə maraqlan-

dıqda  Boqomolov  buna  konkret  cavab  verməmişdi.  Oktyabr  ayının  3-də  BMT  Təhlükəsizik 

Şurası  Britaniya  və  İrana  müraciətnamə ünvanlayaraq hər iki dövləti aralarındakı narazılığın 

danışıqları davam etdirərək aradan qaldırılmasını təklif etdi. İranla bağlı beynəlxalq böhran ilk 

dəfə deyildi ki, BMT-nin müzakirəsinə verilirdi.[10, s.74]  

1951-ci  il  oktyabr  ayının  3-də  Xuzistanda  qalan  son  300  ingilis  mütəxəssisi  də  İranı 

tərk  etdi.  Hələ  Harriman  İranı  tərk  edərkən  Müsəddiq  ona  Britaniya  hökumətinə  çatdırmaq 

üçün  məktub  vermişdi.  Məktubu  Harrimanın  əliylə  çatdırmaq  ideyası  Müsəddiq  tərəfindən 

kiçik  bir  siyasi  gediş  olaraq  düşünülmüşdü.  Belə  ki,  bu  məktubun  Harrimanın  əliylə 

çatdırılması  ABŞ-ın  daha  çox  İranın  tərəfində  olması  təəssüratı  yarada  bilərdi.  Burada  qeyd 

olunurdu ki, Britaniya hökuməti iki həftə ərzində öz təkliflərini verməsə İran hökuməti ingilis 

mütəxəssislərin  ölkəni  tərk  etməsini  tələb  edəcəkdi.  Bütün  ingilis  işçilərinin  İrandan 

çıxarılması Britaniya hökumətini hiddətləndirmişdi. Morrison Britaniyanın BMT-də təmsilçisi 

olan  Qledun  Cebin  yüksək  bacarığına  böyük  inam  hissi  ilə  yanaşırdı.  Lakin  bütün  dünyanın 

gözü və diqqəti Müsəddiqə yönəlmişdi. “Nyu York Taymz” qəzeti Müsəddiqi “kükrəmiş İran 

millətçiliyinin simvolu” adlandırmışdı. 1951-ci il oktyabr ayının 8-də o, oğlu Qulam Hüseynin 

(həmçinin  həkimi)  müşayiəti  ilə  Nyu  Yorkda  təyyarədən  enərək  jurnalistlərə  müsahibə 

vermədən  tibbi  müayinədən  keçirilmək  üçün  birbaşa  Nyu  York  xəstəxanasına  aparıldı. 

Təhlükəsizlik  Şurasında  Britaniya  təmsilçisi  Qledun  Cebin  çıxışı  hələ  Müsəddiq  Nyu  Yorka 

gəlməmişdən  başlanmışdı.  Ceb  Britaniyanın  düşdüyü  mövcud  vəziyyətin  xülasəsini  verərək 

İranın Britaniya “malını” qəsb etdiyini bildirmişdi. İran hökumətinin bu addımını azad dünya 

üçün təhlükə hesab edən Ceb İİNŞ-nin iranlıların qələmə verdiyi kimi “qansoran” olmadığını 

iddia  edirdi.  O,  Təhlükəsizlik  Şurasından  xahiş  etdi  ki,  qurum  qısa  müddətdə  öz  qərarını 

açıqlasın.  Cebin  çıxışından  sonra  qaydaya  uyğun  olaraq  İran  təmsilçisi  ayağa  qalxaraq 

Müsəddiqin  Nyu  Yorka  gəlməsini  gözləmək  üçün  10  günlük  ertələmə  istəmişdi  və  bu  istək 

Şuranın sədri tərəfindən qəbul olunmuşdu. 

1951-ci il oktyabr ayının 9-da Müsəddiq xəstəxanada Corc Mak Gi ilə görüşərək Təh-

lükəsizlik Şurasında ABŞ-ın dəstəyini almaq üçün müzakirələr apardı. Səmimi və dostcasına 

keçən bu söhbətdə Mak Gi Müsəddiqi əmin etdi ki, ABŞ təmsilçilərinin dəstəyini almaq üçün 

ona  əlindən  gələn  köməyi  göstərəcəkdi.  Mak  Gi  Müsəddiqdən  xahiş  etdi  ki,  Qərbə  İranın 

dostu olmasını sübut etmək üçün daha bir şans versin. Müsəddiq onun bu xahişinin cavabında 

dedi:  “Mən  ABŞ-ın  İranın  dostu  olduğunu  bilirəm,  lakin  Britaniya  üçün  eyni  şeyi  demək 

çətindir. İİNŞ İranın daxilində öz təsirini saxlamağa, deputatların əvvəlki kimi onlara xidmət 

etməsini  davam  etdirməyə  səy  göstərir.”  [11, s.  217,  218]  Oktyabr  ayının  11-də  yenə  həmin 

xəstəxanada  Müsəddiqlə  görüşü  zamanı  Mak  Gi  daha  çox  Baş  naziri  fikrindən  daşındırmağa 

cəhd  etdi.  O,  Kolumbiya,  Meksika,  Venesuelanın  milliləşdirmə  siyasətinin  faydasız 

nəticələrindən söz açaraq çalışırdı ki, Müsəddiqi 50-50-yə prinsipi ilə razılaşmaya sövq etsin. 

Müsəddiq  İranın  Venesuela,  Səudiyyə  Ərəbistanı,  Kolumbiya,  Meksika  kimi  ölkələrlə 

müqayisəsinə etiraz edərək bu ölkələrin heç birinin SSRİ ilə sərhəd olmadığını vurğulamışdı. 

1951-ci il oktyabr ayının 15-də Təhlükəsizlik Şurasında Müsəddiqin çıxışı planlaşdırıl-

mışdı.  Salona  daxil  olarkən  hər  kəsin  diqqəti  ona  yönəlmişdi.  Öz  haqlı  mübarizəsinə  olan 

inamı  və  böyük  təcrübəsi  Baş  nazirə  özünü  rahat  hiss  etməsi  üçün  kifayət  idi.  Bu  zaman 


Müasir dövr                                                                      177 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Təhlükəsizlik  Şurasına  sədirliyi  Braziliyadan  Joao  Karlos  Muniz  edirdi.  Hər  kəs  salonda  öz 



yerini  tutduqdan  sonra  söz  Britaniya  təmsilçisinə  verildi.  Ceb  əvvəlki  çıxışında  olduğu  kimi 

İranı  və  İran  hökumətini  tənqid  edən  nitqini  yekunlaşdırdıqdan  sonra  növbə  Müsəddiqə 

çatmışdı.  Səlist  fransızca  danışan  Baş  nazir  öncə  Britaniyanın  şikayətinin  əsassız  olduğunu 

vurğuladı.  Təhlükəsizlik  Şurasının  bu  məsələyə  görə  İranı  ittiham  etmək  hüququnun 

olmadığını qeyd etdi. Təhlükəsizlik  Şurasına  gəlməsini “zəif və təzyiq altında olan ölkələrin 

son  sığınacağı  olan”  bu  quruma  olan  böyük  hörməti  ilə  əlaqələndirmişdi.  Dinləyicilərində 

həyəcan  oyadan  xülasəni  özü  oxudu:  “Vətəndaşlarımın  yaşamaq  üçün  zəruri  ehtiyacları  çox 

aşağı  səviyyədədir.  Bu  sərvət  İran  xalqının  yaşaması  üçün  vacibdir.  Milli  sənayemiz  üçün 

bunun düzgün istifadəsi olduqca əhəmiyyətlidir və ondan əldə etdiyimiz gəlir həyat şəraitimizi 

yaxşılaşdırmaq üçün istifadə olunmalıdır. Ancaq hazırkı vəziyyətdə neft sənayesinin nə xalqın 

rifahı  üçün  nə  də,  ölkənin  texnoloji  inkişafına  və  sənayenin  irəliləməsinə  qatqısı  yox 

səviyyəsindədir.  Xarici  bir  şirkətin  (İİNŞ  nəzərdə  tutulurdu)  uzun  illər  sürmüş  istismarından 

sonra  hələ  də  iranlı  texniklərin  hazırlanmaması  və  bizim  xarici  mütəxəssislərə  ehtiyac  hiss 

etməyimiz də bunun sübutudur. İran dünya neft istehsalının önəmli bir qismini təmin etməsinə 

və  son  50  ildə  ümumilikdə  315  milyon  ton  neft  istehsal  etməsinə  baxmayaraq  xarici  şirkətin 

qeydlərinə  görə  bütün  qazancı  110  milyon  funt  olmuşdur.  Bu  böyük  sənayedən  İranın 

qazancının  nə  qədər  olması  haqqında  sizə  onu  deyə  bilərəm  ki,  İİNŞ-nin  hesablarına  görə 

1948-ci  ildə  şirkətin  təmiz  gəliri  61  milyon  funt  sterlinqdir.  Lakin  İran  bu  gəlirdən  ancaq  9 

milyon funt sterlinq pay  əldə etmişdir. Birləşmiş Krallıq xəzinəsinə isə təkcə vergi olaraq  28 

milyon funt sterlinq daxil olmuşdur...” [12, s.123, 124] Bu nitqi ilə bütün auditoriyanı ələ alan 

Müsəddiq  çıxışının  davamını  oxumaq  üçün  nümayəndəsi  Məhəmməd  Salehə  verdi.  İran 

nümayəndələri  çıxışı  bitirdikdən  sonra  toplantının  davamının  növbəti  günə  salınması  təklifi 

səsə  qoyularaq  qəbul  olundu.  Oktyabr  ayının  16-da  təşkil  olunan  Şuranın  növbəti  toplantısı 

1951-ci ilin oktyabr ayında (bu toplantıdan az öncə) sui-qəsd nəticəsində öldürülən Pakistanın 

Baş naziri Ləyaqət Əli Xana həsr olunmuşdu. Ləyaqətlə Müsəddiq arasında fəaliyyət və əqidə 

baxımından  oxşarlıqlar  çox  idi.  Onun  da  mübarizəsi  britaniyalıların  istismarına  qarşı 

yönəlmişdi.  Müsəddiqin  ikinci  çıxışı  kəskin  və  Britaniyaya  yönəlmiş  tikanlı,  məsxərəli 

ifadələrlə zəngin oldu. Birləşmiş Krallığın danışıqları davam etdirmək əvəzinə müxtəlif təzyiq 

üsullarından  (iqtisadi,  psixoloji  və  hərbi)  istifadə  edərək  İran  hökumətinin  iradəsini  qırmaq 

istədiyini o, tənqid atəşinə tutdu. Müsəddiqin Təhlükəsizlik Şurasının bu məsələyə dair qərar 

qəbul  etmək  səlahiyətinin  olmaması  məsələsində  təkidlə  dayanması  üzv  dövlətlərə  onun  bu 

tələbini  qəbul  etməkdən  başqa  çarə  qoymadı.  Oktyabr  ayının  19-da  Şura  məsələnin 

müzakirəsini müəyyən və ya qeyri-müəyyən müddətə ertələmək üçün səsə qoydu. Britaniya və 

ABŞ  bitərəf  qalsa  da  bu  təklif  qəbul  olundu.  Britaniya  Təhlükəsizlik  Şurasında  məğlub 

olmuşdu.  Bununla  bağlı  “Nyu  York  Taymz”  qəzeti  yazırdı:  “İran  nefti  üstündə  baş  vermiş 

münaqişə Birləşmiş Millətlər tarixindəki heç bir müzakirənin edə bilmədiyini etdi. Müzakirə 

tamamilə itirmənin bünövrəsini qoydu. İndiyə qədər şübhəli olan bir məsələyə aydınlıq gəldi. 

Birləşmiş  Millətlərin  özü  də  daxil  olmaqla  böyük  və  ya  kiçik  hər  hansı  bir  dövlətin 

uduzmasının mümkünlüyü sübuta yetdi. ” [13] Trumen iki ölkə arasında münasib uzlaşmaya 

nail  olmaq  üçün  son  bir  cəhd  daha  edərək  Müsəddiqi  Vaşinqtona  dəvət  etdi.  Bu  zaman 

Müsəddiq  Amerika  ictimaiyyəti  arasında  kifayət  qədər  nüfuz  qazanmışdı.  1951-ci  il  oktyabr 

ayının  23-də  Müsəddiq  Vaşinqtona  çatdıqda  Yunion  stansiyasında  Açison  tərəfindən 

səmimiyyətlə qarşılandı. Baş nazir Vaşinqtonda olduğu müddətdə Trumenin tapşırığı ilə Mak 

Gi  mütəmadi  olaraq  onunla  görüşüb  məsələdə  müəyyən  irəliləyişlərə  nail  olmağa  səy 

göstərirdi.  Bu  zaman  Britaniyada  nisbətən  loyal  siyasət  yeridən  Ettlini  xarici  siyasətdə  sərt 


178                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

qərarları ilə tanınan Uinston Çörçil əvəz etmişdi. Hələ seçki kampaniyası zamanıAbadandakı 



problemi  silah  gücünə  həll  etmək  imkanı  olduğu  halda  britaniyalılara  İranı  tərk  etmək  əmri 

verdiyinə  görə  Etlini  tənqid  atəşinə  tutmuşdu.  Hakimiyyətə  gəldikdən  sonra  onun  ilk  addımı 

Xarici İşlər naziri Antoni İdeni Açisonla görüşmək üçün göndərmək oldu. O, İdeni gərginliyin 

artmasına səbəb olsa belə ABŞ-a bu məsələ ilə bağlı təzyiq etməsi şəklində təlimat vermişdi. 

Çörçilin  fikrincə  İran  məsələsində  güzəştə  getmək  Britaniyanın  təsir  dairəsində  olan  digər 

ölkələrdə də ayaqlanmalara səbəb ola bilərdi. İden Açisonla görüşü zamanı daha qəti addım-

ların siqnallarını verərək bildirirdi: “Britaniya hökuməti Müsəddiqlə uzlaşmanın mümkünsüz 

olması  qənaətindədir  və Müsəddiqi devirməyi ən ideal variant hesab edir.” [14, s. 257, 258] 

Vaşinqtonda  ortaya  atılan  İran  neftinin  Dünya  Bankı  vasitəsilə  satılması  məsələsi  Britaniya 

hökumətinin o qədər də ürəyincə olmasa da buna qəti etiraz etməmişdi. Təklif olunan şərtlərə 

görə neftin hər bareli 1,75 dollarla hesablansaydı neftin satışından  əldə olunan gəlirin 25%-i 

İranın, 25%-i alıcı təşkilatın, 50%-i isə Dünya Bankının payına düşməli idi. [15, s.14]  

Sovet xarici kəşfiyyatı İranda cərəyan edən prosesləri yaxından izləyirdi. Onların 1951-

ci il 26 oktyabr tarixli məruzəsində Müsəddiqə müxalif olan deputatların Nüsrətyanın evində 

toplaşaraq  vəziyyəti  müzakirə  etdikləri  bildirilirdi.  Toplantı  iştirakçıları  şahın  Müsəddiq 

əleyhinə  mübarizədə  qorxaqcasına  və  qərarsız  davranışlarından  narazı  idilər.  Həmin  müxalif 

qrup  Britaniyanın  İrandakı  səfirliyi  ilə  əlaqəli  idi.  Məclisin  Kürdistandan  olan  deputatı 

Sənandaci  məlumat  vermişdi  ki, ingilislərin xidmətində olan  kürd fəalları Malik Mahmud  və 

Xama  Rəşid  kürdləri  silahlandıraraq,  “Azad  Kürdistan”  yaratmağa  hazırlaşırdılar.[16,  s.232] 

İran  hökuməti  1952-ci  il  yanvar  ayının  9-da  Xarici  İşlər  Nazirliyi  vasitəsilə  Britaniyanın 

Tehrandakı  səfirliyinə  nota  ünvanladı.  Xarici  İşlər  naziri  Bağır  Kaziminin  imzası  ilə 

göndərilmiş  bu  notada  britaniyalı  məmurların  təxribatçı  fəaliyyəti  pislənərək  tələb  olunurdu 

ki, yanvar ayının 21-dən etibarən bütün ingilis konsulluqları bağlanılsın. Yanvar ayının 14-də 

səfir  Şeferd  Müsəddiqlə  görüşərək  notanı  geri  götürməsini  israrla  tələb  etsə  də  Baş  nazir  bu 

tələbi qəti şəkildə rədd etdi. İranın ciddi surətdə maliyyə yardımına ehtiyyac hiss etməsi Qərb 

üçün  təhlükəli  vəziyyət  yaratmışdı.Yanvar  ayının  13-də  səfir  Hendersonu  qəbul  edən 

Müsəddiq ABŞ-dan təcili olaraq maliyyə yardımı etməsini istəmişdi, çünki İranın büdcə kəsri 

10  milyon  dolları  keçmişdi  və  bu  məbləğ  hər  ay  artmaqda  idi.  Baş  nazir  bu  görüş  zamanı 

açıqlayırdı  ki,  əgər  maliyyə  yardımı  olmazdısa  İran  tamamilə  zəifləyərək  Tudə  partiyasının 

təsirinə  düşəcəkdi.  Müsəddiq  səfiri  hədələyərək  vurğulamışdı  ki,  ABŞ  tezliklə  bu  yardımı 

göndərməsə  onun  hökuməti  kömək  üçün  Sovet  İttifaqına  müraciət  etmək  məcburiyyətində 

qalacaqdı. ABŞ yardım etməkdən imtina etsəydi Müsəddiq Çexoslovakiya və Polşa ilə neftin 

satılması haqqında danışıqlara başlaya bilərdi. Bunun üçün İrana mütləq neftin satışını təmin 

etmək  lazım  idi.  Vaşinqtonun  rəsmi  göstərişi  ilə  yanvar  ayının  29-da  Henderson  təkrar 

Müsəddiqlə  görüşərək  hərbi  və  iqtisadi  yardım  məsələsini  bir  daha  müzakirə  etdi.  Səfir 

Müsəddiqi  inandırmağa  çalışırdı  ki,  Beynəlxalq  Bank  İranın  neft  məsələsini  və  maliyyə 

problemini  həll  edə  bilər.  Vəziyyətin  getdikcə  gərginləşməsi  səbəbindən  Britaniya  hökuməti 

Beynəlxalq  Bankın  tezliklə  danışıqlara  başlamasını  tələb  etmişdi.  Müsəddiqin  İran  neftini 

sovet  blokundan  hər  hansı  bir  ölkəyə  satmaq  ehtimalı  Britaniya  və  ABŞ  səfirlərini  indi 

həmişəkindən  daha  artıq  yaxınlaşmağa  vadar  edirdi.  İran  hökumətinin  şantaj  tipli  bəyənatına 

baxmayaraq  ABŞ  hökuməti  inanmırdı  ki,  Müsəddiq  Sovet  İttifaqı  ilə  belə  asanlıqla 

razılaşmaya gedə bilər. Bu “təhdidlərin” Qərbi qorxutmaq  və istədiyi şərtləri qəbul etdirmək 

məqsədi  daşıdığını  başa  düşürdülər.  ABŞ  hökuməti,  hətta  İranın  SSRİ-dən  yardım  istəməsi 

halında  dərhal  bu  ölkəyə  yardım  ediləcəyinə  də  ehtimal  etmirdi.  Bu  vəziyyəti  təhlil  edərkən 

ABŞ-ın  Mərkəzi  Kəşfiyyat  İdarəsi  1952-ci  ilin  fevral  ayında  hazırladığı  hesabatında  qeyd 


Müasir dövr                                                                      179 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

edirdi:  “Biz  inanmırıq  ki,  SSRİ  İrana  maliyyə  yardımı  etməyə  razılıq  verəcək.  Yəqin  ki, 



Sovetlər  İranı bütünlüklə əllərinə  keçirtmək üçün yaranmış bu imkandan istifadə etmək üçün 

vəziyyətin daha da pisləşməsinə mane olmayacaqlar.”[17, s. 4]  

1952-ci  il  fevral  ayının  18-də  İranın  Xarici  İşlər  naziri  Bağır  Kazimi  ilə  görüşündə 

Henderson  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankının  nümayəndələri  ilə  razılığa 

gəlmənin  İran  üçün  əhəmiyyətli  olduğunu  dəfələrlə  bildirsə  də,  heç  bir  nəticə  əldə 

olunmamışdı.  Baxmayaraq  ki,  İran  hökuməti  ilə  bu  bankın  nümayəndələri  arasında  gedən 

danışıqlar  başlanğıcda  normal  şəraitdə  baş  tutmuşdu,  lakin  sonrakı  məqamlarda  bir  sıra  fikir 

ayrılıqları  ortaya  çıxdı.  İlk  öncə  tərəflər  neftin  qiyməti  məsələsində  razılığa  gələ  bilmirdilər. 

Üst-üstə  düşməyən  daha  bir  məsələ  isə  neft  sənayesinə  nəzarətlə  bağlı  idi.  BYİB-nın  bu 

nəzarəti  öz  əlində  tutmaq  istəməsinə  İran  hökumətinin  razılıq  verməməsi  ziddiyyətləri  bir 

qədər  də  dərinləşdirdi.  Britaniya  hökuməti  bankın  nümayəndəsi  Robert  Qarnerin  İran 

hökuməti  qarşısında  irəli  sürdüyü  təkliflərdən  razı  görünürdü.  İran  tərəfi  isə  Qarnerə  həmişə 

şübhə  ilə  yanaşaraq  onun  Britaniya  əlaltısı  ola  biləcəyindən  ehtiyyat  edirdilər.  İlk  vaxtlarda 

danışıqlar prosesinin saziş ilə nəticələnəcəyi ehtimal olunurdu. Əsas müddəalarrazılaşdırılmış 

kimi  görünürdü.  Lakin  Milli  Cəbhənin  daxilində  yaranan  fikir  ayrılıqları  vəziyyəti  xeyli 

çətinləşdirdi.  Milli  Cəbhə  koalisiyasının  stabil  olmadığı  getdikcə  daha  açıq  şəkildə  özünü 

biruzə  verirdi.  Koalisiya  daxilində  ənənəvi  fərdi  siyasətin  elementləri  üzə  çıxırdı.  Müsəddiq, 

Hüseyn  Məkki  və  Kaşani  arasında  başlanan  çəkişmələr  daha  çox  bu  siyasətçilərin  şəxsi 

maraqlarından irəli gəlmişdi. Çəkişmələrə baxmayaraq koalisiyanın daha bir müddət mövcud 

olmaq  iqtidarında  olması  müşahidə  olunurdu.  Səfir  Henderson  İrandakı  vəziyyət  haqqında 

Londona yazdığı teleqramda bildirirdi: “Üç amilin olması və ya inkişafı koalisiyanın süqutuna 

səbəb  ola  bilər:  1.  Neftdən  gələn  gəlirin  təmin  olunmasına  və  xarici  maliyyə  dəstəyinə  olan 

ümidlərin  itirilməsi;  2.  Maliyyə  böhranının  artan  xətt  üzrə  davam  etməsi;  3.  Daxili  siyasi 

qarşıdurmaların şah tərəfindən qızışdırılması.” [18, s.62, 63]  

Getdikcə  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankının  nümayəndəliyi  ilə  aparılan 

danışıqların  uğurla  nəticələnəcəyi  şübhəli  görünürdü.  1952-ci  il  mart  ayının  5-də  Bankın 

nümayəndələri  ilə  keçirilən  görüş  zamanı  Müsəddiq  əvvəlkinə  nisbətən  məsələyə  xeyli 

həvəssiz  yanaşırdı.  BYİB-nın  nümayəndələri  İran  hökumətindən  tələb  edirdilər  ki,  İran  neft 

sənayesinə  rəhbərlik  etmək  üçün  ingilis  mütəxəssislərinin  dəvət  olunmasına  razı  olsun. 

Həmçinin,  tələb  olunurdu  ki,  İran  hökuməti  həmin  bankı  İran  Milli  Neft  şirkərinin  nəzarəti 

altında işləyən öz nümayəndəsi hesab etməsin. Bankın bu tələblərindən belə görünürdü ki, o, 

İİNŞ-nə  verilmiş  hüquqların  banka  verilməsini  istəyirdi.  Novruz  bayramı  ilə  əlaqədar  olaraq 

İrandan  gedən  BYİB-nın  nümayəndələrinin  danışıqları  davam  etdirmək  üçün  yenidən  bura 

qayıdacaqları  gözlənilirdi.  Lakin  artıq  İran  hökuməti  danışıqların  baş  tutmadığı  qənaətinə 

gəlmişdi. Səfir Henderson şah və saray naziri Hüseyn Əla ilə bir neçə dəfə görüşüb Baş naziri 

şahın  əliylə  hakimiyyətdən  uzaqlaşdırmağın  mümkünlük  dərəcəsini  və  yollarını  müzakirə 

etmişdi.  Lakin  şah  son  dərəcə  qorxu  içində,  tamamilə  qərarsız  qalmışdı.  İranda  hazırlanan 

hökumət  çevrilişindən  SSRİ  xarici  kəşfiyyatı  xəbərdar  idi.  Britaniya  səfirliyi  ilə  sıx 

əməkdaşlıq  edən  Əsədulla  Rəşidiyan  aldığı  tapşırıqlar  üzrə  İranın  daxilində  qarışıqlıq 

yaratmağa  səy  göstərirdi.  Britaniya  səfirinin  xüsusi  məsləhətçisi  Zayner  onlarla  görüşərək 

göstəriş  vermişdi  ki,  qaşqay  kürd  qəbiləsini  Müsəddiq  əleyhinə  çıxışlara  başlamağa  təhrik 

etsinlər.[19, s.80]  

1952-ci  il  iyun  ayının  9-dan  23-nə  kimi  İngiltərənin  şikayətinə  əsasən  Beynəlxalq 

Məhkəmə  İİNŞ-nin  məsələsini yenidən  müzakirəyə çıxartdı. Bu dinləmələrdə  İran tərəfindən 

Hüseyn  Nəvab,  Müsəddiq,  Henri  Rolin,  Britaniya  tərəfindəndən  isə  Lionel  Hild,  Erik  Beket 


180                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

iştirak  etmişdilər.[20,  s.97]  Məhkəmə  iclası  Beynəlxalq  Məhkəmənin  belə  münaqişələrə 



baxmaq  üçün  səlahiyyətinin  olmadığını  açıqlasa  da  ingilis  nümayəndəsi  israrla  bunun  əksini 

iddia  edirdi.  Britaniya  hökuməti  Beynəlxalq  Məhkəməyə  ünvanladığı  müraciətində  İranla 

arasında olan bu münaqişənin “Yuxarı Savoy və Jeks rayonu azad zonası” məsələsi ilə oxşar 

xarakterə  malik  olduğunu  bildirirdi.  (1930-cu  il  dekabr  ayının  6-da  Millətlər  Cəmiyyətinin 

müzakirə  etdiyi  bir  məsələ  olmuşdur  –  N.R.)  Məhkəmə  isə  Britaniya  tərəfinin  iki  məsələ 

arasında  göstərdiyi  oxşarlığı  qəbul  etməmişdi.[21,  s.113]Müsəddiq  çıxışında  Britaniyanın 

ittihamlarının  əsassız  olduğunu  vurğulayaraq  ingilis  şirkətinin  illərboyu  İran  sərvətlərini 

taladığını açıqladı. Baş nazir bu çıxışından sonra qaldığı otelə çəkilərək bir daha Məhkəmənin 

toplantılarına qatılmadı.İran məsələsi üç gün ərzində bir qrup iranlı vəkil və belçikalı məşhur 

hüquqşünas  Henri  Rolin  tərəfindən  müdafiə  olundu.  İki  həftəyə  qədər  davam  edən  iclas 

Britaniyanın  uğursuzluğu  ilə  nəticələndi.  İyulun  22-də  Britaniyanın  məhkəmədən  İran 

əleyhinə qərar çıxartmaq tələbi 5 səsə qarşı 9 səslə rədd edildi. Beynəlxalq Məhkəmənin son 

nəticə  olaraq  qəbul  etdiyi  qərara  görə  bu  qurum  İran  neftinin  milliləşdirilməsinə  qarşı  qərar 

qəbul  etmək  səlahiyyətinə  malik  deyildi.  Bu  qurum  özü  də  təsdiq  etdi  ki,  İran  hökuməti  ilə 

İİNŞ arasında olan məsələ kommersiya xarakterlidir. Ona görə də, Məhkəmə sadəcə məsləhət 

görürdü ki, bu məsələ ölkələr arasında müzakirələri davam etdirmək yolu ilə həll olunsun.[22, 

s.135]  Haaqa  Məhkəməsində  qazandığı  uğur  Müsəddiqin  nüfuzunu  daha  da  artırdı. 

Britaniyanın  elan  etdiyi  embarqoya  rəğmən  1952-ci  ilin  birinci  yarısında  Argentina  və 

Yaponiya  tankerləri  İran  limanlarına  giriş-çıxış  reallaşdıra  bilmişdilər.  İtaliya  şirkətlərinin 

birinin  istifadəsində  olan  “Roz  Mari”  tankeri  İrandan  neft  daşımaq  üçün  Bəndər  Maşur 

limanına yanaşdıqda britaniyalılar bundan narahatlıq keçirdilər. İngilislər hiss edirdi ki, tətbiq 

etdikləri  embarqo  qırılmaq  təhlükəsindədir.  Bunun  üçün  bu  tankerin  İtaliyaya  çatmasına  hər 

vəchlə  mane  olmalı  idilər.  Nəticədə  Britaniya  donanmasının  gəmiləri  tankerin  yolunu  kəsib 

onu  özlərinə  məxsus  olan  Aden  limanına  gətirdilər.  Britaniyanın  bu  addımı  Müsəddiq 

hökuməti  üçün  ağır  bir  zərbə  oldu.  Bu  xəbərin  Avropaya  yayılması  ilə  İran  neftinə  maraqlı 

olan  potensial  müştərilərin  çəkinməsinə  gətirib  çıxardı.  Britaniya  və  ABŞ  rəsmiləri 

Müsəddiqin  hakimiyyətdən  uzaqlaşdırılmasının  zəruri  olduğunu  anlamağa  başlamışdılar. 

Açison bunun üçün ən münasib vaxt kimi 1952-ci ilin avqust ayını təklif etmişdi. Lakin İranda 

hadisələrin axarının dəyişməsi zaman baxımından Qərbin planlarını alt-üst etdi. ABŞ rəsmiləri 

vəziyyətin  son  dərəcə  qorxulu  olduğunu  anlamışdılar.  SSRİ  MK-nın  Siyasi  Bürosunun 

məruzəsinə  görə  hələ  1951-ci  il  oktyabr  ayının  1-də  ABŞ-ın  Moskvadakı  səfiri  Alan  Kirk 

Fransanın  buradakı  səfiri  ilə  görüşü  zamanı  ingilislərin  İrandakı  fəaliyyətindən  narahatlığını 

gizlətməyərək,  vəziyyətin  son  dərəcə  böhranlı  olduğunu  qeyd  etmişdi.  Həmçinin  səfir  bu 

söhbəti  zamanı  demişdi:  “İranda  meydana  çıxan  bu  vəziyyət  Koreya  məsələsindən  daha 

təhlükəlidir.”  [23,  s.228]Britaniyalıların  təzyiqi  və  Tudə  partiyasının  fəallığı  Trumenin 

Müsəddiqi  devirmək  məsələsində  mövqeyinin  “yumşalmasına”  səbəb  olmuşdu.  Lakin 

Müsəddiqə  qarşı  atılan  yanlış  bir  addım  bütün  İranın  qapılarının  Qərb  üçün  bağlanması  ilə 

nəticələnə bilərdi. Buna görə də çevriliş son dərəcə ehtiyyatla işlənib hazırlanmalı idi. ABŞ və 

Britaniya  hökumətləri  indi  İranla  bağlı  məsələdə  həmişəkindən  daha  artıq  yaxınlaşmağa 

məcbur  olmuşdular.  ABŞ  hökumətinin  çevriliş  etmək  fikrini  qətiləşdirməsi  Britaniya 

hökumətini bu məsələdə xeyli ruhlandırmışdı. Eyni zamanda, Qərb dövlətlərinin İranla bağlı 

planlarına yeni çalarlar əlavə edildi. Lakin sonrakı proseslər sübut etdi ki, Britaniya və ABŞ 

bu dövrdən sonra heç vaxt İranda əvvəlki təsir imkanlarını və nüfuzlarını bərpa edə bilmədilər. 

[24, s.524] 



 

Müasir dövr                                                                      181 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

İstifadə olunmuş mənbələr: 

 

1.

 

Reports of judgments, advisory  opinions and  orders: Anglo-İranian oil co. case 

(United Kingdom/İran) order of july 22th, 1952. 

2.

 

Foreign  relations  of  USA  (FRUS):  President  Truman  to  Prime  Minister 

Mosadeg. Washington, July 8, 1951. Vol-X. 

3.

 

FRUS: Memmorandum of Conversation by the Second Secrtary of the Embassy 

in İran. Tehran, July 11, 1951. Vol-X. 

4.

 

Stephen Kinzer. All The Shah’s Men. New Jersy, 2007. 258 p. 



5.

 

Kommunist qəzeti, 18 avqust 1951-ci il 



6.

 

FRUS:  The  special  assistant  to  the  President  (Harriman)  to  the  Department  of 

State.Tehran, August 29, 1951. Vol-X. 

7.

 

FRUS:  The  Acting  Secretary  of  State  to  the  Embassy  in  İran.  Washington, 

September 7, 1951. Vol-X. 

8.

 

Henry Kissinge. Diplomacy. New York, 1994. 912 p. 



9.

 

Российский  государственный  архив  социально-политической  истории 

(РГАСПИ): Ф.9, Оп.55, Д.6, Л.5. 

10.

 

Bu  haqda  əlavə  məlumat  üçün  bax:  И.  В.  Гайдук  В  лабиринтах  холодной 

войны: ССР и США в ООН, 1945-1965.Москва, 2012. 331 с. 

11.

 

FRUS:Memorandum  of  Conversation,  by  Colonel  Vernon  Walters,  New  York. 

October 9, 1951. Vol-X. 

12.

 

Stephen Kinzer. All The Shah’s Men. New Jersy, 2007. 258 p. 



13.

 

New York Times newspaper, 20 October 1951. 



14.

 

FRUS:  Memorandum  of  Conversation  by  the  Secretary  of  State.  Paris, 

November 4, 1951. Vol-X 

15.

 

FRUS: Memorandum of a  meeting  of the Foreign Ministers of the US and UK 

of the Department of State. January 9, 1952. Vol-X. 

16.

 

РГАСПИ: Ф.82, Оп.2, Д.1041, Л.232. 



17.

 

Probable developments in İran in 1952 in the absence of an oil settlement. CIA-

RDP79R01012A. 4 february, 1952.  

18.

 

FRUS:The Ambassador in İran to the Embassy in the United Kingdom. Tehran. 

February 28, 1952. Vol-X. 

19.

 

РГАСПИ: Ф.82, Оп.2, Д.1042, Л.80.) 



20.

 

Reports of judgments, advisory opinions and  orders: Anglo-İranian oil co. case 

(United Kingdom/İran) order of july 22th, 1952. 

21.

 

Reports of judgments, advisory opinions and  orders: Anglo-İranian oil co. case 

(United Kingdom/İran) order of july 22th, 1952.  

22.

 

Reports of judgments, advisory opinions and  orders: Anglo-İranian oil co. case 

(United Kingdom/İran) order of july 22th, 1952. 

23.

 

РГАСПИ: Ф.82, Оп.2, Д.1041, Л.228. 



24.

 

Henry Kissinge. Diplomacy. New York, 1994. 912 p. 



 

 

 

 

 

182                                                                           Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



НАСИМИ РЗАЕВ 

Докторант Исторического факультета БГУ 

 

В 1951-52 ГОДАХ В СВЯЗИ С ИРАНСКОЙ НЕФТЬЮ 

МЕЖДУНАРОДНЫЙ КРИЗИС И МЕРЫ ПРАВИТЕЛЬСТВО США 

 

Начиная  с  1949  года,  Национальное  движение  в  Иране  с  начала  1951  года 



вступила  в  более  серьезный  этап.  Основатель  организации  Национального  Фронта  и 

лидер  движения  национализации  Мухаммед  Мусаддигин  после  назначения  премьер-

министра  выдвинул  просто  идею  богатства  Ирана  предыдущие  периоды,  но,  в 

частности,  вопрос  о  национализации  нефтяной  начали  становиться  реальностью. 

Начиная  с  национализации  нефтяной  кризис  стал  международным  характером  в 

короткое  время.  В  этом  случае  глаза  всего  мира  направлены  на  Иран.  Результат  этого 

процесса  внимательно  исследовали.  В  общем  Иран  считается  самым  слабым  звеном  в 

политике США на Ближнем и Среднем Востоке. 



 

NASIMI RZAYEV 

Candidate for a degree of History faculty of BSU 

 

IN 1951-52 IN CONNECTION WITH THE IRANIAN OIL 

THE INTERNATIONAL CRISIS AND MEASURES OF GOVERNMENT 

OF THE USA 

 

Since  1949,  National  movement  in  Iran  was  included‎  to  more  serious  stage  in  the 



beginning  of  1951.  After  appointed  prime  minister  the  founder  of  the  National  Front 

organization  and  the  leader  of  movement  of  nationalization  Mohammad  Mosaddeg  after  put 

forward  simply  idea  of  Iranian  resources  the  previous  periods,  especially  a  question  of 

nationalization  oil  started  becoming  reality.  Beginning  with  the  nationalization  oil  crisis 

became the international character in a short time. In this case, all the world's eyes focused on 

Iran.  Result  of  this  process  were  following  attentively.  Generally  Iran  is  considered  the 



weakest part of the policy of the USA in the Middle East.  

 

Rəyçilər: t.e.d.M.B.Fətəliyev, t.e.d.A.Ə.Məmmədov 

Bakı Dövlət Universiteti, “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi”ka-

fedrasının 25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə