İmmanuil Kantın fəlsəfəsi baxışları (1724-1804). Kant ailə qurmayıb.
Dünya mədəniyyətinin - elmin, fəlsəfi fikrin inkişafı tarixində onun xidməti böyükdür. Kant XVIII əsrin ən görkəmli mütəfəkkirlərindən biri idi. Kant yaşadığı dövrün fəlsəfi fikri qarşısında iki başlıca vəzifənin durduğunu qeyd edirdi: 1) Təbiət qanunlarının əsaslandırılması və fəlsəfi cəhətdən ümumiləşdirilməsi; 2) İnsanların ləyaqətinin qorunması və onların bərabərliyinin əsaslandırılması. Bu məsələləri həll edərkən Kant keçmiş metafizik fəlsəfəni kəskin tənqid etmiş, hadisələrə dialektikcəsinə yanaşmış və bu iki vacib məsələni həll etməklə alman klassik fəlsəfəsinin əsasını qoymuşdur. Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar:
Birinci təxminən 1747-ci ildən, yəni "Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər" əsərindən 1770-ci illərə qədər olan dövrü əhatə edir. Tənqidəqədərki dövr adlanan bu mərhələdə o əsasən, təbii-elmi problemlərlə məşğul olmuşdur. Günəş sisteminin meydana gəlməsi haqqındakı dialektik fikirləri məhz bu dövrdə irəli sürmüşdü. Kant "Səmanın ümumi təbii tarixi və nəzəriyyəsi" əsərində Günəş sisteminin nəhəng qaz dumanlıqlarından əmələ gəldiyini sübut etməyə çalışırdı. Bütün bunlarla birlikdə Kant həm də təbiətin öz-özünə inkişafı ideyasını əsaslandırdı və inkişaf etdirdi.
XVIII əsrin 70-ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), "Proleqomenlər" (1783), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə qabiliyyətinin tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr (özündə mahiyyət)" haqqında təlimi təşkil edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı olmayaraqmövcuddur. Kant onları "şey özündələr" adlandıraraq deyirdi ki, bunlar "transsendent"dirlər, yə"ni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri dünyaya məxsusdurlar; onlar dərk edilməzdirlər, insanlar yalnız onların təzahürlərini dərk edə bilərlər.
Bütün bunlar onu göstərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər tərəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud olduğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz, transsendent, o biri dünyaya məxsus hesab etməklə özünü idealizmin nümayəndəsi kimi göstərmişdir. Bizim şüurumuzdan kənarda və bizdən asılı olmayaraq mövcud olan obyektiv reallığı qəbul edən Kant sübut etməyə çalışırdı ki, bu reallığın hiss üzvlərimizə təsiri nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir. Ona görə də insan bu "şey özündələr"i dərk edə bilməz. ( Stəkanda karandaş - duyğular yanılda bilər)
Kant təzahürlər haqqında təlimində isə göstərirdi ki, insan yalnız təzahürlər aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu, dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər aləminə məxsusdur. Bu mənada təbiət və onun qanunları, prinsipial surətdə "şey özündələr"dən fərqlənir. Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, "şey özündələr"in hisslərimizə təsiri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant təbiəti təzahürlərin, yəni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut etməyə çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yəni təzahürlər aləmini əks etdirə bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın predmeti ola bilməzlər. Beləliklə, Kantın bu konsepsiyası David Yumun aqnostisizm və subyektiv-idealizm xəttinin davamından başqa bir şey deyildir. Kantın aqnostisizmi sadəcə olaraq dünyanın dərk edilməzliyi müddəasında deyil. O bunu "Şey özündələr" aləminin sirlərinin heç zaman elm tərəfindən açıla bilməməsi və insana məlum ola bilməməsi timsalında nümayiş etdirirdi.
Kant fəlsəfəsində biz çoxlu dialektik fikirlərə rast gəlirik. "Saf ağılın tənqidi" və "Proleqomenlər" əsərlərində Kant antinomiyalar haqqında dialektik təlim yaratmışdır.
Kant həm də əxlaq haqqında təlimin yaradıcısı kimi məşhurdur. Onun fikrincə, əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-şərtsiz tələb) təşkil edir. Bu imperativ obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz qanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, qəti imperativ, ümumi mənəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun hərəkətləri ümumi qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.
Qəti imperativ haqqında Kant təlimi onun "Şey özündələr" nəzəriyyəsi ilə qırılmaz surətdə bağlıdır. Onun fikrincə, insana iki mənada baxılmalıdır: bir tərəfdən təzahür, digər tərəfdən isə "Şey özündə" kimi. Təzahür kimi insanın davranışı təbiət qanunlarına tabedir, onun hərəkətləri azad deyil, zəruridir, səbəbiyyət əlaqələri ilə bağlıdır. "Şey özündə" kimi insanın davranışı səbəbiyyət əlaqələrinə, təbiət qanunlarına tabe deyildir.Burada insan davranışı qəti imperativ müvafiq olaraq baş verir. Bunlara əsaslanaraq, Kant hər vasitə ilə ruhun ölməzliyi, iradə azadlığı və Allahın mövcudluğu fikrini yaymağı tələb edirdi. Onun nəzərincə, insanlar bunların varlığına inanmalı, lakin onları dərk etməyə çalışmamalıdırlar, çünki onlar transsendentdirlər, dərk olunmaz "Şey özündələr" aləminə məxsusdurlar. Kant özünün fəlsəfi sistemini yaradarkən sübut etməyə çalışırdı ki, insanın dərketmə dairəsi təzahürlər aləmi ilə məhdudlaşır.
Göründüyü kimi, Kant fəlsəfəsi çox mürəkkəb və daxilən ziddiyyətlidir. Ona görə də o özünün yarandığı ilk andan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri tərəfindən tənqidə məruz qalmışdır.
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı tənqidini Hegel vermişdir. Buna baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətin fəlsəfi fikir tarixində mühüm rol oynamışdır