3.Təhsil fəlsəfəsinin tədqiqat aspektləri və tendensiyaları.
“Təhsil fəlsəfəsi” termininin problemin statusu baxımından səciyyələndirdiyi çoxmənalılıq və müəyyən edilən tədqiqat aspektləri bunlardır:
* nəzəri baxımdan, elmi-pedaqoji aspekt;
* pedaqogika elminin metodoloji əsası olaraq, metodoloji-pedaqoji aspekt;
* təhsil prosesinin dərk olunması və insanın yaradılış mahiyyətinə uyğunluğu, refleksiv-fəlsəfi aspekt;
* pedaqoji gerçəkliyin təhlil olunması üçün vasitə olması aspekti.
Qeyd olunan məsələlər təhsil fəlsəfəsinin pedaqogika elminin inkişafı üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Maraq doğuran məsələlərdən biri təhsil fəlsəfəsinin inkişafının əsas, dünyəvi tendensiyalarıdır. Bu baxımdan həmin tendensiyaları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
a) təhsil sistemi və klassik modeldəki böhranla əlaqədar təhsilin sosiomədəni paradiqmasının dəyişməsi, humanitar elmdə təhsil sosiologiyası və fəlsəfəsinin fundamental pedaqoji ideyaların yenidən işlənib hazırlanması;
b) eksperimental və alternativ məktəblərin yaradılması;
c) təhsilin demokratikləşdirilməsi, fasiləsiz təhsil sisteminin yaradılması;
d) təhsilin humansitləşdirilməsi, humanitarlaşdırılması və kompüterləşdirilməsi;
e) azad təhsil və təlim proqramları seçimi.
Müasir təhsil fəlsəfəsinin inkişaf tendensiyaları və əsas vəzifələrindən bəhs edərkən qeyd etməliyik ki, bu gün ənənəvi pedaqoji paradiqmanın qüvvədən düşməsinin, təhsilin ənənəvi formalarının kifayət etməməsinin və mövcud problemlərin həllinin imkan və yollarının dərk edilməsi məsələləri ön planda olmalıdır. Bütün bunlar belə bir fikri söyləməyə əsas verir ki, təhsil fəlsəfəsi pedaqogika və təhsilin son hədd üçün əsaslarından bəhs edir. Burada təhsilin mədəni mahiyyəti və yeri, insanın və təhsillilik idealının dərk edilməsi, pedaqoji fəaliyyətin xüsusiyyəti və mahiyyəti məsələləri əhatə olunur.
Təhsil sisteminin, onun məzmununun, texnologiyalarının yeniləşdirilməsinin cəmiyyət üçün vacibliyini, əhəmiyyətini əsaslandıran və bu işin uzaqgörənliklə ideya əsaslarını irəli sürən ümummilli lider Heydər Əliyev gələcək inkişafın bilavasitə haqlı olaraq təhsillə bağlı olduğunu vurğulayırdı. “Gələcəyimiz bu gün gənclərə nəyi və necə öyrətməkdən asılıdır”, - deyən ulu öndər Heydər Əliyev təhsilin yeni məzmununun formalaşdırılmasını, yəni nəyi öyrətməyin, nəyi öyrənməyin zəruriliyini ön plana çəkərək, həm də necə öyrətməyin, innovativ yanaşmaların tətbiq əhəmiyyətini dərk etməyə xüsusi önəm verirdi.
Qeyd etmək lazımdır ki, pedaqogika bir çox suallara, əsasən nəyi və necə öyrətmək suallarına cavab verir. Lakin öyrətmə prosesinin məntiqi-idraki və psixoloji aspektləri də vardır ki, bunlar pedaqogikanın predmetindən kənara çıxır, bilavasitə psixologiya və fəlsəfə ilə, həmçinin təhsil fəlsəfəsi ilə daha çox bağlı olur. Müasir dövrdə elm sahəsi kimi formalaşan təhsil fəlsəfəsi ümumi pedaqogikanın nəzəri, metodoloji bazasının zənginləşdirilməsinə ciddi təsir göstərə bilər. Bütövlükdə milli təhsil sisteminin formalaşdırılmasında təhsil fəlsəfəsinin xüsusi rolu vardır. Bu baxımdan milli təhsil sistemi formalaşdırılarkən aşağıdakı zəruri məsələlərə diqqət yetirilməsi məqsədəuyğun bilinir:
* dünya təhsil sisteminin tendensiyaları;
* ayrı-ayrı qabaqcıl ölkələrin təhsil təcrübəsi;
* ümumi, invariant xüsusiyyətlər;
* sosial-iqtisadi islahatların tələbləri;
* milli dəyərlər (ana dili, vətən tarixi, ənənəvi davranış normaları).
Dünya ölkələrinin təcrübəsi, təhsil tarixindən məlumdur ki, xalqın inkişafının əsas amillərindən biri milli təhsil sistemini formalaşdırmaq və qoyulan hədəflərə doğru məqsədəuyğun fəaliyyətdir. Köhnə sistemdən uzaqlaşmaq naminə yalnız xaricdən mütəxəssis cəlb etməklə milli təhsil, milli ruhu formalaşdırmaq, həqiqətən, mürəkkəb bir məsələdir. Milli təhsil sistemi xalqın milli ruhunun yüksəldilməsində, strateji hədəflərə nail olunmasında ən güclü təsir vasitəsidir.
XIX əsrin əvvəllərində İ.Fixte alman xalqına müraciət edərək xalqın səfərbər olunması, xalqın ruhunun yüksəldilməsi üçün yaranmış çətin vəziyyətdən çıxış yolunu milli təhsil sisteminin qurulmasında görürdü.
Yasuxiro Nakasone konsepsiyasında (“Yaponiya: XXI əsr üçün konsepsiya”) qeyd edirdi ki, “islahatın fəlsəfi ideoloji prinsiplərindən başlamaq lazımdır. Əvvəlcə karkası qurmadan bina tikmək olmaz” .
Dostları ilə paylaş: |