№ 2(105)-247/2017
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
18 yanvar 2017-ci il
Sumqayıt şəhəri
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman
Gülbaba oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədova Lətifə Məhyəddin qızı və
Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə,
Həsənzadə İslam İskəndər oğlunun katibliyi ilə açıq məhkəmə iclasında,
İddiaçı Zamanova Elnarə Nadir qızının cavabdeh Zamanov Xəyyam Ağalar oğluna
qarşı uşağın himayəyə verilməsi, aliment və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə
Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2(060)-2285/2016 saylı
qətnaməsindən tərəflərin verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N
E T D İ:
Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı
Zamanova Elnarə Nadir qızının cavabdeh Zamanov Xəyyam Ağalar oğluna qarşı uşağın
himayəyə verilməsi, aliment və əlavə xərcin tutulması tələbinə dair iddiası qismən təmin
edilmiş, 10 may 2005-ci il təvəllüdlü Zamanova Aysu Xəyyam qızının anası Zamanova
Elnarə Nadir qızının himayəsinə verilməsi, 13 iyun 2016-cı il tarixdən etibarən 10 may 2005-
ci il təvəlüdlü Zamanova Aysu Xəyyam qızının, 01 iyun 2008-ci il təvəllüdlü Zamanova
Fatimə Xəyyam qızının və 30 iyun 2010-cu il təvəllüdlü Zamanov Hüseyn Xəyyam oğlunun
yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 117 (yüz
on yeddi) manat, ümumilikdə 351 (üç yüz əlli bir) manat alimentin Zamanov Xəyyam Ağalar
oğlundan tutularaq Zamanova Elnarə Nadir qızına verilməsi, iddianın qalan hissədə təmin
edilməməsi qət edilmişdir (hakim Ceyhun Məmmədov).
Qətnamədən tərəflər apellyasiya şikayəti vermişdir.
İşin halları
İddiaçı Zamanova Elnarə Nadir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək
göstərmişdir ki, cavabdehlə 24 fevral 2003-cü ildə rəsmi nikah qeydindən keçməklə ailə
qurmuşdurlar. Həmin nikahdan onların10 may 2005-ci il təvəlüdlü Zamanova Aysu Xəyyam
qızı, 01 iyun 2008-ci il təvəllüdlü Zamanova Fatimə Xəyyam qızı və 30 iyun 2010-cu il
təvəllüdlü Zamanov Hüseyn Xəyyam oğlu adlı övladları olmuşdur.Ailə qurduqdan bir müddət
sonra cavabdehlə münasibətləri pisləşmişdir. Bunun nəticəsi olaraq Sumqayıt Şəhər
Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, Fatimə
və Hüseyn onun himayəsinə verilmiş, Aysunun kimin yanında qalmasına baxılmamışdır.
Aysun kimin yanında qalmasına baxılmamasına səbəb 10 yaşı tamam olmuş Aysun
məhkəmədə iştrak etməməsi olmuşdur. Övladı Zamanova Aysu onun himayəsində qalmaq
istəyir və cavabdeh buna etiraz etmir. Cavabdeh uşaqların qayğısına qalmır və artıq uzun
müddətdir ki, uşaqların təminatı ilə bağlı maraqlanmamışdır. Ona görə də iddiaçı iddia
tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
İddiaçı Zamanova Elnarə Nadir qızı qətnamədən apellyasiya şikayəti verərək
göstərmişdir ki, alimentin tutulması 13 iyun 2016-cı il tarixindən müəyyən edilmişdir, lakin
o, alimentin 13 iyun 2016-cı il tarixindən tutulmasını qanunsuz və əsassız hesab edir. Ailə
Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan
tutulur. O, iddia ərizəsini 28 yanvar 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə
vermişdir. Belə olan halda aliment 28 yanvar 2016-cı il tarixdən tutulmalıdır.
Sumqayıt Şəhər Məhkəməsinin mülki iş üzrə 05 iyul 2016- cı il tarixli qətnaməsini
qismən, təyin olunmuş alimentin 13 iyun 2016-cı il tarixdən tutulması hissəsində ləğv edərək,
cavabdeh Zamanov Xəyyam Ağalar oğlundan hər ay sabit pul məbləğində 351 manat
alimentin 28 yanvar 2016-cı il tarixdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş
etmişdir.
Cavabdeh Zamanov Xəyyam Ağalar oğlu qətnamədən apellyasiya şikayəti verərək
göstərmişdir ki, məhkəmənin qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə
05 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Zamanova Elnarə Zaman qızının
iddiasını qismən təmin etməklə 10 may 2005-ci il təvəllüdlü Zamanova Aysu Xəyyam qızı,
01 iyun 2008-ci il təvəllüdlü Zamanova Fatimə Xəyyam qızı və 30 iyun 2010-cu il təvəllüdlü
Zamanov Hüseyn Xəyyam oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə
hər ay sabit pul bəbləqində 117 manat, ümumilikdə 351 manat alimentin ondan tutularaq
Zamanova Elnarə Nadir qızına ödənilməsini gət etmişdir. Ailə qurduğu dövrdən ayrılan günə
qədər o və valideyinləri sadəcə cavabdehin evdəki qeyri-etik davranışlarinin qurbanı
olmuşlar. İşlədiyi "Turays Group" firmasında 400 manat əmək haqqı alsa da məhkəmə bunu
nəzərə almadan qərar qəbul etmişdir. Axı onun da insan kimi yaşamaq istədiyini və özünə
aid bir yaşam tərzi ola bilməsini nəzərə almamışdır. Ona görə də Sumqayıt Şəhər
Məhkəməsinin 05 iyul 2016- cı il tarixli qətnaməsinin ləğv olunmasını, alimentin onun əmək
haqqının ikidə bir hissəsi məbləğində tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş
etmişdir.
Məhkəmə kollegiyası mülki işin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə
müqayisəli şəkildə araşdıraraq hesab edir ki, iddiaçı Zamanova Elnarə Nadir qızının
apellyasiya şikayəti təmin edilməli, cavabdeh Zamanov Xəyyam Ağalar apellyasiya şikayəti
isə təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının
müddəti hissəsində dəyişdirilməlidir.
Hüquqi məsələlər
Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya
məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar
əsasında mahiyyəti üzrə baxır.
Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya
dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin
ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş
dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi
apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq
normalarına riayət etməsini yoxlayır.
İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli
qətnaməsi ilə iddiaçı Zamanova Elnarə Nadir qızının cavabdeh Zamanov Xəyyam Ağalar
oğluna qarşı uşağın himayəyə verilməsi, aliment və əlavə xərcin tutulması tələbinə dair
iddiası qismən təmin edilmiş, 10 may 2005-ci il təvəllüdlü Zamanova Aysu Xəyyam qızının
anası Zamanova Elnarə Nadir qızının himayəsinə verilməsi, 13 iyun 2016-cı il tarixdən
etibarən 10 may 2005-ci il təvəlüdlü Zamanova Aysu Xəyyam qızının, 01 iyun 2008-ci il
təvəllüdlü Zamanova Fatimə Xəyyam qızının və 30 iyun 2010-cu il təvəllüdlü Zamanov
Hüseyn Xəyyam oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul
məbləğində hər birinə 117 (yüz on yeddi) manat, ümumilikdə 351 (üç yüz əlli bir) manat
alimentin Zamanov Xəyyam Ağalar oğlundan tutularaq Zamanova Elnarə Nadir qızına
verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsiinə əsasən valideynlər
uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması
üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə
tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla,
uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq
müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə
əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın
qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq
və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial
təminat məsəlləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr,
inzibati
orqanlar,
yaxud
qanunvericilik
orqanları
tərəfindən
həyata
keçirilib-
keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən tədbirlərdə uşağın maraqlarının
daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir.
“Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”
Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2016-cı il uşaqlar üçün
yaşayış minimumu 117 manat məbləğində müəyyən edilmişdir.
İş materiallarından görünür ki, iddiaçı Zamanova Elnarə Nadir qızının cavabdeh
Zamanov Xəyyam Ağalar oğluna qarşı uşağın himayəyə verilməsi, aliment və əlavə xərcin
tutulması tələbinə dair iddia ərizəsi 28 yanvar 2016-cı il tarixdə Sumqayıt Şəhər
Məhkəməsinə daxil olmuş, iş məhkəmə baxışına təyin edilmiş, 26 fevral 2016-cı il tarixli
qərardadla iddia ərizəsi baxılmamış saxlanılmış, sonradan 13 iyun 2016-cı il tarixli qərardadla
ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv edilərək yekun məhkəmə qərarı
çıxarılmışdır. Lakin birinci instansiya məhkəməsi alimentin tutulması barədə qətnamə qəbul
edərkən alimentin tutulması müddətini ərizənin verildiyi tarixdən deyil, ərizənin baxılmamış
saxlanması barədə qərardadın ləğv edildiyi tarixdən hesablamaqla səhvə yol vermişdir.
Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət
edildiyi vaxtdan tutulur.
Ona görə də iddiaçı Zamanova Elnarə Nadir qızının apellyasiya şikayəti əsaslı
sayılaraq təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının
müddəti hissəsində dəyişdirilərək, alimentin tutulması 28 yanvar 2016-cı il tarixdən, yəni
iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə daxil olan vaxtdan hesablanmalıdır. Eyni
zamanda iddiada alimentin sabit məbləğdə tutulması tələbi olduğu üçün cavabdeh Zamanov
Xəyyam Ağalar oğlunun alimentin onun əmək haqqının ikidə bir hissəsi məbləğində
tutulması barədə apellyasiya şikayətinin dəlili əsasız sayılaraq təmin edilməməlidir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və
405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı Zamanova Elnarə Nadir qızının apellyasiya şikayəti təmin edilsin.
İş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi alimentin
tutulmasının müddəti hissəsində dəyişdirilərək, alimentin tutulması 28 yanvar 2016-cı il
tarixdən, yəni iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə daxil olan vaxtdan hesablansın.
Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Cavabdeh Zamanov Xəyyam Ağalar oğlunun apellyasiya şikayəti təmin olunmasın.
Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt
Apellyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti
verilə bilər.
Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay
keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən imza:
Hakimlər imzalar:
Əsli ilə düzdür:
Sumqayıt Apellyasiya
Məhkəməsinin hakimi
Elman Rəhimov
Dostları ilə paylaş: |