Yuyulmuş qəhvəyi torpaqlar. Bu torpaqlar Lənkəran vilayətinin şimalında düzən ərazilərdə prolüvial-delüvial çöküntülər üzərində yayılmışdır və bu torpaqlar keçmişdə meşə bitkiləri altında inkişaf etmişdir. Hazırda həm dəmyə, həm də suvarma şəraitində bu torpaqlardan taxıl,üzüm, tərəvəz bitkiləri altında istifadə olunur.
Düzən ərazilərin yuyulmuş qəhvəyi torpaqları yuyulmuş dağ-qəhvəyi torpaqlardan kəskin şəkildə fərqlənir. Əvvəla, bu fərq özünü torpaqların bir sıra morfoloji əlamətlərində göstərir. Yuyulmuş qəhvəyi torpaqlarda əkin və əkinaltı qatlar bir qədər tünd qəhvəyi rəngə malikdirlər. Onlar arasında keçid tədricidir. Profilin 50-100 sm dərinliyinə kimi qırmızıyaçalar zolaqların olmasını müşahidə etmək mümkündür. Bu da yuyulmuş qəhvəyi torpaqların vaxtilə meşəaltında olmasını bir daha sübut edir. Torpaq profilinin karbonatsızlığı ilə izah edilir. Delüvial çöküntülərin qalınlığı (1-2 m) dağətəyi qurşaqdan şərqə doğru tədricən azalır. Yuyulmuş qəhvəyi torpaqların profilində bəzən gillicəli-qumsal çöküntülərin olması da nəzərə çarpır.
Dostları ilə paylaş: |