Dağ şabalıdı torpaqlar
Dağ şabalıdı torpaqlar orta dağlığın cənub-qərb yamacında,yerli adı Zuvand olan ərazidə yayılmışdır.Zuvand-dəniz səviyyəsindən 1500-2000m yüksəklikdə,subalp qurşağından bir qədər aşağıda,özünəməxsus dağ-kserofit landşaftı olan,qismən tədric olunmuş ərazidir.Burada dağ şabalıdı torpaqlar mürəkkəb relyef şəraitində,kəskin parçalanmış yamaclarda formalaşmışdır.
Zuvandın iqlimi özünün quruluğu və soyuqluğu ilə seçilir.Qış dövründə,adətən,kəskin şaxtalar,yayda tez-tez təkrarlanan mülayim-quru və quru küləkli hava şəraiti hakimdir.Ərazinin iqlim şəraiti tufogen və digər mənşəli dağ süxurlarının fiziki,xüsusən da insolyasion-şaxta aşınması üçün əlverişli şərait yaratmışdır.
Zuvand ərazisi daxilində özünəməxsus dağ-kserofit örtüyü inkişaf etmişdir.Burada az sahədə səhra-bozqır,daşlı-qayalı yerlərdə kserofil ot və kollardan ibarət qaya bitkilərinə rast gəlmək mümkündür.Ot formasiyalarının inkişaf ritmində iki faza vardır:yaz və payız fəal vegetasiya dövrü və passiv yay dövrü.Quru iqlim şəraitinə uyğunlaşmış kol bitkiləri yay dövründə də inkişafı davam etdirir.Bu cür bitki örtüyü,təbii ki,torpaqda humusun toplanmasını və yamacların eroziyaya qarşı davamlılığını təmin edə bilməz.Ona görə də dağ şabalıdı torpaqlar humusun azlığı və güclü eroziya ilə səciyyələnirlər.
Dostları ilə paylaş: |