70)Qazan xanın apardığı islahatlar. XIII–XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı.
Vergi islahati-İslahatların əsas hissəsi 1297–1304-cü illər ərzində həyata keçirildi və inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi. Baş verə biləcək müxtəlif qeyri-qanuni əməllərin aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin bütün maliyyə vergi sisteminin yenidən qurulması siyasətini yeritməyə başladı. Vergi verməli olan əhalinin siyahısı tərtib olundu, vergilərin növləri, məbləği və vaxtı dəqiq müəyyən edildi. Vergilərin növləri, ödənilmə vaxtı taxta, metal, daş lövhələr üzərində həkk olundu və müxtəlif yaşayış məntəqələrinin nəzərəçarpan yerlərində qoyuldu. Tərtib olunmuş dövlət sənədlərinə düzəlişlərə imkan verməmək məqsədilə həmin sənədlərin əsli Şənbi-Qazanda yerləşmiş xüsusi yerə təhvil verilməli idi.
Torpaq islahatı-1303-cü ildə Qazan xan hərbi feodal əyanlarının mənafeyi naminə xüsusi fərman vermişdi. Bu fərmana əsasən dövlət torpaq mülkiyyəti (divani) fondundan onlara iqta hüququnda sahələr verilməyə başlandı. Torpaq sahələri ilə yanaşı həmin ərazidəki kəndlər, suvarma şəbəkələri və s. iqtidarların ixtiyarına keçdi. İqta torpaqları alınıb-satıla, bağışlana, cehiz və ya başqa şəkildə özgəsinə verilə bilməzdi. Yalnız hərbi qulluq göstərənlər iqta ala bilərdilər. İqtalar iqtidarın ölümündən sonra onun hərbi işi davam etdirən xələfinə çatırdı.