A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə159/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   155   156   157   158   159   160   161   162   ...   197
    Cəbhə  gündəliyindən 
9 avqust 1994-cü il saat 0.20
  
Üç  aya  yaxındır  ki,  “atəşkəs”dir.  Atəşkəsdən  sonra  məni  5-ci 
taborun  2-ci  bölüyünə  komandir  təyin  etdilər.  Bu  vaxta  qədər  mən  3-cü 
taborda  xidmət  edirdim.  İndi  Tərtər  bölgəsinin  Qazyan  kəndinin  cənub-
qərbində,  kənddən  iki  kilometr  aralıda  ön  mövqedəyik.  Bizim  səngərlə 
ermənilərin səngəri arasındakı məsafə 250 metrə qədərdir. Bizim bölüyün 
sağ  cinahında  baş  leytenant  Məhəbbət  Qəribovun  komandirlik  etdiyi 
üçüncü  bölük,  sol  cinahımzda  isə  4-cü  tabor  mövqe  tutmuşdur.  4-cü 
taborla  mənim  bölüyümün  arasında  500  metrədək  qorunmayan 
minalanmış  sahə  vardır.  Düşmən  həmin  ərazidən  arxamıza  keçə 
bilməməsi  üçün  sol  cinahda  “kolluq”  adı  altında  gecələr  gizli  keşikçilər 
qoyuram.  Bölüyün  birinci  və  üçüncü  tağımı  ön  mövqedə  keşik  çəkir. 
Bizdən 800 metr arxada minaatan batareyası yerləşib. Öz səngərlərimizə 
bitişik  olaraq  hər  manqa  üçün  daldalanacaq  düzəltdirmişəm.  Ön 
səngərlərdən  bir  qədər  arxada  bölüyün  komanda  məntəqəsi  və  onun 
yanında  isə  öz  qazmam  yerləşir.  Bölüyün  komanda  məntəqəsindən  30 
metr  sağda  isə  ehtiyatda  olan  tağım  üçün  qazma  tikdirmişəm.  Bütün  bu 
işləri  əsgərlər  əl  ilə  yerinə  yetiriblər.  Komanda  məntəqəsindən  iki  yüz 
metr sağda tank tağımı və taborun komanda məntəqəsi yerləşib. 
Tabora  mayor  B.Lazımov  komandirlik  edir.  Taborda  keçmiş 
döyüş yoldaşları çoxdur. Baş leytenantlar Məhəbbət Qəribov, Əli, Şahlar 
leytenant  Kamran,  Elşad,  gizir  Şahin,  Əlövsət,  kapitan  Elşən  və  çoxlu 
əsgərlər  var  ki,  onlarla  Murovdağ,  Füzuli,  Ağdam,  Tərtər  bölgələrində 
gedən döyüşlərdə birlikdə iştirak etmişik.  
Həm  ön  mövqedə,  həm  də  ehtiyatda  olan  tağımın  əsgərləri  yay 
olduğu  üçün  açıq  havada,  çəmənlikdə  yatırıq.  Ön  səngərlərdən  təqribən 
300 metr arxa tərəfdə cəbhə boyu hündürlüyü iki metrdən çox olan torpaq 
səddi  uzanır.  Bu  səddi  traktorlarla  düzəltdirmişik.  Bu  sədlərin  arxasında 
düşmən gülləsindən qorunmaq  və  manevr eləmək  mümkündür. Bu sədd 
qonşu bölüklərin qoruduqları ərazilərdə də vardır. Əsgərlərdən bir neçəsi 
torpaq  səddinin  arxasında  yarım  metr  hündürlükdə  üzüm  dirəklərinin 
üzərində məftildən hörülmüş torun içərisinə saman tökərək özlərinə yataq 
yeri  düzəldiblər.  Bir  əsgər  isə  alça  ağacında  özünə  leylək  yuvasına 
oxşayan yataq yeri düzəldib. Biz onlara “quş yuvası” deyirik.  
Artıq iki aydan çoxdur ki, ermənilərlə atəşin kəsilməsi razılığına 
gəlmişik.  Altı  il  davam  edən  müharibədə  ilk  dəfədir  ki, 
ermənilərlə bir-biri görürük, lakin bir-birimizə güllə atmırıq. Tutduğumuz 


 
283 
mövqe  Ağdamın  Nəmirli  kəndi  ilə  Tərtərin  Qazyan  kəndinin  arasında 
yerləşir.  Nəmirli  ermənilərin  işğalı  altındadır.  Atəşkəs  olana  qədər  bu 
ərazilərdə amansız döyüşlər aparmışıq. Həm ermənilər tərəfdən, həm də 
biz  tərəfdən  xeyli  sayda  itkilərimiz  olmuşdu.  Ermənilərin  səngəri 
yaxınlığında iki yandırılmış tankımız görünür. Neytral  ərazidə isə aprel-
may  aylarında  burada  döyüşmüş  190-cı  və  777-ci  hərbi  hissələrin 
əsgərlərinin meyidləri qalmışdı. Gecələr sürünə-sürünə ermənilərin xəbəri 
olmadan  bir  neçə  meyidi  çıxarıb  yiyələrinə  təhvil  vermişik.  Bəzən  isə 
ermənilərlə  razılığa  gələrək  (onlarla  danışıq  apararaq)  həmin  meyidləri 
oradan  çıxarmağa  nail  olmuşuq.  Bu  gün  ermənilərlə  danışıq  aparıb 
onların  nəzarətində  olan  yerdə  bizim  vurulmuş  tankımızda  meyid  olub-
olmamasını  öyrənmək  istəyirdim.  Düşmənlə  danışığa  getməzdən  əvvəl 
bütün  əsgərləri  səngərlərə  düzdüm  və  atəş  açmağa  hazır  vəziyyətə 
gətirdim.  Məqsədimiz  ermənilər tərəfindən  vurulmuş  və  onların  nəzarəti 
altında  olan  bizim  tank  ekipajı  haqqında  məlumat  almaqdır.  Özüm 
Allahverdi  adlı  əsgərlə  erməni  səngərlərinə  tərəf  yaxınlaşdım. 
Ermənilərdən  iki  nəfər  də  bizə  tərəf  gəlməyə  başladı.  Biz  silahsız 
gedirdik.  Təbii  ki,  ermənilər  də  silahsız  idi.  Mən  hər  dəfə  düşmən 
qarşısına  silahsız  çıxanda  özümü  çox  pis  hiss  edirdim.  Indi  də  əliboş 
düşmənə  yaxınlaşanda  bu  hissi  keçirirdim.  Onlara  yaxınlaşıb  5-7  metr 
məsafədə  dayandıq.  Onlar  da  dayandılar.  Ermənilərdən  biri-yəqin  ki, 
zabit idi-bizə rus dilində salam verdi. Mən başımla ona cavab verdim və 
onların  boş-boşuna  havaya  niyə  bu  qədər  güllə  atdıqlarını  soruşdum  və 
bildirdim  ki,  əgər  bizim  əsgərlərdən  birinə  güllə  dəysə,  mütləq  əvəzini 
çıxacağıq.  Sonra  onlardan  bizim  yanmış  tanklarımızın  içərisində  meyid 
olub-olmamasını  soruşdum.  Onlar  dedilər  ki,  tankın  işərisində  bir  nəfər 
tankla birlikdə yanıb. Mən həmin meyidi çıxarmaq istədiyimizi bildirdim. 
Onlar  min  dollar  istədilər  və  sabah  pulu  gətirsək,  meyidi  çıxarmağa 
imkan  verəcəklərini  bildirdilər.  Sonra  onlar    özlərinin  iki  nəfər  itkin 
düşənlərinin adları yazılmış bir kağızı bizə verdilər və onlar barədə bizdə 
məlumatın  olub  olmamasını  soruşdular.  Mən  onlardan  “Niyə  bizim 
torpaqlardan çıxıb getmirsiz”-deyə soruşdum. Erməni zabiti dedi ki, biz 
özbaşına  deyilik,  səngərdə  əziyyət  çəkmək  xoşumuza  gəlmir.  Həmin 
erməni Bakıda yaşadığını bildirdi və özündən asılı olmadan dedi ki, bizim 
başımıza bu oyunları açanlar  “saqqallılar”dır. Sonra erməni zabiti bizim 
ordunun  Türk  ordusu  olub-olmamasını  soruşdu.  Mən  bildirdim  ki,  öz 
ordumuzdur. O isə davam edərək bir gündə onların 8 tankını vurduğumuz 
üçün bizim döyüşçüləri “dəmiryeyən” adlandırdıqlarını dedi. Sonra o, bu 
döyüşlər zamanı xeyli canlı qüvvə və texnika itirdiklərini, təkcə Seysulan 
kəndindən özlərinin  
 


 
284 
Qoy bizim ana və bacılarımız öz övladlarına xalqımızın  
qəhrəmanlıq ənənələrini öyrətsinlər. M ü ə l l i f 
300 meyidini apardıqlarını, atəşkəs olmasaydı Qarabağdan qaçacaqlarını, 
onlarla döyüşən ordunun Türk ordusu olduğunu yəqin etdiklərini bildirdi. 
Sonra  erməni  zabiti  döyüş  planlarına  əsasən  bizim  cəbhə  xəttini 
Seysulan-Qazyan 
istiqamətində 
yarmaq,  Dördyol  istiqamətində 
irəliləyərək Bərdə şəhərinin cənubundan Kür çayına çıxmaq istədiklərini 
bizə  bildirdi.  O  sonra  bildirdi  ki,  sizin  “dəmiryeyən”  olmasaydı  biz  bu 
planı həyata keçirəcəkdik... Biz sözləşdik ki, sabah yenə görüşək... 
Gəncədən,  Tərtərdən  və  digər  rayon  və  şəhərlərimizdən  gələn 
zabit  və  əsgərlərimiz  danışırlar  ki,  oralarda  heç  bir  müharibə  əhval-
ruhiyyəsi  duyulmur.  Elə  bil  ki,  torpaqlarının  20  faizinə  qədəri  ermənilər 
tərəfindən işğal edilib, yandırılan bu millətin deyil, elə bil bir milyondan 
çox azərbaycanlı öz  yurdundan, yuvasından qaçqın düşməyib, elə bil on 
minlərlə vətən uğrunda həlak olan igid oğlanlar bu millətdən deyil, elə bil 
minlərlə  oğulu,  qızı,  gəlini,  uşağı,  qocası,  qarısı    erməni  əlində  min  bir 
əzab və işgəncəyə, alçaqlıqlara məruz qalan bu millət deyil...  
Indi  1-ci  tağımın  komandiri  gizir  Əlövsət  Həsənov  gəldi  və  ön 
mövqedəki  vəziyyət  barədə  məlumat  verdi.  Oturub  çay  içirik.  Gizir 
Əlövsət  Beyləqanda  anadan  olub,  Türkmənistanda  yaşayırmış.  1993-cü 
ilin  payızında  Azərbaycan  Prezidentinin  çağırışı  ilə  Türkmənistandan 
gələrək    Azərbaycan  ordusu  sıralarına  qoşulub  və  Fizuli,  Ağdam  və 
Tərtər  ərazilərində  gedən  döyüşlərdə  iştirak  edib.  Bu  döyüşlərdə 
göstərdiyi  igidliklərə  görə  ona  gizir  hərbi  rütbəsi  verilib  və  tağım 
komandiri təyin edilib. Döyüşkən və işgüzar oğlandır. Həm döyüşdə, həm 
də nizam-intizamda nümunəvi olmağa çalışır. Döyüşlər zamanı iki yerdən 
deşilmiş əsgər dəbilqəsini xatirə kimi saxlayır.  
Gecəyarıdır, səssizlikdir. Blindajın qabağında keşik çəkən əsgərin 
addımlarının və oxuyan böcəklərin aramsız səslərindən başqa heç bir səs 
eşidilmir. Bir azdan durub ön mövqeyi yoxlayacağam. Atəşkəs olmağına 
baxmayaraq arxayınlaşmaq olmaz. Düşmən düşməndir... Atalar deyir ki, 
düşmən yatmır.  
Gizir  Əlövsət  kitab  oxuyur,  ləqəbi  “Koroğlu”  olan  2-cü  tağım 
komandiri  kiçik  leytenant  Yadigar  Ağayev  yatıb.  Mən  isə...  Mən  isə 
indiyədək  apardığımız  müharibə  və  döyüşlər  barədə  yazmaq  istəyirəm. 
Istəyirəm  ki,  heç  nə  unudulmasın,  döyüşlər  zamanı  çəkdiyimiz  əzab-
əziyyətləri  (əgər  onları  olduğu  kimi  yazmaq  mümkündürsə)  bir  daha 
xatırlayım və gələcəkdə bu gündəliyi oxuyanlar hər şeyi olduğu kimi dərk 
etsinlər. 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin