partlayışdan sonpa yanmağa başladı. Ağacların arasından alovlanan
maşın görünürdü. Maşını bir qədər əvvəl bizimlə qarşılaşan və sonra
arxamızca geri qayıdan PDM vurmuşdu. Sən demə, bayaq
qarşılaşdığımız və əhəmiyyət vermədən yanından keçdiyimiz PDM
düşmənin döyüş maşını imiş. Onlarla qarşılaşarkən bizim maşını nə üçün
vurmadıqları hələ də mənim üçün sirdir. Sonralar fikirləşirdik ki, bəlkə də
bizim tibb maşınının qabaq və yanlarında qırmızı xaç işarəsi onları
çaşdırmış, düşmən qəfil atəş açmağa risq etməmişdir. Çünki həmin günlər
Qırmızı xaç təşkilatının nümayəndələri də Kəlbəcər ərazisində gözə
dəyirdi.
Bunları fikirləşməyə vaxt yox idi. Artıq meşə ilə ağaclardan tuta-
tuta yamacla gedirdik. Gecə düşmüşdü. Qayalıqla və cığırı belə olmayan
sərt bir enişlə-meşə ilə gedirdik. Meşədə yol getmək çətin idi. Bəzən
dayanıb geridə qalan kapitan F.Mehdiyevi gözləyirdik. Hamımız yorğun
idik. Neçə sutka idi ki, yatmırdım. Biz Qamışlı çayını keçib Susuzluq
kəndinə qalxmaq istəyirdik. Fikirləşirdim ki, yəqin briqadamızın
döyüşçüləri oralarda yeni mövqelər tutublar. Orada olmasalar yəqin ki,
Yanşaq kəndində olardılar. Yolları və ya cığırları tanımasam da haradan
gedəcəyimizi təxmin etmişdim. Biz meşə ilə yavaş-yavaş Qamışlı çayına
tərəf enməyi və çayı keçməyi qət eləmişdik. Körpüyə yaxınaşdıqda çayın
o tayındakı yüksəklikdən və körpünün yaxınlığından bizi atəşə tutdular.
Təzədən meşənin yamacı ilə geri qayıtmağımıza taqətimiz yox idi. Sağ
tərəf isə keçilməz qayalıq olduğundan, bircə yolumuz qalırdı; o da
döyüşərək qayalığın aşağısından sağ tərəfə keçmək lazım idi. Mən
yoldaşlara bunu bildirdim və özüm atəş açaraq arxa tullandım və
qayalığın sağına tərəf qaçdım. Dəyirmanın yanında toplaşdıq. Artıq
körpüdən keçmək və ya yol ilə hərəkət etmək təhlükəli idi. Aydınlıq idi.
Ay işığında çayın suyu parıldayırdı. Çayın dayaz yerindən keçməyi
qərara aldıq. Buna görə əvvəlcə 7 nəfərə avtomatların qayışını
boyunlarına keçirməklə əl-ələ tutaraq çayı keçməyi tapşırdım. Biz isə
çayı keçərkən onları qorumalı idik. Çayı keçərkən çaya yıxılanlar oldu.
Az qala çay onları aparacaqdı. Lakin köməkləşib onları çaydan çıxardıq
və hamımız o taya adladıq. Ağacların altında dayanıb paltarlarımızın
suyunu sıxdıq və ayaqqabılarımıza dolmuş suyu boşaltdıq.
Meşə və qayalıqla dağa qalxırdıq. Bir saata yaxın getdikdən sonra
181
cığırı itirdik. Hara gedəcəyimizi bilmirdik. Mən geri qayıdıb çay kənarı
ilə Çəpli kəndinə getməyi məsləhət bildim. Gecənin qaranlığında çox
çətinliklə yenidən aşağı enib çay kənarı ilə Çəpli kəndinə, oradan da
Susuzluq kəndinə qalxdıq. Gecə saat iki olardı. Kənd demək olar ki,
tamamilə boş qalmışdı. Paltarımız yaş idi, həm də ac və yorğun idik. Ona
görə yiyəsiz bir evdə paltarlarımızı qurutmaq və bir-iki saat dincəlmək
qərarına gəldik. Sobaya odun qoyub yandırdıq və paltarımızı qurutmağa
başladıq. Eyni zamanda yemək üçün ərzaq axtarmağa başladıq. Evlərin
birindən kartof və xeyli yumurta tapdıq və onları bişirib çörəksiz yedik.
Hərə bir tərəfdə yıxılıb yatmaq istəyirdi. Mən hamıya bildirdim ki, gecə
saat dördədək dincələk və sonra hərəkətə başlayaq. Təqribən iki saatdan
sonra qalxdıq və ayaqqabılarımızı geyinməyə başladıq. Ayaqqabılarımı
qurudarkən sobaya çox yaxın qoyduğumdan onlar yanıb qurumuşdu.
Ayaqyalın qalmışdım. Qaranlıqda gizir Şahin Bəxtiyarov həyətdən bir cüt
köhnə rezin çəkmə tapıb gətirdi, geyindim. Ayağımı sıxırdı, yeriyə
bilmirdim, amma başqa çarə yox idi. Səhərə yaxın saat 4-də yanşaq
kəndinə tərəf getməyə başladıq ki, səhər açılmamış Meydançayı keçək...
Biz Yanşağa çatanda artıq hava işıqlanmışdı. Qatı dumanlıqda
yol boyu tək-tək gecikmiş adamlar gözə dəyirdi. Onların hamısı uzaq
kəndlərdən gələrək Murovdağı aşmağa çalışırdılar. Kənddə bir evin
həyətində iki-üç nəfər mülki adamlar bizə çörək verdilər. Onlar
Kəlbəcərin ucqar, uzaq kəndlərindən gələnlər idilər...
Meydan çayı boyunca uzanan yolla Murovun ətəklərinə
qalxırdıq. Yenə də aclıqdan, yuxusuzluqdan və yorğunluqdan yeriyə
bilmirdik. Şahinlə mən hamıdan geridə qalmışdıq. O biri yoldaşlar bir
qədər bizdən qabağa keçərək xeyli aralanmışdılar. Bizdən qabaqda iki
qadın gedir, hərdən çantalarından çörək çıxarıb yeyirdilər. Biz də ac idik.
Onlara çatanda çörək istədim. Onlar bizə torbada qalmış və qurumuş iki
ovuc çörək ovuntusu verdilər. Bu onların axırıncı çörəkləri imiş. Yol
kənarında bir bulaq yanında oturub çörək ovuntusunu yedik və yenidən
hərəkətə başladıq. Yol evinə çatanda batalyon komandiri-polkovnik-
leytenant Eldar Həsənovla görüşdük. O, mənə zarafatla “Kamalov, məni
niyə gözləmədiniz”-dedi. Mən isə “Sən bizdən tez gəlmisən ki”-dedim.
Komandir dünən ayrılandan başına gələnləri qısaca mənə danışdı. O,
Çaykənddə ermənilərlə qarşılaşdıqlarını və maşından düşərək düşmən
PDM-lərindən qorunmaq üçün dağlara qalxdıqlarını və bütün gecəni
piyada gəldiklərini dedi. Mən isə ona dedim ki, onun öldürüldüyünü zənn
etmişdik. Orada onlar bizə konserv və çörək verdilər. Murovdağa qalxan
yolun ətrafı tərk edilmiş və dərələrə yuvarlanmış maşın, traktor, tank,
PDM, mal-qoyun sürüləri ilə, ölmüş mal-qoyun cəmdəkləri ilə dolu idi.
|