A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3.29 Mb.
Pdf просмотр
səhifə8/31
tarix03.04.2017
ölçüsü3.29 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

*** 

Səhər mən hekayəni qəzetə apardım. Redaktor oxudu və 

dedi: 

–Bilirsən  İlyas, pis deyil, hekayə  mənim xoşuma gəlir. 



Amma özün başa düşürsən də çap eləyə bilməyəcəyik. 

–Niyə? 


 105 

–Bir çox səbəblərə görə… 

–Axı hansı səbəblərə görə? 

Redaktor fikrə getdi. Sonra mənə yanaşıb  əlini çiynimə 

qoydu: 

–Yaxşı, elə birinci ondan başlayım ki, sənin bu qəhrəmanın 



Vüsaldı, Görüşdü nədi,  əgər bu arvadını sevmir, niyə onunla 

evlənib? 

Mən dedim: 

–Hekayə də elə bu barədədir. O Pərişanla təsəlli tapmaqçün, 

ilk eşqini – Dənizəni unutmaqçün evlənib. Amma bir gün 

məlum olur ki, onu nə unuda bilmişdir, nə  də  təsəlli tapa 

bilmişdir. Bu rahatlıq, dinclik, səadət hamısı yalan üzərində 

qurulubmuş. O… 

Redaktor sözümü kəsdi: 

–Yaxşı bu Vüsal dediyin Dənizəni sevirmişsə niyə elə onu 

almayıb? Buna nə mane olub? Dənizə kimdir? Biz onun 

haqqında heç bir şey bilmirik. 

Mən redaktorun təklif etdiyi papirosu götürüb damağıma 

qoydum.  

–Bu məsələnin hekayəyçün bir əhəmiyyəti yoxdur – dedim. 

İstəyirsən mən yetmiş iki min səbəb ya maniyə tapım ki, niyə 

Vüsalla Dənizə evlənməmişlər.  İstəyirsən Dənizənin bütün 

tərcümeyi–halını yazım. Kimdi. Nəçidi. Amma bütün bunların 

hekayəyə dəxli yoxdur. 

–Niyə? 


–Çünki hekayə Dənizə haqqında, Vüsalla Dənizənin nakam 

məhəbbətləri haqqında deyil. Hekayə Vüsal haqqındadır. 

Sevmədiyi bir qadınla "rahət, dinc, xoşbəxt" həyat qurmuş bir 

kişi haqqındadır. Günlərin bir günündə onun qəlbində 

boğduğu, boğmağa çalışdığı hisslər baş qaldırır, onun yalançı 

sakitliyini pozur, dəlicəsinə sevdiyi bir qadının eşqi qarşısında 

heç bir şey dayana bilmir. O, çətin yolla, böyük qurbanlarla əsl 

səadətinə doğru gedir. 

Redaktor fikrə daldı. Sonra yenidən gözlərini mənə zillədi.  


 106 

–Bunlar hamısı çox gözəl. Amma məsələ ondadır ki, bu 

adamı inandırmır. Çünki səciyyəvi deyil. Həyat həqiqəti 

yoxdur. Yaxşı,  İlyas öz aramızdır, axı hansı kişi sənin 

qəhrəmanın kimi birdən-birə heç bir şey olmadan ailəsini, 

dincliyini, bir sözlə  hər  şeyi atıb başqa bir qadının dalınca 

cumar. Nə var, nə var radiodan muğamat eşidir. Yaxşı tutaq ki, 

radio musiqi verməyəydi onda…  

Mən dedim: 

–İş radionun verdiyi musiqidə deyil. Radionu söndürmək 

olar. Çətini qəlbdə oyanan, könüldə çalınan musiqiylə 

bacarmaqdır.  

–Harda çalınır çalınsın. Heç bir kişi belə hapdan-lapdan 

küçəyə atılmaz. Həyatda belə şeylər olmur.  

Mən dedim: 

–Yox, bəzən olur. Mən bir kişi tanıyırdım. Ailəsi, arvadı, 

hətta uşağı vardı. Bax o da beləcə bir gün lap mənim 

qəhrəmanım kimi hər  şeyi atıb küçəyə cumdu. Uzun zaman 

küçələri veyilləndi və telefon budkasına yanaşdı.  

Aralığa sükut çökdü. Redaktor dalını gözləyirdi. Mən 

susdum. Nəhayət redaktor soruşdu: 

–Yaxşı avtomata getdi, sonra nə oldu. 

Mən dedim: 

–Sonra? Sonra üç şahılıq çıxarıb avtomatın yarığından 

atdı… Dəstəyi götürdü. 3 çəkdi. Sonra məsələn 2 … Sonra 5. 

Yenidən araya sükut çökdü. 

Redaktorun lap səbri tükənmişdi: 

–Yaxşı bəs sonra nə oldu? Dalı nə oldu? 

Mən çırtmayla papirosumun külünü tökdüm və dedim: 

–Nə oldu? Heç nə. Kişi dəstəyi asıb evinə qayıtdı. 

Redaktor sevindiyindən az qaldı atdanıb-düşsün. Onun 

gözləri parlayırdı. Elə bil onun öz arvadı belə fikirlərə düşüb 

sonra evə qayıtmışdı. 

–Bax görürsən? Bəs mən nə deyirəm? 

O, məni öz silahımla məğlub etdiyinə sevinir və  mənə 


 107 

rəhmdillik göstərirdi: 

–Yox, mən demirəm. Belə fikir hər adamın, hər kişinin 

başına gələ bilər. Amma həmişə adam özünü ələ almağı da 

bacarır. Şüurla hərəkət eləyir. Ürəyə çox da aludə olmur. Ürək 

quş kimi bir şeydir. O, daima uçmaq, pərvaz etmək istəyiylə 

çırpınır. Amma onun üstündə çox böyük yük var. Əqlin, 

məsuliyyətin, rəylərin, tanışlıqların, öyrəncəli həyatın yükü. O 

bu yükləri atıb uça–qaça bilmir. 

Bizim redaktor cavanlıqda  şer yazırmış. O mənim 

hekayəmin üstündən qələm çəkmək istəmirdi. O mənə kömək 

eləmək istəyirdi.  

–Bilirsən nə var. Qoy sənin qəhrəmanın da belə fikirlərə 

düşsün. Küçəyə  çıxsın. Telefonla zəng eləsin. Nömrənin 

yarısını yığsın. Lap qoy axıracan yığsın. Əziz səsi eşitsin, sonra 

telefonu assın.  

Mən dedim: 

–Səsi eşitsə telefonu asa bilməz.  

–Yaxşı onda elə nömrəni yığıb assın. Evinə, ailəsinin yanına 

qayıtsın. Başa düşsün ki, onun səadəti məhz ailəsindədir. Onda 

hekayənin ideyası da düzgün olar: İnsanda olan məsuliyyət 

hissi onun eqoist istəklərinə qalib gəlməlidir. Elə deyilmi? 

Mən dedim: 

–Elədir – və özüm də  təəccüb elədim ki, bu cür sadə  və 

aydın ideya nədənsə mənim başıma gəlməmişdi.  

–Yaxşı onda get, hekayənin axırını düzəlt, çap eləyək.  

Mən ayağa durdum. O məni qapıyacan ötürdü. Ona elə 

gəlirdi ki, hələ məni tamamilə qane edə bilməmişdir.  

–Yox bilirsən, nə qədər həyata oxşasa bir o qədər yaxşıdır. 

Axı həyatda heç kəs bu cür gedib zəng eləmir.  

Mən dedim:  

–Düzdür. Zəng eləmirlər. Eləyəndə də nömrəni yarıya qədər 

çəkib asırlar.  

Mən evə  gəldim. Hekayəni bir də oxudum. Əvvəlinə 

dəymədim. Vüsalın nömrənin yarısını  çəkdiyi yerdən ta axıra 


 108 

qədər hamısını pozdum. Əvəzinə belə yazdım: 

"Vüsal telefonun dəstəyini asdı və evə qayıtdı. O başa düşdü 

ki, onun səadəti məhz ailəsindədir. Ondakı  məsuliyyət hissi 

eqoist istəklərinə qalib gəldi.  

Mən  əlyazmamı  kənara qoydum. Papiros yandırdım. 

Masamın ardından durmaq istəyirdim ki, Vüsal dedi:  

–Yox, mən evə qayıtmadım.  

–Nə? Necə yəni qayıtmadın? 

–İndi ki mən orda telefonu asdım, onda çıxıb o biri 

avtomatdan zəng elədim.  

Mən dedim:  

–Qərənfilə  

–Yox, Dənizəyə. 

Vüsal dedi:  

–Məsələ adda deyil. Mən onsuz yaşaya bilmirəm. Əgər məni 

məcbur eləsələr ki, mən evə qayıdım, nə olar, sabah zəng 

elərəm. Ya biri gün, ya bir ay sonra. 

Mən dedim: 

–Axı redaktor… 

Vüsal dedi: 

–Mən redaktor–zad tanımıram. Redaktorun nə  həddi var 

mənim həyatıma qarışır. Görəsən sənin o redaktorun başa 

düşmür ki, bir qadını həyatından artıq sevmək nə deməkdir? 

Mən dedim: 

–Nə bilim. Deyirlər o arvadını yaman çox istəyir. Hər dəfə 

işdən qayıdanda ona marmalad alır.  

–Bunun mətləbə dəxli yoxdur.  

–Elədir. Amma əsas məsələ odur ki, həyatda belə olmur. 

Vüsal dedi: 

–Həyat sizə qalsın. Mən  əsər qəhrəmanıyam. Həyatda 

olmur, qoyun heç olmasa kitablarda olsun.  

Radio veriliş başladı. Yox, deyəsən, radio deyildi, televizor 

idi.  


Mən dedim: 

 109 

–Yaxşı, qoy sən deyən olsun. Nə cür istəyirsən o cür hərəkət 

elə.  

Vüsal dedi: 



–Biz bir daha görüşməyəcəyik. Mən Qərənfilin yanına 

gedirəm. 

Mən dedim: 

–Dənizənin. Niyə çaşdırırsan? Dənizə – bir gör nə gözəl 

addır. 

–Ən gözəl ad sevdiyinin adıdır. 



Mən dedim: 

–Düzdür. İndi ki, belə oldu, məndən Qərənfilə salam de.  

–Yaxşı. Əlvida. 

–Gülə–gülə.  

Mən pozduğum yerləri təzədən yazdım. Hekayənin axırına 

isə bu cümləni  əlavə etdim: "O gedirdi, çünki getməyə 

bilməzdi. Ayrı nə etsəydi yalan olardı, saxta olardı".  

Sonra mən hekayəni bir də başdan ayağadək oxudum. Sonra 

cırıb zibil qutusuna atdım. Zibil qutusu meyvə qabıqlarıyla 

dolu idi. Kağız parçaları yerə  səpələndilər. Mən onları 

yığışdırdım və qaz piltəsində yandırmağa başladım. Mən 

kağızların necə yanmasına tamaşa edirdim. Onlar büzüşürdü, 

sonra qanrılıb qalxır, sonra kül olub sovrulurdular.  

Mən oda baxırdım. Orda mənim hekayəm yanırdı. Eşq 

haqqında, bir də puç xəyalar haqqında yazdığım hekayə. Ədəbi 

gedib–qayıtmayacaqdan danışan hekayəm. Bütün kağızlar 

qaraldı. Bir kağız parçasının bir tərəfi qalmışdı. Mən onu 

götürdüm. Yalnız bir neçə hərf hifz olunmuşdu. "Duuuu……. 

Duuuuu……..Du". 

O biri otaqdan Sürəyyanın səsi gəldi: 

–İlyas çay içmək istəyirsən? 

Mən dedim: 

–Hə. Pis olmazdı. 

Balaca Solmaz çağırdı: 

–Ata gəl televizora baxaq. 


 110 

–Gəlirəm qızım. 

Deyəsən televizorda maraqlı kino göstərirdilər.  

Görərsən bu gün "Baharda" nə gedir. Seans yəqin ki 8.30-

dadır. Hava qaralanda.  

 

Payız 1959-cu il. 



Bakı 

 111 

 

 



ASQILIQDA İŞLƏYƏN QADININ SÖHBƏTİ 

 

Bizim idarədə, ağrın alım, beş yüzə qədər işçi var. Hərənin 



də bir cür, bir fason paltosu var. Mod deyirsiniz, nə deyirsiniz. 

Amma, allaha and olsun, hamısını bircə-bircə tanıyıram. 

Nömrə-zad olmasa da, heç vədə birinin paltosunu 

başqasınınkiynən dəyişik salmaram. Da, ay bala, yeddi ildi 

burda işləyirəm, elə olacaq dana. 

Hələ, desəm bəlkə inanmayasan, hansı paltonu harda asmağı 

da bilirəm. Görürsən, məsəlçün kim ki, kimnən bir səmtdə olur, 

onlar elə işə də bir gəlib gedirlər. Odu ki, onların elə paltolarını 

da yan-yana asıram. Hə, sözüm onda deyil... Bu əhvalat ki, 

danışıram, yəni əhvalat deyəndə, bir əhvalat da yoxdu. 

İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora 

meşin palto asmışam ha, bax, həmişə o nömrəyə iki palto 

asırdım. Paltoların rəngi də yadımdadı. Arvad paltosu sarıydı, 

özü də çox əntiqə  şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə, 

nimdaş: qolu-zadı getmişdi. 

Mən burda işləyəndən bəri bu iki paltonu bir təhvil almışam, 

bir qaytarmışam. Görürsən, ildə-ayda bir dəfə elə düşürdü ki, 

işə  gəlmirlərdi. Gəlməyəndə ikisi də  gəlmirdi. Elə bil 

azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay bala, 

ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o paltoları 

bir dəfə də ayrı asmadım. 

Hə, bir dənə də şərfləri vardı, belə ağ yun şərflər olur e, kişi 

şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi 

paltosunun cibində təhvil alardım. Amma soyuq. olanda o şərf 

arvad paltosunun üstündə gələrdi. 

Mən əvvəl sarı paltonu alıb altdan asardım, ustündən də qara 

kişi paltosunu. 

Ay keçirdi, il keçirdi, bu paltolar bir gəlirdi ki, bir gəlirdi. 

İstəyir işə tez gəlsinlər, istəyir gec, həmişə mən bax bu yeri 


 112 

onlarçün saxlayırdım. Görürsən bəzi günlər heç paltoların 

çoxuna yer olmurdu, onlar da heç görürsən, o gün işə 

çıxmayıblar. Amma mən bu yeri boş qoyurdum, bilmirəm, ay 

bala, nəyə görəsə o yerdən ayrı palto asmağa ürəyim gəlmirdi, 

qıymırdım. 

Hə, bir dənə  də ayrı, mixəyi kişi paltosu vardı. Onu da 

həmişə  tək asardım. Həmişə paltonu tək verərdi, bilirdim ki,  

adama yovuşmazdı. Bu idarədə bir tanışı, bir dostu, aşnası 

yoxdu ki, onunla bir yerdə  gəlsin ya bir yerdə getsin. Bu 

mixəyi palto nədən belə yaxşı yadımda qalıb: bu palto çox 

təzəydi, özü də bahalı parçadandı. Amma heç vaxt asqısı 

olmazdı. Neçə  dəfə demişdim, tikdirmirdi ki, tikdirmirdi. 

Axırda bir gün hövsələm çatmadı, götürüb özüm tikdim. 

Nə isə, sözüm onda deyil... Günlərin bir günündə  səhər 

işçilərin paltolarını alırdım. Yaman da basırıq idi, heç fikir 

vermirdim nəyi hara asıram. Gücbəlayla çatdırırdım. Aralıq bir 

az sakitləşəndən sonra gördüm ki, balam, deyəsən sarı paltonu 

həmin o mixəyi paltoynan asmışam. Dedim, hə, yəqin çaş-baş 

salmışam. Qaranı mixəyinin yerinə asmışam. Getdim, baxdım, 

gördüm yox, qara palto heç yerli-dibli yoxdu. 

Səhərisi gün yenə belə, sarıynan mixəyini bir verdilər. 

Üç–dörd gün elə belə keçdi, bir gün gördüm, qara paltolu da 

gəlib öz paltosunu uzatdı. Tək verdi, mən də ayrı asdım. 

Neyləyəydim, a bala, ta bir yerə üç palto asa bilməzdim ki. O 

gün də yaxşı yadımdadı, bir az yağış yağmışdı. Yağış yağırdı 

deyəndə, heç ağıllı–başlı yağmırdı da, elə balaca çisələyirdi. 

Bütün paltolar azacıq islanmışdı, amma qara paltonu elə bil 

suya salıb çıxarmışdılar. 

Bir müddət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə 

yanaşdı, qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda 

var: kim ki, hansı nömrəni verir elə həmin paltonu da alır. Lap 

istəyir atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto 

vermərəm. Həm də ki, özgəsininkini. Amma buna ürəyim 

gəlmədi. Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu 


 113 

ona uzatdım. Aldı, baxdı, baxdı... Sonra qaytardı. Çıxdı getdi. 

Bundan sonra bir də onu görmədim. 

 

18 dekabr 1959



 114 

 

 



KEÇƏN İLİN SON GECƏSİ 

 

Həmişə olduğu kimi indi də  Həmidə xala yeni ili öz 



evlərində qarşılayırdı. Onun yaşı  əllini çoxdan ötmüşdü. Yeni 

ili qarşılamaq dəb düşəndən bəri o, yalnız bircə dəfə, dekabrın 

otuz birində öz evlərində olmamışdı. O da təsadüfən; Həmidə 

xala  əri Qəzənfərlə Moskvadan qayıdırdı.  İş elə  gətirdi ki, 

Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar basmışdı. 

Başqa sərnişinlər kimi Qəzənfərlə Həmidə də qırx yeddinci ili 

qatarda qarşılamalı oldular. 

Əlli ikinci ildə isə Qəzənfər vəfat elədi. 

Həmidə xalagilin dörd uşağı vardı. İki yaşında vəfat eləmiş 

Sahib də dursaydı, beş olardı. 

Böyüyü qız idi – Gülarə. Ondan kiçiyi – Rüstəm. Sonra 

Dilarə, bir də sonbeşik – Tofiq. 

Gülarə  ərdə idi. Əri Süleyman həkim idi. Gülarə ilə 

Süleymanın uşaqlarının adı Vaqif idi. O, yaşyarımında idi. 

Tofiqin on dörd, Dilarənin on yeddi, Rüstəmin iyirmi bir, 

Gülarənin iyirmi beş yaşı vardı. 

Gülarədən başqa bütün uşaqlar evdə  Həmidə xala ilə bir 

yerdə yaşayırdılar. 

Keçən ilin son gecəsi idi. Saat doqquza on beş  dəqiqə 

qalırdı. 

Həmidə xala mətbəxdə idi. Plov bişirirdi. 

Tofiq tez-tez telefonla danışır, hərdənbir mətbəxə, anasının 

yanına gəlirdi. 

–Ana, Seyran da gələcək. 

–Seyran kimdi, a bala? 

–O sənin xoşuna gələn oğlan var ha. Deyirdin həmişə 

səliqəylə geyinir. 

–Hə. Lap yaxşı.  

Tofiq həyəcanlı idi. Həyatında ilk dəfə yeni ili öz 


 115 

"kompaniyası" ilə qarşılayırdı. "Kompaniya" oxuduğu 

məktəbin səkkizinci sinif şagirdlərindən ibarətdi. Uşaqlar iki-

üç ay əvvəldən söz qoymuşdular ki, yeni ili yığışıb bir yerdə 

qarşılasınlar.  

Tofiq: 


–Gəlin, bizdə  yığışaq, – deyə  təklif etmişdi. – Bizdə 

anamdan başqa heç kəs olmayacaq. O da bizə mane olmaz. 

–Bəs böyük bacın, qardaşın? 

–Onlar heç vaxt yeni ili evdə qarşılamırlar. 

Tofiq böyük bir sirr açırmış kimi anasına xəbər verdi ki, 

siniflərinin qızları da öz valideynlərindən icazə alıblar, yeni ili 

Tofiqgildə qarşılayacaqlar. Tofiqin mərhum atasını – adlı–sanlı 

neft ustası Qəzənfəri hamı tanıyırdı. 

–Ana, bəlkə Vasifin bacısı da gəldi. O, bizim sinifdə 

oxumur, amma qardaşıyla o da gəlmək istəyir. 

–Nə olar, oğlum, qoy gəlsin, gözümüz üstündə yeri var. 

–Bəs xörək çatar?  

Həmidə xala gülür: 

–Çatar, çatar, lap on beş nəfər də artıq olsa çatar. 

Tofiq yenidən kiməsə zəng eləyir və nə barədəsə uzun-uzadı 

danışır. Dəstəyi asır, sonra başqasına zəng eləyir. Yenə uzun-

uzadı danışır, asır. Sonra onun özünə  zəng eləyirlər. Danışır, 

danışır... Ona elə  gəlir ki, bu "kompaniyanı" bir yerə  yığmaq 

son dərəcə mürəkkəb və bəlkə heç baş tutmayan bir işdir: biri 

gec gəlmək istəyir, biri tez, biri uzaqda olur, biri Tofiqgilin 

evini tanımır, birinin telefonu yoxdur, biri də  gəlməyə utanır. 

Elələri də var ki, birdən-birə, gözlənilmədən, görürsən 

gəlməkdən imtina edirlər. Ən çox naz edən, əlbəttə, qızlardır. 

–Ana, görürsən, Firəngiz gəlmək istəmir. 

–Niyə? 

–Deyir mən elə bilirdim özümüz olaçağıq. Sənin böyük 



qardaşından, bacından utanıram. 

– Yaxşı, neyləyək, a bala? 

Tofiq acıqla otaqlara – Rüstəmlə Dilarə səmtinə baxır. 


 116 

–Ayrı vaxt evdə oturmazlar. Bilmirəm bu gecə  nə olub. 

Hamısı yeni ili evdə qarşılamaq istəyir, – deyə Tofiq 

şikayətlənir. 

Həmidə xala gülümsünür: 

–Neyləyək, a bala, güclə evdən qova bilmərik ki. 

Tofiq məyus–məyus mətbəxdən çıxır və yenidən zəng 

eləyir. Yeni danışıqlar, vədələşmələr... 

Dilarə Tofiqə acıqlanır: 

–Bəsdi telefonu icarəyə götürdün. Bəlkə bura zəng eləyən 

var. 

Qəribədir ki, Dilarə bu axşam evdədir. Axır dörd–beş ildə 



birinci dəfədir ki, Dilarə yeni il gecəsi evdə qalıb. Hətta 

Rüstəm də evdədir. O, yeni ili axırıncı dəfə evdə qarşılayanda 

hələ atası rəhmətə getməmişdi. 

Qəzənfər sağ olanda onların evlərində yeni il hay–küylə 

qarşılanardı. Çoxlu adam olardı. Qəzənfər öləndən sonra ailə 

iki il yeni ili qeyd eləmədi. Ailə deyəndə, Gülarə ilə Rüstəm 

dostları, yoldaşlarıgilə gedərdi. Həmidə xala, balaca Dilarə və 

Tofiq isə axşamdan yıxılıb yatardılar. Sonralar yeni il 

axşamları Dilarə  də getməyə başladı.  İndi də Tofiqin növbəsi 

çatmışdı. Lakin bu gecə hamı evdə idi. Gülarədən başqa. 

Gülarəgil yəqin ki, qaynatasıgildə olacaqdılar. Bir də Qəzənfər 

yox idi. O, yeddi ildi ki, vəfat eləmişdi... Gülarə evdə qalsaydı, 

ailənin bütün üzvləri bir yerə toplanmış olardı. Amma heç vaxt 

belə olmur. Həmişə kimsə çatışmır. 

Divar saatı doqquzu vurur. Tofiq son danışıqlardan sonra 

mətbəxə girir. O, bir qədər pərt və intizarlıdır. 

–Nə olub, Tofiq, qonaqlarını yığa bilmirsən? 

–Yox əşi... 

Tofiq sözlü adama oxşayır. 

–Axı, nə olub? 

Nə qədər çətin olsa da, o kəsilə-kəsilə, utana-utana deyir: 

–Bilirsən, ana... Rauf deyir ki, bizə gəlin. Onun atası, anası 

harasa gedirlər. Ta səhərə qədər. Biz özümüz olacağıq. Lap tək. 


 117 

Bunu demək ona nə qədər çətin gəlirdi. 

Həmidə xala onun başını sığallayır. 

–Nə olar, oğlum, indi ki, istəyirsən, orda yığışın, nə olar? 

Tofiqin gözləri işıldayır. Hiss edir ki, anası inciməmişdir. 

–Amma orda yeməyiniz–zad olacaq? 

–Hə,  əşi, – deyə Tofiq şən cavab verir. – Bir şey taparıq. 

Konservdən-zaddan. 

–Bıy, bıy, başıma xeyir! Konserv–zad nədi? Qoy bu aşdan 

bir az çəkim, apar. 

–Yox, ana, əşi aşı neyləyirik ey. Qoltuğuma qazan vurub 

aparsam məni dolayarlar.  

Həmidə xala gülümsünür. 

–Yaxşı, get. 

Doğrudan da aşı neyləyirlər. Orda konserv yeyəcəklər və 

özlərini sərbəst, xoşbəxt hiss edəcəklər. Burda aş yeyəcək, 

amma özlərini sərbəst hiss eləməyəcəklər. Bir az yalandan 

gülüşüb erkən dağılışacaqlar. 

Bir az sonra Tofiq anasını bərk–bərk öpüb gedir. 

Rüstəm yatıb. Hər halda gözləri yumuludur. O, öz otağına 

çəkiləndə anasına: "Mən yatıram, məni oyatmayın", – demişdi. 

Həmidə xala bu yeni il "yatmağının" səbəbini çox gözəl bilirdi. 

Bir həftə idi ki, Rüstəm nişanlısı ilə küsmüşdü, hər ikisi acıqca 

bir–birinə zəng eləmirdilər. 

Dilarə özünə  iş tapa bilmir, otaqdan otağa keçir, köhnə 

jurnalları varaqlayır, televizora baxır. O nigarandır. Tez–tez 

telefona yanaşır. Lakin telefon susur. 

Həmidə xala mətbəxdə əlləşir. 

Bir azdan zəng çalınır. Həmidə xala qapını açır. Qapıda 

Gülarə, bir də  əri Süleyman dayanmışlar. Süleymanın 

qucağında Vaqif. 

–Gəlin, gəlin, xoş gəlmisiniz. 

–Xoş gördük. 

–İçəri keçin, mən bu saat gəlirəm. 

Onlar paltolarını soyunub içəri keçirlər. Həmidə xala 


 118 

düşünür: əgər Gülarəgil onca dəqiqə əvvəl gəlsəydi, o elə xəyal 

edə bilərdi ki, bu yeni il gecəsi bütün ailə evdə olacaqdır. Nə 

yaxşı olardı! Hətta, sonra Tofiq getsəydi də, onun gedəcəyi 

məlum olmamışdan bir neçə  dəqiqə  əvvəl, Həmidə xala nə 

sevinərdi! Hayıf ki, Gülarəgil Tofiq gedəndən sonra gəldi. 

Həmidə xala əlini yuyur, silir, otağa– qonaqların yanına 

keçir. Ordan–burdan söhbət eləyirlər. 

–Sizdən nə əcəb belə? 

–Niyə nə əcəb, gəldik sənin yeni ilini təbrik edək. 

–Çox sağ olun. 

Saat onun yarısını vurur. 

Birdən qapının zəngi çalınır. Gələn Dilarənin məktəb 

yoldaşı Leyladır. O töyşüyə–töyşüyə danışmağa başlayır: 

–Dilarə bilirsən… 

–Ay qız, bir nəfəsini dər görək, – deyə  Həmidə xala onu 

sakit edir. – Nə olub? 

–Əşi, qaça–qaça gəlmişəm. Direktor deyir ki, bu saat 

Dilarəni tap gətir. Heç onsuz müsamirə olar? 

Dilarənin gözlərində gizlin sevinc oynayır. Lakin üzündə 

soyuq ifadə var. 

–Xeyr, bağışlayasınız.  İndi Dilarə matah olub. Lazım 

olsaydı  əvvəldən proqrama salardılar.  İndi görəsən kim 

gəlməyib, onu əvəz eləməyə də adam yoxdur. 

–Yox, ayzə, – Leyla onun fikrini dəyişməyə çalışır. – Ayzə, 

direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə 

bilirsən necə acıqlandı. 

Həmidə xala indi başa düşür ki, Dilarə niyə evdə imiş. 

–Dur bu saat geyin, – deyə o qızına acıqlanır. – Naz vaxtı 

deyil. Çağırırlar, get. 

O bilir ki, Dilarə onsuz da gedəcək. 

Doğrudan da, bir azdan Leyla ilə Dilarə vidalaşıb gedirlər. 

Həmidə xala qonaqlardan üzr istəyib mətbəxə gedir. Bir 

qədər sonra Gülarə də onun yanına gəlir: 

–Ana, bilirsən, bizi Süleymanın bir yoldaşı çağırıb, gərək 


 119 

ora gedək. Vaqif sizdə qalsın. Yaxşı? 

–Nə deyirəm ki, qalsın. 

–Mən özüm bu saat onu yatızdıracağam. Elə  bərk yatır ki, 

səhərəcən oyanmayacaq. Amma hərdənbir bax, üstünü 

açmasın. 

–Arxayın ol. Amma indidən niyə yatızdırırsan? Qoy qalsın 

mənimlə, bir yerdə yeni ili qırşalayaq, sonra mən yatızdıraram. 

–Əşi, o yeni il-zad nə qanır. Yuxusunun vaxtıdır, qoy yatsın. 

–Yaxşı, neynək. 

Gülarə otağa keçir. Onun və Süleymanın birgə səyi ilə Vaqif 

yuxulayır. 

–Yaxşı, ana, daha biz gedək. Gözləyirlər, yaxşı deyil. Gətir 

bir üzündən öpüm, bax belə, hə, necə deyərlər, qarşıdan gələn 

təzə ilin mübarək. 

–Siznən belə, siznən belə. 

–Xoşbəxt olun, Həmidə xala. 

–Sağ ol, bala, sağ olun, çox sağ olun. İkiniz də xoşbəxt olun, 

qoşa qarıyın. 

–Xudahafiz. 

–Xudahafiz, xudahafiz. 

Qapı çırpılır. Həmidə xala öz-özünə: 

– Xudahafiz, xudahafiz, sağ olun, xoş gəldiniz, – deyə-deyə 

mətbəxə qayıdır. 

O, on beş adamlıq aşı bişirməyə davam edir. Sonra birdən 

nəyisə xatırlayır. Hə, Rustəm... Həmidə xala Rüstəmin otağına 

girib onu silkələməyə başlayır. 

–Rüstəm, ay Rüstəm! 

–Hə. 

–Oyan, yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan. 



–Əşi, qoy görək sən allah. 

–Bura bax, dur, tez deyirəm, dur! 

–Nədir? Qoy yatım. 

–Dur ey, sənnən işim var. Bura gəl. 

–Nədi ki? 


 120 

–Deyirəm işim var. Gəl mənə kömək elə. 

Rüstəm həvəssiz yerindən qalxır. Həmidə xala onun 

qolundan tutub o biri otağa aparır. Onlar telefona yanaşırlar. 

Həmidə xala deyir: 

–Götür zəng elə. 

–Hara? 

–Özün bilirsən hara. 



–Yox. 

–Deyirəm zəng elə! Bax, uşaqlardan heç biri, elə içi sən 

qarışıqlı, heç vaxt mənim sözümdən çıxmayıb. Bu yeni il 

gecəsi sözümü yerə salsan, ömrüm boyu səninlə barışmaram. 

–Ana, vallah... yox... axı... 

–Deyirəm zəng elə, qurtardı. 

–Axı... 

–Əgər istəyirsən ki, bu axşam ürəyimi qırasan... 

Rüstəm tərəddüd edir. 

–Mən lap ciddi deyirəm. Səndən elə inciyərəm ki... 

Rüstəm dəstəyi qalxızır. Anasına baxır: 

–Bax, ancaq sənin xətrinə görə... 

"Qurtardı. Zəng eləyəcək". Həmidə xala balaca Vaqif yatan 

otağa keçir. Telefonun fırlanan dairəsinin səsini eşidir. Balaca 

Vaqif mışıl-mışıl yatır. Həmidə xala onun yanında əyləşir. 

Rüstəmin səsi eşidilir. 

–Hə... Salam... 

Sükut. Buz kimi soyuq sükut. 

–Görürsən ki, hə... 

Sükut. Sonra istehza ilə: 

–Yox əşi! 

Həmidə xala düşünür. "Qız nə isə atmacalı söz dedi". 

–Mən də  həmçinin. Yüz faiz əmin ola bilərsən, – deyə 

Rüstəm soyuq səslə dillənir. Çox təəssüf... 

"Onlar niyə belə quru, soyuq, yalançı  nəzakətlə, acı 

istehzalarla danışırlar? Axı onlar bir–birini sevirlər". 

Birdən Rüstəm pıçıltıya keçir. Həmidə xala heç bir şey 


 121 

eşitmir. Bircə onu bilir ki, Rüstəm nə isə danışır, danışır. Özü 

də indi onun səsində nə soyuqluq var, nə də istehza. 

Sonra o, yenidən bərkdən danışmağa başlayır. 

İndi bu yenə həmişəki Rüstəmdir. Mehriban! Həssas! 

–Hə. Mən də deyirəm axı... 

O şaqqıldayıb gülür. 

Sükut. Lakin bu isti, mehriban bir sükutdur. 

–Aha!.. 

Rüstəm  əsnəyir. Onun əsnəməsində belə rahatlığı, 

arxayınlığı hiss olunur. 

–Nə var ki, sizdə? 

"Yəqin ki, qız Rüstəmi evlərinə dəvət edir". 

–Yox, bilirsən, anama demişəm ki, evdə olacağam.  

Həmidə xala durub demək istəyir ki, zərər yoxdur, get, 

amma nədənsə durmur. 

–Nə bilim vallah. Sizdə kim olacaq? 

Həmidə xala durmur. Çünki buna ehtiyac yoxdur. Rüstəm 

onsuz da gedəcək. 

–Yox, mənimki onlarla tutmaz. Özünüz tək olsaydınız... 

"Ya getməyəcək?" 

–Vallah özümü naza qoymuram. Bilirsən ki... amma yox, 

onlardan mənim xoşum gəlmir. 

"Getməyəcək". 

–Sənin yeni ilini əvvəlcədən təbrik edirəm, sənə çoxlu... 

"Getməyəcək. Lap yəqin getməyəcək". 

Sükut. Uzun sükut. 

–Deyirsən yəni gəlim? 

"Ya gedəcək?" 

–Yox, sabah səhər görüşərik... 

"Getməyəcək". 

–Yaxşı, yaxşı, yenə başlama. Görüm, bəlkə gəldim. 

"Gedəcək". 

–Hə, yaxşı, onda bir yarım saata. 

"Lap yəqin gedəcək". 


 122 

–Nə? Saat neçədir ki? On ikiyə iyirmi dəqiqə işləyib? Yaxşı, 

gəlirəm! 

Rüstəm dəstəyi asır və anasının yanına gəlir. 

–Ana, bilirsən... 

Rüstəmlə Tofiqin arasında yeddi yaş  fərq var. Amma ikisi 

də eyni cür pərtləşir. Qəzənfər yazığa oxşayıblar. O da 

pərtləşəndə yanağı pörtərdi. 

–Get, a bala, get... Məndən də çoxlu–çoxlu salam de. 

Rüstəm kostyumunu geyib yenidən anasının yanına gəlir. 

–Yaxşı, bəs colma–coçuq hardadır? 

–Dilarə məktəblərinə getdi. Müsamirədə oxuyacaq, Tofiqgil 

də yoldaşıgildə yığışıblar. 

–Tofiqə bax ey, sən allah. Qudurasan qurbağa. 

–Nə olub ki, yekə oğlandır da. 

–Yaxşı, sən lap təksən? 

–Yox, niyə? Budey Vaqif də bizdədir. 

Rüstəm gülümsünür: 

–Yaman kavalerin var. – Sonra birdən ciddiləşir. – Bu 

olmadı da. Mən bilsəydim... 

–Nə olacaq ki? 

–Sən təksən də... 

–  Əşi, tək niyə oluram. O qıznan ikimiz oturub söhbət 

edəcəyik. 

Rüstəm təəccüblə soruşur: 

–Hansı qızla?! 

Həmidə xala tam bir ciddiyyətlə deyir: 

–O televizordakı qızla.  

Rüstəm gülür. 

–Bir də, Rüstəm, bilirsən ki, mən axşamdan yatanam. Bir 

azdan yerimə girib yuxulayacam. Siz gələndə qapını  bərk 

döyün ki, oyanım. 

–Hə, sən yeni ildə oturan deyilsən. 

Əlbəttə, Rüstəm o vaxt uşaq idi. Yadına gəlməz. Qəzənfər 

sağ olanda onların evində yeni il məclisi səhər açılana qədər 


 123 

dağılmazdı. 

Rüstəm anası ilə görüşüb gedir. 

Qəribədir. Mizin üstündə on iki adamlıq qab-qacaq var. 

Tofiqgilin uşaqlarından bir neçəsi gəlib gündüzdən düzüblər. 

Ortada da iri bir bulud var. Ən qəribəsi odur ki, Həmidə xala da 

xörəyi bu iri buluda çəkir. On-on beş adamlıq. Sonra 

boşqabları düzəldib öz-özünə dodaqaltı danışmağa başlayır: 

–Siz burda əyləşin. Rəhimlə  Nəzifə qoy bu başa keçsinlər. 

Usta, sən də burda otur. Teymur, sən bura keç. Arvadının 

yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən burda otur. Axı, 

tamada sən olacaqsan. 

Həmidə xala öz-özünə gülür: 

–Mənim də deyəsən başım xarab olub. – O, eyvana çıxır. 

Küçə bom-boşdur... Bu axşam hamı haradasa bir ocaq başına 

yığışmışdır. "Görəsən heç bu saat küçədə gəzişənlər də varmı?" 

Elə bu vaxt küçədə iki nəfər görünür. Onlar mağazadan 

çıxıblar. Hər ikisinin qoltuqları içki şüşələrilə doludur. 

Soyuqdan büzüşə–büzüşə və bərkdən danışıb gülə–gülə harasa, 

bir ocaq başına tələsirlər. Həmidə xala otağa qayıdır. 

Televizoru qurur. Diktor nə isə danışır. 

–Bəs bu yazıq qız niyə burdadır? – deyə  Həmidə xala öz-

özündən soruşur. – Bu görəsən yeni ili qarşılamır? 

Həmidə xala stulunu qabağa çəkib televizordakı qızla söhbət 

eləməyə başlayır: 

–Bıy... qızım, sən burdasan? Yeni ili hamı öz evində 

qarşılayır, ancaq sən... 

Qız Həmidə xalanın sözünü kəsir: 

–Bu il mədəniyyətimizin nailiyyətləri sırasında gənc 

bəstəkar Yusifovun yeni baletini də qeyd etmək olar. 

Həmidə xala düşünür: "Gənc bəstəkar Yusifov! Gənc 

bəstəkar Yusifov yəqin indi hardasa oturub dost-aşnasının, tay–

tuşunun içində kef çəkir, heç bəlkə televizora da baxmır. Bu 

saat hamının başı qarışıqdır". 

Həmidə xala yenə qıza müraciət edir: 


 124 

–Qızım, sən də  çıx get evinizə. Mədəniyyətimizin 

nailiyyətlərindən sabah danışarsan. Nə olacaq? Nailiyyətlər 

qaçmayacaq ki? 

–Rəssamlıq sahəsində  də bir çox görkəmli  əsərlər 

yaranmışdır. 

–Hələ on ikiyə iyirmi dəqiqə var. Maşına minsən çatarsan. 

Get dostlarının, yoldaşlarının yanına. Yəqin səni də 

gözləyənlər var. Axı, cavansan, gözəlsən. Yəqin nişanlın var. 

Sənsiz darıxır. Axı o da belə gecədə  səninlə bir yerdə olmaq 

istəyir. Elə deyil, qızım, hə? 

–Fazilovun çobanlara həsr etdiyi tablosu orijinal və təbiidir. 

–Neynək, qızım. Qoy təbii olsun, amma sən get, bilirsən, 

deyiklin necə sevinər. Yaxşı  qız, bilirəm özünün də ürəyin 

tələsir. Bütün Bakı  sənə baxsa da, sən özün bircə  nəfərin 

yanında olmaq istəyərdin, eləmi? 

– Yeni kino–filmlər sırasında... 

–Elədir, qızım, qulluqdur, bilirəm qoyub gedə bilməzsən. 

Amma bu gecə heç insafdır ki... 

Birdən Həmidə xalanın ağlına gəldi ki, bu qızın 

"kompaniyası" yəqin ki, söz qoyublar yeni ili Moskva vaxtı ilə 

qarşılasınlar. Həmidə xala təsəvvürünə  gətirdi ki, qızın 

nişanlısı indi bir maşın tutub yuxarı televiziya studiyasına 

gedəcək, veriliş qurtaranda istəklisini götürüb birbaş  məclisə 

gətirəcəkdir. Qız heç paltarını da dəyişə bilməyəcəkdir. O 

həmin bu paltarda, Həmidə xalanın gördüyü paltarda, nişanlısı 

ilə, dostları ilə bir yerdə  şadlıq,  şənlik içində yeni ili 

qarşılayacaqdır. Lakin Həmidə xala artıq onu bu halda 

görməyəcək. Necə şadlandığını, adi həyatda necə davrandığını, 

necə danışdığını bilməyəcəkdir... 

Həmidə xala daha qızı düşünmürdü.  İndi o, radio 

diktorlarını düşünürdü. Amma bəlkə indi radioda da heç kəs 

yoxdur, ancaq yazılı lentləri buraxırlar. O, bunu bilmirdi. 

Həmidə xala yenidən düşünməyə başladı: görəsən bu yeni il 

gecəsi daha kimlər evdə deyillər? Məlumat bürosunun işçiləri. 


 125 

Həmidə xala telefona yanaşdı  və 09 yığdı. Uzun zaman düşə 

bilmədi. 09 məşğul idi. Təkrar yığdı. Qadın səsi eşidildi:  

– Məlumat bürosu sizi dinləyir. 

–Salam, qızım. 

– Hara? 


– Deyirəm, salam, qızım. 

Qadın təəccüblə dedi:  

–Əleyküm-salam. 

–Sizin yeni ilinizi təbrik edirəm. 

Qadın daha artıq təəccüblə dedi: 

–Çox sağ olun. Danışan kimdir? 

–Heç, bir nəfər... Bilirsinizmi, mən sizdən soruşmaq 

istəyirdim, necəsiniz, bu axşam... 

–Axı, kimdir? – deyə qadın yenidən səbirsizliklə soruşdu. 

–Heç, bir nəfər, siz tanımırsınız... 

Qadın hirslə: 

–Telefonu məşğul eləməyin, – dedi və  əlavə etdi: – hələ 

yeni il gəlməyib, indidən içib sərxoş olublar, – və telefonu asdı. 

Həmidə xalanı gülmək tutdu. O, dəstəyi asdı  və öz yerinə 

qayıtdı. Televizordakı  qız qeyb olmuşdu. Verilişlər 

qurtarmışdı. Bakı vaxtı ilə artıq yeni il idi. Həmidə xala 

televizordakı qızın yox olmasına bir qədər heyfsiləndi. İndi o, 

otaqda lap tək qalmışdı. 

Telefonun zəngi çalındı. 

Danışan Rüstəm idi. 

–Ana? 

–Hə. 


–Yeni ilin mübarək olsun. 

–Səninlə belə, can bala! 

–Kimnən belə danışırdın? Bayaqdan zəng eləyirəm telefon 

məşğuldu. 

Həmidə xala Rüstəmi necə başa salaydı ki, o kimlə  və  nə 

üçün danışırdı?  

Sonra Tofiq zəng elədi. Təbrik elədi. Sonra Gülarə  təbrik 


 126 

elədi və soruşdu ki, Vaqif oyanıb ya yox? 

Dilarənin yəqin ki, zəng eləmək imkanı yox idi. Yoxsa o da 

eləyərdi. 

Həmidə xala reproduktoru qurdu. Radio musiqi verirdi. 

Həmidə xalanın xoşuna gələn musiqi deyildi, odur ki, radionu 

söndürdü. Onun sevdiyi musiqi Bülbülün nəğmələri idi. 

Onların maqnitofonlarında Bülbülün bir neçə  nəğməsi 

yazılmışdı. 

Həmidə xala maqnitofona yaxınlaşdı. "Görəsən niyə adama 

ömrünün axırında bircə bu cihazlar qalır?" – deyə düşündü və 

dərhal bu bədbin fikirləri başından qovdu: "Yox, mən haqlı 

deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül 

kimi balalarım var. Hamısı da məni çox istəyir". Birdən 

Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə 

qədər qovmaq istəyirdisə  də, qova bilmirdi. O, bu işi etmək 

istəyirdi. Qorxurdu. Çünki evdə  tək idi. Amma yenə  də 

istəyirdi. O, Qəzənfərlə danışmaq: daha doğrusu, Qəzənfəri 

dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi. 

Qəzənfər öz sağlığında səsini maqnitofona yazmışdı. O, 

öləndən bəri evdə heç kəs bir dəfə  də olsun bu səsə qulaq 

asmağa ürək eləməmişdi. Birdən hardansa Həmidə xalanın 

başına gələn bu fikir, onun iradəsinə hakim kəsildi. 

O, axırda öz istəyinə tabe oldu. Balaca siyirməni açdı, lenti 

çıxartdı, maqnitofonu işə salıb dinləməyə başladı. 

Qəzənfərdən  əvvəl uşaqların və onun özünün – Həmidənin 

səsi gəlirdi. Gülüşlər, qəhqəhələr, səs–küy. Sonra qəfil sakitlik 

və Qəzənfərin mülayim səsi: 

"Qulaq as, Həmidə..." 

Həmidə xalanın  əti ürpəşdi. Elə bil Qəzənfər o dünyadan 

onunla danışırdı. 

"Mən nə  şairəm, nə filosof. Mən adi bir fəhlə babayam. 

Doğrudur, özümə görə adım–sanım var, beş kişinin içində 

hörmətim olub. Amma yenə deyirəm ki, mən adi bir adamam, 

elə bilmə ki, çox dərin qırıldatmaq ya filosofluq eləmək 


 127 

istəyirəm. Yox. İntəhası  mənim həyatda təcrübəm çox olub. 

Həyatın, necə deyərlər, hər üzünü görmüşəm, sənə  də bir–iki 

söz demək istəyirəm. Görürsən, nə  ədəbi cümlələrlə 

qırıldadıram. Bir gün olacaq ki, mən olmayacağam". 

Maqnitofondan Həmidə xalanın etiraz dolu səsi eşidildi: 

– Bəsdi, yenə başlama, sən allah, sənsiz bizim bir günümüz 

də olmasın. 

O vaxt bu sözlər nə qədər təbii idi və nə qədər inkaredilməz 

görünürdü. 

Qəzənfərin gülüşü eşidildi; 

"Yaxşı, ay arvad, qırx–əlli ildən sonra. Qulaq as. Bir gün 

olacaq mən olmayacağam. Bax sənə bircə  əmanətim bu 

uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa 

çatdıracağam. Yox, işdi... Onda bax, bunları  sənə tapşırıram. 

Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını 

doktor elə, injiner elə, amma adam olsunlar. Yaxşı adam 

olsunlar. 

Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya–

başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir–bir 

uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! 

Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə 

düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də 

bir-birimizlə görüşəndə  hərəmiz öz ata-babalarımızdan nə isə 

gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. 

Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı 

nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, 

amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi 

sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, 

heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir. Biz, 

Həmidə, mən biləni, yaxşı yaşamışıq,  əlimizin zəhmətiylə 

çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı  nə olubsa, 

uşaqlarımız özləriynən öz təzə  həyatlarına, təzə  nəsillərə 

aparsınlar. Həyat da elə budur da... 

Hə, yaxşı, görək necə yazıb. Lentnn də lap axırıdır". 


 128 

Burada yazı qurtarırdı. Qəzənfər də qurtarırdı. Doğrudur, bir 

də başdan qulaq asmaq olardı. Amma neçə kərə qulaq assan da, 

Qəzənfər bir kəlmə də artıq söz deməyəcəkdi. 

Lakin bu, Həmidə xalanı qüssələndirmirdi.  Əksinə, onun 

qəmi–dərdi uçub getmişdi, qəlbinə sonsuz bir şəfqət, bir 

mülayimlik çökmüşdü. O təsəllisini tapmışdı, elə bil kimsə 

Həmidə xalaya onun həyatının mənasını açmışdı. 

Həmidə xalanın ürəyində xoş bir hiss vardı. O, mizin üstünü 

yığışdırmadı. "Qoy dursun. Uşaqlar da gəlib görsün", – deyə 

düşündü. 

Sonra kedib balaca Vaqifin yanına girdi, onun şəvə kimi 

qara saçlarını sığallayıb alnından öpdü və şirin, rahat, arxayın 

bir yuxuya getdi. 

 

Yanvar 1960 

1   ...   4   5   6   7   8   9   10   11   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə