AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə31/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   26   27   28   29   30   31   32   33   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

2. Dövlət idarələrinin karqüzarlıq sənədləri

AXC dövrünə aid qiymətli mənbələr kompleksini dövlət idarələrinin kargüzarlıq sənədləri təşkil edir. Bu sənədlər qrupuna Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin, Nazirlər Kabinetinin, ayrı-ayrı nazirliklərin, müxtəlif dövlət idarə və təşkilatlarının, dövlət tərəfindən yaradılmış komissiyaların sənədləri və materialları daxildir.


Qeyd etmək lazımdır ki, AXC-nın fəaliyyəti dövrünə aid nisbətən yaxşı qorunub saxlanmış sənədlər AXC Parlamentinin arxiv fondudur (fond 895). 800-ə yaxın işdən ibarət olan bu fondda Parlamentin 1918-ci il dekabrın 7-də açılmış ilk iclasından 1920-ci il aprelin 19-da keçirilmiş 142-ci iclasına qədər bütün iclasların protokolları və onların əksəriyyətinin stenoqrafik hesabatları qorunub saxlanılır. Bundan başqa burada Parlament tərəfindən qəbul olunmuş qanunlar və digər normativ aktlar, onların layihələri, hökumət idarələri tərəfindən parlamentə təqdim olunmuş məruzələr, məlumatlar, məktublar, respublika əhalisinin göndərdiyi ərizələr, şikayət teleqramları, parlament üzvlərinin ayrı-ayrı fraksiyalar üzrə siyahıları, onlardan bəzilərinin şəxsi işləri və s. saxlanılmaqdadır.
Parlament sənədləri həmçinin AXC dövründə ayrı-ayrı fraksiyalara mənsub olan siyasi xadimlərin dünyagörüşünü, müzakirə olunan məsələlərə onların münasibətini, fraksiyalararası, bloklararası mübarizəni çox əyani şəkildə əks etdirir və onların dövlət əhəmiyyətli məsələlərə fərqli münasibətini təqdim edir. Parlament sənədlərinin bu baxımdan əhəmiyyəti bir də ona görə böyükdür ki, parlamentə daxil olan partiya fraksiyası və ya qurumlarının sənədləri ya tamamilə dövrümüzə qədər gəlib çatmamış, ya da çox az bir qismi çatmışdır. Bu boşluğu məhz parlamentin sənədləri doldurur. Qeyd edək ki, Azərbaycan hökumətinin - Nazirlər Şurasının Mərkəzi aparatının sənədləri də, 1919-cu ilin yayında Denikinin Azərbaycana gözlənilən hücumu zamanı – 1919-cu il iyunun 9-da hökumətin tərkibində yaradılmış “Dövlət Müdafiə Komitəsi”nin sənədləri də saxlanılmamış, görünür, hansısa düşmən qüvvələr tərəfindən məhv edilmişdir.
Azərbaycan Parlamentinin sənədləri, əsasən protokolları 1998-ci ildə “Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920). Parlament”, I-II hissələr adı altında nəşd olunmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti nazirliklərinin bir çoxunun sənədləri az və ya çox dərəcədə bizə gəlib çatmışdır. Bunlardan ticarət, sənaye və ərzaq nazirliyi, əkinçilik və dövlət əmlakı nazirliyi, maliyyə nazirliyi, yollar nazirliyi, daxili və xarici işlər nazirlikləri, xalq maarif nazirliyi, Bakı qubernator idarəsi, Bakı şəhər rəisinin idarəsi, Bakı mahal məhkəməsi və b. göstərmək olar. Bu sənədlərdə dövlət quruculuğu, sənaye, ticarət, kənd təsərrüfatı, maarif, mədəniyyət, dəmir yollarının bərpası, erməni təcavüzü nəticəsində qaçqın düşmüş çoxminli soydaşlarımıza göstərilən kömək və s. haqqında məlumatlar var. Sənədlərin içərisində Ə.M.Topçubaşov başda olmaqla, Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin məlumatları, xarici işlər nazirliyinin bəyanatları, notaları, memorandumları, yazışmalar, Cənubi Qafqaz respublikaları arasında imzalanan protokollar, Türkiyə, İran və Gürcüstanla imzalanmış ikitərəfli müqavilələr saxlanılmaqdadır.
Məlumdur ki, 1918-ci il avqust ayının 31-də Cumhuriyyət hökuməti ermənilərin azərbaycanlılara qarşı soyqırım faktlarını aşkar etmək üçün Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə İ.Şahmaıyev, A.Novatski, N.Səfikürdski, M.Mixaylov, V.Quvillo və C.Axundzadədən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Komissiyanın apardığı təhqiqat nəticəsində 36 cild və 3500 vərəqdən ibarət material toplanmışdı. Hazırda həmin sənədlər ARMDTA-nin 1061 №-li fondunda saxlanılır. Bu sənədlərin bir hissəsi 2001-ci ildə Türkiyədə Azərbaycan və Türkiyə hökumətlərinin və həmçinin hər iki ölkənin Baş arxivlər idarələrinin birgə səyi ilə “Azərbaycan sənədlərində erməni problemləri (1918-1920)” adı ilə nəşr olunmuşdur.


3. Dövri mətbuat tarixi mənbə kimi
AXC tarixini öyrənmək üçün ən qiymətli mənbələrdən biri dövri mətbuatdır.
Ötən mühazirələrdə qeyd olunduğu kimi, dövri mətbuat həm özünün yayılmasına, həm növ müxtəlifliyinə, həm müəlliflərinin sayına, həm də məzmununa görə daha kütləvi mənbədir. Hər bir xalqın tarixinin, mədəni irsinin, ictimai-siyasi həyatının öyrənilməsində dövri mətbuatın misilsiz əhəmiyyəti var, çünki dövri mətbuat, sözün həqiqi mənasında, cəmiyyətin güzgüsüdür. Odur ki, AXC tarixinin öyrənilməsində də dövri mətbuat ən qiymətli və mötəbər mənbələr kompleksini təşkil edir. Bu dövrün mətbuatı siyasi istiqamətindən asılı olmayaraq ölkədə baş verən ictimai-siyasi hadisələri: 1917-1918-ci illərdə Rusiyada baş vermiş inqilab və cevrilişləri, bunların Cənubi Qafqaza və Azərbaycana təsirini, 1918-ci ildə erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və onların nəticələrini, AXC-nın yaranması və 23 aylıq fəaliyyətini, onun müxtəlif istiqamətlərdə yeritdiyi siyasəti, dünya dövlətləri və qonşu dövlətlərlə münasibətlərini, dünya birliyi tərəfindən tanınması üçün həyata keçirdiyi tədbirləri, iqtisadiyyatın və mədəniyyətin inkişafı , Azərbaycan ordusunun yaradılması və möhkəmləndirilməsi üçün gördüyü əməli işləri və s. öz səhifələrində geniş surətdə işıqlandırırdı.
AXC dövrünə aid olan mətbuat da XIX- XX əsrin əvvəllərinin mətbuatı kimi təsnif olunur və eyni mənbəşünaslıq üsulları və metodları ilə təhlil olunur. 1918-ci ilin mart faciəsinə qədər Azərbaycanda türk dilində (o zaman “Azərbaycan dili” ifadəsi işlənmirdi) 15-ə qədər qəzet və jurnal çap olunurdu. Bunlardan “Açıq söz”, “İttihad”, “Millət”, “Hümmət” gündəlik, “Bəsirət”, “İstiqlal”. “Al bayraq”, “Azərbaycan” və s. isə həftəlik ictimai-siyasi qəzet və jurnallar idi. “El həyatı”, “Qardaş kədəri”, “Zəhmət sədası”, “Möhtaclara kömək”, “Türk sözü” və b. orqanların ömrü uzun olmamış, bir neçə nömrəsi çap olunduqdan sonra fəaliyyətlərini dayandırmışdılar. Bu mətbuar orqanlarında M.Ə.Rəsulzadə, Yzeyir və Ceyhun Hacıbəyov qardaşları, Ə. Ağaoğlu, N.Nərimanov, Tağı Şahbazi, Sultan Məcid Əfəndiyev, Seyid Hüseyn, Ə.Pepinov, Ə.Qarayev, D.Bünyadzadə, Xəlil İbrahim, H.Ağayev və b. kimi müxtəlif əqidəli ictimai-siyasi xadimlər, publisistlər, ziyalılar fəal iştirak edirdilər. Dövrün mətbuat orqanlarını iki qrupa, iki düşərgəyə ayırmaq olar: demokratik və bolşevik mətbuat orqanları.
Demokratik mətbu orqanlarında xalqı narahat edən problemlər, ölkənin taleyi və gələcəyi ilə bağlı olan və həllini gözləyən aktual mövzulara toxunulur, bunlar müzakirə və fikir mübadiləsi obyektinə çevrilirdi. Bu mətbu orqanları içərisində Türk-Ədəmi Mərkəziyyət “Müsavat” partiyasının orqanı olan “Açıq söz” qəzeti (1915-1918) xüsusi seçilirdi. Məsələn, qəzetin 4 yanvar 1918-ci il tarixli sayında oxuculara müraciətlə yazılırdı: “Türkləşmək, islamlaşmaq, müasirləşmək şüarını müdafiə edirik“.
Bolşevik mətbu orqanlarında isə xalqın hürriyyət və cumhuriyyət arzularının əleyhinə geniş təbliğat aparılır, bu istəyin həyata keçirilməsinə hər vasitə ilə mane olmaq xətti yeridilirdi. Qafqaz canişini missiyasını Bakıda həyata keçirməyə çalışan S.Şaumyan “Bakinskiy raboçiy” qəzetində müsavatçıları hədələyərək yazırdı: “Azərbaycan muxtariyyəti istəyən müsavatçılar nəticədə bir xarabazar olacaqlar”.
1918-ci il mart soyqırımının tarixinə aid materiallar dövri mətbuat səhifələrində geniş yer almışdır. Mart qırğını ərəfəsindəki vəziyyəti öyrənmək üçün bəzi məqalələri gözdən keçirmək kifayətdir. Məsələn, görkəmli Azərbaycan jurnalisti, dramaturqu, vətənpərvəri Mirzə Bala Məmmədzadə həmin ərəfədə çap etdirdiyi “Azərbaycan çağırıyor” adlı məqaləsində üzünü yurddaşlarına tutaraq yazırdı: “Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz... Vətəni yolunda can verməyən, milli muxtariyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəməmək deməkdir”. Tanınmış jurnalist Sənətullah Eynullayevin “S.İbrahim” imzası ilə yazdığı “Dəhşətli saət gəliyor, birlik gərək” sərlövhəli məqaləsi Bakıda mart faciəsindən üç gün əvvəl “Açıq söz” qəzetində dərc olunmuşdu. O, siyasi partiyaların rəhbərlərini xəbərdar edərək yazırdı: “Başqa millətlərin cəmi partiyaları bu gün məlum məsələlər xüsusunda sözlərini bir etdilər. Müsəlman partiyaları da milləti fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar. Çünki baş kəsildikdə saqqalla bərabər gedəcək olduğundan dəhşərli saətlərdə partiya fərqinə baxmayacaq, proqram və partiyalar da millətlə bərabər gedəcəkdir. Dəhşətli saət gəliyor, birləşiniz”. (“Açıq söz”, 1918, 15 mart, №702).
Azərbaycan Cumhuriyyətinin elanından sonra yaranan ilk qəzet 1918-ci ilin iyununda Gəncədə fəaliyyətə başlayan “Azərbaycan” qəzeti olmuşdur. Bu qəzet gündəlik olaraq rus və Azərbaycan dillərində çıxan ictimai, siyası və iqtisadi qəzet idi. Onun 4 sayı Gəncədə çıxmış, bir neçə aydan sonra Bakıya köçürülmüş və 1920-ci ilin 28 aprelinə qədər cəmi 443 sayı nəşr olunmuşdu. Redaktorları Üzeyir Hacıbəyov və Şəfi bəy Rüstəmbəyli, ayrı-ayrı vaxtlarda Ceyhun Hacıbəyov, Xəlil İbrahimov olmuşlar. “Azərbaycan” qəzetinin iyunun 8-də çıxan 1-ci sayında AXC-nın İstiqlal Bəyannaməsi (Əqdnamə), Məhəmməd Hadinin “Türk nəğməsi” şeri, hökumətin yeni qanun və qərarları, xəbərlər və s. dərc olunmuşdu. “Azərbaycan” qəzeti xalqın milli mənafelərinin keşiyində dayanır, türkçülük ideyasını müdafiə edirdi. Qəzetdə parlament iclaslarının stenoqrafik məlumatları və qərarları, daxili və xarici xəbərlər, siyasət, iqtisadiyyat və mədəniyyət problemləri işıqlandırılırdı. Görkəmli ictimai-siyasi xadimlərin, sənət və mədəniyyət adamlarının çıxışları, məqalələri, müsahıbələri, yaradıcılıq nümunələri qəzetdə yer alırdı. M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, C.Hacıbəyov, Y.V.Çəmənzəminli, Seyid Hüseyn, M.Məmmıədzadə, Cəfər Cabbarlı, A.Ziyadxanov, Xəlil İbrahim, Əhməd Cavad, Əliabbas Müznib və b. qəzetlə daimi əməkdaşlıq edirdilər.
AXC-nın xarici siyasətinin nəzəri əsaslarının şərh olunmasında Yusif Vəzirin “Azərbaycan” qəzetində çap etdirdiyi “Xarici siyasətimiz”, “Qüvvətli istiqlal”, “Elçilər göndərilməlidir”, “İngiltərə ilə dostluq”, “İran və biz” və b. məqalələri AXC və beynəlxalq münasibətlər mövzusunun bir sıra vacib məsələlərini öyrənmək üçün son dərəcə dəyərlidir. Dövlətçiliyin inkişafında beynəlxalq hüququn əsas prinsiplərinə güvənməyi vacib bilən Yusif Vəzir yazırdı: “Sağlam bir vücuda malik, ədalətli bir iradəsi, məclisi-məbusanı, gözəl qanunu və Avropa üsulunda məhkəməsi olan dövlət beynəlmiləl münasibətdə avropalılar ilə həmhüdud olmalıdır” (“Azərbaycan”, 1919, № 216).
1918-ci ildə hələ 1915-ci il oktyabrın 2-də əsası qoyulan və Müsavat partiyasının orqanı olan “Açıq söz” qəzeti də nəşr olunurdu. 1918-ci il Bakıda mart soyqırımı zamanı mətbəəsinin dağıdılması və yandırılmasından sonra müvəqqəti fəaliyyətini dayandırmağa məcbur olan qəzet həmin ilin payızından yenidən nəşr edilməyə başladı. Onun səhifələrində dövrün ən mühüm hadisələri ilə əlaqədar çox qiymətli məlumatlar dərc olunurdu və odur ki, bu mətbu orqanı ən zəruri mənbələr sırasına aiddir. Qəzet 1918-ci ilin sonlarına qədər nəşr olunmuş və cəmi 750 sayı çıxmışdı.
1918-1920-ci illərdə nəşr olunan və “Açıq söz” qəzetinin ənənələrini davam etdirən “İstiqlal” qəzeti Müsavat partiyasının orqanı olub, sovet hakimiyyəti əleyhinə əksinqilabi təbliğat aparır, Azərbaycan xalqının mənafelərini təmsil edirdi. Məqalələrin çox hissəsini Mirzəbala və Əbdülvahab Məmmədzadə qardaşları yazırdılar. Qəzetdə Ə.Razi, F.Ağazadə, Əhməd Həmdi kimi bir çox ziyalılar fəaliyyət göstərirdilər. Gənc jurnalist Mirzə Bala Məmmədzadə öz nəzəri-siyasi baxışlarını “İstiqlal” qəzetində çap etdirdiyi “Siyasi firqələr və istiqlalımız”, “Bizdə sinfi mübarizə”, “Tutduğumuz yol”, “Zaman və xətti-hərəkət” və b. məqalələrində əks etdirməklə bərabər, dövrün reallıqlarını və siyasi mənzərəsini işıqlandırırdı. Qəzet Bakıda nəşr olunurdu və çəmi 50 sayı çapdan çıxmışdı.
AXC dövrünün rəsmi hökumət nəşrlərindən biri “Azərbaycan Cumhuriyyəti hökumətinin xəbərləri” idi. Bakıda hakimiyyəti ələ keçirən bolşeviklərin mətbuatı Cumhuriyyətə və Qafqaz İslam Ordusuna qarşı amansız bir böhtan kampaniyası təşkil etmişdi. Bolşevik mətbuatının apardığl təbliğata qarşı öz mətbuatını yaratmaq istəyən AXC hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra bu orqan fəaliyyətə başladı. Həftədə iki dəfə nəşri nəzərdə tutulan “Xəbərlər” Azərbaycan milli hökumətinin qərarlarını, sərəncamlarını, digər normativ aktlarını çap etməklə yanaşı, ordu quruculuğu prosesinə qatılmış, könüllülərin orduya cəlb olunması işində yaxından iştirak etmişdi.
“Azərbaycan Cumhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmuəsi”nin 1919-cu ildə Azərbaycan və rus dillərində 4 sayı buraxılmış, burada AXC hökumətinin 1918-ci il mayın 28-dən həmin il oktyabrın 31-nə qədər qəbul etdiyi 298 qərar dərc olunmuşdu. 1919-cu ilin dekabrında Azərbaycan və rus dillərində “Azərbaycan Cumhuriyyətinin 1920-ci il üçün adres-təqvimi” də buraxılmışdı. Bu adres-təqvimdə Azərbaycan Cumhuriyyətinin yaranması tarixi, Parlamentin, hökumətin və ayrı-ayrı nazirliklərin fəaliyyəti haqqında yığcam məlumatlar verilmiş, Azərbaycan Parlamenti və hökumətinin qəbul etdiyi bir sıra ən mühüm qanun və qərarlar dərc olunmuşdur.
Cumhuriyyət dövründə Bakıda rus dilində çıxan “Kaspi” (1981-1919) qəzeti də fəaliyyət göstərirdi. Bu qəzet daha çox Azərbaycan burjuaziyasının mənafeyini əks etdirirdi. Yuxarıda qeyd olunduğu kimi, 1918-1920-ci illərdə Azərbaycanda demokratik mətbuatla yanaşı, bolşevik mətbuatı da fəaliyyət göstərirdi. Bunlardan “Hümmət”, “Bakinets”, “Bakinski raboçi”, “Bakinskaya jizn”, “Bakı fəhlə konfransının əxbarı”, “Oktyabr inqilabı”, “Füqəra sədası”, “Zəhmət”, “Zəhmət sədası” və b. göstərmək olar. AXC dövrü öyrənilərkən bunlardan da istifadə olunur.
Azərbaycan Xalq Cumhuriyəti dövründə 1920-ci il mart ayının 1-də Azərbaycan Teleqraf Agentliyinin (AzərTAC) açılması tariximizin yaddaqalan hadisələrindən biridir. AzərTAC nəinki Azərbaycanda baş verən yenilikləri dünya agentliklərinə çardırırdı, həm də xarici ölkələrlə birbaşa əlaqələr saxlayıb, məlumatlar qəbul edərək yerli qəzetlər vasitəsilə ölkənin ərazisində yayırdı. Bu agentliyin yaranması Cumhuriyyətin müstəqilliyə və demokratiyaya doğru atdığı mühüm addımlardan biri idi.
Beləliklə, AXC dövrünün mətbuatı qiymətli mənbə olmaqla yanaşı, həm də tariximizin şərəfli salnaməsidir. Odur ki, onun hərtərəfli öyrənilməsi vacibdir.

4. Şəxsi mənşəli sənədlər


Məlum olduğu kimi, şəxsi mənşəli sənədlər dedikdə, buraya gündəliklər, xatirələr (memuarlar), şəxsi yazışmalar (epistolyar abıdələr) daxildir. Bunlar tarixçi üçün mənşəyinə, xarakterinə və əhəmiyyətinə görə bir-birinə yaxın olsalar da, eyni zamanda bir-birindən fərqlidir. Hər birinin axtarışı, öyrənilməsi və istifadəsinin xüsusi üsulları mövcuddur. Gündəliklər və şəxsi məktublar əsasən intim və etibaredici xarakter daşıyır. Onlar onu yaradanın özü və qismən də bir və ya bir neçə şəxs üçün yazılır. Xatirələr isə oxucular üçün, bəzən əvvəlcədən müəyyən olunmuş yaxın əhatədə olanlar üçün, lakin daha çox geniş oxucu kütləsi – özlərinin müasirləri, nəsilləri və ya tarixçilər üçün yazılır. Belə hallarda xatirə müəllifi öz qarşısına qoyduğu məqsədə uyğun olaraq materialları seçir, sistemləşdirir və tarixi əsər yazır. Lakin mənbəşünas üçün xatirələr sənədli mənbə deyil. Xatirələrin müəllifləri bəhs etdikləri hadisələri tam, hərtərəfli, tarixi-analitik təhlil etmək iddiasında olmurlar. Onlar iştirakçısı və şahidi olduqları, müşahidə etdikləri bu və ya digər hadisələr haqqında yalnız yaddaşlarında qalan və onlara əhəmiyyətli gələn şəxsi təəssüratlarını şərh edirlər. Bu növ mənbələrin öyrənilməsində birinci dərəcəli amil onların müəlliflərinin şəxsi keyfiyyətlərinin araşdırılmasıdır. Bu keyfiyyətlər həmin mənbələrin obyektiv idraki dəyərində özünü göstərir. Müəllifin cinsi, yaşı, xarakteri, yaddaşının vəziyyəti, dünyagörüşü, baxışları, hissləri seçdiyi faktiki materialın xarakterinə, bu materialın işıqlandırılmasına öz təsirini göstərir. Tarıxçı həmin şəxsi keyfiyyətləri diqqətlə öyrənməli və nəzərə almalıdır.
Belə mənbələrlə işlərkən birinci dərəcəli vəzifə müəllifin şəxsiyyətini müəyyən etməkdir (adı, həyatının əsas mərhələləri, bioqrafik məlumatlar, sosial və peşə vəziyyəti və s.). İkinci vəzifə mənbənin ilkin mətninin yazılması vaxtını müəyyənləşdirməkdir. Bir çox hallarda əsl mətni aşkar etmək mümkün olmur, mənbənin ya hansısa kitabda, yaxud dövri mətbuat orqanındakı mətni bəllidir, o zaman mənbənin ilk dəfə harada və nə vaxt nəşr olunduğunu müəyyənləşdirmək lazımdır, redaktor düzəlişlərini və müdaxiləsini kənarlaşdırdıqdan sonra mənbəni təhlil etmək olar.
Qeyd etmək lazımdır ki, şəxsi mənşəli sənədlərdə subyektivlik özünü daha çox göstərir. Müəlliflər əksər hallarda öz şəxsi keyfiyyətlərini, fəaliyyətlərini şişirdirlər. Lakin sinxron mənbələrin müqayisəli şəkildə öyrənilməsi nətiçəsində şəxsi mənşəli mənbələrdəki məlumatlardan səmərəli surətdə istifadə etmək mümkündür.
AXC dövrünə aid olan şəxsi mənşəli sənədlər dedikdə buraya M.Ə.Rəsulsadənin, Ə.M.Topçubaşovun M.B.Məmmədzadənin, Ə.Şıxlinskinin və b. əsərləri, memuarları daxildir. Bunlardan bəziləri sırf memuar tipli abidə kimi yazılmasa da, lakin məzmun etibarilə bu qrup mənbələrə aid edilməlidir. Məsələn, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri və digər əsərləri memuar tipli abidələrdir, çünki müəllif bunlarda 1918-1920-ci illər Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, fəaliyyəti, onun süqutuna aparan səbəbləri və süqutunu – yəni bilavasitə iştirakçısı və şahidi olduğu hadisələri qələmə almışdır. M.Ə.Rəsulzadə yazırdı: “”Əsrimizin Səyavuşu” türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağrısıdır. Yazılan vaqeədə iştirak etmiş bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti , əlbəttə, inkar olunammaz”.
Eyni sözləri M.B.Məmmədzadənin “İstiqlal və “ Müsavat”, “28 may” və “Milli Azərbaycan hərəkatı” əsərləri, həmçinin Ə.M.Topçubaşovun “Azərbaycanın təşəkkülü” əsəri haqqında da söyləmək olar. Bu əsərlərdə də Cumhuriyyətin yaranmasından onun süqutuna qədər olan dövr işıqlandırılmışdır. M.B.Məmmədzadənin birinci əsəri aşağıdakı 3 bölmədən ibarətdir: 1.Azərbaycan istiqlalı və “Müsavat”; 2.“Müsavat” dövlət quruluşunda; 3.“Azərbaycan azadlıq ölkəsi olmalıdır”.
Birinci bölmə 1918-ci il may ayının 28-də AXC-nın elan olunması və İstiqlaliyyət Bəyannaməsinin qəbul olunmasından başlayıb, 1918-ci il dekabrın 7-də Parlamentin açılışına qədər Cumhuriyyətin keçdiyi yolun qısa tarixini əks etdirir. İkinci bölmədə AXC Parlamentinin yaranmasına qədər Azərbaycan Milli Şurasının partiyalar üzrə tərkibi verildikdən sonra, Parlamentin fraksiyalar üzrə tərkibi, “Müsavat” partiyasının parlamentdəki fəaliyyəti, F.Xoyskinin və N.Yusifbəylinin təşkil etdikləri hökumətlərin tədbirlərindən bəhs olunur. Üçüncü bölmə ölkədə dövlət quruculuğu, ordu quruculuğu, sosial-iqtisadi və mədəniyyət sahələrində görülmüş işlər, AXC-nın 1920-ci ildə böyük dövlətlər tərəfindən tanınması, 1920-ci ilin mart ayında ermənilərin Qarabağda, “Əsgəran müharibəsi” adını almış qiyamı qaldırmaları və darmadağın edilmələri və nəhayət, 1920-ci il 28 apreldə bolşevik Rusiyasının Azərbaycanı istila etməsi ilə başa çatır.
Bu əsərin M.B.Məmmədzadənin məhz xatirələri kimi yazıldığını aşağıdakı parça bir daha sübut edir: “1920-ci il martın 22-də Novruz bayramı münasibətilə icra edilən son rəsmi keçidi də xatırlamamaq qeyri-mümkündür. Əcəba, hansı azərbaycanlı o xoşbəxt günü xatırlamır? Ordunun qabiliyyəti və intizamı, mənəviyyatı içində bu qədər intizamlı təşkilata malik bir əsgəri qüvvə yaradıcılığına heyran qalmışdılar. Əhalinin bir çoxu duyduğu sevincdən göz yaşlarını saxlaya bilmirdi. O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi...” (s. 20-21).
Bu dövrün şəxsi mənşəli mənbələri sırasına Ə.M.Topçubaşovun “İstanbulda diplomatik söhbətlər” və “Paris məktubları” adı altinda nəşr olunmuş gündəlik qeydlərini və məktublarını da aid etmək lazımdır. Doğrudur, bu qeydlər və məktublar sırf dövlət və hökumət rəhbərləri üçün nəzərdə tutularaq yazılmışdısa da, lakin epistolyar mənbələr kimi öyrənilməlidir. Məlumdur ki, F.Xoyskinin 1918-ci il iyunun 17-də təşkil etdiyi Azərbaycanın ikinci hökumət kabinetində Ə.M. Topçubaşov portfelsiz nazir vəzifəsini almış, həmin il avqustun 22-də AXC-nın Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamenti ilk iclasında onu qiyabi surətdə öz sədri seçmiş, dekabdın 28-də isə Versal sülh konfransına göndəriləcək Azərbaycan nümayəndə heyətinə rəhbər təyin etmişdi.
Ə.M.Topçubaşovun “İstanbulda diplomatik söhbətlər” adı altında nəşr olunmuş əsərində 1918-ci ilin oktyabr ayından 1919-cu ilin yanvar ayınadək olan dövrdə Əlimərdan bəyin Türkiyənin hökumət başçıları, nazirləri, Avropanın, Amerikanın, Rusiyanın, Ukraynanın, İranın bir sıra xarici işlər nazirləri, səfirləri, konsulları ilə 36 görüşünün və söhbətlərinin onun özü tərəfindən gündəlik qeydləri qələmə alınmışdır. Bu qeydlər AXC tarixini, onun xarici siyasətinin əsas istiqamətlərini, dünya dövlətləri tərəfindən tanınması üçün atdığı ilk addımları, həmçinin AXC-nın ilk diplomatı olan Ə.M.Topçubaşovun özünün şəxsiyyətini, çox böyük və uğurlu fəaliyyətini öyrənmək üçün qiymətli mənbədir.
Ə.M.Topcubaşov Parisə göndərilən nümayəndə heyətinin sədri kimi əvvəlcə İstanbuldan, daha sonra isə Romadan və Parisdən öz hökumətinə apardığı danışıqlar, keçirdiyi görüşlər, yeni yaranmış dövlətlərin təmsilçiləri ilə fikir mübadilələri və s. barəsində ardıcıl məlumat verirdi. Kommunikasiya çətinliklərinə baxmayaraq, o, 1919-çu ilin mart-dekabr aylarında AXC Nazirlər Şurasına 11 məlumat göndərmişdi. Təəssüf ki, bu məlumatlardan yalnız 7-si arxivlərdə saxlanılmışdır. Sıra etibarilə 2, 4, 5, 6-cı məlumatlar, həmçinin, 1919-cu ilin dekabrından sonra göndərilən məlumatlar itirilmişdir və yaxud da, ola bilsin ki, sovet dövründə Moskvaya aparılmışdır.
Bu sənədlər ilk dəfə 1927-ci ildə Bakıda, bolşevik tarixçi A.Rayevski tərəfindən “Мусаватское правительство Азербайджанской республики на Версальской конференции (март – декабрь 1919 г.)” adı altında ayrıca kitab şəklində çap olunmuşdur. Tərtibçi məktubları bolşevik ideologiyası ruhunda təsvir etmişdirsə də, bü gün o nəşrin bizim üçün çox böyük əhəmiyyəti vardır. Həmin 7 məktub “Paris məktublari” adı altında 1998-ci ildə Bakıda Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyevin tərcüməsi və tərtibatı ilə ayrıca kitab halında dərc olunmuşdur.
Ə.M.Topçubaşovun “Paris məktubları” 1919-cu ildə Parisdə işləyən sülh konfransının işinin gedişini, o dövrün beynəlxalq münasibətlərini, böyük dövlətlərin Azərbaycanla bağlı siyasətini, Azərbaycan nümayəndə heyətinin çoxtərəfli fəaliyyətini, Cumhuriyyətin dünya dövlətləri tərəfindən tanınması üçün atılan mühüm addımları və bu işin nə dərəcədə ağır və çətin olduğunu öyrənmək baxımından əvəzsiz mənbələrdir. Ə.M.Topçubaşov nümayəndə heyətinin işi haqqında 6-10 noyabr 1919-cu il tarixli məktubunda yazırdı: “Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri bir dövlət kimi mövcudluğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibati sistemi, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istəyirik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai-siyasi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanırıq ki, buna gücümüz çatacaq. Çünki xalqımız, doğrudan da qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər – bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Ümumi borc – xalqı səfərbər etmək və onu müstəqil mövcudluq ideyası ətrafında sıx birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. Qarşımızda yalnız bir yol var – bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur”.
1918-1920-ci illərdə AXC-nın tarixini, xüsusilə onun hərb tarixini, ordu quruculuğu tarixini öyrənmək üçün keçmiş rus ordusunun general-leytenantı Əliağa Şıxlinskinin “Xatirələrim” adlı memuarlarindan istifadə olunur. 1904-1905-ci illərdəki rus-yapon müharibəsi və xüsusilə Port-Arturun mühasirəsində, 1914-1918-ci illər I dünya müharibəsində böyük rəşadət və qəhrəmanlıqlar göstərən Ə.Şıxlinski rus ordusu “artilleriyasının allahi” sayılıırdı. Onun adı bütün dünyada məşhur idi. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilirdi və Avropa hərb sənətində istifadə olunurdu. Onun hərbə dair əsərlərindən uzun illər dərsliklər kimi istifadə edirdilər.
II dünya müharibəsi başlandıqdan və 1941-ci ildə Almaniya SSRİ üzərinə hücum etdikdən sonra sovet ordusu içərisində hərbi-vətənpərvərlik işinin gücləndirilməsi məqsədilə bir çox işlər görülürdü. Belə tədbirlərdən biri də keçmiş hərbçilərin təçrübəsinin geniş yayılması idi. Ə.Şıxlinskinin yazdığına görə, onun ümumiyyətlə xatirə yazmağa münasibəti həmişə mənfi olmuşdur. Lakin o bu xatirələrini SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının tapşırığı ilə yazmışdır. Müəllif yazır: “Artıq çox qocalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm”. Ə.Şıxlinski xatirələrini yazanda onun 80 yaşı vardı. “Xatirələr” qısa müqəddimə, 7 fəsil və bir neçə sətir nəticədən ibarətdir. Burada Ə.Şıxlinskinin bütün tərcümeyi-halı verilmişdir. 7-ci fəsil “Azərbaycanda xidmətim” adlanır. Bu fəsildə 1917-ci il noyabrın 15-dən 1929-cu ilə qədər – yəni Ə.Şıxlinskinin səhhəti ilə əlaqədar olaraq gözünün zəif görməsi, qulağının eşitməməsi ilə əlaqədar təqaüdə çıxana qədərki dövrü əhatə edir.
Ə.Şıxlinskinin xatirələrində 1917-ci ilin noyabrında Zaqafqaziya Komissarlığının, 1918-ci ilin fevralında Zaqafqaziya seyminin yaradılması, özünün korpus komandiri təyin olunması, ordunun yaradılması üçün heç bir ehtiyat – silah, sursat, ərzaq, paltar, ayaqqabı, lazımi zabit heyəti olmadığı çətin bir şəraitdə həyata keçirilən ordu quruculuğu cəhdləri, 1918-ci ilin may ayının sonlarında Nuru paşanın ordusunun Azərbaycana gəlməsi haqqında məlumat verilir. Ə.Şıxlinski yazır: “Türk ordu hissələrinin Azərbaycan torpağına girməsilə Zaqafqaziya hökuməti üç ayrı milli respublikaya ayrıldı. Mənim təşkil etdiyim hissələr yarımçıq qaldı. Sonrakı hadisələr xarici müdaxiləçilərin iradəsini yerinə yetirən müsavat hökumətinin qətiyyən müstəqil olmadığını sübut etdi. Zahiri təsir üçün hərbiyyə nəzarəti təşkil edilib bunun başına general Mehmandarovu qoymuşdular və sonralar məni ona müavin təyin etmişdilərsə də, vəziyyət heç də dəyişməmişdi. 1920-ci ilin başlanğıcına qədər işlər belə getdi. Həmin ilin yanvar ayının ortalarında Qızıl Ordu Şimali Qafqazda bir çox parlaq qələbələr qazandı. Aprelin axırlarında Bakı proletariatının və Azərbaycan kəndlilərinin köməyilə XI Qızıl Ordu gəldi. Müsavat hökuməti devrildi və hökumət başçıları qaçdılar”.
Ə.Şıxlinskinin xatirələrində verilmiş məlumatların təhlili göstərir ki, bu xatirələr sovet hökumətinin sifarişi ilə yazıldığı üçün burada AXC dövrünə aid olan hadisələr təhrif olunmuşdur, baxmayaraq ki, müəllif xatirələrin əvvəlində heç bir təhrifə yol vermədiyini yazır. Bu təbii hal idi, çünki Stalin repressiyalarının hökm sürdüyü və müharibənin başlandığı bir vaxtda müstəqil Azərbaycan dövlətinin şərəfli tarixi işıqlandırıla bilməzdi, buna sadəcə olaraq yol verilməzdi. Həm də nəzərə alsaq ki, xatirələri müəllif özü yox, onun dilindən başqa bir şəxs yazmışdır, müəllif artıq çox yaşlı olduğu üçün bəlkə də bunları yoxlamaq imkanı olmamışdır, burada hər cür təhriflərin olması mümkün idi.
Odur ki, yuxarıda deyildiyi kimi, şəxsi mənşəli mənbələrdən istifadə edərkən mütləq onların yazıldığı tarixi şərait, yazılması səbəbləri və məqsədləri, vaxtı, müəlliflərin şəxsi keyfiyyətləri, onların həyat tərzindəki dəyişikliklər və s. nəzərə alınmalıdır.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin