AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə30/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   26   27   28   29   30   31   32   33   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat



  1. Bakıxanov A. Gülüstani İrəm. B., 1952

  2. Qarabağnamələr. C.1-2. B., 1989, 1991

  3. Путешественники об Азерю. Т. I-II. Баку, 1961

  4. Казымбек М. Избранные произведения. Баку, 1984

  5. Дубровин Н. История войны и владычества на Кавказе. М., 1871

  6. Потто В. Кавказская война. Сп. 1887

MÜHAZİRƏ X


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNƏ AİD MƏNBƏLƏR

Plan: 1. AXC dövrünün qanunvericilik sənədləri.



  1. Dövlət idarələrinin kargüzarlıq sənədləri.

  2. Dövri mətbuat tarixi mənbə kimi.

  3. Şəxsi mənşəli sənədlər.

1. AXC dövrünün qanunvericilik sənədləri

Azərbaycan xalqının dövlətçilik tarixində çox mühüm rol oynamış Azərbaycan Xalq Cumhuriyyəti dövrünün öyrənilməsi tarix elmimizdə müstəsna əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il yanvarın 30-da “AXC-nın 80 illiyinin qeyd edilməsi haqqında” verdiyi sərəncam tariximizin bu şərəfli səhifəsinin daha dərindən və hərtərəfli araşdırılması zərurətini ortaya qoydu. Bu zərurəti doğuran ən mühüm səbəblərdən biri sovet hakimiyyətinin 70 ili ərzində Cumhuriyyətin adının belə çəkilməsinin yasaq edilməsi, ona aid olan arxiv sənədlərinin çox ciddi şəkildə “xüsusilə məxfi” qrifi altında saxlanılması, tədqiqatçıların onlarla tanış olmaq və onlardan istifadə etmək imkanından məhrum olmaları idi. Totalitar sovet rejimi tariximizin bu səhifəsini unutdurmaq siyasəti yeridirdi.


Heydər Əliyev sərəncamda AXC-nın 23 aylıq fəaliyyətinə belə qiymət verirdi: “Azərbaycan Xalq Cumhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyası və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir”.
Tariximizin bu mühüm dövrünə aid olan mənbələr əsasən respublikamızın dövlət arxivlərində və onların elmi-məlumat kitabxanalarında toplanmış sənədlər və materiallardır. Həmçinin 1918-1920-ci illərə aid olan mətbuat və nəşriyyat materialları, AXC-nın süqutundan sonra xaricə mühacirət etmiş siyasi xadimlərin özləri ilə apardıqları sənədlər və materiallar, onların xaricdəki fəaliyyəti nəticəsində yaranmış mənbələrdir. Respublikanın dövlət arxivlərində Cumhuriyyət dövrünə aid qanunvericilik, dövlət hakimiyyəti və idarəçilik orqanlarınım, ordu quruculuğu, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının, habelə ictimai təminat, təhsil, mədəniyyət və s. məsələlərlə məşğul olmuş nazirlik, idarə və təşkilatların fəaliyyəti nəticəsində yaranmış 25 minə qədər iş qorunub saxlanılır. Bu mənbələrin içərisində qanunvericilik sənədləri xüsusi yer tutur. Çünki bu sənədlər Cumhuriyyət dövründə məhz dövlət quruculuğu məsələlərini bütün genişliyi ilə özündə əks etdirir.
Məlumdur ki, 1918-ci il dekabrın 7-də, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına qədərki dövrdə qanunverici orqan funksiyasını Azərbaycan Milli Şurası və milli hökuməti yerinə yetirirdi. Milli Şura 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seymindən və hökumətindən ayrılıb, öz müstəqilliyini elan etdikdən sonra Zaqafqaziya Seymindəki Müsəlman fraksiyasının mayın 27-də keçirdiyi fövqəladə iclasında elan edilmiş və bu vaxt Batum konfransında olan M.Ə.Rəsulzadə qiyabi surətdə Milli Şuranın sədri seçilmişdi. Milli Şura ilk qanunverici orqan kimi 1918-ci il mayın 28-dən iyun ayının 17-dək, yəni Gəncədə yaranmış hökumət böhranınadək fəaliyyət göstərmişdi. Bundan sonra o, Qafqaz İslam Ordusunun Baş komandanı Nuru paşanın təkidi ilə müvəqqəti olaraq öz fəaliyyətini dayandırmağa məcbur olmuş və yenidən 1918-ci il noyabrın 16-dan öz işini bərpa etmişdi. 1918-ci il dekabrın 7-də parlamentin açılması ilə Milli Şura buraxılmışdı.
Milli Şura öz fəaliyyəti dövründə bir sıra çox mühüm qanunvericilik sənədləri qəbul etmişdir. Bunlardan birincisi, 1918-ci il mayın 28-də qəbul olunmuş Azərbaycanın istiqlaliyyəti haqqında “Əqdnamə”dir. Bu sənədin Bəyannamə adlanmasına baxmayaraq, əslində o, yeni yaranmış Azərbaycan Cumhuriyyətinin yeridəcəyi daxili və xarici siyasətin əsas prinsiplərini və təməllərini müəyyən etdiyi üçün qanunvericilik aktlarına aid edilə bilər. Sənəd preambula hissəsindən və 6 bənddən ibarətdir. Preambula hissəsində Cənubi Qafqazda yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycanda xüsusi bir dövlət təşkilatı qurmaq lüzumu əsaslandırılırdı. “Əqdnamə”-nin mətni sənədin orijinalının dili ilə aşağıdakı maddələrdən ibarət idi:

  1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl hüquq müstəqil bir dövlətdir.

  2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqarrür ediyor.

  3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcuvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.

  4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, cilk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

  5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

  6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

Milli Şuranın qəbul etdiyi 1918-ci il 17 iyun tarixli qərarlar da normativ aktlar kimi səciyyələndirilə bilər. Çünki bu qərarlara müvafiq olaraq Milli Şura öz işini dayandırmış, birinci hökumət istefa vermiş, yeni, ikinci hökumət təşkil olunmuşdu.
1918-ci ilin noyabrına qədər olan dövrdə qanunvericilik funksiyasını F.Xoyskinin höküməti yerinə yetirirdi. Bu dövrdə bir sıra vacib qanunlar, o cümlədən ölkədə fövqəladə vəziyyətin elan olunması haqqında, Azərbaycan bayrağı haqqında, Azərbaycan dili haqqında, Azərbaycan Milli Ordusunun yaradılması haqqında, ölkədə iqtisadi vəziyyətin tənzimlənməsi ilə bağlı və s. qanunvericilik sənədləri qəbul olunmuşdu.
1918-ci il noyabrın 16-da Milli Şura öz işini bərpa etdikdən sonra onun qəbul etdiyi ən mühüm qanunvericilik sənədlərindən biri Azərbaycan Parlamentinin təsisi haqqında 20 noyabr tarixli qanun idi. Qanunda göstərilirdi ki, Azərbaycan ərazisinə Bakı və Gəncə quberniyaları, Zaqatala dairəsi, İrəvan və Tiflis quberniyalarının bir hissəsi daxıldır. Bu ərazidə Qafqaz təqviminə görə tam rəqəmlə 2.750.000 əhali var. Onlardan 1.900.000 müsəlman, 500.000 erməni, 230.000 rus var. Əhalinin sayı nəzərə alınaraq Azərbaycan Parlamentinə müsəlmanlardan – 80, ermənilərdən – 21, ruslardan – 10 , alman və yəhudilərin hərəsindən isə bir nümayəndə seçilməli idi. Gürcü və polyak əhalisinə də hərəsindən bir nümayəndə seçmək hüququ verilirdi. Qanunda göstərilirdi ki, 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildiyi üçün (Zaqafqaziya Seyminə) mexaniki surətdə parlamentə üzv seçilir. Qalan 36 nəfər isə müxtəlif şəhər və qəzalar arasında bölünür. Parlament 120 üzvdən ibarət olmalı idi. Qanunda deyilirdi: “Bu surətlə yığılacaq Məbusan (parlament) irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeini müdafiə edəcək...”.
Azərbaycan Parlamenti həm də çoxpartiyalı parlament kimi təsis edilmişdi. Məlumdur ki, hələ Zaqafqaziya Seyminə seçkilərdə 4 Azərbaycan siyasi partiyası – Müsavat, Müsəlman Sosialist bloku, Hümmət və İttihad iştirak etmiş və seçilmiş 44 nümayəndə sonradan Milli Azərbaycan fraksiyasında birləşmişdi. Daha sonra onlar Milli Şuranı təşkil etmiş və mexaniki surətdə Parlamentin tərkibinə daxil olmuşdular. Tədqiqatçıların bu məsələlərə diqqət yetirməsi vacibdir. Çünki gələcəkdə parlamentin qanunvericilik fəaliyyətində bu hal qanunların müzakirəsi və qəbul olunması prosesində, həmçinin ümumiyyətlə parlamentin işində, parlamentdaxili çəkişmələrdə, hökumətə qarşı müxalif qüvvələrin mübarizəsində özünü qabarıq şəkildə biruzə verdi. Bu partiyaların bəzi nümayəndələri öz çıxış və bəyanatlarında Azərbaycanın müstəqilliyi ideyasını müdafiə etsələr də, həlledici məqamlarda onlar bu ideyaya dönük çıxdılar.
1918-ci il dekabrın 7-də açılmış və 17 ay ərzində AXC-nın qanunverici orqanı olmuş parlamentin qəbul etdiyi çoxsaylı normativ aktlar sübut edir ki, o, öz fəaliyyətini bütün hüquq normalarına tam riayət etməklə həyata keçirmişdir. Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış Nizamnamə - “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi. Cari məsələlərin həlli üçün sədr, onun müavinləri və katiblərdən ibarət Rəyasət heyəti təşkil edilmişdi. Rəyasət heyətindən başqa Parlamentin tərkibində “Senyoren Konvent” deyilən orqan da təsis edilmişdi. Fraksiya sədrlərindən ibarət olan bu qurum parlament fraksiyaları arasında məsləhətləşmələr aparmaq və razılaşma əldə etmək üçün yaradılmışdı.
Parlamentin fəaliyyətində komissiyalar xüsusi rol oynayırdılar. Parlament Nizamnaməsinin 18-ci maddəsinə görə parlament eyni tipli qanun layihələrinin hazırlanması üçün daimi komissiyalar və müəyyən xüsusi qanun layihələrinin və məsələlərin müzakirəsi üçün isə müvəqqəti komissiyalar yarada bilərdı.
Daimi komissiyaların formalaşdırılması partiya prinsipinə əsasən həyata keçirilirdi. Komissiyaların partiya heyəti fraksiyaların proporsional təmsilçiliyinə görə müəyyənləşdirildiyindən Müsavat partiyası parlamentdə çoxluq təşkil etdiyinə görə komissiyalarda da say üstünlüyünə malik idi. Komissiyalarda kimlərin siyasi partiyaları təmsil etməsi məsələsini fraksiyaların özləri həll edirdi. Fraksiyalarda əsas fiqurlar partiya liderləri olduğundan, bu və ya digər məsələlərə partiyanın rəsmi münasibəti onların liderləri tərəfindən açıqlanırdı. Bu hal parlament sənədləri vasitəsilə müxtəlif məsələlərin və qanunların müzakirəsi və qəbul olunmasına ayrı-ayrı fraksiyaların münasibətini və onların qarşılarına qoyduğu məqsədləri öyrənmək üçün imkan verir.
1919-cu il oktyabrın 18-də hökumətə və Parlamentə qanun layihələrinin təqdim olunması haqqında Qaydalar qəbul olunmuşdu. Qaydalar qanun layihələrinin hazırlanmasından tutmuş, qanunun qəbuluna qədər bütün prosesləri reqlamentləşdirirdi. Qaydalara görə qanun layihələri onların vacibliiyini, əsas müddəalarını əsaslandıran iltizamnamələrlə birgə Nazirlər Kabineti vasitəsilə Parlamentə təqdim edilməli idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Parlamenti əsasən qanunvericilik səlahiyyətlərini yetinə yetirirdisə də, bundan başqa onun kompetensiyasına icra hakimiyyətinin və mərkəzi dövlət hakimiyyəti orqanlarının formalaşdırılması, onların səlahiyyət dairəsinin müəyyənləşdirilməsi, dövlət büdcəsinin mədaxil və məxaricinin müzakirəsi və təsdiqi və s. məsələlər də daxil idi.
Parlament qanunvericilik fəaliyyətini iki istiqamətdə aparırdı: 1) yeni qanunların qəbul edilməsi yolu ilə; 2) fəaliyyətdə olan qanunları yeni şəraitə və zamanın tələblərinə uyğunlaşdırmaqla, onlara əlavə və düzəlişlər etmək yolu ilə. İlk dövrlərdə Parlament öz əsas funksiyasını yerinə yetirməkdə müəyyən çətinliklərlə üzləşmişdi. Bu, hər şeydən əvvəl partiya fraksiyaları arasındakı ziddiyyətlərlə bağlı idi. Lakin 1919-cu ilin ortalarından başlayaraq Parlament artıq qanun yaradıcılığı ilə daha yaxından və səmərəli məşğul olmağa başladı. Onun bu dövrə qədərki fəaliyyəti əsasən keçmiş imperiya qanunlarına əlavələr etməklə məhdudlaşırdı.
AXC-nın fəaliyyəti dövründə ümumiyyətlə 155 parlament iclası keçirilmişdi ki, bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 20 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918 – 27 aprel 1920- ci il) olmuşdur. Bunlardan 4-ü təntənəli, 2-si tarixi, 2-si fövqəladə, 122-si işgüzar iclaslar olmuşdur. Qalan 15 iclas yetərsay (kvorum) olmadığına görə baş tutmamış, lakin protokollaşdırılmışdır. Bu müddət ərzində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu (Mənbələrdə və ədəbiyyatda bu haqda müxtəlif rəqəmlər verilmişdir. Bizim istinad etdiyimiz ədəbiyyat: Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, II cilddə, Bakı, 2004). Parlamentdə qanunlar qızğın və işgüzar şəraitdə müzakirə olunur, üçüncü oxunuşdan qəbul edilirdi.
Parlamentin 11 komissiyası konkret sahələrə aid olan qanun layihələrinin hazırlanması ilə məşğul olurdu. Parlamentin qanunvericilik sənədləri ictimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif məsələlərini, habelə dövlətin xarici siyasətini tənzimləyən normativ aktlar idi.
Parlament ictimai həyatın demokratikləşdirilməsi, dövlət-hüquq sisteminin formalaşdırılması ilə bağlı bir sıra qanunlar qəbul etmişdi. Bunlardan 25 yanvar 1919-cu ildə qəbul edilmiş “Dövlət qulluğu ilə parlament üzvlüyünün yolverilməzliyi haqqında”, 14 aprel 1920- ci il “Hərbi məhkəmələr haqqında”, 16 may 1919-cu il “Azərbaycan Cumhuriyyətində hərbi mükəlləfiyyətləri yerinə yetirən orqanların təşkili haqqında”, 14 avqust 1919-cu il “Azərbaycan Cumhuriyyətinin gömrük sərhəd xidmətinin təsis edilməsi haqqında” və s. göstərə bilərik. Qeyd edək ki, Parlamentin qəbul etdiyi normativ aktlar bir sıra hallarda qanun deyil, əsasnamə, qaydalar, nizamnamə və s. adlanırdı. Bununla belə ictimai münasibətlərin tənzimlənməsi xarakterinə və hüquqi qüvvəsinə görə bu aktlar qanuna bərabər tutulurdu. Məsələn, “Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə” (21 iyul 1919-cu il), “Şəhər dumalarına seçkilərin keçirilməsi qaydaları” ( 7 avqust 1919-cu il), “Mətbuat haqqında nizamnamə” (30 oktyabr 1919-cu il) və s. Parlament həmçinin Mərkəzi Dövlət orqanlarının və digər təşkilatların (Məs., Bakı Dövlət Universitetinin, Dövlət Bankının, Dövlət Əmanət kassalarının) nizamnamələrini də qanun şəklində təsdiq etmişdi.
Ölkəni iqtisadi böhrandan çıxarmaq üçün də zəruri qanun sənədləri qəbul edilmişdi. Vergi, bank, kredit sisteminin formalaşdırılmasına aid, ölkədən xammalın ixracının şərtlərinə dair qanunlar qəbul olunmuşdu. Maarif, mədəniyyət, səhiyyə və başqa sahələrin inkişafına yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsində Müsavat partiyası ilə yanaşı digər siyasi partiyalar da mühüm rol oynayırdılar. Buna iki qanunun – “Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında” qanunun və ”Mətbuat haqqında nizamnamə”nin qəbul edilməsi əyani sübut ola bilər.
Universitetin açılması ərəfəsində həm cəmiyyətdə, həm də parlamentin daxilində onun məqsədəuyğunluğu haqqında geniş diskussiyalar gedirdi. Tədrisin rus dilində olacağını, professorların isə Rusiyadan dəvət ediləcəyini bəhanə gətirməklə bəzi qüvvələr Azərbaycanda alı məktəbin açılmasına mane olmağa çalışırdılar. Qanun layihəsinin iki komissiyada – qanunvericilik və maliyyə-büdcə komissiyalarında 2 ay ərzində müzakirə olunması və Parlamentin 2 iclasının məhz bu məsələlərə həsr edilməsi dediklərimizə sübutdur. Məsələnin müsbət həll olunmasında sosialistlər, partiyasızlar, milli azlıqlar fraksiyalarının, xüsusən Müsavat partiyasının, onun liderləri M.Ə.Rəsulzadənin və N.B.Yusifbəylinin, digər ictimai xadimlərin böyük rolu olmuşdu. Bunu Universitetin ilk rektoru Razumovski də təsdiq edirdi. Universitetin açılması əleyhinə ilk vaxtlar İttihad, Əhrar, bəzi partiyazıs liderlər çıxış edirdilər. Onlar belə arqumentlər gətirirdilər ki, təhsil türk dilində deyil, rus dilində aparılacağı halda universitetin ruslaşdırma ocağına çevrilməsi təhlükəsi var. M.Ə.Rəsulzadə bu iddiaları əsassız sayaraq qeyd edirdi: “Hər kəs bilir ki, rus və ya başqa bir millət mədəniyyəti yoxdur. Ülum və fünun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz bu beynəlmiləl elmi, başqa bir millətin ağzından eşitdiyimiz kimi, rus professorlarının ağzından da öyrənə bilərik”. Universitet tərəfdarlarının səyi nəticəsində müvafiq qanun layihəsi yekdilliklə qəbul olunmuşdu. 1919-cu il 11 avqustda qəbul edilmiş “Azərbaycan vətəndaşlığı haqqında” qanun da öz siyasi əhəmiyyətinə görə mühüm rol oynamışdı.
Parlamentin xarici siyasətlə bağlı qanunvericilik sənədləri də Cumhyriyyət dövrünə aid qiymətli tarixi mənbələrdir. Məsələn, 22 aprel 1920-ci ildə “Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya, ABŞ, Rusiya və Polşada Azərbaycan Respublikasının diplomatik missiyalarının yaradılması haqqında” qanun, həmçinin 1918-ci il 4 iyun tarixli Azərbaycan-Türkiyə müqaviləsi, 27 iyun 1919-cu ildə təsdiq olunmuş Azərbaycan-Gürcüstan hərbi-müdafiə paktı, 23 noyabr 1919-cu il Azərbaycan-Ermənistan müqaviləsi, 21 mart 1920-ci il Azərbaycan-İran müqaviləsi, Paris sülh konfransının Ali Şurasının Azərbaycanı de-fakto tanıması barədə qərarı və s. bu qəbildəndir.
Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericilik sənədlərinin özü, habelə onlara aid olan müxtəlif dövlət idarələrinin kargüzarlıq sənədləri – qanun layihələrinin ilkin variantlari, hazırlıq materialları, parlament müzakirələrinin gedişini əks etdirən külli miqdarda sənədlər dövlət arxivlərimizin fondlarında saxlanılır. Bunların bir qismi hələ Cumhuriyyət dövründə “AXC hökuməti qanunlarının və sərəncamlarının toplusu” adlı nəşrdə, həmçinin dövri mətbuat səhifələrində dərc edilmişdir. AXC qanunlarının toplu nəşri 1998-ci ldə Bakıda “Azərbaycan Demokratik Respublikası (1918-1920). Qanunvericilik aktları” adı altında rus dilində nəşr olunmuşdur.
AXC dövrünə aid olan qanunvericilik sənədləri tarixi mənbə kimi öyrənilərkən ümumiyyətlə qanunvericilik sənədlərinin öyrənilməsinə tətbiq olunan mənbəşünaslıq üsul və metodlarindan istifadə olunur, yəni mənbələr tam halında, ədəbi-hüquqi, statistik, müqayisəli təhlil əsasinda araşdırılır.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin