Abdulla Şaiqin dərsliklərində ümumtürk mədəniyyətinin təhlili və qiymətləndirilməsi



Yüklə 33.78 Kb.
tarix10.06.2017
ölçüsü33.78 Kb.
Abdulla Şaiqin dərsliklərində ümumtürk mədəniyyətinin təhlili və qiymətləndirilməsi

Görkəmli türk ədəbiyyatşünası Yavuz Akpınar özünün “Azeri edebiyyatı araştırmaları” əsərində ümumtürk mədəniyyətinin təbliği və tədrisində Abdulla Şaiqin tərtib etdiyi onlarla dərsliyin əhəmiyyətindən söz açır:” “Aynı şekilde Türkiyedeki edebiyatı Azerbaycana ulaştıran ders kitapları arasında Abdulla Şaik Talıbzadenin hazırlamış olduğu Kıraat Kitabı (Bakü, 1924), Türk Edebiyatı (Bakü 1922) vs. gibi kitapları da saymak gerekir. Abdulla Şaikin kitaplarındakı bu “Türk” sıfatı hem Azerbaycan türklüğünü, hem de Türkiye türklüğünü ifade etmektedir. Azerbaycanda 1930`lu yıllara kadar da hep bu manada kullanılmışdır” (7,281).

Həqiqətən də, Azərbaycan ədəbi-elmi və bədii fikir tarixində xüsusi xidmətləri və yeri olan Abdulla Şaiq tərtib etdiyi 30-a yaxın dərslikləri(bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifidir) ilə pedaqogika tarixində milli intibahın ilk tribunlarından hesab edilə bilər. Tədrisə dərsliklərilə milli dil, milli düşüncə tərzi, folklor süjet və obrazlarını gətirən Abdulla Şaiqin bütün çoxcəhətli fəaliyyəti onun apardığı ideologi işin tərkib hissəsidir. Ədib ana dilində ilk sinif təşkil etməsi, anadilli dərsliklər hazırlaması, uşaqlar üçün əsərlər yazması və tərcümələrilə böyük bir missiyanı üzərinə götürmüş və bu işi uğurla həyata keçirmişdir.

Ümumiyyətlə, Azərbaycanda məktəb və maarif işinin yüksəlişində Abdulla Şaiqin müstəsna xidmətləri vardır. İlk anadilli siniflərin açılması kimi böyük ictimai, eyni zamanda siyasi hadisənin baş tutması bir neçə həmkarı ilə birlikdə Abdulla Şaiqin çətin və ardıcıl əməyinin nəticəsidir. 1917-ci ildə çar hökumətinin sözdə "Məktəblərin milliləşdirilməsi" barədə verdiyi qərardan sonra A.Şaiq onsuz da gizli şəkildə həyata keçirdiyi işi leqal şəklə sala bildi. Hökumətin milli dili və milli mədəniyyəti bütün vasitələrlə gözdən salmağa çalışmasına baxmayaraq, Abdulla Şaiqin təşəbbüsü ilə 3 aylıq Azərbaycan dili kursu açıldı. Kursa cəlb edilən 25 şagirdə dərsləri türk dilində A.Şaiq, Q.R.Mirzəzadə, C.Cəbrayılbəyli, H.S.Səyyah kimi müəllimlər tədris edirdilər. Kursu bitirən şagirdlər üçün 49 rus sinfi olan Bakı Birinci Realnı Məktəbinin nəzdində bir sinif açılır. 1924-cü ildə həmin sinfi bitirən şagirdlər Azərbaycan maarifi tarixində ana dilində ilk orta təhsil alan şagirdlər oldular. A.Şaiq tərəfindən əsası qoyulan milli siniflərin əsasında 20-ci illərin əvvəllərində yaradılan Şaiq Nümunə Məktəbi Azərbaycanda milli kadr yetişdirilməsi sahəsində müstəsna işlər gördü. Elm, mədəniyyət, ədəbiyyat sahəsində görkəmli yeri və xidmətləri olan T.Ş.Simurq, R.Axundov, B.Talıblı, C.Cabbarlı, M.Müşfiq, Niyazi, A.Əfəndizadə, Ş.Bədəlbəyli, Ə.Bədəlbəyli, S.Rüstəm kimi ziyalılar həmin məktəbin yetirmələridir.

Pedaqoq kimi böyük və səmərəli işlər görən Abdulla Şaiq tədrisdə başqa bir boşluğun aradan qaldırılmasına nail oldu. İlk anadilli dərsliklərin tərtib edilməsində yaxından iştirak etdi. O, 30-a yaxın dərsliyin bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifidir. A.Şaiqin yaradıcılığında didaktik-əxlaqi motivli əsərlərin çoxluğu onun pedaqoji fəaliyyəti və dərslik tərtib etməsi ilə bağlıdır.

İlk dərsliyi “Uşaq çeşməyi”ndən(1907)(M.Mahmudzadə, S.Əbdürrəhmanzadə, S.Axundzadə ilə birlikdə) son dərsliyi “Ədəbiyyat dərsləri”nə qədər(1934)(H.Zeynallı, İ.Hikmət, A.Musaxanlı ilə birlikdə) A.Şaiq ideoloji kursunu davam etdirmiş, ümumtürk mədəniyyətinin daşıyıcısı və təbliğatçısı olmuşdur. Bu dərsliklər tarixi-ictimai dəyərə malik olması ilə bərabər, həm də müəllifin şəxsiyyət olaraq, ictimai-siyasi mövqeyinin, peşəkarlığının, ədəbi-bədii zövqünün göstəricisidir.

Dərsliklər ümumtürk mədəniyyəti, ədəbiyyatı tarixinin tədqiqi və təbliği baxımından böyük əhəmiyyətə malikdir. Burada türklərin qədim dövrlərdən başlamış ədibin öz dövrünə qədər olan mədəni təkamülü əks olunur. Dərsliklərdə dünyanın yaranışı barədə mifoloji mətnlər, türklərin etnogenezisi haqqında, türk mənəvi dəyərləri, əxlaqı və dili barədə bilgilər müxtəlif elmi və ədəbi qaynaqlardan istifadə olunmaqla təqdim edilmişdir. Mətnlərin adlarından göründüyü kimi, dərsliklərdə şagirdlərə türklərin etnik kmiliyi, coğrafi əraziləri, məişəti, mədəniyyəti haqqında informasiya ötürülürdü: "Qamusi-əlam"dan"Türklər"(Gülzar,1912),"Türk aləmi (Türk çələngi,1919), Ə.Hüseynzadə "Türk dili"(Türk çələngi,1919), Ə.Canib "Turanın yolu"(Türk çələngi,1919), "Türk qanı"(Türk çələngi,1919), Z.Göyalp"Türklük tufanı"(Türk çələngi,1919), İ.Ələvi"Türk obasına səyahət"(Türk ədəbiyyatı,1920), Z.Göyalp"Dəli Domrul"(Türk ədəbiyyatı,1920)

Göründüyü kimi, Abdulla Şaiq "Türk çələngi" dərsliyinə Əli bəy Hüseynzadənin "Türk dili" məqaləsini daxil etmişdir. Onu da qeyd edək ki, bir sıra məsləkdşının bioqrafı olan A.Şaiq Ə.Hüseynzadə şəxsiyyəti və yaradıcılığı haqqında ilk oçerkin müəllifidir. 1912-ci ildə çap edilən "Gülzar" dərsliyində o, Ə.Hüseynzadənin həyat və yradıcılığı barədə məlumat vermiş, onun Azərbaycan mədəniyyəti tarixində xüsusi yeri və xidmətləri barədə söz açmışdır.

Dərsliklərdə Abdulla Şaiqin təhsil və tərbiyəyə dair konsepsiyası əks olunur. Dərsliklərin mündəricatı ilə tanışlıq göstərir ki, Abdulla Şaiq bir müəllif kimi şagirdlərə milli və dini dəyərləri aşılamağa səy göstərir. A.Şaiq dərsliklərində uşaqların milli ruhda, soy-kökünə bağlı vətəndaş kimi tərbiyə etmək məqsədini yaddan çıxarmırdı. Həm də şagirdlərin yaşaq və maraq dairəsini nəzərə alırdı. 1919-cu ildə dərc edilən A.Şaiqin “Türk çələngi” dərsliyində türkçülüyün ideoloqu Ziya Göyalpın “Qızıl alma” poemasından “Ərkənəqul” şeiri yer alır. Bir millət kimi türklərin tarixi təkamül yolunu işıqlandıran şair sonda türklərin birliyə nail ola bilməməsindən və bu məsələdə əli olanlardan söz açır. Şair türk balalarına kimin dost, kimin düşmən olduğunu çatdırır:

Bundan sonra tale döndü,

Ulduzumuz yenə söndü.

Qarşımızda rus göründü,

Kəsildi yurd ortağımız.

Krım,Qazan hədər oldu,

Dona,Qafqaz betər oldu.

Türkistanda nələr oldu,

Eşitmədi qulağımız.(4,336)

Amma şair ümidsiz görünmür və bir gün türklərin bir liderinin olacağına və türklərin çırağının yenidən yanacağına inanır:

Yurd girincə yad əlinə

Ərkənə qul oldu yenə.

Cıxmazmı bir “Portaçənə”,

Nurlanmazmı çırağımız?! (4,336)


Ziya Göyalpın “Türk çələngi”dərsliyində verilən digər şeiri “Altun yurd” türklərin birliyinə, həmrəyliyinə çağırış motivləri üzərindədir:

Ey oymaqlar, alaylar, birləşəlim, türk bir soy

Olduğunu hər kəsə, hər tərəfdə anlatsın.

Hanki millət, hankı boy, hankı oymaq, hankı soy

Baş əyməzsə, başını mizrağımız patlatsın.

Türk bir millət, bir ordu, qatılmayan qaçaqdır,

“Yasa”mızda yazılı: ”Hərbdən qaçan alçaqdır”. (4,.323)
Eyni ruhu, birliyə çağırışı Abdulla Şaiqin “Açıq söz”qəzetinin 1918-ci il, 6 fevral sayında dərc olunan “Türk ədəmi mərkəziyyət firqəsi”Müsavat”a ithaf” şeirində də görürük:

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,

Ünlə, zəfərlə, şanla tariximiz doludur.

...Yıldırımlı gözümüz qan ağladır düşmənə,

Qorxaq,alçaq, xainin bu meydanda işi nə?!

Dəniz kibi coşalım, dalğa kibi qoşalım,

Altun ordu, irəli! Dağlar-daşlar aşalım!”
Ümumtürk mədəniyyətii Abdulla Şaiqin çoxcəhətli yaradıcılığının bütün sahələrində təbliğ olunmuşdur. Bədii yaradıcılıqda M.Əkrəm, Ə.Hamid, M.Əmin, R.Tofiq, Z.Göyalp yaradıcılığından bəhrələnən ədibə görə ədəbiyyatşnaslıqda, tədrisdə əsas meyar ümumtürk mədəniyyəti idi. Dərslikləri də onun turançılıq konsepsiyasının tərkib hissəsidir. Dərsliklərdə Avropa ədəbiyyatından tərcümələrə yer verilirdisə də, ağırlıq ortaq türk ədəbiyyatı üzərindədir. Hələ 1912-ci ildə nəşr edilən “Gülzar” dərsliyinə Abdulla Şaiq “Qamusi-əlam”dan “Türklər” bölümünü, Ə.Hüseynzadə, M.Ə.Rəcaizadə, T.Fikrət kimi sənətkarların bioqrafiyasını və əsərlərindən nümunələri daxil edir.

1919-cu ildə nəşr edilən “Türk çələngi” dərsliyində A.Şaiqin əsərlərindən və Avropa klassiklərindən əlavə türk ədiblərinin, o cümlədən Əhməd Hikməin “Altun ordu”,”Dünya yaradılarkən”, Məhəmməd Əminin ”Yurdumuzun iniltisi”, İzzət Ələvinin ”Türk obasına səyahət”, Sami Paşazadə Sezainin ”İki yüz əlli quruşa bir əsər”, “İstanbulda yıldızlı bir gecə”, Ziya Göyalpın”Qızıl alma” kimi əsərləri yer alırdı.

1920-ci ildə nəşr edilən “Türk ədəbiyyatı” dərsliyində şagirdlərə Rza Tofiqin “Axşam qaranlığı”, Əli Canibin “Soqaq fənəri”, Tofiq Fikrətin”Xaliqin əmanəti”,”Ramazan sədəqəsi”, Ziya Göyalpın “Dəli Domrul”, Xalid Ziyabəy Eşqizadənin”Türk nəfəri”, “İçəcək su”, Mahmud Əkrəmin”Hali-səhər”,”Bu da bir şeiri-məhzuni-digər”,”Yad et!” kimi əsərləri təqdim olunurdu.

Əsas amalı uşaqlara öz ana dilini və ədəbiyyatını tanıtmaq, sevdirmək olan A.Şaiq bir pedaqoq və vətəndaş kimi prinsiplərinə həmişə sadiq qaldı. Sovet hakimiyyətinin bərqərar olduğu illərdə - vulqar sosiologizm, proletkultçuluq ideyalarının tüğyan etdiyi dövrlərdə də onun dərsliklərinin kursu dəyişmədi. 1928-ci ildə nəşr edilən “Ədəbiyyatdan iş kitabı” (H.Zeynallı, A.Musaxanlı, C.Əfəndizadə ilə birlikdə) dərsliyində də prioritet milli ədəbiyyat üzərində idi. Ümumtürk mədəniyyətinin İ.Nəsimi, Ş.İ.Xətai, Y.İmrə, M.Füzuli, Nəfi, M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir kimi sənətkarların bioqrafiyası və onların əsərləri sovet stereotiplərinə uyğun olmadıqları halda dərslikdə yer alırdı.

Məlumdur ki, XX əsrin əvvəllərində professional mərhələyə qədəm qoyan ədəbiyyatşünaslıq elminin aparıcı simalarından olan A.Şaiq özünün ədəbiyyat tarixi konsepsiyasında milli yazılı ədəbiyyatı mərhələlərə ayırarkən şifahi xalq ədəbiyyatını bədii fikrimizin ilk mərhələsi hesab edirdi. Dil amilini milliliyin əsas meyarı hesab etdiyinə görə A.Şaiqin dərsliklərində türk ədəbiyyatı adı altında yalnız türk dilində yazan sənətkarlar təqdim olunurdu. Bu ədəbi bölgüdə coğrafi sərhədlər, milli mənsubiyyət yox, dil faktoru nəzərə alınırdı. Milli yazılı ədəbiyyatın Vaqif poeziyası ilə, sonralar isə Salman Mümtazın ədəbi aləmə tanıtdığı Həbibi yaradıcılığı ilə başlanması fikrini irəli sürən A.Şaiq dərsliklərində Türk ədəbiyyatı sərlövhəsi altında Füzuli, Nəfi, Y.İmrə, M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Ə.Rəcaizadə, Z.Göyalp, M.Ə.Yurdaqul, Ə.Hikmət, R.Tofiq, T.Fikrət, Ə.Canib və başqalarının; Fars ədəbiyyatından mühazirələr – sərlövhəsi altında Rudəki, Ənvəri, Xaqani, Ö.Xəyyam, Ə.X.Dəhləvi, C.Rumi, Sədi, Firdovsi, Nizaminin bioqrafiyasını və yaradıcılığından nümunələri təqdim edirdi.

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında bu meyil mövcud idi və ədəbi təsnifata belə yanaşan alimlər sırasında A.Şaiq də vardı. Lakin sonrakı illərdə ədib Nizami, Xaqani kimi sənətkarların yaradıcılığını Azərbaycan ədəbiyyatının faktı hesab edir, onların dəyərini bilməyi tövsiyə edirdi.

Abdulla Şaiq özünün çoxcəhətli fəaliyyəti ilə türkçülüyün son mərhələsi olan turançılıq ideologiyasına xidmət göstərmişdir. Dərslikləri də bu ideoloji işin tərkib hissəsidir.

Ədəbiyyat siyahısı:
1. "Açıq söz" qəzeti, 6 fevral, 1918

2. A.Şaiq. Arazdan Turana. Bakı, Nurlan, 2003

3. A.Şaiq. Gülzar, Bakı, Orucov qardaşları mətbəəsi,1912

4. A.Şaiq. Türk çələngi. Bakı: Hökumət mətbəəsi, 1919

5. A.Şaiq. Türk ədəbiyyatı. Bakı: Hökumət mətbəəsi, 1920

6. A.Şaiq, A.Musaxanlı,H.Zeynallı,C.Əfəndizadə.Ədəbiyyatdan iş kitabı.Bakı, Azərnəşr, 1928

7. Y.Akpınar. Azeri edebiyyatı araştırmaları. Dergah yayınları.Birinci baskı: Haziran,1994
Resume

The analysis and evaluation of common

Turkish culture in A.Shaig's textbooks

A. Shaig is one of the tribunes of national renaissance who has special service and place in the history of Azerbaijani literary-scientific and artistic thought with about 30 textbooks compiled by him. A. Shaig who brought national language, national thought, foklore plot and characters to the education propagates common Turkish culture and carried out great ideological work with his comprehensive activity. Beside biography and examples of Azerbaijani and Ottoman writers and poets, there is also information about mythological texts, etnogenezis of Turks, Turkish mortal values, language and ethics of Turks. A. Shaig presents to his pupils M.Fuzuli, S.A Shirvani, Y. Amra, Nafi, Z. Goyalp, A.Hikmat, I,Alavi, A. Huseyzada, T. Fikrat, M. Akram and other representatives of common Turkish culture and their works in his textbooks.








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə