Bakterioloji (bioloji) silah mikrobların – yoluxucu xəstəlik törədicilərinin köməyi ilə insanların, heyvanların və bitkilərin xəstələnməsinə, məhvinə səbəb olan kütləvi qırğın silahıdır. Bakterioloji (bioloji) silahın zədələyici təsiri döyüş məqsədi üçün xüsusi olaraq seçilmiş, insan orqanizminə, heyvanlara, bitkilərə keçdikdə ağır yoluxucu xəstəliklərə səbəb ola biləcək patogen mikrobların və onların həyat fəaliyyəti məhsullarının xəstəlik törədici xassələrinə əsaslanır.
Mikroblar ölçülərindən, quruluşlarından və bioloji xassələrindən asılı olaraq siniflərə bölünürlər. Bunlardan bakteriyalar, viruslar, rikketsiyalar və göbələklər hərbi məqsədlər üçün daha böyük əhəmiyyət kəsb edirlər.
Bakteriyalar (ancaq mikroskop altında görünən, ölçülərinə və formalarına görə müxtəlif olan, sadə bölünmə yolu ilə çoxalan bir hüceyrəli mikroorqanizmdirlər. Onlar günəş şüalarının, dezinfeksiya resepturalarının, yüksək temperaturun (60 0S-dən çox) təsirindən asanlıqla və tez bir zamanda məhv olurlar.
Viruslar (virus – latınca zəhər deməkdir) ölçülərinə görə ən kiçik bakteriyalardan belə çox-çox (təqribən 50 dəfə) kiçik olan mikroorqanizmlərdir.
Rikketsiyalar (amerikalı alim H.T. Rikketsin şərəfinə adlandırılıb) ölçülərinə görə bakteriyalar və viruslar arasında orta vəziyyət tutan mikroorqanizmdirlər.
Göbələklər bakteriyalardan quruluşlarının daha çox mürəkkəbliyinə görə və çoxalma üsulları ilə fərqlənən bir- və çoxhüceyrəli bitki mənşəlli mikroorqanizmdirlər.