Aleksey Osipoviç Çernyayevski görkəmli maarifçi, metodist, pedaqoq



Yüklə 11,53 Kb.
tarix08.12.2019
ölçüsü11,53 Kb.
#29845
Aleksey Osipoviç Çernyayevski

Aleksey Osipoviç Çernyayevski — görkəmli maarifçi, metodist, pedaqoq

" "...Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. Onlar ana dillərində dərsliklər yazacaqlar, bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim elədiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir azərbaycanlı seminaristin simasında görürəm. İftixar edirəm ki, "Vətən dili" kitabını müsəlman balaları üçün mən tərtib etmişəm. Bu kitabın vasitəsilə təkcə Qori seminariyasında deyil, ölkənin bütün qəzalarında olan ibtidai rus-Azərbaycan məktəblərində uşaqlar savad öyrənirlər. "Vətən dili" kitabının birinci hissəsini tələbəm Rəşid bəy Əfəndizadənin gözəl xətti ilə daş basmasında çap etdirdik, ikinci hissəsini Səfərəli bəy Vəlibəyovla birlikdə yazmışıq. O, 1881-ci ildə seminariyanı əla qiymətlərlə bitirdiyinə görə məktəbdə ana dili müəllimi saxlanıldı".

A.O.Çerniyayevski

*Aleksey Osipoviç Çernyayevski 1840-cı ildə Mərəzə kəndində anadan olub.

* O,milliyyətcə rus idi, ata-babaları vaxtilə Həştərxandan köçüb Şamaxının Mərəzə kəndinə gəlmişdilər.

*İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir.

* Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir.

* 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər. Burada o səkkiz il çalışır.

*1879-cu ilin mayında Gürcüstanın Qori şəhərində fəaliyyətə başlayan Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılması üçün Qafqaz canişini birtəhər yola gətirilmiş, A.O.Çernyayevski Azərbaycan şöbəsinə inspektor təyin edilmişdi. Qalırdı məktəbə uşaq yığmaq, canişini peşman etməmək. Əgər bu sentyabr bir neçə nəfər uşaq yığılmasa Qafqaz Təhsil Dairəsi şöbəni bağlaya bilər. Bu fikirlər Çernyayevskini bir an belə rahat buraxmırdı: "Necə olursa-olsun, məktəb açılmalıdı, bu fürsəti əldən vermək olmaz".

* Ağlı kəsəndən Azərbaycanın adət-ənənəsini, məişətini, dil və ədəbiyyatını incəliklərinə qədər öyrənib, ömrünü maarifçiliyə həsr edib. Azərbaycanlıları seminariyada oxuyub təhsil almağa, maarifə, mədəniyyətə çağırıb. Uşaqlarını Qoriyə göndərmək istəməyən valideynlər, mədrəsədəki mollalar bu "uzunsaqqal urusu" görəndə tükləri biz-biz olar, "Allahu Əkbər" deyib üç dəfə salavat çevirər, arvadlar yaşmağını gözlərinə qədər çəkərmiş.

*Çernyayevski isə bu münasibətdən nə bezər, nə usanardı. İnanırdı ki, uşağını gətirib ona təhvil verib, apar oxut mənim balamı, deyən tapılacaq. Onun nəzərində hər bir xalqın inkişafı müəllimdən asılıdır. Maarifə, təhsilə bu qədər önəm verən Çernyayevski Azərbaycan müəllimlərinin böyük bir dəstəsinin müəllimi olmuşdur.

*İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şəkidə, Şamaxıda oldu, oradan da yolunu Bakıya, Qubaya saldı. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də piyada gedirdi.

*İnsanlarla görüşəndə məlum olurdu ki, seminariyaya uşaq qəbulu məqsədilə qəza rəislərinə göndərilən məktublardan camaat xəbərsizdir. Azərbaycanı böyük məhəbbətlə sevən bu insan yerlərdəki məmurların öz millətinə qarşı bu qədər biganəliyindən dəhşətə gəlirdi. Odur ki, adamlarla təkbətək görüşür, Qoridə açılan məktəbin məqsəd və məramını açıqlayırdı. Nəhayət, istədiyinə nail olmuşdu, Şuşadan Firudin bəy Əhmədağa oğlu Köçərli, Səfərəli bəy Vəlibəyov, Lənkərandan Teymur bəy Məmməd bəy oğlu Bayrambəyov, Rəşid bəy Əfəndiyev, Qazaxdan İsmayılağa Mustafa oğlu Vəkilov və Məmmədağa İsmayılağa oğlu Şıxlınski seminariyanın Azərbaycan şöbəsini bağlanmaqdan xilas etdilər. İllər keçdi, adını sadaladığımız azərbaycanlı balaları tariximizə Qori Seminariyasının ilk qaranquşları kimi daxil oldular.

*Aleksey Osipoviç azərbaycanlı balaların kamil təhsil alması üçün "Vətən dili" kitabını tərtib etməyə başladı. K.D.Uşinskinin müddəalarını rəhbər tutaraq onun eyniadlı dərsliyi əsasında, səs üsulu ilə yazılmış ilk kitabını nəşr etdirdi. Bu, 1882-ci ildə işıq üzü görmüş "Vətən dili" kitabının birinci hissəsidir. Sonrakı illərdə yenidən nəşr olunan bu kitabdan Azərbaycan ziyalılarının bütöv bir nəsli dərs almışdır. Mütəxəssislər deyirdi ki, Uşinskinin "Rodnoe slovo" dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin "Vətən dili" dərsliyi də azərbaycanlılar üçün bir o qədər əhəmiyyətlidir.

* O, 14 il Azərbaycan şöbəsinin inspektoru olmuş və şöbəyə rəhbərlik etdiyi müddətdə seminariyanı 176 nəfər bitirmişdir. Çernyayevski "Vətən dili" dərslikləri ilə Şərq xalqları arasında səs metodu əsasında ibtidai siniflər üçün dərslik hazırlayıb çap etdirən ilk müəllimdir. Bundan başqa Aleksey Osipoviç xalq məktəbləri və orada tərbiyə məsələlərinin yenidən qurulması ilə əlaqədar "Qafqaz" qəzetində silsilə məqalələrlə çıxış edirdi.

* "Vətən dili" dərsliyi təkcə dərslik tarixində deyil, həm də Azərbaycanın kitab nəşri tarixində əlamətdar hadisə olub.

*"Vətən dili" kitabının ikinci hissəsini A.O.Çernyayevski 1888-ci ildə seminariyanın ilk məzunlarından olan və təhsilini başa vurduğu il seminariyada müəllim kimi saxlanılan Səfərəli bəy Vəlibəyovla birlikdə yazmışdır. Kitabın müqəddiməsində qeyd olunur: "Vətən dili" adlanan kitabçanın birinci qismi təyin olunmuşdur. Cənubi Qafqaz türklərinin mübtədi məktəblərində əvvəlinci il təlim verməkdən ötrü. Çünki 1881-ci il yanvar ayının 26-da Qafqaz canişininin təsdiq elədiyi təlimi-düstür əməlinə görə Qafqaz əhalisinin mübtədi məktəblərində təlim-tərbiyə hər tayfanın öz dilində keçirilir".

*40 ilə yaxın bir dövrdə əsas dərs vəsaiti olan "Vətən dili" kitabının II hissəsi də uşaqların başa düşəcəyi dildə yazılmışdı. Kitabda hekayə, təmsil, şeir, tapmaca, hətta yanıltmaclar da öz əksini tapmışdı. Hər dərs bir başlıq altında verilmişdi. Bu dərslərin hamısı ibtidai sinif şagirdlərinin təxəyyülünün formalaşmasına yönəldilirdi. Həyatı əks etdirən bütün nəsnələr haqqında danışılır və uşaqlara ibrətamiz şəkildə çatdırılırdı. İnsana məhəbbət, təbiətə və heyvanat aləminə münasibət, coğrafi aləmə səyahət və başqa sahələr müəlliflər tərəfindən orijinal şəkildə seçilib işlənmişdir.

*Kitabın hər iki hissəsinin tərtibində yaxından iştirak edənlərdən biri də dövrünün görkəmli maarifçisi və müəllimi Həsənəli Xan Qaradaği olub. Bu kitablarda onun 11 tərcümə, 23 nəzm əsəri özünə yer tapıb. O, ana dili dərsliyinə daxil etmək üçün əvvəlcədən uşaq şeir və hekayələri yazıb hazırlamağı öz öhdəsinə götürmüşdü.

*1893-cü ildə Azərbaycan şöbəsinin ikinci sinif şagirdi Səfərəli bəy Vəlibəyovun bacısı oğlu Süleyman Axundov tapança ilə özünü öldürmək istəmiş, lakin sağ qalmışdı. Bu qalmaqalla bağlı Çernyayevskini çox əziyyətə salır, təqsirli onu görürdülər.



*Müxtəlif polis idarələrinə izahat və arayışlar yazmalı olan Çernyayevski yaxşı başa düşürdi ki, əsas məsələ seminariya direktorunun onun vəzifəsindən getməsi arzusudur. Beləliklə, 1893-cü ildə yorğunluğunu səbəb gətirərək o istefa ərizəsi yazır və Tiflisə köçür. Bir ildən sonra isə, 1894-cü ilin dekabrın 14-də əlli beş yaşında vəfat edir.

*Tələbələrindən Rəşid bəy Əfəndiyev A.Osipoviçin vəfatı münasibəti ilə yazdığı xatirəsində qeyd edirdi ki, “mərasimdə o qədər Azərbaycanlı iştirak edirdi ki, dəfn olunanın rus və Azərbaycanlı olmasını təyin etmək mümkün deyildi”.
Yüklə 11,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin