Almaniyanın daxili və beynəlxalq vəziyyəti


müqaviləsinin hazırlanması zamanı kömək etmişdi



Yüklə 29,03 Kb.
səhifə2/2
tarix09.10.2022
ölçüsü29,03 Kb.
#64773
1   2
Almaniyanın daxili və beynəlxalq vəziyyəti

müqaviləsinin hazırlanması zamanı kömək etmişdi.
Xalq Müvəkkilləri Şurası ölkənin böhrandan çıxmasını və sosial-etiraz hərakatının zəifləməsinə çalışırdı. Noyabrın 12-də hökümət fəaliyyət proqramını elan etdi. Proqramda deyilirdi ki, XMŞ-sının əsas məqsədi ölkədə sosializm cəmiyyətinin qurulmasıdır. Almaniya sosial respublika elan olundu, hərbi vəziyyət ləğv edildi, siyasi məhbuslara bəraət verildi, zəhmətkeşlərə söz, mətbuat, yığıncaq azadlığı verildi, 8 saatlıq iş günü tətbiq edildi. Hökümət seçki islahatının və Müəssislər Məclisinə seçkilərin keçiriləcəyini vəd etdi. 1918-ci ilin noyabrın 15-də hökümət sahibkarlarla həmkarlar ittifaqları arasında imzalanmış əməkdaşlıq haqqında sazişi təsdiq etdi. Sazişə görə həmkarlar ittifaqlarına fəhlələrin nümayəndəsi kimi kollektiv müqavilələri imzalamaq hüququ verildi. Lakin hökümət əsaslı sosial-iqtisadi dəyişikliklər həyata keçirmək istəmirdi. Hökümət burjuaziyanı və mülkədarları əmin etdi ki, xüsusi mülkiyyət ləğv edilməyəcək. Hökümətlə ordunun rəhbərliyi arasında inqilabi hərakata qarşı birgə mübarizə haqqında gizli saziş imzalandı. XMŞ-sı fəhlələrin qırmızı qvardiya dəstələri yaratmasını qadağan etdi. Hökümət fəhlə və əsgər deputatları sovetlərinin fəaliyyətini məhdudlaşdırmağa çalışırdı.
Xalq Müvəkkiləri Şurasının fəaliyyəti “Spartak” qrupunu təmin etmirdi. Qrupun rəhbərləri radikal islahatlar keçirilməsini və hakimiyyətin sovetlərə verilməsini tələb edirdilər. Onlar deyirdilər ki, xalqın başlıca tələbləri ödənilməyib və ölkədə sosialist inqilabı zəruridir. “Spartak” qrupu Müəssislər Məclisinin əleyhinə təbliğat aparır və ümumalman sovetlər qurultayının çağırılmasını tələb edirdi. XMŞ isə Müəssislər Məclisinin çağırılmasına tərəfdar idi.
Almaniyada siyasi həyatın əsas məsələsi hakimiyyətin sovetlərə verilməsi və ya Müəssislər Məclisinin çağırılması idi. Bu məsələ 1918-ci ilin 16-21 dekabrında keçirilmiş birinci ümumalman sovetlər qurultayında müzakirə edildi. Qurultaya seçilmiş 489 nümayəndənin 289-u SDP-ni təmsil edirdi. “Spartak” qrupu qurultayda 10 nümayəndə ilə təmsil olunmuşdu. Sovetlər qurultayı Müəssislər Məclisinin çağırılması haqqında qərar qəbul etdi. Müəssislər Məclisinə seçkilər 1919-cu ilin yanvarın 19-da keçirilməli idi. Beləliklə, qurultay ölkədə hakimiyyətin sovetlərə verilməsi haqqında qərar qəbul etmədi. Sovetlər qurultayının qərarları Almaniyada inqilabın və siyasi proseslərin inkişafına böyük təsir göstərdi.
Müəssislər Məclisi Almaniyanın inkişafının əsas istiqamətlərini və dövlət quruluşunu müəyyənləşdirməli idi. Ona görə Məclisə seçkilər ölkədə siyasi həyatın fəallaşmasına, partiya-siyasi mübarizənin güclənməsinə səbəb oldu. Partiyalar ölkənin formalaşmaqda olan yeni siyasi sistemində imkanlarına uyğun yer tutmağa çalışırdlar. Sahibkarların və torpaq sahiblərinin mənafeyini təmsil edən partiyalar ölkədə yaranmış yeni şəraitə uyğunlaşaraq öz proqramlarında dəyişikliklər etdilər. Ilk növbədə həmin partiyaların adları dəyişdirildi. Milli-liberal Partiyasının bir hissəsi Almaniya Demokrat Partiyası, digər hissəsi isə Almaniya Xalq Partiyası adı ilə öz fəaliyyətini davam etdirdi. Mühafizəkarlar Partiyası Almaniya Milli Xalq Partiyasına çevrildi. Mərkəz Partiyası ali ruhanilərin, iri inhisarların və mülkədarların mənafeyini təmsil edirdi. Burjua partiyaları respublika quruluşunu tanimağa və hökümətlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər.
Spartak” qrupu MSDP-dən ayrıldı. 1918-ci ilin dekabrın 30-da Almaniya Kommunist Partiyası məhz “Spartak” qrupunun bazasında yaradıldı. Ölkədə proletariat diktaturasının qurulması Kommunist Partiyasının əsas məqsədi idi. AKP bildirdi ki, Müəssislər Məclisinə seçkilərdə iştirak etməyəcək. 1918-ci ilin dekabrında müstəqil sosialistlər hökümətin tərkibindən çıxdı. Kommunist partiyasının yaranması burjuaziyanı və SDP-ni narahat edirdi. Hökümət AKP-ni ləğv etmək və inqilabın qarşısını almaq üçün plan hazırlamışdı. SDP-nin üzvü Noske XMŞ-nın tərkibinə daxil və qoşunların komandanı təyin edildi. 1919-cu ilin yanvarın əvvəlində Berlinin polis rəisi Eyxqornun vəzifədən çıxarılmasına etiraz edən paytaxt fəhlələrinin nümayişi keçirildi. Yanvarın 5-6-da Berlində 500 min zəhmətkeşin “Rədd olsun Ebert-Şeydeman höküməti” şuarı ilə nümayişi oldu. Yanvarın 6-da şəhərdə ümumi tətil və üsyan başlandı. Mübarizəyə başçılıq edən Fəaliyyət komitəsinə MSDP-nin və AKP-nin nümayəndələri daxil idi. Almaniyanın bir neçə şəhərində Berlin proletariatı ilə həmrəylik nümayişləri keçirildi. Kommunist Partiyası yaranmış şəraitdən istifadə edib hakimiyyəti ələ keçirməyə çalışırdı. Lakin AKP məqsədinə nail olmadı, çünki imkanları və fəhlələr içərisində nüfüzu zəif idi. Hökümət qoşunları qısa müddətdə Berlində üsyanı yatırdı. 1919-cu ilin yanvarın 15-də “Spartak” qrupunun rəhbərləri K.Libknext və R.Lüksemburq həbs və edam olundu. Kommunist Partiyası gizli iş şəraitinə keçməli oldu.
1919-cu ilin yanvarın 19-da Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkidə burjua partiyaları 54,5% səs topladılar. Seçicilərin qalan hissəsi SDP-nin və MSDP-nin namizədlərinə səs vermişdi. Müəssislər Məclisi 1919-cu il fevralın 6-da Turingiyada yerləşən kiçik Veymar şəhərində işə başladı. Məclisin əsas vəzifəsi Almaniyanın yeni konstitusiyasını hazırlamaya cəhd idi. Fevralın 11-də Müəssislər Məclisi SDP-nin sədri F.Eberti respublikanın prezidentii seçdi. Ölkə daxilində böhranı və Antanta ilə ağır şərtləri olan sülh müqaviləsi bağlamağın zəruriliyini nəzərə alan burjua partiyaları birpartiyalı hökümət yaratmadılar. Fevralın 13-də sosial-demokratlardan, ADP və Mərkəz Partiyasının nümayəndələrindən təşkil edilmiş hökümətə (Veymar koalisiyası) SDP-nin sədri F.Şeydeman başçılıq etdi.
Müəssislər Məclisi çətin şəraitdə fəaliyyət ğöstərmişdi. Bir tərəfdən, birinci dünya müharibəsində məğlub olmuş tərəf kimi Antanta dövlətləri ilə sülh müqaviləsi imzalamaq lazım idi. Digər tərəfədən, ölkədə siyasi vəziyyət sabit deyildi. Sol qüvvələr hələ də sosialist inqilabının qələbəsinin mümkünlüyünə inanırdılar. Ölkənin bir sıra vilayətlərində Sovet respublikaları elan olunmuşdu. Lakin 1919-cu ildə sinfi mübarizə hakimiyyət məsələsinə ciddi təsir göstərmədi. Bavariya Sovet Respublikasının məğlubiyyəti onu təsdiq edir. Bavariya Sovet Respublikası 1919-cu ilin aprelin 7-də elan edildi və hökumətin oraya 100 min nəfərlik ordu göndərməsindən sonra mayın 1-də öz fəaliyyətini dayandırdı.
1919-cu ilin iyunun 28-də Almaniya ilə Antanta arasında Versal müqaviləsi imzalandı. Müqaviləyə görə təzminatın miqdarı dəqiq müəyyən edilənə qədər Almaniya 20 milyard marka təzminat ödəməli,1600 tondan artıq su tutumu olan gəmilərin yarısını müttəfiqlərə verməli və müttəfiqlər üçün ticarət gəmiləri inşa etməli idi. Almaniya gələcəkdə müttəfiqlərin təzminatın ümumi məbləgi haqqında qərarını qəbul etməli idi. Müqavilə ilə qaliblərə ölkədə müxtəlif ticarət imtiyazları və Almaniya təsərrüfatına kapital qoymaq hüququ verildi. Almaniyadan bütün müstəmləkələri və Avropadakı ərazisinin bir hissəsi alındı. Saar vilayəti 15 il müddətinə Millətlər Cəmiyyətinin idarəsi altına keçdi, kömür mədənləri isə Fransaya verildi. Versal müqaviləsi 15 il müddətinə Qərbi Almaniyanın bəzi rayonlarının işgal edilməsini nəzərdə tuturdu. Müqaviləyə əsasən Almaniyaya 100 min əsgər və zabitdən ibarət ordu (reyxsver) saxlamağa icazə verilirdi. Ümumi əsgəri mükəlləfiyyət ləğv edildi, Almaniya ordusunun baş qərargahı buraxıldı. 1919-cu il iyulun 9-da Versal müqaviləsi Müəssislər Məclisi tərəfindən təsdiq edildi.
Müəssislər məclisi 1919-cu il iyulun 31-də Veymarda Almaniyanın konstitusiyasını qəbul etdi ki, bu həm də Veymar konstitusiyası adlanır. Konstitusiya 1919-cu ilin avqustun 11-də qüvvəyə mindi. Konstitusiya söz, yığıncaq, ittifaq və mətbuat azadlığını, azad və gizli səsvermə hüququnu və hamının qanun qarşısında bərabər olmasını elan etdi. 20 yaşlı qadın və kişilərə seçki hüququ verildi. Kilsə dövlətdən ayrıldı. Birinci maddədə “dövlət hakimiyyətinin xalqdan yarandığı” elan edilirdi. Konstitusiyaya görə dövlətin başçısı prezident idi. Prezident ümumi səsvermə əsasında 7 il müddətinə seçilirdi. Kansleri və hökumət üzvlərini təyin edən prezident həm də silahlı qüvvələrin baş komandanı idi. Prezident reyxstaqı buraxmaq və yeni seçkilər təyin etmək hüququna malik idi. 48-ci maddəyə görə ictimai asayiş üçün təhlükə zamanı prezident konstitusiyanın fəaliyyətini dayandırmaq hüququna malik idi. Veymar konstitusiyasına əsasən Almaniyanın muxtar dövlətlərə-torpaqlara bölgüsü saxlanılmışdı. Konstitusiyaya görə qanunverici hakimiyyət reyxstaqa və torpaqların landtaqlarına məxsus idi. Reyxstaq 4 il müddətinə seçilirdi. Torpaqlar öz hökumətini təşkil etməli idi. Almaniya 18 torpağa bölündü. Parlament aşağı palatadan (reyxstaq) və respublikaya daxil olan torpaqların nümayəndələrindən təşkil edilmiş yuxarı palatadan (reyxstrat) ibarət idi. Nəzarətçi orqan olan reyxstrat veto hüququna malik idi. Reyxstratın 68 deputatından 27-si Prussiya təmsilçisi idi. Qanunla istehsal vasitələri üzərində xüsusi mülkiyyətə icazə verilirdi. Veymar konstitusiyası Almaniyada dövlət quruluşunun dəyişməsini, yəni, monarxiyanın respublika ilə əvəz olunmasını təsdiq etdi. Ölkədə yunkerlərin mövqeləri zəiflədi və hakimiyyət burjuaziyanın əlinə keçdi.
İnqilab burjuaziyanı öz qüvvələrini birləşdirməyə məcbur etdi. 1919-cu ilin fevralında Almaniya Sənayesinin İmperiya İttifaqı və Sahibkar İttifaqları Birliyi yaradıldı. Burjua partiyaları arasında ziddiyyətlər arxa plana keçdi. İnqlabdan sonra ölkədə imkanlı təbəqələrin ayrılması prosesi sürətləndi və iki mövqe müəyyənləşdi: monarxiya və respublika tərəfdarları. Birinci mövqenin tərəfdarları monarxiyanın bərpasını, SDP ilə əməkdaşlığın kəsilməsini, inqilab dövründə fəhlələrə edilmiş sosial güzəştlərin ləğvini və “fəlakət siyasəti” (Versal müqaviləsinə əməl edilməməsi) həyata keçirilməsini tələb edirdilər. İkinci mövqenin tərəfdarları respublikanı, fəhlələrin sosial nailiyyətlərini müdafiə etməklə yanaşı, Versal müqaviləsinə əməl olunmasını tələb və yalnız bu yolla Almaniyanın iqtisadi və hərbi potensialının bərpasını mümkün hesab edirdilər.
Müharibədən sonrakı illərdə Almaniyanın iqtisadi vəziyyəti ağır idi, iqtisadiyyatın hərbi relsdən dinc relsə keçirilməsi prosesi ləng həyata keçirilirdi. 1922-ci ildə sənaye məhsulu istehsalının həcmi müharibədən əvvəlkinin 60%-nə bərabər idi. Kənd təsərrüfatı böhran keçirirdi. Məhsuldarlıq azalmış, ərzaq məhsullarının qiyməti və inflyasiya artmışdı. 1914-cü ildə 1 dollar 4,2 markaya, 1922-ci ilin sonunda isə 400 markaya bərabər idi. Daxili və xarici ticarətin həcmi azalmışdı. İnhisarlar iqtisadi çətinliklərdən və maliyyə böhranından istifadə edib sərvətini artırırdı. Agır sənaye maqnatı Stinnesin sərvəti 10 milyard marka dəyərində idi. Onun başçılıq etdiyi konserndə 1923-cü ildə üç min müəssisə birləşmişdi. Inhisarlar ölkənin daxili və xarici siyasətinə böyük təsir göstərirdi. 1922-ci ildə Almaniyada 1000 inhisar var idi. Almaniyada inhisarın əsas forması kartellər idi.
İnflyasiya sənayedə və kənd təsərrüfatında xırda və orta sahibkarlara borclarını ödəməyə kömək etdi. Müharibənin və inflyasiyanın ağır nəticələrindən ilk növbədə təqaüdçülər və büdcədən maliyyələşdirilənlər əziyyət çəkirdilər. 1920-1922-ci illərdə onların əmək haqqı yaşayış minimumunun 50-% -ni ödəyirdi, 1923-cü ildə bu göstərici daha da azalmışdı. Əhalinin əksəriyyəti aclıq içində yaşayırdı. Belə vəziyyətdə onların bir qismi ruhdan düşmüş, digər qismi isə yoxsulluğun səbəbləri haqqında düşünür və sosial-siyasi mübarizəyə qoşulurdu. Fəhlələrin və dövlət qulluqçularının sayı 22 milyon nəfər idi ki, bu əmək qabiliyyətli əhalinin 60%-ni təşkil edirdi. Almaniyanın siyasi həyatına onların təsiri tədricən artırdı.
1920-ci ildə SDP-nin 1 milyon nəfər üzvü var idi, o, fəhlə sinfinin əsas partiyası idi. SDP rəhbərliyi burjuaziya ilə əməkdaşlıq tərəfdarı idi. 1920-ci ildə MSDP parçalandı, 1922-ci ildə onun üzvlərinin əksəriyyəti SDP-yə daxil oldu. Bu partiya mərkəzçi və inqilabi mübarizənin əleyhinə idi. 1919-1923-cü illərdəki iqtisadi böhran ölkədə daxili vəziyyətə böyük təsir göstərmişdi. Almaniyada hökumətlər tez-tez dəyişirdi. 1919-cu ilin iyununda təşkil edilmiş O.Bauer hökuməti bir il fəaliyyət göstərdi. 1920-ci ilin iyununda reyxstaqa keçirilən ilk seçkilərdən sonra Mərkəz Partiyasından olan K.Ferenbax başda olmaqla hökumət təşkil edildi. K.Ferenbax hökumətinə AXP, ADP və Mərkəz partiyasının nümayəndələri daxil idi. Bu hökumət bir il fəaliyyət göstərdi. 1920-ci ildə Rexstaqa Kommunist Partiyasından iki deputat ______.
Iqtisadi və siyasi xarakterli çətinliklər, tez-tez baş verən hökumət dəyişiklikləri Veymar respublikasını qəbul etməyən, onun iqtisadi və siyasi sistemindən narazı qalan sosial təbəqələrdə Veymar respublikasının devrilməsinə ümid yaratdı. Mühafizəkar və hərbiçi qüvvələr xalqın milli hisslərinə təsir göstərmək üçün bəyan edirdilər ki, alman millətinin təhqir olunmasına görə kommunistlər məsuliyyət daşıyır. AKP bu dövrdə vahid fəhlə cəbhəsi yaratmaq uğrunda mübarizə aparır və Almaniyada sosialist inqilabının qələbəsinə inanırdı.
Müharibədən sonrakı illərdə Almaniyada könüllülük prinsipi əsasında çoxlu hərbi təşkilat və birləşmələr yaradılmışdı. Bu təşkilatlara zabitlər, tərxis edilmiş əsgərlər, qolçomaqlar və tələbələr daxil idi. Hökumətin Almaniya ordusunu Versal müqaviləsinin müəyyən etdiyi miqdaradək ixtisar edəcəyindən narahat olan zabitlər sosial-demokratları hakimiyyətdən kənarlaşdırıb hərbi diktatura yaratmağı, sonra isə monarxiyanı bərpa edərək Antantanı Versal müqaviləsinin pozulması kimi bir fakt qarşısında qoymağı qərara almış və qiyam hazırlamışdı. Qiyama generallardan Lüdendorf və Lutvits başçılıq edirdilər. Hökumətə iri mülkədar Kapp başçılıq etməli idi. Iri burjuaziya və yunkerlərin bir hissəsi qiyamçıları müdafiə edirdi. Berlinə gizli şəkildə hərbi qüvvələr gətirildi. 1920-ci il martın 10-da Lütvits hökumətə Müəssislər Məclisinin buraxılmasını, yeni prezident seçkilərinin keçirilməsini və reyxsverin ixtisar edilməməsini tələb edən ultimatum göndərdi. Prezident F.Ebert və konsler O.Bauer qiyamçıların ultimatumunu qəbul etmədi. SDP-nin rəhbərliyi ölkədə hərbi diktatura qurulmasını və monarxiyanın bərpa edilməsini istəmirdi. Lakin onlar qiyamın qarşısını almağa cəhd etmədilər.
1920-ci ilin martın 12-dən 13-nə keçən gecə qiyamçılar paytaxtda hökumət binalarını ələ keçirdilər. Prezident və hökumət Ştutqarta köçdü. Kapp Berlində hakimiyyəti ələ keçirdi. Orduya qiyamçılar əleyhinə çıxış etmək üçün verilən əmrə cavab olaraq müdafiə naziri fon Sekt bildirdi ki, “reyxsver reyxsverə qarşı döyüşmür”. Ölkənin fəhlələri yekdilliklə monarxiyanın bərpasına yönəlmiş qiyama qarşı çıxdı. Ümumi tətil başlandı, tətildə 12 milyon zəhmətkeş iştirak etdi. Fəhlələrə kommunistlər və sosial-demokratlar rəhbərlik edirdilər. Bir sıra yerlərdə fəhlələr silahlanmışdı. Reyn vilayətində və Vestfaliyada kommunistlər hərbi hissələr yaratmışdı. Ümumi tətilin və silahlı üsyanların gedişində fəhlələr qiyamçıları məğlub etdilər. Qiyam iflasa uğradı, Kapp isə İsveçə qaçdı. 1920-ci il martın 17-də hökumət Berlinə qayıtdı və tətilin dayandırılmasını elan etdi. Fəhlə dəstələri silahlarını təhvil vermədiklərinə görə, hökumət Rura 20 minlik qoşun göndərdi və fəhlələrin çıxışları yatırıldı. Hökumət qiyamçıları cəzalandırmadı, könüllü hissələr isə saxlanıldı.
1921-ci ilin martında Kommunist Partiyasının çağırışı ilə fəhlələrin tətili başlandı. Qısa müddətdə tətil Almaniyanın bütün mərkəzi rayonlarını əhatə etdi. Bir sıra yerlərdə tətilçilərlə polis arasında silahlı toqquşmalar oldu. Kommunistlərin çağırışı ilə Berlində, Hamburqda və digər şəhərlərdə həmrəylik hərakatı başlandı. SDP fəhlə çıxışlarını pislədi və öz üzvlərini bu hərəkatda iştirak etməməyə çağırdı. Prezident F.Ebert Saksoniyada fövqəladə vəziyyət elan edib oraya qoşun göndərdi. Aprelin 1-də silahlı fəhlələr müqaviməti dayandırdı, 6 min tətil iştirakçısı həbs olundu. Fəhlələrin məğlubiyyəti həm də KP-nin səhvləri ilə bağlı idi. Ona görə kommunistlərin fəhlələrə təsiri zəiflədi.
1921-ci ilin mayında təzminat komissiyası Almaniyadan alınacaq təzminatın miqdarını 126,5 milyard marka müəyyən etdi. K.Ferenbax hökuməti bu qərarla razılaşmayıb istefaya çıxdı. 1921-ci ilin iyununda yaradılmış İ.Virt (Mərkəz Partiyasının lideri) hökuməti təzminatı ödəməyə hazır olduğunu bildirdi. Əks halda Antanta dövlətləri Almaniyanı Rur vilayətinin işğalı ilə hədələyirdilər. 1919-1923-cü illərdə Almaniya 8 milyard marka təzminat ödəmişdi. Təzminat məsələsində İ.Virt hökumətinin siyasəti qalib dövlətlər arasındakı ziddiyyətlərdən istifadə etməyə yönəlmişdi.
Almaniyada hakim dairələrin bir qismi “Şərq siyasətində” dəyişiklik edilməsini, Sovet Rusiyasına qarşı düşmənçiliyi dayandırmağı və onunla əməkdaşlıq etməyi təklif edirdi. 1921-ci ilin mayın 6-da Almaniya ilə Sovet Rusiyası arasında ticarət müqaviləsi imzalandı. Sovet Rusiyası ilə əməkdaşlıq Almaniyanın iqtisadi vəziyyətini yaxşılaşdırmalı, beynəlxalq mövqelərini möhkəmləndirməli və Antanta ölkələrindən asılılığını azaltmalı idi. 1922-ci ilin aprelin 16-da Rapolloda Sovet Rusiyası ilə Almaniya arasında müqavilə imzalandı. Müqavilə diplomatik münasibətlər yaradılmasını, qarşılıqlı iddialardan imtina edilməsini və idxal gömrüyünün azaldılmasını nəzərdə tuturdu. Almaniya Sovet Rusiyasındakı əmlakının milliləşdirilməsi ilə barışdı.
Rapallo müqaviləsi Almaniyanın beynəlxalq vəziyyətini yaxşılaşdırdı, onu mühasirə vəziyyətindən çıxartdı və Sovet Rusiyası ilə iqtisadi əməkdaşlığı üçün əlverişli şərait yaratdı. Lakin İ.Virt hökumətinin siyasəti monarxiya tərəfdarlarının müqaviməti ilə rastlaşdı. 1921-ci ildə Kompyen barışığını imzalamış Mərkəz Partiyasının lideri Ertsberger qətlə yetirilmişdi. 1922-ci ilin iyununda “Konsul” adlı faşist təşkilatından olan terrorçular xarici işlər naziri B.Ratenaunu öldürdülər. Qisas tərəfdarları hökumətdən təzminatın ödənilməsindən imtina etməyi tələb edir və onun ödənilməsinə mane olurdu. İ.Virt hökuməti bu qüvvələrin təzyiqinə dözməyib 1922-ci ilin noyabrında istefa verdi. Onu əvəz edən V.Kuno hökuməti “fəlakət siyasətinin”, yəni, Versal müqaviləsinə əməl etməməyin tərəfdarı idi. Fransa və Belçika Almaniya hökumətinin siyasətindən Rur vilayətinin işğalı üçün bəhanə kimi istifadə etdilər.
1923-cü il yanvarın 10-da Rur vilayəti Fransa-Belçika qoşunları tərəfindən işğal edildi. Almaniya əhalisinin 10%-i bu ərazidə yaşayırdı, ölkədə çuqun və polad istehsalının 50%-i, çıxarılan daş kömürün 72%-i Rur vilayətinin payına düşürdü. Rurun işğalına cavab olaraq V.Kuno hökuməti xarici işğala qarşı “passiv müqavimət” siyasəti həyata keçirməyə başladı. Almaniya təzminat ödəməyi dayandırdı. Işğal olunmuş ərazidə müəssisələr bağlandı, vilayətdə yaşayan əhaliyə vergi ödəmək, işğal orqanlarının sərəncamlarına əməl etmək, yük daşımaq və məktublar göndərmək qadağan edildi. Mətbuat əhalini “irsi düşmənə” qarşı mübarizəyə və həmrəyliyə çağırırdı. Rur sənayeçiləri “passiv müqavimət” əvəzində dövlətdən külli miqdarda maliyyə yardımı, o cümlədən fəhlələrə maaş vermək üçün 360 milyon, istehsal xərclərini ödəmək üçün 250 milyon, əldə edilməmiş mənfəət üçün 715 milyon marka pul almışdılar.
İnflyasiya nəticəsində zəhmətkeşlərin vəziyyəti daha da ağırlaşdı. Kommunist Partiyası vəziyyətdən çıxış yolunu V.Kuno hökumətini inqilab yolu ilə devirməkdə, ölkədə vahid fəhlə cəbhəsi və fəhlə hökuməti yaratmaqda görürdü. SDP və həmkarlar ittifaqlarının rəhbərləri milli həmrəylik və vətəndaş sülhü təbliğ edirdilər. Rurun işğalı və Almaniya hökumətinin siyasəti ölkədə sosial etiraz hərakatının artmasına səbəb oldu. Berlində fəhlələr silahlanır və döyüş dəstələri yaradılırdı. 1923-cü ilin avqustun 11-də başlanmış ümumi tətil hökuməti istefaya çıxmağa məcbur etdi. AXP-nin lideri H.Ştrezemanın başçılığı ilə yaradılmış böyük koalisiya hökumətin SDP, ADP və Mərkəz Partiyasının nümayəndələri daxil idi.
H.Ştrezeman ölkədəki vəziyyəti “hökumətin vulkan üzərində dayanması” kimi səciyyələndirmişdi. Avqustun 14-də SDP-nin müraciəti ilə ümumi tətil dayandırıldı. Lakin fəhlələrin vəziyyəti getdikcə pisləşirdi. Fəhlələrin 60%-i işsiz idi. Orta təbəqələrin maddi vəziyyəti yaxşı deyildi. Bankların fəaliyyəti dayanmışdı. İqtisadi böhranın dərinləşməsi siyasi mübarizənin güclənməsinə səbəb oldu. 1923-cü ilin payızında ölkədə siyasi gərginlik artdı. Sentyabrın 26-da hökumət “passiv müqavimət”in dayandırılması və ölkədə mühasirə vəziyyəti elan olunması haqqında qərar qəbul etdi. Oktyabrın 13-də reyxstaqın qəbul etdiyi qanuna əsasən Ştrezeman hökumətinə ölkənin sosial-iqtisadi və maliyyə problemlərini həll etmək üçün fövqəladə səlahiyyətlər verildi.
1923-cü ilin oktyabrın 10-da Saksoniyada və Turingiyada landtaq tərəfindən yaradılmış hökumətin tərkibinə fəhlələrin tələbi ilə beş sosial-demokrat və iki kommunist daxil edildi. Almaniya hökuməti Saksoniyaya 60 min nəfərlik qoşun göndərdi. Oktyabrın 21-də qoşunlar Leyptsiqə daxil oldu və prezident F.Ebert Saksoniya və Turinqiya hökumətlərinin buraxılmasını elan etdi. KP-nin rəhbərliyi hesab edirdi ki, ölkə inqilabı böhran keçirir və yaranmış şəraitdən istifadə edib hakimiyyəti ələ keçirmək olar. Beynəlxalq kommunist hərəkatına rəhbərlik edən Kommunist Beynəlmiləli (1919-cu ildə yaradılmışdı) payızda Almaniyada inqilabın baş verəcəyini ehtimal edirdi. Hamburq kommunistləri E.Telman başda olmaqla 1923-cü il oktyabrın 23-də silahlı çevriliş etməyə cəhd göstərdilər. E. Telman “Sovet ölkəsi ilə ittifaqda olan fəhlə-kəndli respublikası” yaratmaq fikrində idi. Bu planı fəhlələrin əksəriyyətini öz ətrafında birləşdirən SDP və KP rəhbərlərinin bir qismi bəyənmədi. Onlar deyirdilər ki, Almaniya Veymar konstitusiyası əsasında demokratiya yolu ilə inkişaf edir. Digər tərəfdən, Almaniyanin beynəlxalq vəziyyəti möhkəm deyildi və ölkənin daxilində radikal dəyişikliklər Antanta dövlətlərinin narazılığına,onların hərbi müdaxiləsinə səbəb olardı. Fikir ayrılığı Hamburq kommunistlərinin qərarına təsir etmədi və onlar oktyabrın 23-də səhər tezdən 17 polis məntəqəsini ələ keçirib silahlandılar. Şəhərdə barrikadalar quruldu. Sol radikalların zəifliyi, tərəfdarlarının azlıgı, çıxışın lokal xarakteri və hökümətin ordudan istifadə etməsi nəticəsində silahlı qiyamın qarşısı alındı. Oktyabrın 24-də reyxsver hissələrinin şəhərə gətirilməsindən sonra üsyançılar müqavimət göstərə bilmədilər və mübarizəni dayandırdılar.
Kommunistlər təqib edilirdi. 1923-cü il noyabrın 22-də KP-nin fəaliyyəti qadağan edildi. SDP-nin mövqeləri zəiflədi və onun nümayəndələri noyabrın 2-də hökümətin tərkibindən çıxdılar. Burjuaziya ilə əməkdaşlıq SDP-nin nüfuzunu azaltdı və əhali içərisində nüfuzunu bərpa etmək üçün SDP müxalifətə keçdi. Burjuaziya daha SDP ilə əməkdaşlıq etmək istəmirdi.
Daxili siyasi vəziyyət millətçi qüvvələrin fəallaşmasına şərait yaratdı. Onların yaratdığı təşkilatlara zabitlər, məmurlar, qolçomaqlar, yunkerlər və qeyri-sabitliyə son qoymaq üçün diktatura qurulmasının tərəfdarı olan xırda burjuaziyanın böyük hissəsi daxil idi. Bu təşkilatlar içərisində əsas yeri 1919-cu ildə Münhendə yaradılmış Almaniya Fəhlə Partiyası tuturdu. Bu partiyada faşist dəstələri birləşmişdi. 1920-ci ildə Almaniya ordusunun yefreytoru və uzun müddət gizli polis agenti olmuş A.Hitler Fəhlə Partiyasının başçısı oldu. 1920-ci ilin fevralında faşist partiyası Milli Sosialist Fəhlə Partiyası adlandırıldı və onun proqramı qəbul edildi.Proqramda əsas ideya Böyük Almaniyanın yaradılması idi. Almaniyanın beynəlxalq mövqelərinin zəifliyinin səbəbini millətçi sosialistlər Versal müqaviləsində görür və ədalətsiz müqavilə kimi onun ləğvini tələb edirdilər. Almaniyada qeyri-sabit daxili siyasi vəziyyətin səbəbini millətçi sosialistlər kommunistlərin və digər radikal qüvvələrin dövləti sarsıdan fəaliyyətində, hakim partiyaların zəifliyində və qətiyyətsizliyində görürdülər. Vəziyyətdən çıxış yolu kimi millətçi sosialistlər diktatura rejimi qurmağı və Versal müqaviləsini ləğv edib müharibə yolu ilə dünyada Almaniyanın hökmranlığının təmin olunmasını təklif edirdilər. 1921-ci ildə MSFP-nin üzvü olan kapitan E.Rem SA (hücum) dəstələri yaratmışdı.
Rurun işğalı və kommunistlərin fəallığı millətçi sosialistlərin qəzəbinə səbəb olmuşdu. A.Hitler general Lüdendorfla birlikdə hökumətə qarşı çıxdı. 1923-cü ilin noyabrın 8-də Münhen pivəxanalarından birində (“Burgerbroy”) millətçi sosialistlər hökumətin və prezidentin hakimiyyətdən salındığını və A.Hitlerin diktator təyin olunduğunu elan etdilər. Lakin çevriliş baş tutmadı. Noyabrın 9-da Bavariya hökumətinin qərarı ilə A.Hitler və Lüdendorf həbs edildi, MSFP isə buraxıldı. “Pivə qiyamı” adlı çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğradı. Faşistlərin ölkədə mövqeləri möhkəm deyildi və partiyanın sosial bazası zəif idi. Almaniyanın hakim dairələri, iri sənaye və maliyyə kapitalının nümayəndələri hesab edirdilər ki, hələ diktaturaya ehtiyac yoxdur, parlament demokratiyası şəraitində ölkəni idarə etmək və böhrandan çıxarmaq mümkündür. Ölkənin hakim dairələri millətçi sosialistlərin Versal müqaviləsini ləğv etmək şüarını ölkə üçün təhlükəli hesab edir və başa düşürdülər ki, Versal müqaviləsinin ləğvi Antanta dövlətləri tərəfindən yaxşı qarşılanmayacaq və onların Almaniyaya təzyiqi artacaq. Təbii ki, belə vəziyyət burjuaziyanın iqtisadi və hərbi cəhətdən zəif olan Almaniyanın potensialını bərpa edib onu yenidən böyük dövlətə çevirmək iddialarına uyğun deyildi. 1924-cü ildə A.Hitler beşillik həbs cəzasına məhkum olundu, amma altı aydan sonra buraxıldı. Lüdendorf bəraət aldı və bir daha hökumətə qarşı çıxış etməyəcəyini bildirdi. 1923-cü ilin noyabrında siyasi böhran hökumətin istefası ilə nəticələndi. Dekabrın əvvəlində Mərkəz Partiyasının lideri V.Marksın başçılığı altında yeni hökumət təşkil olundu. Bu hökumətə sosial-demokratlar daxil deyildi. Hökumət fövqəladə səlahiyyətlərdən istifadə edib ölkədə sabitlik yaratmaq üçün bir sıra tədbirlər həyata keçirtdi.
Yüklə 29,03 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin