İlkin proqramın kompyuter dilinə çevrilməsi və sazlanması. Kompyuter yalnız “öz” dilində ifadə olunan proqramı icra edir. Kompyuterin “öz” dili isə əmrlərdən təşkil olunur. Kompyuter dilində proqram isə alqoritmə uyğun olaraq yazılmış əmrlər ardıcıllığıdır. Bu mərhələdə proqramlaşdırma dilində yazılmış ilkin proqram kompyuter dilinə çevrilir. Bu iş translyator adlanan proqram vasitəsilə yerinə yetirilir. Bu zaman ilkin proqramda buraxılmış morfoloji və sintaksis səhvlər aşkar edilib proqramçıya çatdırılır. Səhvlər aradan qaldırıldıqdan sonra tərcümə prosesi davam etdirilir və kompyuter dilində proqram alınır. Bu proqrama mütləq və ya işçi proqram deyilir. Sonra işçi proqramın düzgün işləməsini yoxlamaq məqsədi ilə yoxlama misalında o, sınaqdan keçirilir. Proqramdakı məntiqi səhvlərin aşkarlanıb aradan qaldırılması prosesinə proqramın sazlanması deyilir.
İşçi proqramın icrası, nəticələrin alınması və təhlili. Proqram sazlandıqdan sonra ondan tətbiqi məsələnin həlli üçün istifadə etmək olar. Bu zaman proqram müxtəlif ilkin verilənlər dəsti üçün bir neçə dəfə icra olunur. Alınmış nəticələr mütəxəssis və ya məsələni qoyan istifadəçi tərəfindən təhlil olunur. Əgər təhlil prosesində nəticələr istifadəçini təmin etmirsə, o, yeni tələblərini qoya bilər və ya əvvəlki tələblərdə dəyişiklik edə bilər. Bu halda yeni tələblərin xarakterindən asılı olaraq məsələnin qoyuluşunda, alqoritmdə və ya proqramda müəyyən dəyişikliklər edilir.