ÖN SÖZ
Teymur Qəhrəman oğlu Cəbrayılov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini
Bakı şəhərinin ibtidai musiqi məktəbində, daha sonra Soltan Hacıbəyov adına Sumqayıt musiqi kollecində
tanınmış xormeyster Fazil Əliyevin sinfində davam etdirmişdir. Musiqi sənətini özünə həyat yolu seçmiş
gənc Teymur Cəbrayılov təhsilini daha da təkmilləşdirmək məqsədilə 1983-cü ildə Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuş və o zamanın görkəmli xor
sənətçisi, Respublikanın əməkdar incəsənət xadimi, professor Eduard Novruzovun sinfinə təyin edilmişdir.
Fitri istedada malik olan gənc musiqiçinin bir dirijor kimi inkişafı özünün tam təzahürünü məhz tələbəlik
illərində tapır. Dirijorluq texnikasının bütün incəliklərinə dərindən yiyələnən Teymur Cəbrayılov həmin
dövrdən başlayaraq bir çox musiqi əsərlərinin xor üçün aranjiman edilməsi ilə məşğul olmağa başlayır. İndi
T.Cəbrayılov bir xormeyster kimi artıq sənət aləmində öz sözünü demişdir. O, bir sənətkar olaraq bu gün
musiqi və incəsənət məktəblərində müəllim vəzifəsində çalışır. T.Cəbrayılov böyük musiqiçi olmaqla yanaşı,
eyni zamanda geniş pedaqoji fəaliyyətlə də məşğuldur. Pedaqoji ustalığı, uşaqlara olan sevgi və məhəbbətinin
nəticəsidir ki, hazırladığı uşaq xor kollektivləri bütün şəhər və Respublika miqyasında keçirilən tədbirlərdə
uğurla çıxış edir, özünəməxsus üslubda ifaçılıq tərzi nümayiş etdirərək ən yüksək nəticələr əldə edir. Onun
bir yetirməsi – İsmayıl Yunusov özünün yüksək ifaçılıq məziyyətlərinə görə Prezident təqaüdünə layiq
görülmüşdür. Məhz belə geniş pedaqoji fəaliyyətinə görə o, 2008–2009-cu tədris ilinin yekun nə ti cə lərinə
əsasən ilin müəllimi adını qazanmışdır.
Teymur Cəbrayılov yorulmadan yaradıcılıqla da məşğul olur. Azərbaycanın zəngin xalq musiqisinə də -
rindən bələd olan Teymur Cəbrayılov bir çox xalq mahnı və rəqslərini xor üçün işləmiş və geniş dinləyici
kütləsinə təqdim etmişdir. “Aman ovçu”, “Ay dili-dili”, “Səndən mənə yar olmaz”, “Qalalıyam”, “Qara qa -
şın vəsməsi”, “Qoy gülüm gəlsin” kimi mahnılar, “Uzundərə”, “Nəlbəki”, “Kintovari”, “Bakı”, “Maralı”,
“Darçını”, “Şalaxo” və s. xalq rəqslərinin aranjimanı məhz onun qələminin məhsuludur.
Teymur Cəbrayılov yaradıcılığında dünya klassik musiqi ədəbiyyatına da dəfələrlə müraciət etmişdir.
Dünya klassikləri sayılan Lüdviq Van Bethovenin “Ay sonatası”, Frans Şubertin “Ave Mariya” əsəri, Vol f -
qanq Amadey Motsartın “Türk marşı”, Montinin “Çardaş”, italyan mahnıları “Camayka”, “Bella çao” və s.
bu kimi əsərlər də Teymur Cəbrayılov tərəfindən xor üçün işlənmişdir.
Öz sənətinin vurğunu olan Teymur Cəbrayılov bir bəstəkar kimi də fəaliyyət göstərərək gözəl xor əsərləri
yaratmışdır. Vətənə, xalqa, ana torpağa olan tükənməz sevgi və ona bağlılıq hissi ilə bəstələnmiş “Ey
Vətən”, “Mənim Bakım”, “Ana və dəniz” (vokaliz ifa üçün), “Müqəddəslər yaşayırlar” (görkəmli oftalmoloq
Zərifə Əli ye vaya həsr olunmuşdur) və digər əsərləri ilə o, doğma Azərbaycanla qırılmaz tellərlə bağlı
olduğunu sübut etmişdir.
Məcmuəyə daxil olunan əsərlər həm professional, həm də təhsil müəssisələrində yaradılmış xor
kollektivlərinin ifası üçün nəzərdə tutulmuşdur. Bu mahnılardan üçü doğma Azərbaycanımızı bütün dünyada
ən yüksək səviyyədə təmsil edən üç böyük şəxsiyyətə ithaf olunmuşdur. Birinci mahnı – “Ürəklərdə
yaşayırsan” həmişəyaşar mərhum Prezidentimiz, ulu öndər Heydər Əliyevə, ikinci mahnı – “El oğlu” onun
siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə, üçüncü mahnı – “Adınla ucal”
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuşdur. Məcmuədə yer alan və dördüncü –
“Şuşam” adlanan mahnı isə vətənimizin ən dilbər guşəsi olan qədim şəhərimizin təsvirinə həsr olunmuş və
görkəmli bəstəkar mərhum Süleyman Ələsgərovun əziz xatirəsinə ithaf olunmuşdur. Hər bir mahnı ecazkar,
həzin, yaddaqalan melodiyası, şəffaf və ahəngdar harmoniyası, dərin məzmunu və parlaq müşayiət partiyası
ilə fərqlənir. Musiqinin bütün ifadə vasitələrindən ustalıqla istifadə edən bəstəkar hər üç obrazın təcəssümünü
və eləcə də doğma Şuşamızın füsunkar təbiətini ən yüksək səviyyədə tərənnüm etməyə nail olmuşdur.
Natiq Vəliyev,
musiqişünas, Respublikanın əməkdar müəllimi
4