ATƏT regional beynəlxalq dövlətiərarası təşkilatdır. Buna görə də, o, yalnız dövlətlərdən ibarətdir. Başqa sözlə, ATƏT-in üzvləri ancaq dövlətlər ola bilər; hal- hazırda ATƏT-in üzvləri sayca 57 dövləti əhatə edir.
Adından da göründüyü kimi, ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Avropa təşkilatıdır. Lakin ATƏT əslində yalnız Avropa təşkilatı sayılmır. Məsələ burasındadır ki, ATƏT-in üzvləri təkcə Avropa dövlətlərindən ibarət deyil. Belə ki, üzvlük baxımından, ATƏT-in tərkibi mürəkkəb xarakterə malikdir. Onun tərkibinə Avropa dövlətləri ilə yanaşı, həm də Şimali Amerika ölkələri (ABŞ və Kanada), habelə Asiya dövlətləri (məsələn, Türkmənistan, Qazaxıstan və s.) daxildir. Deməli, ATƏT özünün üzvləri baxımından, «Avropa- Asiya-Şimali Amerika» beynəlxalq təşkilatıdır. Bu isə bizə belə bir fikir söyləməyə imkan verir ki, ATƏT coğrafi planda regional deyil, regionlararası beynəlxalq təşkilatdır.
Helsinki görüşündən sonra (1975-ci il) ötən müddət ərzində ATƏT-in üzvü olan dövlətlərin sayı artaraq 57-yə çatmışdır, yəni ATƏT-in tərkibi sayca 22 dövlət artmışdır. Qeyd etdiyimiz kimi, Helsinki görüşündə 35 dövlət (33 Avropa, iki Şimali Amerika dövləti) iştirak etmişdi. ATƏT-in üzvlərinin sayca 22 dövlət artması Çexoslovakiyanın iki dövlətə bölünməsi (Çexiya və Slovakiya), 1992-ci ildən başlayaraq keçmiş SSRİ və YSFSR-in parçalanması nəticəsində 18 yeni döv- lətin meydana gəlməsi, 2012-ci ildə Monqolustanın ATƏT-ə qoşulması və s. hadisələrlə bağlı idi.
Bunlardan başqa, ATƏT ilə assosiativdövlətlər (Aralıq dənizi dövlətləri, yəni Əlcəzair, Misir, İsrail, İordaniya, Mərakeş, Tunis, habelə Yaponiya, Koreya, Tayland, Əfqanıstan və Monqolustan kimi digər Ölkələr) də əməkdaşlıq edirlər.
ATƏT-in tərkibinə Azərbaycan Respublikası da daxildir. Respublikamız 30.01.1992-ci il tarixdən ATƏM-in, yəni indiki ATƏT-in üzvüdür.
Məlıım olduğu kimi, hər bir dövlətlərarası beynəlxalq təşkilat bu və ya digər məqsəd üçün yaradılır. ATƏT də yaradılarkən öz qarşısına müəyyən məqsədlər qoymuşdur. O, məhz həmin məqsədlərə nail olmaq üçün təsis edilmişdir.
İstənilən beynəlxalq dövlətlərarası təşkilatın məqsədləri onun nizamnamə sənədində (təsis aktında) göstərilir. ATƏT-in isə vahid nizamnamə sənədi (təsis aktı) yoxdur. Vahid nizamnamə sənədi qəbul edilməsə də, bir sıra aktlar (məsələn, 1975-ci il Helsinki Yekun Aktı, Yeni Avropa üçün Paris Xartiyası, 1992-ci il Helsinki Bəyannaməsi) ATƏT-in təsis aktı funksiyasını yerinə yetirir. Hətta, bəzi müəlliflər yazırlar ki, Paris (1990-cı il), Helsinki (1992-ci il) və Budapeşt (1994-ci il) görüşlərində qəbul edilən sənədlər ATƏT-in təsis aktı kimi rol oynayır. Məhz belə sənədlər əsasında müəyyən etmək mümkün olur ki, ATƏT-in qarşısında hansı məqsədlər durur.