Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan


Plan 2. Şeybanilərlə qarşılıqlı əlaqələr



Yüklə 71,34 Kb.
səhifə3/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 2. Şeybanilərlə qarşılıqlı əlaqələr

XVI əsrin əvvəllərində I Şah İsmayıl tərəfindən mərkəzləşdirilmiş Azərbaycanda Səfəvi dövləti yaradıldı və qısa zaman kəsiyində İranının əksər əraziləri bu dövlətin tərkibinə daxil edildi. Məhz bu dövrdə Məhəmməd Şeybani xan Mavəraünnəhrdə möhkəmlənməyə çalışdı. Şeybanilər bütün Xorasanı ələ keçirməyə can atdılar, lakin onun yalnız şimal-şərq hissəsində (Bəlx vilayətində) kifayət qədər möhkəmlənə bildilər. Bu zaman Xorasanın əsas üç vilayəti – Herat, Məşhəd və Mərv yenə də Səfəvilərin hakimiyyəti altında qaldı. 1506-cı ildə Teymuri hökmdarı Hüseyn Bayqaranın ölümündən istifadə edən Məhəmməd xan Heratda möhkəmləndi. Səfəvi hökmdarının İran feodallarına qarşı mübarizəyə girişməsindən istifadə edən Məhəmməd xan Şeybani 1507-1508-ci illərdə Teymurilər sülaləsinin hakimiyyətinə son qoydu, Xorasanı tutdu, 1509-cu ildə isə Kirmana viranedici yürüşlər etdi. Bu zaman I Şah İsmayılın Şirvan səfərində olması Şeybanilərin maneəsiz irəliləməsinə imkan yaratdı.



Gülay Qaradağ Çinar I Şah İsmayılla Məhəmməd xan Şeybani arasında baş verən müharibənin səbəbləri barədə yazır: «1508-1509-cu illərdəÖzbəklərin Xorasana və Səfəvilərin nəzarəti altında olan Kirman və Yəzdə hərbi yürüşləri və Bədüəzzaman Mirzənin Əcəm İraqına gələrək I Şah İsmayıldan yardım tələb etməsi onun Xorasan səfərinə çıxmasına səbəb oldu. Hər iki padşahın məqsədi Xorasanı ələ keçirmək və qarşı tərəfin iirəliləməsinə mane olmaq idi. Bununla yanaşı, Xorasanın iqtisadi baxımdan əlverişli mövqedə yerləşməsi, Səfəvi dövlətinin qəbul etdiyi şiə məzhəbinin müqəddəs şəhəri Məşhədin burada yerləşməsi, bütün müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə yolun Xorasandan keçməsi bölgənin hər iki tərəf üçün böyük önəm daşıdığını göstərirdi» Bir-birinin ardınca qazandığı qələbələrdən qürurlanan Məhəmməd xan Şeybaninin I Şah İsmayıla göndərdiyi təkəbbürlü, sərt və kəskin məzmunlu məktubu I Şah İsmayılı Xorasan yürüşünə başlamağa vadar etdi.Şeybani hökmdarının Xorasandakı məğruranə hərəkətləri, Kirman hakimi Xacə Şeyx Məhəmmədin qətli və şəhərin viran edilməsi Səfəvi şahını Xorasana qoşun çəkməyə və Məhəmməd xan Şeybani ilə vuruşmağa məcbur etdi. 1509-cu ildə Məhəmməd xan Şeybaninin Kirmana yürüş edərək onu qarət etməsi I Şah İsmayılın Xorasan səfərinə çıxmasını sürətləndirdi. Xorasan uğrunda rəqabət getdikcə kəskinləşdi. Bu zaman bir-birinin ardınca qazandığı qələbələrdən qürurlanan Məhəmməd xan I Şah İsmayıla sərt və kəskin bir məktub yazdı və Kəmaləddin Hüseyn Əbivərdi vasitəsilə ona çatdırdı. Məhəmməd xan Səfəvi şahına göndərdiyi məktubunda Xorasana yürüşündə məqsədinin İran və İraq ölkəsini ələ keçirmək olmadığını, Məkkə və Mədinəyə gedən yolların təhlükəsizliyi üçün oranın hakimiyyətini istəmişdir.

1510-cu ildə I Şah İsmayıl Xorasana qoşun çəkdi. Məhəmməd xan Şeybani Mavəraünnəhr və Xorasanda əldə etdiyi qələbə nəticəsində özünə güvəni artığı üçün şahın Xorasana gəlməsindən öncə ən qısa zamanda Əcəm İraqını və Azərbaycanı ələ keçirəcəyini düşündü. Lakin qızılbaşların yaxınlaşmasından xəbər tutan Şeybani hökmdarı Heratdan Mərvə qoşun toplamağa getdi. Oktyabr ayında onun əmri ilə Can Vəfa Mirzə Mərv qalasının mühafizəsini möhkəmləndirdi. Eyni zamanda elçi göndərərək Buxara hakimi Ubeydulla xanla Səmərqənd hakimi şahzadə Teymur Sultandan yardım istədi. Bu zaman I Şah İsmayıl Səbzvara çatdı. O, Cam yaxınlığında əsir edilən özbək əsgərlərindən Məhəmməd xan Şeybaninin Mərvə çəkildiyini xəbər aldı. Səfəvi şahı ordunu Mərv üzərinə göndərdi, özü isə bir müddət Məşhəddə qalaraq müqəddəs yerləri ziyarət etdi. Qızılbaş ordusunun Mərv üzərinə yürüşündən xəbər tutan Məhəmməd xan Can Vəfa Mirzə ilə Qənbər bəyin rəhbərliyi altında ordunu qızılbaşlara qarşı göndərdi. Tahirabad kəndində baş verən döyüş Qızılbaş ordusunun qələbəsi ilə başa çatdı. Özbəklər Mərv qalasına qaçdığı üçün onları təqib edən Qızılbaşlar Mərv qalasını mühasirəyə aldılar. I Şah İsmayıl noyabrın 28-də Mərv qalasına yaxınlaşdı. Möhkəm istehkamlarının olması qalaya hücumu çətinləşdirdiyi üçün Məhəmməd xanı qaladan çıxarmaq üçün I Şah İsmayıl hərbi hiylə işlətdi. Beləliklə, 1510-cu il dekabrın 1-də Məhəmməd xan Şeybani I Şah İsmayılın əsas qoşunu ilə döyüşə girməyə məcbur oldu. Şeybani qoşunu darmadağın edildi və Məhəmməd xan Şeybani öldürüldü. Bu zaman Mərvə yaxınlaşan Ubeydula xanla Teymur Sultan özbəklərin məğlub olduğunu xəbər alaraq geri döndülər. I Şah İsmayıl Dədə bəyi Mərv vilayətinin hakimi təyin etdi. Mərv qələbəsi Amudərya çayına qədər bütün Xorasanın I Şah İsmayılın hakimiyyəti altına keçməsini təmin etdi.

1510-1511-ci ilin qışında qızılbaş ordusu Bəlx vilayətinə daxil olub,oranı ələ keçirdi. Qızılbaşların Amudərya çayını keçib Mavəraünnəhrə soxulmaq istəyindən xəbər tutan Buxara hakimi Übeydulla xan və Səmərqənd hakimi Məhəmməd Teymur sultan 1511-ci ilin yazında öz elçilərini şahın hüzuruna göndərib, ona itaət ərizəsi və qiymətli peşkəşlər – qırğız atları, samur dərisi, yaqutlar, bəzək və zinət əşyaları, Çindən gətirilmiş dərman otları, müşk, ipək parçalar təqdim etdilər. Bununla da, Azərbaycan Səfəvi dövlətinin sərhədləri Amudərya çayına kimi genişləndirildi.

I Şah İsmayılın vəfatından və qızılbaş tayfaları arasında ara müharibələrinin baş verməsi nəticəsində ölkədə yaranmış qarışıqlıqdan istifadə edən Şeybanilər Xorasan üzərinə dəfələrlə basqınlar etdilər. Özbəklərin hücumu demək olar ki, hər il təkrar olunurdu. «Qiyamçı qızılbaşlar kütləsinə» qarşı ittifaq yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə aparmaq Səfəvilər üçün çətin idi.

Qeyd etmək lazımdır ki, özbəklər I Şah Təhmasibin hakimiyyətə gəlməsindən sonra on iki il ərzində altı dəfə Xorasana yiyələnmək uğrunda yürüşlər etmişdilər. Osmanlı sultanı Süleyman Qanuninin Özbək xanları ilə Azərbaycan Səfəvi dövlətinə qarşı ittifaq yaratmaq təşəbbüsləri özbəklərin Xorasana yürüşlərinin intensivləşdirdi. Übeydulla xan Səfəvilərə qarşı birgə mübarizə aparmaq üçün Sultan Süleymana məktub göndərdi. Osmanlı sultanı bu təklifi müsbət qarşıladı, Səfəvilərə qarşı başlanacaq müharibədə uğur qazanacaqlarına ümid etdiyini və mübarizəni davam etdirəcəyini bildirdi.

1532-37-ci illərdə Übeydulla xanın Sultan Süleyman’ın da təkid və dəstəyi ilə Xorasana təşkil etdiyi yürüşləri uğursuzluqla nəticələndi.Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün hücumlarını dəf etdilər.XVI əsrin 40-cı illərində Xarəzm hakiminin I Şah Təhmasiblə münasibətləri xeyli möhkəmləndi. Ubeydulla xanla mübarizədə Səfəvi hökmdarının timsalında güclü müttəfiqə ehtiyacı olan Xarəzm hakimi Səfəvi sarayına öz elçisini göndərərək I Şah Təhmasibin himayəsinə sığınmağa çalışdı. Bu heç də, Özbək xanlarının Xorasana hücum etməsinin başa çatması demək deyildi. Belə ki, Xarəzm hakiminin I Şah Təhmasiblə yaxınlaşması Özbək xanlarının mənafeyinə cavab vermədiyi üçün onların Xorasana yürüşlərinin tamamilə kəsilməsinə gətirib çıxarmadı. XVI əsrin ortalarında Özbək xanlarının Xorasana yürüşləri yenidən başladı. Bu dövrdə Osmanlı diplomatiyası «qızılbaş bidətçilərə» qarşı mübarizədə Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə səy göstərirdi.

Belə bir vəziyyətdə Osmanlılar Səfəvilərə qarşı Şeybanilərdən istifadə etmək niyyətində idilər,1550-ci ildə Şeybani xanına bu barədə xəbər göndərildi və xan Osmanlıdan silah istədi. Bu müsbət cavab alsa 1554-cü ildə göndərilən 300 nəfərlik Yeniçəri və Topçu alayı xanlar arasında mübarizədə istifadə olundu. 1555-ci ildə yenidən silah istənilsə də Osmanlıdan cavab gəlmədi. 1555-ci ildə Sultan Süleyman Amasyadan Novruz Əhməd Buraq xana göndərdiyi məktubunda I Şah Təhmasiblə sülh bağlamaq üzrə olduğu üçün qüvvə göndərə bilməyəcəyini və Səfəvi şahının da Özbəklər üzərinə hücum etməsinə razı olmayacağını bildirdi.

XVI əsrin II yarısında da Özbək xanlarının Xorasana yürüşləri davam etdi.1564-cü ildə Əli sultan Xorasanı qarət etmək üçün növbəti yürüşə təşəbbüs göstərdi.Özbəklərin Xorasana hücumları heç də bununla başa çatmadı. Həsən bəy Rumlunun verdiyi məlumata görə, 1566-cı ildə I Şah Təhmasibin Sultan Məhəmməd mirzəni Herat hakimi təyin etməsindən istifadə edən Buxara hakimi İsgəndər xan çoxsaylı ordusunu toplayaraq Sultan Məhəmməd mirzəyə həmlə etmək məqsədilə Xorasana yürüş edir. Özbəklərin yürüş xəbərini alan Sultan Məhəmməd Mirzə qüvvələri dağınıq olduğu üçün Türbət qalasına sığınır. Özbəklər qalanı mühasirəyə alaraq onun giriş və çıxışını nəzarət altına alırlar. Bundan xəbər tutan şah Qızılbaş ordusunu yardıma göndərdi. Bununla da, 1566-cı ildə özbəklərin Xorasana təhdidlərinə tamamilə son qoyuldu.

I Şah Təhmasibin ölümündən sonra Səfəvi taxt-tacı uğrunda başlanan mübarizədə mərkəzi hakimiyyətin zəifləməsi özbəkləri Xorasanı ələ keçirmək uğrunda mübarizəyə başlamağa sövq etdi. 1583-cü ildə Şeybani dövlətində hakimiyyəti ələ alan II Abdulla xan Xorasan uğrunda mübarizəyə başladı. Səfəvi şahı bu mübarizədə özbəklər arasındakı rəqabətdən istifadə edərək Xarəzmlə Xivə xanlarını müdafiə edərək onları öz tərəfinə çəkməyə çalışdı.

I Şah Abbas dövründə Azərbaycan Səfəvi dövlətinin şərq sərhədlərində yerləşən özbəklərlə Xorasan uğrunda davam edən mübarizədə hər iki tərəf bu bölgəni hakimiyyəti altında saxlamağa çalışırdı. I Şah Abbasın Xorasan bölgəsinə göstərdiyi marağın arxasında şiələr üçün müqəddəs olan İmam Rzanın türbəsinin bu bölgədə olması ilə bağlı dini səbəblər önə çəkilsə də, Xorasan bölgəsinin coğrafi və strateji cəhətdən əlverişli olması Səfəvilərlə Özbəklər arasındakı rəqabətin əsas səbəbi idi.

1587-ci ildə I Şah Abbas Səfəvi taxtına keçən zaman dövlət gərgin dövrünü yaşayırdı. Qərbdə osmanlılar, şərqdə özbəklər və daxildə Qızılbaş əmirləri arasında mübarizə Azərbaycan Səfəvi dövlətini çətin vəziyyətə salmışdı. I Şah Abbasın hakimiyyətə keçməsindən az sonra Şeybani hökmdarı II Abdulla xan uzun müddətdən bəri mühasirədə saxlanılan Herat şəhərini ələ keçirdi və Xorasanın ən böyük şəhərləri olan Məşhədə doğru yürüşə başladı. II Abdulla xanın Heratı ələ keçirərək Məşhədə doğru yürüş etdiyini xəbər alan gənc Səfəvi hökmdarı ona mane olmaq üçün 1588-ci ilim aprelində Xorasana doğru yürüşə başladı. Bununla da I Şah Abbas dövründə Səfəvilərlə Şeybanilər arasında mübarizə başladı.

I Şah Abbas özbəklərin Heratı mühasirəyə aldığını xəbər alaraq yerli hakim Əliqulu xan Şamlının özbəklərin hücumu qarşısında uzun müddət dayana bilməyəcəyini düşünərək narahat olmağa başladı. Buna görə, naibüssəltənə Mürşidqulu xan Ustaclıya yürüşə başlamağı söyləsə də, o, şahın mövqeyinin getdikcə güclənməsindən və Əliqulu xanı naibüs-səltənə təyin edəcəyindən qorxduğu üçün bilərəkdən yürüşə başlamağı ləngitdi. I Şah Abbasın yardıma gedə bilməməsinin səbəbi bu dövrdə gerçək hakimiyyətin Mürşidqulu xanın nəzarətində olması və ona sadiq qüvvətli ordunun olmamasıdır. Beləliklə, Əliqulu xanın Heratdan göndərdiyi yardım tələbləri yerinə yetirilmədiyi üçün vəziyyət xeyli ağırlaşdı. 1588-ci il martın 17-də doqquz aylıq mühasirədən sonra yardımdan ümidini kəsən Herat əhalisi xəstəlik, aclıq və susuzluqdan özbəklərə təslim oldu.

İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı əsgərlərini öldürüb şəhəri talan etdi, qadınları və uşaqları əsir apardılar.Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını fəda etdiyini yazır . İsgəndər bəy Münşi yazır ki, bu qətliamdan dörd gün sonra şəhərə daxil olan II Abdulla xan əsgərlərin qətliam və talandan əl çəkməsini tələb edərək şəhər əhalisindən və qızılbaşlardan heç kimə zərər verilməməsini əmr etdi və Heratın idarəsini Mir Qulbaba Kökəltaşa tapşıraraq Məşhədə doğru hərəkət etdi.O, Sərəxsə hücum etsə də, onu ala biləcəyinə əmin olmadığı üçün Buxaraya geri çəkildi.

1588-ci il aprelin 9-da Səfəvi hökmdarı I Şah Abbas Mürşidqulu xanın Xorasan hadisələri ilə bağlı lazımi hazırlığından sonra Xorasan yürüşünə başladı. Mazandaran hakiminin üsyanı ilə bağlı bir müddət Tehranda qalan I Şah Abbas Firuzkuh yolu ilə Damğana gəldi [261,192]. Səfəvi hökmdarı Damğanda olan zaman Osmanlılarla sülh şərtlərinə razılıq verdi. Çünki o,iki cəbhədə müharibə aparmağın çətin olacağını bilirdi. Lakin Mürşidqulu xan sülhə tərəfdar olmasına baxmayaraq, Osmanlı elçisi Çaşnigirbaşı Vəli Ağanı Qəzvində bir müddət saxladığı üçün sülh bağlamaq mümkün olmadı. Mürşidqulu xanın bu hərəkəti Səfəvi dövlətinin daha çox ərazi itirməsinə səbəb oldu. Daha sonra Bistam adlı bir vəkil tərəfindən öldürüldü.

I Şah Abbas Məşhədə çatan zaman II Abdulla xan şəhəri tərk etmisdi,o Ümmət xanı Məşhəd valisi təyin edib Herata doğru hərəkət etdi. F.Kırzıoğlu yazır ki, I Şah Abbas Bənd-i Fərmana yetişən zaman Fərhad paşanın Gəncəni ələ keçirdiyini və Cığaloğlu Sinan paşanın rəhbərliyi altında Osmanlı ordusunun Həmədan və Nihavəndə doğru irəlilədiyini xəbər aldı. Özbək ordusunun sayca çox olması, ərzaq çatışmamazlığı 1589-cu ilin martında I Şah Abbasın Heratın mühasirəsini dayandıraraq Qəzvinə dönməsinə səbəb oldu.

Qeyd etmək lazımdır ki, 1589-cu ildə Səfəvi şahının Osmanlılarla müharibə aparması, Məşhəddəki Səfəvi əmirləri arasındakı çəkişmələr, qızılbaşların döyüşdəki uğursuzluğu özbəklərin hücumu üçün əlverişli şərait yaratdı. II Abdulla xanın oğlu Əbdülmömin xan, Din Məhəmməd Sultan vəHerat hakimi Mir Qulbab Kökəltaş bütün Xorasanı ələ keçirmək üçün yürüşə başladılar. Onlar öncə Nişapuru, sonra isə Məşhədi mühasirəyə aldılar .1589-cu il sentyabrın 30-da beş aylıq mühasirə zamanı ərzağın çatışmaması,köməyin gəlməməsindən ümidsiz qalan şəhər müdafiəçiləri təslim oldular. Özbəklər şəhər qalasındakı türkləri qılıncdan keçirdilər. Vali Ümmət xan və yaxın ətrafı müqəddəs İmam Rza türbəsinə sığındı. Lakin Əbdülmömin xan və Din Məhəmməd sultan türbədəki hər kəsi – seyidləri, din xadimlərini və xalqı bayıra çıxardaraq qılıncdan keçirdi. Mənbələr 2-3 min nəfərin öldürüldüyünü qeyd edir. Hətta Əbdülmömin xanın əsgərləri uşaqları öldürməkdən belə çəkinmədilər. Türbədəki qiymətli əşyalar tamamilə qarət olundu. Özbəklər Məşhədi üç gün ərzində qarət etdilər. Qızılbaşların arvad-uşaqları Mavəraünnəhrə əsir aparıldı. Əbdülmömin xan Məşhədi qarət etdikdən sonra Sərəxs üzərinə yürüş etdi. Lakin şəhərin ciddi müqavimət göstərdiyini görərək Bəlxə doğru hərəkət etdi.

1590-cı ilin payızında II Abdulla xan Simnanı, Səbzvarı, Əsfərayini, Tunu, Cunabadı, Kayın və Tabəsi ələ keçirdi. I Şah Abbas Özbək xanının bu hərəkətləri barədə Osmanlı sultanına məlumat verərək narahat olduğunu bildirdi. Bestamı və Damğanı ələ keçirən II Abdulla xanın elçisi Hafiz Xətai 1591-ci ilin yazında İstanbula gələn zaman vəzir Fərhad paşa Səfəvi dövləti ilə artıq sülh bağlandığını xatırladaraq Səfəvi torpaqlarına hücum edilməməsini bildirdi və bununla bağlı II Abdulla xana məktub göndərdi.

Əbdülmömin xan və II Abdulla xanın ölümünə qədər bir sıra məktublaşmalar və hücum həmlələri olsa ,qəti qələbə əldə oluna biləcək vəziyyət yaranmadı. Əbdülmömin xanın ölümündən sonra yaranmış vəziyyətdən istifadə edən Şah Abbas 1598-ci ilin avqustun birindən Məşhəddən Herata doğru irəlilədi,burada xəyanətlə qarşılaşdı. Belə ki, həştərxanlı Canı bəyin oğlu Din Məhəmməd xan Əbdülmömin xanın təqiblərindən qurtulmaq üçün Şah Abbasa sığınmış,Xorasana hücumu zamanı ona qoşunla yardım edəcəyi vədini də vermişdi. Ama Şah buraya gəldiyi zaman Din Məhəmməd atası tərəfindən taxta gətirilmiş, Özbək dövlətində Həştərxanilər sülaləsinin əsasını qoymuşdu. Və şahın yürüşü zamanı sözünə əməl etməyərək Xorasana yiyələnmək fikrinə düşmüşdü. Beləcə mübarizə başlamışdı.

1598-ci il avqustun 9-da Herat yaxınlığında Puli-Salarda Qızılbaş ordusu döyüş mövqeyi aldı. Lakin yorğunluq, isti hava və sayca az olmaları orduda müəyyən təşvişə səbəb oldu. I Şah Abbas ordunun önündə Fərhad xanla Zülfüqar xanın qüvvələrini yerləşdirdi, özü də mərkəzdə qulamlar arasında yer aldı. Döyüş çox çətin keçdi. Fərhad xanın qüvvələrinin nizamsız şəkildə özbəklər üzərinə hücum etdiyini görən Özbək sərkərdəsi Əbdülbaqi xan əsgərlərinə Qızılbaşlar üzərinə hücum etmək əmrini verdi. Buna görə də, qızılbaşlar geri çəkilməli oldu. Qızılbaş əsgərləri Fərhad xanın yanında bayraqları görmədiyi üçün xanın döyüş mövqeyini tərk etdiyini düşünərək dağılışmağa başladı.

Xan döyüş meydanını tərk etməyərək az qüvvə ilə savaşı davam etdirdi. Lakin bir müddət sonra həqiqətən də o, yaralanaraq döyüşü tərk etdi . İran tədqiqatçısı Rza Pazuki yazır ki, Fərhad xan və qardaşı Zülfüqar xan şaha zərər yetirilsin deyə döyüş mövqeyini bilərəkdən tərk etdiklərindən, I Şah Abbasın az qala özbəklərə əsir düşmək təhlükəsi yaranmışdı. I Şah Abbas Fərhad xanın, çərxçi əmirlərinin vəAzərbaycan qoşununun məğlub olaraq döyüş mövqeyini tərk etdiyini görərək, Qorçibaşı Allahverdi xanın rəhbərlik etdiyi qorçilərin, ordunun sağ və sol cinahında yerləşən qulamların hücuma keçməsinə əmr verdi. Din Məhəmməd xan min nəfərlik cəsur özbək döyüşçüsü ilə I Şah Abbasa hücum etdi. Bilavasitə döyüş meydanında vuruşan I Şah Abbasın səyi nəticəsində qələbə qazanıldı. Qızılbaş qüvvələri ilə döyüşdə Din Məhəmmədin ordusu məğlub oldu və özü də yaralanaraq həlak oldu. Qızılbaş əsgərləri gün ərzində döyüşü davam etdirdi və 4 mindən artıq Özbək əsgərini öldürdülər. Qaranlığın düşməsi ilə özbək əsgərləri ətrafa dağıldı, I Şah Abbas onlara qarşı təqibi dayandırdı. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, döyüşdə Özbək əmirlərinin əksəriyyəti, xüsusilə Herat hakimi Hacı bəy, Nasuli Bahadur, Mirzə Abdulla Mənqət, Məhəmməd Murad bəy, Məhəmmədyar Oğlan və digər əmirlərin bəzisi qətlə yetirildi, bəziləri isə əsir alındılar. Molla Cəlalın verdiyi məlumata əsaslanan C.Aydoğmuşoğlu yazır ki, bu şiddətli döyüşdə 24 minlik Özbək ordusu iştirak etmiş və onlardan 7 mini öldürülmüşdü.

Beləliklə, 1598-ci il avqustun 10-da Puli-Salar döyüşündə I Şah Abbasın Şeybani ordusunu ağır məğlub etməsi ilə Xorasan uğrunda yüz ilə qədər davam edən hərbi qarşıdurma Səfəvilərin qələbəsi ilə başa çatdı.

Beləliklə, I Şah Abbasın Xorasan səfəri uğurla başa çatdı. Şeybanilər dövlətinə son qoyuldu. Herat, Mərv, Nisa, Əbivərd, Sistan və Xarəzm vilayətləri özbəklərdən alındı, Səfəvi dövlətinin sərhədləri Amudərya çayına kimi genişləndi. F.Sümer yazır ki, I Şah Abbas bir tərəfdən daxili qarışıqlıqlar, digər tərəfdən xarici təhdidlər qarşısında Səfəvi dövlətini məhv olmaq təhlükəsindən xilas etdi, dövlətin qüdrətini ən yüksək səviyyəyə çatdırdı. Özbəklər bir təhlükə mənbəyi sayılmayacaq səviyyəyə salındı. Onlar qüdrətli bir xanın rəhbərliyi altında birləşsələr də, nizam-intizamı çox güclü olan, odlu silahlarla təmin olunmuş və mükəmməl döyüş taktikasına malik olan Səfəvi ordusu qarşısında ənənəvi döyüş qaydalarını davam etdirən özbəklərin mühüm uğurlar əldə edəcəyini gözləmək olmazdı. Səfəvi hökmdarı paytaxt İsfahana dönən zaman əldə olunan qələbə münasibətilə mərasimlər keçirdi, xalqı bir illiyə vergilərdən azad etdi. Xorasanda orduya yardım göstərdiyi üçün əhalini çobanbəyi vergisindən və «beşdə bir dinar» vergisindən azad etdi. Əldə olunan qələbələrlə bağlı Osmanlı və Moğol hökmdarlarına elçiləri vasitəsilə xəbər verdi.

Amma bu Özbəklərlə Səfəvilər arasında baş verən son döyüş olmadı,müharibə Şah Səfinin və Şah II Abbasın dövründə də davam etdi. Türküstan xanları arasında ali hakimiyyət uğrunda mübarizədə həm qalib, həm də məğlub tərəf öz hakimiyyətlərini qoruyub saxlamaq üçün Səfəvi dövləti ilə diplomatik əlaqələrdə ondan hərbi yardım almağa cəhd göstərmiş, yaxud da onun hərbi-siyasi nüfuzundan istifadə etmişdir. Bu zaman Səfəvi dövləti Orta Şərqdə olduğu kimi Mərkəzi Asiyada da hərbi-siyasi təsir gücünə malik olduğuna görə, Türküstan xanları onunla hesablaşmalı olmuşdur.


Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin