- Bağışlayın, saat neçədir? - Səkkizə beş dəqiqə qalıb. - Təşəkkür edirəm - Mümkünsə bu küçənin adını deyin. - “İstiqlal”. - Çox sağ olun. Sizi narahat etdiyim üçün üzr istəyirəm. - Əmican, xahiş edirəm, bu pulu xırdalayın. - Buyur. - Minnətdaram. Lakin bu azdır. Dərsliklər, xüsusilə aşağı siniflərin dərslikləri belə mətnlərlə zəngin olmalıdır ki, məktəblilər xalqımızın təfəkkür tərzində, etik görüşlərində, yazılı və şifahi ədəbiyyatında yaratdığı nəzakətli davranış və nitq normalarını öyrənsinlər və əxz etsinlər. Bu baxımdan yazıçı Y.Əzimzadənin “Hə, yoxsa bəli” hekayəsi xarakterikdir.
“Mən balaca idim. Bilirdim ki, başqaları çağıranda gərək “bəli” deyəsən. Kim məni çağırsa “hə” deyərdim. Anam bir neçə dəfə mənə acıqlanıb demişdi: - “Hə” yox, “bəli”... Bir dəfə də uzaq qohumlarımızdan qoca bir kişi bizə qonaq gəlmişdi. Söhbət vaxtı məndən soruşdu: - Adın nədir, bala? - Murad. Aradan bir az keçdi. Qoca bir də məni çağırdı: - Oğlum. Mən həmişə olduğu kimi dedim: - Hə . Qoca elə bil cavabımı eşitmədi, bir də çağırdı. Mən yenə “hə” sözünü ucadan təkrar etdim... Qoca çox acıqlı halda üçüncü dəfə adımı çağırdı. Mən yenə də “hə” deməyə hazırlaşırdım ki, birdən “bəli” sözü yadıma düşdü. Bildim ki, qoca məndən bunu tələb edir. Utana-utana yavaşcadan dedim: - Bəli. Bax belə, - deyə qoca gülümsündü. – İndi səndən xoşum gəldi”. Dərsliklərimizdə belə mətnlərin sayını mümkün dairəsində artırmaq lazımdır. Bu, milli dəyərlərimizi qorumaq baxımından faydalıdır. Nitqin etik qaydaları, etiketləri kiçik yaşlarından başlayaraq şagirdlərə öyrədilməli, onlarda bu etiketlərdən istifadə bacarığı formalaşdırmalıdır. Bu məqsədlə digər üsullarla yanaşı, dərsliklərdə verilən və ya müəllimin özünün tərtib etdiyi çalışmalardan da istifadə etmək olar. Bir metodik vəsaitdə tövsiyə edilən çalışmalardan aşağıdakıları nümunə kimi göstərək:
1. Tutaq ki, sən mağazaya girib köynək almaq istəyirsən. Xoşladığın köynəyi sənə göstərməsi üçün satıcı qıza necə müraciət edərsən?
2. Fərz edək ki, məktəbinizə gəlmiş hörmətli qonağı qarşılamağı sənə həvalə etmişlər. Sən qonağı qarşılayarkən hansı sözlər işlədərsən?
3. Yaxın və uzaq, yaşlı və cavan, kişi və qadına müraciətinin hansı fərqli variantları vardır?
4. Hansı halda müsahibə “sən”, hansı halda “siz” deyə müraciət etmək lazımdır?
5. Yaxın dostunun ad günündə sənə çıxış üçün söz versələr, hansı xoş, ürəkoxşayan etiketlərdən istifadə edərdin?
6. Valideynlərini (dostunu, yoldaşını) qatarla və yaxud təyyarə ilə yola salarkən hansı xoş, nəzakətli sözlər söyləyərdin?
7. Öz yoldaşlarının danışığında hansı nitq etiketi qüsurlarını müşahidə etmisən?
8. Səni tanımadığın bir adamla tanış etsələr, onunla ilk ünsiyyətində hansı sözləri işlədərdin?
9. “Bağışlayın”, “Üzr istəyirəm”, “Zəhmət olmasa deyin” ifadələrini hansı məqamlarda işlətmək olar?
10. Çoxdan görüşmədiyin bir dostun qarşına çıxarsa sən hansı sözləri, ifadələri işlədərsən? Belə çalışmaları məqsəd və məqamdan asılı olaraq istənilən qədər tərtib etmək olar.
Mədəniyyətə, o cümlədən də nitq mədəniyyətinə sahib olmaq rəhbər işçi üçün daha vacibdir. Kollektivdə şəxsiyyətlərarası münasibətləri tarazlamaq, münaqişəli məsələləri yoluna qoymaq, sağlam psixoloji iqlimi yaratmaq, çağdaş idarəetmənin tələblərini yerinə yetirmək üçün rəhbər işçi digər keyfiyyətlərlə yanaşı, yüksək mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib olmalıdır.
Nəzakətli ünsiyyət, xoş rəftar və qarşılıqlı anlaşma harda varsa, xeyirbərəkət də ordadır, orada işlər gedir, əmək məhsuldarlığı artır, adamlar sağlam və uzunömürlü olurlar. Bəziləri hesab edirlər ki, işçini ram etmək üçün onunla kobud danışmaq, sərt rəftar daha yaxşıdır. Burada qədim yunan filosofu Sokratın bir kəlamı yerinə düşərdi: “İnsan dünyanı dərk etməzdən əvvəl özünü dərk etməlidir”. Doğrudan da, insan üçün çətin şeylərdən biri özünüdərketmə, “mən”in dərkidir. Özünü dərk edənlər həm də yüksək nitq mədəniyyətinə, nəzakətli danışıq qabiliyyətinə, təmkin və səbrə sahib olurlar.
“Cəbrayıl şəhər orta məktəbinə uzun illər rəhbərlik etmiş İslam Məmmə- dovu şagirdləri və iş yoldaşları xoş duyğular və hörmət hissi ilə xatırlayırlar. Danışırlar ki, İslam müəllim məktəbə rəhbərlik etdiyi neçə onilliklərdə bir dəfə də olsun tabeçiliyində olanlara səsini qaldırmamışdı, ən kritik hallarda, ən çətin məqamlarda səbrini basmağa, əsəblərini cilovlamağa, öz yoldaşlarını qoruyub, hifz etməyə nail olardı, kollektivin nöqsana yol vermiş üzvü ilə elə səbrlə, təmkinlə, milli, əxlaqi, etik normalara uyğun kübar ağsaqqallığı ilə söhbət edir, iş aparardı ki, həmin adam bir də elə səhvə yol verməzdi. Onun lap kəskin şəkildə olan danlağı da ata böyük qardaş öyüdü kimi səslənərdi. Bu idarəçilik mədəniyyəti, nəzakətli davranışı və danışığı onu kollektivin nəzərində ucaldar, nüfuz sahibi edərdi” (“Xüdafərin” qəzeti, 18 oktyabr, 2001-ci il).
Həyatın bütün sahələrində, xüsusən dövlət idarəçiliyində insanlara göstərilən xidmətlərdə etik qaydalara əməl olunması vətəndaş məmnunluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci ildə imzaladığı fərmanda vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl olunması, vətəndaş məmnunluğunun təmin edilməsi zəruriliyi xüsusi qeyd olunmuşdur. Fərmanda bu məqsədlə fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik davranış üzrə kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsinin təmin olunması tələb edilir. Dövlət orqanları əməkdaşlarının qarşısına qoyulan bu tələb cəmiyyətimiz üçün olduqca önəmlidir, onun yerinə yetirilməsi çox vacibdir.
Böyük Nizami çox yerində demişdir: