AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
§ 2. FƏHLƏ SĠNFĠNĠN FORMALAġMASI 

 

XIX yüzilliyin ikinci yarısında sənaye kapitalizminin inkişafı, burjuaziyanın 

əmələ gəlməsi ilə eyni zamanda fəhlə sinfinin formalaşması prosesi gedirdi. Bu proses 

o  dövr  Şimali  Azərbaycanın  sosial-iqtisadi  və  siyasi  həyatında  ən  mühüm 

hadisələrindən  biri  idi  və  onun  bütün  sonrakı  tarixi  üçün  mühüm  əhəmiyyət  kəsb 

edirdi.  Ümumi  və  Rusiya  üçün  səciyyəvi  olan  qanunauyğunluqlarla,  ümumiyyətlə, 

fəhlə  sinfinin  əmələ  gəlməsi  xüsusiyyətləri  ilə  yanaşı,  Şimali  Azərbaycan  fəhlə 

sinfinin  formalaşması  prosesinə  bu  diyardakı  sosial-iqtisadi  münasibətlər,  əhalinin 

sosial və milli tərkibinin özünəməxsus xüsusiyyəti, çarizmin müstəmləkə siyasəti ilə 

bağlı olan yerli cəhətlər də öz təsirini göstərmişdir. 

XIX  yüzilliyin  ikinci  yarısının  ilk  onilliklərində  Şimali  Azərbaycanda 

fəhlə kadrlarının əmələ gəlməsi prosesi hələ çox ləng gedirdi. Bu proses kapitalist 

xarakterli  sadə  kooperasiya  müəssisələrində,  manufakturalarda,  təbii  sərvətlərin 

mənimsənilməsi ilə məşğul olan mədənlərdə, ilk fabrik və  zavodlarda başlamışdı. 

Lakin  fəhlələrin  sayı  çox  az  idi.  Neft  və  duz  mədənlərində,  balıq  vətəgələrində 

mövcud  olan  iltizam  sistemi,  bir  sıra  kəndlərin  sakinlərinin  məcburi  əməyindən 

istifadə edilməsi fəhlələrin artımını ləngidirdi. 

50-60-cı  illərin  əvvəllərində  Balaxanı  kəndi  rayonunda  işlər,  məsələn, 

neftin  çıxarılması,  əsasən  yerli  kəndlilərin  məcburi  əməyi  ilə  yerinə  yetirilsə  də, 

quyuların  təmizlənməsi  və  təmirində,  çıxarılmış  neftin  şəhər  anbarlarına 

daşınmasında fəhlələrin muzdlu əməyindən də istifadə olunurdu. 

1864-cü  ildə  neft  çıxarılmasında  kəndlilərin  məcburi  əməyinin  ləğvindən 

sonra  fəhlələrin  muzdla  tutulması  sisteminə  keçid  ölkə  təsərrüfatının  bu 

perspektivli  sahəsində fəhlələrin sayının artmasına təkan verdi. Lakin 70-ci illərin 

başlanğıcınadək  fəhlələrin  sayı  çox  ləng  artırdı.  1873-cü  ildə,  yəni  artıq  iltizam 

sisteminin  ləğvindən  sonra  fəhlələrin  sayı  700  nəfərdən  çox  idi  [19].  Beləliklə, 

fəhlələrin sayının artmasının sürətlənməsi özünü göstərməyə başlayırdı. 


Bakının neftayırma zavodlarında 70-ci illərin əvvəllərinə yaxın 328 daimi 

və  onlarla  müvəqqəti fəhlə, 1883-cü ildə  isə  607 fəhlə  çalışırdı [20]. 70-ci  illərin 

əvvəllərində  Bakının  digər  müəssisələrində  1000  nəfərdən  bir  qədər  çox  və 

donanmada isə 2000 nəfərədək fəhlə işləyirdi [21]. 

Fəhlə  kadrları  Bakı  və  Yelizavetpol  quberniyalarının  qəzalarında  da 

formalaşırdı.  70-ci  illərin  əvvəllərində  Gədəbəy  mis  mədəni  və  misəritmə 

zavodunda  təxminən  1,8  min  nəfərdən  çox,  Nuxa,  Şuşa  və  bəzi  digər  qəzaların 

ipəksarıma  müəssisələrində  təxminən  2  min  nəfər,  balıq  vətəgələrində  1,5  min 

nəfərədək,  kənd  təsərrüfatı  xammalı  emal  edən  müəssisələrdə  isə  bir  neçə  min 

nəfər fəhlə çalışırdı. 

Şimali Azərbaycanın sənaye və nəqliyyatındakı kapitalist müəssisələrində 

çalışan  fəhlələrin  ümumi  sayı  o  dövrdə  10-11  min  nəfərə  çatırdı.  Lakin  onların 

yarısından çoxu sənayedəki mövsümi işi kənd təsərrüfatı əməyi ilə əlaqələndirirdi. 

Buna görə də daimi fəhlələrin, yəni başlıca məşğuliyyəti sənaye və nəqliyyatdakı iş 

olan fəhlələrin sayı təxminən 4-5 min nəfər idi. 

70-ci  illərdən  etibarən  Şimali  Azərbaycanda  fəhlələrin  sürətlə  təşəkkül 

tapması dövrü başladı. Bu, sənaye kapitalizminin sürətli inkişafı ilə bağlı idi. Belə 

inkişafın ardınca labüd olaraq, o dövrün ictimai istehsal münasibətlərinin on kəskin 

surətdə  dağılması  prosesi  başlayırdı.  Şimali  Azərbaycan  fəhlələrinin,  xüsusən  də 

neftçi fəhlələrin artım sürəti kəskin surətdə yüksəlirdi. 

İnkişaf edən sənaye və nəqliyyatın fəhlə qüvvəsinə böyük ehtiyacı vardı. 

Bu tələbat  kəsbkar kəndlilərin, var-yoxdan çıxmış sənətkarların, habelə  fəhlələrin 

ailə üzvlərinin sənaye və nəqliyyata cəlb olunması hesabına ödənilirdi. 

Şimali  Azərbaycan  fəhlə  kadrlarının  formalaşmasının  ən  mühüm  sosial 

mənbəyi  kəndlilər  idi.  Hələ  XIX  yüzilliyin  50-60-cı  illərində  faydalı  qazıntılar 

çıxarılan  yerlərin  yaxınlığında,  sənaye  müəssisələri  meydana  çıxan  şəhərlərin 

ətrafında  yerləşən  kəndlərin  əhalisi  sənaye  istehsalına  cəlb  olunurdu.  Lakin  o 

dövrdə  kəndlilərin  feodal  asılılığından  azad  olması  prosesi  zəif  gedirdi, 

Azərbaycan kəndindən sənayeyə gələn kəsbkarların sayı isə az idi. Çünki sənaye, 

hələlik  zəif  inkişafı  üzündən,  çoxlu  işçi  qüvvəsi  tələb  etmirdi.  İslahatdan  sonrakı 

dövrdə kəsbkarların kənddən sənaye müəssisələri və nəqliyyata axını qüvvətləndi. 

Şimali  Azərbaycanda  xırda  kənd  istehsalçısının  istehsal  alət  və 

vasitələrindən ayrı düşməsi prosesinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, bu 

proses kənddə kapitalist münasibətlərinin inkişafının güclü feodalizm qalıqları ilə 

çulğalaşdığı  bir  şəraitdə  gedirdi.  Azərbaycan  kəndindən  sakinlərin  kəsbkarlığa 

getməsi  həm  kəndlilərin  kapitalistcəsinə  təbəqələşməsinin,  həm  də  onların  feodal 

və  yarımfeodal  əsasda  kütləvi  surətdə  müflisləşməsi  və  var-yoxdan  çıxmasının 

nəticələrindən törəyirdi [22]. 

Azərbaycan  kəndi  qazanc  axtaran  on  minlərlə  azad  oldən  istifadə  edə 

bilmirdi.  Kəndlilərə  müstəsna  şəkildə  dərin  təsir  göstərmiş  qeyri-əkinçilik 

kəsbkarlığının  rolu  belə  şəraitdə  xüsusən  artırdı.  Pauperləşmiş  kəndli  axınının 


mühüm  hissəsi  şəhərlərə  yönələrək  fəhlələrin  sıralarını  doldururdu.  Azərbaycan 

kəndindən  olan  kəsbkarların  əksəriyyəti  uzun  müddət  ərzində  öz  pay  torpaqlarını 

qoruyub  saxlayırdı.  Rusiyada  olduğu  kimi,  Cənubi  Qafqazda  da  pay  torpaqlı 

muzdlu  fəhlələr  sayca  sənaye  fəhlələri  sıralarının  dolmasının  başlıca  mənbəyini 

təşkil edirdi. 

Rusiya  quberniyalarından  və  digər  rayonlardan  Şimali  Azərbaycanın 

sənayesinə gələn kəsbkarların da əksəriyyəti kəndlilərdən ibarət idi. 

Kəsbkarların  çoxu  sənaye  müəssisələrində  bir  müddət  işlədikdən  sonra 

vətənə  qayıdır,  lakin  digər  hissəsi  isə  burada  qalaraq  mədən  və  zavodlarda  kök 

salırdı. 

Fəhlə  kadrlarının  digər  formalaşma  mənbəyini  sənətkarlar  və  kustarlar 

təşkil  edirdi.  Onların  çoxu  yerli  kustar  sənətlərin  sənaye  tərəfindən  sıxışdırılıb 

aradan  çıxarılması  ilə  əlaqədar  olaraq  müflisləşir  və  sənaye  istehsalına  cəlb 

olunurdular. Lakin bunların sayı o qədər də çox deyildi. Çünki göstərilən proses o 

qədər də sürətlə getmirdi; özü də XIX yüzilliyin sonunda Şimali Azərbaycanın bir 

sıra  ənənəvi  sənətkarlıq  sahələrinin  məhsullarına  tələbat  kənd  əhalisi  arasında  da 

artırdı. 

Şimali  Azərbaycan  fəhlə  kadrlarının  formalaşmasının  ən  mühüm 

xüsusiyyətlərindən biri onun sıralarına fəhlələrin və yarımproletar ünsürlərin axını 

idi.  Sonunculara,  hələ  islahata  qədərki  dövrdə  sənaye  istehsalına  cəlb  olunmuş 

kəndlərin  bir  çox  sakinləri  və  qismən  də  Abşeron  kəndlərinin  nəsilbənəsil  neft 

mədənləri ilə bağlı olan əhalisi aid idi. 

Şimali  Azərbaycan  fəhlə  sinfinin  sıralarının  genişlənməsi  fəhlələrin  öz 

sosial  mühitlərində  baş  verən  artımın  hesabına  da  gedirdi,  yəni  fəhlə  ailələrində 

fəhləliklə  məşğul  olan  ailə  üzvlərinin  sayı  get-gedə  artır,  qadınlar  və  uşaqlar  da 

istehsala cəlb olunurdular. 

Sənayeni,  nəqliyyatı  və  xidmət  sahələrini  fəhlə  qüvvəsi  ilə  təmin  edən 

rayonlardan  fəhlələrin  sayına  görə  Cənubi  Qafqaz  mühüm  yer  tuturdu.  1897-ci  il 

əhali  sayımının  məlumatlarına  görə,  Bakı  və  Yelizavetpol  quberniyalarındakı 

fəhlələrin 66,1 faizini Cənubi Qafqazdan çıxanlar təşkil edirdilər. Bunlar əsasən elə 

Bakı və Yelizavetpol quberniyalarının özündən çıxan və fəhlələrin ümumi sayının 

63,4  faizini  təşkil  edənlərdən  ibarət  idi  [23].  İrəvan  quberniyasından  çıxanlar 

fəhlələrin  1,2  faizini,  Tiflis  və  Kutaisi  quberniyalarından  çıxanlar  isə  1,5  faizini 

təşkil edirdilər [24]. 

Dağıstandan  da  minlərlə  kəsbkar  qazanc  dalınca  Şimali  Azərbaycanın 

sənaye  müəssisələrinə  axışırdı.  1897-ci  ildə  onlar  Bakı  və  Yelizavetpol 

quberniyalarındakı fəhlələrin 5 faizini təşkil edirdilər [25]. 

Bir  tərəfdən,  sənaye  və  nəqliyyatın  işçi  qüvvəsinə  kəskin  ehtiyacı,  digər 

tərəfdən  isə  kəndlilərin  kütləvi  surətdə  müflisləşməsi  və  Rusiyanın  bir  sıra 

quberniyalarında böyük əmək ordusu ehtiyatı mövcud olduğu şəraitdə, on minlərlə 



kəndli  oradan  qazanc  dalınca  Şimali  Azərbaycana,  xüsusən  də  Bakı  sənaye 

rayonuna yola düşürdülər. 

Fəhlə kadrlarının formalaşmasının xüsusiyyətlərindən biri onun sıralarının 

Cənubi  Azərbaycan  kəndlilərinin  nümayəndələri  hesabına  artması  idi.  Hakim 

təbəqə  tərəfindən  zəhmətkeşlərin  amansız  istismarı,  on  minlərlə  kəndlinin  var-

yoxdan  çıxması,  sənayesi  yenicə  formalaşmağa  başlayan  İranın  şəhərlərində  iş 

tapmaq  imkanının  olmaması  onları  kütləvi  şəkildə  Cənubi  Qafqaza,  xüsusən  də 

Şimali Azərbaycana kəsbkarlığa getməyə məcbur edirdi. 

1897-ci  ildə  Bakı  və  Yelizavetpol  quberniyaları  fəhlələrinin  tərkibində 

Cənubi Azərbaycandan olanlar 12,1 faizi təşkil edirdilər [26]. Şimali Azərbaycan, 

Rusiya,  Gürcüstan,  Ermənistan,  Dağıstan  və  xüsusən  də  Cənubi  Azərbaycandan 

olan  minlərlə  kəsbkar bir neçə  il Bakı və  Yelizavetpol quberniyalarının fabrik  və 

zavodlarında,  nəqliyyatında  və  digər  sənaye  sahələrində  işlədikdən  sonra  burada 

məskən  salır,  fəhlə  kadrlarına  çevrilirdilər.  Bu  da  Şimali  Azərbaycan  fəhlələrinin 

formalaşması prosesinə çoxmillətlilik xarakter verirdi. 

Neft və digər sənaye sahələrinin, nəqliyyatın coşqun inkişafı, işçi qüvvəsi 

verən çoxsaylı mənbələrin mövcudluğu Şimali Azərbaycan fəhlələri sayının surətli 

artımına şərait yaradırdı. 

1897-ci  il  əhali  sayımının  məlumatlarına  görə,  Bakı  və  Yelizavetpol 

quberniyalarında  fəhlələrin  sayı  (kənd  təsərrüfatı  fəhlələri  istisna  edilməklə)  78 

min  nəfərə  bərabər  idi  [27].  Bakı  quberniyasında  55  minə  yaxın,  Yelizavetpol 

quberniyasında  isə  23  min  fəhlə  çalışırdı.  Lakin  bu  məlumatlar  natamam  olub, 

müvəqqəti fəhlələrin çoxunu, dənizçi fəhlələri və b. əhatə etmirdi. 

Şimali  Azərbaycan  fəhlə  kadrlarının  formalaşmasının  xüsusiyyətlərindən 

biri bu prosesin genişlənməsinin yüksək sürətli getməsi idi. Bakı fəhlələrinin sayı 

xüsusən  sürətlə  artırdı.  1887-1897-ci  illərdə  fəhlə  kadrları  sayının  artım  sürətinə 

görə  neft  sənayesi  Rusiyanın  dağ-mədən  sənayesi  sahələri  içərisində  birinci  yeri 

tuturdu [28]. 

XIX  yüzilliyin  sonunda  (1900-cü  ildə)  Şimali  Azərbaycan  fəhlələrinin 

sayı (kənd təsərrüfatı fəhlələri istisna edilməklə) 100-110 min nəfərə bərabər idi. O 

cümlədən hasilat və emal sənayesində tikinti və nəqliyyatda 80-90 min nəfər fəhlə 

çalışırdı.  Ticarətdə  və  digər  xidmət  sahələrində,  sənətkarlıqda  muzdlu  fəhlələrin, 

habelə qulluqçuların sayı 20 min nəfərə çatırdı [29]. 

XIX  yüzilliyin  sonuna  yaxın  Şimali  Azərbaycanda  (İrəvan  bölgəsi 

çıxılmaqla)  fəhlə  və  qulluqçuların  ümumi  sayı  təxminən  162  min  nəfərə  (62  min 

nəfəri  Bakıda  və  97,2  min  nəfəri  qəzalarda)  çatırdı  ki,  bu  da  əhalinin  ümumi 

sayının 8,4 faizini təşkil edirdi.  Şimali  Azərbaycanda  fəhlə  kadrları qeyri-bərabər 

şəkildə yerləşirdi. Yüzilliyin sonuna yaxın 60-65 min nəfər neft sənayesi və bir sıra 

digər iqtisadiyyat sahəsi fəhləsini birləşdirən Bakı sənaye rayonu ən  iri sənaye və 

fəhlə mərkəzi idi[30]. Bakı fəhlələri Şimali Azərbaycan fəhlələrinin əsas qüvvəsini 

və  aparıcı  dəstəsini  təşkil  edirdi.  Şimali  Azərbaycanda  2  min  nəfər  fəhlənin 


çalışdığı Gədəbəy mis filizi və misəritmə sənayesi rayonu, müvafiq surətdə 3 minə 

qədər və  1  min nəfərədək  fəhləni cəmləşdirən Nuxa və Şuşa  ipək emalı sənayesi 

rayonları, 11,5 min nəfərdən çox fəhlənin çalışdığı balıq vətəgələri də seçilirdilər. 

Fəhlə  kadrları  dəmir  yolunda  (XIX  yüzilliyin  sonuna  yaxın  Şimali  Azərbaycanın 

hüdudlarında  5-6  min  nəfər  dəmiryolçu  fəhlə  vardı),  Azərbaycanın  bir  sıra 

qəzalarının  kənd  təsərrüfatı  xammalının  emalı  və  s.  müəssisələrində  də 

formalaşırdı. 

Fəhlələrin  müxtəlif  dəstələrinin  xüsusi  çəkisi  eyni  deyildi.  Fəhlə 

kadrlarının  tərkibinə  iri  hasilat  və  emal  sənayesi  müəssisələrinin  fəhlələri  ilə 

yanaşı,  xırda  sənaye,  sənətkarlıq  və  ticarət  müəssisələri  işçiləri  və  yelkənli 

donanma matrosları da daxil idilər. Xırda istehsalat fəhlələrinin xüsusi çəkisi xeyli 

yüksək  idi,  Qafqaz  diyarı  sənayesinin  1900-cü  ildə  keçirilmiş  yoxlanış 

məlumatlarına  görə,  hər  birində  15  nəfərədək  işçi  çalışan  xırda  müəssisələrdəki 

fəhlələr Bakı və Yelizavetpol quberniyaları emal sənayesi fəhlələrinin 35,5 faizini 

təşkil edirdi [31]. 

Fəhlə  kadrlarının  xüsusiyyətlərindən  biri  sənaye,  nəqliyyat  və  tikinti 

fəhlələri içərisində qadınların xüsusi çəkisinin aşağı olması idi. Qadın əməyindən 

ipək  emalı  sənayesində  və  xüsusən  də  xidmət  sahəsində  nisbətən  daha  geniş 

istifadə olunurdu. 

1897-ci  il  sayımının  məlumatlarına  görə,  Bakı  və  Yelizavetpol 

quberniyaları  fəhlələri  (qulluqçular  da  daxil  olmaqla,  ancaq  kənd  təsərrüfatı 

fəhlələri  istisna  edilməklə)  içərisində  qadınlar  cəmisi  8,7  faiz  təşkil  edirdilər, 

halbuki Rusiya imperiyası üzrə bu göstərici orta hesabla 32 faizə bərabər idi [32]. 

Şimali Azərbaycan fəhlələri içərisində uşaqların xüsusi çəkisi isə imperiya 

üzrə  olan  orta  göstəricidən  yüksək  idi.  Tam  olmayan  məlumatlara  görə,  1897-ci 

ildə  Bakı  və  Yelizavetpol  quberniyalarında  15  yaşınadək  uşaqlar  fəhlələrin  6,5 

faizini təşkil edirdi [33]. 

Əsrin  sonuna  yaxın  Şimali  Azərbaycan  fəhlələri  içərisində  ən  yüksək 

əmək  qabiliyyətli  20-39  yaşlı  fəhlələr  kateqoriyası  üstünlük  təşkil  edirdi.  Bu  da, 

hər  şeydən  əvvəl,  neft  və  digər  sənaye  sahələrində  ağır  fiziki  əməkdən  geniş 

istifadə  olunması  ilə  əlaqədar  idi.  Neft  mədənləri,  filiz  yataqları,  zavodlar  və 

fabriklərin fəhlələri ağır istismara məruz qalaraq, tezliklə əlillərə çevrilir, bu da, öz 

növbəsində, onların müəssisələrdən azad edilməsinə gətirib çıxarırdı. Bir çox fəhlə 

tez-tez  baş  verən  bədbəxt  hadisələrin  qurbanı  olurdu.  Bu  cür  şəraitdə  Şimali 

Azərbaycanda 40 yaşından yuxarı olan fəhlələrin xüsusi çəkisi orta hesabla Rusiya 

üzrə olan göstəricilərdən aşağı idi. 

Şimali  Azərbaycan  fəhlə  sinfinin  ən  mühüm  xüsusiyyətlərindən  biri  də 

onun  çoxmillətli  tərkibi  idi.  Sənaye  istehsalının  müxtəlif  sahələrində 

azərbaycanlılar,  ruslar,  ermənilər,  gürcülər,  dağıstanlılar,  ukraynalılar,  Rusiyada 

yaşayan  digər  millət  və  xalqların  nümayəndələri  çalışırdılar.  1900-cü  ildə 

sənayenin aparıcı sahəsində - neft sənayesində azərbaycanlı fəhlələrin xüsusi çəkisi 


33,8  faiz  (o  cümlədən  15,8  faizi  Şimali  və  18  faizi  Cənubi  Azərbaycandan),  rus 

fəhlələrin  19,5  faiz  erməni  fəhlələrin  25,3  faiz  dağıstanlı  fəhlələrin  13,5  faiz  və 

qeyri fəhlələrin 7,9 faiz təşkil edirdi [34]. 

Azərbaycanlı  fəhlələr  Şimali  Azərbaycanın  digər  istehsalat  sahələrindən 

mis  istehsalında,  ipək  sənayesində,  bitki  və  heyvan  məhsulları  emalında,  qara  və 

günəmuzd  fəhlələr  içərisində  sayca  üstünlük  təşkil  edirdilər.  Nəqliyyat  və 

yükdaşıma  sahəsində,  habelə  balıq  vətəgələrində  fəhlələrin  çox  hissəsi 

azərbaycanlıların payına düşürdü. 

Şimali  Azərbaycanda  fəhlələrin  xeyli  hissəsini  rus  fəhlələri  təşkil  edirdi. 

1900-cü ildə neft emalı və mexaniki emalatxanalarda onların xüsusi çəkisi xüsusən 

böyük idi. Kükürd turşusu və soda zavodlarında da fəhlələrin əksəriyyəti ruslar idi. 

XIX  əsrin  axırlarında  Azərbaycan  qəzalarında  (Bakı  istisna  olmaqla) 

fəhlələrin 65,7 faizini azərbaycanlılar, 14,4 faizini ermənilər, 5,4 faizini ruslar və 

14,5 faizini başqa millət və xalqların nümayəndələri təşkil edirdilər [35]. 

Bu  dövrdə  Şimali  Azərbaycan  fəhlələri  içərisində  Rusiyanın  40-a  yaxın 

millət və xalqının nümayəndələri vardı. 

Fəhlələrin 

peşə 


tərkibi 

iqtisadiyyatın 

istehsalat 

strukturunun 

xüsusiyyətlərini əks etdirərək, ucuz, ixtisassız əməyin xüsusən geniş yayılması ilə 

fərqlənirdi. Eyni zamanda ixtisaslı fəhlələrin xüsusi çəkisi (xüsusən də orta ixtisaslı 

fəhlələr içərisində) tədricən artırdı. 

Digər  fəhlələrin  peşə  tərkibi  onların  milli  mənsubiyyəti  ilə  bağlı  idi, 

yüksək  və  orta  ixtisas  tələb  edən  peşələrdə  yerli  fəhlələrin  sayı  çox  deyildi.  Bu, 

imperiyanın  müstəmləkə  ucqarında  yaşayan  xalqların  nümayəndələrindən  olan 

fəhlələrin  öz  ixtisaslarını  yüksəltməsini  xeyli  çətinləşdirən  müstəmləkəçi 

mütləqiyyət siyasətinin nəticəsi idi. 

Yüksək  ixtisaslı  fəhlələrin  bir  hissəsi  (qazma  ustaları,  maşinistlər  və 

onların köməkçiləri,  qismən də  tornaçılar, tökməçilər, dəmirçilər və  b.) fəhlələrin 

əsas kütlələrinə nisbətən xeyli yüksək əmək-haqqı alsalar da, Şimali Azərbaycanda 

―fəhlə aristokratiyası‖ sosial təbəqə kimi yaranmadı. 

İmperiya  üzrə  orta  göstəricilərə  nisbətən  fəhlələrin  aşağı  savad 

göstəriciləri  də  çarizmin  müstəmləkə  siyasəti  ilə  bilavasitə  bağlı  idi.  1897-ci  il 

sayımının məlumatına görə, savadlılar Rusiya fəhlələri içərisində 52,2 faiz, Bakı və 

Yelizavetpol  quberniyalarında  isə,  hətta  qara  və  müvəqqəti  fəhlələr,  balıqçılıq  və 

kənd təsərrüfatı fəhlələri, qulluqçular nəzərə alınmaqla, 24,7 faiz təşkil edirdi [36]. 

Bu,  əsasən,  Şimali  Azərbaycan  kəndləri  və  Dağıstan  aullarının,  demək  olar  ki, 

başdan-başa savadsız kəsbkarlarının kütləvi axını ilə izah olunur. 

Fəhlələr və onların uşaqları üçün təhsil, xüsusən də orta təhsil, demək olar 

ki, əlçatmaz idi. Müstəqil savadlanmaqla  məşğul olan fəhlələr böyük çətinliklərlə 

rastlaşmalı olurdular. Sənaye rayonlarında  fəhlələr üçün əlçatan olan kitabxanalar 

və  digər  mədəni-maarif  müəssisələri,  demək  olar  ki,  yox  idi.  ―Xalq  mütaliələri‖ 

adlanan tədbirlər hakimiyyət orqanları tərəfindən ciddi məhdudiyyətlərlə müşayiət 



edilirdi.  Polisin  ayıq  nəzarəti  altında  olan  bazar  günü  və  axşam  fəhlə  kurslarının 

sayı da xeyli az idi. 

Sənaye  və  kapital  təmərküzləşməsinin  güclənməsi,  kapitalizmin  inhisarçı 

inkişaf  mərhələsinə  keçməsi  ilə  əlaqədar  XIX  yüzilliyin  sonuncu  onilliyində  iri 

kapitalist müəssisələrində fəhlələrin də

 

təmərküzləşməsi prosesi gedirdi. 

1900-cü  ildə  keçirilmiş  yoxlamaların  məlumatlarına  görə,  Bakı  və 

Yelizavetpol  quberniyalarının  emal  sənayesində  fəhlələrin  32,7  faizi  o dövr  üçün 

iri sayılan, hər birinin 100-dən artıq fəhləsi olan nıüəssisələrdə, 11,5 faizi 50-dən 

100-dək fəhləsi olan müəssisələrdə, 20,3 faizi 16-50 fəhləsi olan müəssisələrdə və 

35,5  faizi  fəhlələrinin  sayı  15  nəfərədək  olan  müəssisələrdə  çalışırdı  [36].  Bakı 

quberniyasında  fəhlələrin  təmərküzləşmə  göstəriciləri  nisbətən  daha  yüksək  idi. 

Burada qeydə alınmış fəhlələrin 4% faizi fəhlələrinin sayı 100 nəfərdən artıq olan 

müəssisələrdə çalışırdı. 

1897-ci ildə sənayenin aparıcı sahəsində - neft hasilatı sənayesində neftçi 

fəhlələrin 78,6 faizi hər birində 100 nəfərdən artıq fəhləsi olan firmalarda çalışırdı. 

Bakı  rayonu  neft  sənaye  firmalarının  6,7  faizinin  payına  fəhlələrin  49,4  faizi 

düşürdü. Təmərküzləşmə səviyyəsinə görə, Bakı neftçıxarma sənayesi Rusiyada ilk 

yerlərdən birini tuturdu. 

1878-1901-ci  illərdə  Bakı  metal  emalı  sənayesində  orta  hesabla  bir 

müəssisəyə  düşən  fəhlələrin sayı,  demək olar ki,  15 dəfə  artmış və  təxminən 108 

nəfərə çatmışdı [37]. 

Bəzi  digər  sənaye  sahələrində  olduğu  kimi,  neft  sənayesində  də 

müxtəlifprofilli  müəssisələr  çox  hallarda  eyni  firma  və  ya  kompaniyaların  əlində 

cəmləşərək, əslində şöbə və ya sex vəziyyətinə düşürdü. Eyni zamanda eyni firma 

və  ya  kompaniyanın fəhlələri onlann bəzən bir-birindən uzaqda yerləşən müxtəlif 

müəssisələrində çalışırdı. Zaman keçdikcə belə firmaların müxtəlif müəssisələrində 

çalışan,  vəziyyətlərin  eyni  xüsusiyyətləri,  eyni  bir  sahibkara  qarşı  mübarizənin 

mənafeyi  ilə  birləşdirilən  fəhlələri  bir-biri  ilə  əlaqə  yaradır,  birgə  çıxışlar  təşkil 

edir və  i.a. Bununla  belə  eyni firmanın  müxtəlif  mədən, zavod və  emalatxanaları 

fəhlələrinin  pərakəndəliyi  fəhlə  kütlələrinin  sahibkarlara  və  çar  hökumətinə  qarşı 

mübarizə üçün birləşməsi yolunda maneələr yaradırdı. 

Fəhlələrin  bu  cür  qeyri-mütəşəkkilliyi  dəniz  donanmasında  özünü  daha 

qabarıq göstərirdi. Burada eyni firmanın müxtəlif gəmilərindəki matroslar bir-biri 

ilə, demək olar ki, təmasa girmir və bunlar arasında  əlaqələrin yaradılması böyük 

səylər tələb edirdi. 

Yelizavetpol  quberniyasında  mis-filiz  və  misəritmə,  habelə  ipək  sənayesi 

fəhlələrin yüksək təmərküzləşmə səviyyəsi ilə fərqlənirdi. 

Eyni  zamanda  Şimali  Azərbaycanda  elə  sənaye  sahələri  (şərabçılıq, 

araqçəkmə,  pambıqtəmizləmə  və  b.)  vardı  ki,  onlarda  fəhlələrin  təmərküzləşmə 

göstəriciləri çox aşağı səviyyədə idi. Ticarət sahəsinin fəhlələri və təbii ki, qulluqçular 

arasında pərakəndəlik və qeyri-mütəşəkkillik hökm sürürdü. 



Buna  baxmayaraq,  fəhlə  kütlələrinin  iri  müəssisələrdə  cəmləşməsi  Şimali 

Azərbaycan fəhlələrin ön cərgəsinin, neft, metal emalı mis, ipək və s. bu kimi sənaye 

sahələrində  onun  qabaqcıl  təbəqələrinin  formalaşması  üçün  mütərəqqi  əhəmiyyətə 

malik idi. 

Şimali  Azərbaycanda  daimi  və  fəhlə  əsilli  kadrların  yaranması  yerli  fəhlə 

kadrlarının  formalaşması  prosesində  xüsusən  mühüm  rol  oynayırdı.  Bakı  sənaye 

rayonunda kəsbkarların torpaqla, kənd təsərrüfatı ilə əlaqələri Şimali Azərbaycanın digər 

rayonlarına nisbətən sürətlə zəifləyirdi. XIX yüzilliyin sonuna yaxın yayda buradan tarla 

işlərinə gedən fəhlələrin sayı ilbəil azalırdı. 

Ancaq  Şimali  Azərbaycan  fəhlələrinin  torpaqla  əlaqələrinin  zəifləməsi 

prosesi  bütövlükdə  götürüldükdə  tədricən  gedir,  çox  vaxt  bir  neçə  fəhlə  nəslinin 

ömrünü əhatə edirdi. Ölkənin yerli əhalisinin nümayəndələrindən olan fəhlələrin xeyli 

hissəsi  kəndlərlə  sıx  surətdə  bağlı  idi.  Çox  vaxt  kəndlərdə  torpaq  və  təsərrüfatla 

birlikdə onların ailələri də qalırdı. 

Ağır  iş  və  həyat  şəraiti  də  fəhlələrin  kənd  təsərrüfatı  ilə  əlaqələrinin 

vəziyyətinə  müəyyən  təsir  göstərirdi.  Bu  şərait  üzündən  (habelə  kəndlərdə  pay 

torpaqlarının saxlanılması ilə əlaqədar olaraq) fəhlələrin bir çoxu evlənməmiş qalır və 

yaxud da kənd yerlərində qalmış ailələrindən ayrılıqda, şəhərdə tək yaşayırdılar. 

80-ci  və  xüsusən  də  90-cı  illərdə  Şimali  Azərbaycanın  bir  sıra  sənaye 

sahələrində  və  nəqliyyatında  fəhlə  kadrları  formalaşırdı.  Məsələn,  1899-cu  ildə 

keçirilmiş yoxlamanın nəticələrinə görə, Bakının Balaxanı-Sabunçu rayonunda qeydə 

alınmış 18 min nəfərdən çox fəhlənin 61,2 faizi bir ildən çox, 31 faizi 3 il və daha artıq, 

17,4  faizi  isə  5  ildən  yuxarı  mədənlərdə  işləyirdi  [38].  Bununla  yanaşı  nəzərə  almaq 

lazımdır ki, bu fəhlələrin bir hissəsi əvvəllər digər sənaye müəssisələrində çalışmışdılar. 

Tökməçilər,  yağlayıcılar,  dülgərlər,  çilingərlər,  xarratlar,  dartayçılar,  dəmirçilər, 

açarçılar,  maşinistlər  və  onların  köməkçiləri,  qazma  ustaları  və  onların  köməkçiləri 

arasında  fəhlə  əsilli  kadrlarının  xüsusi  çəkisi  nisbətən  daha  yüksək  idi.  Cənubi 

Qafqaz dəmir yolunda da xeyli fəhlə çalışırdı. 

Simali  Azərbaycan  sənayesi  və  nəqliyyatına  gələn  kəsbkar  kəndlilərin 

fəhləyə çevrilməsinin XIX yüzilliyin 70-80-ci illərindəkinə nisbətən 90-cı illərində 

xeyli  sürətlə  getməsi  daimi  fəhlə  kadrlarının  formalaşması  üçün  mühüm 

əhəmiyyətə malik idi. 

Əgər  Şimali  Azərbaycan  sənayesi  və  nəqliyyatının  bəzi  sahələrində  böyük 

istehsalat  stajına  malik  fəhlə  kadrlarının  yaranması  prosesi  daha  yüksək  sürətlə 

gedirdisə, digər sahələrdə bu proses xeyli ləng gedirdi. Fəhlə axıcılığı da mənfı sosial-

siyasi nəticələrə gətirib çıxarırdı. Bu, xüsusən yeyinti sənayesində, dəniz nəqliyyatında, 

ticarətdə, yük daşınmasında və s.-də özünü daha kəskin şəkildə göstərirdi. 

Eyni  zamanda  fəhlə  axıcılığı  barədə  məlumatların  təhlili  göstərir  ki,  əksər 

hallarda  bu  axıcılıq  fəhlələrin  eyni  sənaye  mərkəzi  hüdudları  daxilində  bir 

müəssisədən digərinə keçməsi şəklində təzahür edirdi. 



Beləliklə,  XIX  yüzilliyin  70-90-cı  illərində  Şimali  Azərbaycanda  intensiv 

surətdə fəhlə sinfinin formalaşması prosesi gedir, alət və vasitələrdən məhrum olan, 

əksər  hissəsi  kənd  təsərrüfatı  ilə  əlaqələrini  kəsmiş  və  ya  bu  əlaqələri  zəiflətmiş,  iri 

müəssisələrdə cəmlənən, uzun illər boyu sənaye və nəqliyyatda çalışan sənaye fəhlə 

kadrları yaranırdı. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin