Məzdək hərəkatı və onun ictimai xarakteri haqqında Bizans, Suriya, ərəb və İran mənbələrində külli miqdarda məlumata rast gəlmək olar. Təbəri özünün "Tarixe ər – rüsul və əl-müluk" adlı əsərində, Əbu Mənsur Səalibi "Yətimət əd-dəhr", Məsudi "Müruc əz-zəhəb və əl-məadin əl-cövhər", Şəhristani "Əl-miləl və əl-nihəl", Nizamülmülk "Siyasətnamə", Firdovsi "Şahnamə" əsərində Məzdəkilər hərəkatı və onun ictimai xarakteri haqqında ətraflı məlumat vermişlər. Bundan başqa Bizanslı Prokopinin əsərində də Məzdək hərəkatı haqqında maraqlı faktlar vardır. Həmin mənbələrdən istifadə edən Çexoslovakiya tarixçisi O. Klima və Sovet tarixçisi N. V. Piqulevskaya Məzdək hərəkatı və onun tarixi, ictimai xarakteri haqqında bir sıra qiymətli tədqiqat əsərləri nəşr etdirmişlər.