Firmanın xaricə çıxma təşəbbüsü ya müəssisənin daxili tələbatları ilə, ya da ki, xaricdən daxil olan təkliflərlə bağlıdır. Hər iki halda müəyyən etmək lazımdır ki, məhsulun hansı növü və miqdarı ixrac və yaxud idxal ediləcəkdir, hansı ölkələrdən və hansı ölkələrə, hansı bazarlara ilk növbədə istiqamətlənmək lazım gələcəkdir.
Bazarın seçimi zamanı aşağıdakı cəhətləri nəzərə almaq lazımdır:
bazara yeridilmə problemi və bununla bağlı olan məsrəflər;
mal göndərişi və satışının mümkün ola bilən həcmləri;
biznesin artırılması üçün inkişafın meylləri və perspektivləri;
bazarda rəqabətqabiliyyətli malların olması;
vəziyyətin qeyri-müəyyən olması və informasiya qıtlığı ilə bağlı olan risk;
istehlakçıların milli xüsusiyyətləri ilə şərtlənən məhduduiyyətlər;
kommersiya üzrə tərəf-müqabillərin dil və mədəni yaxınlığı.
Beynəlxalq kommersiya fəaliyyəti üç əsas formada həyata keçirilə bilər: ixracat-idxalat əməliyyatlar formasında, xarici sərmayələr (investisiyalar) əsasında müəssisələrin yaradılması yolu ilə və birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi əsasında.
İxracat-idxalat əməliyyatları iki üsülla həyata keçirilə bilər: birbaşa və dolayı.
Birbaşa əməliyyatlarda kommersiya müəssisəsi ixracat-idxalat əməliyyatlarını müstəqil olaraq həyata keçirir, bunun üçün özünün vətəndə və xaricdə olan ixtisaslaşmış xidmətlərindən, həmçinin xarici agentlərdən istifadə edirlər.
Dolayı əməliyyatlarda ixracat-idxalat əməliyyatları müstəqil vasitəçilər – beynəlxalq tacirlər tərəfindən aparılır.
Birbaşa əməliyyatlar ciddi ilkin kapital qoyuluşlarını, hazırlıqlı kadrların və xaricdə geniş şəbəkəli aparatın olmasını, böyük təcrübə tələb edirlər . Buna görə də onlar adətən əhəmiyyətli resurslara malik olan iri müəssisələr tərəfindən aparılırlar.
Dolayı əməliyyatlar beynəlxalq kommersiya fəaliyyətinə təzə başlayan və onun üçün xas olan riskdən yaxa qutarmağa can atan nisbətən böyük olmayan müəssisələr üçün xarakterikdir.
Fəal və passiv ixracat-idxalat əməliyyatlarını fərqləndirmək lazımdır.
Fəal əməliyyatlar malın yeridilməsi strategiyasının xarici və yerli bazarlarda reallaşdırılması ilə bağlıdır, passivlər – gündəlik məsələlərin həll olunması məqsədi daşıyırlar, məsələn, müəyyən malın müvəqqəti qıtlığının ləğv edilməsi, artıq olan mövsümi malların satışı və s.
İxracat-idxalat əməliyyatlarının həyata keçirilmə texnologiyası bir sıra dövrələri nəzərdə tutur:
Sıfr dövrəsi: ixracat və yaxud idxalat üçün ilkin şərtlərin yaradılması; burada söhbət ixracat imkanlarının və idxalat tələbatlarının aydınlaşdırılmasından gedir.
Birinci dövrə: əməliyyatdan qabaq fəaliyyət dövrüdür; o, aşağıdakı addımlardan ibarətdir:
ixracatçı bazarı tədqiq edir və satış haqqında təklif verir;
idxalatçı bazarı tədqiq edir və sifariş və yaxud tələbnamə verir;
ixracatçı idxalatçıdan tələbnamələrin və yaxud sifarişlərin alınmasını təsdiq edir və onların şərtlərini təhlil edir;
idxalatçı ixracatçıdan təklifərin alınmasını təsdiq edir və onların şərtlərini təhlil edir;
ixracatçı ticarət tərəf-müqabilinin seçimini həyata keçirir; idxalatçı bu seçimlə razılaşır (və yaxud razılaşmır).
İkinci dövrə: kontraktın bağlanılması; bu, aşağıdakı addımlardan ibarətdir:
ixracatçı sifarişi təsdiq edir və kontraktın layihəsini hazırlayır;
idxalatçı kontraktın layihəsini hazırlayır;
idxalatçı və ixracatçı danışıqlar zamanı kontraktı razılaşdırırlar.
Üçüncü dövrə: kontraktın yerinə yetirilməsinin təmin edilməsi; bu, aşağıdakı addımlardan ibarətdir:
ixracatçı lazım olan hallarda idxalat lisenziyasını rəsmiləşdirir;
idxalatçı malın daşınması üzrə ixracatçıya təlimatlar verir;
ixracatçı malı hazırlayır və yükləyib göndərir;
ixracatçı və idxalatçı yükü sığortalayırlar;
ixracatçı və idxalatçı yükün sərhəddən keçirilməsi üçün lazımi sənədləri təmin edirlər;
idxalatçının bankı pulu ixracatçının bank hesabına köçürür.
Dostları ilə paylaş: |