"Xalqların böyük köçü"nün başlanması.
Eramızın IV əsrinin sonunda barbar tayfalarının xüsusilə böyük, kütləvi hərəkəti və onların Roma imperiyası ərazisinə müdaxiləsi başlandı ki, bu da adətən "Xalqların böyük köçü" adlanır. Barbar tayfalarının imperiyaya hücumları birincisi onların içərisində əmlak və ictimai bərabərsizliyin dərinləşməsi və ikincisi isə var-dövləti artırmaq, torpaqlar və hərbi qənimət ələ keçirmək cəhdi ilə əlaqədar idi. Bu zaman üçün qədim almanlardan ötrü müharibə ali və daimi məşğuliyyətə çevrilmişdi. Roma imperiyasının ərazisi özünün güniş, yaxşı becərilən torpaqları və zəngin şəhərləri ilə barbarlardan ötrü xüsusi cazibə qüdrətinə malik idi. Oturaq həyata keçid nəticəsində həyat səviyyəsinin yüksəlməsi sayəsində əhalinin artımı da həmçinin "Xalqların böyük köçü"nün amillərindən biri oldu.
Bununla bərabər qədim alman tayfaları xaricdən də təzyiqə məruz qalırdılar. Onlar məskən salmaq üçün yeni torpaqlara ehtiyac hiss edən qonşuları tərəfindən sıxışdırılırdılar. Asiyanın köçəri tayfalarının əraziyə xüsusilə kəskin ehtiyacları vardı. Bu tayfalar onlarda mövcud olan istehsal üsulu (köçəri maldarlıq) ilə əlaqədar olaraq çox geniş ərazilər ələ keçirməyə cəhd edirdilər. Külli miqdarda köçəri atlılarına müvəffəqiyyətlə müqavimət göstərməyə qadir olmayan əkinçi tayfaları abadlaşdırılmış ərazini tərk edib gedir, öz növbəsində məskən salmaq üçün yararlı vilayətlər üstündə başqa barbar tayfaları və ya Roma ilə mübarizəyə keçirdilər.
Barbar tayfalarının eramızın IV əsrinin sonundan VI əsrin sonuna qədər davam etmiş hərəkətləri, bundan əvvəlki köçlərdən həm öz miqyasına, həm də xarakterinə görə fərqlənirdi. Bu köçdə Avropa ərazisi ilə 1000 kilometrlərlə irəliləyən barbarların xüsusilə böyük kütlələri iştirak edirdi. Barbarlar Roma dövlətinin sərhəd vilayətlərinə hücum etməklə kifayətlənməyib, imperiyanın daxili rayonlarına da soxuldular. Quldarlıq istehsal üsulunun dərinləşməkdə davam edın böhranı şəraitində ictimai ziddiyyətlər nəticəsində zəifləyən Roma imperiyası işğalçılara tutarlı müqavimət göstərmək iqtidarında deyildi.
Hunların hərəkəti "Xalqların böyük köçü" üçün başlanğıc təkanı oldu. IV əsrin ikinci yarısında Volqa ilə Don arasındakı ərazidə özəyi Asiyadan gəlmə hunlardan (bir qrup tədqiqatçılar onları türk mənşəli, digəri isə monqol mənşəli tayfalara aid edir) ibarət olan tayfa birliyi yarandı. Onlar nəsli-tayfa quruluşunda yaşayırdılar. Hunlar köçəri-maldar idilər. Əkinçilik nə olduğunu bilmirdilər. Sənətkarlıq sahələri rüşeym halında idi. Tayfanın ixtiyarında olan torpaq bütün tayfanın mülkiyyəti idi. Bütün başlıca işlər xalq yığıncaqlarında (atdan düşmədən) həll olunurdu. Hərbi əməliyyatlar dövrü üçün hərbi başçılar seçilirdi. IV əsrdə hunlarda daimi kral hakimiyyəti yox idi.
IV əsrin ikinci yarısında qərbə doğru irəliləyən hunlar Don hövzəsində alan tayfasını darmadağın etdilər. Sonra 375-ci ildə hunlar Qara dəniz ətrafında qot tayfa birliyini məğlub etdilər. Nəticədə, tabeliyində çoxlu qonşu tayfalar olan bu birlik dağıldı. Ostqotların bir hissəsi hun birliyinin tərkibinə daxil oldu, digəri qərbə doğru irəlilədi.
Dostları ilə paylaş: |