AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTETİ
FAKÜLTƏ : TARİX VƏ COĞRAFİYA
İXTİSAS : TARİX MÜƏLLİMLİYİ
QRUP : 208
KURS : II
TƏLƏBƏ : TÜRKAY BAĞIRZADƏ
FƏNN : ORTA ƏSRLƏR TARİXİ
MÜƏLLİM : AYTƏN MEHDİYEVA
SƏRBƏST İŞ MÖVZULARI
İspanların Amerikada müstəmləkə işğalları
XVII əsrin əvvələrində Çində kəndli müharibəsi
Avropada millətlərin formalaşması
XVI – XVII əsrlərdə Avropa dövlətləri ilə Osmanlı imperiyası arasında əsas ziddiyyətlər
Avropada millətlərin formalaşması
Çağdaş dünyada iki yüzə yaxın tanınmış dövlətdə 4000 millət və etnik qrup yerləşir. Bu, millət və dövlətlərin sərhədlərinin üst-üstə düşməməsinin göstəricisidir. Çox vaxt bir dövlətdə bir neçə millət olur (çoxmillətli dövlətlər), bəzən isə bir millətin bir neçə dövləti olur (bölünmüş millətlər). Başqa bir halda isə millətin ümumiyyətlə özünəməxsus dövləti olmur (dövlətsiz millətlər).
Avropada millət-dövlətlərin yaranması əsasən üç aşamadan keçmişdir. İlk millət-dövlətlər birinci aşamada İngiltərə, Niderland və Fransada yarandı. Bu sıraya araşdırıcılar bəzən İsveçi də aid edirlər.
Millət, ya dövlətin daha öncə meydana gəlməsi də fərqli durum yaradır. Millət daha tez yaranıb, dövləti ardınca çəkirsə, ona millət-dövlət deyilir (Yaponiya, Çin, Almaniyadakı kimi). Dövlətin yaranması millətin yaranmasını qabaqlayırsa, ona dövlət-millət deyilir (ABŞ və Amerika qitəsinin başqa dövlətlərindəki kimi). Bu ikinci qrupdakılar yuxarıda da deyildiyi kimi, territorial, ya siyasi millətlər adlanır. Mövzumuz gərəyi biz millət-dövlətlər üzərində duracağıq. Bu qrupa daxil olan dövlətlərdə millət ilə dövlət arasındakı münasibətlərdə önəmli cəhətlərdən birisi də onların sərhədlərinin (millətin və dövlətin) əsasən üst-üstə düşməsi, bir millətin bir dövlət təşkil etməsidir.
Ingilis millətinin yaranma tarixi barədə araşdırmaçıların fərqli fikirlər irəli sürmələrinə baxmayaraq, bu sürəcin məhz İngiltərədə başlanması haqqında aşağı-yuxarı fikir birliyi var. Joseph R. Strayer İngiltərənin artıq XV yüzildə açıq-aydın millət-dövlətə çevrildiyini yazır. Liah Greenfeld isə hesab edir ki, “İngiltərədə milli hisslərin meydana çıxması” XVI yüzilin ilk sülsünə təsadüf edir. Modernist yazarlardan Elie Kedourie’yə görə, XVIII yüzilədək İngiltərədə millətçilikdən danışmağın heç anlamı yoxdur; millət hətta ondan (millətçilikdən) da sonra yaranmışdır. İngilis millətinin yaranması məsələsini xüsusi araşdırmış Adrian Hastings isə hesab edir ki, “millət” (nation) sözünün “XIV yüzilin başlarından tez-tez və ardıcıl olaraq işlədilməsi İngilislərin özlərini bir millət saymalarına əsas verir.” Yazar İngilislərdə millət fikrinin yaranmasında önəmli rolu olmuş qaynaqlardan geniş bəhs edir. Bu qaynaqlardan birincisi keşiş Bede’nin 730-cu ildə yazdığı təxmin edilən İngilis xalqının mənəvi tarixi (Ecclesiastical History of the English People) adlı əsərdir. Bu əsər Latınca yazılmasına baxmayaraq, İngilislərin keçmişi haqqında mühüm bilgilər verməkdədir. Bede, German tayfaları Saksonlar, Angllar və Jutların (Jutes) V yüzildə Britaniya adalarına yerləşmələri, burada ayrı-ayrı krallıqlar (bəyliklər) qurmaları, qohum tayfaların qaynayıb-qarışması və vahid etnik birlik (gens Anglorum) yaratmaları haqqında yazmışdır. Bede’nin bu “milli tarix kitabı”nı 150 il sonra Batı Sakson kralı Alfred İngiliscəyə çevirmişdir. Məhz bu hadisəni Hastings “millət-dövlətin yaranmasının başlanması” adlandırır. İngilislər arasında “unifikasiya sürəcinin” sürətlənməsinə, onun fikrincə, iqtisadi həyatda (ticarətdə), siyasi idarəçilikdə (shire bölgüsü) və dini sahədə baş vermiş dəyişikliklər (Protestantizm) təkan vermişdir. Bu arada (1066-cı il) bəlli Norman işğalı baş vermiş, hakim sinfin tərkibi yeni gələnlərin xeyrinə dəyişmiş, iki yüzil İngilis dilini idarəçilikdə Fransızca əvəzləmişdir. Döyüşdə qalib gəlmələrinə baxmayaraq, azsaylı Normanlar ictimai həyatda zamanla mövqelərini itirib, yerli xalq tərəfindən assimilyasiyaya uğradılar. 1363-cü ildə parlament artıq İngiliscə açıldı. Həmin tarixdə İncil tamamilə İngiliscəyə çevrilmişdi. Siyasi hakimiyyətin birbaşa istəyi ilə Roma kilsəsinə tabe olmayan bağımsız protestant Anqlikan kilsəsi yaranmış (1550-lərdə), ibadətin, daha sonra təhsilin İngiliscəyə keçməsi İngilislər arasında millət quruculuğu sürəcinə yeni təkan vermişdi. Çap işlərinin genişlənməsi bu sürəci daha da sürətləndirdi. 1645-ci ildə artıq ən azı 722 qəzet çap edilirdi. 1707-ci ildə Şotlandiyanın İngiltərəyə birləşdirilməsi və yeni imperiyanın “Britaniya” adı alması milli kimlikdə də mühüm dəyişikliyə nədən oldu. Artıq “Britaniya milləti” anlayışı dominant xarakter aldı. Bununla belə, Hastings’in qeyd etdiyi kimi, yerli kimliklər (bu sıradan “İngilis milləti”) aradan getmədi, “Britaniya” [milləti] sadəcə olaraq vahid kimliyin başqa bir adı oldu.”
Tarixən ikinci millət-dövlət də əski German tayfalarının (Franklar, Batavi, Chauci, Chamavi, Chattuari və b.) təmərküzləşməsi əsasında İngiltərənin güneyindəki Aşağı Ölkələrdə (İngiliscəsi: Low Countries) meydana gəldi. Orta yüzillərdə “Niderland” sözü dəniz səviyyəsinə yaxın, aşağıda (nether) yerləşmiş bölgənin (land) təsviri üçün istifadə edilirdi. Bu bölgənin quzeyi isə “Holland” (meşəlik) adlanırdı. Burada məskunlaşmış tayfalar Batı German dilləri qrupuna daxil olan, burada yaranmış millətə adını vermiş Dutch dilində danışırdı. Bu dilin varlığını göstərən ilk yazılı qaynaq m.s. 500-cü illərə aid edilən Lex Salica adlı Frank hüquq mətni sayılır.
Müqəddəs Roma İmperiyasında Niderland zəngin ucqarlardan biri sayılırdı, o, XIII yüzildən sonra faktik olaraq muxtar vilayət oldu. Habsburq hakimiyyəti dövründə o, ayrıca inzibatı vahid statusuna malik idi. 1477-dən sonra inzibati həyatda Fransızca yerinə Dutch dili istifadə edilməyə başlandı. XVI yüzilin başlarında burada özünü göstərən Protestant Reformasiyası hərəkatı xalqın və ölkənin gələcək taleyini müəyyən etdi. Dutch bölgəsinin hakimi İspaniyalı II Filip bu hərəkata qarşı acımasız savaşa başladı. Bu bölgənin yenidən Katolikliyə qovuşması üçün Protestantlara qarşı kütləvi təqib və qətllər başlandı. Uzun sürən Dutch inqilabı (1566, ya 1568–1648) Niderlandın bağımsızlığı, burada respublikanın qurulması və 1648-ci ilin məşhur Westphalia müqaviləsində bu bağımsızlığın təsdiqi ilə nəticələndi. Dil ilə başlanan milli təmərküzləşmə (millət quruculuğu) sürəci bağımsız respublika idarəçiliyi, urbanizasiyanın dərinləşməsi, xarici ticarətin (eləcə də müstəmləkəçiliyin) genişlənməsi və azad bazara dayalı iqtisadiyyatın böyüməsi, sekularizmin artması sayəsində çox sürətlə irəli getdi. Dutch millətinin biçimlənməsində və burada millət-dövlətin yaranmasında bu amillərlə yanaşı milli mədəniyyətin, bu sıradan Rembrant, Vermeer, Van Gogh kim rəssamların önəmli rolu olmuşdur.
Fransada millət-dövlətin yaranması məsələsi həm tarixilik, həm də burada millət və dövlət quruculuğunun özünəməxsus yolla getməsi baxımından özəl diqqət tələb edir. Çağdaş Fransa zamanla çeşidli etnik qrupların yerləşdiyi ərazi olmuşdur. M.ö. VII yüzildə buraya Orta Avropadan Kelt tayfaları (Fransızca: Celtes) köçmüş, buraya daha əvvəllər yerləşmiş əski İtaliya (İtalic), Breton, Aquitan (Basklar), İber, Liguria və əski Yunan tayfalarını özlərinə tabe etmişlər. Bu Keltlər arasında Qallar (Fransızcası Gailes, İngiliscəsi Gauls) və Belgae tayfaları sayca başqalarından daha çox idi. Antik qaynaqlarda bu ərazi əsasən Gallia, ya Celtica adlanırdı. Bu torpaqları m.ö. 58-51-ci illərdə məşhur Roma generalı (daha sonar konsulu) Julius Caesar işğal etdi və bir neçə yüzil o, Roma İmperiyasının tərkibində qaldı. Roma və Qal mədəniyyətləri və xalqlarının qarışması nəticəsində burada hibrid Qal-Roma mədəniyyəti yarandı. Qal dili Latınla qarışaraq Vulqar Latın adlanan bir dilə çevrildi. Roma İmperiyasının sonlarından başlanan üçüncü kütləvi miqrasiya buranın etnik mənzərəsinə mühüm özəlliklər gətirdi. Bu dəfə Germandilli Frank, Visigoth, Suebi, Saxon, Allemanni, Burgund tayfaları yerləşdilər və çağdaş Fransa, geniş ərazili Frank İmperiyasının (481-843) bir hissəsinə çevrildi. Yerli əhalinin danışdığı dil də Frankların adını aldı (la langue française). Daha sonra, IX yüzildə başqa bir German tayfası olan Vikinqlər Skandinaviyadan Normandiyaya endilər (yerli etnik adları Norman). Bu arada bəzi Kelt tayfaları Britaniya adalarından gəlib çağdaş Fransanın quzey-batısındakı Brittanybölgəsinə yerləşdilər.
Fransa Krallığı dövründə (843-1792) modern dövlətin yaranması ilə yanaşı, onun etnik təmərküzləşmə sürəcinə təsiri önəmli ölçüdə artdı. Özəlliklə Yüzillik savaş (1337-1453) və məzhəb savaşları (1562-98) etnik birliyin biçimlənməsi sürəcinə yön verdi. Yüzillik savaş nəticəsində Fransa, əhalisinin yarısını itirdi, Normandiya əhalisinin dörddə üçü, Paris sakinlərinin isə üçdə ikisi qırıldı. Bununla belə savaş etnik birlik duyğusunun yayılmasına təkan verdi. Savaşın yalnız Fransa və İngiltərə kralları arasında deyil, uyğun olaraq xalqlar arasında getdiyi düşüncəsi yayğın idi. İngiltərədə yayılmış şayiələrə görə, Fransa buranı işğal edib, İngilis dilini tamamilə aradan aparmağı planlaşdırıbmış. Halbuki savaşın gərəkdirdiyi düşmən obrazının təsiri altında İngiltərədə Norman işğalından sonra rəsmi dilə çevrilmiş Fransızcanın rolu durmadan azalmaqda idi. Yuxarıda da deyildiyi kimi, artıq 1362-ci ildə İngiltərə parlamenti ilk dəfə İngiliscə çıxışla işinə başlamışdı.Fransada da anladılar ki, xarici işğalçıları vətənlərindən qovmaq üçün savaş vacibdir. Gənc kəndli qızı Jeanne d’Arc yalnız uğurlu savaşın deyil, həm də bütövlükdə etnik təmərküzləşmənin simvoluna çevrildi.
Fransada millət quruculuğu sürəcinə təsir edən obiri amil burada Reformasiyanın aşırı qanlı hadisələrlə müşayət edilməsi oldu. Fransa kralları Protestant hərəkatını lap başından əzməyə çalışdılar. Ancaq güclü müqavimətə rast gəldilər; yerli Protestantlar (Fransada onlara Huguenot deyirdilər) hətta bəzi şəhərləri ələ keçirə bilmişdilər. Bir neçə onil davam edən məzhəb savaşlarında 2-4 milyon adamın qətl edildiyi, təkcə Müqəddəs Bartholomew gecəsində Parisdə və əyalətlərdə 10 min adamın öldürüldüyü təxmin edilir. Bourbon sülaləsinin ilk kralı IV Henri’nin verdiyi Nantes sənədi ilə (Fransızcasıl'Édit de Nantes) Protestantlara özəl ibadət və bərabər vətəndaşlıq haqları vəd edildi. Bundan sonra məzhəb savaşının xeyli dərəcədə səngiməsinə baxmayaraq, zaman-zaman məzhəb ziddiyyətləri yeni repressiyalara nədən oldu, bəzən hətta qanlı forma aldı. Fransada etnik birliyin varlığını təmin etmək üçün burada sonralar ən sərt formada sekulyarizmin tətbiqi gərəkli sayıldı.
Fransada modern dövlət quruculuğu İngiltərə və Niderlandda olduğundan fərqli yolla getdi. İngiltərədə parlamentli monarxiya, Niderlandda respublika idarəçiliyi quruldusa, Fransa, mütləq monarxiya yolunu seçdi. Birinci iki ölkədə siyasi cəhətdən fəal və maddi baxımdan varlı ticarət- sənaye təbəqələri öz hakimlərinin iqtidarını ölkə miqyasında məhdudlaşdırmağa çalışdılar və buna nail oldular. Onlar çağdaş anlamda demokratiya, ya dini azadlıq istəmirdilər, onlar təmsilçi hökumətlər qurdular, dini inanclar sahəsindəki fərqliliyi qanuni şəklə saldılar. Fransada isə monarxiya hər şeyin üstündə yer aldı. Kral yerli elitlərin arxasında durduğuna, onların maraqlarını qoruduğuna baxmayaraq, ölkə miqyasında İngilis Parlamenti kimi milli qurum (müəssisə) yaranmasına imkan vermədi. Kardinal Richelieu’nin idarəçiliyi dövründə (1624-42) Fransa Avropanın ən qüdrətli dövlətinə çevrildi, onun “raison d'état” (“dövlət marağı”) prinsipinə əsaslanan gerçəkçi siyasəti sonunda monarxik hakimiyyəti gücləndirdi. XIV Louis (“Günəş kral”, 1643-1715) Avropada ən böyük ordunu qurdu, hərbi-dəniz donanması yaratdı və məzhəb ayrılığını basdırdı. Fransada mərkəzləşdirilmiş monarxiya modelinin ilk şüarı “tək kral, tək qanun, tək inanc” idisə, XIV Louis, mütləqiyyətinin güclənməsindən sonra parlamentə müraciətində məşhur “L’état c’est moi” (“Dövlət elə özüməm”) ifadəsini işlətməyi lazım bilmişdi. Bu mütləq hakimiyyət aşağı-yuxarı 150 il, Fransız inqilabınadək ayaqda qala bildi.
Orta çağlar Avropasının etnik və siyasi yapısında mühüm rol oynamış Vikinqlərin (Normanların) qurduğu başqa bir millət-dövlətdən də qısaca söz etmək gərəkdir. Quzey German dilli Skandinaviya tayfalarının Vikinq Çağında (İngiliscəsi Viking Era, VIII-XI yüzillərdə) dünyanın çeşidli yerlərinə, özəlliklə qonşu Britaniya adalarına, indiki Fransa, Doğu Avropa ərazilərinə yürüşləri gedişində onların bir hissəsi buralarda hakim sinfə çevrildi və bu ölkələrdə millət-dövlət sürəcinin gedişinə həssas təsir etdi. Skandinaviyanın özündə isə bir neçə dövlət-millət yarandı. Bunlardan tarixi baxımdan ən qədimi İsveçdir. XVII yüzildə Avropanın və dünyanın ən böyük güclərindən biri İsveç İmperiyası idi. İsveç imperatoru Gustav Adolphus Müqəddəs Roma İmperiyasının başına keçməyə iddialı idi. Həmin bu yüzil İsveç millətinin (İngiliscəsi Swedes, Swedish people) biçimlənməyə başladığı çağlar sayılır.
Alman siyasətçilərinin bir qismi üçün millət məfhumuna plüralist yanaşma xas deyildi; özəlliklə bu, Katoliklərlə yanaşı, Yəhudi azlığına münasibətdə də özünü göstərdi. Məhz bu xüsusiyyətinə görə Peter Alter Alman millətçiliyini inteqrativ, əslində, assimilyativ millətçilik sayır.
Millət-dövlət konsepti çoxmillətli dövlətlər, şəhər dövlətləri, imperiyalar, konfederasiyalar və başqa dövlət quruluşlarından fərqlənir, hətta onlara ziddir. Burada əsas fərqləndirici özəllik millət-dövlətdə bir millətlə bir dövlətin üst-üstə düşməsidir. Halbuki, məsələn, XVIII yüzildə Avropada mövcud olmuş çoxetnoslu imperiyalarda – Avstriya İmperiyası, Fransa Krallığı, Macarıstan Krallığı, Rusiya İmperiyası, Osmanlı İmperiyası, Britaniya İmperiyası və kiçik dövlətlər haqqında bunu demək mümkün deyildir. Bu imperiyalar monarxiya idilər və kral, imperator, ya sultan tərəfindən idarə edilirdi. Bu dövlətlərin əhalisi çeşidli etnik qruplara bölünür, çeşidli dillərdə danışırdı. Adətən bu imperiyalarda bir etnik qrup hakim mövqeyə malik idi və onun dili rəsmi dövlət dili idi. Hakim sülalə adətən bu etnik qrupdan olurdu, ancaq intisna hallar da mümkün idi. Avropadakı kiçik dövlətlər (bizdəki xanlıqlar, bəyliklər kimi) etnik baxımdan mürəkkəb olmasalar da dinastik dövlətlər idi və bir xanədan ailəsi tərəfindən idarə edilirdi. Onların ərazisi sülalə nigahları vasitəsilə genişlənə bilərdi. Onlar bir qayda olaraq əlahiddə dilə və kültürə sahib deyildilər, ətrafdakı bölgədə də eyni dil və kültür yayğın idi.
Birlik və bütünlük içində bir topluluq (birlik) qurmaq üçün millət-dövlət, kültür bütünlüyünün yanında siyasi bütünlüyü də yaratmalıdır. Başqa sözlə, millət-dövlətlər toplumu ortaq bir siyasi kültür ətrafında bütünləşdirməkdə, bir siyasi topluluq halına gətirməkdə də maraqlıdır. Bu siyasi bütünlük ölkədə tək bir siyasi hakimiyyətin varlığını, siyasi iradənin bir mərkəzdə toplanmasını, ya da bu mərkəzdən paylanmasını, hər yerdə eyni qanunların keçərli və bərabər olmasını ehtiva edir. Siyasi bütünlük əsasən vətəndaşlıq bağı deyilən, fərdlə dövlət arasındakı hüquqi bağla təmin edilməkdədir.
Millət-dövlətin üçüncü qurucu özəlliyi idari bütünlükdür, yəni bir mərkəzi hökumət ətrafında təşkilatlanan idari və siyasi vahidlərin var olmasıdır. Milli hakimiyyət prinsipindən qaynaqlanan tək bir hökumətin varlığı, bu hökümətdən qaynaqlanan eyni tipli, güclü və təsirli bir idari təşklatlanmanın ölkə miqyasında mövcudluğu önəmli bir millətləşmə vasitəsi sayılmaqdadır
Beləliklə, Avropada millət-dövlətlərin yaranması haqqında yuxarıda qısaca göz atdığımız tarixi təcrübə və bu sahədə çalışmış mütəxəssislərin fikirlərinə dayanaraq millət-dövlətə aşağıdakı kimi yanaşmaq mümkündür: Millət-dövlət, eyni məkanda, ya aşağı-yuxarı eyni zamanda mövcud olan dövlətlə mütləq hakimiyyəti əlində saxlayan millətin bir arada olmasının ifadəsidir. Siyasi-etnik təşkilatlanmanın millət-dövlət formasını var edən gerçək milli hakimiyyət, biçimlənmiş milli kimlik təməl ünsürləri və ölkə coğrafiyasının, siyasətinin və idarəsinin bütünlüyüdür.
Bügünkü dünyada mövcud olan dövlətlərin əksəriyyəti bu keyfiyyətlərə malik olduğunu iddia edir. Halbuki yuxarıda da işarə edildiyi kimi onların çoxu bu keyfiyyətlərə yaxın belə gəlmir.
AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTETİ
FAKÜLTƏ : TARİX VƏ COĞRAFİYA
İXTİSAS : TARİX MÜƏLLİMLİYİ
QRUP : 208
KURS : II
TƏLƏBƏ : TÜRKAY BAĞIRZADƏ
FƏNN : MÜLKİ MÜDAFİƏ VƏ TİBBİ BİLİKLƏRİN ƏSASLARI
MÜƏLLİM : N. Mirzəyev
Ədəbiyyat siyahısı
Şubay Muradxanlı “ Asiya və Afrika xalqlarının tarixi Bakı “ Elm “ 2013
Atamoğlan Məmmədli Asiya və Afrika ölkələrinin tarixi
Telman Orucov Ümumdünya tarixi Orta əsrlər. Adiloğlu Bakı 2011
İnternet resursları : Kayzen , Wikivisually
Dostları ilə paylaş: |