AZƏRBAYCAN
MİLLİ
ELMLƏR AKADEMİYASI
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU
AZƏRBAYCAN
Etnoqrafiyası
ÜÇ CİLLDƏ
II CİLDƏ
ŞƏRQ-QƏRB
BAKI 2007
Baş redaktor:
Teymur Bünyadov
akademik
Redaksiya heyəti:
Maisə Rəhimova
Qəzənfər Rəcəbli
Tofiq Babayev
Qabil Əliyev
Fəzail Vəliyev
Solmaz Məhərrəmova
Şirin Bünyadov
ISBN 978-9952-34-092-1
305.8/0094754-dc22
Etnoqrafiya-Azərbaycan
Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild.
Bakı, “Şərq-Qərb”, 2007, 384 səh.
Bu kitab Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi
mədəniyyət və ailə məişəti məsələlərinə həsr edilmişdir. Cilddə xalqımız çoxəsrlik
tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və
içkiləri, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri geniş və əhatəli
şəkildə öz əksini tapmışdır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və
dəfn mərasimi məsələləri də işıqlandırılır.
ÖN SÖZ
Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən
Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda
yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması,
inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.
Xalqımız bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün
çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və
inkişaf etdirmişdir. “Azərbaycan etnoqrafiyası”nın ikinci cildinin
əsasən bu problemə həsr edilməsi də təsadüfi olmayıb, tam
qanunauyğunluq kimi qəbul edilməlidir. Heç şühbəsiz, maddi və
mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə
çatmasına zəmin yaratmışdır.
Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin
ocaqlarından sayılır. İki milyon yaşı olan bu əzəli, əbədi və müqəddəs
torpaqda ulu əcdadlarımız çox qədim dövrdən sığınacaq tapıb, məskən
salıb, yuva qurub, ocaq çatıb, qayım-qada olub, dövran sürüb, zaman-
zaman yaşayıb, kamala yetib, təkamülə, tərəqqiyə çatıblar. Xalqımız
ana vətəninin əsil sahibi, əvəzsiz varisi, qoruyub-saxlayanı, qurub-
yaradını olub, dünyanın ən qədim və mədəni etnoslarının biri kimi
tanınıb, sayılıb, seçilib.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik bir kəlamını
xatırlatmaq istərdik: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan
nadir ölkələrdən biridir. Buarda həyat çox erkən yaranmışdır və Azıx
mağarasından tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan
məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və
Gəmiqayadakı ayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı
mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, kurqan tapıntıları
sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda
inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.
Azərbaycan dövri-qədimdən məşəllənib, sinəsindən od
parlayıb, atəş saçıb. Ulularımız bu işığa, bu oda pənah gətiriblər, bu
inanca sitayiş ediblər. Adını yanar odlardan alıb, Odlar ölkəsi adlanıb.
Bu müqəddəs adla fəxr ediblər, qürur duyublar. Adlarını uca tutublar.
Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin
flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli
sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha
çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir
ki, xalqımız minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa
ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni
əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan, qovuşuqluqdan çox
şey əxz etmiş, faydalanmış və zənginləşmişdir.
Deməli, xalqımızın etnoqrafiyası Qafqaz, bir qədər də geniş
mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz
tərkib hissəsidir. Ona görə də, təbii olaraq, kitabda bu mühüm cəhətə
xüsusi diqqət yetirilmişdir. Qarşıya qoyulan hər hansı bir məsələ təcrid
edilmiş şəkildə deyil, ümumi tarixi qanunauyğunluqlarla, müqayisəli və
əlaqəli şəkildə araşdırılır.
Xalqşünaslar xalqın çoxsahəli fəaliyyətini geniş araşdırarkən
onu təkcə qeydə almağa, təsvir etməyə deyil, eyni dərəcədə təhlilinə,
bərpasına çalışır, xronoloji ardıcıllıq prinsipinə uyğun olaraq sadədən
mürəkkəbə doğru inkişafını izləyir, ona zamanın tələbi baxımından
yanaşırlar. Etnoqrafiya elmi hər hansı bir hadisənin, məsələnin və ya
kiçik bir əşyanının necə yarandığını, hansı inkişaf mərhələlərindən
keçdiyini, nə kimi deformasiyaya uğradığını, aradan çıxması səbəbini
və ya inkişaf etməsi yollarını tarixi ardıcıllıqla izləyir və araşdırır.
Xalqımızın çoxsahəli, zəngin irsini yetərincə və hərtərəfli
öyrənmədən onun keçdiyi inkişaf mərhələlərini, mübarizəli tarixini,
maddi və mənəvi dünyasını lazımi səviyyədə tədqiq etmək qeyri-
mümkündür. Etnoqrafiya elmi hazırda qurub-yaradan xalqımızın qədim
və müasir tarixinin, mədəniyyətinin əhatəli şəkildə öyrənilməsinə təsirli
kömək göstərir, onu yeni dəlil-sübutlarla daha da zənginləşdirir, gələcək
nəsillər üçün qoruyub saxlayır, mənəvi varisliyin tarixi ardıcıllığını
təmin edir.
Respublikada azərbaycançılıq ideologiyasının daha da inkişaf
etidirilməsi üçün xalqı birliyə, ayrılmazlığa səsləyən ulu öndərimiz
Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir.”
Alimlərimiz “Azərbaycan etnoqrafiyası”nın ikinci cildini
qələmə alarkən bir ideologiyadan bəhrələnmiş, onu rəhbər tutmuşlar.
Böyük zəhmətin və gərgin əməyin məhsulu olan bu kitabın
ərsəyə gəlməsində zəngin çöl–etnoqrafik materialları və bu sahədə
aparılan tədqiqatların nəticələri əsas yer tutur. Bununla belə, kitabda
çoxsaylı dəyərli mənbələr, xarici və yerli səyyahların qeydləri,
arxeologiya və tarix elminin nailiyyətləri, arxiv sənədləri, ayrı-ayrı
muzeylərdə qorunub saxlanan kolleksiyalar, ədəbiyyat, folklor, tətbiqi
sənət, memarlıq və s. elm sahələrinə həsr edilmiş araşdırmalardan və bu
sahələri əks etdirən dövri mətbuatdan geniş istifadə edilmişdir.
Böyük elmi, təcrübi və tərbiyəvi əhəmiyyətə malik olan
“Azərbaycan etnoqrafiyası”nın ikinci cildi xalqımızın çoxəsrlik
tarixinin, arxeologiyasının, memarlıq və incəsnət tarixinin hərtərəfli
işıqlandırılmasına öz töhfəsini verəcək, onların daha dolğun və zəngin
olmasına şərait yaradacaqdır.
Təqdim olunan bu cilddə xalqımızın etnoqrafiyası ən qədim
dövrdən başlayaraq, XX əsrin ilk qərinəsinə qədərki dövri əhatə edir.
Lakin, əsas tədqiqat obyekti kimi XIX əsr və XX əsrin əvvəlləri
götürülmüşdür. İkinci cilddə etnoqrafiya elminin mühüm tərkib hissəsi
olan maddi mədəniyyət və ailə məişət məsələləri geniş və hərtərəfli şərh
edilmişdir.
Kitabda ilk öncə maddi mədəniyyətin aparıcı sahələrindən olan
yaşayış məskənləri və yaşayış evləri məsələləri özünün dolğun və
əhatəli şəkildə tədqiqini tapmışdır.
Hələ çox qədim zamanlardan Azərbaycan ərazisinin müxtəlif
bölgələrində ibtidai insanlar ovçuluq və balıqçılıqla məşğul olaraq
yaşayışlarını təmin etmişlər. İsti iqlim şəraitində yaşayan ibtidai
insanlar açıq səma altında güzəran keçirmiş, dövran sürmüşlər. Lakin,
zaman keçdikcə, xüsusən də buzlaşmalar dövründə insanlar sərt hava
şəraitinə uyğun olaraq təbiətlə ölüm-dirim mübarizəsinə başlamışlar.
Onlar davamlı yaşayışlarını təmin və təsdiq etmək üçün ovladıqları
vəhşi heyvanların dərisindən sadə geyim dəsti hazırlamış, müxtəlif
quruluşlu sığınacaq, mağara və düşərgələrdə məskunlaşmışlar.
Ərazimizdə təbii və süni yaşayış məskənlərinin tarixi əsasən qədim daş
(paleolit) dövründən başlayır. Azərbaycanın dağ və dağətəyi
bölgələrində alimlər tərəfindən bu dövrə aid onlarca mağara və digər
sığınacaq yerləri qeydə alınmışdır.
Azərbaycanda əhalinin artması ilə əlaqədar tarixin sonrakı
inkişaf mərhələlərində, daha dəqiq desək, ibtidai icma quruluşunun
dağıldığı və sinifli cəmiyətin yarandığı dövrdən etibarən kənd tipli
yaşayış məskənləri daha geniş intişar tapmışdır. Buraya tarixən
yaranmış oba, şenlik, yurd, düşərgə, qışlaq, yaylaq, yataq, binə və
başqa yaşayış məskəni tiplərini də daxil etmək olar.
Heç şübhəsiz, ənənəvi yaşayış məskəni tiplərindən biri
şəhərlərdir. Azərbaycanda dövlətin yaranması ilə şəhərlər özünün geniş
inkişafına başlayır. Bu tarix təxminən e.ə. I minilliyin başlanğıcına
təsadüf edir. Belə qədim şəhərlər arasında Təbriz, Ərdəbil, Marağa,
Şamaxı, Qəbələ, Bərdə, Dərbənd, Gəncə, Naxçıvan, Bakı, Beyləqan,
Şabran, Şuşa və bir sıra başqalarını misal göstərmək olar. Kitabda
şəhərsalma qaydaları, planlaşdırma, şəhərin daxili və xarici quruluşu,
hakimlərin sayı, inzibati binalar, sənətkarlar və tacirlərin məhəllələri
haqqında dolğun məlumat verilir.
Azərbaycan ərazisində yaşayış məskənləri kimi, yaşayış evləri
də öx müxtəlifliyilə səciyyələnir. Ev insanların rahatlığını, istirahətini,
təsərrüfatını və həyati tələblərini təmin edən abidədir. Yaşayış evlərinin
tiplərinin təşəkkül tapmasında inşaat materiallarının əhəmiyyəti
böyükdür. Xalqımız evlərin tikilməsində ənənəvi inşaat materialı kimi
daş, kərpic, ağac, gil, torpaq, gəc, əhəng, kirəmit, qır, qarğı-qamış,
çubuq və keçədən istifadə etmişdir. Yaşayış evlərinin tikilməsində
mahir sənətkarlar bel, kərpic qəlibi, daş baltası, daş çəkici, daş kərkisi,
dəmir bıçaq, mişar, balta, kərki, çəngəl, dəhrə, rəndə, iskənə, toxmaq,
torpaq şadarası, oraq və dəryazlara üstünlük vermişlər.
Kitabda sadədən mürəkkəbə doğru inkişaf etmiş ev tiplərinin
şərhi verilmişdir. Qazma tipli qaradam, çubuq evlər, kərpic durma,
səlyani, qoclu evlər, kərtmə evlər, alaçıqlar və s. araşdırılır.
Təkmilləşmiş ev tipləri- ağ ev, işıqlı ev XIX əsrin sonu XX əsrlərdə
geniş intişar tapmışdır. Burada evlərin plan quruluşu, daxili səliqə-
sahmanı, qızdırılması və işıqlandırılması haqqında mılumat verilir.
Azərbaycanda tarixən təbii-coğrafi şərait, sosial-iqtisadi
vəziyyət, əhalinin məişət tərzi və təsərrüfat məşğuliyyətinə uyğun bir
sıra təsərrüfat tikililəri də yaranmışdır. Cilddə məişətlə, maldarlıqla
bağlı, istehsalatla əlaqədar təsərrüfat tikililəri ətraflı araşdırılır.
Kitabda xalqımızın tikinti mədəniyyəti ilə bağlı bir sıra adət-
ənənələri diqqəti çəkir və böyük maraq kəsb edir. Dərin məna və
məzmunu ilə seçilən bu adət-ənənələr xalq sənətkarlarının zəngin bilik
və təcrübələrinin göstəricisi olmaqla bərabər, həm də tikinti
mədəniyyətinin üstün cəhətlərini özündə əks etdirir. Adət üzrə yeni
tikiləcək ev yerinin halallığı alınardı. Bir qayda olaraq “el ağzında, sel
ağzında, yol ağzında ev tikmək” məsləhət görülməzdi. Düşər-düşməzi
nəzərə alınardı. Tikinti yerinin halallığı üçün ağsaqallarla, ustalarla
məsləhətləşər, onların xeyir-duası alınardı. Bu işdə qəlbitəmiz, gözütox,
əməlisaleh, əliyüngül, ayağıuğurlu insanlara müraciət edilərdi.
Evi inşa edən bənna hazırlıq gördükdən sonra “xoşbəxt
yaşayın”, “uğurlu olsun”, “içində qayım-qada olsun” kimi arzusunu
bildirərdi. Ev sahibi isə “çox sağ ol”, “işiniz avand olsun” deyərdi. Evin
tikintisinə başlayanda qurban kəsmək, sədəqə-niyaz paylamaq adəti
mövcud olmuşdur. Tikiləcək evlərdə xoşbəxtlik, bolluq və bərəkət
rəmzi kimi bünövrəyə metal pul, buğda, çörək və duz qoyardılar. Evin
tikintisində qohum-qonşu, dost-tanış və yaxınlar iştirak edərdi. Ev
tikilib başa çatdıqdan sonra qonaqlıq verilər, ailəyə səadət arzulanardı.
Etnoqrafiya elmində ənənəvi geyimlər və bəzəklər maddi
mədəniyyətin mühüm tərkib hissəsi kimi qəbul edilir və öyrənilir. Bu
sahələrin yetərincə araşdırılması xalqın milli xüsusiyyətlərinin inkişaf
səviyyəsini, estetik və bədii zövqünü göstərməklə yanaşı, etnik və sinfi
mənsubiyyətinin müəyyənləşdirilməsində qiymətli mənbədir. Təsadüfi
deyildir ki, geyim və bəzəklər öz məqsəd, məram və məzmunu etibarilə
mənəvi mədəniyyətin də tədqiqinə işıq salır, köməklik göstərir. Əsrlərcə
arxaikliyini və dəyişikliyini qoruyub saxlayan geyim və bəzəklər
müəyyən mənada xalqın etnogenezi məsələsinin öyrənilməsində
yardımçı olur.
Geyim mədəniyyətinin ilkin izlərinin tarixi qədim daş
dövrünə aid edilir. Məlumdur ki, geyim mədəniyyətinin inkişafında
təbii-coğrafi şərait, xüsusilə iqlimin rolu böyük olmuşdur. Buraya
əhalinin dünyagörüşü, mənəvi-əxlaqi, sosial-iqtisadi durumu da
daxildir.
Azərbaycanda Neolit dövründə daha da inkişaf edən maldarlıq
təsrrüfatı, xüsusilə qoyunçuluğun yerli əhalinin həyatında oynadığı
aparıcı rol toxuculuq sənətinin inkişafına da zəmin yaratmışdır. Mis,
Tunc, İlk Dəmir dövründə toxuculuğun inkişafı yeni geyim növlərinin
yaranmasına və çoxalmasına səbəb olmuşdur. Arxeoloji materiallar və
tarixi qaynaqlarda Manna, Midiya, Atropatena və Albaniyada çeşidli
geyim dəstlərinin olması haqqında məlumatlar vardır.
Artıq ilk orta əsrlərdən etibarən toxunan rəngarəng, çeşid-çeşid
parçalardan kişi, qadın və uşaq geyimlərinin hazırlanması haqqında
arxeoloji materiallarda, yazılı qaynaqlarda, xalq yaradıcılığı
nümunələrində, şairlərin və səyyahların əsərlərində nisbətən dolğun
məlumatlara rast gəlinir.
Kitabda parça toxuculuğu və çeşidli geyim istehsalının daha çox
Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Gəncə, Ordubad və başqa
Azərbaycan şəhərlərində inkişaf etdiyi qeyd olunur. Ərazimizdə yunun,
pambığın, ipəyin, kətanın, dəri və gönün yetərincə olması geyimlərin
növ müxtəlifliyinə şərait yaratmışdır. Bir qayda olaraq, Azərbaycanda
milli xalq geyimləri üç tipə bölünür: qadın, kişi və uşaq geyimləri.
Kitabda təbii olaraq qadın geyimlərinə geniş yer verilir,
onun üstün cəhətləri göstərilir. Ənənəvi qadın geyimləri özünün zərif,
incə toxunuşu, rəng əlvanlığı, zəngin naxış çalarlığı, dəbdəbəliyi ilə
diqqəti cəlb edir. Bu kitabda qadın geyimlərinin bölgələr üzrə növ
müxtəlifliyi geniş şərh olunur və geyimlərdə bölgələr üzrə növ
müxtəlifliyi və oxşar cəhətləri müəyyənləşdirilir. Qadınların mövsümi,
gündəlik, şənliklərdə, toy və bayramlarda geydikləri mərasim geyim
dəstlərinə xüsusi yer verilir.
Qadınlarda olduğu kimi, kişilərin də ənənəvi geyim dəsti
olmuşdur. Kitabda kişi geyim dəstinin lokal-məhəlli səciyyə daşıyan
cəhətləri qeyd edilir, həm də alt, üst, ayaq və baş geyimlərinin
əhəmiyyəti və rolu göstərilir. Təsərrüfatla bağlı, mövsümlə əlaqədar,
sinfi mənsubiyyəti ilə fərqlənən geyimlər tarixi aspektdə işıqlandırılır.
Burada uşaq geyimlərinin növ müxtəlifliyi haqqında da ətraflı
məlumatlar vardır.
Bu kitabda kişi, qadın və uşaq geyimlərini tamamlayan, onlara
xüsusi yaraşıq və gözəllik bəxş edən bəzəklər xoronoloji prinsipə uyğun
şəkildə işıqlandırılır, bəzək zinət əşyalarının əsrlərcə istehsalı dəlil-
sübutlarla təqdim edilir. Mahir zərgərlərimizin incə zövqlə
hazırladıqları sırğa, üzük, bilərzik, sinəbənd, asmamöhür, medalyon,
sancaq, telbasan, kəmər, toqqa və s. bəzəklər öz yaraşığı, zərifliyi, göz
oxşaması, könül xoşlaması ilə diqqəti cəlb edir.
İnsanların bəşər sivilizasiyasına verdiyi ən böyük kəşflərdən
biri əkinçilik mədəniyyətdir. Azərbaycanda ən qədim və aparıcı
təsərrüfat sahəsi taxılçılıq olmuşdur. Burada insanlar taxılın
becərilməsi, döyülüb saxlanılması qaydaları ilə yanaşı, onun
üyüdülməsini də mənimsəmişlər. Dənin üyüdülməsi çörəkbişirməyə
hazırlıq mərhələsi hesab olunur. İnsanlar hələ Neolit dövründə dən
üyüdülməsində sadə dən daşlarından istifadə etmişlər. Əkinçiliyin
sonrakı inkişaf mərhələsində daha əlverişli və mürəkkəb quruluşlu dən
daşları meydana gəlmişdir. Sadə dən daşlarından daha təkmil dən
daşlarına keçiddə əl dəyirmanları (kirkirə) əsas rol oynamışdır. İlk
sinifli cəmiyyətin yarandığı dövrdən etibarən taxılçılığın daha geniş
miqyas alması nəticəsində zaman-zaman su, yel dəyirmanları, qoşqu və
buxar mühərriki ilə hərəkətə gətirilən dəyirmanlardan da istifadə
edilmişdir.
Dənüyütmə qaydalarından sonra çörəkbişirmənin üsul və
vasitələri xronoloji ardıcıllığa uyğun olaraq şərh olunur. Minilliklərdən
üzü bəri xalqımız çörəkbişirmədə sadə çalalardan, daş ocaqlardan,
müxtəlif quruluşlu yeraltı və yerüstü təndirlərdən, səngək kürəsindən
istifadə etmiş, güzəran keçirmişdir. Gil və metaldan hazırlanan müxtəlif
quruluşlu saclar maldar əhali arasında daha çox yayılmışdır.
Kitabda çörəkbişirmə, unun ələnməsi və xəmirin
yoğurulmasında istifadə edilən ələk, kəsdi, xərək, külçəbasan və s.
vasitələr haqqında ətraflı məlumatlar verilir.
Müqəddəs nemət sayılan çörəyi vətənlə, torpaqla, ellə, obayla
müqayisə etmişlər. Çörəkbişirmə ilə bağlı maraqlı adət-ənənələr, xalq
deyimləri xüsusi maraq doğurur: “İstəyirsən bol çörək, al əlinə bel
kürək”. Çörək təkcə ruzi deyil, heçnə ilə əvəz edilməyən, dərin məna
kəsb edən ən əziz nemət hesab edilmişdir: “El basılar, çörək basılmaz”,
“Hər şeydən keçilər, çörəkdən keçilməz”, “Övlad atılar, çörək atılmaz”.
Təsadüfi deyildir ki, “Torpaq haqqı, çörək haqqı” deyirik. Çörək
dindi, bərəkətdi: “Qılınc kəsməyəni çörək kəsər”, “Çörək itirəni çörək
tutar”, “Çörək çörəyə borcludur”, “Bir dəfə çörək yediyin yerə min dəfə
baş əy”.
Bəşər tarixinin ilk çağlarından insanlar təbii tələbatlarına uyğun
yemək və içkilərdən istifadə etmişlər. Hələ ibtidai icma quruluşu
dövründə insanlar yaşamaq üçün topladıqları yabanı bitki və meyvəni,
ovladıqları vəhşi heyvanların ətini və balıqları yemiş, güzəran
keçirmişlər.
Zaman keçdikcə, dövran dəyişdikcə, minilliklər arxada qaldıqca,
əsrlərə qovuşduqca Azərbaycan xalqı çeşid-çeşid yeməklər, növ-növ
içkilər hazırlamışdır. Xalqımızın zəngin mətbəxi özünün növ
müxtəlifliyilə geniş ərazidə şöhrət qazanmışdır. Bu üstün cəhət və
seçim indi də dünya xalqları tərəfindən tanınır və qəbul edilir. Kitabda
Azərbaycan mətbəxinə dair maraqlı mülahizələrin verilməsi təbiidir.
Xalqımızın yaratdığı, inkişaf və davam etdirdiyi müxtəlif çeşidli
yeməklər və içkilər əsrlərcə qazanılan zəngin təcrübəyə və ənənəyə
əsaslanır. Kitabda qənnadı məlumatı və şirniyyatlar, xəmir, düyü, süd,
ət, quş, balıq, bostan-tərəvəz yeməkləri, şorbalar, şirələr, şərbətlər və
digərləri haqqında da dolğun məlumatlar verilir. Yeməklərin yüksək
keyfiyyətlə hazırlanmasında duz, bal, turşular, habelə istiot, darçın,
zəncəfil, hil, mixək, zəfəran, sarıkök, sumax, nanə və s. ədviyyatdan
istifadə edilməsi şərh edilir. Burada yeməklərin və içkilərin hazırlanma
qaydaları, istifadə edilən qablar haqqında məlumatlar da xüsusi maraq
doğurur. Yeməklər və içkilər haqqında verilən məlumatlar təkcə elmi
deyil, həm də praktik əhəmiyyət daşıyır.
Maddi mədəniyyətin əsas tərkib hissələrindən biri də xalq
nəqliyyatı vasitələridir. Nəqliyyat vasitələrinin yaranması,
təkmilləşməsi və müxtəlifliyi təbii-coğrafi şərait və ərazinin relyefilə
sıx bağlıdır. Azərbaycanlılar bu şəraitə uyğun olaraq minilliklər boyu
sadədən mürəkkəbə doğru bir sıra nəqliyyat vasitələri yaratmış,
təsərrüfatda, maddi və mənəvi həyatın müxtəlif sahələrində geniş
istifadə etmişlər. Ərazidə ilk sadə nəqliyyat vasitələrinin tarixi ibtidai
icma quruluşu dövrünə aiddir.
Ən qədim nəqliyyat vasitələrindən biri əl sürütməsidir.
Sonralar minik və yük nəqliyyat vasitələri daha geniş yayılmışdır.
Şübhəsiz, ilk sinifli cəmiyyətdə ən sürətli və geniş yayılan nəqliyyat
vasitəsi atdır. Təxminən 5 min illik tarix boyu atdan yük və minik
vaisitəsi kimi istifadə edilmişdir. Kitabda dəvə və digər qoşqu nəqliyyat
vasitələri, xizək, kirşə, ikitəkərli və dördtəkərli arabalar, faytonlar,
dilican, eləcə də müxtəlif su nəqliyyatı vasitələri geniş işıqlandırılır.
Yollarla bağlı məlumatlar da kitaba dolğunluq və bitkinlik gətirir.
İkinci cilddə ailə və məişət məsələlərinə də geniş yer
verilmişdir. Aydın məsələdir ki, bu problem əhəmiyyəti baxımından
təkcə etnoqrafların deyil, həm də hüquqşünasların, filosofların,
psixoloqların və bir sıra başqa elm sahələrinin mütəxəssislərinin
tədqiqat obyektinə çevrilmişdir. Əhəmiyyəti böyük, lakin, öyrənilməsi
çətin olan bu sahənin, etnoqrafiya elminin tərkib hissəsi kimi, etnoqraf-
alimlərin daha çox marağına səbəb olması tam qanuni haldır.
Əsrlərcə varislik ənənəsini qoruyub saxlayan ailə həyatın mənası
və bünövrəsidir, cəmiyyətin özülü, ölçüsü və meyarıdır. Ailə böyük
sərvət, kiçik dövlətdir.
İctimai-tarixi kateqoriya olan ailə cəmiyyətin ən kiçik
kollektividir. Azərbaycanlılarda ailənin tarixən iki forması olmuşdur:
böyük ailə və kiçik ailə. Böyük ailələr, yaxud ailə icmaları üç, dörd və
bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə və
nəticələri, eləcə də qardaşların ailələrini birləşdirir.
Ailə icmasına daxil olan bütün ailələr bir evdə birgə yaşayır və
vahid təsərrüfata malik olurlar.
XIX-XX əsrlərdə Azərbaycanda “qalıqlar” şəklində ailə
icmalarının hələ də mövcud olması ilə yanaşı, ailənin əsas forması-kiçik
ailələr da var idi. Kiçik ailə iki yolla yaranırdı: böyük ailənin
parçalanması yolu ilə və ailədə həddi-buluğa çatmış oğulun evləndikdən
sonra ayrılıb müstəqil ailə qurması ilə. Böyük ailə və kiçik ailə arasında
fərq yalnız ailə üzvlərinin sayında olmamışdır. Onların arasında bir
kəmiyyət fərqi ilə yanaşı, əsas iki keyfiyyət fərqi də olmuşdur.
Birincisi, böyük ailənin mülkiyyəti də ailə icmasına məxsus olduğu
halda, kiçik ailənin əmlakı yalnız ailə başçısının mülkiyyəti sayılırdı.
İkincisi, böyük ailə şaquli istiqamətdə 3-5 nəsildən, üfüqi istiqamətdə
isə qardaşların ailələrindən ibarət olduğu halda, kiçik ailənin yalnız
şaquli istiqamətdə 2-3 nəsildən ibarət olması xarakterikdir.
Kiçik ailələr quruluşuna görə iki yerə bölünür: Sadə və
mürəkkəb ailələr. Sadə ailə iki nəsildən yəni ata-ana və onların
uşaqlarından; mürəkkəb ailə isə üç nəsildən, yəni baba-nənə, ata-ana nə
nəvələrdən ibarət olur.
Azərbaycan milli ənənələrinə görə hər bir ailədə atanın övlad
qarşısında üç borcu vardır: tərbiyə etmək, təhsil vermək və
evləndirmək. Atanın övladı qarşısında bu üç borcunu yerinə yetirməsi
ailənin həyata keçirdiyi üç əsas funksiyası ilə təmin olunur: təsərrüfat
funksiyası, nəsilartırma funksiyası və uşaqların tərbiyəsi funksiyası.
Ailə üzvləri arasında qarşılıqlı münasibətlər bu funksiyaların həyata
keçirilməsi ilə bağlı olan adət-ənənələr əsasında formalaşır. Ailə üzvləri
arasında bu qarşılıqlı münasibətlər-ər ilə arvad, gəlin ilə qayınana,
valideynlər ilə övladlar və s. arasındakı münasibətlər də ailə və ailə
məişətinə həsr olunmuş fəsildə geniş şərh edilir.
“Ailə və ailə məişəti” fəslində ailə-nikah münasibətlərinə
xüsusi
bölmə ayrılmışdır. Burada ibtidai icma cəmiyyəti dövründə
Azərbaycanda mövcud olmuş ekzoqam və endoqam nikah adətlərindən,
monoqam və poliqam nikah formalarından bəhs olunur, orta əsrlərdə isə
Azərbaycanda islamın şəriət qanunları ilə nizamlanan nikah
münasibətləri açıqlanır və qohumla evlənmə dairəsinin şəriət qanunları
ilə müəyyən edildiyi vurğulanır. Bu bölmədə Azərbaycanda nikah yaşı,
normaları, levirat və sororat nikah adətləri və qızqaçırma adətindən də
bəhs edilir və onların sosial məzmunu açıqlanır.
“Ailə və ailə məişəti” ndə toy mərasiminin bütün mərhələləri-
qızbəyənmə, elçilik, nişan, toy şənlikləri və gənc ailənin toydan sonrakı
həyatının bəzi məqamları şərh edilir. Bu bölmədə toy zamanı həyata
keçirilən mərasimlər, adət-ənənələr təhlil edilir, onların sosial mahiyyəti
açıqlanır. Burada toy şənlikləri zamanı hazırlanan xörəklər, çalınan
musiqi, oxunan nəğmələr, oynanılan rəqslər və keçirilən idman
yarışlarından da bəhs olunur.
Kitabda gəlinin ər evinə gəlməsindən sonra başlanan gənc
ailənin həyatının ilk mərhələsi də təsvir edilir. Gənc ailənin həyatında
dünyaya təzəcə gəlmiş körpənin tərbiyəsinə xüsusi yer ayrılır.
Hamiləlik, doğum və doğumdan sonrakı dövrdə gəlini şər qüvvələrdən
qorumaq üçün icra edilən ayinlərdən, yenicə doğulmuş körpə ilə bağlı
həyata keçirilən adət-ənənələrdən bəhs olunur.
“Ailə və ailə məişəti” nin son bölümü dəfn və yas mərasimləri
ilə bağlı ayinlərə və adət-ənənələrə həsr olunmuşdur. Bölümdə yas
mərasimində icra olunan ayinlər, matəm səciyyəli ağlaşmalar, deyilən
ağılar, verilən ehsanlar açıqlanır və yasdançıxma ilə bağlı “Qara
bayram” ayini təsvir edilir.
Kitabın əyaniliyini artırmaq, onu daha da əhəmiyyətli,
məzmunlu və oxunaqlı etmək məqsədi ilə bölmələr zəngin və nadir
illüstrativ materiallarla təmin edilmişdir.
Kitabın müzakirələrinin təşkilində görkəmli etnoqraflardan
Şahpələng Quliyev və Tofiq Kərimovun xidmətləri böyükdür. Bu
müzakirələrdə yaxından iştirak edən tarixi-etnoqrafiya şöbəsinin
əməkdaşlarının, çoxsaylı informatorların köməyini, cildin nəşrə
hazırlanmasında Təranə Quluzadənin və Nigar Vahabovanın, illüstrativ
materialların işlənməsində rəssam Solmaz xanım Hüseynovanın
əməyini xüsusi qeyd etmək lazımdır.
Teymur Bünyadov
akademik
Поделитесь с Вашими друзьями: |