AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


ƏKİNÇİLİKDƏKİ İNQİLABIN SƏNAYEYƏ ƏKS TƏSİRİ. SƏNAYE KAPİTALI ÜÇÜN DAXİLİ BAZAR YARANMASI



Yüklə 1,16 Mb.
səhifə11/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   8   9   10   11   12   13   14   15   16

5. ƏKİNÇİLİKDƏKİ İNQİLABIN SƏNAYEYƏ ƏKS TƏSİRİ. SƏNAYE KAPİTALI ÜÇÜN DAXİLİ BAZAR YARANMASI

Kənd əhalisinin dönə-dönə, daim təkrar olunan bir surətdə mülkiyyətdən məhrum edilməsi və torpaqdan çıxarılıb qovulması, gördüyümüz kimi, daim, şəhər sənayesinə, heç bir sex münasibətləri ilə əlaqədar olmayan yeni-yeni proletar kütlələri verirdi,–məhz bu qəribə vəziyyət qoca A. Andersonu (Cems Andersonla qarışdırılmamalı) ticarət tarixi haqqındakı əsərində78 bu işdə allah-taalanın əli olduğuna ciddi inandırmışdır. Biz ibtidai yığımın bu cəhəti üzərində daha bir dəqiqəliyə dayanmalıyıq. Joffrua Sent-İler (Bax: onun «Notions de Philosophie Nature le», 1838.) dünya materiyasının bir yerdə sıxlaşmasını onun başqa bir yerdə seyrəkləşməsi ilə izah edir, lakin təkbaşına təsərrüfatçılıq edən müstəqil kənd əhalisi seyrəkləşdikcə bu yalnız sənaye proletariatının sıxlaşması ilə bitmirdi. Torpağı becərənlərin sayca azalmasına baxmayaraq, torpaq əvvəlki qədər və ya hətta daha artıq məhsul verirdi, çünki torpaq mülkiyyəti münasibətləri sahəsindəki inqilabın nəticəsində becərmə üsulları yaxşılaşır, kooperasiya genişlənir, istehsal vasitələri təmərküzləşir və i.a., çünki muzdlu kənd təsərrüfatı fəhlələri nəinki daha intensiv işləməyə məcbur edilir (Bu cəhəti ser Cems Stüart qeyd edir77.), həm də onların özləri üçün işlədikləri istehsal sahəsi getdikcə daha çox kiçilirdi. Beləliklə, kənd əhalisinin bir hissəsinin sərbəstləşməsi ilə bərabər onun əvvəlki yaşayış vasitələri də sərbəstləşir. İndi bunlar dəyişən kapitalın maddi ünsürlərinə çevrilir. Yer ilə göy arasında qalmış olan kəndli həmin yaşayış vasitələrinin dəyərini öz yeni ağası olan sənaye kapitalistinin yanında əmək haqqı şəklində qazanmalıdır. Kənd təsərrüfatının sənaye üçün verdiyi yerli xam materialın da aqibəti, yaşayış vasitələrinin aqibəti kimi oldu. O, sabit kapitalın ünsürünə çevrildi.

Məsələn, fərz edək ki, II Fridrix zamanı, kətan əyirən Vestfaliya kəndlilərinin bir hissəsi zorla mülkiyyətdən məhrum edilmiş və torpaqdan çıxarılıb qovulmuşlar, digər hissəsi isə iri fermerlərə muzdur edilmişdir. Bununla yanaşı kətan əyirən və toxuyan iri müəssisələr artır və torpaqdan «azad edilənlər» burada muzdlu fəhlə kimi işə girirlər. Kətan tamamilə əvvəlki şəklində qalır. Onun bircə lifi də dəyişilməmişdir, lakin indi onun cismində yeni bir ictimai qəlb vardır. İndi o, manufaktura sahibinin sabit kapitalının bir hissəsini təşkil edir. Keçmişdə ailə üzvləri ilə birlikdə kətanı becərən bir yığın xırda istehsalçılar ayrılıqda bunu xırda-xırda əyirirdilər, indi isə həmin kətan bir kapitalistin əlinə toplanmışdır və bu kapitalist başqalarını ona kətan əyirib toxumağa məcbur edir. Kətanəyirmə emalatxanasında sərf olunan əlavə əmək keçmişdə saysız-hesabsız kəndli ailələrinin əlavə gəliri şəklinə, habelə–II Fridrix zamanı–«pour le roi de Prusse» (hərfiyyən: Prussiya kralının xeyrinə, məcazi mənada: havayı. Red.) alınan vergilər şəklinə düşmüşdü. İndi bu əlavə əməyi az miqdar kapitalistlər mənfəət şəklində mənimsəyir. Keçmişdə bəndlərə səpələnmiş olan əyirmə və toxuma dəzgahları da, fəhlələrin özü və xam material kimi, indi bir neçə böyük fəhlə kazarmasına toplanmışdır. Əyirmə və toxuma dəzgahları da, xam material da, əyirici və toxucuların müstəqil yaşaması vasitələrindən dönüb əyiricilər və toxucular üzərində komandanlıq vasitələrinə (Kapitalist deyir: «Sizə komandanlıq etmək zəhmətini öhdəmə gotürdüyüm üçün, əlinizdəki olub-qalanı da mənə vermək şərtilə mənim üçün işləməyinizə iltifat edib razı oluram», (J.J.Rousseau. «Discours sur lEconomie Politique»).), habelə fəhlələrdən haqqı ödənilməyən əmək sormaq vasitələrinə çevrilir. İri fermalar kimi iri manufakturaların da zahiri görünüşünə əsasən əsla demək olmaz ki, bunlar bir çox xırda müstəqil istehsalçıların mülkiyyətdən məhrum edilməsi yolu ilə xırda istehsal vahidlərinin birləşməsindən əmələ gəlmişdir. Lakin onun bu zahiri görünüşü qərəzsiz müşahidəçini aldada bilməz. Mirabonun–bu inqilab əjdahasının–zamanında iri manufakturalar indi birləşmiş tarlalar dediyimiz kimi, hələ «manufactures reunies» birləşmiş emalatxanalar adlanırdı.

Mirabo deyir: «Yalnız iri manufakturalara, yəni bir direktorun idarəsi altında yüzlərlə adamın işlədiyi və adətən birləşmiş manufakturalar («manufactures reunies») adlanan manufakturalara fikir verirlər. Çoxlu miqdar fəhlənin təkbətək, hərə öz bildiyi kimi və öz risqi ilə işlədiyi emalatxanalara isə, əksinə, heç nəzər də salmırlar. Bunlar tamamilə kölgədə buraxılır. Bu böyük bir səhvdir, çünki yalnız həmin emalatxanalar xalq sərvətinin doğrudan da mühüm bir tərkib hissəni təşkil edir... Birləşdirilmiş fabrik («fabrique reunie») bir-iki sahibkarı son dərəcə varlandıra bilər, fəhlələr isə az-çox əmək haqqı alan və hər halda sahibkarın rifahında payı olmayan günəmuzd fəhlələrdən başqa bir şey deyildirlər. Pərakəndə fabrik («fabrique separee») isə, əksinə, heç kəsi varlandırmır, lakin bir çox fəhlələrin rifahına kömək edir... Çalışqan təsərrüfatçı fəhlələrin sayı artacaqdır, çünki onlar əmək haqqının azacıq artmasına, yəni gələcək üçün heç bir mühüm təsiri olmayan və olsa-olsa fəhlələrin hazırda bir az yaxşı yaşamasına imkan verən bir nəticəyə nail olmağa çalışmaqdansa, ağıllı yaşayıb səy ilə işləməyi öz vəziyyətlərini lazımınca yaxşılaşdırmaq üçün vasitə hesab edirlər. Adətən xırda kənd təsərrüfatı ilə əlaqədar olan ancaq pərakəndə fərdi manufakturalar azadlığı təmin edir» (Mirabeau, sitat gətirilən əsər, III c. səh.20–109, müxtəlif yerlərdə. Əgər Mirabo pərakəndə emalatxanaları «birləşdirilmiş emalatxanalardan» daha sərfəli və daha məhsuldar hesab edir və bu axırıncılara ancaq hökumətlərin qayğısı ilə süni surətdə yetişdirilmiş şüşəbənd bitkiləri kimi baxırsa, bunun səbəbi kontinent manufakturalarının çoxunun o zamankı vəziyyətidir.).

Kənd əhalisinin bir hissəsinin mülkiyyətdən məhrum edilib kənddən qovulması nəinki səiaye kapitalı üçün fəhlələri, onların yaşayış vasitələrini, onların əmək materiallarını sərbəstləşdirir, habelə daxili bazar da yaradır.

Doğrudan da, xırda kəndliləri muzdlu fəhlələrə, onların yaşayış vasitələrini və əmək vasitələrini isə kapitalın maddi ünsürlərinə çevirən hadisələrin özü eyni zamanda həmin kapital üçün daxili bazar da yaradır. Əvvəllər kəndli ailəsi yaşayış vasitələrini və xamalları özü istehsal və emal edir, sonra bunların çox hissəsini özü istehlak edirdi. İndi bu xammallar və yaşayış vasitələri əmtəələrə çevrilmişdir. İri fermer bunları satır; manufakturalar onun üçün bazardır. İplik, kətan, qaba yun məmulat–keçmişdə hər bir kəndli ailəsinin əlində olan xammaldan, bu ailələr tərəfindən öz istehlakı üçün əyirilib toxunan bu şeylər–indi dönüb manufaktura məmulatı olmuşdur ki, bunların da satış bazarı məhz əkinçilik mahallarıdır. Öz bildiyi kimi və öz risqi ilə işləyən bir yığın xırda istehsalçının təchiz etdiyi saysız-hesabsız istehlakçılar indi böyük bir tam şəkli, sənaye kapitalisti tərəfindən təchiz olunan bir bazar şəkli alır («Əgər bir fəhlə ailəsi özü üçün iyirmi funt yunu nəzərə çarpmadan, bir il ərzində, başqa işlər arasındakı boş vaxtlarında, ailənin öz əməyi ilə paltara çevirirsə, burada hər şey çox sadə bir haldadır. Lakin bu yunu bazara çıxarın, fabrikçiyə göndərin, sonra da fabrikçinin məhsulunu dəllala və daha sonra tacirə göndərin, bu zaman böyük bir ticarət əməliyyatı əmələ gələr, həm də bu əməliyyat üçün lazım olan nominal kapital, həmin yunun dəyərindən iyirmi qat artıq olar... Beləliklə fəhlə sinfi, biçarə fabrik əhalisini, tüfeyli dükançılar sinfini və fiktiv ticarət, pul və maliyyə sistemini yaşatmaq üçün istismar olunur» (David Urquhart, sitat gətirilən əsər, səh. 120).).



Beləliklə, keçmişdə müstəqil olan kəndlini əmlakdan məhrum etməklə, onu istehsal vasitələrindən ayırmaqla bərabər yardımçı kənd peşəsi də məhv edilir, manufaktura ilə əkinçiliyin bir-birindən ayrılması prosesi başlanır. Həm də kəndlərdəki ev peşəsinin yalnız məhv edilməsi ölkənin daxili bazarı üçün kapitalist istehsal üsulunun tələb etdiyi vüsət və sabitliyi yarada bilər.

Lakin əsl manufaktura dövrü hələ qəti bir dəyişikliyə səbəb olmur. Xatırlatmalıyıq ki, manufaktura milli istehsalı yalnız çox cüzi bir dərəcədə əhatə edir və həmişə öz geniş təməli [«Hintergrund»] olan şəhər sənətkarlığına və kəndlərdəki yardımçı ev peşələrinə arxalanır. Manufaktura məlum sənaye sahələrində, məlum nöqtələrdə bu yardımçı peşələrin və şəhər sənətinin bir formasını məhv edirsə, özü onları başqa yerlərdə başqa formalarda yenidən yaradır, çünki öz xam materialını emal etdirmək üçün məlum dərəcədə onlara ehtiyacı vardır. Buna görə də manufaktura yeni xırda əkinçilər sinfi yaradır ki, torpağı becərmək bunlar üçün ancaq yardımçı bir işdir, başlıca məşğələləri isə–sənaye əməyidir, bilavasitə və ya tacir vasitəsilə manufakturaya satmaq üçün məhsul hazırlamaqdır. Bu, İngiltərə tarixinin tədqiqçisini çaşdıran ən mühüm səbəb olmasa da, bu kimi səbəblərdən biridir. XV əsrin son qərinəsindən etibarən tədqiqçi kənddə kapitalist təsərrüfatının artmasına və kəndlilərin getdikcə daha çox məhv olmasına dair fasiləsiz, yalnız nadir hallarda sakitləşən şikayətlərə rast gəlir. Lakin digər tərəfdən də tədqiqçi görür ki, kəndlilər, əvvəlkinə nisbətən azalmış olsalar da və vəziyyətləri getdikcə daha ağırlaşmış olsa da, hər halda yenə həmişə mövcuddurlar (Kromvelin zamanı istisna təşkil edir. Nə qədər ki respublika yaşayırdı, bu müddətdə İngiltərə xalq kütlələrinin bütün təbəqələri Tüdorlar zamanı düçar olduqları tənəzzüldən çıxmışdılar.). Bunun başlıca səbəbi odur ki, İngiltərədə növbə ilə gah taxıl təsərrüfatı, gah da maldarlıq üstün yer tutur və bundan asılı olaraq kəndli istehsalının həcmi dəyişilir. Yalnız maşınlı iri sənaye kapitalist əkinçiliyi üçün möhkəm təməl yaradır, kənd əhalisinin böyük əksəriyyətini qəti olaraq mülkiyyətdən məhrum edir, əkinçiliklə kəndlərdəki öz sənayesinin bir-birindən ayrılmasını başa çatdırır, ev sənayesinin kökləri olan əyiricilik və toxuculuğu aradan qaldırır (Taket bilir ki, maşın tətbiq edən iri yun sənayesi əsl manufakturalardan və kənd və ya ev manufakturalarının məhvi nəticəsində əmələ gəlmişdir (Tuckett, sitat gətirilən əsər, I c. səh.144). «Kotanı və boyunduruğu allahlar ixtira etmiş və qəhrəmanlar işlətmişlər–məgər toxuma dəzgahının, cəhrənin və iyin mənşəyi də bu qədər nəcib deyilmi? Siz cəhrəni kotandan, əl iyini boyunduruqdan ayırırsınız, fabriklər və yoxsullar üçün evlər, kredit və böhranlar, iki düşmən millət, kənd və ticarət millətləri əldə edirsiniz» (David Urquhast, sitat gətirilən əsər, səh. 122). Lakin Keri meydana çıxır və İngiltərəni, əlbəttə, heç də əsassız olmayarq təqsirləndirib deyir ki, o bütün qalan ölkələri ancaq əkinçilik ölkələrinə çevirməyə çalışır, özü isə onların fabrikçisi olmaq istəyir. O iddia edir ki, Türkiyə bu vasitə ilə var-yoxdan çıxarılmışdır, çünki orada «torpaq mülkiyyətçilərinə və əkinçilərə heç vaxt izin verilmirdi ki,» (İngiltərə tərəfindən), «kotanla toxuculuq dəzgahı, mala ilə çəkic arasında təbii ittifaq yaratmaqla öz vəziyyətlərini möhkəmlətsinlər». («The Slave Trade». p.125). Onun fikrincə, Urkart özü Türkiyənin var-yoxdan çıxarılmasının əsas müqəssirlərindən biridir, çünki o, İngiltərənin xeyrinə Türkiyədə azad ticarəti təbliğ edirdi. Lakin məzəlisi budur ki, Keri–əzcümlə Rusiyaya ürəkdən nökərçilik edən bu adam,–bu ayrılma prosesinə himayəçilik sistemi vasitəsilə mane olmaq istəyir, halbuki həmin sistem həqiqətdə bu prosesi daha da sürətləndirir.). Deməli, sənaye kapitalı üçün bütün daxili bazarı da ancaq iri maşınlı sənaye ələ keçirir (Mill, Rocers, Qolduin Smit, Fosett və başqa bu kimi filantrop ingilis iqtisadçıları, habelə Con Brayt və K°-sı kimi liberal fabrikçilər, allah Qabildən onun qardaşı Habili xəbər aldığı kimi, İngiltərə torpaq aristokratlarından soruşurlar ki, bəs bizim minlərcə kəndlilər necə oldular?–Siz özünüz haradan törəmişsiniz? Həmin kəndliləri məhv etməkdən. Nə üçün siz heç soruşmursunuz ki, bəs mustəqil toxucular, əyiricilər və sənətkarlar necə olublar?).
6. SƏNAYE KAPİTALİSTİNİN MƏNŞƏYİ

Sənaye kapitalistinin mənşəyi fermerin mənşəyi kimi tədrici olmamışdır (Burada «sənaye» sözü «əkinçilik» sözunün əksi olaraq işlədilir. İqtisadi kateqoriya mənasında fermer də fabrikçi kimi sənaye kapitalistidir.). Şübhəsiz ki, bəzi xırda sex ustaları və bunlardan da çox miqdar müstəqil xırda sənətkar və hətta muzdlu fəhlələr xırda kapitalistə çevrilmiş, sonra isə muzdlu əmək istismarını tədricən genişləndirərək və buna müvafiq surətdə kapital yığımını qüvvətləndirərək «sans phrase» [qeyd-şərtsiz] kapitalistə çevrilmişlər. Orta əsrlərdəki şəhər həyatının körpəlik dövrü kimi, kapitalist istehsalının da körpəlik dövründə qaçqın təhkimlilərdən hansının sahibkara və hansının nökərə çevrilməli olması məsələsi adətən onlardan kimin əvvəlcə öz ağasının əlindən qurtulub qaçmasından asılı olaraq həll edilirdi. Lakin bu üsulun çox ləng sürəti XV əsrin axırlarındakı böyük kəşflər nəticəsində yaranan yeni dünya bazarının ticarət tələbatına əsla uyğun gəlmirdi. Orta əsrlərdən iki müxtəlif kapital forması irs qalmışdı; sələmçi kapitalı və tacir kapitalı; bunlar tamamilə müxtəlif ictimai-iqtisadi formasiyalarda yetkinləşir və kapitalist istehsal üsulu dövrü başlanana qədər iki müxtəlif kapital forması, hesab olunur.

«Hazırda bütün ictimai sərvət əvvəlcə kapitalistin əlinə keçir... o torpaq mülkiyyətçisinə renta, fəhləyə əmək haqqı verir, vergi toplayana vergi və əşər verir, illik əmək məhsulunun xeyli hissəsi, hətta çox hissəsi, həm də daim artmaqda olan hissəsi isə onun özünə qalır. Bütün ictimai sərvət üzərində kapitalistin mülkiyyət hüququnu təmin edəcək bir qanun yoxdursa da, hazırda kapitalisti həmin mülkiyyəti ən əvvəl öz əlinə keçirən mülkiyyətçi hesab etmək olar... Mülkiyyət dairəsindəki bu dəyişiklik kapital üçün faiz alınması sayəsində baş vermişdir... və o da maraqlıdır ki, bütün Avropa qanunvericiləri sələmçiliyə qarşı qanunlar vermək vasitəsilə buna mane olmağa çalışırdılar... Ölkənin bütün sərvəti üzərində kapitalistlərin hakim olması, mülkiyyət hüququ sahəsində tam bir inqilabdır; bəs bu inqilabı hansı qanun və ya hansı qanunlar məcmusu əmələ gətirmişdir» («The Natural and Artifikal Right of Property Contrasted». London, 1832, p.98, 99. Bu anonim əsərin müəllifi T.Hodskindir).

Müəllif bilməli idi ki, ümumiyyətlə qanunlar heç bir zaman inqilab əmələ gətirmir.

Sələmçilik və ticarət vasitəsilə yaranmış pul kapitalının sənaye kapitalına çevrilməsinə kənddə feodalizm quruluşu və şəhərdə sex quruluşu mane olurdu (Hələ 1794-cü ildə Lidsdə mahud toxuyan xırda ustalar parlamentə nümayəndələr göndərərək, tacirlərə fabrikçi olmağı qadağan edən bir qanun verilməsini xahiş etmişdir (Dr. Aikin, sitat gətirilən əsər)). Feodal qoşun dəstələri ləğv edildikdən, kənd əhalisi mülkiyyətdən məhrum edilib qismən də kənddən qovulduqdan sonra bu məhdudiyyətlər aradan qalxdı. Yeni manufaktura mal ixrac edilən dəniz limanlarında və ya ölkə daxilindəki elə yerlərdə meydana çıxmışdı ki, bunlar sex quruluşu olan köhnə şəhərlərin nəzarəti altında deyildi. Buna görə də İngiltərənin «corporate towns» [sex korporasiya quruluşlu şəhərləri] bu yeni sənaye ocaqlarına qarşı qızğın mübarizə aparırdılar.

Amerikada qızıl və gümüş mədənlərinin tapılması, yerli əhalinin məhv edilməsi, əsarət altına alınması və mədənlərdə diri-diri torpağa basdırılması, Ost-Hind torpaqlarını fəth və qarət etmək yolundakı birinci addımlar, Afrikanın qərarlar ovlağına çevrilməsi–bütün bunlar kapitalist istehsal erasının sübh çağını təşkil edirdi. Bu idillik proseslər ibtidai yığımın başlıca cəhətləridir. Bunun ardınca Avropa millətlərinin bütün dünyada ticarət müharibəsi gəlir. Bu müharibə Hollandiyanın İspaniyadan ayrılması ilə başlanır78, ingilislərin yakobinlərə qarşı müharibəsində olduqca genişlənir32 və hələ indi də Çinə qarşı «tiryək» müharibələri79 və i.a. şəklində davam edir.

İbtidai yığımın müxtəlif momentləri müxtəlif ölkələrdə: İspaniyada, Portuqaliyada, Hollandiyada, Fransada və İngiltərədə–baş vermiş, həm də az-çox məlum bir tarixi ardıcıllıqla davam etmişdir. İngiltərədə bunlar XVII əsrin axırlarında müntəzəm surətdə müstəmləkə sistemi və dövlət istiqrazları sistemi halında, müasir vergi sistemi və himayəçilik sistemi halında birləşir. Bu metodlar qismən, məsələn, müstəmləkəçilik sistemi kimi, kobud zorakılığa əsaslanır. Lakin feodal istehsal üsulunun kapitalist istehsal üsuluna çevrilməsi prosesini sürətləndirmək və onun keçid mərhələlərini qısaltmaq üçün bu metodların hamısı dövlət hakimiyyətindən, yəni müntəzəm və mütəşəkkil ictimai zorakılıqdan istifadə edir. Hər bir köhnə cəmiyyət yeni bir cəmiyyətə hamilə olduqda zorakılıq onun mamaçası olur. Zorakılığın özü iqtisadi potensiyadır.

Xristianlığı özünə ixtisas seçmiş olan U.Hauitt xristian müstəmləkə sistemi haqqında deyir:

«Xristian irqləri adlanan irqlərin əsarət altına ala bildikləri bütün xalqlara qarşı dünyanın bütün qitələrində etdikləri vəhşiliklər və həyasız qəddarlıq hər bir tarixi dövrdə hər hansı irqin, hətta ən vəhşi və nadan, ən qəddar və azğın irqin etmiş olduğu bütün dəhşətləri ötüb keçir» («William Howitt. «Golonization and Christianity. A Popular History of the Treatment of the Natives by the Europeans in all their Colonies». London, 1838, p.9. Qullarla necə rəftar edildiyi haqqında yaxşı məlumat almaq üçün bax: (Charle Comte. «Traite de Legislation», 3eme ed Bruxelles, 1837). Bu əsəri dərindən öyrəndikdə görmək olur ki, burjua heç çəkinmədən dünyanı dəyişdirib öz təbiəti və simasına uyğun bir şəkildə qurmağa imkan tapdığı yerlərdə o özü nəyə dönür və öz fəhlələrini nəyə döndərir).

XVII əsrin nümunəvi kapitalist ölkəsi olan Hollandiyanın müstəmləkəçilik təsərrüfatının tarixi, misli görünməmiş xəyanətlər, aldatmalar, qətl və əclaflıqlar mənzərəsi təşkil edir (Thomas Stamford Raffles, late Lieut. Gov. of that island. «The istory of Java». London, 1817, [v. II, p.CXC–CXCI, əlavə]). Yava adasında çatışmayan qulların sayını tamamlamaq üçün hollandiyalıların Selebesdə adam oğurlaması sistemindən daha xarakterik bir şey ola bilməz. Orada qul oğurlamaq üçün xüsusi adam oğruları hazırlanırdı. Oğru, tərcüməçi və satıcı bu ticarətin başlıca agentləri, yerli prinslər isə başlıca satıcısı idilər. Oğurlanan gənclər, qul daşıyan gəmilərlə göndərilə biləcək yaşa çatanadək Selebesdə gizli həbsxanalarda saxlanılırdı. Rəsmi bir hesabatda deyilir:

«Məsələn, bu Makassar şəhərində bir-birindən dəhşətli olan saysız-hesabsız gizli həbsxanalar vardır ki, bunlar ailələrindən zorla didərgin salınıb əl-qolu zəncirlənmiş biçarələrlə–acgözlük və zülm qurbanları ilə doludur».

Hollandiyalılar Malakkanı ələ keçirmək üçün, Portuqaliya qubernatorunu pul ilə ələ almışdılar. Qubernator 1641-ci ildə onları şəhərə buraxdı. Onlar vəd etdikləri 21875 funt sterlinq məbləği verməkdən «imtina etmək» üçün dərhal qubernatorun evinə gəlib onu öldürdülər. Onların ayağı dəyən yerlər dərhal boş və viran qalırdı. Yavanın Banyuvanki vilayətində 1750-ci ildə 80000-dən artıq əhali olduğu halda, 1811-ci ildə cəmi 8000 qalmışdı. «Doux commerce» [məsum ticarət] belədir!

Məlum olduğu kimi, İngiltərənin Ost-Hind kompaniyası80, Ost-Hinddə siyasi hakimiyyətdən əlavə, çay ticarətini və ümumiyyətlə Çin ilə ticarəti, Avropadan və Avropaya mal daşınmasını da tamamilə inhisar altına ala bilmişdi. Lakin Hindistan sahillərində və adalar arasındakı gəmiçilik, habelə Hindistan daxilindəki ticarət bu kompaniyanın yüksək vəzifəli adamları tərəfindən inhisar altına alınmışdı. Duz tiryək, betel və başqa mallar inhisarı tükənməz sərvət mənbəyi olmuşdu. Vəzifəli şəxslər mallara özləri qiymət qoyur və bədbəxt hindliləri istədikləri kimi soyurdular. General-qubernator özü bu xüsusi ticarətdə iştirak edirdi. Onun istəkli adamları elə şərtlərlə kontrakt bağlaya bilir və o qədər mənfəət götürürdülər ki, hətta heçdən qızıl qayıran kimyagərlər də bu qədər mənfəət götürə bilməzdilər. Yağışdan sonra bol göbələk çıxdığı kimi, bu zaman da böyük sərvətlər toplanır və ibtidai yığım burada bircə şillinq də maya qoymadan əmələ gəlirdi. Uorren Qastinqsin mühakiməsi bu cür misallarla doludur. Bunlardan birini göstərək. Rəsmi tapşırıqla Hindistanın tiryək istehsal olunan rayonundan çox uzaq bir yerə gedən Salliven adlı birisi ilə, onun yola düşdüyü zaman tiryək tədarükü üçün bir kontrakt bağlanmışdı. Salliven öz kontraktını 40000 funt sterlinqə Binn adlı birinə satır. Binn də bunu yenə həmin gün 60000 funt sterlinqə bir başqasına satır. Kontraktı yerinə yetirən bu axırıncı adam özü də bundan çox böyük qazanc götürdüyünü söyləyir. Parlamentə təqdim edilən bir sənədə görə, 1757-ci ildən 1766-cı ilədək müddət ərzində kompaniya və onun məmurları hindlilərdən zorla milyon funt sterlinq bəxşiş almışlar. 1769–1770-ci illərdə ingilislər bütün düyünü alıb yığaraq sonra bunu ancaq ağlagəlməz dərəcə yüksək qiymətə satmaqla süni surətdə aclıq törətmişdilər (1866-cı ildə təkcə Orissa əyalətində bir milyondan artıq hindli acından ölmüşdü. Buna baxmayaraq, var qüvvə ilə çalışırdılar ki, yaşayış vasitələrini aclara yüksək qiymətə satıb Hindistanın dövlət kassasını zənginləşdirsinlər).

Əlbəttə, yerli əhali ilə, məsələn, Vest-Hinddə olduğu kimi, yalnız xariclə ticarət üçün məhsul istehsal edilməli olan plantasiyalarda, habelə talan və soyğunçuluq qurbanı olmuş Meksika və Ost-Hind kimi zəngin və əhalisi sıx ölkələrdə daha dəhşətli rəftar edilirdi. Lakin əsl müstəmləkələrdə də ibtidai yığımın eyni xristian xarakteri özünü göstərməkdə idi. Yeni İngiltərə puritanları–bu ayıq protestantizm virtuozları 1703-cü ildə öz «Assembly»-ində [Qanunverici məclisində] hər hindli başının dərisi və hər bir qırmızı dərili əsir üçün 40 f.st. mükafat verməyi qərara almışdılar; 1720-ci ildə hər bir baş dərisi üçün verilən mükafat 100 f.sterlinqə çatdırılmışdı, 1744-cü ildə, Massaçusets körfəzi rayonunda qəbilələrdən biri üsyançı adlandırılandan sonra aşağıdakı qiymətlər qoyulmuşdu: 12 yaşında və daha yaşlı kişilərin başının dərisi üçün yeni valyuta ilə 100 f.st. hər bir əsir kişi üçün 105 f.st. əsir qadın və ya uşaq üçün 55 f.st. qadın və ya uşaq başının dərisi üçün 50 funt sterlinq! Bir neçə on il keçəndən sonra müstəmləkəçilik sistemi, indi də həmin mömin «piligrim fathers»-in [piliqrimataların] üsyan etmiş nəsillərindən intiqam aldı. İngilislərin pulu və təhriki ilə tomaqavklar onları qırdılar. Britaniya parlamenti elan etdi ki, quduz itlər və adamların başının dərisini soymaq «allah-taalanın və təbiətin ona bəxş etdiyi vasitələrdir».

Müstəmləkə sistemi ticarət və gəmiçiliyin sürətlə artmasına kömək edirdi. «İnhisar cəmiyyətləri» (Lüter) kapitalın təmərküzləşməsi üçün qüvvətli bir vasitə idi. Müstəmləkələr sürətlə yaranan manufakturalar üçün satış bazarı təmin edir, bu bazarın inhisara alınması isə yığımın qüvvətlənməsini təmin edirdi. Bilavasitə qarət və yerli əhalini əsarət altına almaq, qətllər vasitəsilə Avropa xaricində əldə edilən sərvətlər metropoliyaya axıb gəlir və burada kapitala çevrilirdi. Müstəmləkə sistemini birinci tam inkişaf etdirən Hollandiya artıq 1648-ci ildə öz ticarət qüdrətinin ən yüksək nöqtəsinə çatmışdı.

«Ost-Hind ticarəti və Avropanın cənub-qərbi ilə şimal-şərqi arasındakı ticarət əlaqələri, demək olar, bütünlüklə Hollandiyanın əlində idi. Onun balıq tutulan yerlərinin, gəmiçilik və manufakturasının heç bir ölkədə tay-bərabəri yox idi. Bu respublikanın kapitalları Avropanın bütün başqa ölkələrindəki kapitalların məcmusundan bəlkə də artıq idi»81.

Bu sətirlərin müəllifi Gülix əlavə etməyi unudur ki, hələ 1648-ci ildə Hollandiyanın xalq kütlələri həddindən artıq işləmək nəticəsində Avropanın bütün baqpqa ölkələrindəki xalq kütlələrindən daha çox əzab çəkirdilər; onlardan daha yoxsul idilər və daha ağır zülm altında idilər.

Hazırda sənaye hegemonluğu, ticarət hegemonluğunu da doğurur. Əsl manufaktura dövründə isə, əksinə, ticarət hegemonluğu sənaye üstünlüyünü təmin edir. O zaman müstəmləkə sisteminin oynadığı böyük rol buradan irəli gəlirdi. O, Avropanın köhnə allahları ilə yanaşı, səcdəgahda gəlib yer tutan və günlərin birində bütün allahları bir zərbə ilə vurub yıxan «naməlum allah» idi. Müstəmləkə sistemi, varlanmağı bəşəriyyətin son və ya yeganə məqsədi elan etdi.

Rüşeymlərini hələ orta əsrlərdə Genuya və Venesiyada tapdığımız ictimai kredit sistemi, yəni dövlət borcları sistemi, manufaktura dövründə bütün Avropaya yayılmışdı. Müstəmləkə sistemi, onun dəniz ticarəti və ticarət müharibələri dövlət borcları sistemi üçün əlverişli bir zəmin oldu. O ən əvvəl Hollandiyada kök saldı. Dövlət borcu, yəni dövlətin–istər istibdad dövlətinin, istər konstitusiyalı dövlətin, istərsə də respublika dövlətinin–özgələşməsi, kapitalist erasına öz xarakterik təsirini göstərir. Milli sərvət adlandırılan sərvətdən müasir xalqların həqiqətdə ümumi sərəncamında olan yeganə hissə varsa, bu da onların dövlət borclarıdır (Uilyam Kobbet deyir ki, İngiltərədə bütün ictimai idarələr «krallıq» idarələri adlandırılır, borc orada «millidir» (national debt)). Buna görə də müasir bir doktrina tam ardıcıllıqla deyir ki, xalqın borcu nə qədər çox olsa, xalq bir o qədər zəngindir. Dövlət krediti kapital üçün etiqad simvolu olur. Həm də dövlət borcu meydana gəldikdən sonra, daha küfr danışmaq deyil, dövlət borcuna qarşı etimadsızlıq oyatmaq bağışlanmaz günah sayılır.

Dövlət borcu ibtidai yığım üçün ən qüvvətli vasitələrdən biri olur. O sanki sehirli bir qüvvə olub qeyri məhsuldar pula məhsuldarlıq gücü verir və beləliklə onu kapitala çevirərək, onu sənayeyə qoymaq və hətta sələmçilik əməliyyatında işlətməklə sıx əlaqədar olan təhlükə və çətinliklərə salmaq lüzumunu aradan qaldırır. Dövlət kreditorları əslində heç bir şey vermirlər, çünki onların borc verdikləri məbləğlər dövlət borc vasitələrinə çevrilərək asanlıqla tədavül edir və onların əlində tamamilə nəqd pul funksiyası daşıyır. Lakin dövlət borclarının rolu təkcə bu cür müftəxor rentaçılar sinfini və hökumətlə millət arasında vasitəçilik edən maliyyəçilərin improvizisiya edilmiş sərvətini, habelə hər bir dövlət istiqrazının xeyli hissəsini göydəndüşmə kapital şəklində asanlıqla öz əllərinə keçirən vergi icarədarlarını, tacirləri və xüsusi fabrikçiləri yaratmaqdan ibarət olaraq qalmır; dövlət borcları bununla bərabər səhmdar cəmiyyətləri, cürbəcür qiymətli kağızlar alveri, ajiotaj, bir sözlə,–birja oyunu və muasir bankokratiya yaratmışdır.

Milli titullar verilən banklar yarandıqları gündən, hökumətlərə yardım edən və aldıqları imtiyazlar sayəsində onlara borc pul verməyə qadir olan xüsusi möhtəkir cəmiyyətlərindən başqa bir şey olmamışdır. Buna görə dədövlət borcunun artmasını göstərən ən düzgün meyar–İngilis bankı təsis olunduğu vaxtdan (1694-cü il) tərəqqi etməyə başlayan bu bankların səhmlərinin proqressiv surətdə yüksəlməsindən ibarətdir. İngilis bankı öz fəaliyyətinə, hökumətə 8% hesabı ilə borc verməkdən başlamışdı; bundan əlavə parlament ona, banknot şəklində bir daha camaata borc verdiyi kapitaldan pul kəsmək səlahiyyəti vermişdi. İngilis bankı bu banknotlarla vekselləri diskonto edə bilir, girov əmtəə müqabilində borc pul verir və nəcib metallar satın ala bilirdi. Bankın özü tərəfindən buraxılan bu kredit pulları, çox keçmədən cinkiltili sikkə kimi işləməyə başladı: İngilis bankı dövlətə banknotlarla borc pul verir, dövlət borcları üzrə faizləri dövlət hesabına banknotlarla ödəyirdi. Bank bir əli ilə verir, o biri əli ilə bundan xeyli çox alırdı; hələ bu da azmış kimi, hətta aldıqda da, vermiş olduğu borcun bütün məbləğinin qəpiyinədək, millətin əbədi kreditoru olaraq qalırdı. Bu bank yavaş-yavaş ölkənin metal ehtiyatının qəti xəzinədarı olur və bütün ticarət kreditinin cazibə mərkəzinə çevrilir. İngilislər, ifritələri tonqalda yandırmaqdan əl çəkdikləri halda saxta banknot kəsənləri asmağa başladılar. Bu bankokratlar, maliyyəçilər, rentyerlər, dəllallar, möhtəkirlər və birja qurdları güruhunun birdən-birə meydana çıxmasının müasirlərə necə təsir bağışladığını o zamankı əsərlərdən, məsələn, Bolinqbrokun əsərindən görmək olar («Əgər indi tatarlar Avropaya axışıb gəlsəydilər, bizim aramızda «maliyyəçi»nin nə kimi əhəmiyyəti olduğunu onlara başa salmaq çox çətin olardı» (Montesqiieu, «Esprit des loix», ed, Londres 1769, t. IV, p.33)).

Dövlət borcları ilə birlikdə beynəlxalq kredit sistemi də meydana gəlmişdi ki, bu da çox vaxt bu və ya başqa bir xalqda ibtidai yığımın gizli mənbələrindən birini təşkil edir. Məsələn, Venesiya soyğunçuluq sisteminin əclaflıqları Hollandiyanın kapitalist sərvəti üçün bu cür gizli təməl oldu, çünki tənəzzülə uğramış Venesiya Hollandiyaya çoxlu borc pul verirdi. Hollandiya ilə İngiltərə arasındakı münasibət də belədir. Hələ XVIII əsrin əvvəllərində İngiltərə manufakturaları Hollandiya manufakturalarını çox-çox ötüb keçmişdi və Hollandiya ticarət və sənaye sahəsində daha hökmran millət deyildi. Buna görə 1701–1776-cı illər dövründə onun başlıca məşğələlərindən biri başqa dövlətlərə, xüsusilə özünün güclü rəqibi olan İngiltərəyə çox böyük kapitallar borc verməkdən ibarət olur. Hazırda İngiltərə ilə Birləşmiş Ştatlar arasında da belə münasibətlər əmələ gəlmişdir. Zatından bixəbər olub indi Birləşmiş Ştatlarda işlədilən bir çox kapitallar, hələ dünən İngiltərədə uşaqların kapitallaşmış qanından ibarətdir.

Dövlət borcları dövlət gəlirlərinə arxalandığı üçün və illik faizlər, habelə başqa bu kimi tədiyələr həmin gəlirlər hesabına ödənilməli olduğu üçün, müasir vergi sistemi dövlət istiqrazları sisteminin zəruri bir əlavəsi olmuşdur. İstiqrazlar sayəsində hökumət fövqəladə xərcləri elə bir şəkildə ödəyə bilir ki, vergi verənlər bu xərclərin bütün ağırlığını birdən-birə hiss etmirlər, lakin həmin istiqrazlar son nəticədə yenə vergilərin artırılmasını tələb edir. Digər tərəfdən, getdikcə artan borclar üzündən vergilərin artırılması, hökuməti hər dəfə yeni fövqəladə xərc üçün yeni-yeni istiqrazlar buraxmağa məcbur edir. Beləliklə, ən zəruri yaşayış vasitələrinə vergi qoyulması (və deməli, onların bahalanması) üzərində qurulan müasir fiskal sistemində vergilərin öz-özünə artmasının rüşeymləri vardır. Həddindən artıq vergi qoyulması təsadüfi bir hal deyil, daha doğrusu, bu sistemin prinsipidir. Bu sistemin ən əvvəl kök saldığı Hollandiyada, böyük vətənpərvər de Vitt öz «Maksimlər»ində82 bu sistemi tərifləyib göstərir ki, o, muzdlu fəhləni müti, həlim, çalışqan olmağa və ...həddindən artıq işləmək zəhmətinə qatlaşmağa alışdırmaq üçün ən yaxşı bir üsuldur.

Lakin burada bizi maraqlandıran cəhət müasir fiskal sisteminin muzdlu fəhlələrə fəlakətli təsirindən daha çox, bu sistem üzündən kəndlilərin, sənətkarların–bir sazlə, xırda burjuaziyanın bütün tərkib hissələrinin mülkiyyətdən məhrum edilməsi məsələsidir. Bu məsələdə hətta burjua iqtisadçıları arasında da fikir ayrılığı yoxdur. Özlüyündə fiskal sisteminin ayrılmaz tərkib hissələrindən biri olan himayəçilik həmin sistemin mülkiyyətdən məhrumedici təsirini daha artıq qüvvətləndirir.

İctimai sərvətin kapitala çevirilməsində və kütlələrin mülkiyyətdən məhrum edilməsində dövlət borclarının və buna müvafiq fiskal sisteminin oynadığı böyük rol bir sıra müəllifləri–dövlət borcunu və fiskal sistemini müasir xalqların dilənçi kökünə düşməsinin başlıca səbəbi hesab edən Kobbeti, Dabldeyi və başqalarını çaşdırmışdır.

Himayəçilik sistemi, fabrikçilər yetişdirmək üçün, müstəqil işçiləri mülkiyyətdən məhrum etmək üçün, milli istehsal vasitələrini və yaşayış vasitələrini kapitallaşdırmaq üçün, köhnə istehsal üsulundan müasir istehsal üsuluna keçilməsini sürətləndirmək üçün süni bir vasitə idi. Avropa dövlətləri bu sistemi ixtira etməkdə birincilik uğrunda vuruşurdular və varlanmaq cəngavərlərinin xidmətçisi olduqda, həmin birincilik məqsədlərinə çatmaq üçün onlar öz xalqlarını dolayı surətdə, yəni himayəçilik gömrükləri yolu ilə və müstəqim surətdə, yəni ixrac mükafatı və sairə yolu ilə soymaqla kifayətlənmirdilər. Onlar özlərindən asılı olan qonşu ölkələrdəki hər bir sənayenin kökünü zorakılıqla kəsirdilər, məsələn, ingilislər İrlandiyada yun manufakturasının kökunü kəsmişdilər. Avropa kontinentində bu proses, Kolberin üsulu sayəsində daha artıq sadələşdirilmişdi. Burada ibtidai kapitalın xeyli hissəsi sənayeçilərin cibinə birbaşa dövlət xəzinəsindən axıb gəlir.

Mirabo deyir: «Yeddiillik müharibə83 ərəfəsində Saksoniya manufakturasının inkişafı səbəblərini çox uzaqlarda axtarmağa nə ehtiyac var? Təkcə 180 milyonluq dövlət borcuna nəzər salmaq kifayətdir» (Mirabeau, sitat gətirilən əsər, VI c., səh.101.)!

Müstəmləkə sistemi, dövlət borcları, ağır vergilər, himayəçilik, ticarət müharibələri və i.a. –əsl manufaktura dövrünün bütün bu törəmələri iri sənayenin körpəlik dövründə son dərəcə artıb genişlənir. İri sənayenin meydana gəlməsi isə uşaqların İrod qəddarlığı ilə oğurlanması cəhətdən məşhurdur. Krallıq donanma matroslarını zorakılıqla səfərbərliyə aldığı kimi, fabriklər də fəhlələri eyni zorakılıqla toplayırlar. Ser. F.M.İden, XV əsrin son qərinəsindən başlayıb onun öz zamanına qədər, yəni XVIII əsrin axırlarına qədər kənd əhalisinin torpaqdan məhrum edilməsindəki dəhşətləri nə qədər də laqeyd seyr edirdi; kapitalist əkinçiliyi qurmaq və «əkin yeri ilə otlaq arasında düzgün nisbət yaratmaq» üçün «zəruri» olan bu prosesi o nə qədər məmnuniyyətlə alqışlayır; lakin ser İden özü də, manufaktura istehsalını fabrik istehsalına döndərmək və kapital ilə iş qüvvəsi arasında düzgün nisbət yaratmaq üçün uşaqları oğurlayıb əsarət altına almağın iqtisadi cəhətdən zəruri olduğunu etiraf etmək dərəcəsinə çatmır. O deyir:



«Bəlkə camaatı belə bir məsələ maraqlandırır. Bir sənaye ki yalnız kotteclərdən və iş evlərindən yazıq uşaqları oğurlamaq və onları növbə və qruplara ayırıb dinclik vermədən gecənin çox hissəsini işlətmək nəticəsində müvəffəqiyyətlə işləyə biləcəkdir; bir sənaye ki müxtəlif yaşlı və xasiyyətli kişi və qadınları, necə gəldi bir-birinə qarışdırıb birlikdə işlədir, bununla da labüddən gənclərin bir-birindən bəd əməllər öyrənib korlanmasına və pozğunlaşmasına səbəb olur,–belə bir sənaye milli və fərdi səadət yarada bilərmi?» (Eden, sitat kətnrilən asər, II kitab, I fəsil, səh.421). Filden yazır: «Bu yaxınlarda ixtira olunan maşınlar Derbişirdə, Nottinkemşirdə və xüsusən Lankaşirdə, su çarxını hərəkətə gətirə biləcək çayların üstundə tikilən böyük fabriklərdə tətbiq edilmişdi. Şəhərlərdən uzaqlarda olan bu yerlərdə işləmək üçün birdən-birə minlərlə işlək əl lazım gəldi; xüsusən torpağı bəhərsiz və o zaman əhalisi az olan Lankaşirdə ən əvvəl adam lazım idi. Cəld işləyən uşaq barmaqlarına xüsusilə böyük tələb var idi. Londonun, Birmingemin və başqa şəhərlərin prixod iş evlərindən şagird (!) toplamaq dərhal bir adət şəkli aldı. 7 yaşından 13 və ya 14 yaşına qədər minlərlə belə binəva xırda uşaqları o zaman şimala daşıdılar. Adətən «sahibkarlar» (yəni uşaq oğurlayanlar) «öz şagirdlərini geydirir, yedirdir və fabriklərin yaxınlığındakı evlərdə saxlayırdılar. Uşaqların işinə göz yetirmək üçün pulla nəzarətçilər tutulmuşdu. Bu qul nəzarətçiləri həmin uşaqları mümkün qədər çox işlətməyə çalışırdılar, çünki onların maaşının miqdarı hər bir uşağın canIndan sıxılıb çıxarılan məhsulun miqdarından asılı idi. Bunun təbii nəticəsi olaraq uşaqlarla amansız rəftar edilirdi. Fabrikçilərin pəncəsinə verilmiş olan bu məsum biçarə uşaqlara bir çox fabrik dairələrində, xüsusən Lankaşirdə dözülməz əzab və işgəncə verilirdi. Onları həlak olana qədər işlədirdilər... döyürdülər, əl-ayaqlarına buxov vurur və olmazın başqa əzab və işgəncə verirdilər; acından büsbütün taqətdən düşüb bir dəri bir sümüyə döndərilən bu uşaqlar çox vaxt qamçı gücünə işlədilirdilər... Onları bəzən özlərini öldürmək dərəcəsinə çatdırırdılar!.. Derbişirin, Nottinkemşirin və Lankaşirin ictimai nəzarətdən uzaqda olan səfalı dərələri işgəncə və çox zaman qətl meydanına döndərilmişdi!.. Fabrikçilər hədsiz mənfəət götürürdülər. Bu isə onların canavar iştəhasını daha da artırırdı. Onlar gecə işi tətbiq etməyə başladılar, yəni taqətdən düşmüş gündüz fəhlələri axşam yatmağa getdiyi zaman, fabrikdə başqa bir dəstə işləməyə başlayırdı; gecə işləyən fəhlələrin yenicə tərk etdiyi yataqlarda gündüz işləyən fəhlələr yatırdılar və «vice versa» [əksinə]. Lankaşirdə camaat arasında deyildiyinə görə, yorğan-döşəklər heç vaxt soyumurdu» (John Fielden, sitat gətirilən əsər, səh.5, 6. Əvvəllər fabriklərdə edilən biabırçılıqlar haqqında bax: Dr. Aikin, sitat gətirilən əsər, səh. 219 və (Gisborne. «İnquiry into the Dutiies of Men»). 1795, v. II. –Buxar maşını fabrikləri uzaq kəndlərdəki şəlalələr yaxınlığından şəhərlərə köçürdükdə, artıq indi fəhlə uşaqlar «imtina etməyə» mail olan kapitalistin əli altında idi və daha iş evlərindən zorla qul yığıb aparmağa ehtiyac yox idi... 1815-ci ildə ser Robert Pil («zahiri ədəb nazirinin» atası) uşaqları müdafiə haqqında parlamentə qanun təqdim etdiyi zaman Frensis Horner («Külçə komitəsinin» məşhur üzvü və Rikardonun yaxın dostu) aşağı palatada demişdi: «Məlum olduğu kimi, iflas edən birinin əmlakı ilə bərabər bu əmlakın bir hissəsi olaraq, təbir caizsə, bir dəstə fabrik uşaqları da açıq satışa qoyulmuş və həqiqətən satılmışdı. İki il bündan əvvəl (1813-cü ildə krallıq məhkəmə kürsüsü qarşısında biabırçı bir işə baxılmışdı. Bu işdə bir dəstə uşağın adı çəkilirdi. Londonun prixodlarından biri bu uşaqları bir fabrikçiyə vermiş, o da bunları başqa birisinə güzəşt etmişdi. Nəhayət, bir neçə filantrop onların aclıqdan (absolute famine) tamamilə taqətdən düşdüyünü görmüşdü. Horner parlament komissiyasının üzvü olduğu zaman bundan daha iyrənc başqa bir əhvalatın da şahidi olmuşdu. Bir neçə il bundan əvvəl Londonun prixodlarından biri Lankaşir fabrikçilərindən biri ilə bağladığı bir müqaviləyə görə həmin fabrikçi söz vermişdi ki, hər iyirmi sağlam uşağa əlavə olaraq bir gic uşaq da satın alsın»).

Manufaktura dövrü ərzində kapitalist istehsalı inkişaf etdikcə Avropa ictimai fikri özünün son həya və abırının axırıncı qalıqlarını da itirdi. Millətlər utanmadan kapital yığımı üçün vasitə ola biləcək hər cür əclaflıqla öyünürdülər. Məsələn, filister A.Andersonun sadədil ticarət salnaməsini bir oxuyun76. Burada belə bir əhvalat təriflənib İngiltərə dövlət dühasının ən böyük bir qələbəsi kimi qələmə verilir ki, Utrext sülhündən əvvəl İngiltərə yalnız Afrika ilə ingilis Vest-Hindi arasında qul alveri etdiyi halda, həmin sülh bağlanarkən o, asyento84 üzrə İspaniyadan zorakılıqla, Afrika ilə İspaniya Amerikası arasında zənci alveri ilə məşğul olmaq ixtiyarı almışdı. İngiltərə lap 1743-cü ilədək İspaniya Amerikasına ildə 4800 zənci satmaq ixtiyarı almışdı. Bununla da Britaniya qaçaq mal ticarəti üçün rəsmi bir pərdə yaradılmışdı. Liverpul qul alveri sayəsində artıb böyümüşdü. Qul alveri Liverpulun ibtidai yığım metodudur. Liverpulun «respektabel cəmiyyəti» bizim zəmanəyə qədər qul alverinin Pindarı olaraq qalmışlar; bu alver–doktor Eykinin 1795-ci ildə çıxan və yuxarıda sitat gətirdiyimiz əsərinə bax,–«ticarət təşəbbüskarlığını bir ehtirasa çevirir, mahir dənizçilər yetişdirir və külli miqdarda mənfəət verir». Liverpul qul alveri üçün 1730-cu ildə 15 gəmidən, 1751-ci ildə 53, 1760-cı ildə 74, 1770-ci ildə 96 və 1792-ci ildə 132 gəmidən istifadə etmişdi.



Pambıq parça sənayesi İngiltərədə uşaq köləliyi doğurmaqla bərabər eyni zamanda Birləşmiş Ştatların o vaxta qədər az-çox patriarxal bir təsərrüfat olan köləlik təsərrüfatının ticarət istismar sisteminə çevrilməsinə təkan vermiş oldu. Ümumiyyətlə Avropada muzdlu fəhlələrin pərdəli köləliyi üçün yeni dünyanın «sans phrase» [danışıqsız] köləliyi bir təməl kimi lazım idi (1790-cı ildə ingilis Vest-Hindində 1 azad adama 10 qul, Fransanınkında 14 qul və Hollandiyanınkında 23 qul düşürdü (Henry Brougham. «An Jnquiry into the Colonial Policy of the European Powers». Edinburgh, 1803, v. II, p.74)).

Kapitalist istehsal üsulunun «əbədi təbii qanunlarının» sərbəst təzahür edə bilməsi üçün şərait yaratmaq, fəhlələrin öz əmək vasitələrindən məhrum edilməsi prosesini həyata keçirmək, bir qütbdə ictimai istehsal vasitələrini və yaşayış vasitələrini kapitala çevirmək, əks qütbdə isə xalq kütləsini muzdlu fəhlələrə, azad «işləyən yoxsullara»–müasir tarixin bu heyrətləndirici məhsuluna («labourinq poor» [«işləyən yoxsul»] ifadəsinə, İngiltərə qanunlarında muzdlu fəhlə sinfi nəzərə çarpacaq qədər artdığı vaxtdan etibarən təsadüf edilir. «Labourinq poor» bir tərəfdən «idle poor» [«avara yoxsullara»], dilənçilərə və başqalarına, digər tərəfdən də, hələ qarət edilməmiş, hələ öz əmək vasitələrinin mülkiyyətçisi olan fəhlələrə qarşı qoyulur, «labourinq poor» ifadəsi qanunlardan siyasi iqtisada keçmiş və burada Kalpenerdən, D.Çaylddan və digərlərindən başlayaraq A.Smitə və İdenə qədər işlədilmişdir. Buradan bilmək olar ki, «labourinq poor» ifadəsini «execrable political cantmonger» [«çirkin siyasi riyakarlıq»] adlandıran «execrable political cant» [«çirkin siyasi riyakar»] Edmund Börkin «bonne foi» [vicdanlılığı] nə deməkdir. Bu sikofant, ingilis oliqarxiyası hesabına dolanarkən Fransa inqilabına qarşı özünü romantik rolunda göstərirdi. Amerikada vəziyyət mürəkkəbləşməyə başladığı zaman isə Şimali Amerika müstəmləkələri hesabına dolanaraq, eyni dərəcə məharətlə ingilis oliqarxiyasına qarşı çıxıb liberal rolu oynayırdı; əslində isə bu adam ən adi bir burjua idi: «Ticarət qanunları təbiət qanunlarıdır və deməli, allah-taalanın öz qanunlarıdır» (E.Burke. «Thoughts and Detalis on Scarcity», ed. London, 1800, p.31, 32). Heç təəccüblü deyildi ki, allah və təbiətin qanunlarına sadiq qalan bu adam özünü həmişə ən baha qiymətə satırdı! Bu Edmund Berk liberallıq etdiyi dövrdə ona Tagerin əsərlərində yaxşıca qiymət verilmişdir. Taker keşiş və tori idi, yerdə qalan cəhətlərdən isə tamamilə abırlı bir insan və yaxşı iqtisadçı idi. Zəmanəmizdə siyasi iqtisad sahəsində hökm sürən və «ticarət qanunlarına» etiqadı daim ixlas ilə qüvvətləndirən biabırçı prinsipsizliyi nəzərə alaraq öz sələflərindən fərqləri ancaq istedadlarında olan Börkleri dönə-dönə rüsvay etmək lazımdır!) çevirmək «tantae molis erat»85. Əgər Ojyenin dediyi kimi, pul «bir yanağında qanlı ləkə ilə dünyaya gəlirsə» (Marie Augier. «Du Gredit Public»), yenicə doğulan kapitalın təpədən dırnağadək bütün məsamələrindən qan və irin sızır («(Quarterly Reviewer» deyir. «Kapital hay-küydən və döyüşdən uzaq qaçır, o öz təbiəti etibarilə qorxaqdır. Bu bir həqiqətdir, lakin bütün həqiqət təkcə bundan ibarət deyildir. Təbiət boşluqdan qorxduğu kimi, kapital da mənfəəti olmamasından və ya çox az olmasından qorxur. Kifayət qədər mənfəət olduqda isə kapital cəsarətlənir, 10 faiz mənfəət olsa, kapital hər şəkildə işlədilməsinə razı olur; mənfəət 20 faiz olsa, kapital cuşə gəlir. 50 faiz olduqda isə hətta başını da verməyə hazırdır, mənfəət 100 faiz olduqda kapital bütün bəşər qanunlarını tapdalayır, mənfəət 300 faiz olduqda o, hətta asılacağını göz önündə tutmalı da olsa, heç bir cinayətdən geri durmaz. Əgər hay-küy və döyüş mənfəət versə, kapital bunların hər ikisinə kömək edər. Qaçaq mal və qul alveri buna sübutdur». (T.J.Dunning, sitat gətirilən əsər, səh.35, 36)).
Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin