AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali



Yüklə 1,16 Mb.
səhifə5/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   2   3   4   5   6   7   8   9   ...   16

7. İŞ QÜVVƏSİ

Dəyərin təbiətini, hər bir əmtəə dəyərinin təbiətini bu qədər qısa xülasədə mümkün olduğu qədər tədqiq etdikdən sonra biz əməyin spesifik dəyərinə diqqət yetirməliyik. Burada da mən, sizə qəribə görünə biləcək bir fikir irəli sürməliyəm. Siz hamınız əminsiniz ki, hər gün məhz öz əməyinizi satırsınız, deməli, əməyin qiyməti vardır və,–əmtəənin qiyməti onun dəyərinin yalnız pul ifadəsi olduğuna görə,–yəqin ki, əməyin dəyəri kimi bir şey də olmalıdır. Lakin həqiqətdə, adi mənada əməyin dəyəri kimi bir şey yoxdur. Biz gördük ki, əmtəədə kristallaşmış zəruri əməyin miqdarı əmtəənin dəyərini təşkil edir. Lakin biz, bu dəyər anlayışını tətbiq etmək istəsək, məsələn, 10 saatlıq iş gününün dəyərini necə müəyyən edə bilərik? Bu iş günündə nə, qədər əmək vardır? 10 saatlıq əmək. Əgər biz 10 saatlıq iş günü dəyərinin 10 saatlıq əməyə və ya bu iş günündə olan əməyin miqdarına bərabər olduğunu desək, bu mənasız bir təkrar və hətta cəfəngiyat olardı. Aydındır ki, biz göy cisimlərinin həqiqi hərəkətini dərk etdikdən sonra, onların bizə görünən zahiri hərəkətini izah edə bildiyimiz kimi, «əməyin dəyəri» ifadəsinin gizli olan əsl mənasını aşkara çıxardıqdan sonra dəyərin bu irrasional və, sanki, mümkün olmayan tətbiqini də izah edə bilərik.

Fəhlənin satdığı şey bilavasitə onun əməyi deyil, onun iş qüvvəsidir; bunu fəhlə müvəqqəti olaraq kapitalistin, ixtiyarına verir. Bu o qədər doğrudur ki,–ingilis qanunlarını bilmirəm, hər halda kontinentdəki bəzi ölkələrin qanunları,–fəhlənin öz iş qüvvəsini ən çoxu nə qədər müddətə sata biləcəyini müəyyən edir. İş qüvvəsini istənildiyi müddətə satmağa icazə verilsə idi, dərhal kələlik bərpa olunardı. Fəhlə öz iş qüvvəsini bütün ömürlük satsaydı, dərhal öz sahibinin həmişəlik qulu olardı.

İngiltərənin ən qocaman iqtisadçılarından və ən orijinal filosoflarından biri olan Tomas Hobbs özünün «Leviafan» əsərində bütün sələflərinin nəzərindən qaçmış bu həqiqəti instinklə duymuşdu. O belə deyir:

«Bütün başqa şeylər kimi, insanın da dəyəri və ya qiymətliliyi, onun qiymətidir, yəni onun qüvvəsindən istifadə etmək müqabilində verilən şeydir».

Biz bu fikrə əsaslansaq, hər bir başqa əmtəənin dəyəri kimi, əməyin də dəyərini müəyyən edə bilərik.

Lakin bundan əvvəl biz soruşmalıyıq: belə bir qəribə hadisə necə baş vermişdir ki, biz bazarda, bir tərəfdən, torpaq, maşın, xammal və yaşayış vasitələrindən, yəni becərilməmiş torpaq istisna edilməklə, əmək məhsullarından ibarət şeylərə malik alıcılar zümrəsinə, digər tərəfdən isə, öz iş qüvvəsindən, öz işlək əlləri və beynindən başqa satılası heç bir şeyi olmayan satıcılar zümrəsinə rast gəlirik; necə ola bilmişdir ki, bir qisim adamlar mənfəət götürmək və varlanmaq məqsədi ilə daim satın alırlar, başqaları isə yaşayış vəsaiti əldə etmək məqsədi ilə daim satırlar. Bu məsələni tədqiq etmək, iqtisadçıların ilkin və ya ibtidai yığım adlandırdıqları, lakin ibtidai ekspropriasiya adlandırılması lazım gələn şeyi tədqiq etmək demək olardı. Biz burada görərdik ki, bu ibtidai yığım deyilən şey, işçi ilə onun əmək vasitələri arasında keçmişdə mövcud vəhdətin pozulmasına səbəb olan bir sıra tarixi proseslərdən başqa bir şey deyildir. Lakin bu tədqiq bəhs etdiyim mövzu çərçivəsindən kənara çıxır. Bir halda ki zəhmətkeşi əmək vasitələrindən ayırdılar, bu ayırma o vaxta qədər davam edib qalır və geniş bir miqyasda daim təkrar olunur ki, istehsal üsulunda yeni və əsaslı inqilab əmələ gəlib bu ayırmanı aradan qaldırır və əvvəlki vəhdəti yeni tarixi formada bərpa edir.

Bəs qüvvəsinin dəyəri nə deməkdir?

Hər bir başqa əmtəənin dəyəri kimi, iş qüvvəsinin dəyəri də onun istehsalı üçün zəruri olan əmək miqdarı ilə müəyyən olunur. İnsanın iş qüvvəsi yalnız canlı insan vücudunda mövcuddur. Böyümək və yaşamaq üçün insan müəyyən miqdar yaşayış vasitələri istehlak etməlidir. Lakin maşın kimi, adam da aşınır və onu başqa bir adamla əvəz etmək lazım gəlir. Fəhlə özünün yaşaması üçün müəyyən miqdar yaşayış vasitələri əldə etməkdən başqa əmək bazarında onun özünü əvəz edib fəhlələr nəslini əbədiləşdirməli olan uşaqlarını bəsləyib yetişdirmək üçün də bir miqdar yaşayış vasitələrinə möhtacdır. Bundan əlavə, fəhlənin öz iş qüvvəsini inkişaf etdirməsi və müəyyən bir ixtisas qazanması üçün də müəyyən miqdar dəyər sərf etmək lazım gəlir. Qarşımızda duran məqsəd üçün burada ancaq orta əməyi nəzərdən keçirmək kifayətdir ki, bu halda tərbiyə və təhsil xərcləri çox cüzi bir kəmiyyət təşkil edir. Lakin yeri gəlmişkən qeyd etməliyəm ki, müxtəlif keyfiyyətli iş qüvvələrinin istehsalına çəkilən xərc müxtəlif olduğuna görə, müxtəlif istehsal sahələrində tətbiq edilən iş qüvvəsinin dəyərləri də müxtəlif olmalıdır. Buna görə də bərabər əmək haqqı tələbi yanlış bir fikrə əsaslanır və heç bir zaman həyata keçirilməsi mümkün olmayan mənasız bir arzudur. Bu tələb, ilkin şərtləri qəbul edib nəticələrin üstündən keçmək istəyən yanlış və səthi radikalizmdən irəli gəlir. Muzdlu əmək sistemi əsasında iş qüvvəsinin dəyəri də, hər bir başqa əmtəənin dəyəri kimi müəyyən edilir, müxtəlif növ iş qüvvələrinin dəyəri isə müxtəlif olduğuna görə, yəni bunların istehsalı müxtəlif miqdar əmək tələb etdiyinə görə, əmək bazarında da bunlara müxtəlif qiymətlə haqq verilməlidir. Muzdlu əmək sistemi əsasında bərabər və ya heç olmazsa ədalətli haqq verilməsini tələb etmək, köləlik sistemi əsasında azadlıq tələb etmək kimi bir şeydir. Sizin nəyi düzgün və ədalətli hesab etməyinizin məsələyə dəxli yoxdur. Məsələ mövcud istehsal sistemi şəraitində nəyin labüd və zəruri olmasındadır.

Bütün bu deyilənlərdən sonra aydındır ki, iş qüvvəsinin dəyəri bu qüvvəni istehsal etmək, inkişaf etdirmək, yaşatmaq və əbədiləşdirmək üçün zəruri olan yaşayış vasitələrinin dəyəri ilə müəyyən olunur.
8. İZAFİ DƏYƏR İSTEHSALI

İndi fərz edək ki, hər gün fəhləyə lazım olan orta miqdar yaşayış vasitələrini istehsal etmək üçün 6 saatlıq orta əmək tələb olunur. Bundan əlavə, fərz edək ki, bu 6 saatlıq orta əmək 3 şillinqə bərabər miqdar qızılda təcəssüm olunur. Bu halda 3 şillinq, bu adamın iş qüvvəsinin gündəlik dəyərinin qiyməti və ya pul ifadəsi olacaqdır. Bu adam gündə 6 saat işləməklə, hər gün özünə lazım olan orta miqdar yaşayış vasitələri əldə etmək üçün, yəni özünü fəhlə olaraq yaşatmaq üçün kifayət qədər dəyər istehsal edərdi.

Lakin bu adam muzdlu fəhlədir. Buna görə də o öz iş qüvvəsini kapitalistə satmalı olur. O öz iş qüvvəsini gündə 3, yaxud həftədə 18 şillinqə satmaqla, bu iş qüvvəsini öz dəyərinə satmış olur. Tutaq ki bu adam əyiricidir. Əgər o, gündə 6 saat işləyirsə, hər gün pambığa 3 şillinqlik dəyər əlavə edir. Onun hər gün pambığa əlavə etdiyi bu dəyər onun əmək haqqının, yaxud öz iş qüvvəsi müqabilində hər gün aldığı qiymətin tam ekvivalentidir. Lakin bu halda kapitalist heç bir izafi dəyər və ya izafi məhsul əldə edə bilməzdi. Beləliklə, biz burada əsl çətinliyə rast gəlirik.

Fəhlənin iş qüvvəsini almaqla və onun dəyərini verməklə kapitalist də, bütün başqa alıcılar kimi, aldığı əmtəəni istehlak etmək, bundan istifadə etmək hüququ əldə edir. Maşın hərəkətə gətirilməklə istehlak edildiyi və ya ondan istifadə olunduğu kimi, insan da işləməyə vadar edilməklə onun iş qüvvəsi istehlak edilir və ya bu iş qüvvəsin dən istifadə olunur. Kapitalist fəhlənin iş qüvvəsinin gündəlik və ya həftəlik dəyərini verməklə, bu iş qüvvəsindən bütün gün və ya bütün həftə boyu istifadə etmək və ya onu işlətmək hüququ əldə etmişdir. İş gününün və ya iş həftəsinin, əlbəttə, müəyyən həddi vardır. Lakin bu məsələ üzərində biz sonra ətraflı dayanacağıq.

İndi isə nəzərinizi həlledici bir cəhətə cəlb etmək istəyirəm.

İş qüvvəsinin dəyəri bu qüvvəni yaşatmaq və ya təkrar istehsal etmək üçün lazım gələn əmək miqdarı ilə müəyyən olunur, halbuki bu iş qüvvəsindən istifadə etmək həddi ancaq fəhlənin iş qabiliyyəti və fiziki qüvvəsindən asılıdır. Ata lazım olan yem ilə, atın miniyi öz üzərində gəzdirə biləcəyi müddət əsla eyni bir şey olmadığı kimi, iş qüvvəsinin gündəlik və ya həftəlik dəyəri ilə, bu qüvvənin bir gün və ya bir həftə ərzində sərf edilməsi də tamamilə başqa şeylərdir. Fəhlənin iş qüvvəsi dəyərinin həddi olan əmək miqdarı, heç də onun iş qüvvəsinin sərf edə biləcəyi əmək miqdarının həddi deyildir. Məsələn, bizim əyiricini götürək. Biz gördük ki, o hər gün öz iş qüvvəsini təkrar istehsal etmək üçün hər gün 3 şillinqlik dəyəri təkrar istehsal etməlidir və bu işi görmək üçün o gündə 6 saat işləyir. Lakin bu hal heç də onu gündə 10, 12 saat və ya daha çox işləmək qabiliyyətindən məhrum etmir. Kapitalist isə əyiricinin iş qüvvəsinin gündəlik və ya həftəlik dəyərini verməklə, onun iş qüvvəsindən bütün gün və ya bütün həftə boyu istifadə etmək hüququ əldə etmişdir. Buna görə kapitalist əyiricini, gündə, tutaq ki 12 saat işləməyə məcbur edir. Bu halda fəhlə öz əmək haqqının və ya öz iş qüvvəsi dəyərinin əvəzini ödəmək üçün zəruri olan 6 saatdan əlavə və buna üstəlik olaraq daha 6 saat işləməli olur ki mən də bu iş saatlarını izafi əmək saatları adlandıracağam; həm də bu izafi əmək izafi dəyərdə izafi məhsulda təcəssüm edəcəkdir. Məsələn, bizim əyirici gündə 6 saat işləməklə pambığa 3 şillinqlik dəyər əlavə edir və bu dəyər onun əmək haqqının tam ekvivalentidirsə, 12 saat ərznndə pambığa 6 şillinqlik dəyər əlavə edəcək və müvafiq miqdar izafi iplik istehsal edəcəkdir. Bu əyirici öz iş qüvvəsini kapitalistə satdığına görə, onun yaratdığı bütün dəyər və ya yaratdığı bütün məhsul «protempore» (müvəqqəti olaraq. Red.) onun iş qüvvasinin sahibi olan kapitalistə məxsusdur. Deməli, kapitalist 3 şillinq avans etməklə 6 şillinqlik bir dəyər reallaşdırır, çünki 6 saatlıq əməyin kristallaşdığı bir dəyəri avans etməklə əvəzində 12 saatlıq əməyin kristallaşdığı bir dəyər əldə edir. Kapitalist hər gün bu prosesi təkrar etməklə, hər gün 3 şillinq avans edəcək və hər gün öz cibinə 6 şillinq qoyacaqdır; bu 6 şillinqin yarısı yenidən əmək haqqı verməyə sərf olunur, yarısı isə izafi dəyər təşkil edir ki, kapitalist də bunun müqabilində heç bir ekvivalent vermir. Kapitalist istehsalı və ya muzdlu əmək sistemi məhz kapitalla əmək arasında belə bir mübadiləyə əsaslanır və məhz belə bir mübadilə nəticəsidir ki, daim fəhlə bir fəhlə olaraq, kapitalist isə bir kapitalist olaraq təkrar istehsal olunur.

Başqa şərtlər eyni olduqda, izafi dəyər norması, iş qüvvəsinin dəyərini təkrar istehsal etmək üçün zəruri olan iş günü hissəsi ilə kapitalist üçün sərf edilən izafi vaxt və ya izafi əmək arasındakı nisbətdən asılıdır. Deməli, izafi dəyər norması, fəhlənin öz əməyi ilə yalnız öz iş qüvvəsinin dəyərini təkrar istehsal etdiyi və ya öz əmək haqqını ödədiyi vaxtdan əlavə, iş gününün nə qədər davam etməsindən asılıdır.
9. ƏMƏYİN DƏYƏRİ

İndi biz «əməyin dəyəri və ya qiyməti» ifadəsi üzərinə qayıtmalıyıq.

Biz gördük ki, əslində əməyin dəyəri, iş qüvvəsinin dəyərindən başqa bir şey deyildir və bu dəyər iş qüvvəsini yaşatmaq üçün zəruri olan əmtəələrin dəyəri ilə ölçülür. Lakin fəhlə öz əmək haqqını işini qurtardıqdan sonra aldığına görə və, bundan əlavə, fəhlə kapitalistə məhz öz əməyini verdiyini bildiyinə görə, ona labüd surətdə elə gəlir ki, onun işi qüvvəsinin dəyəri və ya qiyməti onun əməyinin özünün qiyməti və ya dəyəridir. Əgər onun iş qüvvəsinin qiyməti 6 saatlıq əməyin təcəssüm etdiyi 3 şillinqə bərabərdirsə və fəhlə 12 saat işləyirsə, o mütləq bu 3 şillinqi 12 saatlıq əməyin dəyəri və ya qiyməti hesab edir, halbuki 12 saatlıq əmək 6 şillinqlik dəyərdə təcəssüm edir. Buradan iki nəticə çıxır:

Birincisi: əməyin dəyəri və qiyməti kimi terminlər əslində mənasızdırsa da, iş qüvvəsinin dəyəri və ya qiyməti zahirən əməyin özünün qiyməti və ya dəyəri şəklini alır.

İkincisi: fəhlənin gündəlik əməyinin ancaq bir hissəsinin haqqı ödənilib digər hissəsinin haqqı ödənilmirsə də və izafi dəyəri və ya mənfəəti təşkil edən fond məhz haqqı ödənilməyən bu əməkdən və ya izafi əməkdən yaradılırsa da, zahirən belə gəlir ki, guya bütün əməyin haqqı ödənilmişdir.

Bu aldadıcı zahirlik muzdlu əməyi əməyin başqa tarixi formalarından fərqləndirir. Muzdlu əmək sistemi əsasında, hətta haqqı ödənilməyən əmək də ödənilmiş əmək kimi görünür. Əksinə, qul əməyinin haqqı ödənilən hissəsi də ödənilməmiş kimi görünür. Aydındır ki, qul işləyə bilmək üçün yaşamalıdır, buna görə də onun iş gününün bir hissəsi onu saxlamaq üçün sərf edilən dəyəri ödəyir. Lakin qulla ağası arasında heç bir ticarət sövdəsi bağlanmadığına görə, hər iki tərəf arasında heç bir alqı və satqı olmadığına görə, belə gəlir ki, guya qulun bütün əməyinə heç bir haqq verilməmişdir.

Digər tərəfdən, demək olar ki, hələ dünənə qədər bütün Şərqi Avropada mövcud olan təhkimli kəndlini götürək. Bu kəndli həftənin təqribən 3 gününü öz torpağında və ya ona verilən torpaqda özü üçün işləyir, qalan 3 günü isə öz ağasının malikanəsində məcburi surətdə və müftə işləyirdi. Beləliklə, burada əməyin haqqı ödənilən hissəsi ödənilməyən hissəsindən zaman və məkan etibarilə aşkar surətdə ayrılmışdı və bizim liberallar insanın müftə işlədilməsi fikrini belə qeyri-təbii hesab edib mənəvi cəhətdən xeyli hiddətlənirdilər.

Halbuki adamın həftədə 3 gün öz torpağında özü üçün, 3 gün də öz ağasının malikanəsində müftə işləməsi ilə, fabrik və ya emalatxanada gündə 6 saat özü üçün, 6 saat da öz sahibkarı üçün işləməsi arasında heç bir fərq yoxdur; hərçənd ikinci halda əməyin haqqı ödənilən hissəsi ödənilməyən hissəsinə sıx bağlı olur və ortalıqda müqavilə olması və həftənin axırında haqq verilməsi bütün bu sövdənin təbiətini tamamilə pərdələyir. Müftə əmək bir halda könüllü, o biri halda isə məcburi əmək kimi görünür. Bütün fərq bundan ibarətdir.

Gələcəkdə mən «əməyin dəyəri» ifadəsini işlətdikdə, onu ancaq, istifadə edilən adi bir termin kimi nəzərdə tutub «iş qüvvəsinin dəyəri» yerində işlədəcəyəm.
10. MƏNFƏƏT ƏMTƏƏ ÖZ DƏYƏRİNƏ SATILARKƏN ƏLDƏ EDİLİR

Fərz edək ki, orta hesabla əməyin saatı 6 pensə bərabər bir dəyərdə və ya orta hesabla 12 saatlıq əmək 6 şillinğdə tocəssüm edir. Sonra fərz edək ki, əməyin dəyəri 3 şillinqə və ya 6 saatlıq əməyin məhsuluna bərabərdir. Daha sonra, əgər əmtəə istehsalı prosesində istifadə edilmiş xammalda, maşınlarda və sairədə orta hesabla 24 saatlıq əmək təcəssüm etmişsə, bunların dəyəri 12 şillinq olacaqdır. Bundan əlavə, əgər kapitalistin muzdla tutduğu fəhlə bu istehsal vasitələrinə öz 12 saatlıq əməyini əlavə edirsə, həmin 12 saat 6 şillinqlik əlavə dəyər yaradacaqdır. Beləliklə, məhsulun ümumi dəyəri 36 saatlıq maddiləşmiş əməkdən ibarət olub 18 şillinqə bərabər olacaqdır. Lakin əməyin dəyəri, yaxud fəhləyə verilən əmək haqqı yalnız 3 şillinqə bərabər olduğuna görə, fəhlənin sərf etdiyi və əmtəənin dəyərində təcəssüm edən 6 saatlıq izafi əmək əvəzində kapitalist heç bir ekvivalent vermir. Kapitalist bu əmtəəni öz dəyərinə, yəni 18 şillinqə satmaqla, əvəzində heç bir ekvivalent vermədiyi 3 şillinqlik dəyəri də reallaşdırmış olur. Bu 3 şillinq kapitalistin izafi dəyəri və ya öz cibinə qoyduğu mənfəətdir. Deməli, kapitalistin 3 şillinqlik mənfəəti reallaşdırmasının səbəbi, öz əmtəəsini dəyərindən yüksək qiymətə satması deyil, onun öz həqiqi dəyərinə satmasıdır.

Əmtəənin dəyəri onda təcəssüm edən əməyin ümumi miqdarı ilə müəyyən olunur. Lakin bu əmək miqdarının bir hissəsi, müqabilində əmək haqqı şəklində ekvivalen verilmiş dəyərdə, digər hiscəsi isə müqabilində heç bi rekvivalent verilməmiş dəyərdə təcəssüm etmişdir. Əmtəədə olan əməyin bir hissəsi haqqı ödənilmiş əməkdir, digər hissəsi isə haqqı ödənilməmiş əmək. Deməli, kapitalist əmtəəni öz dəyərinə satdıqda, yəni əmtəəyə sərf olunan bütün əmək miqdarını kristallaşmış şəkildə satdıqda, bu əmtəəni mütləq mənfəətinə satmış olacaqdır. Kapitalist, müqabilində müəyyən bir ekvivalent verdiyi şeyi satmaqdan başqa, ona müftə tamam olan şeyi də satır, halbuki fəhlə bu şeyə əmək sərf etmişdir. Əmtəənin kapitalist üçün nəyə başa gəldiyi ilə onun həqiqi dəyəri bir-birindən fərqli olan iki başqa şeylərdir. Beləliklə, təkrar edirəm: normal və orta mənfəət, heç də əmtəələri həqiqi dəyərlərindən yuxarı satmaq nəticəsində deyil, həqiqi dəyərlərinə satmaq nəticəsində əldə edilir.
11. İZAFİ DƏYƏRİN BÖLÜNDÜYÜ MÜXTƏLİF HİSSƏLƏR

Mən izafi dəyəri, yaxud əmtəənin bütün dəyərindən fəhlənin izafi əməyinin və ya haqqı ödənilməmiş əməyinin təcəssüm etdiyi hissəsini mənfəət adlandırıram. Bu mənfəətin heç də hamısı sahibkar kapitalistin cibinə getmir. Torpaq üzərindəki inhisar torpaq sahibinə bu izafi dəyərin bir hissəsini renta adı ilə mənimsəmək imkanı verir, həm də bu torpaqdan kənd təsərrüfatı üçün tikililər, dəmir yolları və ya hər hansı bir başqa istehsal məqsədi üçün istifadə edilməsinin fərqi yoxdur. Digər tərəfdən, əmək vasitələrinə sahib olmaq sahibkar kapitalistə izafi dəyər istehsal etmək və ya, başqa sözlə, haqqı ödənilməmiş müəyyən miqdar əməyi mənimsəmək imkanı verir; məhz bu fakt nəticəsindədir ki, əmək vasitələrinin hamısını və ya bir qismini sahibkar kapitalistə borc verən mülkiyyətçi, bir səzlə, borc pul verən kapitalist, bu izafi dəyərin o biri hissəsini faiz adı ilə tələb etmək imkanı əldə edir. Beləliklə, sahibkar kapitalistin özünə yalnız o qalır ki, buna da sənaye və ya ticarət mənfəəti deyilir.

Bütün izafi dəyər məbləğinin göstərilən üç zümrə adamlar arasında bu bölünməsinin hansı qanunlarla tənzim olunduğu məsələsinin bəhs etdiyimiz mövzuya əsla dəxli yoxdur. Lakin bütün bu deyilənlərdən aşağıdakı nəticə çıxır:

Renta, faiz, sənaye mənfəəti,–əmtəədəki izafi dəyərin və ya onda təcəssüm edən haqqı ödənilməmiş əməyin müxtəlif hissələrinə verilən yalnız müxtəlif adlardır, bunların hamısı eyni dərəcədə bu mənbədən və bir tək bu mənbədən əldə edilir. Bunları torpağın özü və kapitalın özü törətmir, lakin torpaq və kapital öz sahiblərinə, sahibkar kapitalistin fəhlədən sıxıb çıxartdığı izafi dəyərin müvafiq hissəsini almağa imkan verir. Fəhlənin izafi əməyinin və ya haqqı ödənilməmiş əməyinin nəticəsi olan bu izafi dəyərin hamısını sahibkar kapitalistmi öz cibinə qoyur, yoxsa bunun müəyyən hissələrini renta və faiz adı ilə başqa şəxslərəmi verməli olur, bu məsələnin fəhlə üçün ikinci dərəcəli əhəmiyyəti vardır. Fərz edək ki, sahibkar kapitalist ancaq öz kapitalından istifadə edir və özünə lazım olan torpağın sahibi də özüdür. Bu halda izafi dəyər bütünlüklə onun cibinə gedərdi.

İzafi dəyərin nəticədə nə kimi bir hissəsini sahibkar kapitalistin özü üçün saxlaya biləcəyindən asılı olmayaraq, bu izafi dəyəri fəhlənin əməyindən bilavasitə sıxıb çıxaran məhz odur. Beləliklə, bütün muzdlu əmək sistemi, bütün müasir istehsal sistemi sahibkar kapitalistlə muzdlu fəhlə arasında olan məhz bu münasibətə əsaslanır. Buna görə də mübahisəmizdə iştirak edənlərdən vəziyyəti yumşaltmağa və sahibkar kapitalistlə fəhlə arasında bu əsas munasibəti ikinci dərəcəli bir məsələ kimi göstərməyə çalışan bəzi vətəndaşlar haqlı deyildilər; hərçənd onlar haqlı olaraq deyirdilər ki, mövcud şəraitdə qiymətlərin qalxması sahibkar kapitalistin, torpaq sahibinin, pul kapitalistinin və hətta vergi yığanın da mənafeyinə tamamilə müxtəlif dərəcədə təsir göstərə bilər.

Deyilənlərdən daha bir nəticə çıxır.

Əmtəə dəyərinin yalnız xammal və maşınların, bir sözlə, istehlak edilən istehsal vasitələrinin dəyərindən ibarət olan hissəsi heç də gəlir yaratmayıb ancaq kapitalı ödəyir. Lakin biz hətta bu məsələni bir tərəfə qoysaq da belə bir fikir də doğru deyildir ki, guya əmtəə dəyərinin digər hissəsi, yəni gəlir yaradan və ya əmək haqqı, mənfəət, renta və faiz şəklində sərf oluna biləcək hissəsi əmək haqqı dəyərindən, renta dəyərindən, mənfəət dəyərindən və sairədən düzəlir. Biz buradan əvvəlcə əmək haqqını bir kənara qoyub ancaq sənaye mənfəətini, faiz və rentanı nəzərdən keçirəcəyik. Biz indicə gördük ki, əmtəədə olan izafi dəyər ya əmtəənin dəyərində haqqı ödənilməmiş əməyin təcəssüm etdiyi hissə özü müxtəlif hissələrə bölünür və bunların üç müxtəlif adı vardır. Lakin belə demək əsla doğru olmazdı ki, əmtəənin bu hissəsinin dəyəri həmin üç komponentin müstəqil dəyərlərinin cəmi nəticəsində əmələ gəlir və ya meydana gəlir.

Bir saatlıq əmək 6 penslik dəyərdə təcəssüm edirsə, fəhlənin iş günü 12 saatdırsa və bu vaxtın yarısı haqqı ödənilməmiş əməkdən ibarətdirsə, bu izafi əmək əmtəəyə 3 şillinqlik izafi dəyər, yəni heç bir ekvivalenti verilməmiş dəyər əlavə edir. Bu 3 şillinqlik izafi dəyər sahibkar kapitalistin torpaq sahibi və pul borc verən şəxslə hansı proporsiyada olursa-olsun, bölüşdürə biləcəyi bütün fondu təşkil edir. Bu 3 şillinqlik dəyər onların öz aralarında bölüşdürə biləcəyi dəyərin həddidir. Lakin iş heç də elə olmur ki, sahibkar kapitalistin özü əmtəənin dəyərinə özü üçün mənfəət olaraq istədiyi qədər dəyər əlavə etsin, sonra torpaq sahibi və başqaları üçün başqa bir dəyər əlavə edilsin və əmtəənin ümumi dəyəri də ixtiyari olaraq müəyyən edilən bu dəyərlərin məcmusundan ibarət olsun. Beləliklə, siz görürsünüz ki, müəyyən bir dəyərin üç hissəyə bölünməsini bu dəyərin üç müstəqıl dəyərnn cəmi nəticəsində əmələ gəlməsi ilə qarışdıran adi təsəvvür tamamilə yanlışdır, çünki bu yanlış təsəvvür nəticəsində, renta, mənfəət və faizin əldə edildiyi məcmu dəyər ixtiyari bir kəmiyyətə çevrilmiş olur.

Fərz edək ki, kapitalistin reallaşdırdığı bütün mənfəət 100 funt sterlinqə bərabərdir. Biz bu mənfəət məbləğini mütləq kəmiyyət kimi götürdükdə, onu mənfəət kütləsi adlandırırıq. Bu 100 funt sterlinqin avans edilən kapitala nisbətini hesabladıqda isə, bu nisbi kəmiyyəti mənfəət norması adlandırırıq. Aydındır ki, bu mənfəət norması iki cür ifadə edilə bilər.

Fərz edək ki, əmək haqqı üçün avans edilən kapital 100 funt sterlinqdir. Əgər yaradılan izafi dəyər də 100 funt sterlinqə bərabərdirsə, bu göstərir ki, fəhlənin iş gününün yarısı haqqı ödənilməmiş əməkdən ibarətdir və,–bu mənfəət əmək haqqı üçün avans edilən kapitalın dəyəri ilə ölçülərsə,–biz deyirik ki, mənfəət norması 100%-ə bərabərdir, çünki avans edilən dəyər 100-ə, reallaşdırılan dəyər isə 200-ə bərabərdir.

Digər tərəfdən, əgər biz təkcə əmək haqqı üçün avans edilən kapitalı deyil, avans edilən bütün kapitalı, məsələn, 500 funt sterlinqi və bunun 400 funt sterlinqinin xammal, maşınlar və sairə dəyərindən ibarət olduğunu nəzərdə tutsaq, görərik ki, mənfəət norması yalnız 20%-ə bərabərdir, çünki 100 funt sterlinqdən ibarət olan mənfəət avans edilən bütün kapitalın ancaq beşdə bir hissəsini təşkil edəcəkdir.

Mənfəət normasını ifadə edən birinci üsul, haqqı ödənilmiş əməklə haqqı ödənilməmiş əmək arasındakı həqiqi nisbəti, əməyin həqiqi «exploitation» (istismar. Red.) (icazənizlə mən bu fransız sözündən istifadə edirəm) dərəcəsini göstərən yeganə üsuldur. İkinci ifadə üsulu adi hallarda işlənib bəzi məqsədlər üçün doğrudan da əlverişli olur, hər halda kapitalistin fəhlədən nə dərəcədə müftə əmək sıxıb çıxartdığını gizlətmək üçün çox əlverişlidir.

Bundan sonra edəcəyim qeydlərdə mən mənfəət sözünü kapitalistin sıxıb çıxartdığı bütün izafi dəyər kütləsini göstərmək üçün işlədəcəyəm ki, burada da həmin izafi dəyərin müxtəlif kateqoriyalardan olan şəxslər arasında necə bölündüyü nəzərə alınmayacaqdır; mənfəət norması ifadəsini işlətdikdə isə, həmişə mənfəəti, əmək haqqı üçün avans edilən kapitalın dəyərinə onun nisbəti ilə ölçəcəyəm.


12. MƏNFƏƏT, ƏMƏK HAQQI VƏ QİYMƏTLƏR ARASINDA ÜMUMİ NİSBƏT

Əmtəənin dəyərindən xammalı və əmtəəyə sərf edilən başqa istehsal vasitələrini ödəyən dəyər çıxılarsa, yəni əmtəədəki keçmiş əməyi təmsil edən dəyər çıxılarsa, əmtəə dəyərinin qalan hissəsi fəhlənin sonuncu istehsal prosesində əlavə etdiyi əmək miqdarından ibarət olur. Əgər bu fəhlə gündə 12 saat işləyirsə, orta hesabla 12 saatlıq əməyi özündə kristallaşdıran qızılın miqdarı isə 6 şillinqə bərabərdirsə, əlavə edilən bu 6 şillinqlik dəyər fəhlə əməyinin yaratdığı yeganə dəyərdir. İş vaxtı ilə müəyyən edilən bu dəyər yeganə fonddur ki, fəhlə də, kapitalist də öz hissəsini, yaxud öz payını buradan götürməlidir, yeganə dəyərdir ki, əmək haqqına və mənfəətə bölünməlidir. Aydındır ki, bu dəyər həmin iki tərəf arasında nə kimi müxtəlif nisbətdə bölünürsə bölünsün, özü dəyişilməyəcəkdir. Habelə, bir fəhlə əvəzinə bütün fəhlə əhalisi və ya bir iş günü əvəzinə, məsələn, 12 milyon iş günü götürülərsə, yenə də heç bir şey dəyişilməyəcəkdir.

Kapitalistlə fəhlə öz aralarında ancaq bu məhdud dəyəri, yəni fəhlənin bütün əməyi ilə ölçülən dəyəri bölüşdurə biləcəklərinə görə, bunlardan birisi nə qədər çox alırsa, o birisi bir o qədər az alır və «viceversa». Əgər müəyyən bir kəmiyyət götürülmüşsə, bunun bir hissəsi nə nisbətdə artarsa, digər hissəsi həmişə eyni nisbətdə azalacaqdır. Əmək haqqı dəyişilərsə, mənfəət əks istiqamətdə dəyişiləcəkdir.Əmək haqqı aşağı düşürsə, mənfəət yüksələcəkdir; əmək haqqı yüksəlirsə, mənfəət aşağı düşəcəkdir. Yuxarıda fərz etdiyimiz kimi, əgər fəhlə, yaratdığı dəyərin yarısına bərabər olan 3 şillinq alırsa, yəni, başqa sözlə, fəhlənin bütün iş gününün yarısı haqqı ödənilmiş əməkdən, yarısı da haqqı ödənilməmiş əməkdən ibarətdirsə, mənfəət norması 100% olacaqdır, çünki kapitalist də 3 şillinq alacaqdır. Əgər fəhlə ancaq 2 şillinq alırsa və ya bütün günün yalnız 1/3 hissəsini özü üçün işləyirsə, kapitalist 4 şillinq alacaq və mənfəət norması 200% olacaqdır, Fəhlə 4 şillinq alırsa, kapitalist yalnız 2 şillinq alacaq və mənfəət norması 50%-ə enəcəkdir. Lakin bütün bu dəyişikliklər əmtəənin dəyərinə təsir göstərməyəcəkdir. Deməli, əmək haqqının ümumi yüksəlməsi ümumi mənfəət normasının aşağı düşməsinə səbəb olardı, lakin əmtəələrin dəyərinə təsir göstərməzdi.

Nəticə etibarilə əmtəələrin bazar qiymətlərini tənzim etməli olan əmtəə dəyərləri, yalnız bu əmtəələrdə təsbit edilən əməyin ümumi miqdarı ilə müəyyən edilirsə və hər bir belə əmək miqdarının haqqı ödənilən və haqqı ödənilməyən əməyə bölünməsindən asılı deyildirsə də, buradan heç də o nəticə çıxmır ki, məsələn, 12 saat ərzində istehsal edilən ayrı-ayrı əmtəələrin və ya bir qrup əmtəələrin dəyərləri sabit qalacaqdır. Müəyyən iş vaxtı ərzində və ya müəyyən miqdar əmək vasitəsilə istehsal edilən əmtəələrin sayı və ya kütləsi tətbiq edilən əmək vaxtının uzadılmasından və ya davam etdiyi müddətdən deyil, onun məhsuldar qüvvəsindən asılıdır. Əyirici əməyinin məhsuldar qüvvəsinin bir səviyyəsində 12 saatlıq iş günü ərzində, məsələn, 12 funt iplik, daha aşağı səviyyəsində isə yalnız 2 funt iplik istehsal etmək olar. Deməli, orta hesabla 12 saatlıq əmək 6 şillinqlik dəyərdə təcəssüm edirsə, bir halda 12 funt ipliyin dəyəri 6 şillinq, o biri halda isə 2 funt ipliyin dəyəri də yenə 6 şillinq olardı. Beləliklə, bir halda 1 funt ipliyin dəyəri 6 pens, digər halda isə 3 şilliiq olardı. Bu qiymət fərqi tətbiq edilən əməyin məhsuldar qüvvəsi arasındakı fərqin nəticəsi olardı. Məhsuldar qüvvə yüksək olduqda, 1 funt iplikdə 1 saatlıq əmək, məhsuldar qüvvə aşağı olduqda isə 1 funt iplikdə 6 saatlıq əmək təcəssüm edərdi. Bir halda əmək haqqı nisbətən yüksək, mənfəət norması aşağı olsa da, 1 funt ipliyin qiyməti yalnız 6 pensə bərabər olardı, o biri halda əmək haqqı aşağı, mənfəət norması yüksək olsa da, 1 funt ipliyin qiyməti 3 şillinqə bərabər olardı. Bunun səbəbi odur ki, bir funt ipliyin qiyməti ona qoyulan əməyin ümumi miqdarının haqqı ödənilən və haqqı ödənilməyən əməyə bölünməsi nisbəti ilə deyil, bu əməyin ümumi miqdarı ilə müəyyən olunur. Beləliklə, mənim yuxarıda gətirdiyim fakt, yəni yüksək haqq verilən əməyin istehsal etdiyi əmtəənin ucuz, aşağı haqq verilən əməyin istehsal etdiyi əmtəənin isə baha başa gələ biləcəyi faktı, indi öz zahiri qəribəliyini itirir. Bu fakt ancaq belə bir ümumi qanunu ifadə edir ki, əmtəənin dəyəri bu əmtəəyə qoyulan əməyin miqdarı ilə müəyyən olunur və bu əməyin miqdarı tamamilə, tətbiq edilən əməyin məhsuldar qüvvəsindən asılı olduğuna görə, hər dəfə əmək məhsuldarlığı dəyişildikdə, o da dəyişir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin