AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


KƏND ƏHALİSİNİN TORPAQDAN MƏHRUM EDİLMƏSİ



Yüklə 1,16 Mb.
səhifə9/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

2. KƏND ƏHALİSİNİN TORPAQDAN MƏHRUM EDİLMƏSİ

İngiltərədə təhkimçilik asılılığı felən XIV əsrin axırlarında aradan qalxmışdı. O zaman–və xüsusilə XV



əsrdə–əhalinin böyük əksəriyyəti mülkiyyətləri hər hansı bir feodalizm lövhəsi arxasında gizlənmiş olsa da, müstəqil təsərrüfatla məşğul olan azad kəndlilərdən ibarət idi («Öz tarlalarını öz əməkləri ilə becərən və azacıq güzəranı olan xırda torpaq sahibləri... o zaman millətin indikindən xeyli çox hissəsini təşkil edirdilər... Ailələri ilə birlikdə bütün əhalinin, yəqin yeddidə bir hissəsindən çoxunu təşkil edən azı 160 000 nəfər torpaq mülkiyyətçisi öz xırda freehold–sahələrini «(freehold–torpaq üzərində tam mülkiyyət deməkdir)» becərməklə yaşayırdı. Bu xırda torpaq sahiblərinin orta gəliri 60–70 f.st. təxmin edilir. Hesablanılmışdır ki, öz torpağını becərənlərin sayı, özgə torpağını icarə edənlərdən çox imiş» (Macaulay. «History of England», 10th ed. London, 1854, v.I, p.333, 334). Hələ XVII əsrin son qərinəsində ingilislərin 4/5 hissəsi əkinçiliklə məşğul idi (yenə orada, səh. 413). –Mən ona görə Makoleydən sitat gətirirəm ki, o tarixi daim saxtalaşdırıb bu kimi faktları mümkün qədər «malalayır»). İri ağalıq malikanələrində, bir zaman özü də təhkimli olan «bailiff» (müdir) azad fermer tərəfindən sıxışdırılıb aradan çıxarılmışdı. Əkinçilikdəki muzdlu fəhlələrin bir qismi, boş vaxtlarında iri torpaq mülkiyyətçiləri üçün işləyən kəndlilərdən ibarət idi, bir qismi də sözün əsl mənasında muzdlu fəhlələrdən ibarət olub həm nisbi, həm də mütləq cəhətcə kiçik xüsusi bir sinif təşkil edirdi. Hətta bu muzdlu fəhlələr də felən müstəqil təsərrüfatı olan kəndli idilər, çünki əmək haqqı almaqla bərabər onlara kottec, habelə 4 akr və daha artıq əkin yeri verilirdi. Bundan əlavə, əsl kəndlilərlə birlikdə onlar ellik icma torpaqlarından istifadə edir, bu torpaqlarda öz malqarasını otarır və yanacaq, odun, torf və s. əldə edirdilər (Unudulmamalıdır ki, hətta təhkimli kəndlilər öz həyətlərinə bitişik xırda torpaq sahələrinin sahibi–doğrudur töycü verən sahibi–olmaqla bərabər, icma torpağının da şərikli sahibləri idilər. «Kəndli orada» (Sileziyada) «təhkimlidir». Lakin bu kəndlilər icma torpaqlarına malikdirlər. «Sileziyalıları hələ indiyədək icma torpaqlapını bölüşdürməyə razı etmək mümkün olmamışdır. Halbuki Neymarkda bir kənd də qalmamışdır ki, orada bu bölgü çox müvəffəqiyyətlə həyata keçirilmiş olmasın» (Mirabeau. «De la Monarchie prussienne». Londres 1788, t.II, p.125, 126). ). Bütün Avropa ölkələrində feodal istehsalının xarakterik cəhəti ondan ibarət idi ki, burada torpaqlar, bir vassal kimi asılı olan mümkün qədər çox adamlar arasında bölünmüşdü. Ümumiyyətlə hər cür suverenlər kimi, feodal ağaların da qüdrəti aldıqları rentanın miqdarı ilə deyil, rəiyyətlərinin sayı ilə ölçülürdü, bunların sayı isə müstəqil təsərrüfatları olan kəndlilərin sayından asılı idi (Torpaq sahibliyinin xalis feodalizm üsulunda qurulduğu və xırda kəndli təsərrüfatlarının geniş inkişaf etmiş olduğu Yaponiya Avropanın orta əsrlərdəki mənzərəsini, əksərən burjua mövhumatı ilə dolu olan bizim tarix kitablarımızdan daha düzgün verir. Orta əsrlər hesabına «liberal» olmaq çox əlverişlidir). Buna görə, norman istilasından sonra İngiltərədə torpaqlar, hər biri bəzən 900-ə qədər qədim anqlosaks lordluqlarından ibarət çox böyük baronluqlara bölünmüşdürsə də, İngiltərə yenə xırda kəndli təsərrüfatı ilə dolu idi və ancaq ayrı-ayrı yerlərdə həmin təsərrüfatlar arasında iri ağalıq malikanələri var idi. Bu münasibətlər, şəhər həyatının XV əsrə məxsus olan coşğun tərəqqisi ilə birlikdə, kansler Forteskyunun öz «Laudibus Legum Angliae» əsərində çox bəlağətlə təsvir etdiyi xalq sərvətinin yaranmasına imkan verdi; lakin bu münasibətlər kapitalist sərvətinin yaranmasına imkan vermirdi.

Kapitalist istehsal üsulu üçün əsas yaratmış olan çevrilişin müqəddiməsi, XV əsrin son qərinəsində və XVI əsrin ilk on illərində baş verdi. Feodal qoşun dəstələrinin ləğv edilməsi nəticəsində qanun xaricində qoyulan proletarlar kütləsi sıxışdırılıb əmək bazarlarına atıldı, bunlar ser Cems Stüartın haqlı olaraq göstərdiyi kimi, «hər yerdə faydasız olaraq evlərə və həyətlərə doluşurdu» (Harrison deyir: «cəngavər malikanələrindən hər birinə aid köhnə siyahıları götürsək görərik ki, saysız-hesabsız evlər və xırda kəndli təsərrüfatları yox olmuşdur; torpaq indi miqdarca xeyli az adama çörək verir; yeni şəhərlər inkişaf etməklə bərabər bir çox şəhərlər süqut etmişdir... Mən uçurulub qoyun otlağına döndərilən şəhər və kəndlərdən bəzi şeylər danışa bilərdim; indi orada mülkədar evlərindən başqa bir şey qalmamışdır»). Özü burjua inkişafının məhsulu olan və mütləqiyyətə can atan kral hakimiyyəti həmin feodal qoşun dəstələrinin dağıdılmasını zorakılıqla sürətləndirirdisə də, bu heç də onun yeganə səbəbi deyildi. Kral hakimiyyətinə və parlamentə ən kəskin antaqonizm bəsləyən iri feodallar icma torpaqlarını qəsb etməklə və becərdikləri tordağa feodalların özü qədər feodal mülkiyyət hüququ olan kəndliləri bu torpaqlardan qovub çıxartmaqla özləri sayca daha çox proletariat yaratmışdılar. Flandriya yun manufakturasının tərəqqisi və bu münasibətlə yunun qiymətinin artması İngiltərədə buna bilavasitə təkan vermiş oldu. Köhnə feodal zadəganlar böyük feodal müharibələri nəticəsində aradan çıxmışdı, yeni feodal zadəganlar isə öz zəmanəsinin yetişdirməsi olduğundan, pul bunların nəzərində bütün qüvvələr qüvvəsi idi. Odur ki, əkin yerlərini qoyun otlağına çevirmək feodalların şüarı oldu. Harrison «Deseription of England. Prefixed to Holinsheds» əsərində xırda kəndlilərin torpaqdan bu cür məhrum edilmələrinin ölkəyə nə qədər pozucu bir təsir göstərdiyini təsvir edir. Lakin bunun, deyə Harrison yazır: «what care our great incroachers!» («bizim böyükqəsbkarlara nə dəxli var!»). Kəndlilərin evləri və fəhlələrin kottecləri zorla dağıdılmış və ya başlı-başına buraxılmışdır.

Bu qəbildən olan köhnə salnamələrdəki şikayətlər həmişə şişirdilmiş olur, lakin o zaman istehsal münasibətlərində baş verən inqilabın müasirlərə necə təsir göstərdiyini dürüst təsvir edir. Kansler Forteskyunun əsəri ilə Tomas Morun əsərini müqayisə edərək, biz XV əsr ilə XVI əsr arasında dərin uçurumu aydın görürük. Torntonun haqlı olaraq qeyd etdiyi kimi, İngiltərə fəhlə sinfi öz qızıl əsrindən sonra heç bir ara pillə keçmədən birbaşa gəlib dəmir əsrinə düşmüşdür.

Bu çevriliş qanunvericiliyi qorxuya salmışdı. Qanunvericilik hələ elə bir mədəniyyət dərəcəsinə gəlib çatmamışdı ki, «Wealth of the Nation» [«milli sərvət»], yəni kapital yaradılması, xalq kütlələrinin amansızcasına istismar olunması və yoxsullaşdırılması hər bir dövlət müdrikliyi üçün «ultima Thule» (hərfiyyən: axırıncı Fula; həmin ifadə burada: axırıncı hədd mənasında işlədilir. (Fula–qədim insanların təsəvvürünə görə Avropanın ən şimalında adada yerləşən bir ölkədir). Red.) hesab edilsin. Bekon VII Henrixin səltənəti haqqında yazdığı tarixdə deyir:

«Bu zaman» (1489-cu il) «əkin yerlərinin ancaq bir neçə çoban tərəfindən nəzarət olunmasını tələb edən otlaqlara» (qoyun və s. otlaqlarına) «çevrilməsinə qarşı şikayətlər çoxalmışdı; ömürlük və ya illik icarəyə verilən torpaqlar» (yomenlərin xeyli hissəsi illik icarə ilə yaşayırdı) «iri malikanələrə çevrilmişdi. Bu, xalqın süqutuna, deməli, şəhərlərin, kilsələrin və əşər vergisinin süqutuna səbəb olmuşdu... Kral və prlament heyrət ediləcək bir müdriklik göstərib bu bəlaya bir çarə etməyə çalışırdılar... Onlar icma torpaqlarının (depopulating inclousures) qəsb edilməsinə və beləliklə əhalinin tələf edilməsinə qarşı, habelə bu qəsbkarlığın ardınca əhalini tələf edən otlaq təsərrüfatına (depopulating pasturage) qarşı tədbir görmüşdülər».

VII Henrix tərəfindən 1489-cu ildə verilən qanunun 19-cu fəsli azı 20 akr torpağı olan kəndli evlərinin dağıdılmasını qadağan edir. VIII Henrixin səltənətinin 25-ci ilində verilmiş qanun həmin qanunu yenidən bərpa edir. Orada əzcümlə deyilir ki,

«xeyli icarə torpaqları, çoxlu malqara və xüsusən qoyun sürüləri bir ovuc adamın əlinə toplanmaqdadır, buna görə də torpaq rentaları çox artmışdır, əkinlər (tillage) çox pis becərilir, kilsələr və evlər uçurulmuş, hədsiz-hesabsız adamlar özlərini və ailələrini dolandırmaq imkanından məhrum qalmışlar».

Buna görə qanun, dağılmış kəndli həyətlərinin bərpa olunmasını tələb edir, əkin yeri ilə otlaq arasında nisbət müəyyən edir və i.a. 1533-cü ildə verilmiş bir qanunda bir çox mülkiyyətçilərin 24000-ə qədər qoyunu olması münasibətilə təəssüf edilir və bir adamın ən çoxu iki min qoyun saxlamasına icazə verilir (Tomas Moor öz «utopiya» əsərində «qoyunların adamları yediyi» qəribə bir ölkədən bəhs edir. («Utopia», transl. Robinson, ed. Arber, London, 1869, p.41)). Xırda fermer və kəndlilərin mülkiyyətdən məhrum edilməsinə qarşı nə xalqın şikayətlərinin, nə də VII Henrix zamanından başlamış 150 il müddətində verilən qanunların heç bir səmərəsi olmamışdı. Bu qanunların səmərəsizliyinin sirrini Bekon, özü istəmədiyi halda açıb bizə göstərmişdir.

Bekon «Essays, civil and moral» adlı əsərinin 29-cu fəslində yazır: «VII Henrixin qanununda heyrətə layiq mənalı bir cəhət ondan ibarət idi ki, bu qanun müəyyən normal ölçüdə əkinçilik təsərrüfatları və həyətlər yaradırdı, yəni bunların əlində o qədər torpaq saxlayırdı ki, onlar kifayət qədər təmin olunmuş və qul kimi asılı olmayan rəiyyət verə bilsinlər, digər tərəfdən də, kotanı muzdur deyil, mülkiyyətçi özü öz əli ilə sürsün» («to keep the plough in the hand of the oners andnot hirellings»).

(Bekon azad varlı kəndlilərlə yaxşı piyada qoşun arasındakı əlaqəni izah edir. «Krallığın qüdrətini və adətlərini davam etdirmək üçün, icarəyə verilən torpaq sahəsini kifayət həcmdə saxlamağın çox böyük əhəmiyyəti var idi, çünki sağlam və bacarıqlı adamların korluq çəkmədən yaşamalarını təmin etmək və krallıqda torpaqların böyük qismini yomenlərin, yəni əsilzadələrlə kotterlər («cottagers») və muzdurlar arasında orta bir mövqe tutan şəxslərin ixtiyarına vermək lazım idi... Zira hərb işinin ən yaxşı mütəxəssislərinin hamısı bu fikirdədirlər ki... ordunun əsas qüvvəsi infanteriyadır, yəni piyada qoşundur. Lakin yaxşı ifanteriya yaratmaq üçün bir qul kimi və ya yoxsulluq içində böyümüş adamlar deyil, azad surətdə və müəyyən rifah içində böyümüş adamlar lazımdır. Buna görə əgər dövlətdə zadəganlar və yuxarı cəmiyyət başlıca yer tutur, kənd əhalisi və əkinçilər isə ancaq fəhlələrdən və ya muzdurlardan, habelə kotterlərdən, yəni ancaq daxması olan dilənçilərdən ibarətdirsə, belə bir şəraitdə yaxşı süvari qoşun düzəltmək bəlkə də mümkün olar, lakin yaxşı, möhkəm piyada qoşun düzəltmək qətiyyən mümkün olmaz... Bunu biz Fransada, İtaliyada və bəzi başqa xarici ölkələrdə görürük; bunlarda həqiqətən bütün əhali zadəganlardan və yoxsul kəndlilərdən ibarətdir... odur ki, həmin ölkələr öz piyada batalyonları üçün muzd ilə isveçrəli dəstələrini əsgərliyə cəlb etməli olurlar; buna görə də həmin millətlərin əhalisi çox, əsgərləri azdır» (The Reign of Henry VII etc. Verbatim Reprint from Kennets England, ed. 1719». London, 1870, p.308)).

Kapitalist sistemi isə, əksinə, xalq kütlələrinin məhz qul vəziyyətində olmasını, onların özlərinin muzdlu fəhlələrlə, əmək vasitələrinin isə kapitala çevrilməsini tələb edirdi. Həmin keçid dövrü ərzində qanunvericilik habelə hər əkinçilik fəhləsi kotteci üçün azı 4 akr torpaq təhkim edilməsinə çalışır və bu fəhlənin öz kottecinə kirayənişin götürməsini qadağan edirdi. Hələ 1627-ci ildə, I Karl zamanı, Fontmilli Rocer Kroker öz Fontmill malikanəsində kottec tikdirib bu kottec üçün 4 akr torpaq ayırmadığına görə məhkum edilmişdi; hələ 1638-ci ildə I Karl zamanı, köhnə qanunların, xüsusən 4 akr torpaq haqqındakı qanunun yerinə yetirilməsinə nail olmaq məqsədi ilə krallıq komissiyası təşkil olunmuşdu; hələ Kromvel Londondan 4 mil radiusdakı yerlərdə 4 akr torpağı olmayan evlər tikilməsini qadağan etmişdi. Hələ XVIII əsrin birinci yarısında kənd təsərrüfatı fəhləsi öz kotteci üçün 1 akrdan 2 akra qədər torpaq ayrılmadıqda məhkəməyə şikayət edirdi. İndi isə fəhlə öz kotteci yanında xırdaca bir bostanı olsa və ya evin yaxınlığında bir neçə kvadrat sajen torpaq icarə edə bilsə özünü xoşbəxt sayır.

D-r Hanter deyir: «Burada torpaq mülkiyyətçiləri ilə icarədarlar əlbir hərəkət edirlər. Kottec yanındakı bir neçə akr torpaq fəhlələri həddən artıq müstəqil etmiş olardı».

(D-r Hanter, «Public Health.7th Report 1864»da (London, 1865. p.134)-də, «fəhlələr üçün veriləsi torpağın göstərilən» (köhnə qanunlarda) «miqdarı indi həddən artıq sayılır və belə zənn edilir ki, bu qədər torpaq onları xırda fermer edər» (Ceorge Roberts. «The Social History of the People of the Southern Gounties of England in Past Genturies» London, 1856, p.184, 185)).

XVI əsrdə, Reformasiya və onunla əlaqədar olaraq külli miqdar kilsə mülklərinin tərac edilməsi nəticəsində xalq kütlələrinin zorla əmlakdan məhrum edilməsi yeni bir dəhşətli təkan aldı. Reformasiya ərəfəsində katolik kilsəsi İngiltərədə torpağın xeyli hissəsinin feodal mülkiyyətçisi idi. Monastırların ləğv edilməsi və sairə bunlarda yaşayanları proletariata çevirdi. Kilsə malikanələrinin xeyli hissəsi kralın acgöz istəkli adamlarına bağışlandı və ya dəyər-dəyməzinə möhtəkir fermer və şəhərlilərə satıldı: bunlar isə həmin torpaqları nəsilbənəsil icarə edənlərin əlindən alıb bir təsərrüfat halında birləşdirirdilər. Yoxsullaşmış əkinçilərin qanun üzrə kilsə əşərindən müəyyən hissə almaq hüququ səssiz-səmirsiz onların əlindən alınmışdı («Kilsə əşərindən yoxsulların bir hissə almaq hüququ, qədim staqtuslarla açıqca müəyyən edilmişdir» (J.D.Tuckett, sitat gətirilən əsər, II c., səh.804, 805)). Kraliça Yelizaveta İngiltərədə bir səyahətindən sonra həyəcanla demişdi: «Pauper übique jacet»60. Yelizavetanın səltənətinin 43-cü ilində hökumət, nəhayət, ölkədəki pauperizmi rəsmi surətdə etiraf etməyə məcbur olmuş və yoxsulların xeyrinə vergi qoymuşdu.

«Qanunun müəllifləri bu qanunun nə səbəbə verildiyini utandıqlarından açıq deyə bilmədiklərinə görə, bütün adətlərə rəğmən, həmin qanun müqəddiməsiz» (izahat verilmədən) «nəşr edilmişdi».

(William Cobbett. «A History of the Protestant Reformation» §471).



Bu qanun Karlın səltənətinin 16-cı ilində verilən 4-cü qanunla daimi qanun elan edildi və ancaq 1834-cü ildə bu qanuna daha ciddi bir yeni şəkil verildi. (Bu məsələdə protestant «ruhunun» təzahürü bir də aşağıdakı əhvalatdan görünür. Cənubi İngiltərədə bir neçə torpaq mulkiyyətçisi və varlı fermer toplanıb və birlikdə baş sındırıb götür-qoy etdikdon sonra, Yelizavetanın yoxsullar haqqındakı qanunu necə təfsir etməyin daha düzgün olacağı haqqında on sorğu tərtib etdilər. Onlar bu sorğuları o zamanın məşhur hüquqçusu (sonralar, I Yakov dövründə hakim) olan hüquq doktoru Sniqqə verib bu barədə onun fikrini bilmək istədilər. «Doqquzuncu sorğuda deyilir: Prixodun bəzi varlı fermerləri ağıllı bir plan düşünmüşlər ki, bunun köməyi ilə, qanunun həyata keçirilməsindəki bütün çətinlik aradan qaldırıla bilər. Onlar prixodda bir dustaqxana tikilməsini təklif edirlər. Həmin dustaqxanada həbs edilmək istəməyən hər bir yoxsul yardımdan məhrum edilməlidir. Sonra, qonşu kəndlərə xəbər verilməlidir ki, əgər o kəndlərdə bizim prixoddakı yoxsulları muzdla işə götürmək istəyən bir şəxs olsa qoy müəyyən bir gün qapalı ərizə yazıb göndərsin və bizim yoxsulları aparıb saxlamaq üçün verəcəyi ən aşağı qiyməti bildirsin. Bu planı tərtib edənlərin fikrincə qonşu qraflıqlarda, işləmək istəməyən və işləməyib yaşamaq üçün («so as to live without labour») torpaq və ya gəmi icarə edəcək qədər vəsaiti və ya kredit almaq imkanı olmayan adamlar vardır. Bu cür adamlar prixoda çox əlverişli təkliflər edə bilərlər. Əgər icarəçinin himayəsinə verilən yoxsullar bəzən həlak olsa, bunun günahı icarəçinin boynuna düşər, çunki prixod həmin yoxsullar qarşısında öz vəzifəsini yerinə yetirmiş olur. Lakin biz qorxuruq ki, həmin qanun bu kimi ağıllı tədbirlərə (prudential measure) yol verməsin; amma siz bilməlisiniz ki, bizim qraflıqda və qonşu qraflıqda olan bütün o biri friqolderlər bizə qoşulacaq və aşağı palatada olan öz nümayəndələrini, yoxsulların həbs olunmasına və icbari işlərdə işlədilməsinə icazə verən qanun layihəsi təqdim etməyə vadar edəcəklər, beləliklə həbs olunmaq istəməyənlərdən heç kəsin yardım almağa ixtiyarı olmamalıdır. Ümid edirik ki, yoxsulluğa düçar olanlar, bu tədbir nəticəsində daha yardım istəmək həvəsinə düşməzlər» («will prevent persons in distress from wanting relief») (R.Blakey. «The History of Political Literature from the Earliest Times». London, 1855, v.II, p.84, 85). Şotlandiyada təhkimçilik hüququ İngiltərədən bir neçə yüz il sonra ləğv edilmişdi. Solğunlu Fletçer hələ 1698-ci ildə Şotlandiya parlamentində demişdi: «Şotlandiyada azı 200000 dilənçi vardır. Prinsipcə respublikaçı olan mən buna qarşı yalnız bir çarə təklif edə bilərəm ki, bu da təhkimçilik hüququnu bərpa etmək və öz həyatını müstəqil surətdə təmin edə bilməyənlərin hamısını qul etməkdir». İden də özünün «The State of the Poor», kitabında v.I, ch.I, p.60, 61 belə deyir: «Əkinçilərin azadlığı pauperizm doğurur. Bizim yoxsulların həqiqi valideyni manufaktura və ticarətdir». İden və yuxarıda özündən sitat gətirdiyimiz «prinsipcə respublikaçı» olan şotlandiyalı ancaq bir şeydə səhv edirlər: əkinçinin proletar və ya pauper olmasına səbəb təhkimçilik hüququnun ləğv edilməsi deyil, əkinçinin torpaq mülkiyyətinin ləğv edilməsidir. –Kəndlilərin mülkiyyətdən başqa üsulla məhrum edildiyi Fransada 1566-cı il Mulen ordonansı və 1656-cı il edikti yoxsullar haqqındakı ingilis qanununa mütabiq idi.

Lakin Reformasiyanın bu bilavasitə nəticələri, onun ən mühüm nəticəsi deyildi. Kilsə mülkiyyəti, torpaq mülkiyyəti sahəsindəki ənənəvi münasibətlərin dini dayağı idi. Bu dayaq yıxıldıqdan sonra həmin münasibətlər də qala bilmədi (C-b Rocers, protestant ortodoksluğunun mərkəzi olan Oksford universitetində siyasi iqtisad professoru olduğuna baxmayaraq, «History of Agriculture» əsərinə müqəddiməsində göstərir ki, xalq kütlələrinin pauperləşməsinə səbəb Reformasiyadır.).

Hələ XVII əsrin axırıncı on illərində yomenlərin, yəni müstəqil kəndlilərin sayı icarədarlar sinfindən çox idi. Onlar Kromvelin başlıca qüvvəsi idi və, hətta Makoleyin etirafına görə əyyaş zadəgancıqların, habelə onlara nökərçilik edən və ağaların keçmiş məşuqələrinə kəbin kəsməklə onların eybini örtüb basdıran kənd keşişlərinin müsbət mənada tam əksi idi. Hətta muzdla işləyən kənd fəhlələri də hələ icma mülkiyyətinə şərik idilər. Təqribən 1750-ci ilə yaxın yomenlər aradan qalxırlar («A Letter to Sir T.C.Bunbury, Brt.: On the High Price of Provisions». By a Suffolk Gentleman. İpswich, 1795, p.4. Hətta iri fermerlərin təəssübkeş müdafiəçisi və «İnquiry into the Connestion between the Present Price of Provisions and the Size of Farms ets.». London, 1773, p.139 əsərinin müəllifi deyir: «Məni ən çox kədərləndirən cəhət... bizim yomenlərin, millətimizin istiqlaliyyətini həqiqətən müdafiə edən bu adamların yox olmasıdır; mənə ağır gəlir ki, onların torpaqları indi inhisarçı lordların əlindədir və xırda fermerlərə icarəyə verilir və həmin fermerlər bu torpaqları demək olar vassallar qədər ağır şərtlərlə icarəyə götürürlər, halbuki bir qəza üz verən kimi, onların özləri də həmin torpaqlardan qovula bilərlər».), XVIII əsrin axırıncı on illərində isə əkinçilərin icma mülkiyyətinin hər cür izi yox olur. Biz burada aqrar inqilabının xalis iqtisadi amillərini hələ bir kənara qoyuruq. Bizi maraqlandıran bu inqilabın zorakılıq vasitələridir.

Stüartlar bərpa edilən zaman torpaq mülkiyyətçiləri, kontinentdə heç bir yerdə qanun vermək kimi dolayı üsullara əl atmadan keçirilən qəsbkarlığı qanunvericilik yolu ilə tətbiq etdilər. Onlar torpaq münasibətlərinin feodal quruluşunu aradan qaldırdılar, yəni dövlət qarşısındakı hər cür mükəlləfiyyətləri öz üzərlərindən atdılar, kəndlilərin və başqa xalq kütlələrinin boynuna qoyulan vergilər vasitəsilə dövlətə «əvəz verdilər», keçmişdə malikanələr üzərində ancaq feodal hüququna malik olduqları halda, indi müasir xüsusi mülkiyyət hüququnu mənimsədilər, nəhayət, İngiltərənin kənd fəhlələrinə iltifat edib, məskən salma qanunları («laws of settlement») verdilər; tatar Boris Qodunovun fərmanı rus kəndlilərinə nə kimi bir təsir göstərdisə, həmin ingilis qanunları da «mutatis mutandis» [müvafiq dəyişikliklərlə] ingilis kəndlilərinə eyni təsiri göstərdi61.



«Glorious Revolution» (şanlı inqilab)62 III Vilhelm Oranlı ilə birlikdə varlanmaq düşkünü olan torpaq sahiblərini və kapitalistləri hakimiyyət başına keçirtdi (Bu burjua qəhrəmanının nə əxlaqda bir adam olduğu bundan görünür: «İrlandiyada 1695-ci ildə ledi Orkniyə bağışlanmış ucsuz-buçaqsız torpaqlar–bu, kralın nə qədər dərin bir məhəbbətlə coşduğunu və Ledinin nə qədər böyük nüfuzu olduğunu göstərən hamıya məlum bir əhvalatdır... Ledi Orkninin lütfkar xidmətləri, çox ehtimal–«foeda labiorum ministeria» [çirkin şəhvət xidmətlərindən] ibarət olmuşdur». (Sloon tərəfindən toplanmış əlyazmaları kolleksiyası, Britaniya muzeyində, №4224. Əlyazmasının sərlövhəsi belədir: «The Charakter and Behaviour of King William, Sunderland ets. as represented in Original Letters to the Duke of Shrewsbury from Somers, Halifax, Oxford, Secretary Vernon etc.». Bu əlyazması qəribə şeylərlə doludur).). Onlar yeni dövrü bununla təqdis etdilər ki, indiyədək ancaq mülayim bir surətdə qarət edilən dövlət əmlakının qarət edilməsini olduqca böyük bir dərəcəyə çatdırdılar, Dövlət torpaqları müxtəlif adamlara bağışlanır, dəyər-dəyməzinə satılır, yaxud da açıq qəsbkarlıq vasitəsilə xüsusi malikanələrə qatılırdı («Dövlət torpaqlarının qismən satılmaq, qismən də bağışlanmaq vasitəsilə qanunsuz surətdə tarac edilməsi İngiltərə tarixinin biabırçı bir fəslini təşkil edir... milləti olmazın dərəcədə aldatmaq deməkdir (gigantic fraud on the nation)». F.W.Newman, «Lectures on Political Ec nomy». London, 1851, p.129, 130). (İngiltərədəki iri torpaq sahiblərinin indiki mülklərini necə əldə etdikləri haqqında müfəssəl məlumat almaq üçün bax: [Evans, N.H.] «Our old Nobility». By Noblesse Oblige. London. 1879. F.E.)). Həm də bütün bu işlərdə heç bir qanun-qaydaya riayət edilmirdi. Bu cür fırıldaqçılıqla mənimsənilmiş olan dövlət əmlakı, qarət edilmiş və respublika inqilabı zamanı əldən çıxmayıb qalan kilsə torpaqları ilə birlikdə, müasir ingilis oliqarxiyasının knyaz malikanələrinin əsasını təşkil edir (Bax: məsələn, son nümayəndəsi lord Con Rassel olan Bedfordlar Hersoq xanədanı haqqında E.Berkin «the tomtit liberalism» [«liberalizmin cırtdanı»] pamfleti.). Kapitalist burjualar bu əməliyyata bir də ona görə yardım edirdilər ki, torpağı sərbəst alver obyektinə çevirsinlər, əkinçilikdə iri istehsal sahəsini genişləndirsinlər, kəndlərdən qanun xaricində qoyulmuş proletarların axışıb gəlməsini artırsınlar və i.a. həm də yeni torpaq aristokratiyası yeni bankokratiyanın, təzəcə yumurtadan çıxmış bu maliyyə əsilzadəsinin və, o zamanlar himayə kömrüyünə arxalanan iri manufaktura sahiblərinin təbii müttəfiqi idi. İngilis burjuaziyası burada ancaq öz xüsusi mənafeyini qoruyurdu və bu nöqteyi-nəzərdən o da, bunun əksini edən İsveç şəhərliləri qədər düzgün hərəkət edirdi; İsveç şəhərliləri öz iqtisadi dayağı olan kəndlilərlə birləşərək, oliqarxiyanın qarət etdiyi dövlət torpaqlarını zorakılıqla geri alan (1604-cü ildən başlayaraq, sonra da X Karl və XI Karl zamanı) krallara yardım edirdilər.

Haqqında indicə bəhs etdiyimiz dövlət mülkiyyətindən tamamilə fərqli olan icma mülkiyyəti feodalizm örtüyü altında hifz olunmuş qədim alman təsisatı idi. Biz yuxarıda gördük ki, icma mülkiyyətinin zorla qəsb edilməsi və bununla yanaşı, adətən əkin yerlərinin otlaqlara çevrilməsi XV əsrin axırlarında başlanmış və XVI əsrdə də davam etmişdir. Lakin bu proses o zamanlar ayrı-ayrı fərdi zorakılıq şəklində baş verdiyi və qanunvericilik bu zorakılığa qarşı 150 il ərzində mübarizə aparmışdısa da, bir nəticə əldə edilməmişdi. XVIII əsrdə o cəhətdən belə bir tərəqqi başlanır ki, qanun özü, xalq torpaqlarının talan edilməsi üçün bir alət olur; hərçənd bununla yanaşı olaraq iri fermerlər öz xırda metodlarını da işlədirdilər («Fermerlər kotterlərə özlərindən əlavə hər hansı bir canlı heyvan saxlamağı qadağan edir və bunun üçün də belə bir bəhanə gətirirlər ki, əgər onlar malqara və quş saxlasalar, fermerlərdən yem oğurlamağa başlardılar. Onlar habelə deyirlər: əgər istəyirsən ki, kotter çalışqan olsun, onu yoxsul saxla. Həqiqətdə isə, bütün məsələ ondan ibarət olur ki, fermerlər bu vasitə ilə icma torpaqlarından istifadə etmək hüququnu tamamilə qəsb edirlər» (A Politikal Jnqury into the Consequences of Enclosing Waste Lands». London, 1785, p.75).). Bu talançılığın parlament forması «Bills for lİncosures of Gommons» (icma torpağının çəpərlənməsi haqqında qanunlar), yəni dekretlər idi ki, bunların da vasitəsilə lendlordlar xalq torpağını xüsusi mülkiyyət hüququna əsasən özləri özlərinə bağışlamışdılar, deməli, bu dekretlər xalqı torpaqdan məhrum etmişdi. İcma mülkiyyətini, feodalların yerini tutan iri torpaq sahiblərinin xüsusi mülkiyyəti kimi qələmə verməyə çalışan ser F.M.İden «icma torpaqlarının çəpərlənməsi haqqında parlamentin ümumi bir qanun» verməsini tələb etməklə, deməli, həmin torpaqları xüsusi mülkiyyətə çevirmək üçün parlament dövlət çevrilişi etmək lazım gəldiyini etiraf etməklə, digər tərəfdən də, torpağı əlindən alınan yoxsulların «zərərini ödəmək» haqqında qanun verilməsi üzərində israr etməklə, hiyləgər bir advokat kimi tərtib etdiyi öz nitqini özü təkzib edir (Eden, sitat gətirilən əsər, müqəddimə.).

Müstəqil yomenlərin yerini «tenants-Atatürk-will»–xırda fermerlər, yəni ilbəil torpaq icarə edən və tamamilə lendlordun özbaşınalığından asılı olub qul kimi tapdalanan bir yığın adamlar tutduqda dövlət əmlakının qarət edilməsi ilə bərabər icma torpaqlarının muntəzəm surətdə talan olunması, XVIII əsrdə kapital fermaları («Capital farms» («Two Letters on the Flour Trade and the Dearness of Corn.» By a Person in Business. London, 1767, p.19, 20).) və ya tacir fermaları («Merchant-tarms («An Enquiry into the Causes of the Present-High Price of Provisions». London, 1767, p.111, qeyd). Anonim nəşr edilən bu gözəl əsərin müəllifi keşiş Nataniyel Forsterdir.) adlanan iri fermaların yaranmasına xüsusilə yardım etdi; eyni səbəblər kənd əhalisinin dönüb proletariat olmasına, sənaye üçün «sərbəstləşdirilməsinə» də yardım etdi.

XVIII əsrdə hələ XIX əsrdəki qədər aydın deyildi ki, milli sərvət xalqın yoxsulluğu ilə eynidir. Buna görə də o zamanın iqtisadi ədəbiyyatında «icma torpaqlarının çəpərlənməsinə» dair qızğın mübahisələr gedirdi. Qarşıdakı bir yığın materialdan mən ancaq, o zamanın vəziyyətini daha aydın işıqlandıran bəzi parçaları verəcəyəm.

Bir qələm sahibi hiddətlə yazır: «Hartfordşir prixodlarının bir çoxunda, hərəsinin 50–150 akr torpağı olan 24 ferma 3 ferma halında birləşdirilmişdir» (Thomas Wright. A short address to the Public on the Monopoly of large farms». 1779, p.2, 3.). «Northemptonşir və Lesterşirdə icma torpaqlarının çəpərlənməsi çox intişar tapmış və çəpərləmə sayəsində yaradılmış yeni lordluqların çoxu otlağa çevrilmişdir; odur ki, keçmişdə 1500 akra qədər torpaq şumlanan lordluqların bir çoxunda indi heç 50 akr da şumlanmır... Vaxtilə burada olan evlərin, anbarların, töylə və sairənin xarabaları»–keçmişdə burada yaşayanları xatırladan yeganə əlamətdir. «Bəzi yerlərdə yuz ev və ailədən cəmi... 8-i və ya 10-u qalmışdır... Çəpərlənmənin cəmi 15 və ya 20 il əvvəl başlandığı prixodların çoxunda, tarlalar hələ çəpərlənmədiyi zaman yer əkən torpaq mülkiyyətçilərindən çox az adam qalmışdır. Keçmişdə 20–30 fermerin və eyni miqdar xırda mulkiyyətçinin və başqa əhalinin əlində olub bu yaxınlarda çəpərlənmiş böyük lordluqları 4 və ya 5 varlı maldarın qəsb etməsi halları heç də az deyildir. Bütün bu fermerlər, ailələri ilə birlikdə öz yerlərindən qovulmuşlar, bunlarla birlikdə, onların yanında işləyib bir parça çörək tapan bir çox başqa ailələr də qovulmuşlar» (Rev. Addington. «İnquiry into the Reasons for and against İnclosing Opene Filds». London, 1772, p.3743, passim.).

Lendlordlar çəpərləmə bəhanəsi ilə nəinki qonşuluqdakı boş torpaqları tutur, çox zaman hətta birgə becərilən və ya ayrı-ayrı şəxslərin icmadan müəyyən qiymətə icarəyə götürüb becərdikləri torpaqlara da yiyələnirdilər.

«Burada mən, hələ o zamanadək çəpərlənməmiş və artıq becərilmiş olan tarla və torpaqların çəpərlənməsindən danışıram. Hətta çəpərləmələri müdafiə edən müəlliflər də etiraf edirlər ki, çəpərləmə nəticəsində iri fermerlərin inhisarçılıq vəziyyəti möhkəmlənir, yaşayış vasitələrinin qiymətləri artır və əhali azalır... Hətta boş torpaqların indi tətbiq edilən şəkildə çəpərlənməsi də yoxsulları yaşayış vasitələrinin bir hissəsindən məhrum edir və onsuz da çox iri ferma–daha da iriləşdirir» (Dr. R.Price. «Observations on Reversionary Payments», 6 ed. By W.Morqan. London, 1803, v.II, p.155. Forsteri, Addinqtonu, Kenti, Prayası və Cems Andersonu oxuyun və Mak-Kulloxun öz «The Ziterature of Politikal Economy». London, 1845 kataloqundakı sikofant cəfəngiyatını onlarla müqayisə edin.). Doktor Prays yazır: «Torpaq bir ovuc iri fermerlərin əlinə keçdikdə, xırda fermerlər yaşayış vasitələri tapmaq üçün başqalarına işləməli və özlərinə lazım olan hər şeyi bazardan almalı olurlar» (keçmişdə isə o göstərirdi ki,) «xırda mülkiyyətçilər və fermerlər kütləsi özlərini və, ailələrini əkdikləri torpaqların bəhrəsi ilə və icma torpaqlarında saxlanılan qoyunla, habelə quşla, donuz və i.a. ilə təmin edirlər, belə ki, bazardan, demək olar, yaşayış vasitələri almalı olmurlar... Ola bilər, daha çox əmək sərf olunur, çünki daha çox əməyə məcbur edirlər... Şəhərlər və manufakturalar getdikcə böyüyəcəkdir, çünki özünə iş axtarmaq məcburiyyətində qalan getdikcə daha çox adam oraya qovulub gətirilir. Fermaların təmərküzləşməsinin labüd nəticələri budur və biz bu nəticələri krallığımızda artıq bir çox illərdən bəri görürük» (Dr. R.Price, sitat gətirilən əsər, səh.147)

O, çəpərləmələrin ümumi nəticələrinə belə yekun vurur:

«Ümumiyyətlə, xalqın aşağı siniflərinin vəziyyəti demək olar hər cəhətdən ağırlaşmışdır, xırda torpaq sahibləri və fermerlər günəmuzdçu və muzdur halına salınmışlar; eyni zamanda yaşayış vasitələri əldə etmək onlar üçün daha artıq çətinləşmişdir» (Yenə orada, p.159. Bu, Qədim Romanı xatırladır. «Varlılar, bölünməmiş torpaqların çox hissəsinə yiyələnmişdilər. Onlar o zamankı şəraitin özləri üçün əlverişli olduğuna arxayın olub, həmin torpaqların geri alınacağından qorxmurdular, buna görə də qonşuluqdakı yoxsul torpaqlarını qismən sahiblərinin razılığı ilə satın alır, qismən də bunlara zorakılıqla yiyələnirdilər, odur ki, onlar keçmişdəki ayrı-ayrı tarlaların əvəzində indi çox geniş sahələri əkməyə başlamışdılar. Onlar əkinçilik və maldarlıqda qul işlədirdilər, çünki azad adamlar hərbi xidmətə aparıla bilərdilər və deməli onlar üçün işləyə bilməzdilər; qul saxlamağın onlara bir böyük xeyri də bu idi ki, qullar hərbi xidmətdən azad edildiklərinə görə maneəsiz surətdə törəyib arta bilir və beləliklə çoxlu uşaq yetişdirirdilər. Beləliklə, güclülər bütün sərvətləri öz əllərinə toplamışdılar və bütün ölkə qul ilə dolmuşdu. İtalilər isə, dilənçi halda yaşadıqlarına, çoxlu vergi perdiklərinə və hərbi xidmətə aparıldıqlarına görə, onların sayı getdikcə azalırdı. Sülh dövrü başlandıqda isə onlar tamamilə işsiz qalmalı olurdular, çünki varlılar bütün torpağa yiyələnmişdilər və bu torpaqları becərmək üçün azad adamlar əvəzinə qulları işlədirdilər. (Appian. «Römische Burgerkriege», I, 7). Bu parça Litsini63 qanunundan qabaqkı dövrə aiddir. Roma plebsinin var-yoxdan çıxmasını bu qədər sürətləndirmiş olan hərbi xidmət Böyük Karlın əlində, azad alman kəndlilərinin feodallardan asılı vəziyyətə və təhkimli halına salınmasını sürətləndirmək üçün başlıca bir vasitə oldu.).

Doğrudan da, icma torpaqlarının qəsb edilməsi və bununla yanaşı əkinçilikdəki inqilab kənd təsərrüfat fəhlələrinin vəziyyətinə o qədər kəskin təsir etdi ki, İdenin öz dediyinə görə onların əmək haqqı 1765–1780-ci illərdə minimumdan da aşağı düşməyə başlamışdı; buna görə də əmək haqqının çatmayan hissəsini rəsmi xeyriyyə vəsaitindən tamamlamaq lazım gəlirdi. O deyir ki, onların əmək haqqı «ancaq ən vacib yaşayış tələbatını ödəməyə çatırdı».

İndi də çəpərləmənin müdafiəçisi və d-r Praysın əleyhdarı olan birini dinləyək.

«Bu nəticə doğru deyildir ki, guya ölkənin əhalisi tükənmişdir, zira əhali daha öz əməyini açıq tarlalarda hədər sərf etmir... Əgər xırda kəndlilər başqaları üçün işləməyə məcbur olan adamlara çevrildikdən sonra daha çox əmək hərəkətə gətirilmişdirsə, bu, millət uçün» (aydındır ki, həmin çevrilməyə məruz qalmış xırda kəndlilər bu millətə daxil deyildir) «xeyirli və əlverişlidir... Əgər onların kombinələşdirilmiş əməyi bir fermada tətbiq olunursa, daha çox məhsul alınır: bu yolla manufakturalar üçün artıq məhsul yaradılmış olur və, deməli, millətimizin qızıl mənbəyi olan manufakturaların sayı, istehsal edilən taxılın miqdarına mütabiq surətdə artır» ([J.Arbuthnot] «An Jnquiry into the Connection between the Present of Provisions etc.», p.124, 129. Buna bənzər, lakin buna əks meyldə olan bir fikri biz digər müəllifdə görürük: «Fəhlələr öz kotteclərindən çıxarılıb qovulmuş və iş axtarmaq üçün şəhərlərə üz qoymaq məcburiyyətində qalmışdır,–lakin bunun nəticəsində daha çox izafi məhsul alınır və beləliklə kapital artır». [R.B.Selley.] «The Perils of the Nation», 2 nd ed. London, 1843, p.XIV).

Tori boyalı və «filantrop» ser F.M.İden, əzcümlə, kapitalist istehsal üsulunun təməlini qoymaq xatirinə «müqəddəs mülkiyyət hüququnun» ən həyasız yollarla pozulmasına və şəxsiyyətin ən kobud bir surətdə tapdalanmasına iqtisadçıların olduqca böyük bir etinasızlıqla yanaşdıqlarını göstərən canlı timsaldır. XV əsrin axırıncı qərinəsindən başlamış XVIII əsrin axırınadək xalqın əmlakının qəsb olunması ilə yanaşı hədsiz qarətlərdən, zorakılıqlar və həqarətlərdən o axırda ancaq belə bir «çox münasib» nəticə çıxarır:

«Əkin yeri ilə otlaq yeri arasında lazımi (due) nisbət müəyyən edilməli idi. Hələ bütün XIV əsr və XV əsrin çox hissəsi ərzində 2, 3 və hətta 4 akr əkin yerinə bir akr otlaq yeri düşürdü. XVI əsrin ortalarında bu nisbət elə dəyişmişdi ki, 2 akr, sonralar isə 1 akr əkin yerinə 2 akr otlaq yeri düşürdü və, nəhayət, lazımi nisbət əldə edildi: bir akr əkin yerinə 3 akr otlaq yeri düşdü».

XIX əsrdə, əlbəttə, əkinçi ilə icma mülkiyyəti arasındakı əlaqə tamamilə yox olub getmişdi. Hələ sonrakı zamanlar bir tərəfə qalsın, lendlordlardan ibarət olan parlamentin, 1801-ci ildən 1831-ci ilədək olan müddət ərzində kənd əhalisindən zorla alıb lendlordlara bağışladığı 3511770 akr icma torpağının müqabilində kənd əhalisinə bir qəpik də verilməmişdi.

Nəhayət, əkinçilərin zorla torpaqdan məhrum edilməsi işində son böyük əməliyyat «Clearing of Estates» («malikanələri təmizləmə»)–həqiqətdə isə malikanələri adamlardan təmizləmə adı ilə məşhurdur. «Təmizləmə», mülkiyyətdən məhrum etməyin yuxarıda nəzərdən keçirdiyimiz bütün ingilis üsullarının ən yüksək nöqtəsini təşkil edir. Yuxarıda biz gördük ki, daha torpaqları əlindən alınıb qovulacaq müstəqil kəndlilər qalmadığına görə iş gəlib torpaqları kotteclərdən «təmizləmək» dərəcəsinə çatmışdır, belə ki, kənd təsərrüfat fəhlələri becərdikləri torpaqlarda yaşamaq üçün lazım olan mənzil tapmırlar. «Clearing of Estates»in əsl mənasının nə olduğunu biz ancaq, müasir romanlarda həsrəti çəkilən ölkə kimi təsvir edilən dağlıq Şotlandiyada görə bilərik. Orada bu proses daha müntəzəm şəkildə və daha geniş miqyasda davam edib birdən-birə icra olunur (İrlandiyada lendlordlar birdən-birə bir neçə kəndi söküb dağıdırlar; dağlıq Şotlandiyada isə, hərəsi alman hersoqluqları böyüklükdə torpaq sahələri birdən «təmizlənir» ) və, nəhayət, orada qəsb edilən torpaq mülkiyyətinin xüsusi forması vardır.



Dağlıq Şotlandiya keltləri klanlar halında yaşayırdılar və bunların hər biri, öz yerləşdiyi torpağın sahibi idi. İngiltərə kraliçası ancaq öz tituluna görə bütün milli torpaq fondunun sahibi olduğu kimi, klanın nümayəndəsi onun başçısı yaxud «böyük adam» da ancaq öz tituluna görə həmin klan torpağının sahibi idi. İngiltərə hökuməti bu «böyük adamlar» arasındakı daxili müharibələri yatırmağa və Şotlandiyanın düzən ərazisində onların daimi basqınlarını aradan qaldırmağa müvəffəq olduqdan sonra klanların başçıları heç də öz köhnə quldurluq peşələrindən əl çəkmədilər; bunun ancaq forması dəyişdi. Onlar titullarına görə mülkiyyət hüquqlarını öz gücləri ilə döndərib xüsusi mülkiyyət hüququna çevirdilər və özlərinə qarşı klanın sıravi üzvlərinin müqaviməti ilə rastlaşdıqda, onları açıq zorakılıqla torpaqdan çıxarıb qovmaq qorarına gəldilər. Professor Nyumen deyir: «Eyni əsasla İngiltərə kralı da öz təbəələrini qovub dənizə tökmək hüququ iddiasında ola bilərdi» (F.W.Newman. «Lectures on Political Economy». London, 1851. p.132). Şotlandiyada iddiaçı tərəfdarlarının axırıncı üsyanından sonra64, başlanan bu inqilabın birinci mərhələlərini ser Cems Stüartın (Stüart deyir: «Bu torpaq sahələrindən alınan renta» (taksmenlər65 tərəfindən klan başçısına verilən xəracı o səhvən torpaq rentası kimi iqtisadi kateqoriyaya daxil edir) «həmin torpaqların qədərinə nisbətən şübhəsiz çüzidir; icarə ilə yaşayan şəxslərin sayına gəldikdə, bəlkə də, ola bilər ki, Şotlandiyanın dağlıq yerlərindəki bir parça torpaq, ən zəngin əyalətlərdəki eyni dəyərdə torpaqdan onqat artıq adama çörək verir». (James Steuart. «An İnquiry into the Principles of Political Oeconomy». London, 1767, v.I, ch.XVI, p.104) və Cems Andersonun (James Anderson. «Observations on the means of exciting a spirit of National İndustry ets.». Edinburgh, 1777.) əsərləri üzrə izləmək olar. XVIII əsrdə torpaqlarından qovulan gellərin66 ölkədən mühacirəti də qadağan olunmuşdu, çünki onları zorla Qlazqoya və başqa fabrik şəhərlərinə qovub aparmaq istəyirdilər (Torpaqdan zorla məhrum edilənlər 1860-cı ildə Kanadaya göndərilmiş və onları yalan vədlərlə aldatmışdılar. Onların bir qismi dağlara və qonşu adalara qaçmışdı. Onları tutmaq üçün dallarınca polis dəstələri göndərilmişdi, lakin onlar polislə əlbəyaxa vuruşmadan sonra qaçıb gizlənmişdilər.). XIX əsrdə hökm sürən metodu (A.Smiti təfsir edən Byukenen 1814-cü ildə yazır: «Dağlıq vilayətlərdə köhnə mülkiyyət üsulu hər gün zorakılıqla pozulur... Lendlord nəsli icarədarlara» (burada həmin kateqoriya yenə də düzgün işlədilməmişdir) «baxmayaraq torpağı, ən çox pul təklif edənlərə verir və bu icarədar torpağı yaxşılaşdırdıqda, lendlord dərhal yeni əkin sistemi tətbiq edir. Keçmişdə xırda kəndlilərlə dolu olan torpaqda əhali, bu torpaqların verdiyi məhsulun miqdarına görə yerləşdirilmişdi, yaxşı əkin əkilən və artırılmış renta alınan yeni sistemdə mümkün qədər az xərclə çox məhsul götürməyə çalışırlar və bu məqsədlə də, daha gərəksiz olan bütün adamları kənar edirlər... Öz doğma yurdundan qovulan adamlar fabrik şəhərlərində və başqa yerlərdə özlərinə yaşayış vasitəsi axtarırlar». (David Buchanan. «Observations on etc, A.Smiths Wealth of Nations». Edinburgh, 1814, v.IV, p.144). «Şotlandiya əsilzadələri kəndli ailələrinin torpaqlarını qəsb edərək, özlərini də alaq otu kimi kənara atırdılar; kəndlərə və kənd əhalisnnə qarşı onların rəftarı, intiqam hissi ilə coşub vəhşi heyvanların yuvalarını dağıdan hindlilərin hərəkətinə bənzəyir... Adamı bir qoyun dərisinə, bir şaqqa qoyun ətinə, hətta bundan da ucuz satırdılar... Çinin şimal əyalətlərinə basqın zamanı monqolların şurasında, bu yerlərin əhalisini qırıb torpaqlarını otlaqlara çevirmək təklifi edilmişdi. Dağlıq Şotlandiyanın bir çox lendlordları bu təklifi öz ölkələrində və öz həmvətənlilərinə qarşı tətbiq etdilər» (George Ensor. «An İnquiry conserning the Population of Nations». London, 1818, p.215, 216).) göstərmək üçün biz hersoginya Saterlend tərəfindən burada tətbiq edilən «təmizləməni» misal olaraq götürək. Siyasi iqtisad aləmindən çox yaxşı xəbərdar olan bu xanım, hakimiyyəti öz əlinə alan kimi əsaslı bir iqtisadi müalicəyə başlamaq və keçmişdə eyni tədbirlər nəticəsində əhalisi azaldılıb 15000 nəfərə çatdırılmış bütün qraflığı qoyun otlağına çevirmək qərarına gəldi. Təxminən 3000 ailədən ibarət olan bu 15000 nəfər əhali 1814-cü ildən 1820-ci ilin axırınadək müntəzəm surətdə öz torpaqlarından qovulur və qırılıb kökü kəsilirdi. Onların bütün kəndləri dağıdılıb yandırılmış, bütün tarlaları otlaqlara döndərilmişdi. Onlara cəza vermək üçün Britaniya əsgərləri göndərilmiş və iş gəlib yerli əhali ilə əsl vuruşmalara çatırdı. Bir qarı öz daxmasını tərk etmək istəmədiyinə görə onu oradaca yandırmışlar. Beləliklə bu xanım ta qədimlərdən klanın mülki olan 794000 akr torpağı mənimsəmişdi. O qovduğu əhaliyə dəniz kənarında ailə başına 2 akr hesabı ilə 6000 akra qədər torpaq vermişdi. Bu 6000 akr keçmişdə məndəcər olub öz sahiblərinə heç bir xeyir vermirdi. Hersoginya o qədər yüksək alicənablıq göstərmişdi ki, torpağı, əsrlər boyu onun nəsli yolunda öz qanlarını axıdan bu klan üzvlərinə akrı orta hesabla 2 şillinq 6 pensə icarəyə vermişdi. Hersoginya klandan qarət etdiyi bütün torpağı qoyun saxlanacaq 29 iri fermaya ayırmışdı ki, bunların da hərəsində, əksərən ingilis fermerlərinin muzdurlarından ibarət olan təkcə bir ailə yaşayırdı. 1825-ci ildə 15000 gelin yerini artıq 131000 qoyun tutmuşdu. Dəniz sahilinə qovulmuş olan aborigenlərin bir qismi balıqçılıqla keçinməyə çalışırdı. Amfibiyə çevrilən bu adamlar, bir ingilis müəllifinin dediyinə görə, bir ayağı suda, bir ayağı quruda yaşayırdılar və buna baxmayaraq su ilə quru birlikdə onların güzəranını ancaq yarıya qədər təmin edirdi (Amerika respublikasının zənci qullarına öz rəğbətini nümayiş etdirmək istəyən,–Vətəndaş müharibəsi4 dövründə isə bütün «nəcib» ingilislərin qəlbləri quldarlara tərəfdar olduğu zamanlarda başqa aristokrat xanımlarla birlikdə öz xeyrini düşünüb bu rəğbətini gizlətmiş olan indiki hersoginya saterlend «Tom dayının koması» əsərinin muəllifi misis Biçer-Stounu Londonda təntənə ilə qarşıladıqda mən, «New-York Tribune» qəzetində Saterlendin öz qullarının necə yaşadıqlarından yazmışdım67 (məqaləmin bir parçasını Keri sitat kətnrmişdir: «The Slave Trade». Philadelphia, 1853, p.202, 203). Şotlandiya qəzetlərindən biri bu məqaləni öz səhifələrində təkrar çap etmiş və bu da həmin qəzet ilə Saterlendin sikofantları arasında ciddi mubahisəyə səbəb olmuşdu.).

Lakin klanın «böyük adamlarına» dağlılara məxsus bir romantizmlə pərəstiş edən qoçaq gelləri yeni və daha böyük bir imtahan gözləyirdi. «Böyük adamların» burnuna balıq qoxusu gəldi. Onlar burada mənfəətli bir şey olduğunu duydular və dəniz sahilini Londonun böyük balıq tacirlərinə icarəyə verdilər. Gellər ikinci dəfə öz yerlərindən qovuldular (Bu balıq ticarəti haqqında David Urkartın «Portfolio. New Series» əsərində maraqlı məlumat vardır. Nassau U.Senior, vəfatından sonra nəşr edilmiş və yuxarıda sitat gətirdiyimiz («Journals, Conversations and Essay relating to İreland», London, 1868) əsərində deyir ki, «Saterlendşirdəki tədbirlər bəşər tarixində ən xeyirli «təmizləmələrdən» (clearings) biridir».).

Nəhayət, qoyun otlaqlarının da bir hissəsi ovlağa çevrilir. Məlum olduğu üzrə, İngiltərədə əsl meşə yoxdur. Aristokratların ovlaqlarındaki vəhşi marallar artıq indi həqiqətdə ev heyvanları kimi bir şey olub özləri də London oldermenləri kimi kök və yağlıdırlar. Şotlandiya bu «nəcib ehtirasın» son məkanıdır.

Somers 1848-ci ildə yazır: «Dağlıq vilayətlərdə meşəliklər xeyli genişlənmişdir (Şotlandiya «deer forests» [«ovlaqlarında»] bircə dənə də ağac yoxdur. Qoyunları qovub bunların əvəzində çılpaq dağlara maral gətirir, buna da «deer forests» deyirlər, Beləliklə, burada hətta meşəlik də salınmır.). Burada, Qeykin bir tərəfində siz yeni Qlenfeşi meşəsini, o biri tərəfində isə yeni Ardveriki meşəsini görürsünüz. Bir az əvvəl düzəldilmiş olduqca böyük boş yer Blek-Maunt da yenə burada gözünüzün qabağındadır. İndi şərqdən qərbə, Aberdinin ucğarlarından Oban qayalarınadək, arası üzülməyən meşələr zolağı uzanır, dağlıq ölkənin başqa hissələrində, Lox-Arkeyqdə, Qlenharridə, Qlenmoristonda və sair yerlərdə isə yeni meşəliklər vardır. Torpaqların qoyun otlaqlarına çevrilməsi... gelləri öz yerlərindən çıxarıb daha az münbit torpaqlara qovmuşdur... İndi maral qoyunları sıxışdırmağa başlayır və beləliklə gellər daha müdhiş yoxsulluğa düçar edilirlər... Ovlaqlar və xalq bir yerə sığa bilməz. Bunlardan ya biri, ya da digəri yox olmalıdır. Əgər ovlaqlar, əsrimizin qarşıdakı rübündə də keçən rübundəki qədər və eyni həcmdə artsa, bir nəfər də gel öz doğma yurdunda qalmaz. Dağlıq yerlərin torpaq mülkiyyətçnləri arasındakı bu hərəkətin bir səbəbi, qismən ovçuluq modasıdır, onların aristokratlıq kefidir, ovçuluq ehtirasıdır və i.a., bir səbəbi də budur ki, onlar şikar edilən ovları satmaqla böyük mənfəət götürürlər. Zira felən, dağlıq yerlərdə ov üçün ayrılan bir sahə bir çox hallarda, qoyunlar üçün otlağa çevrilən eyni sahədən xeyli çox gəlirli olur... Ovlaq axtaran bir həvəskar özünün pul kisəsi imkan verən qiyməti təklif etməyə hazırdır... Dağlıq Şotlandiyanın başına gələn bəlalar, norman krallarının siyasəti üzündən İngiltərəyə üz verən müsibətlərdən az deyildir. Çöl heyvanlarına geniş meydan verilmişdir, adamları isə getdikcə daha artıq sıxışdırırlar... Xalqın azadlıqları bir-bir əlindən alınır... Zülm gündən-günə artır. Mülkiyyətçilər «təmizləmə» və əhalini öz torpaqlarından çıxarıb qovmaq işini möhkəm bir prinsip kimi, zəruri bir əkinçilik tədbiri kimi, Amerika və Avstraliyanın əl dəyməmiş torpaqlarında ağac və kollar çıxarılıb torpaq təmizləndiyi kimi, burada da adamların başına eyni əməliyyatı adi bir iş gətirirlər.



(«Robert Somers». «Letters from the Highlands; or, the Famine of 1847». London, 1848, p.12–28 passim. Bu məktublar əvvəlcə «Times»da dərc olunmuşdu. Özlüyündə aydındır ki, ingilis iqtisadçıları 1847-ci ildə gellərə üz verən aclığın səbəbini əhali artıqlığı ilə izah edirdilər, hər halda, deyə göstərirdilər ki, guya gellər öz yaşayış vasitələrinə «güc gəlirdilər». Almaniyada «malikanələrin təmizlənməsi», və ya orada deyildiyi kimi, «Bauernlegen», otuzillik müharibədən68 sonra xüsusilə genişlənmiş və hələ 1790-ci ildə Saksoniya kurfürstşlüyündə kəndli üsyanlarına səbəb olmuşdu. Bu, Şərqi Almaniyada yayılmışdı, Prussiya əyalətlərinin çoxunda kəndlilərin mülkiyyət hüququ ilk dəfə II Fridrix tərəfindən təmin olunmuşdu. O, Sileziyanı işğal edəndən sonra, oranın torpaq mülkiyyətçilərini məcbur etdi ki, kəndli evlərini, anbarlarını və s. bərpa etsinlər, kəndli təsərrüfatlarını malqara və alətlər ilə təchiz etsinlər. Ona ordu üçün əsgər və xəzinəyə vergi verən adamlar lazım idi. Biabırçı bir maliyyə sisteminə malik olub məmləkəti istibdad, bürokratizm və feodalizm qarışığından ibarət bir üsulla idarə edən II Fridrixin zamanında kəndlilərin nə vəziyyətdə yaşadığını, Fridrixin atəşin pərəstişkarı olan Mirabonun aşağıdakı sözləri sübut edir: «Şimali Almaniya əkinçisinin başlıca sərvətlərindən biri kətandır. Lakin bəşər nəslinin bədbəxtliyindən bu, rifah mənbəyi deyil, ancaq bərk yoxsulluğun qarşısını almaq üçün bir vasitədir. Müstəqim vergilər, biyar və hər cür mükəlləfiyyətlər kəndlini var-yoxdan çıxarır; bu hələ bəs deyilmiş, kəndli satın aldığı hər bir şey üçün dolayı vergilər də verir... və bədbəxt ən nəhayət öz məhsulunu istədiyi yerdə və istədiyi qiymətə sata bilməz; o özünə lazım olan ərzağı daha münasib qiymətə satan tacirdən ala bilməz. Bütün bunlar kəndlini getdikcə var-yoxdan çıxarır və əgər kəndli əyirmə işi ilə məşğul olmasaydı, mustəqim vergiləri verə bilməzdi; əyirmə onun üçün zəruri bir köməkçi iş olub ona öz arvadının, uşaqlarının, nökərlərinin, kənizlərinin əməyindən və öz əməyindən istifadə etmok imkanı verir. Lakin bu köməkçi işlərdə də onun həyatı yenə nə qədər acınacaqlıdır! Yayda əkində və məhsul yığımında o, katorqada cəza çəkən bir dustaq kimi işləyir, axşam saat 9-da yatıb gecə saat 2-də durur ki, işin öhdəsindən gələ bilsin; qışda o daha çox istirahət edib qüvvə toplamalıdır, lakin vergi vermək üçün məhsulunun bir hissəsini satsa nə çörəyi çatar, nə də toxumu. Buna görə də o əyirmə işi ilə məşğul olmağa məcburdur ki, bu kəsirin yerini doldursun... həm də bu işdə o böyük bir gərginliklə çalışmalıdır. Buna görə də qışda kəndli gecə yarısı və ya gecə saat birdə yatıb səhər saat beşdə, yaxud altıda durur, ya da axşam saat doqquzda yatıb saat ikidə durur–bazar günlərindən başqa, onun bütün ömrü bu cür keçir... Bu cür həddindən az yatmaq və həddindən artıq işləmək insanın vücudunu taqətdən salır: buna görə də kənddə kişi və qadınlar şəhərdəkilərdən tez qocalırlar («Mirabeau», sitat gətirilən əsər, III c., səh.212 və sonrakılar).

2-ci nəşrə əlavə. 1866-cı ilin aprel ayında, yəni Robert Somersin yuxarıda sitat gətirilən əsəri nəşr ediləndən 18 il sonra professor Lion Levi otlaqların ovlaqlara çevrilməsi haqqında İncəsənət və peşələr cəmiyyətində29 məruzə etmişdi. Dağlıq Şotlandiyanın boş biyabana döndərilməsi işinin nə qədər irəlilədiyindən danışırkən, əzcümlə deyir: «Əhalini qovmaq və torpaqları qoyun otlağına çevirmək, heç bir xərc qoymadan gəlir əldə etmək üçün ən əlverişli bir vasitə oldu... Qoyun otlaqlarını ovlaqlara çevirmək, dağlıq Şotlandiyada adi bir hal olmuşdur. Keçmişdə qoyunlara yer etmək üçün adamlar qovulduqları kimi, indi də çöl heyvanları qoyunları qovub çıxarır... Siz Forfarşirdə qraf Dolxuzinin mülkündən Con-oQrotsədək getsəniz ovlaq meşələri yenə də qurtarmaz. Bunların «(bu meşələrin)» bir çoxunda artıq çoxdan bəri tülkü, çölpişiyi, dələ, safsar, gəlincik və dağ dovşanları məkan salmışdır; əl dovşanı, mişovul və siçovullar isə ancaq son zamanlar peyda olmuşdur. Şotlandiya statistikasında çəmən adı ilə göstərilən olduqca zəngin və geniş torpaq sahələri indi daha əsla becərilmir və yaxşılaşdırılmır, bunlar ancaq bir ovuc adamın, indi çəmi bir neçə gün davam edən ovçuluq əyləncəsinə xidmət edir».

Londonda çıxan «Economist»69 1866-cı il 2 iyun tarixli nömrəsində yazır: «Şotlandiya qəzetlərindən biri son həftə yenilikləri sırasında əzcümlə xəbər verir: «Saterlendşirdə ən yaxşı qoyun fermalarından biri ovlağa çevrilmişdir, halbuki bir az əvvəl kontrakt müddəti qurtardıqda həmin ferma üçün ildə 1200 f.st. renta təklif edilirdi!» Feodal instinktləri indi də özünü... normanların istilası zamanındakı kimi biruzə verir... o zaman 36 kəndi dağıdıb yerində yeni meşə salmışdılar... İki milyon akr torpaq, o cümlədən Şotlandiyanın bir neçə ən münbit rayonu tamamilə boş biyabana döndərilmişdir. Qlentilt çəmənlərinin otu, Pert qraflığında ən şirəli yem hesab olunurdu; çox geniş Badenok mahalındakı Ben-Older ovlağı keçmişdə ən yaxşı ot verirdi; Blek-Maund meşəsinin bir hissəsi Şotlandiyada qara qoyunlar üçün ən yaxşı otlaq sayılırdı. Ovçuluq həvəskarlarının xatirinə nə qədər torpağın biyabana çevrildiyini ondan görmək olar ki, bu torpaqların həcmi bütün Pert qraflığının sahəsindən artıqdır. Torpaqların zorakılıqla bu cür biyabana çevrilməsi üzundən ölkənin nə qədər itirdiyi ondan görünür ki, Ben-Older meşəsinin torpağı 15000 qoyunu bəsləyə bilərdi və bu meşənin sahəsi Şotlandiyadakı bütün ovlaqların ancaq 1/30 hissəsini təşkil edir... Bütün bu ovlaq torpağı indi əsla məhsuldar deyildir... bu torpaq istər ovlaq olsun, istərsə onu Şimal dənizi suları gəlib bassın, nəticə eyni olar. Torpaqların bu cür boş biyabanlara çevrilməsinə qanunun öz qəti hökmü ilə son qoyulması lazım gələrdi».).

Kilsə əmlakının qarət edilməsi, dövlət torpaqlarının fırıldaqçılıqla talan edilməsi, icma mülkiyyətinin qəsbkarlıq və amansız terror vasitəsilə tarac edilməsi, feodal mülkiyyətinin və klan mülkiyyətinin müasir xüsusi mülkiyyətə çevrilməsi,–ibtidai yığımın müxtəlif idillik üsulları belədir. Bu yolla kapitalist əkinçiliyi üçün meydan əldə edilmiş, torpaq kapitalın hakimiyyəti altına verilmiş və şəhər sənayesi üçün, qanun xaricində qoyulmuş lazımi miqdar proletar kütlələrinin axışıb gəlməsi təmin edilmişdir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin