AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru avropa siVİLİzasiyasi kontekstiNDƏ



Yüklə 3,32 Mb.
səhifə11/13
tarix01.01.2017
ölçüsü3,32 Mb.
#3893
1   ...   5   6   7   8   9   10   11   12   13

ƏDƏBİYYAT

1.Dünya xalqlarının nağılları. Bakı: Gənclik, 1990

2.Ayrım bəzəmələri. /Toplayanı V.Vəliyev. Bakı: Gənclik, 1983

3.Qaravəllilər. /Tərtib edəni və redaktoru H.Mehdiyev. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1967

4. Azərbaycan xalq ədəbiyyatından seçmələr. Qaravəllilər, oyunlar və xalq ta­ma­şaları. /Tərtib edənləri H.İsmayılov, T.Orucov. Bakı: Şərq-Qərb, 2005

5. Təhmasib M. Məqalələr. /Tərtib edənləri. M.Cəfərli, O.Əliyev. Bakı: Elm, 2005

6.Qaravəllilər, nağıllar. /Toplayanı və tərtib edənləri H.M.Tantəkin, S.Əliyev. Bakı: Yazıçı, 1988

7.Qaravəllilər. /Toplayanı və tərtib edəni Ə.Axundov. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1974

8.Andersen, Qrimm qardaşları, Hofman, Hauf. Nağıllar. /Kitaba V.Hacıyevin yazdığı ön söz. Bakı: Yazıçı, 1987

9.Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985

10.Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. Bakı: Maarif, 1978

AZƏRBAYCAN XALQ OYUNLARI, YAXUD SIVILIZASIYA DƏYƏRLƏRININ ETNOLOJI QƏNAƏTLƏRI
f.d. Ülkər NƏBİYEVA
Азербайджанские народные игры, или бережное

отношение к ценностям цивилизации

Азербайджанские народные игры появились в контексте комплекса особо значимых обрядов наряду с различными куль­тами и верованиями.Народные игры в системе танцев носили синкретический характер, т.е. играли роль первичных источ­ников общения и информации.

На фоне происходящих сегодня процессов глобализации и интеграции в мировую культуру исследование игр, носящих в себе информацию о ценностях цивилизации, и их изучение в контексте европейской культуры служит представлению на­ше­го фольклора на высоком уровне в рамках культуры народов мира.
The Azerbaijani National Games, or the Careful Relation to

Values of a Civilization

The Azerbaijani national games have appeared in a context of a complex of especially significant ceremonies along with various cults and beliefs.

National games in system of dances had syncretic character and played a role as primary sources of dialogue and the infor­mation.

From the view of globalization and integration processes into world culture a researching of the games as the information on civilization’s values, and their studying in a context of the European culture are promote to representation of our folklore at high level within the limits of the world culture.

Milli mədəniyyətimizin tarixində xüsusi əhəmiyyətə ma­lik xalq oyunla­rının sivilizasiyaya doğru inkişaf mərhələ­lə­rin­dəki mühüm rolu əhəmiyyətlidir, lakin problemin folklor­şünas­lığımızda kifayət qədər öyrənildiyinə hələ hökm vermək olmaz.

Məlum olduğu kimi, oyunlar mərasim kompleksi kon­tekstində, müxtəlif ayin və etiqadlarla yanaşı meydana gəlmiş, sonralar isə ovçuluq əkinçilik, maldarlıq və s. bağlı silsilə oyun­lar yaranmışdır.

Tədqiqatçıların oyun anlayışı, onun mənşəyi, tipləri dün­ya mədəniyyətinə təsiri və s. barədə dəyərli mülahizələri ya­ranmışdır.

Ə.Sultanlı oyunu hərəkətlə bağlı olduğuna görə onu dramla əlaqələn­dirmişdir (1, s.24). M.Allahverdiyev isə hesab etmişdir ki, oyun daha çox rəqs, tamaşa mənalarında işlənir. Həmçinin oyun sözünün etimologiyasında «oyna­maq» kökünə də istinad edilməlidir (2, s.46-47). Xarəzm özbəklərinin müsəl­manlığa qədər etiqadlarını araşdıran Snesarev Q.R. isə şaman­ların icra etdikləri ritualları oyun adlandırmışdır (3, s.48). Türk dillərində «oynamaq» mənasını saxlayan «oyun», «ayin», «uyun» və s. bu gün də sözü gedən anlayış kimi qəbul olunur. Hesab edirik ki, ən doğru fikir də budur. Həmçinin uyğur türkcəsində işlənən «oymaq» sözünü tədqiqatçılar «oymaq», yəni «dəlmək» mənasında qəbul edir, lakin burada həmin söz, yalnız hərəkəti- oynamaq mənasını ifadə edir. «Oyman», «oy­na­maq» etimoloji kökü ilə bağlı yaranan oyunlar türk xalqları içərisində həm də ağıl, hikmət mənalarını ifadə edir (4, s.372).

Xalq oyunları haqqında ilk məlumat Mahmud Kaşğarinin «Divanul-lüğətit-türk» əsərində verilmiş (5, s.386-481) burada «Buynuz-buynuz», «Ötüş» və s. oyunların özünəməxsus etno­qrafik xüsusiyyətləri və s. açıqlanmışdır. Azərbaycan xalq oyun­ları çox erkən yaranma və yayılma tarixinə malikdir. Hələ orta əsrlərdə Azərbaycana gələn səyyahlar, Övliya Çələbi, Cozefa Barbara və başqaları «Qurd oyunu» «Çovkan» və b. oyunların canlı tamaşaçısı olmuşlar (6, s.152).

Milli oyunlarımızın ilk toplanma və nəşri isə XIX əsrdə SMOMPK məcmuəsi, «Kavkaz» və başqa mətbuat səhifə­lərin­də həyata keçmişdir. Dramatik üsluba aid olan xalq oyunları görkəmli ədib və yazıçıların, o cümlədən, Firudin bəy Köçərli, Hüseynqulu Sarabski, Yusif Vəzir Çəmən­zəminli, Əbdürrə­him­bəy Haqverdiyev, M.Arif, M. Allahverdiyev və b. əsərlərin­də geniş yer tapmış və onların erkən nümunələri oxuculara çatdırılmışdır.

Azərbaycan xalq oyunlarının öyrənilmə və araşdırılma tarixi o qədər də qədim deyildir. Bu sahədə R.Tahirov, E.As­lanov, T.Fərzəliyev, M.Dadaşzadə, H.Ağayev, Ş.Quliyev, A.Nə­biyev və başqaları xüsusən xalq oyunlarının mənşəyi və onların yayılma arealı ilə bağlı dəyərli mülahizələr söyləmişlər.

Yuxarıda qeyd etdiyimiz kimi, xalq oyunlarının tarixinə nəzər salsaq, onlar əvvəlcə müxtəlif inanc və etiqadlarla bağlı sadə forma və məzmun əhatə etməklə meydana gəlmiş, dil normativləri, nitq mədəniyyətinin yaranmasından əvvəl sivili­zasiya dəyərlərini özündə ehtiva edərək etnosların mədəniyyət tarixinə daxil olmuşdur. Bu isə oyunların ilk ifadə formaları olan rəqslərdə özünə yer almışdır.

İlk oyunlar xaotik hərəkətlər sistemində formalaşmış, son­radan onların müəyyən formaları ibtidai məzmun əhatə etməklə mağara divarlarında, qayaüstü rəsmlər və daş kitabələrdə qorunub saxlanaraq müasir dövrümüzə gəlib çatmışdır.

Aparılan müşahidələr göstərir ki, xalq oyunlarının yaran­ma və inkişafının ilk mərhələsi rəqslər sistemində sinkretik sə­ciyyə daşımış, yəni insanlar arasında ilk ünsiyyət və informa­siya rolunu oynamışdır. Bu baxımdan rəqslərin erkən, ibtidai nümunələrini özündə qoruyub saxlayan daş kitabələrin oxun­ması bu gün sivilizasiya dəyərlərini qəbul edib onlara doğru inkişaf etmiş xalqların mədəni və mənəvi dəyərlərinin etnoloji istiqamətlərini öyrənməyə imkan verir. Bu gün ibtidai dövr insanının məişəti, həyat tərzi, qədim təsəvvürləri haqqında qismən məlumat əldə etmək üçün bir çox abidələr, o cümlədən Qobustan, Çin qaya rəsmləri və s. dəyərli mənbələr hesab olu­nur. Həmin daş abidələr çox erkən sivilizasiya laylarının mo­del­lərini təzahür etdirdiyinə görə onların oxunuşu və təsvir olu­nan rəqslərin ayrı-ayrılıqda məzmun aydınlığı bu gün istənilən səviyyədə olmamasına baxmayaraq gənc nəsildən tutmuş yaşlı nəslə qədər bu ibtidai düşüncə tərzini maraqla qəbul edir və müasir sivilizasiya modelləri ilə müqayisəli şəkildə təqdim etməyə çalışır. Həkk olunan təsvirlər xaotik və kortəbii olsa da ibtidai düşüncə tərzinin zənginliyindən xəbər verir.

Azərbaycan xalq oyunları forma və məzmun baxımından ayrı-ayrı tədqiqatçılar tərəfindən, eləcə də mövzuya fərdi ya­naşma istiqamətində fərqli şəkildə təsnif olunmuşdur.Bu təs­nifatlar arasında A.Nəbiyev, H.Ağayev, İ.Musayev, R.Qafarlı, A.Əliyev və b. apardıqları bölgülər milli xalq oyunlarımızın öy­rənilməsində mühüm əhəmiyyətə malik təsnifatlar kimi təqdi­rəlayiqdir. Məsələn, A.Nəbiyev xalq oyunlarını rəqsdaxili, mə­ra­sim, məişət, ictimai məzmunlu və uşaq oyunları konteks­tində öyrənməyi təklif edir. Xüsusən də rəqsdaxili oyunları o, xal­qımızın bizə gəlib çatmış ən qədim oyunları hesab etmişdir. Bu oyunlar daş kitabələrə həkk edilən rəqslər daxilində və bu gün xalq arasında yaşamaqda olan müxtəlif milli rəqslərin kol­lektiv ifa variantlarında özünü göstərir (4, s.378). R.Qafarlının fikrinə görə isə oyunlar uşaqların fərdi yaradıcılığıdır, oyun və tamaşa anlayışlarına folklorun uşaqlar tərəfindən yaradılan müxtəlif formaları - uşaqların fiziki, zehni, psixi və mənəvi inkişafına tə­sir göstərən nümunələr daxildir. O, oyunları iki hissəyə ayırır: mü­təhərrik (hərəkətli) oyunlar və söz oyunları. Hərəkətli oyun­lar da iki yerə ayrılır: əşyalardan istifadə olun­maqla yaranan oyun­lar, əşyaların istifadə olunmadığı oyunlar. Müəllifin fik­ri­nə görə söz oyunları sonrakı dövrlərin məh­suludur (7, s.325-326).

A.Əliyev isə tamamilə fərqli təsnifat irəli sürür: atüstü oyun­lar (cıdır oyunları-»Çovkan», «Qız-quu», «Sürpapaq», «Ba­harbənd», «Papaq» və «Qəpəq»); stolüstü oyunlar (şahmat, dama, nərd, beş daş və s.); zorxana oyunları (milli güləş, yekbə, mil oyunu, yekbagır, yaxud səngi daşqaldırma, gəbədə və ya kəmənə oyunu, çərxi və ya təndövrə, cəngi oyunu; gözbağlıca). (8, s.49).

Əlbəttə, biz təsnifatlarda sözü gedən oyunların mahiy­yətinə varmaq fikrində olmasaq da, qeyd edə bilərik ki, onların hər biri Azərbaycan milli xalq oyunlarının öyrənilməsi istiqa­mətində uğurlu işlərdəndir. Onu da əlavə etmək yerinə düşər ki, 1990-cı ilin oktyabr ayının 20-26-dək Cıdır meydanında Azərbaycanın I oyunlar festifalının proqramına daxil olan atüstü xalq-milli idman oyunları keçirilmişdir. Burada Ağstafa yığma komandası «Çovkan» və «Sürpapaq» oyunlarında bütün ötüşləri yüksək səviyyədə keçirərək qalib gəlmişlər (8, s.50)

Bu təsnifatların müvafiq bölgülərində yer almış oyunlara diqqət yetirdikdə, həqiqətən də bu folklor və etnoqrafik nümunələrin sivilizasiya dəyərlərindən bəhrələnən etnoloji faktor kimi təsdiqləyə bilərik. Həmin oyunlar tarixin müəyyən zaman kəsiyində, sivilizasiyasının beşiyi olan Misir, Hindistan və digər mədəniyyət mərkəzlərində intişar tapmışdır.

Bu gün yaşadığımız qloballaşma və dünya mədəniyyətinə inteqrasiya dövründə sivilizasiya dəyərlərindən xəbər verən oyun­­ların araşdırılması və Avropa mədəni dəyərləri konteks­tin­də öyrənilməsi folklorumuzun daha geniş aspektlərdə tarixi-mü­qa­yisəli metoda istinad edərək dünya xalqlarının mədəniyyət çev­rəsində əhəmiyyətli səviyyədə təqdim olunmasına xidmət edir.

Oyunlar, xüsusən də uşaq oyunları ümumilikdə siviliza­siyanın etnoloji qənaətlər sisteminə daxildir, belə ki, uşaqlar böyüklərin etdiklərini təqlid edərək improvizasiyadan istifadə edirlər. Yəni, əslində uşaqlar böyükləri təqlid edir, hətta bəzi tarixi məqamları da yada salırlar. Məsələn, bu gün azyaşlı uşaqların maraqlı oyunları arasında müxtəlif cür silahlardan, o cümlədən, qılınc ox, yay, nizə və sapanddan istifadəyə meyl göz qabağındadır. Bunun tarixi kökləri müxtəlif folklor örnək­lərində, nağıl və dastanlarımızda geniş yer almışdır, məsələn, «Ki­tabi Dədə Qorqud»da demək olar ki, əksər boylarda ox, yay, nizə, qılınc, sapand, yəni sapandla daş atmaq və s. kimi so­yuq silah­ların adları və onlardan istifadəyə rast gəlirik. ...»Üç yerdə dəpə kibi taş yığdı, ala qollı sapanın əlinə aldı...Ərənlər əvrəni Qara­cuq çoban sapanın ayasına taş qodı, atdı... Qaracıq, Çoban ka­fərin üç yüzini sapan taşılə yerə bıraqdı... Çobanın taşı dükəndi. Qoyun diməz, keçi diməz, sapanın ayasına qor, atar, kafəri yıqar ...Çobanın üçyaşar tana dərisindən sapanın ayasıy­dı, üç keçi tüyindən sapanının qollarıydı.Bir keçi tüyündən çatlağucıydı. Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılardı, ocaq kibi oyrulardı. Üç yıladaq taşı düşdigi yerin oti bitməzdi... (9, s. 43-44;48). ...Dərsə xan Qorqut sinirli qatı yayın əlinə aldı. Üzən­giyə qalqıb, qatı çəkdi, uz atdı...Üc torundı, alca qanı şorladı ...(9, s.37).

…Oğuz zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə düşsə, onda gərdək dikərdi ...(9, s.57) kimi misallarla hələlik kifayətlənirik. Misallardan da göründüyü kimi, bütün bunlar uşaq təfəkkürünə daxil olmuş, uşaqlar onları özlərinə məxsus şəkildə məharətlə improvizə edərək oyunlar sistemini yaratmışlar.

Hal-hazırda nəinki Azərbaycanda, həmçinin bir sıra Avro­pa ölkələrində uşaq oyunları tarixi silahlar, ox, yay, nizə, sapanda, bumeranqa və s. əsaslanan oyun modellərindəndir.

Məlumdur ki, müxtəlif epoxalarda, yəni vəhşilik dövrü, an­tik dövr və orta əsrlərdə adı çəkilən silahlar başlıca silah növ­ləri hesab olunurdu. Hətta XV əsr Avropa şairləri əsgərlərə sa­panddan məharətlə istifadə etməyi tövsiyə edirdilər (10, s. 68).

İngiltərədə uşaq oyunları içərisində həmçinin müxtəlif alət­lərin, tüfəng, mişar, balta, güllə səslərinin təqlidi ilə bağlı yaranan oyunlar bəşəriyyətin mədəniyyət tarixinin müəyyən mərhələlərində ibtidai hərbi hazırlıqlar haqqında təsəvvür yara­da bilər. Bundan əlavə, İngiltərə, İsveçrə, Almaniya və Fran­sada odla bağlı, odun yaranması ilə bağlı oyunlar da maraqlıdır. Hətta İsveçrədə hal-hazırda ibtidai insanların əldə etdikləri odun ilkin mərhələdə taxta burğunun sürtünməsi nəticəsində süni şəkildə yaranmasını əks etdirən və odu yaradan oyuncaq da vardır.

Fransada odla bağlı bir oyun da diqqəti cəlb edir. Oyunun məzmunu belədir ki, bir neçə uşaq dairəvi şəkildə düzülür, bir nəfər bükülmüş kağızı yandırır və uşaqlar kağızı bir-birinə ötürərək deyir ki, «od hələ sağdır, hələ yaşayır». Həmin yanan kağız hansı uşağın əlində sönsə, deməli, o uşaq oyunda uduzur və elan olunur ki, «od söndü, od öldü». Qrimm Almaniyada da buna oxşar oyunun mövcudluğunu qeyd etmişdir. Qallivel isə İngiltərədə bu oyun zamanı oxunan şeirdən bir parçanı belə qeyd etmişdir:

Djek hələ sağdır, ehtiyatlı ol ki,

Sənin əlində ölməsin (10, s.70)

Bu oyunun analoji variantı Azərbaycanda mövcud olan «odu közərtmək» oyunudur. Bu oyunun məzmunu belədir: meydanda çala qazılır və orada od saxlanır. Sağda və solda hər tərəfdə on nəfər olmaqla dəstələr «Yallı» gedir. Yallı gedənlər odun saxlandığı yeri yelpikləyib bir dəfə sağdan, bir dəfə soldan söyləyirlər:
Odu at, odu tut,

Odu tut, odu at,

yaxud,

Odu sal odu al



Odu al odu sal.

Yağışlı, soyuqlu, çovğunlu havalarda belə dəstələr tez-tez bir-birinin yerini dəyişir, od közərir, onu sönməyə qoymur, odu qoruyurlar (6, s.121).

Yeni Zellandiyada «ti» adlanan, İngiltərədə uşaqlar ara­sında say və say sisteminə əsaslanan oyunlar da maraq kəsb edir, məsələn, uşaqlardan biri əlində müəyyən sayı göstərir və əlini tez gizlədir, digər oyunçu isə dərhal həmin sayı göstərməli olur. Oyunun analoji variantı Azərbaycan uşaq folklorunda sanama adlandırılır. Sanamalar əsasən say sistemini öyrənmək, yaxud öyrətmək məqsədilə yaranmışdır. Saymaq- sanamanın əsas xüsusiyyətidir. Lakin bu başlıca xüsusiyyətin arxasında ye­ri gəldikcə başqa bir məna da izah edilir. Məsələn, «Barmaqlar» adlı sanamaya fikir versək, görərik ki, bu sanamada birdən-beşə qədər saymağı öyrətmək əsas məqsəddir (11, s.29).

Göründüyü kimi, bütün bunlar dünya xalqlarının ortaq tarixi-mədəni dəyərləri, sivilizasiyanın etnoloji qənaətləri haq­qın­da söz deməyə, onların xırda fərqlərlə yanaşı hədsiz ümu­miliklərə malik olduğunu bir daha təsdiqləməyə imkan verir.

Cəsarətlə deyə bilirik ki, həm oyunlar, həm də digər xalq yaradıcılığı nümunələri, atalar sözü, xalq deyimləri, adət-ənənələr mədəniyyət tarixinin mühüm bir mərhələsinə aid olub ibtidai düşüncə tərzini özündə ehtiva edir.
ƏDƏBIYYAT

1.Ə.Sultanlı.Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. B., 1964.

2. M.Allahverdiyev. Azərbaycan xalq teatrı tarixi. B., 1978

3.Снесарев Г.П. Реликты до мусульманских верований и обрядов у узбеков Хорезма, М., 1969

4.A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı, I hissə, B., 2009

5.Kaşqari M. Divanul-lüğət-it-türk», II c., 3-cü nəşr, Ankara, 1991

6.M.Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti.B., 1989

7. Ramazan Qafarlı. Azərbaycan ədəbiyyatı tarixi. I c., Uşaq folkloru, B., 2004, s.310-327

8.A.Əliyev. Azərbaycan folklorunun aktual problemləri. Respublika elmi konf. materi. tezisləri (aprel, 1991), BDU, 1991

9. Kitabi-dədə Qorqud. (tərtib transkir. sadələşmiş. variant və müqəddimə F.Zeynalov və S.Əlizadə), B., 1988

10.Э.Б.Тайлор. Первобытное культура, М., 1989

11.A.Nəbiyev.Azərbaycan uşaq folkloru, B., 2000


AZƏRBAYCAN FOLKLORU İNGİLİSDİLLİ QAYNAQLARDA
f.d. Vəfa İBRAHİMOVA
The problem about the investigation of Azerbaijan folklore in English languaged sources has been shown in the article. In the article the author tries to give the small content of the problem and to show the solution ways of the problem.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Azər­baycan xalqının milli varlığının daha geniş miqyasda – bey­nəlxalq səviyyədə öyrənilməsi, xalqımızın bağlı olduğu və yaratdığı elmi, ədəbi, mədəni dəyərlərin araşdırılması və tanı­dılması zəruri bir məsələyə çevrilmişdir.

Bilindiyi kimi, bir xalqın milli kimliyi özünü daha çox şifahi xalq ədəbiyyatında qoruyub saxlayır və təqdim edir. Folklor nümunələri xalqın yaratdığı dəyərlərdir və xalqın dün­yagörüşünü, həyat ölçülərini, duyğu və düşüncələrini ən gözəl bir biçimdə təqdim edir. Ona görə də, folkloru öyrənmək, araş­dırmaq, bir xalqı olduğu kimi tanımaq deməkdir. Ayrı-ayrı xalq­ların öz aralarında siyasi, iqtisadi, elmi-mədəni və ədəbi əlaqələr qurması da onların bir-birini tanımasına yardım edir.

Bütövlükdə Azərbaycan ədəbiyyatının, o sıradan Azər­baycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Azərbaycan ədəbiyyatının və folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı İ. Rəhimov, Ə. Rzayev, L.Əliyeva, Ş.Xəlilli, N. Axundov, İ. Hə­sənli, Z. Ağayev, A. Həsənova, Ş. Atayeva, M. Məmmədova, Y. Mürşüdov, Ş. Nağıyeva, Ş. Balakişiyev, T. Abbasquliyev, S. Məmmədova, R. Qayıbovanın xidmətlərini ayrıca qeyd etmək istəyirik.

Azərbaycan şifahi xalq ədəbiyyatının xaricdə, o sıradan ingilisdilli qaynaq­larda öyrənilməsi, Azərbaycan folklorunun xarici dillərə tərcüməsi önəmli bir məsələdir. Ona görə ki, folklor mənsub olduğu xalqın duyğu və düşüncələrini, adət-ənənələrini, tarixini, dünyagörüşünü, bir sözlə - milli kimliyini özündə qoru­yub saxlayan, xalqın mənəvi güc qaynağı olan əvə­zedilməz bir sərvətdir. Bu gün qloballaşan dünyada biz Azər­baycanın milli kimliyini olduğu kimi dünyaya çatdır­maq istə­yiriksə, ilk sırada folklorumuzun dəqiq, qüsursuz tərcümə­sindən başlama­lıyıq. Ona görə ki, folklorun doğru tərcüməsi Azərbaycanın doğru tanınmasına, doğru başa düşülməsinə, ölkələr və millətlərarası mədəni əlaqələrin qurulmasına yol açır, bu yolla Azərbaycan folklorunun ortaya qoyduğu dəyərlər dünya mədəniyyətini zənginləşdirir.

Bütövlükdə Azərbaycan ədəbiyyatının Avropada, ingilis­dilli qaynaqlarda öyrənilməsi və tərcüməsi ilə bağlı bir sıra işlər görülsə də, eyni sözü Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı demək çətindir. Doğrudur, Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsinə dair də bir sıra araşdırmalar yazılmışdır, ancaq Azərbaycan folklorunun ingilis dilinə tərcümə məsələləri və onun ingilisdilli qaynaqlarda öyrənilməsi yetərincə tədqiq edilməmişdir. Bunun da, bizə görə, bir neçə səbəbi var. Hər şeydən öncə onu de­məliyik ki, Azərbaycan uzun illər ərzində müstəqil dövlət ol­madığına görə, Azərbaycan folklorunu da müstəqil ədəbi fakt kimi ingilisdilli oxucuya çatdırmaq mümkün olmamışdır. İndi­yədək Azərbaycan folkloru ingilis dilinə sistemli şəkildə tərcü­mə edilməmişdir. Təbiidir ki, ingilisdilli araşdırıcılar Azər­bay­can folklorunu az tanımış və az tədqiq etmişdir. İngi­lis­dilli elmi qaynaqlarda Azərbaycan folkloru daha çox ümumtürk folkloru­nun tərkib hissəsi kimi öyrənilmişdir. İngilis alimləri bütöv­lükdə türk folklorundan danışarkən, yeri gəldikcə Azər­baycan folkloruna da toxunmuşlar.

Bir məsələni də qeyd edək ki, indiyədək Azərbaycan folklor nümunələrinin ingilis dilinə orijinaldan tərcümə olun­muş nümunələrinin sayı olduqca azdır. Tərcümə olunmuş nü­mu­nələr öncə rus dilinə çevrilmiş, daha sonra isə ingilis dilinə tərcümə edilmişdir. Bizcə, təkcə bu fakt Azərbaycan folklor nümunələrinin ingilis dilinə tərcüməsinin hansı sə­viyyədə ol­masını aydın göstərir.

Azərbaycan folklorunun «Kitabi-Dədə Qorqud», «Koroğ­lu» kimi dastanları Avropada və ingilisdilli qaynaqlarda nisbə­tən geniş öyrənilsə də, şifahi xalq ədəbiy­yatının başqa nümu­nələri və janrları ilə bağlı bu sözü demək çətindir. Təbiidir ki, Azərbaycan folklorunun başqa nümunələri və janrları ingilis­dil­li qay­naq­larda az öyrənildiyindən Azərbaycan alimləri də bu mə­sələni az araşdır­mış­lar. Bu hər şeydən öncə onunla bağlıdır ki, uzun illər boyu Azərbaycan və Azərbaycan mədəniyyəti, bu mədəniyyətin bütün sahələri dünya mədəniyyə­tinin tərkib his­sələrindən biri kimi dünya xalqlarına tanıdılmadığından, bu xalqların dillərinə tərcümə edilmədiyindən, bütövlükdə Azər­baycan mədəniyyəti, o sıradan da Azərbaycan folkloru xarici mən­bələrdə, o cümlədən də ingilisdilli qaynaqlarda az öyrənil­mişdir.

Azərbaycan folklorunun ingilisdilli qaynaq­larda öyrənil­məsi ilə bağlı Azərbaycan alimləri hələ XX əsrin 50-60-cı illərində müəyyən işlər görmüşlər. Doğrudur, onların bu məsələ ilə bağlı yazdıqları həmin yazıları birbaşa Azərbaycan folklo­runun ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı deyil. Sa­dəcə, Azərbaycan folklorunun bir sıra nümunələri və janrları tədqiq edilərkən alimlər konkret nümunəni və janrı bir sıra Avropa və ingilis folklor nümunələri ilə müqayisə etmişlər.

Azərbaycan folklorunun ingilis folkloru ilə müqayisəli şəkildə öyrənilməsi ilə bağlı yazılmış ciddi əsərlərdən biri f.e.d. Şahin Xəlilliyə məxsusdur. Alimin «Azərbaycan və ingilis folk­lorunda paralellər» adlı araşdırmasında bir sıra Azərbaycan folk­lor nümunələri əvvəlki tədqiqatlarla müqayisədə daha sis­temli şəkildə ingilis folkloru ilə müqayisə edilmişdir . Ona görə, ayrı-ayrı şifahi xalq ədəbiyyatı nümunələrində – dastan və balladalarda, atalar sözü və məsəllərdə, nağıl və əfsanələrdə, laylalarda, beşik nəğmələrində mövzu və sujet oxşarlığını hər şeydən öncə Qərb və Şərq xalqlarının hamısı üçün tarixən oxşar və ya eyni olan məişət reallıqlarında axtarmaq heç də təsadüfi deyil .

Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənil­məsinin tarixi ilə bağlı iki istiqamət özünü göstərir. Bu isti­qamətlərdən biri Azərbaycan folklor nümunələrinin ingilisdilli qaynaqlarda tədqiq edilməsi və Azərbaycan alimlərinin bu tədqiqatlarla bağlı elmi araşdırmalar yazmasıdır. Azərbaycan folklorunun xarici tədqiqatçılar tərəfindən ingilisdilli qaynaq­larda öyrənilməsi ilə bağlı ikinci istiqamət isə Azərbaycan folklor nümunələrinin ingilis dilinə tərcüməsi ilə bağlıdır. Azər­baycan folklorunun ingilis dilinə tərcüməsi ilə bağlı görülmüş işlərin sırasında həm folklor materialları, həm klassik Azərbay­can ədəbiyyatı, həm də müasir Azərbaycan ədəbiyyatı nümunə­lərinin ingilis dilinə tərcüməsini əhatə edən və 1969-cu ildə Moskvada çap olunmuş «Azerbaijanian Poetry» («Azər­bay­can poeziya antologiyası») kitabı ayrıca yer tutur. Kitabda klassik və müasir Azərbaycan şairlərinin ingilis dilinə tərcümə olun­muş şeirləri toplanmışdır .

Bu kitabda Azərbaycan folkloruna da ayrıca yer veril­mişdir. «Kitabi-Dədə Qorqud», «Əsli və Kərəm», «Koroğlu», «Qaçaq Nəbi» dastanlarından müəyyən hissələr ingilis dilinə tərcümə edilmişdir. Kitabda Azərbaycan aşıqlarından Aşıq Qur­baninin, Aşıq Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Ələs­gərin, Aşıq Hüseyn Bozalqanlının, Aşıq Şəmşirin, Aşıq Hüseyn Cavanın ingilis dilinə çevrilmiş şeirləri çap olunmuşdur.

Bu deyilənlərdən aydın olur ki, Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi, folklor nümunələrinin ingilis dilinə tərcüməsi ilə bağlı bir sıra işlər görülmüşdür.



Folklor nümunələrinin ingilis dilinə poetik tərcümələri arasında bir sıra uğurlu nümunələr olduğu kimi, bu sahədə ciddi qüsurlar da var. Öncə onu deməliyik ki, indiyədək Azərbaycan folklorunun xarici dillərə, o sıradan ingilis dilinə sistemli tər­cüməsi yoxdur. Ayrı-ayrı folklor janrları, məsələn, atalar söz­ləri, bayatılar, nağıllar, dastanlar, aşıq ədəbiyyatı nümunələri sistemsiz şəkildə, ciddi bir hədəf müəyyən edilmədən tərcümə edilib. Bu gün biz Azərbaycan folklorunun sistemli, ardıcıl və mükəmməl tərcümə kitablarına sahib deyilik. Elə buna görə də Azərbaycan folklorunun, bütövlükdə Azərbaycan mədəniy­yə­tinin tanıdılması sahəsində böyük bir boşluq var. Bununla birgə ara-sıra tərcümə olunmuş folklor nümunələrinin tərcüməsi də qənaətbəxş deyil. Belə ki, bu tərcümələr bir sıra hallarda folklor mütəxəssisi olmayan, Azərbaycan dilini bilməyən, Azərbaycan mədəniyyətindən xəbərsiz şəxslər tərəfindən tərcümə edil­miş­dir. Ona görə də folklor nümunələrinin tərcüməsində çox saylı qüsurlar, yanlışlıqlar və təhriflər özünü göstərir. Bu isə Azər­baycan milli düşüncəsinin olduğu kimi tanıdılmasında ciddi problemlər yaradır. Bu göstərdiyimiz qüsurlar bir sıra ciddi səbəblərlə bağlıdır. Biz bu qüsurları aradan qaldırmaq, Azər­baycan folklorunu, bu yolla da Azərbaycan kimliyini dünyaya olduğu kimi çatdırmaq məqsədi ilə bir sıra işlərin görülməsini zəruri sayırıq. Bu işləri aşağıdakı kimi sıralamaq olar:

  • Azərbaycan və ingilis dilini dərindən bilən, Azərbaycan və ingilis folkloruna bələd olan ixtisaslı mütəxəsislər hazırla­maq;

  • Azərbaycan şifahi xalq ədəbiyyatında işlənmiş folklorla bağlı terminlərin ingilis dilində lüğətini hazırlamaq;

  • Azərbaycan folklorunda işlənmiş dini, etnoqrafik anla­yışların lüğətini hazırlamaq;

  • Folklor nümunələrinin tərcüməsi ilə birgə ingilis dilində şərhlərini də hazırlamaq;

  • Azərbaycan folkloru ilə bağlı yazılmış ciddi araşdır­maları ingilis dilinə tərcümə etmək;

  • İngilis folklor nümunələrini, bu nümunələrlə bağlı ya­zılmış fundamental elmi əsərləri Azərbaycan dilinə çevirmək;

  • Folklor nümunələrinin xarici dillərə tərcüməsi ilə bağlı dünya təcrübəsini öyrənmək və tətbiq etmək;

  • Folklor nümunələrinin tərcüməsi ilə bağlı beynəlxalq konfranslar keçirtmək, xarici mütəxəsisləri bu işə cəlb etmək;

  • Avropanın, ingilisdilli ölkələrin folklor mərkəzləri ilə əlaqələr yaradılmalı, birgə elmi konfranslar keçirilməli, mütə­xəssis mübadiləsi olmalıdır.

  • Azərbaycan şifahi xalq ədəbiyyatı ilə ingilis folkloru arasında müqayisəli elmi araşdırmalar yazmaq;

  • Folklorun öyrənilməsi, tərcüməsi ilə bağlı yeni metodlar işləyib hazırlamaq;

  • Azərbaycan folklorunun ingilis dilinə tərcümə olunmuş nümunələrinin İnternet səhifəsini hazırlamaq.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin