AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə7/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   2   3   4   5   6   7   8   9   10   ...   28

ZİYARƏT DAŞI
Kəndin yuxarısında köhnə qəbiristannıx var, qızım. Orda bir qəvir var, onun yanında daşdı. Pirimeyir qəbiristannığı deyillər. Yuxarı tərəfdədi, kəndin yuxarısında. O daşı sınamağ üçün gətirif qoyullar bu biri tərəfə. Səhər gedillər ki, o daşı hardan götürüflər ora gəlif. Hə bax Allah hakqı. Mən görməmişəm, amma kəndimizdən çox adam onu danışır ki, bax məhətdəl qalmışıx. O daş pir sayılır. Bi şey olanda gediv onu öpüllər, diləy isdiyillər. Hə, bax bunu görmüşəm, qızım, bunu eşitmişəm.
XƏLFƏ QƏBRİ
Bir kişi seyidimiş, atası çox seyid adammış. Deer oğul, getginən uzax yerrərdə alver eləginən. Atın, dəvən axşam harda dursa, orda sənin canın alınajeh. Orda da səni basdırajehlər. Bu da gedif Muradxannı kəndində alver eliyif gəlirmiş. Elə olur ku, gəlif həmin ojağa düşür. Düşəndə ölür. Orda dəfn eliyillər. Xəlifeymiş. Orda da basdırıflar, adı qalıf xəlfə qəbri. Burdan heyvan aparırsan, buraxırsan başına dolana-dolana gedir.

SEYİD ƏSƏD AĞA
Bizdə Seyid Əsəd ağa oluf. Ən güjdü yazıf-pozan olufdu. Güllə batmaz dua yazırdı. O duanı tax üsdünə, dur orda, qoy saa yüz dənə güllə atsınnar. Bir dənəsi batası döyül. Dadaş kişi o vax bir balalı camış verif, oğlu Abbasa yazdırmışdı. Abbas da Həzi Aslanovnan ilk tankavoy divizyada gediflər Berlinə. Sağ-salamat da gəlif çıxıf. Güllə batmaz dua iki surət olur. Bir surətini evdə saxlıyırsan. Bir surətini taxıf yaxana gedirsən döyüşə, davaya. O davada ona güllə dəymədi. O dualar görüşməyənə qədər o cannan olmaz. O dualar gəliv bir-biriynən görüşməlidi. Görüşəndə sağ-salamat gəlirdi də. O güllə onu öldürməzdi, yaralıyardı, neyniyərdi, öldürməzdi.
AĞA DƏDƏ
Biri, deməh, kiməsə qurban deyip. Bunun da pulu olmur, bu qoyunu oğurruyur. Bunu oğurruyur, sora camahatı yığır deyir:

– Ay camahat, gedəh Ağa Dədiyə qurbanımızı kəsəh.

Çatıllar Ağa Dədiyə, onda da, oranı hasara almışdılar da. Qabaxda qapısı varıydı. Bu maşın qapıya çatanda bir ilan kanaldan – Zəngi kanalınnan çıxır gəlir durur bu maşının qabağında. Neyniyillər, bu ilan çəkilmir ki, bunnar qurbannarını keçirsinnər. Neynillər, olmur. Oranın da qaroolu vardı, baxanı vardı. Gəlip deyillər ki, bəs bu maşının qabağınnan ilan çəkilmir ki, qurbanımızı gətirəh kəsəh. Bu kişi gəlip deyir:

– Ay bala, sən bunu necə alıpsan, nə cür alıpsan ki, bu ilan sənə imkan vermir ki, sən girəsən, qurbanını kəsəsən?

Qoyun gətirən kişiyə deyir ki, ay dayı, bəs, Allahdan gizdin döyül, bəndədən nə gizdin. Mən qurban demişdim, imkanım olmadı, alam kəsəm. Mən qoyunu oğurramışam.

Deyip:


– Bala, bu haramdı. Götür qurbanını da, bu camahatını da çıx get! Bura haram düşmür. Bu ilan qoymuyajax siz içəri keçəsiz.

Ordan da qayıtdılar, getdilər. Hə, bax o vax belə bir hadisə olupdu.



SEYİD YUSİF AĞA
I mətn

Bizdə Canavarrı kəndi varıydı, indi Seyit Yusifli oluf. Orda Seyit Yusif ağa varıydı. Allah rəhmət eləsin, rəhmətə gedif. Mənim dədəmin əmisi söypət eliyir ki, o vax rayonda polisdə işdiyirmiş. Bunun da bir matasqileti varıymış. Matasqiletnən fırrannanda deyir, bir də baxdım ki, bu Seyit Yusif ağa Ağdərə yolunnan düşüf gəlir. Kişi qan-tərə batıf. Yayın günü, yaylaxdan gəlir. Bunnan da bərk dost oluflar. Deyir, dedim:

– Ağa, hardan gəlirsən? Hara gedirsən? Gəl aparım. Gəl əvvəl çaydan-zaddan içəh.

Deyir, dedi:

– Məni tez çatır, yazıx benəvalar öldü günün altında.

Deyir, soruşdum:

– Nədi?

Deyir, dedi:



– Ə, gejə yuxuda gördüm kü, bosdana iki oğru girif, hərəsi iki meşox da qarpız yığıf. İlannar qoymur onnarı getməyə. Deyir, otdum matasqiletdə, sürdüm gətdim bosdana.

Deməli, kişi aylə-uşağını götürüf yaylağa gedif. Qovun-qarpız da ki, durur da burda. Gəliflər ki, iki nəfər gün başdarına döyür. İlannar da bunnarı kuruqa alıf. Hara tərpənillər, mümkün olmur. İlannar qoymur getməyə. Mühasirəyə alıf buraxmıllar.

Deyir, belə əlindəki çəliynən yerə vurdu dedi:

– Ay Allahın nəhlətə gəlmişdəri, çıxın gedin!

Deyir, bunu deyən kimi ilannar gedir. Bunnar da başdıyır yalvarmağa.

– Seyit, bizi bağışda, cəddinə qurvan!

Seyit Yusif ağa deyir:

– Götürün buları da, gedin burdan!

Deyillər:

– Yox, biz gedəmmərih. Bir səfdi eləmişih, bizi bağışda.

Deyir:

– Mən sizi bağışdadım, Allah bağışdasın. Götürün bunnarı da. Əzyət çəkifsiniz. Götürün gedin, bir də bura hərrəmmiyin!


II mətn

Bərdənin Canavvarrı kəndi vardı, indi Seyit Yusifli addanır o kənd. Hə, o seyit bizim kəndə, bizim yaylağa gələrdi, Kəlbəjərin yaylağına. Qapısın-bajasın bağlamamış o ayləsin-uşağın yayda gətirərdi orıya. İlannarca qapısının ağzında dayanırmış. Kimsə onun evinə oğurruğa gedə bilməzdi. Gəlirdi, elə bil ki, addım götürürmüşdər ki, görəh bir babanın – seyit babanın məhləsində nə görükür. İlan bırdan da gəlir, ordan da gəlir. Ta uje başa düşüllər ki, yo, bı möcüzədi. Sonra bir də həmən seyit baba deyirdi ki, mənim atam Seyid Hüseyin ağa oluf. Onun da bir qardaşı İrandaymış. Xəvər göndərir ki, fılan vaxdı kəndə gəlif çatejəm. Bırdakı barı çəkirmiş həmən bı möcüzəli seyit. Kərpişdən barı tikirmiş. Bilmirəm kərpişdən görmüsüz da. Bı bırda əli palçıxlı, divar hördüyü yerdə görür kü, qardaşı uje bıdı bir şiri minif, əlində də bir ilan qamçı. Öz möcüzəsin gösdərməhdən otürü höküm eliyir ki, a barı, məni qardaşıma apar. Bı barı bırdan yeriyir. Onu da gözdəriynən görən kişilər danışıv elə bil mana, mənnən sonra olannara, bax belə möcüzəli seyitdər olufdu.


III mətn

Bı Qarabağdakı Seyid Usuf ağa, mənim yadımdadı, bizim dağlara çıxırdı. Onda Yevlax, Bərdə bizim yaylaxlara çıxırdı. Gəliv orda alaçıx qururdu. Birdən gejə oyənir. Deyir, arvat, maa tez bir az çörəh düzəlt, mən gedəsi oldum. Deyir, nədi? Deyir ki, evdə dusdax var. Gedim o dusdaxları boşduyum. A kişi, deyir, nə dusdax? Deyir, yox e, maa deyillər ki, dusdax var, tez elə. Atı minir, düşür yola. Camahat baxır ki, hava ağarmamış bı Seyit getdi. Ay Seyit, harıya? Deyir, arvat danışar sizə. Vaciv iş var, gedirəm. İki oğru gələr, düşər evə. Düşər evə, evi yığışdırıf çıxanda ilannar qapıdan başın qaldırar, fısıldıyar. Bınnar qayıdar qaçar. Bir sutqaymış, bınnar orada dusdaxdılar. Hə, orda yalvarıllar ki, ya seyid, ya imam, ya Allah, o kişinin qəlbinə sal, gəlsin bizi boşdasın. Hə, ordan kişi gəlir. Pəncərədən deyillər ki, seyid, bir qələtdi eləmişıx, gəl bizi azad elə. Kişini görəndə ilannar gəlir, kişi bir-bir əlin çəkir bınnara, deyir, Allah sizin həmməşə niyətinızi hasil eləsin. İlannar çəkilir, oğlannar da yıxılır kişinin əyağınnan öpür, kişi bağışdiyir. Deyir, Allah sizi bağıdaşın, mən də bağişdiyiram. Hə, bağişdiyir gedir.


IV mətn

Qızım, bizdə Seyid Usub ağa oluf. Bı seyid Usuv ağanın ulu babası oluf. Mənim atam söpət eliyirdi, deyirdi ki, atam yüz altı il yaşıyıf. Deyir ki, Seyid Usuv ağa aranda olurmuş – kəntdə. Camahat da yaylağa çıxıf. Yaylaxda çoban-naxırçı... (Naxırçı da bilirsən nədi? Mal otarana naxırçı deyillər. Bırda (Şamaxının Çuxuryurd qəsəbəsini nəzərdə tutur – top.) elə mal otarana da, qoyun otarana da çovan deyillər. Ama biz mal otarana naxırçı deyirdıx, qoyun otarana çovan deyirdıx. Hə, bı Seyid Usuv ağa arandaymış. Dağda cahıllar eşidir ki, ağanın taxılı yetişifdi. Deyir ki, ə, hazırraşın, səhər tezdənnən gedağ o kişinin taxılın biçax. Kişi səhər ertə durur ki, döşdə taxıla adamlar doluf, biçillər. Xeyləh də rifahlı gəliflər. Elə yerrəri beş-altı yerdi. Az qalıf yerin birin qutaralar. Çağırır, ay oğul, kimsiz? Deyillər, ağa, narahat olma, sana işdəmağa gəlmişıx. Çörəh-su da gətimişıx, narahat olma. Kişi çox məyus olur, deyir, bınnara heyvan kəsməsəm, kəsdirməsəm, mən nətəər eliyim? Durur çəliyi götürür, getdığı yerdə bı biçinçilər görür kü, dağdan iki dağ kəli gəlir, döyüşə-döyüşə gəlillər. Qoş döyüşün görmüsən? Kəllə-kəlliyə vurullar. O qaydada döyüşüllər. Deyillər ki, bava, bı, sana sarı gəlir. Kişi əyağın saxlıyır. Döyüşə-döyüşə gəlillər, yaxınnaşanda biri yıxılır kişinin əyağının altına. Çağırır, deyir, ə, tez gəl, tez gəlin, başın kəsin. Ayə, gəlin başın kəsın. O birsi qaçır dağa gedir. Orda ona Allah tərəfinnən, o kişinin sidqi çağırır da bını ki, mən neynim bınnara ət verim. Cahıllar gəlir kəsillər. Deyir ki, ay oğul, bı qismət sizindı. Qəlbimi dolandıdım, Allah göndərdi bını. Gedin kəsin yeyin, taxılı da biçin. Kəsif yeyillər, taxılı da biçillər.


V mətn

Həmən o Usuv ağanın ojağına ilan da gəlif, cüyür də gəlif. Bir dəfə onun nəvəsi Mir Seyit görür kü, qapını nəsə döyür. Deyir, a oğul, kimsənsə, gəl. Görür gəlmədi, içəri düşmədi. Durur ku, iki cüyür damın üsdündə duruf. Evdəkilərə deyir, tüfəngi maa ver. Arvat deyir ki, a kişi, sən seyit kötücəsisən. Bı bəlkə elə ojağa gəlif. Deyir, yox e, ətsizdəmişəm, elə bını vırejem. Tüfəngi götürür çaxanda, çaxmax bırdan tutur (söyləyici əli ilə üzünü göstərir – top.). Sifətinin bir yanını aparır, ömürrüh şikəs elədi. Heç cüyürə də güllə dəymir, geri təpir, bını vırır. Hə, onnan sora o seyitdər tova dedi, silahı atdılar.

Hələ bir dəfə də deyillər, o ojağa bir maral gəlif, elə məliyif qapıda. Kişi çıxıf ki, məməsinnən süt tökülür. Arvada deyif, aaz, bının yəqin balası öldü, nə oldusa, bunun yelini ağrıyır, dur, bunu boşalt. Deyir, tova ona yaxın gedəmmərəm, qorxuram. Kişi gəlir maralı belə tumarrıyır, arvat da sağır. Sağır yelini boşaldannan sora gedir meşiyə. Olufdu, belə şeylər olufdu. Həqqətən, oluf.
SEYİD HÜSEYN AĞA
Seyit Hüseyn ağa bizim babamız olufdu də. Tanımmış seyid olufdu, yüz otuz beş yaşında rəhmətə gedif. Çox belə inanılmış seyid olufdu. Eşitdiyimə görə, danışırmışdar ki, gejə onun qapısına oğru gəlir. Bunun nəyinsə aparmağa. O, aparan oğrunun qapıda qılçaları tutulur, gedə bilmir. Səhər açılır, Seyit Hüseyn baba evdən çıxır çölə ki, qapının ağzında, darvazanın ağzında, oğlan, kişi bilmirəm, bükülüv oturufdu. Deyir:

– Ay Allahın bəndəsi, niyə burda oturmusan?

Bu dillənmiyif. Nəsə, kişi görür kü, bu bunun qapısına oğurruğa gəlifdi. Çəliynən belə vurur, deyir:


  • Dur, dur get, ama bir də belə hərəkət eləmə.

Deməli, o qapıya oğru gələndə, onun qılçaları tutulur. Allah onu agah eliir ki, belə qapıya oğurruğa gəlməzdər.
SEYİD RZA AĞA
Seyit Rza ağa varımış. Onu da irəhmətdih nənəm danışırdı. Özdəri varrı olufdular, bir kasıf qızı oğlu götürüf qaçıfdı, gətirifdi. Bı gəlin okqədər qoçağ olufdu ku. Seyid Rza ağa ayağ üsdə durmuşumuş. O vaxdı da inəh-gamış çox olurmuş da. Bı gəlin tez-tez sağıf gətirif tökür, sağıf gətirif töküf. Deyifdi ki, bircə adam bu qədər heyvanı nətəər sağıf çatdırır. Deyir, bıy gəlin, səni çatdıyasan, nə formuda elə tez-tez sağırsan? Həmən səhər, onun ağzınnan çıxan kimi gəlin çatdıyır ölür. Arvadı Seyit Zəhra deyirdi, sənin dilin tökülsün, sən bilmirsən ki, sənin dediyin olur. Niyə deyirdin həylə?
SEYİD FÜQƏRA
Bı Qarabağ zonasında Seyit Fuğara olur, Ağdam rayonunda. O elə bir seyitdi ki, ta ayrı cür. Onun kümbəzin ermənilər dağıda bilmiyif. İlan qoymuyuf yaxın gedə. Hə, soora onun oğlu var, onu da Tərtər rayonunda maa danışdılar. Deyir, oğlu yuxuda görüf kü, bının atası deyir ki, niyə gəlif məni yoxlamırsan? Bı durur, gedir. Gedir, dığalar göyə güllə atır, paltarın baydax kimi qayırır, qaldırır göyə. Deyillər, kimsən, hardan gəlif, hara gedirsən? Deyir ki, başına dönüm, bax o görükən kümbəz mənim atamın mazarıdı. Mən orıya getməliyəm. Deyir, ay qardaş, dəlisən, başına at vırıfdı, nədi, onun üsdə ilan belədi. Bılar qorxusunnan yaxına getmillər. Kümbəzin qapsına gedəndə deyir, ay Allahın ilanı, çəkil, gedim atamın qəbrin ziyarat eliyim. Deyir, ilan yarılır belə, yarı əənə gedir, yarı bəənə. Gedir qəbri ziyarət eliyir. Deyir, ermənilər deyif ki, ərə, böyünnən soora bir maşın adamnan da gəlsən, biz saa dəymərıx. Həylə də oluf.
SEYİD VƏLİ
Seyit Vəli babanın cəddinə qurban olum. İndi bizim qonşuluğumuzda balaca kəndimiz var ey, Polatdı kəndi, sovetdiyimiz birdi. 1982-ci ildi, mənim böyüh qardaşımın toyudu. Üş gündü bərh yağış yağır, kəsmir. Böyün də toy başdıyasıdı, sahat ondu, om birin yarısıdı, elə hesav elə ki, məclis dağılmağ üzrədi. Yağış da dayammadan yağır – selləmə yağışdı. Cəddinə qurvan olum, qəfil gördüh kü, Seyit Vəli baba darvazadan girdi içəri. Rəhmətdih anam ağladı, Seyit Vəli baba dedi:

– Ay baba, nolufdu, niyə ağlıyırsınız, qaş-qavağınızı niyə sallamısınız?

Hə, anam dedi ki, ağa, bə mağarı sel yuyuv aparır. Qonax gəlmiyəjəh, yeməh bişirməh də mümkün dəyil. Onda da indiki kimi şərayıt yoxudu ku, hamının qapısında. Çöndü (cəddinə qurvan olum), Seyit Vəli baba qivliyə tərəf, əlin aşdı. Dedi ki, ey yeri-göyü yaradan Allah, yetim uşaxdı, bının məclisin urvatsız eləmə. Nəysə, bizim eşitmədiyimiz də bir iki-üş cümlə belə danışdı.

Allaha and olsun, heş on dəyqə çəhmədi, hava çöndü, yağış da kəsdi. Bı elə ümumi millətin gözünün qavağında oldu. Görənnərin hamısı da indi sağdı. Hava açıldı, sifdə bir solğun gün çıxdı, dalıncah da qəşəh bir gün çıxdı. Yer də təpidi, təsəvvür elə ki, elə bir temperatur oldu ku, yer də qurudu, məclisimiz də keşdi, qəşəh yeməh də bişdi. Cəddinə qurban olum onun.

Həmməşə çiyit səpinində, taxıl səpinindı, kalxoz sədri, raykom katibi gəliv onu aparardılar. Birinci şuma o, götürüv əliynən bir damcı ya buğda, ya da çiyid atardı, xeyir-dua verərdi. Onun buğda, çiyid atdığı sahədə taxılın urzasını yığıf-yığışdırmax mümkün dəyildi. Onun cəddinı qurvan olum. Belə adamlar görmüşüh.
BƏYİM AĞA
I mətn

Bəyim ağa sınanmış seyitdərdəndi. Onun övünə girirsən, görürsən ki, övünün qavağınnan bir öv tikdirif, içində mis kasalar var. Görürsən ki, bax üçünü, dördünü beləsinə qoyufdu. Ora gələn o kasadan su içir, çörəh yeyir.

Mənim qardaşımın ağzı əyilmişdi. Mollanı götdüh getdih ora. Bəyim ağa rəhmətdih dedi ki, bala, bu gejə qalajaxsan burda. Bu mament biz də oturmuşux. Gördük kü, ilanın biri ordan çıxdı gəldi, kasadan su işdi, çıxdı getdi. Dedi, yox, öldür, mən burda qala bilmərəm. Qorxdu də. Dedi ki, nənə, mən burda qalmeyjam. Deyəndə Bəyim ağa dedi ki, sən mənim öyümdə yatessan. Heş nə olmaz. Mən özüm də gejəni orda qaldım uşağa təskinnih üçün. Gördüm kü, gejə sahat ikidə, üşdə məni bir arvat silkələdi ki, özün dur baxgınan. Gördüm, ordan ilan çıxdı, sudan içə-içə gəldi arvadın qollarının üsdünnən, qardaşımın üsdünnən addadı, keşdi. Qayıtdı gəldi o kasadan su işdi, durdu getdi. Səhər sahat səkgizdə gördüh kü, qardaşımın ağzı düpbələmdüz düzəldi, çıxdı gəldi. O ilan, elə bil ki, ojaxdı də. Elə adamnar var ki, əhd eliyir ki, bu işi görüm, qurban kəsəjəm. Onnan soora aparıv orda heyvan kəsir. Orda o qətldə məsələn, bir yüz kilolux heyvan alır, millət hamsı tökülür, pulsuz-pənahsız orda eysan verir. Heylə bir ojaxdı. Qətl vaxdı onun qapısına gedəsən, millətdən göz qaralır. Ağzı əyri gələn düz gedir, onnan bir əhdin varsa, o yerinə yetir.

Onun bir əri vardı. Sonsuzdu. Bəşir kişi. Dəlləyiydi. Dədəsi, nənəsi yoxdu da o Bəşir kişinin. Heş nəyi yoxdu. O Bəyim ağa onu qavaxcadan götürüv öz qapısında işdədifdi bir-iki ay. Görüfdü kü, elə-belə yaxşı adamdı, özünə də uyğun adamdı. Ona deyif ki, sənin heş kimin yoxdu də. Mən də dul arvadam. Əri bunun müharibəyə-zada getmişdi. Onun həyat yoldaşı oldu. Öyləniflər, eliyiflər. Elə o Bəşir kişi də qalıv oların övündə. İyirmi-iyirmi səkgiz il bunnan qavax biz kəntdə olanda dedilər ki, Bəşir kişi havalanıv övdən qaçıfdı. Gejə sahat ikidə, üşdə heş paltar-zad da geyməmişdi. Xanın meşəsi var biz tərəfdə. O tərəfə götürülüf. Camahat-zad biliflər ki, deməh, ağ paltarrı adam meşəyə sarı qaşdı. Gediv onu ordan götürüf gəlmişmişdər. O adamın özü heş cavan vaxdında eləməmişdi. Tamahını saxlıya bilmiyif, mal aparıf, yaylım deyillər bizdə, yaylıma malı aparanda görüfdü kü, putulkada pivə içillər. Deyiv, ə, ciyərim ağzımda yanır, daa demiyif e, bu, pivədi. Deyiv, ə, o sudan ver bir az içim. Denən ki, pivədi də, bu saa olmaz axı, ojax üsdə oturur. O pivədən bircə belə işmişdi, bir kruşka. Onnan da Allah-taala onu gejə sahat ikidə bilirsən nağarmışdı? Onun başı havalammışdı, camahat onu gətdi üş-dört gün burda sarıdılar ağaja-zada. Onun yoldaşı demirəmmi ojaxdı. Yeddi gün o övün içində qarannıxda, o ilannarın yanında arvatnan kişi oturmuşdu. Öz yoldaşına o tovalatmeynan, nəsə deyiv ona ki, bu sözdəri deginən. O əməlli-başlı sağaldı da. Ojağ onu bagışdamışdı, qəbul eləmişdi. Onnan soora otumuşdu yerində. Belə şeylər də var.


II mətn

Eşitdiyimə görə, Bəyimağanın qardaşını cəbhiyə çağırıllar, döyüş zonasına. O da gedir getməyinə, prosdu, Bəyim ağa dua eləməyə başdıyır Allaha ki, qardaşına heç bir şey olmasın, sağ-salamat qayıtsın, altı övladı olur, altısın da qurban verir. Yəni qurban deer ki, əgər qardaşım sağ-salamat qayıtsın, bu övlatdarımın hamsı qurbandı. Başdayır bundan sonra bir-bir oğlannarının, uşaxlarının hamsı başdıyır ölməyə. Qurban gedir. Qardaşı gələnə yaxın yoldaykən ən axırıncı oğlu – azyaşdı, on dört yaşdı oğlu ölür. Bütün qurbanı yerinə yetirdi. Qardaşı sağ-salamat evə qayıdır.


SEYİD YASİN AĞA
Seyitdər hakqında danışmağ istiyərdim, eşitdiyimi yəni. Mən Seyit Yasin ağa hakqında eşitmişəm. Seyit Yasin ağa ağır seyitdərdən biri olup. Eşitdiyimə görə də böyüh hörmət qazanıp, hörmət eliyiplər. Məclisdərdə həmişə başa keçirdərdilər, başda oturardı. Bir dəfə də necə olursa, məclisdə qəflətən ayağını uzadır. Hamı onnan soruşur ku, sən niyə bəs heç nə demədən, eləmədən ayağını uzatdın? Cavaf verir ki, biri mənim adımı çəhdi, ona gora. Yanı dəvə karvanı gedərkən onun sahibi adımı çəhdi ki, köməh elə. Ona gora mən ayağımla həmin dəvəni büdrəməyə qoymadım. Bına heç kim inammır. Sonra əlavə eliyir ki, həmin adam dördüncü gün gəlip mənə nəzir verəcəh, onda hamınız görüb bilərsiniz. Bir neçə gün keçir, həmin dördüncü gün gəlir. Bı zaman hamı yığışır deyilən yerə. Həmin dəvə sahibi gəlir, tanımır həmin adamı. Yasin ağanı tanımır, üzünü də görmüyüp, adın eşidipdi elə. Dəvə Yasin ağanı tanıyır, onun qarşısında diz çökür. Ağ dəvə olur, qarşısında diz çökür, bilillər ki, həmin dəvəni dəvə sahibi ona nəzir verməh isdəyir. Hə, dəvə sahibi gəlir, qarşısında diz çökür, onun üsdündəkiləri, yəni nəzir kimi verməh istəyir Yasin ağıya. Yasin ağa qəbul eləmir, onu qaytarır, üsdündə götürülən bəxşişi də paylıyır insannara.

Bir neçə müddətdən sora Yasin ağa yuxu görür, yuxuda ona ölümünü bildirillər, müddət qoyullar. O, Quran kitabı oxumağa başdıyır, üç oğlu olur, üçünü də çağırır yanına. Deer, mən Quran kitabı oxuyacam, bir axunt çağırın, əgər mən ölsəm, dayananda axunt Quran kitabını yarımçıx qoymasın, davam elətdisin. Onun dediyi kimi eliyillər. Quran kitabını oxumağa başdıyır, axunt da gəlir, deyilən vaxda da ölür, həmin axunt da davam elətdirir. Onu dəfn eləməyə aparıllar. Üç oğlu cənazəni apardığı zaman görüllər ki, atın başında biri gəlir, üzü örtülü olur. Axırıncı oğlu bını gözünnən atasına oxşadır, yəni Yasin ağıya oxşadır gözünnən. Bir az keçir, soora aparıllar, aparıllar, dözməyip həmin adam – atdı tabuta yaxınnaşır, cəsədə baxmağ isdəyir, üçüncü oğlu da axırıncı dözməyib onun üzünü açır, görüllər ki, Yasin ağanın özüdü. Yəni həmin adam atdı vəzyətində gəlir. Bu zaman həmin adam başdıyır ona qarğış eliyir. Öz oğluna qarğış eliyir, soora gedir. Həmin tabutu aparanda görüllər ki, artığ onun qəbri orda hazırdı. Qəbri də qoyulup, baş daşı da qoyulub. Həmin qarğışdan sooa hamı bunnan pis olur da. Deyir, yəni necə olacax. Qarğış olur da, ağır qarğış olur. Oğluna qarğış olunannan soora həmin oğlu həmin müddətdən itip, bir daha tapılmıyıp. Eştdiyimə görə. (Kimdən eşitdiyini soruşanda mamagil işdə danışırdılar deyə cavab verdi – top.).


SEYİD ƏZİM AĞA
Seyid Əzim ağa Kəlbəcərin Başlıbelində sınanmış ocaxdı. Həmişə pənah aparılan yer oluf. Bir günnəri Bəylihdən üç qardaş – Hümmətalı, Binnətalı, bir də Şiralı, Qoturru dərəsinin camahatı ollardan çox qorxurdu. Namərd idilər, camahatın malın-dövlətin çapıf talıyırdılar. Bir günnəri genə yığışıf oğurruğa gedirmişdər. Başlıbelin qavax tərəfindəki dağdan keçəndə görüflər ki, Seyid Əzim ağa qapısında oturuf. Gəlini də qapıda ojağ asıf, yuxa bişirir. Bir güllə atıflar, gəlif ojaxda sajın ayağına dəyif. Kəndə hay düşüf ki, bəs üş namərd Seyid Əzim ağanın ayağına güllə atıf. Camahat silah götürüf ollara cumanda Ağa qalxıf camahatın qavağın kəsif ki, dayanın, yaxın durmuyun. Güllə atan kimdisə, savax ölüsü qapımda olajax. Gejiynən Qoşdaşa çatan oğrular, qardaşdar gəlif bırdan xeyli heyvan oğurruyullar. Məmməduşağının heyvannarı olur. Soora da gətirif bir yerdə kabab bişirif yeermişdər. Gejə qalıflar, səhər açılanda Məmməduşağı baxıf ki, malları yoxdu. Tüfəhlərin götürüf irzə çıxıflar. Gəlif bılları kavavladıxları yerdə tapıblar. Bı, ojağa – Seyid Əzim ağanın ojağına güllə atan Şiralı qavağa yeriyəndə gülləyə tutuflar, ölüf. Qalan qardaşdar da başdıyıf qaşmağa. Məmməduşağı malların götürüf gedənnən soora qardaşdar Şiralının ölüsün alıf gətiriflər Seyid Əzim ağanın qapısına, əyağına düşüf üzr isdiyiflər. Camaat bilif ki, Ağanın nəfəsi oğrunu onun qapısına gətirif. Axı Ağa demişdi ki, onun ayağına güllə atan sabah ölüsü ayağına düşəjəh.
ŞIX HƏSƏN
I mətn

Bı Şıx Həsən Kəlbəcərin Milli kəndinnən oluf. Sınanmış seyiddi, ojağını da camaat ziyarat bilirdi. Elə möcüzəliydi. Bir də görürdün qışın ortasında əlində gül-çiçəh kətdə gəzir. Hamı belə qalırdı. Bir dəfə Şapılarda bir nəfər Şıx Həsənə şəkk gətirir. Gejə ojağın qıraanda oturmuşmuşdar, kömbə bişirmiş. Ordan-burdan söybət gəlif Şıx Həsənə çıxıf. Biri qayıdıf ki, əgər Həsən şıxdısa, gəlif bı kömbədən bir qismat kəssin. Şıx Həsən də evindəymiş. Qar, qışmış. Duruf əyağa, arvadına deyif ki, çarıxlarımı ver, getməliyəm. Yenə maa əziyyət verillər. Qarrı gündə duruf Şapılara gəlir, həmin evə girir. “Maa niyə əziyyət verdiz? – deyir, əlin atıf ojaxdan kömbədən bir qismət kəsif yeyir. Hamı təəccüflənir. Yer görsədillər, deellər, şıx, keç otu, doyuncan ye. Şıx Həsən deer ki, siz maa şəkk eliyəndə dediz ki, gələ bir qismat yəə, demədiz ki, doyunca yəəm. Mən də çörəhdən bir qismat kəsdim. Hamı onun əlin-ayağın öpür, deellər ki, günahlarınnan keçsin.



II mətn

Bir günnəri Kəlbəjərdə bir neçə nəfər yığışıf dəmirçi dükanına, söybət eliyirmiş. İçdərində bir erməni də varmış. Ordan-burdan sööbət. Görüllər, Şıx Həsən bıdı, bullara tərəf gəlir. Sööbət eliyənnər qalxıf ayağa Şıx Həsənin əlinnən öpüf yer göstəriflər. Erməni başdıyıf ki, mən sənin şıx olmağa inanmıram, şəkk eliyif. Şıx Həsən heş nə demiyif, əlin atıf ayaxda qızaran dəmiri götürüf, qoyuf dəmirçinin qabaana ki, döysün. Soora da əllərin açıf göstərif. Baxıflar ki, Şıx Həsənin əllərinə heş nə olmuyuf. Erməni çaş-baş qalıf. Şıx Həsənin əyaxlarına düşüf.


ŞIX MƏHƏMMƏD
Milli kəndində camahatın inandığı seyiddərdən oluf Şıx Məhəmməd. Şıx Məhəmmət yuxuda nə görürdüsə, aşkar olumuş. Sooralar qaçağ oldu ey, Keştəhli Əmiraslan, bir günnəri gəlir Şıx Məhəmmədin yanına. Deer ki, de görüm, mənim baxdım noolajax? Şıx Məhəmməd də həmişə bir bəhanə gətirif sööbətdən qaçarmış. Bı Keştəhli Əmiraslanın da çoxlu malı, devləti, atı, qoyun-quzusu varmış, çox varrıymış. Bir günnəri genə Şıx Məhəmmədin qapısına gəlir, niyyətin deer. Şıx Məhəmməd naçar qalıf deer ki, iras ki məjbur eliirsən, mən də dəəjəm. Bu qədər ki, varın, dövlətin, nökərin var. Axırda bıllardan saa heş kəfənnih də çatmıyajax. Doordan da, lap sooradan bı Savet hökuməti Əmiraslanın var-devlətin alır, özü də qaçağ oluf dağlara çıxır.
VERGİLİ ADAMLAR
I mətn

Vergi, qızım, o da coşqunnuxdan əmələ gələndi. Qadınnara da verilir, kişilərə də verilir. Əsasən, sevgi üsdündə olur. Allah suvayların axırın xeyir eləsin, hamınızı halal süd əmənə qismət eləsin. Sevgi çox xatalı şeydi. Hammız sevmişıx. Hammız sevgiynən gəlmişıx. Anamız da sevgiynən gəliv, atamız da. Sevgidən okqədir coşğun olur ku, ona meyl eliyir, bütün fikiri-xəyalı keçir onun üsdə. Vəğyasında onu görür, yerişi də onu deyir, dili də onu deyir. Onda deyillər ki, vergi verildi. Məsələn, Göyçədə Ələsgərin qardaşı oğlu İmana vergi verilif. Ələsgər kişi atamın kirvəsi oluf. Atamı qujağına götürüf. Ələsgər kişinin qardaşı oğlu Aşıx Nəjəf də mənnən böyüh qardaşımın kirvəsi oluf. Onnarnan gediş-gəlişimiz varıdı. Deyirdi ki, İman coşdu, aşıx Nəjəf danışırdı, mənim yadımdadı, dediğı sözdü, qulaxlarım eşidif. Dedi ki, İman coşdu, Şəkər, Şəkər deyirdi. Özü də İrannan danışırdı. Deyirdi, birdən qalxırdı gejənin yarısı Şəkər, Şəkər deyirdi, nə şeyirrər, nə bağlamalar deyirdi. Özünnən – kəllədən. İndiki sayirrər yazır, qaralama eliyir, soora köçürdür ağa. O, elə birbaşa deyirmiş. Deyir, Ələsgər bavam dedi ki, İmana saz verməyin. İman çaşejeh. İmana vergi verilejeh. Deyir, bənd olan olmadı, saz verdilər, saz əlinə keçən kimi coşdu. Aşıx Nəcəf deyirdi ki, coğunnuğun bilirəm, ona görə də İmanı güdürux. Deyirdi, qaravulun mən çəkirdim. Bir gün də hava işıxlanırdı. Deyir, dedi ki, ay Nəjəf, yat, ta məni nəyə gözdüyürsən? Deyir, təzə də qar yağıf, ayağın üsdünə çıxır. Məni mürgü aparır. Bu da sən demə, məni alladırmış, qaça. Deyir, ayıldım ki, İman yoxdu. Deyir, yüyürdüm kü, afdafanı qoyuf qapıda, gedif. Deyir, düşdüm dalına. Bu da alt paltarıynan qaçıf, əynin geyinmiyif heç. Gedif. Göyçə gölündə gəmi – bərə tərpənirmiş. Gedif minif gəmiyə, qaçıf.

Qadınnarda da o var. Hətda qadınnarı çox görmüşəm, qadınnar da, oğlannar da, özdərinə xata gətiriflər. Görüllər ki, tutuşmur, ya ana razılaşmır, ya qardaş razılaşmır, gedir özünə qəsd eliyir. Bı coşğunnuxdandı.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin