AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr IV kitab



Yüklə 5,93 Mb.
səhifə29/31
tarix07.01.2017
ölçüsü5,93 Mb.
#4721
1   ...   23   24   25   26   27   28   29   30   31

ƏLƏSGƏRLƏ ŞƏYİRDİ MİKAYIL
Mikayıl Dədə Ələsgərin şəyirtdərinnən biri olub. Götürmək qabiliyyəti bir az zəyif oluf. Mikayıla örgədillər ki, on iki ildi Ələsgərə şəyirtdik eliyirsən. Sən də Ələgər kimi bir aşıqsan, get özünə çörək qazan. Nə vaxda qədər sən bu kişiyə qulluğ eliyəssən. Bu da bunun ağlına batır. Bir gün deyir, Ələsgər əmi. Deyir, bəli. Deyir, Ələsgər əmi, mənə xeyir-dua ver, mən gedəsi oldum. Deyir, oğul, niyə? Deyir ki, baxıram ki, yetginnəşmişəm, mən də bir aşığam. Deyir, ay oğul, hələ yarımçıx da döyülsən. Gəl getmə. Deyir, yox ey, gedəjəm. Mikayıla bir saz da bağışdıyır. Deyir, oğul, get, amma sənnən bir xayişim var. Deyir, buyur. Deyir, getdiyin məclislərdə demə Ələsgərin şəyirdiyəm (çünki Ələsgər Mikayılın yükünü bilirdi). Deyir ki, baş üsdə.

Nəysə, Mikayıl sazı götürür çıxır gedir. Bir müddət aradan keçir. Bir kəntdən keçəndə baxır ki, toy səsi gəlir. Dönür toya. Görür bir saz aşığı meydan suluyur. Ataların bir sözü var. Deyir, qonax qonağ isdəməz, ev yiyəsi hər ikisin. Aşıx da heylə olub. Aşığ aşığı görəndə mütləq meydana çağırmalıydı. Mikayıl məclisə gəlir. Buna söz verillər. Çalıb oxuyur. Aşıx baxır ki, barmax, mizrab xam vurur, boğaz xam vurur. Özü də baxır Mikayıl bir az yekə gedir, ustaddarın yerişini yerimək isdiyir. Baxır ki, bunda alınan söhbət döylü. Bunu çəkir meydana. Deyir, kimin şəyirdisən? Deyir, özüm örgənmişəm. Çox çalışır, demir. Orda Xəsdə Qasımın dəyirman hakqında deyilmiş açılmıyan qıfılbəndin Mikayıla deyir. Mikayıl qalır çar-naçar. O vaxdı da qanun beləydi ki, bağlandınsa, sazını verməlisən. Mikayıl məjbur sazın verir, atın minir tərpənir Ağkilsəyə Dədə Ələsgərin hüzuruna. Uzaxdan Dədə Ələsgər baxır ki, Mikayıl gəlir, amma saz yoxdu belində. Qardaşı Musaya deyir ki, Mikayılın deyəsən yal quyruğunu qırxıb göndəriflər üsdümüzə. Mikayıl gəlif çıxır başaşağı. Ə, Mikayıl, oğul, sazın hanı? Dinmir. Ay oğul, danış. Deyir, hal-nağıl belə-belə. Ə, sözdər yadındadı? Deyir, yadımdadı. Sözdəri deyir. Ələsgər oğlu Bəşirə deyir ki, ay Bəşir bala, o sazı ordan gətir bura. Bəşir sazı gətirir, Ələsgər sazı köklüyür. Müxəmməs üsdündə deyilmiş qıfılbəntdi, Dədə Ələsgər də müxəmməs üsdündə onu açır. Deyir:

Gələndə usdad kəlamı köhnə yaram qan verir,

Mocə gəlir bəhri-çeşmim qətrey- baran verir.

Danəni torpağ içində göyərdir kani kərəm,

Bir cüt mələk müqərrardı, bizdərə ərzan verir.


Şirdanından dən gəlmiyəndə düşür qeyri hala,

Dəhanından atəş qalxır, ah çəkib eylər nala.

Qəzəbinnən ləngər verir gah qabağa, gah dala,

Dut qalxdıxca ləngər verir, asiman verir.


Gəl biçarə Ələsgər, dərsi kimnən almısan,

Nahax yerdən saz götürüf xalqa qovğa salmısan,

Üç kəlmə sözdən ötrü sən ki məhətdəl qalmısan,

Nahaxdı İran tatdarı Mikayıla dövran verir.


QARA KƏRİM
Kərim Şahüseyn oğlu XIX əsrin birinci yarısında Zəngəzur qəzasının Çıraqlı kəndində yaşamışdır. Anadan olduğu və öldüyü tarix dəqiq bəlli deyildir. Kərimin atası Şahüseyn cavankən vəfat etmiş, arvadı Fatma oğlu Kərimi başqalarına cəhrə əyirib yun daramaq və gəbə toxumaqla böyütmüşdür. Kərim böyüyəndən sonra bəyə nökər olmuşdur. Nökər haqqına aldığı qara cöngəni hampaların kotanına qoşub özü də hodaqlıq etmişdir. Kərim savadsız olduğu halda sinədən şeir deyərmiş. Hətta müasirləri Kərim ilə Başxanım arasında olmuş əhvalatlar əsasında “Qara Kərim” adlı rəvayət yaratmışlar.
QARA KƏRİM VƏ QIZXANIM
I mətn

Qara Kərim Ağcakəntdən bir qız sevir, adı da Qızxanım oluf. Qızxanım da bəy nəslidi. Varı-dööləti, zəri-zibası – hər şeyi öz yerində. Qızxanımın atası, anası gedif dağa, özü qalıf Ağcakəntdə. Bu da nökər idi, Çıraqlı İlyasın öküzdərini otarırmış. Öküzdəri qoyufdu biçənəhdə gejəykən gedif çıxır Qızxanımın yanına. Deyir:

– Qızxanım, mən axı sənin dərdinnən dəliyəm. Sən niyə rəhm eləmirsən, bunun aqibəti hara gedif çıxajax?

Deyir:


– Kərim, yetimsən, qəbul eliyirəm. Atan yox, anan yox, qəbul eliyirəm. Evin yox, qəbul eliyirəm. Amma qarasan, onu qəbul eləmirəm.

Bu da ərəblər kimi qarayanız oğlanmış. Deyir:

– Xanım, iki qatar söz deyəjəm. Əgər qəbul eləsən, eliyərsən, eləməsən, mən razı.

Deyir:


Sən mənə qara de, mən sənə timsal,

Göreydim xatırın razı olarmı?

Ağ süd ağ kağıza əncam eyləməz,

Qara mürəkgəbsiz yazı olarmı?


O adam namərtdi bəhməz yemiyə,

Kişmiş qara şeydi adın demiyə,

Yüz neməti qoyar olsan nəmiyə,

Nemətdərin bir şahbazı olarmı?


Ay da gedib düşür qara buluda,

Siyah torpax ayrı durarmı suda?

Bir xəbər söylüyün o güftu gudə,

Onnarın bir-birinnən nazı olarmı?


II mətn

Qara Kərim Laçın rayonunun Çıraxlı kəndində anadan oluf. XVIII əsrin sonları XIX əsrin birinci yarısında yaşıyıf. Kəlbəcər rayonunda Başxanım adında bir qız ona buta verilif. O, öz butasına şeirlər həsr eləməyə başdıyır. Bizim Çıraxlı kəndinin qonşuluğunda Bozdu kəndi vardı, orda Təməsqulu bəy oluf. Təməsqulu bəyin də həyat yoldaşının adı Başxanım oluf. Başxanıma xəbər verillər ki, Çıraxlı Kərim sənin hakqında şeir yazır, səni vəsv eliyir. Bu da özünnən çıxır, bəy arvadıdı. Deyir, kim, o qara gedə? Qara Kərim də bu sözü eşidir, gəlir Təməsqulu bəyin qapısına. Çağırır, bəy çıxır çölə. Deyir, şair, çıx yuxarı. Deyir, yox bəy, qapında ölməyə gəlmişəm. Deyir, Kərim, niyə? Deyir, elə söz oxuyajam ki, məjbur oluf məni öldürəssən. Nədi, nədi? Deyir, arvadın Başxanımı çağır, ona deyiləsi sözüm var. Başxanımı çağırır. Axı orda buna qara gedə deyif. İndi Kərim qara rəngin həyatda nə qədər vacib olduğunu nəzmə çəkir.

Deyir, sən qara deyərsən, mən timsal,

Göreydim xətrin razı olarmı.

Ağ süd ağ kağıza əncam eyləməz,

Qara mürəkgəbsiz yazı olarmı?


Gün göyçəkdi, niyə düşür qara bulutdan,

Siyah toprax ayrı durarmı sudan?

Xəbərdar olarsan bu giftu guhdan,

Onnarın bir-birinə nazı olarmı?


Ağ post yaxşıdı qara buxara,

Qırmızı çarğata çalmeyi-qara,

Kərim deyər həqiqəti, sən hara,

Onnarın bir-birinə nazı olarmı?


III mətn

Kərim gedir Başxanımın dalınca. Görür ki, Başxanım köçüb gedib yaylağa. Dalınca yaylağa gedir, görür burdan da köçüb. Orda deyir:

Köçübdü ağır elləri

Batıbdı qəm-yasa dağlar.

..................................

......................................


İki sevgi firaq kimi

Hakq keçirmiş çırax kimi,

Bağban əl çəkmiş bağ kimi

Qalıbdı mirasa dağlar.


Dağlar yenə öyünübdü,

Gül-nərgizi soyunubdu,

Kərim kimi geyinibdi

Qara libasın dağlar.


IV mətn

Kərim çox gedir Başxanımın dalınca. Başxanımın ata-anası qızı buna vermillər. Okqədər gedir gəlir, gedir gəlir. Anası da görür Kərim bu qızdan əl çəkmir. Ehtiyat eliyir ki, əlinnən bir xəta çıxa, bunun başına bir iş gələ. Anası onu mundarrıyır, onnan sora Başxanımdan əl çəkir. Başxanımnan əl çəkənnən sora mənim babamın bayısını verillər Qara Kərimə.


OLUR
Laçın rayonu dağlıx yer olduğu üçün qış sərt olurdu. Bir il də qış çox sərt gəlir. Qara Kərimin qohumlarından Qədir addı kişinin otu qutarmışımış. Mal-qoyun da çox. Qalır çar-naçar vəzyətdə ki, neyniyim. Bizdə yaz bir az gej gəlir da. Mart ayının axırrarıdı, bunun ot-alafı qutarıf, qalıb pis vəzyətdə. Qara Kərim götürüb onu nəzmə çəkir. Deyir:

Qıjıltıynan dağdan əsir tufannar,

Vaveyliyə düşüf cəmi insannar.

Mərələrdən qutarıfdı samannar,

İndi də gəvənnər xoş avaz olur.
Biçarə Qədirdə yoxdu bir güman,

Axşam-səhər dayim çəkir əl-aman,

Kim versə ona bir səbət saman,

O zaman əhvalı çox saz olur.


Qara Kərim, unutma bu ilki qışı,

Çürüdür ağacı, əridir daşı,

Müşgül olub qara camışın işi

Xəlbirnən azuqəsi çox az olur.


OLMAZ
Qonşu kənt var, Qarakeşdi. Orda yüzbaşı İsgəndər oluf. Bir az əzazil adam oluf. Gəlif töycünü yığanda camahatı incidif. Qara Kərim orda ona bədahətən şeir deyir. Qara Kərim özü yazıb-oxumağı bilmiyif, nə deyirdisə, bədahətən deyirdi. Orda ona deyir ki:

Fürsət əldə ikən yaxşılığ eylə,

Əlində hər zaman ixdiyar olmaz.

Gəl güvənmə dövlətinə, malına,

Mala, mülkə, ömürə eytibar olmaz.
Qara Kərimi axdaran tapar,

Bir könlü tikən min kəbə yapar,

Sən çalış işini hakq ilə apar,

Hakdan qeyri kimsə sənə yar olmaz.



OLMAZ
Deyillər ki, hər zad çəkər cinsinə,

Sarı əldə saxlamaxnan baz olmaz.

Nanəcibə əmək çəksən itirər,

Qalayçıdan sana minasaz olmaz.


Borc çörək alsa da qardaşdan bacı,

Verəndə yaxşıdı, alanda acı.

Rəndəyə çəksən də əyri ağacı

Binadan əyridi, daha düz olmaz.


At yerinə ulax çəkər töylüyə,

Yaramaz ki düşmən üsdə höylüyə,

Söyütdən təndir, kürtdən (bijdən) ölüya,

Qara qarğa suya düşsə, qaz olmaz.


Selav kənarında yatan şad olmaz,

Bədəsillə həmdəm olan kam almaz.

Şüşədən çəksələr, əsil cam olmaz,

Əsil cam da sınsa, hələ zay olmaz.


Ulduz şölə saçmaz çıxsa ayınan,

Gədəçədən heç bəy olmaz çayınan,

Qonşulardan gələn cam-cam payınan

Yəqin bilin, heş kimsənə bay olmaz.


Kərim deyir, yaxşı nədən tanını,

Var qutarar eyiblinin canını,

Çəksələr meydana hak divanı,

Kök öküzdər arıx ata tay olmaz.


Kərim bu sözdəri deyər xasına,

Canım qurban iyitdərin xasına,

Qarğa yumurtasın quş yuvasına,

Qoysan, qarğa olar, baysar olmaz.


GƏRƏK
Arxalığ əlindən gəldim amana,

Səni qatlayıban bir bükən gərək.

Yolum düşsə, bir səfərə getməyə,

Şəllənməyə yaxşı bir örkən gərək.


İynə satan, malın qalsın mirasa,

Sapı pərdi imiş, ulduzu kasa.

Qara Kərim, çox söyləmə xülasə,

Sən deyən təhərdə bir tikən gərək.



AŞIQ MÖHÜBBƏT

 

Həsənov Möhübbət Məhəmməd oğlu Laçın rayonunun Zağaltı kəndində anadan olub. Ağcabədi rayonunda dünyasını dəyişib. Deyilənə görə, aşıqlıqdan əlavə, həm də gözəl at çapırdı. Hətta bir dəfə toyda at çapışı zamanı atının tapırı qırılır, yəhəri düşür. Çılpaq atnan yenə hamını keçməyi bacarır.


ARVAD
Aman günnü, yazıx, arvadı zalım,

Deyirsən götürmür söz bizim arvad.

Sən xoşbaxtsan taleyinə şükür elə,

Dağ çəkif sinəmə yüz bizim arvad.

 

Vay o günə evdə bir söz deyilə,



Onda gərək varım-yoxum söyülə,

Tutur xirtdəyimdən basır çeyilə47,

Döşüyür qarnıma diz bizim arvad.

 

Nə ağıllıya bənzər, nə də dəliyə,



Dindirəndə söyür təzə ölüyə,

Ayı kimi payız girir çiliyə,

Bir də gözün açır yaz bizim arvad.

 

Möhübbət yolunda gəlifdi cana,



Çalışıram gəlmir dinə-imana,

Yazıram, car olsun Azərbaycana,

Bir kəlmə demədi düz bizim arvad.
DƏRDİNİ

 

Ehtiyacı heç nadana bildirmə,



Gedib tez çatdırar elə dərdini.

Desən də, de barı mərd oğlu mərdə

Şərikləşib sənnən bölə dərdini.

 

Tut ovsarı bu sarvanı çəkincə,



Qəvvas torun bu dəryadan çəkincə,

Qüssə var ki xəlvət özün çəkincə,

De bir igid əhli bilə dərdini.

 

Açılası sirr deyilsə, demə, get,



Ac olsan da, namərd aşın yemə, get.

Oynaq danış, söhbətə get, dəmə get,

Möhübbət, çək gülə-gülə dərdini.


AŞIQ MÖHÜBBƏTLƏ ŞAİR TAPDIĞIN DEYİŞMƏSİ
Tapdıq:

Ovum əldən çıxardımı,

Oxum daşa tuş olmasa.

Tülək tərlan dağdan enməz,

Çovğun, boran, qış olmasa.
Aşıq Möhübbət:

Sona kəklik məskən salmaz,

Hansı dağda daş olmasa.

Ala gözlər nəyə gərək,

Üstdən qələm-qaş olmasa.
Tapdıq:

Yaratdığı şəxsə fələk,

Versin saf qəlb, təmiz ürək.

Cücə-plov nəyə gərək

Sifətimiz xoş olmasa.
Aşıq Möhübbət:

Dost hayına darda gəlləm,

Çağıran olsa, haya gəlləm,

Hər il doğma yurda gəlləm,

Ömrə bıçaq, yas olmasa.
Tapdıq:

Tapdıq etmə giley-güzar,

Ürək dostun səni qınar.

Pis yaxşını kim tanıyar,

Getgəl, düşhadüş olmasa.
Aşıq Möhübbət:

İnsanlıx ki, var dünyada,

Səni yaşadar dünyada.

Möhübbət yanar dünyada,

Dostun günü xoş olmasa.
ŞAİR SƏYYAH MƏHƏMMƏD
Həsənov Məhəmməd İbrahim oğlu, başqa adla Zindani Səyyah Məhəmməd Didərgin 1923-cü ildə Dərələyəz mahalında anadan olmuşdur. Səyyah Məhəmməd İrəvan Müəllimlər İnstitutunu bitirmişdir. II Dünya müharibəsinə iştirak edən şair döyüşlərdə ağır yaralanır və baş leytenant rütbəsi ilə ordudan təxris olunur. Müharibədən qayıtdıqdan sonra Qərbi Azərbaycanın bir sıra kəndlərində müəllim və məktəb direktoru vəzifələrində işləyir.

1947-ci ildə həbs olunur və 16 il Sibirdə sürgün həyatı yaşayır. Sibirdən qayıtdıqdan sonra ailəsi ilə birlikdə Laçın rayonuna köçür və rayonunun Qarabəyli, Qorçu kəntlərində müəllimlik edir.

Sovet hökuməti ilə barışmayan şairin başı daim bəlalar çəkmişdir. 1974-cü ildə Ukraynaya köçən şair 1977-ci il sentyabrın 1-də orada vəfat etmiş və Donetsk vilayətinin Karmatorsk şəhərində dəfn olunmuşdur.
KEÇİ
Səyyah Məhəmmət bir dəfə bir keçi gətirir bazara. Uşaxlar bunu danışdırmağ üçün deyillər ki, ə, bu keçi neçiyədi? Bir qiymət deyir. Deyillər, yox, baha deyirsən. O gəlir danışdırır, bu gəlir danışdırır. Deyir:

Xəbər alsan, bu keçinin əhvalın,

Qırx kilo qanqor48 yeyən keçidi.

Namərdin min tüməninə vermərəm,

Mərdin qəpiyinə dəyən keçidi.
Belində var bircə kilo qəzili,

Əti kifdə üçün yaxşı əzili,

Bülün düzdü, cinsi Məzdili

Həyatda namərdə söyən keçidi.


Çoban hər ay alır altı şahı hak,

Həqiqi sözdəri demərəm nahax,

Səyyaham deyirəm, hər axşam sabah,

Şivlərimi49 soyub yeyən keçidi.


YERİDİ
Tez-tez bizə gəlirdi. Bir dəfə gələndə tualetə getmək isdiyir, qapıda da sərt itdər vardı, itdər buna imkan vermir. Səhər durub çay içib gedəndə varağa bir kuplet şeir yazıb qoyur nəlbəkinin altına. Nənəm də savatdı idi. Açıb baxır ki, şeir var. Səyyaf yazıb ki:

İmanlar iman yeridi

Əsil dost, mehman yeridi.

İtdəri zincir tanımaz,

Qalmağa mehman yeridi.
QARA DÜYƏ
Məhəmmət Səyyahın bir qohumu Şəlvədə kolxoz sədriydi. Bu bir cüt mal düyəsini göndərir kolxoz sədrinə ki, mənim Bilündüzdə otum-zadı azdı, bunu qatın kalxozun malının içinə yaya qədər orda qalsın. Bu da deyir yaxşı. Düyələri burda bəsdiyillər. Aradan bir az keçənnən sora Məhəmmət Səyyaha xəbər gəlir ki, düyənin biri ölüf. Məhəmmət Səyyah da tükü-tükdən seçən adam idi. Deyir, balam, düyə heç xəsdə deyildi, kalxozun beş yüz baş malı ölmədi, mənim düyəm niyə öldü? Bir az şübhələnir. Şübhələnir ki, zotexnik, müdür, kimsə bunu satıf, öldü adını qoyuflar. Orda götürüf bir şeir yazır. Deyir:

Eşitmişəm qara düyə ölüfdü,

Əgər həqiqətsə, mərtlərə qurban.

Buxalter, zootexnik, bir də ki müdür

Elə gələn azar, dərtlərə qurban.
Məhəmmətdi, sözün deyir bu başdan,

İncimərəm mən naxırçı qardaşdan.

Bəlkə arığ imiş, düşüfdü daşdan

O yerlərdə yarğan sərtlərə qurban.

Bu hadisədən sora gəlir Şəlvə sovetliyinə. O vaxdı da ölən mala sığorta aktı yazırdılar. Sovet sədrinin yanındakı adamlar isdiyir deyələr ki, sən Bilündüzdən gəlmisən, burda sənin düyənə akt yazmax düz gəlmir da. Sovet sədri bizim dərənin ağsakqallarınnan biri idi. Deyir ki, ayrı söz lazım deyil. Katibi çağırır ki, Məhəmmət Səyyahın aktını mənim yanımda yaz, peçatdıyım verim. Yazıb verir. Bir bənd də ona yazır.

Şair də bu yerdə sınadı baxdı,

Ellərə tapşırdı ömrünü, vaxdı.

Gəlmişdi almağa sığorta aktı,

İdarədə dizi bərklərə qurban.
DÜNYA, SÖYLƏ, SÖYZALINI NEYLƏDİN?
Ərdəşəvi kəndində Söyzalı addı bir şofer olur. Buna təzə maşın vermillər. Elə köhnə maşınnarı atıllar ora ki, Söyzalı bunu sürsün. Nəysə, təzə maşınnar gəlir, ayrı adamlara verillər, Söyzalı gənə qalır kənarda. Məhəmməd Səyyah da bunu tanıyır. Buna pis təsir eliyir ki, Söyzalı burda illərlə nöbədədi, hər dəfə təzə gələn maşını başqa adama verillər. Bir gün limit gəlir, təzə maşın veriflər kalxoza. Hamı da bir ağızdan deyir ki, verilməlidi Söyzalıya. Elə ki iş həll olan mərhələyə çatanda maşını Şikar addı bir adama verillər. Məhəmmət Səyyah da bunnan xəbər tutur ki, bu nətər işdi. Gənə Söyzalı qaldı qıraxda. Onda belə bir şeir yazır:
Yenicə özünə bir yuva hörən,

Cəhənnəm odunu gözüynən görən,

Ömür boyu cındır maşınnar sürən,

Dünya, söylə, Söyzalını neynədin?


Dünya, Söyzalını sən yola saldın,

Dalınca ucadan bir zurna çaldın,

Əvəzində Şikardan bir gəvə aldın,

Dünya, söylə, Söyzalını neynədin?


GEDİR
Laçında taxılçılığı ləğv eləmişdilər. Halbuki Laçın müharibə vaxdı taxılla özündən başqa neçə rayonu təmin etmişdi. Ona bir şeir yazmışdı. Onun üsdündə KKB-dən çağırıf aparmışdılar Stepanakertə, izahat almışdılar. Demişdi, mən olan şeyi yazmışam, Laçında əkinçiliyi niyə ləğv eliyirsiz?

Gözün aydın ay sədr, kalxozçun karvana gedir

Üçü Dığa una, beşi Şirvana arpaya gedir.
QARA DEYİLMİ?
Süleyman Rəhimov tapşırır ki, Minkəndin başı üsdündə Mərcan bulağı var. Gedərsən o bulağa şeir yazıb gətirərsən. Bu gedər gejə yatar orda. Alxasdı fermasının camahatı, qız-gəlini o bulaxdan su götürür. Səhər gələr ki, bulağın üsdündə kürkün altında bir adam var. Qız-gəlin bulağa yaxınnaşmaz. Bu da qəsdən özü tərpənmiyif. Nəysə, çobannara xəbər verillər. Çobannar gəlir. Tərpədəndə baxırlar ki, Məhəmmətdi. Ə, camahatı sarımısan? Dur belə. Bu da şeiri yazmışımış.

Nəysə, bunu gətirillər obaya. Bizim obada bir sünnət toyu varmış. Deyillər ki, yaxşı gəlmisən. Məhəmmət Səyyah da yaxşı saz çalırmış. Deyillər, gedəjeyih o sünnət toyuna. Məhəmmət Səyyah deyir, məni siz tanıyırsız, amma o camahat tanımır. Onda maa gətirin bir paltar geyindirin, erməni adıynan aparın o məclisə. Orda da Ağcabədidən Aşıq Abdüləli varmış, məclisi o idarə eliyirmiş. Nəysə, gedillər məclisə. Çobannar bilir axı bu Səyyahdı. Bunnar deyir, kirvə, burdan otur, kirvə, burdan otur. Məhəmmət Səyyaha deyillər ki, ə, kirvə, olar o sazı çalasan? Aşığ Abdüləli deyir, erməni hara, saz hara? Sazımı xarab eliyər. Deyillər, əşi gətir ver, görək dınqıldada bilir? Nəysə sazı alıb verillər. Bu başdıyır sazı köklüyür. Sazı köklüyəndə Aşığ Abdüləli görür, sən öl, bu sazı köklüyür. Bu başdıyır çalıb oxumağa. Çalıb oxuyanda deyir, ə, bu erməni heç erməni ləhcəsiynən çalıb oxumur. Burda deyillər, çalın, aşığ oynasın. Bunu oynadıllar. Oynuyanda, deyir, qara geyimli bir gəlin gəldi mənnən oynadı. Demiyəsən, bu da sünnət toyu olanın mamasıdı. Onnarın da əsilləri Ağcabədinin Qaradolax kəndinnən idi. Qannıçılığ olub iki qardaş köçüb bizim kəndə. Gəlinin adı Solmaz idi. Solmaz da Ağcabədiliyə ərə getmişimiş. Onun əri öz anasını gülləynən atır. Oğlanı tutullar, səkgiz il iş verillər. Gedənnən sora bu gəlin Ağcabədidə qalmır, gəlir qardaşıgildə qalır. Deyir, bu gəlin də qara geyinif. Qara geyindiyinə elə bilginən yoldaşım Kəklik gəldi durdu gözümün qabağında. Deyir, elə ordaca qolum boşaldı, mən oynamadım, çıxdım çölə. Dedilər, Səyyah, niyə çıxdın, niyə oynamadın? Dedim, maa bir qələm-dəftər verin, yanıma da heş kim gəlməsin. Deyir, boş alaçıxda oturdum yazdım.

Zalım qızı, niyə qara geymisən,

Lalənin ürəyi qara deyilmi?

Cavan yaşda bu don yaraşmır sana,

Mənim də ürəyim para deyilmi?


Soyun qəm libasın, sil gözün yaşın,

Marala bənzətdim kamanı-qaşın,

Qanıram bəlaya düçardı başın,

Onsuz da ürəyim yara deyilmi?


Əynində qara don, başında çarxat,

Yoxsa səni sıxır dalğalı həyat,

Mən səni qanıram küllü-kainat

Sözlərim dərdinə çarə deyilmi?


YATIBDI
Qəbirstannığa gəlir. Görür ki, başdaşının üsdünə yazılıf ki, bu məzarda yatanı öz qardaşı öldürüf.

Qarqar kənarında məzarsandıqda,

Neçə ağa, neçə sultan yatıbdı.

İgid sərkərdələr, igid cavanlar,

Yanlarında Xan Natavan yatıbdı.
Gözəllər vurğunu Vaqif hardadı?

Cıdır düzündədi, dar məzardadı.

Heykəlsədə sanki könlü yardadı,

Xəyalında tək Xuraman yatıbdı.

 

Qarabağın saysız igid ərləri.



Süfrə sahibləri, mərd iyidləri.

Aşıq Valeh, bir də o gözəl pəri.

Zərniyartək dəli ceyran yatıbdı.
Səyyaham, oxudum bir başdaşını,

Qardaş öldürüb öz qardaşını.

Qan ilə tarixə yazıb yaşını,

Eyliyib özünə divan, yatıbdı.


DAĞLAR
Qanı qanla yumuyublar,

Qan etməyin qana dağlar.

Qohum-qardaş aralıdır,

Kimlər dərdim qana, dağlar?


Azalmır sinəmdən ağrım,

Mıxtökən olubdu Ağrım.

Saz olmasa çatlar bağrım,

Ömrüm yetər sona, dağlar.


Yazda yaramı bağlarsız,

Həm gülərsiz, həm ağlarsız,

Gah barlısız, gah da barsız,

Girərsiz min dona, dağlar.


Üstümə düşəndə toran,

Çox görmüşəm sizdə boran,

Olmayın Səyyahı yoran,

Həyan olun ona, dağlar.


DƏYMƏSİN
Vətən davasında vurdu haramı,

Yellər əsdi sızıldatdı yaramı,

Payızın çovğunu, qışın boranı

Mənə dəysin, nazlı yara dəyməsin.


Yaralandım, ana, aprel ayında,

Öz qanımı yudum Oka çayında,

Üzü tutqun günəşində, ayında,

Həkimlər eyləsin çarə, dəyməsin.


Qızıl qan ağ qarda andırır gülü,

Görsə, valeh edər şeyda bülbülü,

Gözüm qabağında Azəri eli,

Heç kimsəyə dəmir parə dəyməsin.


Beş qızın qardaşı, tək İsbəndiyar,

Vuruldu, sinəmdə neçə dağı var.

İgid oğlannara məzar oldu qar,

Əritməsin günəş, qara dəyməsin.


Hayıf sənə, qarabağlı Nər Həsən,

Ömründə bilmirdi nə qəm, nə kədər,

Vətən həsrətiynən hər axşam-səhər,

Həsrət könüllərə qara dəyməsin.


Dörd yanımız olub qardaş məzarlar,

Hitler salıb cana dərdi-azarlar,

Qərargahdan gündə əmr yazarlar,

Can getsin, Vətənə yara dəyməsin.


Səyyaha əzizdi vətənlə ana,

Hər çətinlik qismət olur insana,

Ölərsəm, qurbanam Azərbaycana,

Yad ayaxlar bu diyara dəyməsin.


AĞLAR MƏNİ
Öləndə dəfn edin güllü bağımda,

Hər gəlif getdihcə el ağlar məni.

Dağlardan kükrəyif gələndə sellər,

Böyrümdə çağlayan sel ağlar məni.


Baş daşıma yazın bir silah, bir saz,

Mənim kimi dərdli heç yerdə olmaz.

Bülbüllər üsdümdə etdihcə avaz,

Sədəfli sazımda tel ağlar məni.


Qarşıdan keçdihcə dağlar maralı,

Desinlər eşqindən olmuş yaralı,

Axır ki bu yerdə tapıb qərarı,

Zülf topuqda, incə bel ağlar məni.

Yarpaqlar da deyər başı bəlalı,

Ciyərində çoxmuş dərdi, məlalı,

Kitablarda qaldı cahı-cəlalı,

Aylar dövr etdikcə, il ağlar məni.


Kim ki vurğunudur söhbətin, sözün,

Həzin musiqinin, neynən, sazın,

Həsrətin çəkənlər laləzar yazın,

Ürək yanar, şirin dil ağlar məni.


Gül kolunu sağlığımda salmışam,

Təsəllimi el-obadan almışam,

Şeir yazıb, burda sazda çalmışam,

Hər açdıqca qönçə, gül ağlar məni.


Halallığ alaram obadan, eldən,

Bu torpağı aldım tərimlə seldən,

Soruşan olarsa külüknən beldən,

Körpü sahib durar, yol ağlar məni.


Tək bircə vətəndir dinim, imanım,

Yolunda qurbandır bədəndə canım,

Bilirəm unutmaz Azərbaycanım,

Səyyah deyib daim bol ağlar məni.

 

TALEH, ETMƏ MƏNİ NAMƏRDƏ MÖHTAC

 

Taleh, etmə məni namərdə möhtac,



Tikəsini yarı bölənnərdənəm.

Qananlar bilməsə qədrimi əgər,

Yüz il bunnan qabax ölənnərdənəm.

 

Cumayam, Cununam çəkmişəm qəhər,



Eşqində olmuşam Kərəmdən betər,

Tufarqanlı Abbas, Aşıq Ələsgər,

Onnarın zərrəsin bilənnərdənəm.

 

Çiynimdə aftamat, altımda saz at,



Əmr bitirmişəm nişaqu nazad50,

Vətən torpağını edərkən azad

Faşizmin bağrını dələnnərdənəm.
Tufanda, boranda çəkmərəm ahı,

Ümidlə yaşaram axşam-sabahı.

Bu odlar yurdumun mənəm Səyyahı

Berlində döyüşüb gələnnərdənəm.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin