AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015



Yüklə 369.17 Kb.
səhifə2/5
tarix19.12.2016
ölçüsü369.17 Kb.
1   2   3   4   5

Muxtar Kazımoğlu: Sözü Füzuli Bayata verək.

Füzuli Bayat: Hörmətli Elmi Şura üzvləri! Bu gün Folklor İnstitutunun çox sevdiyi, bəlkə də hamının ürəkdən sevdiyi, hörmət etdiyi bir adamın 70 illik yubileyinə toplaşmışıq. Burada çox insanların 60, 70 illiyi ilə bağlı tədbirlərdə iştirak etmişik. Amma könüllü şəkildə, sevərək tədbirə gələn insanları çox az görmüşük. Bu, Rza Xəlilovun ən böyük müvəffəqiyyətlərindən biridir. Rza Xəlilov o qədər təvazökar bir adamdır ki, biz yaşca ondan kiçik olmağımıza baxmayaraq heç bir zaman ona Rza müəllim deməmişik. Həmişə Rza dedik. Bu qədər özünü mütəvazi, təvazökar aparan ikinci bir insana rast gəlmək mümkün deyildir. Mən Folklor İnstitutunda işləyərkən Rza Xəlilovun ən böyük üç – sadəlik, səbrlilik, xeyirxahlıq – keyfiyyətini kəşf etdim. Əgər mütəvazilik, sadəlik bir simvola çevrilsə, o, bunun ən böyük örnəyidir. Çünki bu qədər sadə insanı elm camiyəsində çox az rastlanan bir hadisə kimi qələmə vermək olar. Mən 1990-cı ildə Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə yeni gələndə Rza Xəlilov da yenicə müdafiə etmiş, gənc alim idi. Ərəb nağılları ilə Azərbaycan nağıllarının müqayisəsini aparmışdı. Bəlkə də o, ilk dəfə olaraq ərəb folklorunu Azərbaycan folkloru ilə müqayisə edən şəxslərdən biridir. Əslində ərəblərlə bizim aramızdakı bu folklor yaxınlığını görməmək mümkün deyil. Belə ki, hər iki xalq din etibarilə eyni dinə mənsubdurlar, müsəlmandırlar, yaşayış baxımından da müəyyən yaxınlığımız var və nəhayət, ərəblər savaşçı millətdir, türklər ondan daha da savaşçıdır. Bu bir neçə parametri bir-birinə yaxın olan iki xalqın folklorunu ilk dəfə elmi müstəvidə araşdırmaya gətirən Rza Xəlilov oldu.

Rza Xəlilov o qədər mütəvazi insandır ki, hətta sonrakı işində onları davam etdirmədi. Bəzi insanlar çox bilib az yazırlar. Bəzi insanlar isə fərqlidirlər. Rza Xəlilov çox bilib, çox oxuyub az yazanlardandır. Rza Xəlilov öz biliyini, öz elmini, elmi təcrübəsini başqaları ilə çox sevə-sevə paylaşan insandır. Buradan da onun xeyirxahlığı ortaya çıxır. Nə bu Folklor İnstitutunda, nə də ondan öncə Ədəbiyyat İnstitutunda heç bir adam deyə bilməz ki, Rza Xəlilova hər hansı bir məsələ ilə bağlı müraciət edib və o, istər elmi baxımdan, istər mənəvi baxımdan, istərsə də digər məsələlərdə ondan öz köməyini əsirgəyib. Heç vaxt əsirgəmiyib. Burada kiçik bir haşiyə çıxıb demək istəyirəm ki, Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində işləyərkən bir azərbaycanlının ora işə qəbul olunması məsələsində Rza Xəlilov həmin şəxsdən daha çox fəallıq göstərdi. O adam dilçi idi, indi Qafqaz Universitetində işləyir. Düzdür, həmin şəxs ona sonradan arxa çevirdi, nankorluq etdi. Amma buna baxmayaraq R.Xəlilov axıra qədər ona öz köməyini, öz izzətini göstərdi. İstər dəhlizdəki söhbətlərdə, istər telefon söhbətlərimizdə bu insanın yalnız xeyirxahlığını hər kəs öz üzərində hiss edə bilər. Rza Xəlilov eyni zamanda bir səbr daşıdır. Səbrin simvolu peyğəmbərlər arasında Həzrət Eyyubdursa, mən deyərdim ki, insanlar içərisində Rzadır. Adam təəccüblənir ki, bu qədər səbr insanda hardandır. Rza Xəlilovu mən hələ indiyə kimi əsəbiləşən, özündən çıxan, nalayiq söz deyən və ya əsəbi şəkildə yalnış bir hərəkət edən görmədim. Görən varsa, söyləsin. Rza bu qədər səbrli bir insandır. Bu üç keyfiyyət – xeyirxahlıq, mütəvazilik və səbr onu insanların gözündə sevdirə bilmişdir. Hər kəs kimisə sevib, kimisə sevməməkdə sərbəstdir. Söhbət Rza Xəlilovdan gedəndə dəfələrlə Folklor İnstitutunda şahidi olmuşuq ki, hamı Rzaya böyük sevgi ilə, böyük diqqətlə yanaşır. Rza bu hörməti, bu sevgini özü qazanmışdır. Rza əslində yeni ədəbiyyata yaxın bir adamdır. Çünki belə bir ailədə doğulmuşdur, belə bir mühitdə böyümüşdür. Həm də o, yazılı ədəbiyyatın, xüsusən yeni dövrü ilə daha çox məşğul olmuşdur. Amma aldığı təhsil onu ərəblərə bağladısa, çalışdığı, müdafiə etdiyi mövzu da onu folklora bağladı. Yəni Rza özündə yazılı ədəbiyyatı, folkloru və ərəb mədəniyyətini daşıyan bir insandır.

O vaxt 75 min, hazırda 80-90 min tələbəsi olan Atatürk Universitetində çalışarkən tələbələrin xaricdən gələn müəllimlər içərisində ən çox sevdiyi Rza var idi. Mən o zaman Qarsda çalışırdım və bir gün ona qonaq getmişdim. Rza təmənnasız bütün tələbələrə ərəbcə mətnlərin oxunub çevrilməsində və tələbələrin diplom işində, magistratura işində, doktorluq işində, hətta dissertasiyaların yazılmasında təmənnasız kömək edirdi. Türkiyədə müəllimlər tələbələrə qayğı göstərirlər. Amma o qayğının müəyyən bir sərhəddi var. İşdən sonra heç kəs bir müəllimi tutub: Filan şey nə oldu? – deyə bilməz. Əks halda müəllim çox sərt cavab verər və tələbənin buna hüququ çatmaz. Bunu soruşmağa cəsarət etməz. Amma Rza o qədər sadə idi ki, dərsdən sonra tələbələr onun otağına gəlir və müəyyən şeyləri soruşub öyrənirdilər. Dəfələrlə biz onun şahidi olduq ki, oradakı tələbələr nəinki bir gün, iki gün, bir ay, iki ay, hətta aylarla, illərlə Rzanı narahat edib, ərəbcə mətnlərin öyrənilməsini, folklorla bağlı məsələləri ondan soruşurdular.

Bir mühüm məsələyə də toxunum. Rza təkcə orada bir ərəbist kimi tanınmırdı, həm də ədəbiyyatçı, folklorçu və ən yaxşı bir dilçi kimi tanınırdı. Çünki ixtisas etibari ilə ərəbistdir, ərəb dilinin qrammatikasını bilirsə, deməli Azərbaycan dilinin, türk dillərinin qrammatikasını da çox gözəl bilir. O baxımdan Rzanın fəaliyyəti hərtərəfli idi. Necə ki, burada da elədir. Rza ilk dəfə olaraq şəhər folklorunun, Bakı folklorunun toplanması, ərsəyə gətirilməsi və nəşrində çox böyük əməyi olan bir şəxs kimi adı tarixə keçmiş oldu. Rza arxivdəki o materialları toplamaqla Bakı folklorunun, şəhər folklorunun nümunələrinin çap olunmasını başlatmış oldu. Qısacası, Rzanın həm folklorşünas kimi, folklor elminin bilicisi kimi fəaliyyəti, həm bir ərəbist kimi, həm bir toplayıcı kimi fəaliyyəti, ən əsası insan kimi əvəzsiz olması onu kollektiv içində bu qədər çox sevdirmişdir.

Mən dost kimi dost, insan kimi insan, alim kimi alim Rza Xəlilovu 70 yaşı münasibətilə təbrik edirəm. 70 yaş müdrikliyin zirvəsidir. Rzaya bu zirvədən enməməyi arzu edirəm. İnanıram ki, Rza hələ çox işlər görəcək. Cənab Allahdan arzu edirəm ki, ona uzun ömür və bu ömür içində cansağlığı versin. Rza bizim üçün dəyərli bir insandır. Sağ ol, Rza! 70 yaşın mübarək!

Muxtar Kazımoğlu: Çıxış üçün sözü Əfzələddin Əsgərə verək.

Əfzələddin Əsgər: Mənim deyəcəyim sözlərin əksəriyyətini dedilər. Hər kəs haqqı olan sözü eşitməlidir. Mən 1982-ci ildə aspiranturaya təzəcə qəbul olanda Rzayla tanış olmuşam. Rza Şərqşünaslıq İnstitutundan gəlmişdi. Mən Rzayla tanış olanda o, artıq Propp, Meletinski, Neklyudov kimi alimlərin əsərləri ilə tanış olmuşdu. Bizim aramızdakı dostluq nağıldan başladı. Mən də Rza da nağılla məşğul olurduq. Nağıl folklorun elə bir janrıdır ki, folklorun qapısı nağıldan başlayır. Kim nağılla içəri girirsə, folklorun hər tərəfini görə bilər. Mən saatlarla Rzayla nağıl haqqında söhbətlər etmişəm. Hətta Ədəbiyyat İnstitutunda yer olmadıqda Tarix İnstitutuna qalxıb söhbətlər edirdik. Mən o söhbətlərimiz prosesində, folkloru o dövrdə öyrəndim. Özü də birdən-birə yox, zərrə-zərrə, günbəgün, aybaay, ilbəil öyrəndim. Bu elə bir prosesdir ki, gərək uzun müddət məşğul olasan.

Burada hamı Rzanın mədəniyyətindən danışdı. Mən Rzayla münasibət quranda özümü həmişə yığışdırmağa çalışıram. Tamamilə, başqa bir tipdə adamın qarşımda olduğunu nəzərə alıram. Rza müəllim haqqında bir xatirə deyəcəyəm.

1998-ci ildə bir nəfər bir yazı gətirdi. Adını çəkmirəm, çoxlarınız onu tanıyırsınız. Bu yazını mənə oxumağa verdilər. Mən Rzadan oxuyub-oxumadığını soruşdum. O, oxuduğunu bildirdi. Mən də yazını götürüb oxudum. Yazını oxuyub qurtardıqdan sonra Rzaya dedim ki, mən buradan bir şey başa düşmədim axı. O vaxtlar xarici nəzəriyyələrin yenicə bizim folklorşünaslığa daxil olduğu vaxtlar idi. Rza dedi ki, mən də bir şey başa düşməmişəm. Amma qorxdum deyəm ki, başa düşməmişəm, deyərlər ki, savadsızdı. Biz Meletinski və digərləri ilə hələ təzəcə tanış olmuşduq. Amma Rza onları artıq mənimsəmişdi.

Allah Rza Xəlilova elə bir xarakter verib ki, kaş bizə də bu xarakterdən verərdi.

Bayaq qeyd etdilər, Rza şərqşünasdı, yəni yazılı ədəbiyyatın içərisindən çıxıb. Üstəlik, şərq ədəbiyyatının içərisindən çıxmış bir insandır. Belə adamlar yazılı ədəbiyyata o qədər bağlanırlar ki, folklora gəlməkləri bir az çətin olur. Biz folklorla məşğul olanda, üst-üstə yığsaq 200 nağıl çap olunmuşdu – 5 cildlik nağıl toplusu və ayrı-ayrı yerlərdə çap olunmuş nağıllar. Bizim topladığımız nağıllar, yəni, Füzuli müəllimin, Muxtar müəllimin, Oruc müəllimin, Rza müəllimin, Vəli müəllimin topladığı nağıllar 300-dən çoxdur. Rza folklora cani-dildən gəlib, cani-dildən öz ömrünü bu yolda qoyub. Allah ona uzun ömür qismət eləsin. Mən tamamilə hiss etmirəm ki, sənin 70 yaşın var. 30 il əvvəl necə görmüşəmsə, indi də eləsən. Allah sənə uzun ömür versin!

Muxtar Kazımoğlu: Nailə xanım hər kəs haqqında danışmır. Rza müəllim haqqında ürəklə danışmaq istəyir.

Nailə Rəhimbəyli: Əziz həmkarlar, çox hörmətli, dəyərli insan Rza müəllim! Burada sizin haqqınızda, sizin elmi fəaliyyətiniz, əmək fəaliyyətiniz haqqında geniş söhbət açıldı. Maraqlı xatirələr dinlədik. Nə yazıqlar olsun ki, sizi 20-30 il tanımağımla öyünə bilmirəm. Sizi tanıdığım bu 10 il mənə haqq verir ki, sizin haqqınızda bir neçə kəlmə söz deyim. Hər bir insanın həyatında bəlli bir zamandan sonra bir çevrəsi var. Bu çevrənin içərisində say etibarilə çox az insan var ki, onlar mənə daha yaxındır. Bu insanlarla daim ünsiyyət, bu həyatı onlarla paylaşmaq mənə çox xoşdur. Rza müəllim, bu insanlardan biri sizsiniz. Sizi hər zaman görmək, bir-iki kəlmə maraqlı söhbət etmək nə qədər xoşdur. Sizin haqqınızda söylənilən ziyalılıq, ali insani keyfiyyətlər heç də təsadüfi deyil. “Aşıq Qərib”in ustadnaməsində deyilir:

Bədəy mənzilinə hər at yetişməz,

Nanəcibə öyüd versən götürməz.

Ölənədək nişanəsin itirməz

Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.

Bəli, Rza müəllim əsilli-nəsilli bir ailədə göz açmışdır. Çox gözəl, mərdi-mərdanə bu həyatı davam etdirir və bu gün də bizim qarşımızda varsınız. Xeyirxah bir insan kimi, ziyalı bir insan kimi qarşımızda varsınız.

Gözəl alim olmaq olar, amma insan olmaq çox çətindir. Əgər bu gözəl keyfiyyətlər sizdə varsa, deməli bu sizin dünəninizdən, nəslinizdən gələn bir xətdir. Hamı sizin haqqınızda çox gözəl düşüncələr paylaşdı. Mən sizə nə arzu edə bilərəm? Nüsrət Kəsəmənlinin də belə bir misrası var. Deyir:

Ayrılığın pəncəsində yaşamadım bircə an da,

Solan çiçək bir də açar, təki insan solmayaydı bu dünyada.

Sizin bu nurlu simanızdan, dərin baxışlarınızdan, təmiz qəlbinizdən sağlıq əksik olmasın. Xoş təbəssüm, xoş əhval-ruhiyyə əskik olmasın. Bir insan kimi varlığınız belə bizlər üçün yetər. Özünüzü bizdən əskik salmayın. Hər zaman ətrafınızda sizi sevən, sizin daim sevdiyiniz insanlar sizin üzərinizdən əskik olmasın. Şöbəmizin adından sizə simvolik bir hədiyyə təqdim edəcəyəm. Saatdır. Bürcünüz deyil. Şir var üzərində. Amma şir müdriklik rəmzidir. Bu da sizdə var. Lirik həyatınız olsun. Saata, dəqiqələrə varmıyasınız. Allah-Tala hər birimizə bir ömür verib. Onu nə qədər yaşayacağımız bəlli deyil. Sadəcə, bundan sonra yaşayacağınız həyatı gözəl, xoş, sağlıqla keçirəsiniz. (Hədiyyəni təqdim edir).



Muxtar Kazımoğlu: Çıxış üçün sözü Ağaverdi Xəlilə verək.

Ağaverdi Xəlil: Təşəkkür edirəm. Hörmətli Muxtar müəllim, hörmətli toplantı iştirakçıları! Təbii ki, bu gün biz əlamətdar bir hadisə ilə bağlı yığışmışıq. Çıxış edənlərin söylədiyi fikirlərin hamısı ilə tamamilə şərikəm. Rza müəllim gözəl bir insandır, səmimi bir insandır, təvazökardır. Eyni zamanda, folklor sahəsinə öz xidmətlərini göstərmiş, əmək vermiş adamdır, zəhmətkeşdir. Təvazökarlığın içində bunu büruzə verməsə belə, zəhmətçəkən, çalışan, işləyən alimimizdir. Rza müəllimin fəaliyyəti kifayət qədər genişdir, əhatəlidir, çoxaspektlidir. Eyni zamanda, bu sahələrin hamısında Rza müəllim uğurla fəaliyyət göstəribdir. Onu fərqləndirən əsas cəhət ondan ibarətdir ki, Rza müəllim çox böyük intellekt sahibidir. Rza müəllimin ailədən, kökdən gələn, eyni zamanda özünün illər boyu qazandığı bir intellekti var. Rza Xəlilov folklor sahəsində böyük uğurlara imza atıb. Rza müəllimi çöl folklorçusu, sahə folklorçusu kimi Oruc müəllim səciyyələndirdi. Rza müəllim həm də arxiv folklorçusudur və arxivi gözəl bilən folklorçudur. Onun bir sirrini Kamran müəllim qeyd etdi. Arxivdə işləyib, çalışıb. Rza müəllim Azərbaycanda arxivi bəlkə də ən yaxşı bilən mütəxəssisdir. Nəyin harada olduğunu, xüsusən 20-30-40-cı illərdə nə varsa, dəqiqliklə bilən, adı ilə, yeri ilə bilən canlı bir kataloqdur. Yəni zəngin bir məlumata sahibdir. Burada müəyyən qədər bu xüsusiyyətlərdən bəhs olundu. Rza müəllim öz elmi, ictimai fəaliyyəti ilə yanaşı, daha çox bizim nəzərimizdə gözəl bir insandır. Onun bu keyfiyyəti o qədər üstündür ki, bu onun digər fəaliyyətlərinə kölgə salır. Biz Rza müəllimi bir gözəl insan kimi sevmişik. O bir fatehdir. Rza müəllim həqiqətən də öz ətrafında, çalışdığı kollektivdə, yaşadığı məhəllədə, binada insanların könlünü fəth edən insandır. O mənada Rza müəllimin xüsusi bir qabiliyyəti var. Bunun da əsasında onun çox dərin səmimiyyəti, təvazökarlığı durur. Bunun sayəsində Rza müəllim kamil insan kimi tanına bilib, qeyri-adi hörmət qazanıb. Rza müəllim bizim üçün çox əziz insandır. Bir vaxtlar S.Rüstəmin 70 yaşı tamam olanda verilişdə dedi ki, 0-ı 7-nin silin yanından. Mən də deyərdim ki, Rza müəllimin yaşındakı 0-ı silək. Elə Rza müəllim 7-dən başlasın, təzədən bir yetmişə qədər gəlsin. Rza müəllim çox mənalı bir ömür yaşayıb. 70-i yelə verməyib, elə-belə də verməyib, elə veribdir. Rza müəllimə cansağlığı, uzun ömür, bundan sonrakı işlərində də bax elə beləcə davam etməsini arzulayıram.

Muxtar Kazımoğlu: Növbəti çıxış üçün sözü Əli Şamilə verək.

Əli Şamil: Naxçıvanda “Şərq qapısı” qəzetində işləyəndə Bakıya da ildə bir-iki dəfə gəlirdim. Onda çalışırdım ki, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə də baş çəkim. Göyçədə doğulduğumdanmı ya nədənsə folklora meyilli idim.

Jurnalistika fakültəsində oxuduğum illərdə bizi qəzetlərə, radio və televiziyaya, filologiya fakültəsində bir patokda oxuduğumuz tələbələri isə rayonlara folklor, dialekt toplamağa göndərirdilər. Mən rayon qəzetlərinə təcrübəyə göndəriləndə də, kəndimizə gedəndə də folklor nümunələri toplayaraq gətirib bizə şifahi xalq ədəbiyyatından dərs deyən müəllimimiz Vaqif Vəliyevə verirdim.

Naxçıvanda qəzetdə işləyəndə də getdiyim yerlərdən folklor nümunələri toplayırdım. Akademiyanın Folklor şöbəsinə gələndə də ən çox Elxan Məmmədli, İsrafil Abbaslı, Mirəli Seyidovla söhbət edərdim. Onda Rza müəllimi də görürdüm. Sakit, öz işi ilə məşğul olan, necə deyərlər başını qaldırıb kənardakılara baxmayan Rza müəllim mənə adamayovuşmaz təsiri bağışlayırdı.

Bakıya köçəndən sonra Folklor İnstitutunda işləyəndə gördüm ki, Rza müəllim necə millətsevər bir insandır. Onunla söhbətlərimiz əsasən 1920-1930-cu illərlə bağlı olur. Rza müəllim əski əlifbanı gözəl bilir və böyük həvəslə arxivlərdə çalışır. XX yüzilin birinci yarısında yaşamış ədəbi simaları, onların yaradıcılığını Rza Xəlilov kimi bilən araşdırıcıları barmaqla saymaq olar.

Rza müəllim səmimi bir insan olmaqla yanaşı faktlara səbir və dözümlə yanaşan araşdırıcıdır. O, burulğanlı 20-30-cu illərdə ədəbi şəxsiyyətlərin bir-birinin əleyhinə yazdıqlarına rast gələndə tez özündən çıxıb əsəbiləşmir. Sakit və səbirlə yazanın şəxsiyyətini, onun dövri mətbuatda çap olunan məqalələrini tapıb oxuyur. Sonra oxuduqlarını dövrün abu-havası ilə müqayisə edərək nəticə çıxarır. Müəlliflərin ziddiyyətli məqalələrini də normal qarşılayır.

Çünki həmin yazılara bugünkü oxucunun, vətəndaşın gözü ilə baxmır. Elə bil ki, məqalənin yazıldığı dövrə enir, həmin zamanın ağrısını-acısını yaşayır.

Bir-birini mətbuatda kəskin tənqid edən, bəzən də qələm dostlarının məhvinə yol açan məqalələr yazanlara haqq qazandırmır. Onları zamana aludə olduqlarına görə qınayır. Bütün bunları əski əlifbadan latın əlifbasına çevirib çapa hazırladığı kitablara yazdığı ön sözlərdə, izah və şərhlərdə də aydın görmək olur.

Mən baxıram ki, 20-ci illərdə bu insanların çoxunu bizim tanıdığımız, hörmət etdiyimiz ən böyük şəxsiyyətlər millətçi deyib, millətin qaymaqlarını məhv ediblər. Aradan bir az keçəndən sonra onların özü millətçiyə çevriliblər. Adam təəccüb edir ki, necə oldu ki, bu adamlar bu 10-15 ilin içində bu cür dəyişdilər. O adamlardan söhbət düşəndə, adlarını unutduğum şəxsləri yada salanda əlbəttə ki, Rza müəllimə müraciət etməli oluruq. Rza müəllim canlı ensiklopediya kimi həmin məsələlərə aydınlıq gətirir. Və onun məndən üstün cəhəti odur ki, o, çılğınlıq etmir. Çox sakit, mülayim şəkildə hamısının zamana, dövrə uyğun qiymətini verir. Sizə buna görə təşəkkür edirəm. Arzu edirəm ki, o dövrlə bağlı sizin kitabınız çap olunsun, gələcək nəsillər də o dövrü yaxşı anlasınlar.



Muxtar Kazımoğlu: İndi isə söz şair Adil Cəmilindir. 60 yaşlı Adil Cəmil 70 yaşlı Rza müəllim haqqında görək nə deyir.

Adil Cəmil: Rza müəllim, sizin portretinizi o qədər gözəl cızdılar ki, rəssama heç ehtiyac yoxdur. Mən də bütün deyilənlərə qoşuluram. Rza müəllimə yanaşmada elə maraqlı məqamlar var ki, mən də onlardan danışmaq istəyirəm.

Folklor İnstitutuna gəldiyim vaxtdan Rza müəllimi yaxından tanımışam. Rza müəllimin atasını ondan da əvvəl tanımışam. Bəlkə indi də ondan daha yaxşı tanıyıram. Atanızın şeirləri çox lirik, emosional şeirlərdir. Zeynal Xəlil Azərbaycan ədəbiyyatının çox görkəmli simalarından biridir. Təbii ki, Zeynal Xəlil bütün Azərbaycana, türk dünyasına bəllidir. Bu gün Rza Xəlilovun Folklor İnstitutunda işləməyinin bizim üçün böyük əhəmiyyətini hiss edirəm. Azərbaycanın mənəvi mədəniyyəti deyilən zəngin irsimiz demək olar ki, ərəb əlifbasına bürünüb qalıb. Bu əlifbada hələ də üzə çıxarılası bir çox dəyərlərimiz var ki, bu yöndə sizin çox böyük əməyiniz, xidmətiniz var. Siz həm də gözəl mətnşünassınız. Mətnlə işləmək, sözlə davranmaq hər adama nəsib olmayan bir qabiliyyətdir, istedaddır. Mən sizə ağrıyıb-acımamağı arzu edirəm. Yetmişin üstünə bir yetmiş də gəlsin. Təbrik edirəm! Mən sizə bir qələm hədiyyə vermək istəyirəm, qələminiz iti olsun deyə! (Hədiyyəni təqdim edir).



Muxtar Kazımoğlu: Son olaraq şöbə adından sözü Afaq Xürrəmqızına verək.

Afaq Xürrəmqızı: 10 il öncə Rza müəllimin 60 yaşı tamam olanda onun haqqında kiçik bir yazı yazmışdım. Orada onun tərcüməçilik fəaliyyətini, elmi fəaliyyətini, pedaqoji fəaliyyətini bacardığım qədər işıqlandırmışdım, onu bir alim kimi dəyərləndirmişdim. 2004-cü ildən ötən bu 10 il isə mənə Rza müəllimi bir insan kimi tanımağa imkan verdi. Əvvəla, Rza müəllim bizim üçün bir şöbə müdiri deyil. Qızların adından da deyirəm ki, Rza müəllim bir dostdur. Bütün şöbə işçilərinin dostudur. Çünki biz Rza müəllimə istər maddi, istər mənəvi, istər fiziki problemlərimizi danışıb hər zaman ondan məsləhət, dəstək ala bilərik. Rza müəllim elə bir insandır.

Rza müəllim çox gözəl övladdır. Bu müddət ərzində, bu 10 ildə mənim gördüyüm, hər gün şahidi olduğum o oldu ki, Rza müəllimin anasına qarşı xüsusi bir məhəbbəti var. Atasının xatirəsinə hörməti, anasına məhəbbəti var. Onların arasındakı münasibət elə bil 4 yaşlı oğlan uşağı ilə 20 yaşlı ananın arasındakı münasibətdir. Onların məhəbbəti çox təmiz idi, çox səmimi idi. O, hər gün işə gələndə mənə Zəkiyyə müəllimənin səhhəti haqqında danışırdı.

Rza müəllim çox gözəl ailə başçısıdır. Onun ailəsini tanıyan bir adam kimi deyə bilərəm ki, o, həddindən ziyadə qayğıkeş insandır. İstər həyat yoldaşına, istər qızlarına, istər nəvələrinə qarşı çox qayğıkeş bir adamdır.

Rza müəllim əsl insandır, dostdur. Yəni, hər zaman müraciət edə biləcəyimiz dostdur, insandır. Bir hadisəni deyim. Keçən il mənim atam rəhmətə gedəndə o, mənə çox mənəvi dayaq oldu. Mən işə çıxandan sonra demək olar ki, hər gün işə gələndə o, mənə nə isə gətirirdi. Konfet, mürəbbə, şirniyyat və s. Mən də zarafatla deyirdim ki, Rza müəllim, siz də mənim bu acılı günlərimi şirinləşdirmək istəyirsiniz. Əgər söz ilə deyə bilmirdisə də, hərəkəti ilə, jestlə insanın kefini açmaq istəyirdi.

Rza müəllim elə bir adamdır ki, ona hər hansı bir problemi danışanda, biz unutsaq belə, o gecəni yatmayıb onu düşünür və çıxış yollarını tapır. Rza müəllim adamların problemi ilə yaşayan bir insandır. Rza müəllim əsl insan, əsl dostdur. Rza müəllim haqqında sözümü Nazim Hikmətin ona yaraşan üç misrası ilə bitirmək istəyirəm.
Mən bir insan,

Təpədən dırnağa iman,

Təpədən dırnağa kavğa

Hasret


Ümiddən ibarət

Bir insan!


Şöbə adından sizə hədiyyə təqdim etmək istəyirik.

70 yaşınız mübarək olsun! (Hədiyyə təqdim edilir).



Muxtar Kazımoğlu: Əziz dostlar, çox gözəl məclis oldu. Afaq xanımın da çox gözəl çıxışını eşitdik. Biz müdafiələrdə Afaq xanımın quru-quru sənəd oxumağının şahidi olurduq. Amma Afaq xanım, ilk dəfədir ki, bu otaqda belə hərarətlə danışır. Bu hörməti qazanmaq hər adama qismət olmur. Arzu edək ki, bu məhəbbətin üzərinə bir o qədər də məhəbbət gəlsin. Yəqin ki, belə də olacaq, çünki Rza müəllim elə bir insandır ki, onu sevməmək qeyri-mümkündür. Rza Xəlilov insanlara zərif, incə münasibəti ilə, əsəbiləşəndə belə əsəbiliyi büruzə verməmək mədəniyyəti ilə bir örnəkdir. Rza müəllimə yeni yaradıcılıq uğurları, həmişə belə məhəbbətin içində dənizdə üzən kimi üzməyi arzulayıram.
8 dekabr 2014-cü il

Paşa ƏFƏNDİYEV

filologiya üzrə elmlər doktoru,

professor, əməkdar elm xadimi
RZA MÜƏLLİM
Mən onu belə çağırıram. Rza Xəlilovu mən Folklor İnstitutundan tanıyıram. O zaman hələ institut yaranmamışdı. Dədə Qorqud elmi-mədəni mərkəz adlanırdı. O vaxt mən oraya getmirdim. Pedaqoji İnstitutda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri idim. Kafedrada 6 professor var idi, çətin idarə olunurdu, vaxtım olmadığına görə oraya gedə bilmirdim. Birdən kafedranı mənim əlimdən aldılar. Asudə vaxtım çox oldu. Elə bu zaman böyük alimimiz, mərhum Yaşar Qarayev mənə evə zəng çaldı. Dedi ki, Paşa müəllim xahiş edirəm heç olmasa həftədə bir gün Mərkəzə gedib bir-iki saat oturum. Onda mən sevimli tələbəm Mahmud Allahmanlıya dedim ki, gəl oraya gedək. Getdik, əməkdaşların lap çox gur olduğu otağa daxil olduq. Mədəni mərkəzin direktoru bizim keçmiş tələbəmiz Hüseyn İsmayılov idi. O, bir tərəfdə oturmuşdu, başını qaldırmadan astadan dedi ki, nəhayət Paşa müəllim də gəldi. Mən tez bir zamanda Mədəni mərkəzə isinişdim. Hər həftə beşinci gün saat 10-da gəlib saat 2-3-də gedirdim. Dədə Qorqud mərkəzinin hər bir işində iştirak edirdim. Xüsusilə, Mərkəzin elmi sovetində məsləhətlərimi əsirgəmirdim. Böyük bir konfrans keçirildi, Novruz bayramına həsr olunmuşdu. Mən də məruzəçilərdən biri idim. Məruzənin əlyazmasını məndən aldılar, onun taleyindən xəbərim olmadı. Dissertasiya müdafiəsində yaxından iştirak edirdim. Məsələn, Hüseyn İsmayılovun doktorluq dissertasiyasının müzakirəsində yaxından iştirak etdim. Çıxışım “Dədə Qorqud” jurnalında çap olundu. Məni professor İsrafil Abbaslının “Azərbaycan folkloru” şöbəsinə götürdülər. Rza Xəlilov da həmin şöbədə idi. Ona görə də biz tez-tez görüşür, folklorumuzun müxtəlif sahələrinə aid problemlərdən söhbət açırdıq. Mən dostum, qardaşım Rza haqqında nə deyə bilərəm. İşgüzar, istiqanlı, mehriban, diqqətli, cəfakeş və sairə onun xüsusiyyətindəki əsas cəhətlər idi.

Bir gün bizim hamımızın müəllimi olan M.H.Təhmasib mənə evə zəng elədi. Dedi ki, Paşa müəllim mən sizə demişdim ki, şöbənizdə ərəb nağılları haqqında dissertasiya hazırlanır. İndi o, hazırdır. Xahiş edirəm onun opponentliyini qəbul edin. Əlbəttə, mən məmnuniyyətlə bu təklifi qəbul elədim. Dissertasiya xoşuma gəldi, yaxşı bir rəy yazıb müəllifi Rza Xəlilova təqdim elədim. Rza müəllim çox uğurla dissertasiyanı müdafiə elədi. Mən birinci opponent idim. İkinci opponent Aida İmamquliyeva idi. O da dissertasiyanı bəyənmişdi, yaxşı təhlil apardı, yüksək qiymətləndirdi. Rza Xəlilovun dissertasiyası folklorşünaslığımızda yeni hadisə idi, orijinal əsər idi. Mən də onu yüksək qiymətləndirmişəm. Sonda belə bir kiçik qeydlə rəyimi tamamlamışdım: Rza Xəlilov özünə tələbkarlıqla yanaşan diqqətli tədqiqatçıdır. Əsər üzərində illərlə işləyib. Dünya folklorşünaslığında bu problemin qoyuluşunu öyrənib. Folklorşünaslığımızda ilk dəfə ərəb və Azərbaycan nağıllarının oxşar, fərqli cəhətlərini aydınlaşdıran, tipoloji yaxınlığı göstərən yaxşı bir əsər yazmışdır.

Folklor İnstitutunda müdafiə şurası yaradılmışdı. Onun sədri Hüseyn İsmayılov, həmsədri də mən, elmi katibi isə Rza Xəlilov idi. Çox səliqə ilə işləri idarə edirdik. Ən çox zəhmət Rza Xəlilovun öhdəsinə düşürdü. Elə oldu ki, Hüseyn müəllim xəstələndi, dissertasiyaların isə çox qızğın müdafiəsi günləri idi. Bütün ağırlıq Rza Xəlilovun və bir də mənim öhdəmə düşdü. Rza müəllim çox səliqə, ehtiyatla işləri hazırlayıb Sovetə çıxarırdı, sənədləri çox diqqətlə yoxlayırdı. Müəyyən bir vaxtda biz bu işin öhdəsindən gəldik. Yenə də əsas zəhmət Rza müəllimin üzərinə düşürdü. Onun səliqə və işgüzarlığı bizi çox razı salırdı.

Rza müəllim zəhmətkeş alimdir, əsl folklorşünasdır. Xalq ədəbiyyatı əsərlərinin çox incəliklərini dərk edir və bu nümunələr üzərində müşahidələr aparır. Çox zamanlar Rza müəllim çox dəyərli, alicənab bir işlə məşğuldur. Məlumdur ki, hələ XX əsrin əvvəllərində bizim folklor əsərlərimiz ya mətbuat səhifələrində çıxıb yaxud da kitabça halında işıq üzü görüb. Rza müəllim ərəb dilinin bilicisidir. Özü də ərəb əlifbası ilə ən çətin, mürəkkəb qaynaqları oxuya bilir. Mən bunu onun bir alim, folklorşünas kimi ən əhəmiyyətli cəhətlərindən biri hesab edirəm. Həm XX əsrin əvvəllərindən çap olunan kitablar və həm də 30-cu illərdə repressiyaya uğramış böyük folklorşünaslarımızın kitabları indi nadir nüsxəyə çevrilib. Onları yalnız ayrı-ayrı şəxslərin evlərindən, kitabxanalarından tapmaq mümkündür. Məsələ burasındadır ki, bizim gənc folklorşünaslarımız ərəb əlifbasını oxuya bilmir, onların bu kitablara əli çatmır. Rza müəllim lütflə onları latın qrafikasına çevirib gənclərin ixtiyarına verir. Bu çox alicənab işdir və həm də mən deyərdim ki, xeyriyyəçilikdir. Çünki bizim hamımızın qardaşımız Rza Xəlilov bu işləri tamamilə təmənnasız həyata keçirir. Beləliklə, bizim folklorşünaslıq elmimizi zənginləşdirir. Bu kitabların adlarını mən çəkmirəm, çünki Rzanın həmkarları bu barədə geniş danışacaqlar.

Əzizim Rza, mən heç vaxt düşünməzdim ki, sənin 70 yaşın var. Ulu Tanrı hamımızdan yaxşı görür və kəramətini əsirgəmir. Rza müəllim xüsusilə indiki vaxtda, Azərbaycan xalqının Folklor İnstitutu kimi məbədi olduğu vaxtda şəxsən sən xalqımıza od və su qədər lazımsan. Mən çox sevinirəm ki, sənin sorağın hazırda həm də bizim milli məbədimiz olan Əlyazmalar İnstitutundan gəlir. Unudulmaq qorxusu olan vaxtilə Azərbaycan xalqının dimağından süzülən əsərlərə yeni, ikinci həyat vermək üçün Sənə cansağlığı, daha böyük enerji, Sənin şəxsiyyətində olan mehribanlığın, işgüzarlığın, qayğıkeşliyin, istiqanlılığın həmişə var olduğunu və daha da zənginləşməsini Ulu Tanrıdan arzu edirəm. 70 yaşın mübarək, əzizim. Səni qucaqlayıram və öpürəm.

Səni çox istəyən və gördüyün səmərəli işlərini qiymətləndirən Paşa müəllim.


20 dekabr, 2014-cü il

Каталог: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu hacalı NӘCӘFOĞlu azәrbaycanda vә Türkiyәdә


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə