AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
SƏDNİK PAŞA PİRSULTANLI
AZƏRBAYCAN ŞİFAHİ XALQ ŞEİRİ VƏ HECA VƏZNİNİN İNKİŞAF TARİXİ
“TƏKNUR”-2013
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.
Elmi redaktoru: Şakir Albalıyev
Filologiya elmləri namizədi
Rəyçilər: Nizami Cəfərov
AMEA-nın müxbir üzvü, professor
Məhərrəm Qasımlı
Filologiya elmlər doktoru, professor,
Dövlət Mükafatı laureatı
Sədnik Paşa Pirsultanlı (Paşayev)
“Azərbaycan şifahi xalq şeiri və heca vəzninin inkişaf tarixi” 482 səh.
“Azərbaycan şifahi xalq şeiri və heca vəzninin inkişaf tarixi” adlı əsərdə Azərbaycan şifahi xalq şeirinin mənzum atalar sözü, mənzum tapmacalar, eləcə də, bayatı və qoşmalar daxilində təkamülü və inkişafı izlənilir. Konkret olaraq aşıq şeirinin XVI əsrdən başlayaraq bu günə qədər şifahi xalq poeziyasında və yazılı ədəbiyyatda mövcud olan növləri və şəkilləri təhlilə cəlb edilir. Bu əsər alimlər üçün, hətta, tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr üçün əvəzsiz bir şeir yaradıcılığı abidəsi olacaqdır.
İSBN: 978-9952-445-13-8 @ “Təknur”, 2013
Azərbaycan xalq şeirinin inkişaf mərhələləri
Azərbaycan yazılı ədəbiyyatında heca, əruz şeir vəznləri və sərbəst şeir forması mövcuddur. Lakin, Azərbaycan xalq şeirinin inkişafı heca vəzni ilə bağlıdır. Azərbaycan milli vəzni olan heca vəzninin bitkin ölçüsü on bir hecalı şeirdir. Lakin bu milli vəzni qazanana qədər Azərbaycan xalq şeiri böyük təkamül, təkmilləşmə və inkişaf yolu keçmişdir. Azərbaycan xalq şeirinin inkişafı haqqında, qismən Əmin Abid, Araz Dadaşzadə, Şəmistan Mikayılov və başqaları danışmışlar.
Heca vəzninin ilk tədqiqatçısı ədəbiyyatşünas Əmin Abid heca vəznindən danışarkən, əsasən, aşıq şeiri kontekstində tədqiqat aparmışdır.
Əlbəttə, Əmin Abid o dövrdə mənzum atalar sözlərini, mənzum tapmacaları toplayıb tədqiqata cəlb edə bilməzdi. Bu, uzun müddət və gərgin əmək tələb edən ciddi bir məsələdir. Bu vəzifəni yerinə yetirməyi öz öhdəsinə götürən, təvazökarlıqdan kənar olsa da mən olmuşam. Doğrudur, məndən əvvəl bəzi tədqiqatçılar mənzum atalar sözünün şeiriyyətinə toxunmuşlar. Lakin, onun heca vəzninin öyrənmək məsələsini qarşıya qoymamışlar.
Bizə görə, heca vəzni atalar sözünün qoynunda yetişmiş, formalaşmışdır. Atalar sözləri iki misra-iki misra, yəni beyt-beyt qafiyələnir. Lakin, Azərbaycan xalq şeiri iki misradan ibarət deyil, dörd misradır. Ona görə də biz mənzum tapmacalara müraciət etmişik. Məlumdur ki, mənzum tapmacaların əksəriyyəti dörd misralıdır. Bu isə heca vəznli Azərbaycan şeirinin tələblərinə tam uyğundur. Tapmacaların qoynunda bağlama-bayatıların, cinaslı bayatıların meydana gəlməsini müəyyənləşdirmişik. Lakin, Azərbaycan şeiri forma etibarı ilə dörd misra olsa da onun əsas forması on bir hecalıdır. Atalar sözünü kəmiyyət etibarı ilə hesablayarkən beş və yeddi hecalıya nisbətən on bir hecalının qat-qat az olduğunu görürük. Abdulla Şaiqin, Əmin Abidin, Hənəfi Zeynallının mülahizələrinə istinad edərək on bir hecalı şeirin sazla əlaqədar, yəni telli çalğı alətləri ilə bağlı yarandığını müşahidə edirik. Bütün bu nəzəri müddəaların işığında araşdırmaları müəyyən istiqamətə yönəltmişik.
Məlum olur ki, doğrudan da, atalar sözünün qoynunda xalq şeiri özünün ilkin formalarını yaratmışdır:
Yaz yağışı bar gətirər,
Qışın çəni qar gətirər.
Bu şeir nümunəsi deyil, bəs nədir?
Nə yoğurdu, nə yapdı,
Hazırca kökə tapdı.
Mənzum atalar sözü fəslində bunlar geniş təhlil olunmuşdur. Bax, bu aşağıdakı on bir hecalı qoşma bəndi sazın köməyi ilə yaradılmışdır:
Evimizin dalı xırda təpələr,
Orda yağış yağsa, burda səpələr.
Mücrümdə qalıbdır almaz küpələr,
Heç birin taxmadım, yar sən gedəli.
Heca vəzninin təşəkkülündə, təkmilləşməsində və inkişafında təkcə mənzum tapmacalar və aşıq qoşmaları iştirak etməmişdir, külli halında mərasim nəğmələri, uşaq düzgüləri, nağıl pişrovları mühüm rol oynamışdır. Hətta, bu sahədə yanıltmacların da öz yeri vardır. Bir xalq düzgüsündə deyilir:
İcili-micili,
Şoşan qıcılı.
Başqa bir mərasimdə:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
Yanıltmaclarda qafiyə sistemi əvvəlki nümunələrə nisbətən sərbəst haldadır. Bunlar uşağın tələffüzünün, nitqinin, sinir sisteminin, beyin fəaliyyətinin inkişafına güclü təkan verir. Hətta, bunun bəzi nümunələrinin mükamilə şəklində qurulması bu kiçik janrda dərin, psixoloji məqamları təsvir eləməyə imkan yaradır.
Çəpərə baxdım: -Mən də, mən də.
Bağçaya düşdüm:-Mən də, mən də.
İtlər hürüşdü:-Mən də, mən də.
Nağıl pişrovlarında daha poetik nümunələrə rast gəlirik:
Az getdi, üz getdi,
İynə yarım yol getdi.
Və yaxud:
Təpələrdən yel kimi,
Dərələrdən sel kimi.
Ayrı-ayrı şeir nümunələri arasında əlaqə, qarışıq inkişaf prosesi onun yeni formalarını yaradıb, meydana çıxarıb. Hətta, atalar sözlərində əmredici notlara da rast gəlirik.
Açaram sandığı,
Tökərəm pambığı.
Başqa bir atalar sözündə acizanə fikirlərə rast gəlirik:
Allahdan buyruq,
Ağzıma quyruq.
Hətta, mənzum atalar sözünün son məqamlarında tapmacaya bənzər yeni nümunələrə rast gəlirik. Bu aydınca göstərir ki, mənzum atalar sözü, mənzum tapmacalar, düzgülər, xalq mərasimləri ayrı-ayrılıqda deyil, bir külli halında mürəkkəb inkişaf prosesi nəticəsində heca vəznini formalaşdırıb meydana çıxarmışlar. Əgər atalar sözlərində:
Bağda ərik var idi,
Salam məlik var idi.
Bağda ərik qurtardı,
Salam məlik qurtardı.
Mənzum tapmacalarda da yaradıcılıq prosesi bu şəkildə davam edir:
Bazardan qazan aldım,
İçinə quyruq saldım.
Qazan əridi,
Quyruq qaldı.
Dostları ilə paylaş: |