SÜNNƏT TOYU
Bütün müsəlman aləminə vacib olan bir toy mərasimi də sünnət toyudur. Kommunist rejimi zamanı vəzifəli adamlar bu toyu gizli şəkildə keirərdilər. Hətta bu toyu keçirənləri vəzifəsindən azad edirdilər. Vəzifəsi olmayan hər kəs isə bu toyu istədiyi kimi keçirə bilərdi. Bu toyu keçirməzdən əvvəl hər kəs özünə və ailəsinə uyğun bir adam – kirvə seçməlidir. Çox zaman kirvə yaxın dost və ya qohum olurdu. Kirvəliyin çox ağır şərtləri var. Məsələn, deyərlər ki, filənkəsin qucağına qan tökmüşük, kirvə olmuşuq. Onun ailəsinə kəm baxmaq, hətta qızı ilə evlənmək belə olmaz. Sünnət olacaq uşağın kirvəsi bəllənəndən sonra kirvəyə və onun ailə üzvlərinə hədiyyələr alınır, bir-neçə gün əvvəldən xonçalar tutarlar və kirvənin görüşünə gedərlər. Həmin gün kirvə ilə danışıb toyun vaxtını müəyyənləşdirərlər. Toy günü kirvə və ailəsi sünnət olunacaq uşağa pal-paltar, şirniyyat alar, xonçalarla toya gələrlər. Həmin gün bir neçə saatlıq toy çalınar. Yaxın qohum-qonşular toyda iştirak edər və pul salarlar. Kirvə toy mərasimindən sonra bu ailənin yaxın adamı sayılar və bir ömür boyu aralıqdakı münasibətə hörmətlə yanaşarlar.
YEDDİ KEÇİRMƏK
Naxçıvanda təzə ana olmuş qadın və onun körpəsi üçün yeddi keçirərdilər. Bunun üçün önəmli qırx gün keçir və bu müddətə qədər körpəni gəlib görməmiş qohum-əqraba körpəni görməyə gəlir. Qız anası körpə üçün yorğan-döşək, pal-paltar, müxtəlif hədiyyələr hazırlayır. Naxçıvanda deyərlər ki, birinci uşaq qız anasınındır. Qırxı çıxmamış uşağın və ananın üstünə xəstə və nə vaxtsa xəstəliyinə görə dua yazılmış, çiləsi olan, tez-tez uşağı düşən qadınlar gələ bilməz və gəlməzlər də. Çünki körpə xəstələnə bilər. Ev adamı da körpənin üstünə ət gətirməz. Deyərlər ki, körpənin boyun əzələləri gec bərkiyər və başı əsər. Başqa sözlə, başını dik tuta bilməz. Qırxı çıxan körpənin nənələrindən biri çimizdirib qırxını tökər. Əgər körpə oğlansa, suya qırx dənə arpa, qızsa, qırx dənə buğda atıb ən sonunda bu suyu uşağın başından ayağına doğru tökərək deyirlər: “Qırx suyu tökdüm, vacibdir qürbətən illəllah!” bundan sonra uşaq hər gün bir arpa və ya bir buğda boyu böyüyər. Qırx çıxandan sonra keçiriləcək Yeddinin günü müəyyənləşdirilib qohum-əqrabaya, tanış-bilişə çatdırırlar. Yeddinin özünəməxsus menyusu var. Bura illərdən bəri dəyişməyən ənənəvi, Naxçıvana xas küftə, zirətov və ballı qayğanaq daxildir. Bütün Azərbaycanda bu cür yeməklər olmasına baxmayaraq, Naxçıvanlılar bu təamları ayrıca özəlliklə, özlərinə məxsus ədviyya və tərzlə hazırlayırlar. Məsələn, küftə belə hazırlanır: Əti əvvəlcə iri daşın üstündə taxta toxmaqla yaxşı-yaxşı döyürlər. içərisinə noxud, soğan, düyü əlavə edib sonradan bir xeyli də əldə əlləyirlər. Küftənin olmazsa olmazı məzrə, sarıkök, duz, istiot vurub tam hazır hala gətirirlər. Yağ-soğan qovrulmuş iri qazana küftənin suyunu qoyub qaynadırlar. Bu suya da duz, istiot sarıkök, zəfəran qatdıqdan sonra hazırlanmış ətdən iri küftələr tuturlar. Bu küftələr iri olduğundan iki nəfər güclə yeyib bitirir. Məclisə iri qabların içərisində gətirirlər. Eyni zamanda, süfrəyə doğranmış quru lavaş da verirlər. Bu ondan ötəridir ki, əvvəlcə küftənin suyuna quru lavaş doğrayıb yeyirlər, sonra isə küftənin özünü bölüb yeyirlər. Bəzi bacarıqlı qadınlar küftənin içərisinə kiçik çolpa, yumurta alça və ya zoğal turşusu da qoyur. İkinci yemək zirətovdur. Zirətov quymağa bənzəyir. Lakin eyni şey deyillər. Quymaq buğda unundan, zirətov isə düyü unundan hazırlanır. Naxçıvanda zirətov təzə gəlin olmuş qızlara, zifaf gecəsinin səhəri, bir də yenicə ana olduqdan sonra mütləq yedizdirilir. Nəvə gözləyən nənələr doğuma bir-neçə həftə qalmış mütləq düyü isladıb döyürlər. Ununu sərib qurudur və vaxtı gəlincəyə qədər saxlayırlar. Zirətovu düyü ununu bol yağda qovururduqdan sonra içərisinə sarıkök, zəfəran, şəkər qatılmış xüsusi şərbət töküb hazırlayırlar. Axır məqamda içərisinə cəviz də əlavə edib süfrəyə verirlər. Zirətovun yağı hökmən üzünə çıxmalıdır. Onu bişirən qadınlar görsələr ki, zirətovun yağı üzə çıxmadı əsası olmayan bir yalan uydurub danışarlar. Bu zaman zirətovun yağı üzə verər. Buna deyərlər ki, “zirətov yağını qusdu”.
Üçüncü yemək isə ballı qayğanaqdır. Naxçıvanda bu yeməyi Ordubadlı qadınlar daha gözəl hazırlayırlar. Qaynanası məclisdə iştirak edən adamların sayına görə hazırlanan qayqanağa, əsasən yağ, yumurta və baldan istifadə etməklə hazırlanır. Özəlliyi ondadır ki, qayğanağın yumurtası təzə və soyuducuya qoyulmamış olmalıdır. Məsələn, beş nəfər üçün nəzərdə tutulmuş qayğanaq belə hazırlanır: 10 ədəd kənd yumurtasının içərisinə bir xörək qaşığı un, 2-3 x.q. su əlavə edib ağarıncaya qədər çalırlar. Bu zamana qədər çox da hündür olmayan qalın materialdan hazırlanmış xüsusi qazanı da 0,5 kq-a qədər kərə yağını qaynar hala gəlincəyə qədər ocaqda qızdırıb üstünə çalınmış yumurtanı yavaş-yavaş əlavə edirlər. Qayğanaq tort kimi qalxır və yaxşıca qızarır. Sonra onu qazandan çıxarıb üzərinə bal əlavə edirlər, məclisə dilimlənmiş halda verirlər. Körpə üçün Yeddini oğlan anası verir. Bu bir növ körpənin anadan olmasını qeyd etmək üçün verilən ziyafətdir. Bu ziyafətdə yalnız qadınlar iştirak edir. Məclisdə uşağa gətirilən əşyalar, hədiyyələr bir-bir nümayiş olunur və Yeddi bununla bitmiş olur.
AD QOYMA
Naxçıvanda yeni anadan olmuş uşağa Ad qoyma mərasimi keçirilir. Bunun üçün tayfanın böyüyü, ağsaqqalı, ailənin böyükləri (dindar bir müsəlman da ola bilər) çağırılır. Ev yiyəsi kiçik qonaqlıq və ya çay süfrəsi hazırlayır. Bu zaman uşağı hökmən gələn qonaqların üstünə çıxarmaq lazımdır ki, uşağın üstünə ağırlıq çökməsin. Uşağın bir qulağına əzan, o biri qulağına isə iqamə oxunur, sonra üç dəfə uşağın adını qulağına çağırırlar. Deyirlər ki, uşağın adını qulağına çağırmasan, yalançı olar.
SÜD DİŞİ
Naxçıvanda uşağın anadan olması ilə bağlı mərasimlərdən biri də ilk süd dişini çıxaran uşağa hədiy qoymaqdır. Hədiyi körpənin nənələrindən biri qoyar. Deyərlər ki, hədiy qoyulsa, körpənin dişi asanlıqla çıxar. Məlumdur ki, körpə ilk dişini çıxaran zaman çox nadinclik edir, xəstəhal olur, hər şeyi ağzına aparıb gicişən diş yerinə sürtməyə çalışır. Hədiyə buğda, noxud, qarğıdalı, lobya, mərcimək, maş vururlar. Bunları bir gecə qabaqdan suda isladır, səhəri günü bir-neçə dəfə qaynadıb suyunu dəyişirlər ki, hədiyin rəngi qaralmasın. Hədiyə qoyulmuş bu dənli bitklilər tam bişdikdən sonra süd töküb hazır olana qədər bişirmək lazımdır. Ən sonunda hədiyin duzunu vurarlar. Hədiydən yaxın qohum və qonşulara pay qoyarlar. Hədiydən yeyən hər kəs körpəyə bir hədiyyə alar. Hədiyin suyundan körpəyə də yaladarlar ki, dişi asanlıqla çıxsın. Hədiydən həyətdəki quşlara, toyuqlara da atarlar.
DİL AÇAN KÖRPƏLƏRİN İLK SÖZLƏRİ
*Ak – vurmaq
*Bappa – ayaqqabı
*Bəbə – uşaq
*Bibit – maşın
*Cici – paltar
*Cızza – isti, qaynar, od
*Cücü – toyuq
*Düvə – su
*Dənq – qənd
*Düdüd – maşın
*Obba – gəzmək
*Ufu – yara
*Üfə – yemək
*Pəpə – çörək
*Nəm-nəm – yemək
*Qaqa – şirniyyat
*Hottu – yoxdu
*Məci – qoyun
*Ququş – xoruz
TOYLA BAĞLI
ATALAR SÖZÜ VƏ DEYİMLƏR
*Ana çıxan ağacı, qız budax-budax çıxar.
*Analı qız, xınalı qız.
*Analının özü, anasızın sözü böyüyər.
*Anam mənə kor deyib, gəlib-gedənə vur deyib.
*Ananın çörəyi qızına yavanlıqdır.
*Arşınına bax bezini al, anasına bax, qızını al.
*Aşı yağ tutar, arvadı ər tutar.
*Aşın yağı bol olar, gəlinin üzü ağ olar.
*Bayraməlisiz toy?!
*Bəy öz toyunda oynayar ki, ucuzluq olsun!
*Erməni toyu dümbəksiz?!
*Evdə qalanda kiçik qız, ərə getmək istəyəndə yaşı çatmış.
*Ər tutanı el tutar, ər atanı el atar.
*Ərə gedən qızın dili altında qənd gərək,
*Gəlin atlandı, ya qismət dedilər.
*Gəlin bağlı qovundu, necə çıxacağı bəlli olmaz.
*Gəlin deyər: “özümə yer eləyim, gör, sizə nə edəcəyəm?!”
*Gəlin deyər: Anam deyib ki, qaynava zalım ol, mənim canım, gözüm ol!
*Gəlin deyər: həm ağlar, həm gedərəm.
*Gəlin durdu ayağa, başlı başını saxlasın!
*Gəlin gəlin olmaz, düşdüyü ev gəlin olmasa.
*Gəlin ocağa düşər.
*Gəlinə duvaq, divara suvaq.
*Gəlini gərdəkdə, küçüyü dəməkdə.
*İz eşşəyindi, əməl gəlinin.
*Qaynana deyər: Qızım otursun, payız gününün altında, oğlu ilə. Gəlinim otursun yaz günəşinin altında qızı ilə.
*Qaynanalı gəlinin dilinin altında fənd gərək.
*Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar.
*Qız deyər: “Qız idim sultan idim, nişanlandım xan oldum, ərə getdim qul oldum, ayaqlara çul oldum.”
*Qız evi naz evi.
*Qızı mini istəyər, biri alar.
*Qızı özbaşına buraxsan, ya halvaçıya gedər, ya zurnaçıya.
* Küllükdən qız adamı tox, oğlan adamı ac gedər.
*Nigahda kəramət var.
*Oğlan deyər, ana bir qız gördüm. Ana deyər: gəlin olsun, sonra gör. Oğlan deyər: ana, bir gəlin gördüm, ana deyər: birini doğsun, sonra gör (ana demək istəyir ki, qız ana olana qədər çox dəyişir).
*Oğlan evi alanacan, qız evi ölənəcən yalvarar.
*Oğlan evinin xəbəri yox, qız evində toydur.
*Süpürgəyə gəlin dedilər başını aşağı tikdi.
*Toy deyiblər ki, adamın bağrı çatlamasın.
*Toy gedəndi, toxlu qalandı.
*Toy toxlusu kimi ortalıxda qalıb.
*Toya gedər oynamaz, yasa gedər ağlamaz.
*Toyda donunu tanıyandı.
*Toydan sonra nağara, xoş gəldin, Bayramağa!
NAXÇIVANDA YAS MƏRASİMİ
Azərbaycanın bütün bölgələrində toy adət-ənənəsi olduğu kimi, yas adət-ənənəsi də var. Toydan yazmaq, danışmaq nə qədər rahat və ürək açandırsa, yas, hüzr barəsində danışmaq bir o qədər çətin və sıxıcıdır. Ancaq nə etmək? Atalar deyib ki, xeyirlə şər qardaşdır. Dünya ölüm-itim dünyasıdır. Nə qədər iraq olsun, Allah göstərməsin desək də, xeyir də, şər də insan üçündür. Allah ölənlərə rəhmət, sağlara can sağlığı versin! Müasir dövrümüzdə yas mərasimlərində təhrif və yad ünsürlərə yer verilir. Məsələn, əvvəllər heç bir müsəlman məclisində ehsan bu qədər təm-təraqlı, al-əlvan şirniyyatlı, meyvəli verilməzdi. Dorğusu, bu cür cah-cəlallı yas mərasimlərində olduqda adamı təəccüb hissi bürüyür. Sanki yas məclisi deyil, bir ad günü və ya hər hansısa ziyafət məclisinə yemək-içməyə qonaq çağırılmısan. Ölənin, ev yiyəsinin dərdi bir tərəfə qalır, iştirakçılar yeyib-içərək deyib gülür, söhbət edirlər. Adamın lap qol açıb oynayası gəlir. Mən birinci sinfə gedəndə nənəm rəhmətə getdi. 1957-ci ildə mənim 8 yaşım var idi. İlk dəfə insan ölümü ilə onda tanış oldum. Mənim yas, hüzr haqqında deyəcəklərim mənim 8 yaşındakı dünya görüşümün məhsulu deyil. Sonralar anamı, atamı və iki qardaşımın gənc oğullarını da amansız əcəl apardı. Ancaq mən onların da ölümündən deyil, Naxçıvandakı yas adət-ənənələrindən yazmaq istəyirəm. Əzizini itirmiş ailə birinci günü başı həşrində olur. Nə edəcəyini bilmir. Meyidin hökmən gözlərini bağlayıb çənəsini bir ağ dəsmalla çəkmək lazımdır Bütün qohum-qəbilə, qonum-qonşu mütləq yığılır, ölünün üstünə bir örtü sərib, üstünə güzgü və yaxud qayçı və ya bıçaq qoyurlar. Sonra ölünü yumaq üçün yuata aparırlar. Ölünü yumaq üçün mürdəşir çağırırlar (Buna pəşir də deyirlər). Əgər yaxın qohum-qonşuda belə birisi varsa, əlavə adama ehtiyac qalmır. Rəhmətə gedən qadındırsa, örtülü bir yerdə bir-neçə qadının köməkliyi ilə (ölü ağır olur) onu yuyurlar. Bu zaman mərhumənin qızı, gəlini, yaxın qohumları gəlib bir parç su töküb ölüyə halallıq verməlidirlər. Ölüyə bir-neçə qüsul verirlər. Birincisi, meyid, cənabət, heyiz, kəsirə və s. qüsullar verirlər. Yuyulduqdan sonra ölüyə 12 metr ağdan kəfən biçilib geyindirilir. Üç yerdən düyünlənir. Ayaq, baş və beldən düyünlənir. Həmin gün ölüyə əli dəymiş hər kəs mütləq çimib meyid qüsulu almalıdır. Dəfnə hazırlanmış meyidi yerdən götürən molla uca səslə minacat oxuyur. Ölünü üç dəfə yerdən götütürb qoyurlar. Üçüncü dəfə götürürlər, götürüldüyü yerə bir daş parçası qoyarlar. Yas evinə hər yerdən son vida, son borc deyə ev yiyəsinə ürək-dirək vermək üçün onun yanına yığışırlar. Meyidi basdırmaq üçün yalnız kişilər gedər. Qadınlar mərhumun 40-na qədər qəbristana getməz, evdə yas tutarlar. Qəbristanlıqda mərhumun başı üstündə cənazə namazı qılarlar. Mərhumu qəbrə qoyduqdan sonra mərhumun yaxınlarından biri qəbrə düşüb mollanın oxuduğu dua ilə birlikdə ölünü yavaş-yavaş silkələyər. Mərhumdan peyğəmbərini, imamlarını Nəbisini soruşarlar. Dualar oxunar, dəfn edərlər. Sonra hüzr evinə qayıdıb növbəti gün üçün tədarükə başlayaralar. Yasın birinci günü qohum-qonşu yas evinə bir sıra yemək bişirib gətirər, ev sahibini də yedizdirməyə çalışarlar. Qaydaya görə, mərhumun paltaralarının bir qismini mürdəşirə, bir qismini ehtiyacı olan kasıblara paylayarlar. Ölən adamın yorğan-döşəyi üç gün ərzində yuyulmalıdır. Ancaq bu işi evin gəlini deyil, qızı etməlidir. Əgər qızı və ya bu işi edə biləcək birisi ailədə yoxdursa, bir nəfərə pul verib bu işi gördürmək gərəkdir. Yasın ikinci günündən gələnlərə limonlu çay, nahar və şam yeməyinə isə ehsanlıq plov verilir. Plovun yanında göyərti, pendir, lavaş mütləq olur. Molla mütləq ehsan yeyənlərə deyir ki, ola bilsin ki, yeməkdən doymayanlar var, pendir çörəkdən tikələyib yeyin. Yeməkdən sonra süfrə duası oxunur. Hamı əl götürüb Allaha dua səna edir, və ölənin ehsanının qəbul olunmasını Allahdan təmənna edirlər. Yasın üçüncü gününə qədər ölü sahibləri gəlib-gedənin ayağına durmaz. Başsağlığını oturduqları yerdən alarlar. Ölünün üçü, cüməaxşamı, yeddi, qırx, qara bayramı və ili verilir. Birinci cüməaxşamından məclisə gülab paylanılır. Birinci cüməaxşamı ölü sahibi gələnləri yola salarkən ayağa durmalıdır. Həmin gün mütləq halva çalınır. Halva çalarkən bütün yaxın qohum və qonşular iştirak etməlidirlər. Hər kəs unu bir müddət yağın içərisində qovuraraq ölünün ruhuna fatihə oxuyaraq halallıq verər. Birinci cüməaxşamından etibarən halva hər yeməkdə süfrəyə verilir. Yas məclisi bir, bəzən iki cüməaxşamı davam edir. Gəlib gedən mərhumun qırxına qədər davam edir. Naxçıvanda yas mərasimi çox ağır keçir. İmkanı az olanlara qohumları kömək edirlər. Yas mərasimi qadın və kişilərə ayrıca çadırlarda keçiririr. Qadın məclisi çox zaman mərhumun evində olur, kişilər üçünsə həyətdə çadır qurulur. Səhər saat 11-dən axşam saat 7-8-ə qədər məclis davam edir. Axşam məclisinə xətiraxşamı deyirlər. Molla Qurani-Kərimdən surələr oxuyur, qadın məclislərində mərsiyələr deyilir, bu zaman ev yiyəsi və qonaqlar ağlaşırlar və ya ehtiramla əyləşib qulaq asırlar. Arada ürəyi dolu, yaslı, yaralı ev sahibi və yaxın qohumlar ağı deyib ağlaşırlar. Ağılar ölənin qadın və kişi, cavan və ya qoca olması ilə dəyişir. Məsələn, bacısı ölən birisi deyir:
Bacı, bacın deyiləm,
Başda tacın deyiləm.
Get, özüvə bacı tap,
Ta mən sənin bacın deyiləm.
Və ya oğlu ölən ana deyir:
Kababı kim bişirər?
Kim duzlar, kim bişirər?
Oğulsuz anaları,
Qəbrə kim düşürər?
Ağlayan başdan ağlar,
Kiprikdən qaşdan ağlar.
Oğlu ölən analar
Durub o başdan ağlar.
Xoruz ban verəndə gəl,
Yaram qan verəndə gəl.
Xəstə oldum gəlmədin.
Bari, can verəndə gəl.
Sənəm, yasamı gəldin,
Daban basamı gəldin?
Xəstə düşdüm gəlmədin,
Öldüm yasamı gəldin??
Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim.
Dindirmə, qan ağlaram
Yaman çağımdır mənim
Məni görən ağlasın,
Zülfüm hörən ağlasın,
İndikini demirəm,
Əzəl görən ağlasın.
Mən aşiq badamı var,
Narı var, badamı var.
Gəl qapımı açginan,
Desinlər adamı var.
Əzizim anam ağlar,
Dərdimi qanan ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Yaralandım yanımdan,
Quşlar doymaz qanımdan.
Daha mənə əlac yox,
Bezarradım canımdan.
Anası ölmüş bir qız isə belə ağı deyir:
Ananı qızlar ağlar,
Gülü nərgizlər ağlar.
Anası ölmüş qızlar
Gecəbəgündüz ağlar.
Bağa girdim bağbansız,
Dəvə gördüm sarvansız.
Aləmə dərman dedim
Özüm öldüm dərmansız.
Dərd məndə üz görübdür,
Meydanın düz görübdür.
Gedir-gedir qayıdır,
Məni yalqız görübdür.
Ağılar bayatı ilə olduğu kimi, sözlə də ifadə olunur. Bir və ya iki cümə axşamı davam edən yas məclisi bitdikdən sonra yas sahibi mərhumun qırxına hazırlaşır. Qırxa xüsusi dəvət edərlər. Dəvət olunmamış adam qırxa gəlmir. Burada yaxın qohum və qonşular iştirak edir. Əvvəlcə yasda olduğu kimi, molla Quran oxuyur, mərhumun yaxşı işlərindən söhbət salıb tez-tez ruhuna fatihələr göndərilir. Ehsan süfrəyə gəlib yeyildikdən sonra kişilər ayrı, qadınlar da ayrı qəbir üstə gedirlər. Kişilər mərhumun qırxına qədər hər cümə axşamı, qadınlar isə qırxından sonra hər cümə axşamı qəbir üstə gedərlər. Naxçıvanda ilin son çərşənbəsi, ilaxır günü hər kəs qəbir üstünə gedib, ölüsünə quran oxutdurar, sonra gəlib bayramını keçirər. Mərhumun qırxına qədər aralığa hər hansı əziz bir bayram, Novruz, Qurban, Ramazan düşsə, o zaman qara bayram keçirib? yasdan çıxmış olarlar. Qara bayarama çağırılmadan da hər kəs gedər, sonra borcunu ödəmiş olar. Qara bayrama da molla gətizdirib Quran oxutdurarlar, ehsan verərlər, yeyib-içdikdən sonra qəbir üstünə gedərlər, yasdan çıxmış sayılarlar. Qara bayramda əsasən, qoğal, halva, undan hazırlanmış az şəkərli şiriniyyatlar ortalığa qoyub, çayla ikram edərlər. Qara bayram verildisə, daha qırx verməyə ehtiyac qalmaz. Mərhumun il dönümünə qədər onun qəbri götüzdürülür, bu da hər kəsin gücünə, qüvvəsinə görə həyata keçirilir. Əvvəllər indiki qədər mərmərli, büstlü və süstlü qəbir abidələri yox idi. Və azacıq qəbirüstü abidəni abardanlara da yaxşı baxmırdılar. Deyirdilər ki, müsəlman qəbri itməlidir. Ölənin ardınca çox ağlamaq da günah sayılır, deyərlər ki, Allaha ağır gedər. Allah yaratmışdı, Allah da aldı. Allaha qarşı çıxmaq olmaz! Bir də bir qəbrə bir-neçə (zaman keçdikdən sonra) ölü basdırmaq adəti də var. Belə bir deyim var ki, bir qəbrə, bir neçə ölü düşər. Bu həm də ona görə yaxşı adətdir ki, qəbristanlığın çox böyüməsinin qarşısını alır. Bir ölü və ya bir qəbir bütləşdirilmir. Çünki eyni qəbrə 30-40, bəzən də çox ildən bir yeni öləni də dəfn edirlər. Bu halda qəbir açılır. 40 il əvvəl ölənin sümükləri bir torbaya yığılır, yeni ölənin nəşi qəbrə qoyulduqdan sonra əvvəlkinin sümükləri ayaq altında yenidən dəfn edilir.
YASLA BAĞLI
ATALAR SÖZLƏRİ VƏ DEYİMLƏR
*Allah üzüpərdəli ölüm versin.
*Allah sıralı ölüm versin.
*Aş vermişəm aşımı ver, yaş vermişəm yaşımı ver.
*Bir toyda deyər, bir də yasda.
*Bəd xəbər tez yayılar.
*Bir gün yaranan bir gün ölər.
*Atdan düşdü ölmədi, eşşəkdən düşdü öldü.
*Halva pilov yalandır, ölüyə qalan Qurandır.
*Ölünü özbaşına qoysan, kəfənini bulayar.
*Ölüsü düşən bir gün, dəlisi olan hər gün ağlar.
*Gordan evə getdi.
*Hamının Allaha bir can borcu var.
*Olumla ölümün çarəsi yoxdur.
*Ölüvü qoy, dirivi ağla.
*Ölənlə ölmək olmaz.
*Gorda yatacağın gün, evdə yata bilməzsən.
*Üç gün azar, bir gün məzar.
*Sağlığında kor Fatma, öləndə badam gözlü.
YASLA BAĞLI TƏSKİNLƏŞDİRİCİ SÖZLƏR
*Nur içində yatsın
*Torpağı bol olsun
*Xanım Fatimeyi Zəhraya qul olsun
*Yeri cənnət olsun
*Allah rəhmət eləsin
*Allah ehsanını qəbul etsin
*Torpağı xəbər aparmasın
*Ölüdən şeytan keçib
*Torpağı sanı yaşayasan
YASLA BAĞLI İNANCLAR
*Meyid basdırılan gün boş qəbrə yağış yağsa, deyərlər ki, ardınca çox adam aparacaq.
*Meyidin əli açıq qalarsa, deyərlər ki, dünyadan doymayıb. O halda əlinə bir ovuc torpaq töküb ovucunu yumarlar.
*Arvadı ölən kişi ikinci dəfə evlənərsə, arvadın yaxın qohumları qəbir üstünə gedər, içi su ilə dolu saxsı qabı qəbir üstündə sındırarlar. Guya su qəbirin üstünə dağılanda ərinin ikinci dəfə evlənməsindən mərhum çox narahat olmaz və bir sərinlik tapar.
ÖLÜMLƏ BAĞLI QARĞIŞLAR
*Sən öləsən!
*Ölüvü görüm!
*Yuxavı yayım!
*Halvavı yeyim!
*Torpaq səndən uca dursun!
*Qaravı geyim!
*Kəndirin qırılsın!
*Boyuva boz ip ölçüm!
*Boyuva qəmiş ölçüm!
*İçinizə qıran düşsün!
DİNİ AYİNLƏR
Mərsiyə dedizdirmək: Naxçıvanda dini ayilnlərdən ən çox mərsiyə dedizdirmək, əhyə gecəsi saxlamaq və imam süfrəsi açmaq həyata keçirilir. Mərsiyəni bir, iki, üç, beş gün dedizdirirlər. Burada əsas niyyətdir. Məsələn, birisi niyyət edir ki, oğlum sağ-salamat əsgərdən dönsün, üç gün mərsiyə dedizdirim. Və ya birisi təzə ev tikdirib hər-hansı bir arzusu baş tutursa, mərsiyə dedizdirməyi niyyət edir. Bu ayində yalnız qadınlar iştirak edirlər. Ev döşənir, qonaqları qarşılmaq üçün və ehsan vermək üçün hazırlıq görülür. Qadın molla dəvət olunur, çağırılan adamlar müvafiq vaxtda cəm olub, qayda ilə yerdə döşəkçələr üstdə əyləşirlər. Məclisdə əsasən yaşlı qadınlar əyləşir, cavanlar ayaqüstə iş-güc görür, yemək bişirir, çay qoyur və ilaxır. Molla oturanlarla hal-əhval tutduqdan sonra mərsiyə deməyə başlayır. Oturanlar takt tutaraq dizlərinə və sinələrinə vururlar. Mərsiyədə əsasən Kərbəla müsibəti, İmam Hüseyin, İmam Həsən xanım Zeynəb, qolları vurulmuş Əbülfəzl Abbasın ölümündən bəhs edilir. Molla bəzən elə yanıqlı səslə mərsiyə deyir ki, oturanlar ağlaşırlar. Məsələn o, deyir:
Zeynəb görüb gəlibdir,
Hindəni məlal1 ilən.
Sağı solunda vardır
Kəniziz calal ilən.
Verin cavabı ona
Ah ilə, fəğan ilən.
Məclis 2-3 saat davam edir. Bu arada ortalığa limonlu çay verilir. Məclisin sonunda ehsan olaraq yemək gətirilir. Yeməkdən əvvəl hökmən əl suyu verilməlidir. Əl suyu vermənin xüsusi qayda-qanunu var. Cavan qadınlardan biri bir əlində məhrCəba, aftafa-ləyən ilə məclisə daxil olur. Məclisdə birinci mollaya əl suyu vermək lazımdır. Sonra məclisdə seyid və seyidələr varsa, onlara, sonra isə yaşlılardan başlayıb cavanlara doğru oturanların hər birisinə əl suyu verilir. Mərsiyədə verilən yemək ev sahibinin niyyətindən asılıdır. Plov da ola bilər, bozbaş da və s.
Verilən ehsan süfrəsinə əvvəlcə çörək və duz gələr. Yığışanda isə ən son onlar götürülər. Süfrəni yığmazdan əvvəl hamının yeməkdən əl çəkməsini gözləyən molla süfrə duası oxuyur. Ev sahibinin ölülərinə salavat və fatihə surələri oxunur. O cümlədən, məclisdə iştirak edənlərin də əzizləri yada salınır. Allahdan verilən ehsanın qəbul olnumasını təmənna edərlər. Verilən salavatlarda peyğəmbər və onun ailəsi, imamlarımız, seyid və seyidələr, şəhidlər xüsusi qeyd olunur. Hətta bədvaris (pis övlad) və bivarislər (övladı olmayanlar) də yaddan çıxmır. İmam süfrəsi təxminən bu cür icra olunur. Ehsan verilir, müqəddəslər yad edilir. Əhyə gecələri isə əsasən Məhərrəm və Ramazan ayında həyata keçirilir. Gecəni qadınlar bir otağa yığışıb müqəddəsləri yad etməklə namaz qılıb həmdü-sənalar və dualar oxumaqla keçirirlər.
NAXÇIVANDA MƏHƏRRƏMLİK MƏRASİMİ
Məhərrəmlik mərasiminin Naxçıvanda çox qədim bir tarixi var. İnqilabdan əvvəl Cənubi Azərbaycandan Arazı keçərək məxsusən bu mərasimi keçirmək üçün mollalar gələrdi. Bir ay müddətində bu mərasimi keçirər, Məhərrəm ayının 9-cu 10-cu günlərini, yəni aşuranı və tasuranı şəhər meydanında şəbih çıxarmaqla başlarını yarar, sinələrinə, kürəklərinə zincir vurardılar. Sovet rejimi zamanı bu mərasimi kommunistlər mümkün qədər ciddi cəhdlə xalqdan uzaqlaşdırmağa çalışar, hətta VPK-nın və müxtəlif partiya təşkilatlarından məscidlərə, imamzadalara adamlar ayırar, xalqı bu mərasimi keçirməkdən uzaqlaşdırmağa çalışardılar. Ancaq nə qədər buna çalışsalar da, nə Kərbəla müsibətini, nə də şəhid imamlara olan sevgini xalqın qəlbindən çıxara bilmədilər. Xalqın qəlbində bir inam, bir iman, bir Allah xofu var idi. Naxçıan əhli Məhərrəm ayında toy, nişan və bu kimi şənliklər əsla keçirməz, qadınlar saçlarına, əllərinə xına qoymaz, hətta sifətlərindən bir tük belə aldırmazlar. Naxçıvan ümumiyyətlə, dindar bir yerdir. Xüsusilə, də nehrəm, Ordubad Culfada bu mərasim cidd-cəhdlə qorunur. Culfa rayonunun Bənənyar kəndində isə bu günə qədər aşurə günü imamların və yezidin silahlı qoşunu rəmzi mənada bir-neçə tərəfdən gələrək qarşılaşır. Gələnlər ağköynək olub kənd meydanında növhələr deyirlər, uca səslə ağlayırlar və eyni vaxtda qətl sınan anda öz başlarını hətta kiçik yaşlı uşaqların da başını xəncərlə yarırlar. Al qana bələnmiş iştirakçılara xalq həmən yardım edir, evə aparır başlarına yağlı qara qoyurlar. Xalq bunu inamla sevərək etdiyindən heç kəsə bir şey olmur. Çox tez bir zamanda sağalıb iş-gücləri ilə məşğul olurlar. Bənənyarlılar bu günə can-başla hazırlaşır. Hər evdə ən azı on nəfərlik ehsan süfrəsi açılır. Naxçıvanın hər yerindən bu mərasimi izləməyə gələnləri yalavara-yalvara evlərinə aparır yedirtməmiş buraxmazlar. Bənənyarlılar deyir ki, bu ehsanda nə hikmət varsa, Allah ehsanımızın əvəzini çox əliaçıqlıqla bir-on qaytarır. Həmin il bağ-bostan da verimli olur, məhsulumuz çoxalır, bərəkətimiz artır. Məhərrəmliyin onuncu günü qətl sınır, camaat imamların 40 günlük təziyəsini saxlayır. Bu günlər qadlnlar evlərində əhyə gecələri keçirir.
Məscidlərdə ehsan olaraq çay və şərbət paylayırlar. Məhərrəm ayı hüzn ayı olmaqla, eyni zamanda daxilən paklaşma, yardımlaşma ayıdır. Bu ayda bütün müsəlmanlar xeyir əməllərlə məşğul olmağa, ehsanlar verməyə, kasıblara yardın etməyə çalışırlar. Hətta bu günlərdə insanlar bir-birinə acı söz deməkdən çəkinər, rəhmli olmağa çalışarlar. Məhərrəm ayı hər il on gün irəli çəkilir. Bunun da əsas səbəbi odur ki, ilin hər bir günündə bu müqəddəs gün qeyd olunmuş olsun.
Dostları ilə paylaş: |