Key words: Nakhchivan folklore, Nizami Ganjavi, story, legend, Khamsa, folklore
Tahir NƏSİBOV
AMEA Folklor İnstitutunun elmi işçisi
NİZAMİNİN “YEDDİ GÖZƏL” ƏSƏRİNDƏ TÜRK DÜNYA QAVRAYIŞI VƏ “QESER” DASTANI İLƏ BƏZİ UYĞUNLUQLAR
Maddi və ruh dünyalarının müstəqil olaraq öz daxillərində və qarşılıqlı olaraq bir-biriləri ilə elə bir düzənli tarazlıq, əks olunmalar var ki, biz onları yalnız ümumiləşdirilmiş şəkildə, qabarıq halda təsəvvür edib qavraya bilirik. Lakin maddi və ruh dünyalarını təşkil edən ayrı-ayrı sahələrə xüsusi diqqət yönəltməklə istədiyimiz, təsəvvür edə biləcəyimiz mücərrəd və ya dəqiq nəticələrə gələ bilirik. Bəşəriyyət tarixinin irəli inkişafı, müasir dövrdəki açılmış elmi nəticələri ilə riyaziyyat, fizika, kimya, biologiya və s. elmlərə aid olan dəqiq və yekun məntiqi qanunlarla maddi dünyanın ayrı-ayrı sahələrinin inkişaf xüsusiyyətlərini dərk edib qavrayırıq. Nisbi səviyyədə olsa da eyni inkişaf nəticəsinə biz dünya xalqlarının şifahi xalq ədəbiyyatını (dünya qavrayışları, baxışlar, inanclar, əfsanələr, nağıllar, dastanlar və s.) və ayrı-ayrı dünyəvi deyilən və qeyri dinləri incələməklə ruh dünyasında da gəlib çatmışıq. Lakin etiraf etməliyik ki, ruh səviyyəsində hələ biz maddi aləmdəki dərk etdiyimiz məntiqi qanunlar kimi qətiyyətli yekun nəticələrə yetişə bilməmişik. İnanırıq ki, yaxın gələcəkdə ruh aləminin inkişaf qanunlarına bizlər dini vəsvəsə, keçmişdən genlərə hopmuş təşvişlər, tərəddüdlərlə yox, soyuqqanlı surətdə elmi qanunlar kimi yanaşacağıq. Nəyə görə bir olan Tanrını dərk etmək üçün yəhudiliyin, xristianlığın, islamın, buddaçılığın və s. inancların daşıyıcıları işıqlanmaq üçün bir-birindən kəskin surətdə fərqlənən dualar və ayinlər icra edirlər, bunları yerinə yetirdikdə isə uyğun olmayan sayı da təkrarlayırlar və hər dinin mənsubu qəti surətdə sərhədlənmiş, ölçülüb-biçilmiş sayda dua oxuyub səcdə edir. Eyni ilə nə üçün semit-hamitlərin ruhunu oxşayan rəqəmlər hind-avropalılarda, türksoylularda böyük əhəmiyyət daşımırlar, yaxud da əksinə? Bizləri öz ovsunlarında, sehrlərində saxlayan bu dini və inanc ölçülərini dərk edib qavramağa cürət verən də elə bunların tədricən ayrılıb inkişafına təməl və səbəb olmuş dünya xalqlarının şifahi ədəbiyyatlarının inkişaf tarixidir.
Bir anlığa özümüzü ulu əcdadlarımızın dünyabaxışları, inancları, müqəddəs dəyərləri üçün düşünmədən özlərini qurban verdikləri 3-4 min il əvvəldə hiss edək. Bu gün biz, adətən, Tək Tanrı və əcdad ruhundan başqa bütün qədim müqəddəs dəyərlərə istehza ilə yanaşırıq. Lakin bizim hələ tam olaraq qavrayıb dərk edə bilmədiyimiz həmin qədim dövrdən başlanğıc alan hər hansı bir irqin, soyun, xalqın ruh dünyasını əks etdirən rəqəmlərin sehri, ovsunudur. Bu gün biz min illər əvvəl ulu əcdadlarımızın min, yüz illərlə böyük fiziki və ruhi gərginliklərdən keçməklə əsasını qoyduqları hesabları -1-dən 10-na, 100-ə, 1000-ə və s., ilin 365 günə, 12 aya bölünməsini, həftənin 7 gün olmasını, Günəş ilinin tam olmasını və s. adi bir gündəlik ölçülər kimi qəbul edirik. Lakin açıqca dərk edirik ki, bu riyazi hesablardakı ardıcıllıq 1-dən 10-a, 100-ə, 1000-ə olmalıdır, 2-dən 3-ə, 7-yə, 16-ya və s. yox. Yaxud insanın təsir imkanından kənarda, təbii yolla göy qurşağının 7 rəngli (4 yox,10 yox, ancaq 7 miqdarda) olması. Bilirik ki, nə üçün Pifaqor teoriyası məhz h2 = a2+b2 –dir, çevrənin həcmi Пr2-dir, uzunluğu 2 Пr-dir, ədədi silsilə m2-dir, həndəsi silsilə n4-dür və s. Dərk etdiyimiz kimi, bunlar və yüzlərlə başqa elmi kəşflər olan qanunların arxasında sonda müəyyən dəqiq riyazi rəqəmlər dayanır. Həmin bu qanunauyğunluğun mənaca fərqli, mahiyyətcə eyni inkişafı ruh aləminin tərkib hissələrindən biri olan şifahi xalq ədəbiyyatının minilliklərlə ölçülən inkişaf tarixində yaranıb və əks olunub.
Bəli, yüz min illər ərzində qədim insanabənzərlərdən şüurlu insanların maddi tərəfdən təşəkkülü və irqlərin seçilib ayrılması ilə bərabər olaraq ruh cəhətdən də onların genetik kodları, yığcam olaraq əks edib cəmləşdirən sonsuz sayda fiziki və ruhi gərginliklərin dəqiq tarazlığa çevrilməsi ilə göy qurşağındakı rənglərin seçilib vəhdət yaratması, müasir fizikanın müəyyənləşdirdiyi uzun, orta, qısa, ultra və s. dalğalar, musiqinin təməli olan 7 səs, bilinməyən, lakin müəyyənləşdirməsi mümkün olan təbiət və fiziki qanunlar kimi hər bir irqə, soya, xalqa köklü surətdə xas olan xüsusi rəqəmlər sehri, ovsunu, ölçüsü yaranıb. Necə ki suyu qapalı şəraitdə dondurub buz etmək, əridib təkrar suya çevirmək, onu da qaynadıb buxara döndərmək, soyuq mühitdən keçirməklə bir daha suya çevirməklə heç bir maddi itkiyə uğratmadan dövri çevrilmə halı yaratmaq olar, eyni inkişaf qanunauyğunluğu ilə hər hansı bir irqin, soyun, xalqın tarixi maddi və ruh dəyərini özündə cəmləşdirib yığcamlaşdıran, daxili müqəddəs dəyərlər daşıyan və əks edən rəqəmlərin ölçüsü, təkrarsızlığı, ahəngi, sehri, ovsunu ilə onların minilliklərlə ölçülən maddi və ruh hallarını canlandırıb idarə etmək olar. Hər hansı bir quşun, heyvanın, suda yaşayan delfinin səslərinin, hərəkətlərinin sayını olduğu kimi təkrarlayıb yamsıladıqda onlara təsir edə bilirik, istədiyimiz hərəkətləri az da olsa yerinə yetirirlər. Burada axtardığımız əsas incəlik canlıların ancaq səsləri və hərəkətləri dəqiq, müəyyən sayda, ölçüdə təkrarlamalarıdır. Əgər biz onların təkrarladıqları sayda eyni səsləri, hərəkətləri etməsək, tabe olmazlar. Bütün cansız və canlı varlıqların ruhları Tanrının idarə etdiyi əsas Böyük ruhun tərkib hissələri olduğu və Tanrı qarşısında eyni dəyərdə olmaqla milyard, yüz milyon, on min illər ərzində tədricən ardıcıl olaraq bir-birlərindən təkamül alaraq inkişaf edib yarandıqları üçün qədim insanabənzərlərdən şüurlu insanların, onlardan da müasir insanların törədikləri qanunauyğunluqla, tərəddüd etmədən deyə bilərik ki, fiziki dünyadakı qanunauyğunluğun inkişaf ölçülərinin hesablarının, canlılar aləmindəki instinktiv və intuitiv təkrarların və şüurlu insan aləmində ruh dünyasında minillər ərzində xüsusi özəlliklər almış rəqəmlər ovsunu, sehri arasında birbaşa əlaqəli ardıcıl inkişaf asılılığı var və mahiyyətcə ayrı-ayrı dünyaları təmsil etsələr də keyfiyyətcə öz dünyalarının daxili aləmi üçün eyni dərəcədə əhəmiyyət daşıyır.
Nisbi səviyyədə olsa da, qısa olaraq dərk etməyə çalışdığımız cansız və canlı aləmlərin bir-birindən ardıcıl olaraq asılı olan bu təbii və pozulmaz qanunauyğunluqları ilə də ümumdünya şifahi xalq ədəbiyyatında və bütünlüklə dünya ədəbiyyatı tarixində ruh aləmini riyazi ölçülərdə əks edib bəlli edən rəqəmlər dünyasından da keçmişi qiymətləndirib dəyərləndirməyə çalışacağıq; ruh aləmində və ədəbiyyatda tarixi keçmişə yeni bir yanaşma cığırı hesab etsək, mülahizələrimizin nə qədər gerçəkci və əsaslı olması bu yeni mövzu ilə maraqlananların dəyərləndirmələri, qiymətləndirmələri ilə öz təsdiqini, güman edirik ki, tapacaqdır.
Beləliklə, müdafiə etdiyimiz fikirlərimizdə cürət edib özümüzə inam, haqq qazandırmaqla deyə bilərik ki, irqlərin, soyların, çoxsaylı xalqların ruh dünyasını və şifahi xalq ədəbiyyatının qədim dövrlərində xüsusi əhəmiyyət daşımış rəqəm ölçülərinə, hesablarına adi hal kimi baxmaq yanlış olardı. Bunlar da onları müqəddəs, dəyərli hesab edənlərin maddi və mənəvi dünyaları qədər əhəmiyyətlidirlər və bir-birlərindən ayırmaq da hər hansı bir bədən üzvünü bədəndən ayırmaq kimidir.
Dünyəvi deyilən dinlərin ruh tələbləri hər bir irqin, soyun, xalqın köklü genetik ruh dəyərləri nə qədər qiymətlidirsə, dəyərlidirsə, onları yığcam olaraq ehtiva edən rəqəm hesabları, rəmzlər də bir o qədər əhəmiyyətlidir.
Məqaləmizin mövzusunun tələbinə görə də bu ölçülərdən Nizami Gəncəvi yaradıcılığında türksoylu xalqların şifahi xalq ədəbiyyatının inkişafında dünyabaxışlarında, inanclarında xüsusi əhəmiyyət kəsb edən, xeyirxahlıq keyfiyyətləri saçan rəqəmlərin əks olunmasının bəzi məqamlarını müqayisə edib dəyərləndirməyə cəhd edirik.
Qədim türksoylularda, xüsusən də ural-altaylarda bəlli rəqəmlərin demək olar ki, hər birinin xüsusi ruh əlamətləri olubdur. Lakin bunlardan seçilmiş elə rəqəmlər var ki, onlar daha keyfiyyətli ruh xüsusiyyətləri daşıyıb və bunlar türksoyluların dünyabaxışlarını, inanclarını əks etdirmədə sümükləşərək ayrıca sehrə, ovsuna çevriliblər. Qədim türksoyluların ruh dünyasında və siyasi-mədəni həyatlarında rəqəmlərin ayrıcalıqlı keyfiyyət halları alması bir tərəfdən kortəbii inkişafın nəticəsidirsə, digər tərəfdən siyasi-hərbi ittifaqların qurulmasında iştirakçı tayfaların üzvlüklərinin sayları ilə əlaqəlidir. Əgər 1,3,4,7,8,9,10 rəqəmlərinin genetik xüsusiyyətləri kodlaşdırması minillərin təsiri ilə birinci halda ruhla əlaqəlidirsə, 3,9,10,16,19,24,30,40 və s., ikinci halda gerçək həyatın insanlardan asılı olan və olmayan siyasi-hərbi-mədəni tələbləri ilə həmin rəqəmlər türksoyluların tarixində ayrıca əhəmiyyətli xüsusiyyətlə kökləşib.
1 rəqəmi Tək Tanrı, Ak Börünün tək olması və böyük türksoylu fatehlərin, sərkərdələrin, xaqanların dünyanı tək başına idarə etmək istəyilə Əmir Teymurun “Göydə Tanrı tək olduğu kimi, yerdə də hakim tək olmalıdır” məşhur deyimi kimi, müqəddəsləşib və ümumiyyətlə kişilik rəmzidir.
3 rəqəmi Oğuz Xanın hər bir qadından 3 oğlunun olması və onların arasında tapılmış qızıl yay və üç gümüş oxu sındırıb bölməsi, nağıllarda üç qardaş, üç göyərçin donuna girə bilib qəhrəmana yardım edən qız, monqol-buryatlarda üç xeyirxah-xilaskar bacı, Qeserin üç eyni dəyərli müsbət qəhrəmanları bir yerdə əvəz etməsi, yakut-saxa türklərinin üç kurkanlar və s. adlanmaları ilə müsbət keyfiyyət əlaməti daşıyıbdır.
4 rəqəmi qədim türksoylularda dünyanın dörd bir tərəfinə inancla Günəşin rəmzi işıq bildirən + dörd tərəfli işarə ilə əlaqəlidir və bunlardan da, xüsusən, Şərqə – Günəş çıxan tərəfə və cənuba böyük dəyər veriblər, şimal ilə qərbi soyuq və qaranlıq qəbul etməklə pis ruhlu tərəflər sayıblar.
7 türksoylularda ən müqəddəs dəyər daşıyan əsas (1,7,9,10) rəqəmlərdən biri və türklərin özündə isə ən əsasıdır. Bu münasibətin yaranmasında əsas başlıca səbəb Uca Göyə Tək Tanrının məskəni kimi baxıldığına görə Böyük və Kiçik Ayı bürclərinin hər birində ulduzların sayının 7 olması ilə bağlıdır. Göyə kişi, yerə qadın kimi baxıldığı üçün də 7 rəqəmi kişilik rəmzi kimi möhkəmlənib. Tanrıdan 7 oğul diləmək, türksoyluların yeni yurd salarkən 7 dağdan, təpədən ibarət olan yeri seçməsi, nağıl qəhrəmanının 7 dağ keçdikdən sonra istəyinə çatması, Koroğlunun 7777 dəlisinin olması və s. həmin təsəvvürlərin nəticəsində yaranıb.
9 rəqəmi An-İn (kişi-qadın, xeyir-şər, ağ-qara, işıq-qaranlıq və s.) inancına, fəlsəfəsinə görə kişilik rəmzidir. butanın dəyişik vəziyyəti olmaqla 9 rəqəmi yuxarı tərəfdə kişini (enli kürək), aşağı tərəfdə qadını – 9-un çevrilmiş variantı 6 (beldən aşağı hissənin geniş olması) bildirib. Türklərdə istər kişilər, istərsə də qadınlar uşaqlarının oğlan olmasını ruh səviyyəsində daima arzuladıqları üçün, butanın 6 (qadın) quruluşunu sevməyiblər, 9 (kişi) vəziyyətini daha güclü sayaraq müdafiə ediblər.
10 rəqəmi həm ruh səviyyəsində, həm də riyazi-elmi-hesab cəhətdən türklərə aid olduğu üçün (Xarəzmi ilk dəfə cəbrdə 10-luq say hesabını müəyyənləşdirib) ancaq bunlarda böyük ruh dəyəri daşıyır. Dünyəvi deyilən Semit-hamit dinlərinin müqəddəs kitablarında Allah günah işləyənləri on dəfə ağır cəzalandıracağını deyir. Bütün ölçülərdən ancaq türklər onlara haqsızlıq edənləri on dəfə cəzalandırıb qisas alıblar.
10 rəqəminin türksoylularda köklü ruh xüsusiyyəti daşıması onların Tanrıya çox yaxın olması və onun haqqın, ədalətin qoruyucuları, ilahi ədaləti pozanlarınsa cəzavericiləri kimi tanınmasında da özünü göstərir. Məhz bunun nəticəsidir ki, xristianlıqda türksoyluları “Qoq-Maqoq” adlandırıb “Tanrının qamçısı” hesab ediblərsə, islamda onlara “Allahın əskəri” deməklə haqqın keşikçiləri kimi tanıyıblar. Qeser dastanda 10 ölkənin sahibi, hökmdarı kimi tərənnüm edilib. Yuxarıda söylənənlərdən rəqəmlərin türksoyluların ruh aləmində önəmli yer tutması haqda ümumi təsəvvür yaratmağa çalışdıq.
Türklükdən aşıb-daşıb bəşəriyyətin övladı olmuş N.Gəncəvi haqda nə qədər təmtəraqlı, xoş sözlər işlətsək, zənnimizcə, onun ruhunu incitmiş olarıq. Hüceyrəsinə qədər bütün bəşəriyyəti öz varlığında yerləşdirə bilən bir dahinin nəsihətlərinə ancaq səssizcə əməl olunmalıdır. Necə ki M.Füzuli öz “Leyli və Məcnun”u ilə təkrarsızdır, humanizm, beynəlmiləlçilik, ədalətli hökmdar, cəmiyyət və kainatın nizamı haqda yüksək dəyərli fikirlərinə görə də kimsə Nizami ilə müqayisəyə gələ bilməz. Buna görə də Nizaminin nə demək istədiyini mümkün qədər onun öz demək istədiyi mənada anlamağa çalışmalıyıq.
N.Gəncəvinin ideal hökmdar yaratmaq və tapmaq üçün Makedoniyalı Aleksandrı tarixdə olduğu kimi yox, təsəvvür etdiyi, görmək istədiyi kimi yaratmasının bir dəyişik şəklinə biz “Yeddi gözəl”də fars şahı Bəhram Gurun təsvir olunmasında görürük. “Yeddi gözəl”ə şərh verənlər Bəhram Gurun 420-ci ildə Sasani şahı olmuş Yəzdigərdin oğlu olduğunu qeyd edirlər. (3,7) Lakin əsərdəki ruh qatlarını incələdikdə və farslarla türklər arasındakı 589-cu ildəki çəkişmələri incələdikdə onun daha çox Bəhram Çubinə (Gur) uyğunluğu açığa çıxır. Tarixi gerçək hadisələr təsdiqləyir ki, İran-fars tarixində türklərə ilk dəfə qalib gəlmiş və buna görə də şahlardan da böyük nüfuza, tarixi ad-sana sahib olmuş sərkərdə Bəhram Çubin (Gur) 589-cu ilin avqustunda Herat yaxınlığında, Gerirud çayı ətrafındakı dərədə hiylə ilə türk sərkərdəsi Yan Souxun (Savə şah) ordularını mühasirəyə salmaqla böyük çətinliklərlə təsadüfən onları məğlub edir. Sonralar isə İran taxt-tacı uğrunda çəkişmələrdə məğlub olduqda türklərə sığınır. (6, 150-157) Ümumfars tarixində böyük təsir bağışlayan bu hadisə Firdovsi, Təbəri, Dinəvəri, Səələbi və s. kimi əsasən fars mənşəli şair və tarixçilərin əsərlərində böyük qürur mənbəyinə çevrilir. Bu fikirlərimizin əsaslı olmasına inamı “Yeddi gözəl” də Çinə aid münasibətlərin çox olması da təsdiqləyir. Xatırladaq ki, Sasanilər dövründə türklərə çinlilər, xaqanlara isə çin şahları deyilərdi.
Yəzdigərd öz oğlu Bəhramı Yəmən ölkəsinə göndərdikdə orada hökmdar Nemanın onun üçün rumlu memar Simnar vasitəsilə Xəvərnəq qəsrini tikdirir. Bu qalanı təsvir edərkən Nizami yazır:
Elə bil Təngluşanın yüz min xəyalları cilvələnirdi. (3,55)
Təngluşan adı açıqca Çində türk tabqaçların qurduqları Tan imperiyasına və onun yaradıcısı, sərkərdə, türk əsilli Lu-şana işarədir. Dünya tarixinin ən mədəni və inkişaf etmiş imperiyasının adının çəkilməsi, islam dünyasının Çinə daimi gözəllik və elm məskəni kimi baxması münasibəti də təsadüfi hal ola bilməzdi, xüsusən də Gəncəvi kimi dünya haqda ensiklopedik məlumatlara malik bir dahi üçün. Bəllidir ki, N.Gəncəvi öz qəhrəmanlarını tarixdə olduqlarından daha çox öz bildiyi kimi yaradır. Buna görə də Bəhram Gurun Bəhram Çubin olması bir o qədər də yanlış görünmür. Başqa bir yerdə Çinlə əlaqəli oxuyuruq:
İşə başlamamışdan əvvəl bilsəydim,
Bu çinlilər işinin naxışını
Bu dairədə bir az da bundan yaxşı çəkərdim. (3,56)
Burada da açıqca çinlilərə yüksək rəğbət bəslənilir. Yaxud da Xəvərnəqlə bağlı başqa bir təqdimatda yenə də eyni münasibəti görə bilərik:
Elə gözəl bir behişt bağı oldu ki,
Göy ona Yerin qibləsi,
Kainat isə Çin Baharı deyirdi. (3,57)
“Yeddi gözəl”də rəqəmlərlə əlaqəli xüsusiyyətlərdə diqqəti daha çox çəkən məqamlardan biri də məsnəvinin onluq misralardan ibarət şeir misraları ilə yazılmasıdır. Əgər dahi mütəfəkkir öz fikirlərini ancaq bu sayın əhatəsində tam və aydın şəkildə, məzmunda izah edə bilmişsə, yanılmırıqsa, əvvəlki səhifələrdə vurğuladığımız türklük xüsusiyyətinin on dəfə daha artıq qüvvətli olmasının, Qeserin on ölkəyə sahib olması ruh qavrayışının Gəncəvidə eyni səviyyədə, lakin başqa keyfiyyətdə canlanmasıdır. Gəncəvinin özünü dinlədikdə bəlli olur ki, bu hal heç də təsadüfi deyil, onun ruh aləmi ilə bağlıdır:
Mənim borcum ondan ibarət idi ki, söz əyarını
Onda on verim, onda beş yox.
Mənim ənbərimi heç kimsə almasa,
Maya üçün mənim ipəkdəki müşküm bəsdir. (3,27)
On rəqəminin Gəncəvidə belə yüksək ruh dəyəri daşımasını bir daha təsdiqləmək üçün türk tayfa birliklərindən doqquz oğuz, on uyqur adlarını da önə çəkməliyik, ural-altay mənşəli hun-macar tayfası onqurların adlarında 10 “Qur” və “Gur” qavrayışlarının olması bunların türklərdə müqəddəs dəyərlər daşıdığına işarədir. Böyük türk fatehi Əmir Teymurun öz ağsaqqalı, ruhani rəhbəri Seyid Bərkə və özü üçün tikdirdiyi məqbərənin Gur Əmir adlanması da “Gur” kökü ilə əlaqəlidir və bu kökün məna əlaqələri və çalarları haqda geniş bir araşdırma yazmaq olar.
Tarixi mənbələr yazırlar ki, türklərlə savaşda Bəhram Çubin (Gur) əsasən öz oxçularının məharətinə güvənirmiş. “Yeddi gözəl”də də buna işarələr çoxdur:
O, qranit daşları oxla bir-birinə elə tikirdi –
Heç ipəyi və tirmə parçanı da elə tikmək olmaz.
O, bir nişana ox atarkən
Qovluqdakı bütün oxları haman bir nöqtəyə vururdu.
(3,60)
Ümumi yaradıcılığından görünür ki, Gəncəvi türk-fars tarixi münasibətlərinə, Çin mədəniyyətinə yüksək səviyyədə maraq göstərib. Lakin N.Gəncəvi öz ideallarına sadiq qalaraq, C.Ruminin təbirilə desək, olduğu kimi görünməklə, bəşəriyyətin gələcəyini arzuladığı kimi təsəvvür edib görür, Bəhram Guru insanlıq naminə müsbət yöndə tərbiyə etməyə çalışır.
Qədim türklərdə ruhlar keyfiyyətlərinə, əhəmiyyətlərinə görə dərəcələrə bölünürdü və Göyün müxtəlif qatlarında təsəvvür olunurdu. Əgər əcdadlarımızın ruhuna hörmət olaraq, ümumiyyətlə, sevgi məfhumunu dərəcələrə bölüb mərtəbələsək, birincidə hər bir insanın şəxsi sevgisi, ikincidə valideynlərə, yaxın qohum-əqrəbalara olan sevgi, üçüncüdə ümumxalq, milli sevgi, dördüncüdə ümumbəşəri, insanlıq sevgisi, beşincidə Tanrı sevgisi yerləşməli və qanuni olaraq yuxarı mərtəbələr aşağıdakılardan daha üstün tutulmalıdır. N.Gəncəvi ümumbəşəri və insanlıq sevgisi mərtəbəsində Tanrı sevgisindən uzaq düşməyərək yaşayıb-yaradıbdır. Buna görə də onu yalnız bu mərtəbələrin dəyərləri ilə qiymətləndirmək olar. Bu keyfiyyətlərinə görə də Nizami əsl türk gen yaddaşını daşımaqla və türklərin tarixdəki dəyərlərini olduğu kimi qabartmaqla özü ilə boy ölçə biləcək dünya mədəniyyəti dahilərindən Firdovsi, Dante, Şekspir, Tolstoy və s. kimi klassiklərdən bir baş ölçüsü ucadır. Bu cür qiymətləndirmənin əsas səbəbi də onda, ümumiyyətlə, milliyyətçilik anlayışının olmamasıdır.
N.Gəncəvinin seçkin ümumbəşəri dühalardan olmasını onun yaradıcılığını diqqətlə incələmədən də müəyyən etmək olar. XII-XIII əsrdə islamiyyətin və türklüyün bütün sahələrdə ən yüksək inkişaf səviyyəsinə çatdığı bir dövrdə o həm islamın dini-ruh dəyərlərini, həm də türklüyün məğrur, qürurlu gerçəkliyini, ümumbəşəri insanlıq dəyərlərindən aşağıda tutur. Qeyd etdiyimiz kimi, bu keyfiyyətlər yuxarıda adlarını çəkdiyimiz dünya klassiklərində yox dərəcəsindədir. Buna görə də N.Gəncəvi ulu Nəsimi kimi peyğəmbərlər qatında olmaqla, Tanrıya öz ideallarına görə daha yaxındır. Bəllidir ki, təbəqələrə böldüyümüz sevgi mərtəbələrinin alt qatları olmasa, yuxarıdakılar dayana bilməz, uçub tökülər. N.Gəncəvidə yüksək dərəcədə milli türk sevgisi olmasaydı, humanizm və Tanrıya yaxın mərtəbələrə çata bilməzdi. Buna görə də ədəbiyyatı Firdovsi, Dante, Şekspir, Tolstoy və s. yaradıcılıqları, onların idealları səviyyəsində dəyərləndirib, qiymətləndirənlər N.Gəncəvini haqq etdiyi səviyyədə görə bilmirlər. Nizami humanizmi ondan sonra gələn Qərb intibahçılarının, daha sonra digər ədəbi istiqamətlərin humanizmindən daha geniş və üstündür. Onları minilliklər, yüzilliklər ərzində fasilə vermədən öz siyasi-hərbi və milli-mədəni təsirlərində saxlayan türklər və qısqanclıqla onların tarixi varlıqlarını qəbul etmək istəməyənlər öz ucuz, sönük milliyyətçiliklərilə Nizamini qiymətləndirərək özlərinə də aid edə bilmirlər, türklüyünü də etirafa cürətləri çatmır. Çünki N.Gəncəvi udulmayacaq qədər çox nəhəngdir, ucuz satılmayacaq qiymətdə də çox dəyərlidir.
N.Gəncəvi yüzillikləri qabaqlayaraq və soydaşı Fərabinin ideallarını davam etdirərək bəşəriyyətin tədricən mütləq gələcəyi inkişaf səviyyəsini öncə görərək çoxlu türk ideallarını insanlıq naminə bilərəkdən qurban verdi, milliyyətçilik pərdəsinə bürünmədi və yalnız göydə Tanrıya yön tutaraq böyüklüyünü bir daha təsdiqlədi. Onun bu cür “alturist” yaradıcılıq fəaliyyətinin bir incə məqamı da türksoyluların ruh aləmində, şifahi xalq yaradıcılığında xüsusi əhəmiyyət daşıyan rəqəmlərə olan münasibətindədir. Yuxarıdakı səhifələrdə qeyd etmişdik ki, ruh dünyalarında təkrarsız keyfiyyət xüsusiyyətinə malik olan rəqəmlərin sehri, ovsunu da elə həmin ruhların, dünyabaxışlarının özü qədər əhəmiyyətlidir.
N.Gəncəvinin yaradıcılığında rəqəm anlayışı bəllidir ki, ilk öncə “Xəmsə”nin – beşliyin adından başlayır. “Xəmsə”yə, beşliyə nə səbəbə müraciət etməsi tədqiqatçıların diqqətində kifayət qədər olduğundan bu məsələyə bir daha qayıtmırıq. Nizamidən sonra “Xəmsə” davamçıları 7-lik və 9-luğa keçmişlər. 5,7 və 9 məsnəvidən ibarət əsərlər toplusu yaratmaq T.Məmməd tərəfindən şairlərin islami dünyagörüşü ilə əlaqələndirilir.(8, 10-11)
“Xəmsə”yə daxil olan əsərlərdən isə birbaşa rəqəmlə bağlılığı olan “Yeddi gözəl”dir. Bu adın da müxtəlif yozumları ilə – yeddi səyyarə, meracda keçilən 9 təbəqənin 7-sinə bənzərliklər və s. aranmışdır. Lakin biz burada ilk dəfə olaraq həmin rəqəmin türk dünyaqavrayışında rolu və əsərin bu anlayışa nə dərəcədə aid olub-olmaması məsələsi üzərində duracağıq. Bu poema-məsnəvisində şair böyük ehtimalla, bilincli olaraq, türklərdə xeyirxah, müqəddəs sayılan 7 rəqəmi ilə bərabər, eyni zamanda müqəddəs və xeyirxah, namuslu və döyüşkən heyvan sayılan börüyə, qurda da münasibət bildirib. Bu isə onun öz keçmişinə, xalqına yaxından bağlılığını və mifologiyasına bələdliyini təsdiqləyir. Oğlu Məhəmmədə nəsihətində də bu keçmişə bağlılıq açıq görünür:
Sənin dəmirin nəfis xalis dəmir olsa da,
Yol daşlıqdır, daşlar da maqnitlidir. (3,47)
Çox güman ki, türklərin “xalis dəmir” ifadəsi ilk dəfə dəmiri istifadə etməsinə və Göy Türk xaqanlığının yaradıcısı olan dəmirçi Aşinaoğullarına işarədir. Bunların nəsillərində qurd ana başlanğıcını təmsil edir. Zənnimizcə çobanın dişi qurdla həmrəylik yaradıb 7 baş qoyunu itirən sevimli köpəyini cəzalandırması hadisəsi də, yenə də həmin əcdad, törəyiş təsəvvürünün nəticəsidir. İtin qoruyuculuğu və ona bəslənən etibara “Qeser” dastanında da rast gəlirik. Qeserin sevimli qadını Xas Şixeri öz sarayında iki it, Asar və Xusar qoruyur. (7,133) “Yeddi gözəl”də çobanın iti qurda aldanırsa, “Qeser”də də itlər sürüləri yoxlamaq üçün gedəndə, bunu hiss edən manqus Xas Şixeri oğurlayır. (7,136) “Yeddi gözəl”də hər hansı bir misraya diqqət yetirirsənsə, tükənməz, şəffaf, soyuq, büllur, gur bulaq suyu kimi türklük qaynayır. Eyni səviyyədə ruh xüsusiyyəti əsərdəki rəqəmlərlə də təkrarlanır. Tanrının yaratmasına işarə ilə yazır:
Yeddi göyün bir zərrəsi olan biz,
Sənin yeddi xaricindən xaricik, (3,16) – deməklə, yaradılışda türklərin müqəddəs rəqəmi olan 7-ni əsas götürür. Maraqlıdır ki, N.Gəncəvi çoxluq mənasında da yeddiyə müraciət edir və istər-istəməz bu çoxluqla paralel olaraq “Koroğlu” dastanındakı 7 çoxluğu yada düşür:
Yeddi yüz min illik hesabın hökmü
Onun yeddiyüz min ildən sonra verdiyi hökmə tabedir. (3,19)
Burada Gəncəvi böyük dərinliklə cansız və canlı aləmin bir vəhdətdə olmasını, birindən o birinin yaranmasını təsvir etməklə türkün yeddiliyinin yüz min illərlə əvvəl ruhla bərabər yarandığını açıqlayır.
“Koroğlu”da 7-yə təkrar-təkrar müraciət olunması da türklərdə 7-nin müqəddəsliyi ilə bağlıdır. Dəlilərin sayı və Koroğlunun bu sayla qürrələnməsi də rəqəmin əhəmiyyətini bildirir. Məsələn, Eyvazı Çənlibelə aparmaq istəyən Koroğlu qəssaba deyir: “...Eyvazı aparıram özümə oğul, yeddi min yeddi yüz yetmiş dəliyə sərdar eyləyəm.” (4, 94)
7 rəqəminin artımı “Koroğlu”nun Cənub mətnində daha aydın davam edir. “Dəli Həsən dedi: Ey pəhləvan 7 ildir ki, bu yolu kəsmişəm, Allaha and içmişəm ki, kim mənim arxamı yerə vursa, ömrüm boyu sidq ürəklə ona qul olacağam.”(5,17)
“Dəli Həsən Koroğluya 77 cavan, igid cəngavər qul bağışladı.” (5,18)
“7 yüz nəfər Göycəbeldə Koroğlunun başına yığışdı.” (5,18)
“Qarı dedi: Çənlibeldə 777 dəlisi olan Koroğlusansa, de.” (5,54)
“Xacələr dedilər: Paşanın 7 qızı var, biri Həmzə bəydədir, 6-sı isə bakirə qızdır.”(5,97)
“7 gün, 7 gecə toy büsatı quruldu, 7-ci gecə qızın əlini Dəli Mehtərin əlinə verib, gərdəyə yola saldılar.” (5, 97) Eyni təqdimatı “Yeddi gözəl”də Bəhramın 7 gün, 7 gecə, 7 rəngli, 7 günbəzli sarayda 7 gözəldən 7 əfsanə dinləməsində də görürük.
“Koroğlu Giziroğlu Mustafa bəylə birgə 777 dəlisini başına yığıb, şərab içirdi.” (5, 117)
“Dəmirçioğlu yeddinci göydə olsa da tapmalısınız” (5,159)
Dünyada varlıqlar aləminin qarşılıqlı çevrilmələri qanunauyğunluğu, bu dünyanın ayrılmaz bir sahəsi olan ruh aləminin, şifahi xalq yaradıcılığının inkişafında da öz əksini tapır. Min illərlə xalqların ruh aləmlərində, dünyagörüşlərində, baxışlarında, inanclarında hakim olmuş dəyərlər, qavrayışlar tədricən öz təxəyyül, əfsanə, nağıl keyfiyyətini itirməklə dastanlarda gerçək həyatın tələblərinə daha yaxınlaşırlar. “Yeddi gözəl” bu cəhətdən şifahi xalq yaradıcılığı ilə gerçək həyati dəyərlər arasında keçid vəziyyətində olmaqla Gəncəvinin daimi gerçək ruh aləmindən əfsanə, nağıl, dastan dünyasına bənzər dünyalar yaratmaqla insan cəmiyyətini tərbiyələndirmək istəyini əks edir. Qısa və yığcam təsəvvür etsək, Gəncəvi uca göydə səyahət edən ruh aləminin içində gəzib dolaşır. Bu müstəsna keyfiyyətinə, mifik təsvir dünyasına görə də onun özünü elə nağılların, əfsanələrin, dastanların müsbət qəhrəmanları ilə də müqayisə etsəydik, zənnimizcə, yanlış olmazdı. Maraqlıdır ki, Gəncəvi dünyası özündən 300-400 il sonra yaranmağa başlamış “Koroğlu” dastanının qəhrəmanından daha çox qədim, arxaik dastan qəhrəmanlarının ruh aləmi ilə oxşarlığa malikdir. “Yeddi gözəl”in tərbiyəvi məzmunu isə dastan mövzuları ilə uyğun gəlir. “Koroğlu”da isə gerçək həyata bağlılıq çoxdur və əfsanə, nağıl, təxəyyül əlamətləri zəifdir. Daha düzgün olardı ki, deyək ki, “Yeddi gözəl”in mövzusu və inkişaf xətti müstəsna hal olaraq türksoyluların şifahi xalq yaradıcılığının qədim və orta əsrlər ənənələrinin canlı inkişafından fərqli olaraq bir dahi tərəfindən bilərəkdən yaradılmasıyla qiymətli, təkrarsız xalq yaradıcılığı incisidir.
Bəllidir ki, ural-altay köklü türklərlə monqolların şifahi xalq yaradıcılığına xas olan qədim dünyabaxışları, inancları eynidir. Gəncəvi yaradıcılığında ruh təbəqəsi əsasən qədim türksoylu əcdadlarının dünyadərklərində, inanclarında, əfsanə, nağıl, dastan dünyalarında hind-avropalı (fars, yunan) və semit-hamit (yəhudi, ərəb) mənşəli xalqların əsas dünyabaxışlarını həzm etməklə yarandığı üçün, digər tərəfdən də deyə bilərik ki, həm də onun monqol şifahi xalq yaradıcılığı ilə ümumi birliyi var.
Bir az əvvəl qeyd etdiyimiz kimi, gerçək vəziyyətdə Gəncəvinin düşünülmüş tərbiyəvi dünyabaxışının ruh genişliyi ilə ural-altayların (türksoyluların) əfsanələrində, dastanlarındakı ruh dünyaları, qəhrəmanları arasında çox yaxınlıqlar, oxşarlıqlar var. Fərq yalnız ondadır ki, birində hər şey bilincli, digərində isə minilliklər ərzində kortəbii surətdə yaranıb. Diqqətə çatdırdığımız bu uyğunluqlar ilə də deyə bilərik ki, Gəncəvinin göyün adından danışıb, ilahi iradəyə uyğun tərbiyələndirməsi və “Yeddi gözəl”də verilmiş mövzular ilə Oğuz xanın, Qeserin öz xalqlarını və himayəsində olanları şər qüvvələrdən qorumalarının mifik inkişafı arasında, yaranma səbəbləri fərqli olsa da, mövzu, ruh birliyi eynidir.
Oğuz xan qeyri-adi şəkildə doğulur. Onun evləndiyi birinci qız göyün işığından, ikincisi ağacın gövdəsindən doğulmaqla Uca Göyün hikmətilə yerə göndəriliblər. “Oğuz xan” mətninin qısalığı ilə dastanın başlanğıcında Göyün (Tanrı) istəyi ilə qəhrəmanın doğulması və qeyri-adi evlilikləri, xalqını idarə etməsi tarixi mövzuca və əhəmiyyətcə bundan onlarla iri həcmi olan “Yeddi gözəl”dən və “Qeser”dən heç də az əhəmiyyətli deyildir. Daha doğrusu, türklərin qədim dastanlarından olması ilə çox qiymətli mənbədir. Uluğ Türükün məsləhəti və yuxusunun gerçək olması ilə Oğuz xanın üç oğlunun Şərqdən qızıl yay tapmaları, digər üç oğlunun isə Qərbdən üç gümüş ox tapmaları və ataları tərəfindən tapdıqlarının üçə bölünməsi, qədim türksoyluların göy, təbiət varlıqlarına inanclarına, sitayişinə görə oğlanlarının adlarının Gün, Ay, Ulduz, digərlərinin Göy, Dağ, Dəniz qoyulması qədim ruh qavrayışlarını qısa və yığcam həcmdə, məzmunda dastanda əks etdirir. Diqqət etsək, yayın Şərq, oxun isə Qərb tərəfdə tapılması, oxun yaya qoyulması ilə Qərbdən Şərqə doğru hərəkət istiqamətini ifadə edir. Bunun özü də qədim türksoylularda Günəşə, işığa yüksək dəyər verildiyinə görə Şərq tərəfin xeyirxah tərəf olması ilə Günəşin buradan çıxması və işıq şüalarının oxlar kimi Qərbə, qaranlığa yayılması təsəvvürünü yaradır.
Göy tüklü qurdun yol göstərməsi ilə Oğuz xanın qərbdə Sindi (Hindiquş dağlarının cənubu), Şamı (Aralıq dənizinin ətraflarını) öz torpaqlarına qatması yenə də oxun və işığın istiqamətinə uyğundur.
“Qeser”də dastanın başlanğıcında dünyanın, təbiətin, müqəddəslərin, qəhrəmanın yaradılışı nəql olunur:
Nə vaxt bizim dünyamızın kalpası (aləmi)
Yeni yaranmağa başlayırdı,
Nə vaxt xoşbəxtliklərlə dolu Sumeri dağı
Təpə idi.
5. Nə vaxt Səndəl ağacı Kalparikşa (dünya ağacı)
Kol idi ... (7,129)
Ümumiyyətlə, “Oğuz xan”, “Qeser” , “Koroğlu” və s. dastanların quruluşunda və ilk başlanğıcında təsvir , təqdim və tərənnüm xüsusiyyətləri türksoylularda ümumi bir dastan anlayışının olmasını təsdiqləyir. Tanrı, dünyanın başlanğıcı haqda qısa, yığcam, yaxud da dastanlara görə geniş, mənalı, fəlsəfi fikirlər verildikdən sonra, onlarda qədim türksoylulara xas dünya qavrayışlarının müxtəlif şəkilləri ilə əlaqəli təsvirlər yaradılır. Bu cəhətdən “Yaradılış” dastanında dünyanın var olması, Tanrı Kayra Xanın, ucsuz-bucaqsız suyun (okeanın) oluşu, Ak Ananın sudan görünüşü, Kişinin (adamın) yaranması, torpağın böyüməsi ilə dünyanın yaranması, doqquz budaqlı ağacın (dünya ağacı) budaqlarından 9 adamın yaranması, şeytan-insan Ərliyin yerin altındakı üçüncü qata qovulması, Kayra xanın Göyün on yeddinci qatında işıqlı aləm yaradıb yerləşməsi, Ərliyin dünyasını Mandişirəyə dağıtdırdıqdan sonra onu yenidən yerin altıncı qatına göndərməsi və yeddinci qatda Gün Ana, altıncı qatda Ay Atanın yerləşməsi digər dastanların quruluşu və mövzunun inkişaf müxtəlifliyi üçün ölçü vahidi olardı desək, zənnimizcə, yanlış olmazdı. “Qeser” dastanı qeyd etdiyimiz ölçülərə daha çox uyğun gəlir:
Nə vaxt Qanq çayı
Kiçik çay idi,
Nə zaman ki Şakyamuni (Budda), bizim kalpamızın buddası,
10. Bandi (rahib) – qulluqçu idi,
Göyün Xormusta – tenqridən
Ulu qüdrətli
15. Dünyanın on ölkəsinin hökmdarı Qeser-boqdo (ali)
Qızıl torpağa endi.(7,129)
Dərk etdiyimiz kimi, “Qeser”də də dünyanın heçdən (xaos) yaranması, müqəddəs dağ inancına görə Sumeri dağı, dünya ağası qavrayışına uyğun olaraq səndəl ağacı Kalpavrikşa, müqəddəs su üçün Qanq çayı, Qeserin özünün Mandişirə ilə uyğunluğu, Xormusta-tenqrinin də Kayra xanla ümumiliyini əsaslandırır. Mandişirə şeytan Ərliyi yerin altıncı qatına qovub yerləşdirdiyi kimi, Qeser də insanların əzəli və amansız qaniçən düşməni, çox vaxt yeraltı məskənlərində yaşayan manqusu məhv edir. İncələməyə ehtiyac duymadan bənzəri dünya qavrayışlarının, təsvir üslubunun, mövzu axınının “Oğuz xan” dastanında da olduğunu aydınlaşdıra bilərik. Bizim üçün ən maraqlı cəhət türksoyluların dastan yaradıcılığına xas olan bir az əvvəl qeyd etdiyimiz xüsusiyyətlərin, incəliklərin, əlamətlərin “Yeddi gözəl”də də təkrarlanmasıdır.
“Yeddi gözəl”də başlanğıcda Allahın hakimiyyətinə, onun bütün aləmləri yaradıb və tarazlıqda saxlamasına, qüdrətinə səcdə, sitayiş təsviri türksoylulalın qədim dastanlarındakı dünyanın yaranması, Tanrı haqda təsəvvürlərlə eynidir.
Peyğəmbərin yüksək, seçkin keyfiyyətlərinin, aliliyinin mədh olunması da, türksoylu müqəddəslərin yaranması və onların üstün xüsusiyyətlərinin rəvayət edilməsi ilə çox uyğunluq təşkil edir.
Şahlara öyüd-nəsihətlər, tərbiyələndirmə təsvirləri də dastan qəhrəmanlarını öymək, yönləndirmək cəhdləri ilə eyni səviyyəlidir.
Qeyd etdiyimiz kimi, “Yeddi gözəl”də Gəncəvinin yaradıcı təxəyyülünün məhsulu olan əfsanə, nağıl, dastan çevrəsinə mənsub mövzuların, ideyaların, fikirlərin türk xalq mifik-epik ənənəsi ilə uyğunluğu çoxdan da çoxdur.
Rəqəmlər də xalqların, soyların, irqlərin dünyabaxışlarında, qədim xalq tətbiqi və təsviri sənət nümunələrindəki naxışlar, rənglər, həndəsi quruluşlar qədər dəyərə malikdir. Eyni rəqəmlər müxtəlif xalqların mifik dünyasında tam fərqli mənaları işarələyib və bir-birilə uyğun gəlməyən anlamları da bildirib. “Yeddi gözəl”də böyük üstünlüklə rəqəmlər türk ruhunu aydınlaşdırır.
Belə bir cahangirin kamanının önündə
Doqquz fələk bir qəbzə kiçik oxdur. (3,31)
Türk ruh təbəqələşməsində 9 budaqlı ağacdan yaranmış 9 adam, 9 oğuz, butanın 9 (kişi) quruluşu ilə eynilik təşkil edir.
“Oğuz xan”da, “Yaradılış”dakı dağ ruhu “Qeser”də daha güclüdür. “Yeddi gözəl”də Xəvərnəq qəsrinin uca dağ başında inşa edilməsi də bu inancın davamıdır.
“Qeser”lə “Yeddi gözəl” arasında uyğunluqlardan biri də Qeserin ətrafında daima 7 qadının (4 öz qadını, 3 xilaskarları) dolaşdığı, məsləhət verdiyi kimi, digərində də 7 gözəlin eyni məqsədlə əsərə daxil edilməsidir.
“Qeser”in bir hissəsi olan “Qızıl dağ Sumeru”da mavi dağın zirvəsində tikilmiş sarayın dörd tərəfindəki qapıları, onlarla əlaqəli hadisələr ayrılıqda təsvir olunur . Bunun da əsas səbəbi dörd cəhətə fərqli inancla bağlıdır. Eyni dünya təsəvvürünün, qavrayışının bir az başqa şəkli “Yeddi gözəl”də verilir:
Aşağı və yuxarı, ön və arxa, sağ və sol
Bir cəhətə çevrildilər, altı cəhət aradan qalxdı.
...
Cəhətsiz olanın cəhətlə işi olmaz
Bu cəhətdən (səbəbdən) o pərgar cəhətsiz oldu. (3,23)
Beləliklə, nəticə olaraq deyə bilərik ki, “Yeddi gözəl”dəki 7 rəqəminin dəyişik hallarda, mənalarda işlənən fərqli vəziyyətləri : yeddi göy, yeddi kök, yeddi iqlim, yeddi rəng, yeddi günbəd, yeddi gün, yeddi gözəl, yeddi ulduz, yeddi xan və s. qədim türksoylu ruh qavrayışı, rəqəmi olaraq əks olunub, yaradılıb.
Dostları ilə paylaş: |