Ключевые слова: мифонимы, код, поэтонимы, имя, миф, исследование.
Nübar HƏKİMOVA
AMEA Folklor İnstitutu,
biologiya üzrə fəlsəfə doktoru
NİZAMİ GƏNCƏVİNİN ”SİRLƏR XƏZİNƏSİ” VƏ “İSKƏNDƏRNAMƏ” ƏSƏRLƏRİNDƏ TİBBİ AMİLLƏR
Klassik ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri olan dahi Nizami Gəncəvi, öz əsərlərində Azərbaycan xalq ədəbiyyatı nümünələrindən məharətlə istifadə etmişdir.
Azərbaycan xalqının zəngin bədii irsinə, xalq ədəbiyyatına dərindən bələd olan Nizaminin əsərlərində atalar sözləri, məsəllər, və digər xalq hikmətləri ilə yanaşı, xalq ədəbiyyatının ayrılmaz hissəsi olan xalq təbabəti və loğmanlıq da özünün həm bədii, həm də tibbi əksini tapmışdır.
Bu baxımdan şairin “Sirlər xəzinəsi” və “İskəndərnamə” əsərləri xüsusi ilə önəmlidir.
İnsan sağlam olar az-az yeməkdən,
Uzun ömür eləməz əsla çox yeyən.
Yağlıdan, yavandan elə ye ki, sən,
Onu asanlıqla həzmə verəsən
Az yeməyin faydası haqqında tibb elmində kifayət qədər məlumat vardır. Məlumdur ki, həddindən artıq çox yemək, insan orqanizmi üçün zərərlidir. Belə ki, çox yemək orqanizmdə maddələr mübadiləsinin pozulmasına, artıq çəkiyə, piylənməyə gətirib çıxarır.
“Yeməkdə əsasdır cana nuş olmaq,
Onun dadına yox, faydasına bax”
Əlbəttə, yeməyin insan orqanizminə sadəcə qəbulu yox, onun nə dərəcədə faydalı olduğu önəmlidir.
Az ye, çevik, yüngül ol, hər zaman,
Çox yesən ağırlaşar, min iztirab duyarsan.
Təbii ki, normadan artıq qida qəbulu orqanizmin daxili balansını pozmaqla yanaşı, insanın xarici görkəminin də dəyişməsinə, belə ki, piylənməyə, xarici dəri qatının-dermanın deformasiyasına və orqanizmin əsas dayaq-hərəkət sistemini formalaşdıran skeletin əsas dayaq sütunu olan onurğanın əyriliyinə gətirib çıxarır.
Bu baxımdan dahi Nizaminin öz əsərlərində az yeməyin orqanizm üçün faydasını dəfələrlə vurğulaması, onun tibb elminə dərindən və mükəmməl şəkildə bələd olmasından xəbər verir.
Qanın qüvvətini azalt, az ye, yoxsa sən,
Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən.
Qarınqulu olmaqdan xeyli yaxşıdır inan,
Saxlayasan ruzunu, yavaş-yaaş dadasan
Aslan az yediyindən qurdlara başçı oldu,
Hər şeyi udan ancaq, acgöz alovdu, oddu
Gündüz göz işığı. Gözün şəfəq çeşməsi,
Nədir yeməyi? Günəş- min ulduzun bircəsi.
Az yeməyinə baxmayaraq aslan qurdlara başçı olur. Ac göz, nəfsi tox olmayan isə, zərər yetirən alova çevrilir.
Gündüz işığı dünyanı işıqlandırır, amma öz yeməyini günəşdən alır. O günəş ki, həyat işığıdır və əbədidir. Dahi Nizami yenə də burada az yeməyin faydasını qeyd edir.
Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,
Xərabədə yerləşər böyüklər xəzinəsi”
Bəllidir ki, tibbdə hərəkətsizlik, passiv həyat tərzi, çox yatmaq da, çox yemək kimi insan orqanizminə mənfi təsir göstərir. Orqanizmdə hərəkətsizlikdən yağlar parçalanmır, dərinin piy təbəqəsində kəskin piylənmə, oynaqlarda ağrılar və ümumi orqanizmdə isə toksinlərin yığılması halı baş verir.
Yemək, qarın alveri əgər yetsəydi dada,
Çox yeyənlərin çoxu sağ qalardı dünyda.
İnsan çox yaşasaydı ömür düşərdi gözdən,
Ömrünün dəyərini az ömürdən istə sən.
Burada maraqlı bir məqam üzə çıxır. Buna qədər qeyd etdiyimiz nümunələrdə ifrat qida qəbulunun insan orqanizminə fiziki və orqanik baxımdan zərərli təsiri göstərilir. Amma yuxarıda qeyd etdiyimiz, saf, təmiz mənəviyyatın tərcümanı olan bu bədii parçada isə, dərin mənəvi-fəlsəfi məntiq öz əksini tapmışdır.
Dahi Nizami yeməyi qarın alveri sayır. Əgər yemək dada çatan olsaydı, çox yeyənlər dünyada sağ qalardı.
İnsanın çox yaşaması şərt deyil, dəyərli ömür yaşaması şərtdir. Elə bir ömür ki, maddiyata deyil, mənəviyyata söykənsin. Yəni, insan öz nəfsinin yox, ağlının qulu olsun.
Qarnın dop-dolu olsa başın yüz bəla çəkər,
Nəfsin quduzlaşması insanı söküb tökər.
Nəfsin ilə bərabər sənə baş verilib, baş,
Yeməyəsən halalın olmayan neməti kaş.
İnsanın öz nəfsinə hakim olması haqqında tək təbabətdə deyil, bütün elmlərin əsasını özündə birləşdirən Qurani-Kərimdə də məlumat verilir.
Necə susuz olsan, istiyə düşsən,
Tələsik soyuq su əsla içmə sən.
Olarsa yeməkdə birisi loğman,
Saxlar öz nəfsini yad loxmalardan.
Çox yemə, süfrədə hər şey çox da var,
Artıq bir qətrədən qədəh də daşar.
Burada göstərilən məqamları Nizami özünün “ Leyli və Məcnun “ əsərində də xüsusi ilə vurğulamışdır.
Sözün də su kimi lətafəti var,
Hər sözü az desən daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İyirminci əsrdə tibb elminin kifayət qədər məlumatlı olduğu bu məqamları, dahi Nizami öz əsərlərində hələ neçə əsrlər bundan qabaq böyük ustalıqla şərh etmişdir.
Nə öküz, nə eşşək kimi yeyərik,
Nə də ağzımızı möhürləyərik.
Tibbdə və ya loğmanlıqda çox yeməyin fəsadları göstərilirsə də, bunula yanaşı, ümumiyyətlə yeməkdən bu və ya digər şəkildə imtina etmək də düzgün sayılmır. Hər bir şey qədərində gözəldir. Əlbəttə, insanın normal qidalanmaması bir çox xəstəliklərin əmələ gəlməsinə, bədəndə toksinlərin yığılmasına və immunitet zəifliyinə gətirib çıxarır. İmmunitet zəifliyi isə orqanizmdə müftəlif xəstəliklərin başlanğıcıdır.
Azərbaycan ədəbiyyatının koriyeflərindən olan Nizami Gəncəvinin yaradıcılığı elə bir dəyərli xəzinədir ki, o xəzinədə bütün dünyəvi elmləri özündə əks etdirən nümunələrə rast gəlmək olar.
Bir sözlə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın milli-mənəvi sərvətidir.
Dostları ilə paylaş: |